Məhkəmə qərarları › İş №1(007)-299/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-299/2023

06.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-299/2023 06.07.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçiləri-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 və Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxx 1996-cı il tarixdə Naxçıvan MR, Culfa şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, Naxçıvan MR, Culfa şəhəri, Gülüstan küçəsi ev 1, mənzil 1-də qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində nömrəsiz fərdi evdə yaşayan, 16 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 18 fevral 2023-cü il tarixdə tutmadan azad olunaraq barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Belə ki, o, 30 sentyabr 2022-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 105 ünvanında yerləşən “Xalqlar Dostluğu” ticarət mərkəzinin qarşısında etibarnamə əsasında idarə etdiyi “Hyundai Accent” markalı **-CO- *** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozaraq işıqforun qırmızı işığında hərəkətdə olarkən həmin yol ilə hərəkətdə olan “Mersedes Benz E240” markalı **- GT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs ona yol hərəkəti qaydalarını pozması ilə bağlı irad bildirməsini bəhanə edib heç bir əsaslı səbəb olmadan özünün şəxsiyyətini Zərərçəkmiş şəxs şəxsiyyətinin fövqündə qoyaraq ictimai və şəxsi mənafeyə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərərək ətrafda olan şəxslərin narahatçılığına səbəb olmaqla Zərərçəkmiş şəxslə mübahisə edib sonuncunun ünvanına nalayiq ifadələr işlədərək fiziki zor tətbiq edib əvvəlcə qəsdən yumruqla Zərərçəkmiş şəxs üz nahiyəsindən və təpiklə sol ayaq nahiyəsindən vuraraq sonuncuya sağlamlığa yüngül zərər vurmaya aid üst dodağın qansızmasından ibarət xəsarətlər yetirdikdən sonra idarə etdiyi avtomobilə əyləşib həmin yerdən uzaqlaşmaq istədikdə Zərərçəkmiş şəxs döyülməsi səbəbini aydınlaşdırmaq məqsədilə onun idarə etdiyi avtomobilə yaxınlaşıb sürücü tərəfdən avtomobilin qapısını açmaq istəyərkən o, qərəzli hərəkətlərini davam etdirib qəsdən idarə etdiyi avtomobili sürətlə irəli hərəkət etdirərək hadisə yerindən uzaqlaşarkən avtomobilin qapısından əli ilə tutmuş Zərərçəkmiş şəxs yerə yıxılması nəticəsində sonuncuya ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid sağ bud və sağ baldırı əhatə edən hematomasından ibarət xəsarətlər yetirməklə qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 30 dekabr 2022-ci il tarixdə təxminən saat 12 radələrində etibarnamə əsasında idarə etdiyi “Hyundai Accent” markalı **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobillə Nizami rayonu, Q.Qarayev prospekti ilə “Xalqlar Dostluğu” metrostansiyasından “Neftçilər” metrostansiyası istiqamətində hərəkətdə olarkən “Xalqlar Dostluğu” ticarət mərkəsinin qarşısında işıqforun yaşıl işığı yandıqdan sonra o avtomobilini irəli hərəkət etdirmişdir. Lakin irəlidə tıxac olduğu üçün o, sola dönmə əməliyyatını həyata keçirə bilməmişdir. Məcburi şəkildə qırmızı işıq yandıqdan sonra hərəkətini davam etdirmək istəmişdir. Belə ki, digər yol ilə hərəkət edən avtomobillərin hərəkətinə çətinlik yaratmışdır. O, irəli hərəkət etmək istədikdə “Mersedes Benz E240” markalı **-GT-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısında dayandığını görmüşdür. Buna görə o, sola dönmə əməliyyatını həyata keçirə bilməmiş, avtomobilindən əli ilə işarə edərək həmin avtomobilin sürücüsünə ona yol verməsini bildirmişdir. “Mercedes” markalı avtomobilin önündəki avtomobil irəli hərəkət etdiyi üçün o, avtomobili ilə sola dönmə əməliyyatını həyata keçirmiş və irəlidə işıqforun qırmızı işığı yandığı üçün avtomobilini saxlamışdır. Avtomobilinin arxasında isə sonradan tanıdığı Zərərçəkmiş şəxs idarə etdiyi “Mercedes” markalı avtomobil saxlamış və Zərərçəkmiş şəxs avtomobildən enərək ona tərəf gəlmişdir. O, avtomobilindən enməmiş, Zərərçəkmiş şəxs sükan tərəfdən ona yaxınlaşaraq mübahisə etməyə başlamışdır. O, Zərərçəkmiş şəxs “get” deyərək cavab vermişdir. Zərərçəkmiş şəxs nə dediklərini dəqiq olaraq xatırlamır, lakin o, həmin şəxsə yalnız “get” demişdir. Bu zaman Zərərçəkmiş şəxs maşının içində olduğu vəziyyətdə ona tərəf tüpürmüş və bir dəfə yumruq atmışdır. Lakin yumruq zərbəsi ona dəyməmiş, eyni zamanda Zərərçəkmiş şəxs ona qarşı nalayiq ifadə işlədərək “sən bilirsən, mən kiməm” deyərək sual ilə müraciət etmişdir. Bu zaman o, əsəbləşib avtomobilini irəli hərəkət etdirib saxlamış, avtomobildən enmiş və Zərərçəkmiş şəxs tərəf gedərək sağ ayağı ilə sol ayaq nahiyəsindən bir dəfə, sağ əli ilə üz nahiyəsindən iki dəfə vurmuşdur. O, Zərərçəkmiş şəxslə mübahisənin davam etməməsi üçün dərhal geri qayıdıb avtomobilinə əyləşmiş və oradan getmiş, sonradan nə baş verdiyini görməmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə məhkəmə baxışında verdiyi cari ifadənin müvafiq hissəsi arasında əhəmiyyətli ziddiyyət olduğundan, Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən onun 18 fevral 2023-cü il tarixdə müdafiəçisinin iştirakı ilə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi aidiyyəti hissədə elan edilmişdir. Təqsirləndirilən şəxs sözügedən ifadəsində ona Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, ... Zərərçəkmiş şəxs avtomobildən enərək ona tərəf gəlmişdir. O, avtomobilindən enməmiş, Zərərçəkmiş şəxs sükan tərəfdən ona yaxınlaşaraq mübahisə etməyə başlamışdır. O, Zərərçəkmiş şəxs “get” deyərək cavab vermişdir. Zərərçəkmiş şəxs nə dediklərini dəqiq olaraq xatırlamır, lakin o, həmin şəxsə yalnız “get” demişdir. Zərərçəkmiş şəxs uzun bir şəkildə danışdığını görüb əsəbləşdiyi üçün ona tərəf bir dəfə sillə atmış, lakin sillə Zərərçəkmiş şəxs dəyməmişdir. Bundan sonra Zərərçəkmiş şəxs də ona tərəf bir dəfə yumruq atmış, lakin yumruq zərbəsi ona dəyməmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs ona qarşı nalayiq ifadə işlədərək “sən bilirsən, mən kiməm” deyərək sual ilə müraciət etmişdir. Bu zaman o, əsəbləşib avtomobilini irəli hərəkət etdirib saxlamış, avtomobildən enmiş və Zərərçəkmiş şəxs tərəf gedərək sağ ayağı ilə Zərərçəkmiş şəxs sol ayaq nahiyəsindən bir dəfə, bundan sonra isə sağ əli ilə üz nahiyəsindən iki dəfə vurmuşdur. O, Zərərçəkmiş şəxslə mübahisənin davam etməməsi üçün dərhal geri qayıdıb avtomobilinə əyləşmişdir. Bu zaman Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin yanına gələrək ona nə isə demişdir, əli ilə avtomobilin onun tərəfdən olan qapısından tutmuşdur. O, Zərərçəkmiş şəxs qulaq asmadan avtomobili ilə irəli hərəkət etmiş, sonradan nə baş verdiyini görməmişdir... Təqsirləndirilən şəxs qeyd olunan ifadəsi və həmin ifadəni oxuyaraq imzaladığını göstərməsi barədə qeydlə razılaşmamış, hazırda məhkəmə iclasında verdiyi ifadəsinin əsas kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmədə son sözlə çıxışında isə Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, hazırda Zərərçəkmiş şəxs ilə barışıq əldə etdiyini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını nəzərə almağı məhkəmədən xahiş etmişdir. Məhkəmənin ilkin iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 30 dekabr 2022-ci il tarixdə saat 12 radələrində etibarnamə əsasında idarə etdiyi “Mersedes Benz E240” markalı **-GT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti ilə “Xalqlar Dostluğu” metrostansiyasından “Neftçilər” metrostansiyası istiqamətində hərəkətdə olarkən “Xalqlar Dostluğu” ticarət mərkəsinin qarşısında işıqforun qırmızı işığı yanılı olduğu üçün avtomobilini saxlamışdır. İşıqforun yaşıl işığı yandıqdan sonra avtomobili hərəkətə gətirib irəli hərəkət etmişdir. Həmin vaxt sol tərəfdən, işıqforun qırmızı işığından keçən “Hyundai Accent” markalı **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobil onun avtomobilinin qarşısına çıxmış və o, avtomobildə sükan arxasından ona bununla bağlı irad bildirmişdir. Həmin vaxt həmin sürücü, sonradan tanıdığı Təqsirləndirilən şəxs avtomobilini irəlidə saxlamış, o da avtomobilini həmin avtomobilin arxasında saxlamışdır. Avtomobilindən enərək yaxınlaşmış və Təqsirləndirilən şəxs iradını bildirərək avtomobilini yol hərəkəti qaydalarına uyğun idarə etmədiyini demişdir. Avtomobilində əyləşmiş vəziyyətdə olan Təqsirləndirilən şəxs ona irad bildirdiyinə görə əsəbləşmiş, sillə ilə onun üz nahiyəsinə vurmaq istəmişdir. Lakin Təqsirləndirilən şəxs atdığı sillə onun üz nahiyəsinə dəyməmişdir. Bundan sonra o da həmin şəxsə tərəf yumruq atmış, lakin yumruq zərbəsi Təqsirləndirilən şəxs dəyməmişdir. Daha sonra Təqsirləndirilən şəxs avtomobilini irəli hərəkət etdirərək oradan uzaqlaşmaq istəmiş, lakin o, Təqsirləndirilən şəxs saxlayıb söhbət etmək istədiyini demişdir. Təxminən 2-3 metr irəli hərəkət etdikdən sonra Təqsirləndirilən şəxs avtomobilini saxlamış və avtomobildən enərək ona tərəf gəlmiş, sağ ayağı ilə onun sağ ayağına bir dəfə, daha sonra sağ əli ilə baş nahiyəsinə vurmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs geri qayıdaraq avtomobilinə əyləşmişdir. O, Təqsirləndirilən şəxs tərəf gedərək onunla söhbət etməyə çalışmış, əli ilə onun avtomobilinin sağ qapısından tutmuşdur. Lakin Təqsirləndirilən şəxs avtomobilini irəli hərəkət etdirmiş və o da avtomobilə sürtünərək yerə yıxılmışdır. Həmin vaxt orada olan və hadisəni görən tanımadığı şəxslər ona yaxınlaşaraq nəyəsə ehtiyacının olub-olmadığını soruşmuşlar. Bir az sonra o, hadisə yerindən Nizami RPİ-nin 24-cü polis şöbəsinə gedərək baş vermiş hadisə barədə məlumat vermişdir. Zərərçəkmiş şəxs məhkəmənin növbəti, 06 iyul 2023-cü tarixdə keçirilən iclasında göstərmişdir ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı şikayəti və tələbi yoxdur. Bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 03 fevral 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) - 30 dekabr 2022-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, hadisə yeri Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 105 ünvanında yerləşən “Xalqlar Dostluğu” ticarət mərkəzinin qarşısıdır. (i.v. 5-8) - 03 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təhlükəsiz Şəhər Xidmətindən daxil olmuş 01 ədəd DVD diskdəki “TŞ4-012 4-2022-12- 30_12h05min00s000ms” adlı faylda olan video görüntüyə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, həmin videogörüntü 30 dekabr 2022-ci il tarixdə saat 12:04:58-dən 12:16:00-a kimi davam edir. Həmin video görüntünün 13-cü dəqiqəsində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 105 ünvanında yerləşən “Xalqlar Dostluğu” ticarət mərkəzinin qarşısında “Hyundai Accent” markalı **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobil “Neftçilər” metrostansiyası istiqamətində birinci zolaqda hərəkət edərkən hərəkətini dayandırır, həmin avtomobilin arxasında isə “Mersedes Benz E240” markalı **-GT-*** dövlət qeydiyyat nişanlı avtomobil öz hərəkətin məcburi olaraq dayandırır. Bundan sonra “Mersedes Benz E240” markalı **-GT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs avtomobildən enərək “Hyundai Accent” markalı **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobilə tərəf gedir, həmin avtomobilin sürücüsü Təqsirləndirilən şəxs ilə söhbət edir, söhbət zamanı mübahisə yaranır, mübahisə vaxtı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs istiqamətində sillə atır, Zərərçəkmiş şəxs də Təqsirləndirilən şəxs istiqamətində yumruq atır və avtomobildən uzaqlaşaraq öz avtomobili istiqamətində gedir. Bu zaman Təqsirləndirilən şəxs avtomobilindən enərək Zərərçəkmiş şəxs tərəf gedir, sağ ayağı ilə Zərərçəkmiş şəxs sol ayaq nahiyəsindən bir dəfə vurur, eyni anda yumruqla 2 dəfə Zərərçəkmiş şəxs üz nahiyəsindən vurur və avtomobilinə tərəf qayıdaraq sükan arxasına əyləşir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfə gedir, sol əli ilə sonuncunun avtomobilinin qapısından tutur, həmin vaxt Təqsirləndirilən şəxs avtomobilini sürətlə irəli hərəkət etdirib oradan uzaqlaşır, buna görə Zərərçəkmiş şəxs sağ ayağı üstə yerə yıxılır. (i.v. 34) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 publik hüquqi şəxsin Nizami rayon şöbəsinin 24 yanvar 2023-cü il tarixli 03/04 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs sağ bud və sağ baldırı əhatə edən hematoma, üst dodağın selikli qişa səthinin qansızması olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2022-ci il tarixdə alınmaları mümkündür. Dərəcəsinə görə sağ bud və sağ baldırı əhatə edən hematoma, eləcə də üst dodağın qansızması ayrı-ayrılıqda sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. (i.v. 36-38) - 17 fevral 2023-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, ifadəsinin yerində yoxlanılması zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs hadisə yerini əyani olaraq göstərmiş, ifadəsində qeyd olunanları bir daha təsdiq etmişdir. (i.v. 83-85) - 18 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsindən həmin Məcəllənin 221.1-ci maddəsinə tövsif edilmişdir. (i.v. 86-87) - 20 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış, Təhlükəsiz Şəhər Xidmətindən daxil olmuş, içərisində video görüntülərin olduğu 01 ədəd DVD disk maddi sübut kimi tanınmışdır. (i.v. 112-117) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli Qərarının 2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmə, dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə nəzərə alır ki, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməsə də, işə baxıldığı müddətdə Zərərçəkmiş şəxs ilə barışıq əldə etmiş və son sözlə çıxışında həmin halı, əməlindən peşman olduğunu nəzərə almağı məhkəmədən xahiş etmişdir. Bundan başqa, məhkəmə təqsirləndirilən şəxsin müdafiəçisinin cinayət əməlinin Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif olunması ilə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, həmin dəlillər işin faktiki müəyyən olunmuş halları ilə təkzib olunur, təqsirləndirilən şəxsin əməlinin xuliqanlıq kimi tövsif edilməsi üçün müvafiq əlamətlər mövcuddur, yəni onun hərəkətləri ilə ictimai qayda kobud surətdə pozulmuş, belə pozuntu cəmiyyətə qarşı açıqcasına hörmətsizlik ifadə etmiş, həmçinin zərərçəkmiş şəxs üzərində zor tətbiq olunmuşdur. Hadisənin zərərçəkmiş şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma kimi qəbul edilməsi üçün qanuni əsaslar da müəyyən edilməmişdir, hansı ki, hadisə anını özündə əks etdirən video görüntülərin olduğu diskə baxış zamanı bu hal öz təsdiqini tapmamış, əksinə, müəyyən edilmişdir ki, hadisə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə mübahisə edib sonuncunun ünvanına nalayiq ifadələr işlədərək fiziki zor tətbiq edib əvvəlcə qəsdən yumruqla zərərçəkmiş şəxsin üz nahiyəsindən vurması ilə başlanmış və ittihamda qeyd olunan ardıcıllıqla davam edərək başa çatmışdır. Eyni zamanda cinayət qanunvericiliyinin mənasına görə, xuliqanlıq ictimai qaydanı kobud surətdə pozan əməldir. Deməli, xuliqanlıq cinayətinin bilavasitə obyekti ictimai qaydadır. Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulduğu kimi, xuliqanlıq vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət olunur. Ona görə də, xuliqanlığın əlavə obyektini insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər təşkil edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, xuliqanlıqla müşayiət olunan hazırkı cinayət əməli ictimai yer sayılan Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində, insanların, ictimai və şəxsi nəqliyyat vasitələrinin müntəzəm hərəkətdə olduğu yolda, fəaliyyətdə olan “Xalqlar Dostluğu” metrostansiyasının qarşısında baş vermişdir, Təqsirləndirilən şəxs xuliqanlıq cinayətinin bilavasitə obyekti olan ictimai qaydanı kobud surətdə pozan əmələ yol verdikdən sonra Zərərçəkmiş şəxs zor tətbiq etməklə xuliqanlığın əlavə obyekti olan hərəkətə yol vermişdir. Belə olan halda, məhkəmə hesab edir ki, xuliqanlıq cinayətinin bilavasitə obyekti ictimai qayda, ictimai münasibətlər olduğundan və cinayət əməli nəticəsində ictimai qayda kobud surətdə pozulduğundan, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin barışması əsası ilə cinayət işi üzrə icraata xitam verilə bilməz. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 221.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər - min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 30 yanvar 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. (i.v. 26) - 16 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 70-71) - 18 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs tutmadan azad olunaraq barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (i.v. 107-108) “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Eləcə də, Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən 23 mart 2004-cü il tarixli Qərarının 13-cü bəndi ilə məhkəmələrə tövsiyyə edilmişdir ki, xuliqanlığa görə cəza təyin edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla hər bir halda törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaqla təqsirləndirilən şəxslərə düzgün və ədalətli cəza təyin etsinlər. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin və tələbinin olmamasını Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən 25 iyun 2003-cü il tarixli Qərarında həmçinin göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən böyük ictimai təhlükə törətməyən cinayət əməli törətməsini, cəzasını yüngülləşdirən halın olmasını, cəzasını ağırlaşdıran halın isə olmamasını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olması qənaətinə gələrək, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün cəmiyyətdən təcrid olunmamaqla barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu, həbsdə saxlanıldığı və ev dustaqlığında saxlanıldığı müddətlər onun həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən həbsdə saxlanılan şəxsə cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Məhkəmə işin faktiki hallarını, iş üzrə yüngülləşdirici halı nəzərə alaraq, hesab edir ki, Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə 16 fevral 2023-cü il tarixdən 18 fevral 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət nəzərə alınmaqla, təyin edilməli olan cərimə cəzası yüngülləşdirilməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 23.1-ci maddəsinə əsasən məhkum cəriməni hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürməklə ödəməlidir. Ona görə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin edilməsi nəzərdə tutulan cərimə hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürülməklə ödənilməlidir. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cərimə növündə cəza təyin edilməli olduğundan, onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, iş üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış 01 ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır; məhkəmə məsrəfinin tutulmasına səbəb olacaq ekspertiza iş üzrə keçirilməmişdir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin müdafiə hüququnun təmin edilməsi üçün qərar əsasında dəvət olunmuş vəkil Müdafiəçi1 tərəfindən müvafiq müddət ərzində göstərilmiş hüquqi xidmətlərə görə Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsini həyata keçirmiş müqavilə əsasında digər vəkilə münasibətdə dövlət büdcəsinin vəsaiti hesabına əmək haqqı ödənilməsi məsələsinin müzakirəsinə isə əsaslar yoxdur. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 1500 (bir min beş yüz) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 16 fevral 2023-cü il tarixdən 18 fevral 2023-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət nəzərə alınmaqla, təyin edilmiş 1500 (bir min beş yüz) manat miqdarında cərimə cəzası yüngülləşdirilsin və onun üzərində 1000 (bir min) manat miqdarında cərimə cəzası saxlanılsın. Cərimə hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürülməklə ödənilsin. Maddi sübut qismində tanınmış 01 ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatının müvafiq mərhələsində 20 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 müvafiq hesablaşma hesabı üzərindən 120 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar