Məhkəmə qərarları › İş №1(007)-299/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-299/2024

06.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-299/2024 06.06.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs-mülki iddiaçı: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs-mülki cavabdeh: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 06 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1993-cü ildə Tərtər rayonu, Balakəngərli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 02 yanvar 2024-cü il tarixdə saat 22:40 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərini pozaraq, yəni alkoqollu içkinin qəbulu nəticəsində sərxoş halda etibarnamə əsasında idarə eldiyi, X2 məxsus “Toyota Prius” markalı, **-BK- *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospektində şəhərin mərkəzi istiqamətində ikinci dərəcəli yolda hərəkətdə olarkən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozub, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı olduğu halda həmin tələbləri pozub onunla eyni istiqamətdə qarşıda hərəkət zolağında Bakı şəhəri Nizami rayonu Heydər Əliyev prospekti 113 ünvanda yerləşən Dövlət Neft Şirkətinin İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin inzibati binasının qarşısında dayanmış Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma X8 Quyularının İstismarı və Təmiri Xidməti Müossəsino məxsus “İvcco” markalı, **-JC-*** dövlət qeydiyyat nişanlı su avtomobilindən və həmin avtomobilin arxasında dayanmış piyada Zərərçəkmiş şəxs vaxtında hərəkətin təhlükəsizliyini təmin edən təhlükəsiz yan məsafəsini saxlamayıb və hərəkətin təhlükəsizliyini təmin edilməklə keçmədiyi üçün ehtiyatsızlıqdan idarə etdiyi avtomobilin ön hissəsi ilə “İveco” markalı markalı avtomobilin arxasında dayanıb yaşıllığı sulayan Zərərçəkmiş şəxs vurub sonuncunun arterial qanaxma, travmatik və hemorragik şokla (1İİ-İV dərəcəli) müşayiət olunan hər iki aşağı ətrafın diz və baldır nahiyyəsindən travmatik amputasiyası, sağ bazunun yuxarı 1/3-nin ön-iç səthinin qançırı və sol əlin arxa səthinin sıyrığından ibarət dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər almasına, eləcə də idarə etdiyi “Toyota Prius” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi nəticəsində həmin avtomobilin sahibi X2 2235 manat məbləğində maddi ziyanın dəyməsinə səbəb olmuşdur. Məhkəmə istintaqı zamanı ifadə verən təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək qeyd etmişdir ki, 02 yanvar 2024-cü il tarixdə, saat təxminən 22:10 radələrində o, toydan çıxaraq idarə etdiyi taksi avtomobilini sürüb H.Əliyev prospekti ilə Bakı Beynalxalq Avtovağzalına yola düşmüş, hərəkətdə olarkən başı mobil telefona qarışdığı üçün fikri yayınmış, qəza baş vermişdir. Lakin çox sərxoş olduğu üçün dəqiq nə baş verdiyini xatırlamamışdır. Sonradan Polis İdarəsində ona, yolun kənarında qazonu sulayan adını sonradan bildiyi Xəyyam adlı şəxsi vurduğunu, Xəyyamın da orada dayanan su avtomobili ilə onun idarə etdiyi avtomobil arasında ayaqları sıxılıb qaldığını, ayaqlarının sındığı məlum olmuşdur. Zərərçəkmiş şəxsə köməklik olaraq 4230 manat ödəniş etmiş, maddi imkanı olmadığı və işsiz olduğu üçün zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəyə və barışıq əldə edə bilməmişdir. Hazırda əməlindən peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Həmçinin ona qarşı irəli sürülmüş mülki iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı ifadə vermiş zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təxminən 4 ildir ki, Bakı şəhəri İcra Hakimiyyətinin Yaşıllaşdırma İdarəsinin Su Quyularının İstismarı və Təmiri Xidməti Müəssəsində usta (sulayıcı) işləmiş, 02 yanvar 2024-cü il tarixdə, həmişə olduğu kimi saat 19:00-da ekipaj rəhbəri Məhəmməd və sürücü Tural ilə birlikdə, Turalın idarə etdiyi “İveco” markalı, 77-JC -139 dövlət qeydiyyat nişanlı su avtomaşınında işə başlamış, saat təxminən 22:40 radələrində onlar H.Əliyev prospektində yerləşən Dövlət Neft Şirkətinin İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin inzibati binasının qarşısında avtomaşını saxlamış, Məhəmməd və Tural avtomaşında oturmuş, o isə avtomaşının arxasında dayanıb qazonu sulamışdır. Bu zaman ona qəfildən hansısa avtomobil dəymiş və o, su avtomobilinə çırpılmışdır. Daha sonra həmin avtomobil, sonradan bildiyi “Toyota Prius” markalı avtomobil amartizasıya nəticəsində su avtomobilindən bir qədər aralanmış vo o, iki avtomobilin arasında sıxılmış vəziyyətdən yerə, sağ çiyin üstə yıxılmışdır. Bundan sonra hadisə yerinə əvvəli polis əməkdaşları gəlirək ona ilkin tibbi yardım göstərmiş, sonra isə təcili tibbi yardım briqadası onu xəstəxanaya aparmışdır. Təqsirləndirilən şəxs tərəfindən ona köməklik üçün müvafiq xəstəxana xərclərini ödəmiş, sonradan protez ayaq alınması üçün təqsirləndirilən şəxsdən ona kömək göstərilməsini xahiş etmiş, lakin təqsirləndirilən şəxs maddi imkanı olmadığını bildirərək kömək etməyi qəbul etməmişdir. Hazırda təqsirləndirilən şəxsdən şikayətçi olduğunu, ona dəymiş zərərin ödənilmədiyini bildirərək təqsirləndirilən şəxsin cəzalandırılmasını, həmçinin tərəfindən verilmiş mülki iddianı müdafiə edərək tam təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş mülki iddiaçı X3 ifadəsində göstərmişdir ki, son bir neçə ildir ki, bir neçə “Toyota Prius” markalı avtomobilini alıb, onları Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olan “Bolt” şirkətində qeydiyyatdan keçirməklə müxtəlif şəxslərə icarəyə verib qazanc əldə etmiş, 01 dekabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs “Toyota Prius” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobili icarəyə vermiş, bu məqsədlə də Ramizə yalnız idarə etmək üçün etibarnamə vermiş, 03 yanvar 2024-cü il tarixdə Ramiz ona zəng edərək, Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospektində sərxoş halda yol-nəqliyyat hadisəsini törətdiyini və avtomobilinin zədələndiyini, avtomolinin cərimə meydançasına aparıldığını bildirmişdir. Buna görə də o, həmin cərimə meydançasına getmiş və avtomobilin ön hissəsinin zədələndiyini görmüş, avtomobili ona qaytarıldıqdan sonra isə təmir etdirmiş, ondan ehtiyyat hissələrin alışı və usta pulu ilə birlikdə cəmi 2235 manat xərc çıxmışdır. O, həmin xərcin ödənilməsini Ramizdən tələb etsə də, Ramiz bu günədək heç bir məbləğ ödəməmiş, aylıq 20 manat olmaqla ödəyə biləcəyini bildirmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Şahid2 ifadəsində göstərmişdir ki, 02 yanvar 2024-cü il tarixdə, saat 19:00-da o, işlədiyi İdarədin “İveco” markalı, 77-JC -139 dövlət qeydiyyat nişanlı su avtomaşını idarə edən sürücü Tural və sulayıcı Xəyyamla birlikdə xidmətə çıxmış, “Koroğlu” metrostansiyasından başlayaraq üzü şəhərin mərkəzi tərəfə gedə-gedə yolun kənarındakı qazonu sulamış, o, bu işə nəzarət etmiş, saat təxminən 22:40 radələrində onlar H.Əliyev prospektində yerləşən Dövlət Neft Şirkətinin İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin inzibati binasının qarşısında avtomaşını saxlamış, onunla Tural avtomaşında oturmuş, sulayıcı Xəyyam isə avtomaşının arxasında dayanıb qazonu sulamışdır. Bu zaman qəflətən onların əyləşdiyi avtomaşına nəsə dəymiş, avtomaşın silkələnmişdir. Həmin vaxt onlar avtomaşından düşmüş, o, suyu bağlamış, Xəyyamın “Toyota Prius” markalı avtomobili ilə onların avtomaşının arasında ayaqları sıxılmış vəziyyətdə, ayaqları səki istiqamətində qaldığını görmüşlər. “Toyota Prius” markalı avtomobilin sürücüsü isə avtomobilin içərisində huşsuz vəziyyətdə olmuş, təxminən 10 dəqiqə sonra avtomobildən düşərək onlara yaxınlaşıb nə baş verdiyini soruşmuş, bu zaman onun sərxoş olduğunu başa düşmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Şahid1 Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 19 saylı rəylə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs arterial qanaxma, travmatik və hemorragik şokla (İİİ-İV dərəcəli) müşayiət olunan hər iki aşağı ətrafın diz və baldır nahiyyəsindən travmatik amputasiyası, sağ bazunun yuxarı 1/3-nin ön-iç səthinin qançırı və sol əlin arxa səthinin sıyrığı bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2024-cü il tarixdə baş vermiş yolnqəliyyat hadisəsi zamanı alınmaları mümkündür və dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddirlər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin məhkəmə ekspertizası mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 8/269 saylı rəyindən görünür ki, “Toyota Prius” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkət haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü R.N.X9 markalı avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkət haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə və zərərçəkmiş şəxsin və şahidlərin ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 263.1-2-ci maddəsi ilə tövsif edilmişdir. Belə ki, Cinayət Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulması, yaxud ümumi istifadədə olan nəqliyyat vasitəsinin idarə edilməsi zamanı ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulması Cinayət Məcəlləsinin 263.1-2-ci maddəsinə əsasən cinayət hesab edilir. Beləliklə, təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 263.1-2-ci maddəsinin saksiyasında nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğundan, məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan əlavə cəza ilə yanaşı azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. İş materiallarında olan AR DİN BƏSİİ-nin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. İş materiallarında olan Tərtər rayon İHB-nın Cəmilli kənd İƏD üzrə nümayəndəsinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Tərtər rayonu, Balakəngərli kəndində yaşayır və himayəsində xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X6 adında uşaqları var. İş materiallarında olan Tərtər rayon İHB-nın Cəmilli kənd İƏD üzrə nümayəndəsinin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakerizə olunur. İş materiallaraına əlavə edilmiş Suissemed tərəfindən təqdim edilmiş qiymətləndirməyə əsasən 02 ədəd protez ayaq və onun reabilitasiya xidməti 47600 manat təşkil edir. Məhkəmə təqsirləndirilən şəxsin cinayəti etiraf edib, əməlindən səmimi peşman olmasını, himayəsində 2 azyaşlı uşağının olması, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış “Toyota Prius” markalı ** PV *** dövlət qeydiyyat nişanlı avtomobilin və “İveco” markalı, **-JC-*** dövlət qeydiyyat nişanlı su avtomobilinin sahiblərinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 179-cu maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia həmin Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar həmin Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Həmin Məcəllənin 183.1-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Hazırkı cinayət işi üzrə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cinayət əməli nəticəsində ona vurulmuş maddi ziyanın əvəzi kimi 50000 manat və 240 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs törətdiyi qəza nəticəsində əmək qabiliyyətini itirmişdir. Himayəsində iki azyaşlı övladı var, həyat yoldaşı işləmir, ailənin yeganə qazanc mənbəyi o olmuşdur və əmək haqqısı 661 (altı yüz altmış bir) AZN təşkil edir. Belə ki, bu məbləğ onların gündəlik dolanışığını qarşılamağa belə kifayət etmir, hal-hazırda müalicənin davam etdirilməsinə gücü yetmir. Həmçinin aldığı ağır xəsarətdən və Təqsirləndirilən şəxs onun vəziyyətinə biganə yanaşmasından güclü stress keçirmiş və onda əsəb xəstəliyi yaranmışdır. Hal-hazırda əsəb xəstəliyindən də müalicə alır. Təqsirləndirilən şəxs törətdiyi qəza nəticəsində həm əmək qabiliyyətini itirmiş, həm də sağlamlığında problem yaranıb, belə ki, onun bu vəziyyətlə gələcəkdə özünə protez almağa maddi vəziyyəti yetməyəcək. Təqsirləndirilən şəxs törətdiyi qəza nəticəsində ona vurulan maddi və mənəvi ziyanı 50.000 (əlli min) AZN məbləğində dəyərləndirir və bütün bunları nəzərə alaraq 50.000 (əlli min) AZN məbləğində pul vəsaitinin maddi və mənəvi ziyan olaraq Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. İş materiallarından göründüyü kimi, ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulmuşdur. Buna görə də zərərçəkmiş Zərərçəkmiş şəxs hazırkı mülki iddianı qaldırmağa haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, maddi ziyanın əvəzi kimi Suissemed tərəfindən təqdim olunmuş 02 ədəd protezin qiyməti məbləğində, 47600 manat pul Təqsirləndirilən şəxs alınıb Zərərçəkmiş şəxs ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İş materiallarından görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs məhkəmədə iddia qaldırılması üçün 240 manat dövlət rüsumu ödəmişdir. Buna görə də qeyd olunan pul vəsaiti məhkəmə xərci kimi Təqsirləndirilən şəxs tutulub Zərərçəkmiş şəxs ödənilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 il 06 ay (üç il altı ay) müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 3 il 6 ay (üç il altı ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbs edilsin və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına göndərilsin. Barəsində seçilmiş həmin həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 128 (bir yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Maddi sübut olan “Toyota Prius” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin və “İveco” markalı, **-JC-*** dövlət qeydiyyat nişanlı su avtomobilinin sahiblərinə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 156 (bir yüz əlli altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Mülki iddia qismən təmin olunsun. Təqsirləndirilən şəxs maddi ziyanın əvəzi kimi 47600 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 240 manat pul, cəmi 47840 manat məbləğində pul alınaraq Zərərçəkmiş şəxs ödənilsin. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar