Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-30/2022 21.01.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, onun müdafiəçisi-Bakı şəhəri 18 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxx 1961-ci il tarixdə Xudat şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi qaydada işləmiş, məhkumluğu olmayan, ünvan 3-da qeydiyyatda olmaqla yaşamış, 28 iyun 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 29 iyun 2021-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edilən, şəxs üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Belə ki, o, alkoqollu içki qəbul edərək sərxoş halda olaraq 22 fevral 2021-ci il tarixdə saat 22 radələrində ünvan 1 ünvanının qarşısında həmin ünvanda yaşayan qonşusu Zərərçəkmiş şəxs azyaşlı oğlu Şahid3 tərəfindən bloka yığdığı taxtaların götürülməsini bəhanə edərək, heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxsla mübahisə edib, özünün şəxsiyyətini başqa şəxsin şəxsiyyətinin fövqündə üstün qoymaqla, ictimai və şəxsi mənafeyə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərərək qərəzli hərəkətlər edib həmin ünvanda qonşu mənzillərdə yaşayan digər şəxslərin narahatçılığına səbəb olmaqla şəxslərin gözü önündə Zərərçəkmiş şəxs ünvanına yüksək səslə nalayiq ifadələr işlədərək səs-kuy yaratmış və sonuncunun üzərinə hücum edərək ictimai yerdə istintaqla müəyyən edilməmiş silah qismində istifadə etdiyi küt alət və əl ayağı ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə qəsdən zərbələr endirib döymüş, daha sonra cinayət əməlini davam etdirərək yaşadığı ünvan 3 ünvanının dəhlizində Zərərçəkmiş şəxs əlindən zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağını alıb həmin bıçağı silah qismində istifadə edərək Zərərçəkmiş şəxs bud nahiyəsinə qəsdən vuraraq ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilmiş sol budun ön səthinin deşilmiş-kəsilmiş, sol qulaq seyvanının şişkinlik halında əzilməsi, sol epitimpanumun (təbil pərdəsinin yuxarı hissəsi) qansızması ilə müşayiət olunan qulaq seyvanı-gicgah nahiyəsi sərhəddi və sol qaşın əzilməsi yaraları və sağlamlığa zərər vurmayan dərəcələri təyin edilməyən sağ sağrının aşağı-iç kvadratın və sol budun arxa səthinin hematomaları, sol qulaqönü nahiyə, sol qulaq seyvanının arxa səthi, hər iki gözətrafı nahiyə, sağ bazunun arxa səthi, sol əlin arxa səthi, sağ qabırğaaltı nahiyənin qançırları, sağ qaşın iç bucağına yaxın sahə, qaşarası nahiyə, sağ alın-gicgah nahiyəsi, sol qulaq seyvanının ön səthi, sağ saidin arxa və bayır səthi, sağ əlin arxa səthinin sıyrıqları bədən xəsarətlərini yetirərək xuliqanlıq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, ünvan 3 ünvanında 30 ilə yaxındır ki, qeydiyyatdadır və tutulanadək orada yaşamışdır. Həmin mənzili o, bir müddət əvvəl təmir etmək qərarına gəlmiş və ailəsini Binə qəsəbəsində olan evlərində yerləşdirmişdir. Həmin vaxtdan etibarən o, hərdənbir evdə oğlu ilə yaşamış və evin təmiri ilə məşğul olmuşdur. 22 fevral 2021-ci il tarixdə evdə olan mebelləri və qapı pəncələrləri düzəltmək və dəyişmək üçün sökmüş, taxtalarını blokun lift hissəsinin yanına yığmışdır. Həmin gün saat 19 radələrində evdə iş görən zaman blokdan səslər eşitmiş və çölə çıxdıqda qonşusu İlqarın oğlunu və yanında uşaqları görmüşdür. Uşaqlar ona məxsus mebellərin və qapı pəncərələrin taxtalarını “çərşənbə” üçün yığıb yandırmaq üçün aparmaq istədiklərini demişlər. O, uşaqlara acıqlanıb nəyə görə icazəsiz nəyisə götürdüklərini irad bildirərək, taxtaları yerinə qoymağı demişdir. Uşaqlar onun dediklərinə məhəl qoymayıb çıxıb getmişlər. O, mənzilə daxil olub işlərini görməyə davam etmişdir. Saat təxminən 22 radələrində yaşadığı mənzilin qapısı döyülmüş, o, qapını açan zaman qonşusu İlqar əlindəki bıçaqla sol yan nahiyəsindən vuraraq ona xəsarət yetirmişdir. Bundan sonra İlqar iki dəfə bıçaqla zərbə endirsə də, bıçağın tiyəsi gödəkçəsini deşib bədəninə çatmamışdır. Həmin vaxt İlqar artıq onun evinin içərisində olmuşdur və bıçaq ona batdığından qanı yerə tökülmüşdür. O, İlqarın əlində olan bıçaqdan tutaraq əlindən almaq istəmiş, bu zaman bıçağın tiyəsi əlini kəsmişdir. İlqarın əlindən bıçağı almağa çalışdığı vaxt İlqar bıçaqdan bərk-bərk yapışıb buraxmamış və o, məcbur olub İlqarın bıçaq olan əlindən tutub divara sürtüb çırparaq əlini buraxmasını qışqırmışdır. Onun evində təmir getdiyi üçün divarlar və qapının ağzı ülgüc kimi olmuşdur. Qapıların və divarların üzərlərində çoxlu çıxıntılar, kələ-kötürlər olduğu üçün İlqar onlara qol, baş və qulaq nahiyələri ilə dəymişdir. Belə ki, o, İlqarı yaşadığı mənzilin divarına vurmuş, buna görə İlqarın baş, qulaq və qolları divara sürtülmüş və dəymişdir. O, İlqarı divara vurduqda İlqar əlinin gücünü zəiflətmiş və o, bıçağı aşağı dartdığı üçün bıçaq onun ayaq nahiyəsinə batmışdır. Həmin vaxt İlqar “Nadir, sən məni də kəsdin” demiş və divarla doğru yerə axdığı üçün o, ayağını İlqarın çiyin nahiyəsinə qoyub bıçağı güclə əlindən alıb bloka pilləkənlərin üzərinə tullamışdır. Sonra mənzilinin dəhlizində uzanmış İlqarı sürüyüb blok dəhlizə çıxartmış və İlqar dəhzlidə yerdə uzanıqlı vəziyyətdə qalmışdır. O, hadisədən əvvəl İlqarın mənzilinin qapısını döyməmiş, İlqara zəng edərək taxtaları yerinə yığmağı telefonla xahiş etmişdir. Münaqişə zamanı əlində heç bir küt alət olmamışdır. İlqara əli ilə və ya bıçaqla zərbə endirməmiş, xuliqanlıq hərəkətinə yol verməmişdir, öz mənzilində İlqar tərəfindən ona hücum edilərək xəsarət yetirilmişdir. O, yalnız özünü müdafiə etmişdir. Barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, fərdi qaydada işləyir, ünvan 1 ünvanında arvadı Şahid1, azyaşlı övladları İlqarə və Rəhmanla birlikdə yaşayır. 22 fevral 2021-ci il tarixdə o, evə gələn zaman yolda qonşusu Nadir onun mobil telefon nömrəsinə zəng etmiş, lakin telefonun cərəyanı bitdiyindən Nadirlə danışa bilməmiş, zənginin səbəbini bilməmişdir. Saat 22 radələrində o, işdən evə gəlmiş, telefonunu cərəyana qoşmuşdur. Həmin vaxt Nadir yenə ona zəng etmiş, oğlu Rəhmanın uşaqları yığıb blokdan taxtaları götürməyə cəhd etməsini deyərək, onu nalayiq söyüşlərlə söyməyə başlamış, sonra qapıya çıxmasını tələb etmişdir. Nadir gəlib mənzilinin giriş qapısını döyməyə başlamış, o, qapını açan kimi Nadir gözlənilmədən əlində olan yumru dəmir parçasına bənzətdiyi küt alətlə onun bas nahiyyəsindən vurmuş, o, giriş qapısının qarşısında blokda yerə yıxılan zaman arvadı Amına yanında olduğundan onu tutmuşdur. Bundan sonra Nadir həmin alətlə, əli və ayağı ilə onun baş və bədəninin müxtəlif yerlərindən zərbələr yetirməyə başlamışdır. Həmin vaxt Nadirin içkili vəziyyətdə olduğu aydın görünmüş, ondan spirtli içki iyi gəlmişdir. Nadir onu ailəsinin, yəni arvadının və iki azyaşlı övladının yanında döyərək ona xəsarətlər yetirmişdir. Bundan sonra Nadir onu öz mənzilinə tərəf dartmışdır. Həmin vaxt o, arvadı Amınanın ayaqqabı rəfinin üzərində qoyduğu, ev işləri ilə bağlı istifadə etdiyi mətbəx bıçağını görüb əlini ataraq onu götürmüşdür. Nadir öz mənzilinin girişində də hərəkətlərini davam etdirmişdir. Ona görə o, əlindəki bıçaqla Nadirin sol yan hissəsindən vuraraq ona xəsarətlər yetirmişdir. Lakin Nadir ondan fiziki olaraq güclü olduğundan əlindən bıçağı almış və sol budundan həmin bıçaqla vurmuşdur. O, Nadirin əlindən qaçaraq yaşadıqları mənzilə gedərkən Nadirin mənzilinin qarşısında huşunu itirərək yerə yıxılıb uzanılı vəziyyətdə qalmışdır. Bundan sonra hadisə yerinə gəlmiş təcili tibbi yardım həkimləri onu xəstəxanaya aparmışlar. Qonşusu Nadirin onu söyüb döyməsi təxminən 10-15 dəqiqə davam etmişdir. Həmin zaman orada arvadı və iki azyaşlı övladı olmuşdur, mənzilin girişində yerdə uzanılı vəziyyətdə olanda isə qonşuları hadisə yerinə gəlmişlər. Qeyd etdiyi hadisə zamanı Nadirin əvvəlcə telefonda, daha sonra mənzilinin qapısında arvadının və uşaqlarının gözü qarşısında hansı əxlaqsız söyüşlər söyüb onu və ailəsini təhqir etməsini özünün barəsindəki işə baxılarkən məhkəmədə demişdir, hazırda həmin söyüşləri burada demək istəmir. O, Təqsirləndirilən şəxs ilə barışmamışdır. Qanuna uyğun qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, ünvan 1 ünvanında əri Zərərçəkmiş şəxs, azyaşlı övladları İlqarə və Rəhmanla birlikdə yaşayır. Uzun müddətdir ki, onlarla eyni blokda üzbəüz olan 99 nömrəli mənzildə yaşayan Təqsirləndirilən şəxs ilə qonşu kimi normal münasibətləri olmuş, aralarında heç bir düşmənçilik, ədavət olmamışdır. Lakin son zamanlar Nadir spirtli içki qəbul etməyə meyilli olduğundan ailəlikcə aralarında məsafə olmuşdur. Nadir mənzilində təmir işləri aparmış, orada da yaşamışdır. Nadir təmir işləri zamanı mənzilindən çıxan yararsız taxtaları blokda saxlamışdır. 22 fevral 2021-ci il tarixdə təxminən saat 20 radələrində blokdan uşaqların səsi gəlmiş, oğlu Rəhman da bloka çıxmışdır. O, Rəhmanı yola salan zaman mətbəxdə çörək doğradığı üçün əlində mətbəx bıçağı olmuşdur və giriş qapısına yaxınlaşıb Rəhmanın dalınca baxarkən əlindəki bıçağı ayaqqabı rəfinin üzərinə qoymuş, sonra da yadından çıxıb bıçaq orada qalmışdır. Bir neçə dəqiqə sonra Rəhman ağlamış vəziyyətdə geri qayıdıb həyətdə olan uşaqların qonşu Nadirə məxsus taxtaları qarşıdan gələn “Novruz bayramı”nda tonqal qalamaq üçün götürmək istədiklərini, lakin Nadirin onlara taxtaları götürməməyi deyib iradını bildirərək onları blokdan qovduğunu, içkili olduğundan Nadirin ayaq üstə geclə dayandığını demişdir. O, Rəhmana Nadirdən uzaq durmasını demişdir. Həmin gün ad günündən bir gün əvvəl olduğundan ad gününü qeyd etmək üçün mənzilində hazırlıq işləri getmişdir. Təxminən saat 22 radələrində əri İlqar işdən evə gəlmiş, ona demişdir ki, yolda olarkən qonşu Nadir onun mobil nömrəsinə zəng etmiş, lakin telefonun cərəyanı bitdiyindən o, Nadirlə danışa bilməmişdir. O, İlqara baş verənləri qısaca danışmışdır. Həmin vaxt İlqar telefonunu cərəyana qoşmuş, bu zaman Nadir İlqara zəng etmiş və oğlu Rəhmanın uşaqları yığıb blokdan taxtaları götürməyə cəhd etməsini deyərək İlqarı nalayiq söyüşlərlə söyməyə başlamışdır. Sonra Nadir gəlib mənzillərinin giriş qapısını döyməyə başlamışdır. O, İlqara qapını açmamasını desə də, İlqar uzun müddətdir ki, Nadiri tanıdığını və qapını açacağını deyərək gedib qapını açmışdır. İlqar qapını açdıqda Nadir gözlənilmədən əlində olan yumru dəmir parçasına bənzətdiyi küt alətlə İlqarın baş nahiyəsindən vurmuşdur. İlqar yerə yıxılan zaman o, İlqarın yanında olduğundan İlqarı tutmaq istəsə də, İlqar yerə yıxılmışdır. Sonra Nadir əlində olan yumru dəmir parçasına bənzətdiyi küt alətlə, əli və ayağı ilə nalayiq söyüşlər söyə-söyə İlqarın baş və bədəninin müxtəlif yerlərindən zərbələr endirməyə başlamışdır. Həmin vaxt Nadirin spirtli içki qəbul etmiş vəziyyətdə olması açıq-aydın görünmüşdür. O, yanlarında dayanmış iki azyaşlı övladını mənzilin içərisinə aparmışdır. Nadir İlqarı döyməyə davam etdiyindən o, mobil telefonla Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edib bu barədə məlumat verərək polis əməkdaşlarının hadisə yerinə göndərilməsini xahiş etmişdir. Bundan sonra mübahisə Nadirin mənzilinin girişində davam etmişdir, o, həmin yerdə bıçaqla xəsarət yetirilməsini birbaşa görməsə də, Nadirin yerdə uzanılı vəziyyətdə olan İlqarı əl və ayaq zərbələri ilə vurub döydüyünü görmüşdür. Onların yaralı vəziyyətdə olduqlarını görəndən sonra Nadirlə İlqarın bir-birlərini bıçaqla vuraraq xəsarət yetirdiklərini bilmişdir. Həmin vaxt səs-küyə hadisə yerinə qonşular, dah sonra təcili tibbi yardım qrupu gəlmiş, hər iki yaralını xəstəxanaya aparmışlar. Təqsirləndirilən şəxs xuliqanlıq hərəkətləri onun azyaşlı uşaqlarının gözü qarşısında baş vermişdir, onlar stress keçirmişlər, hazırda da qorxu içində yaşayırlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, ünvan 4 ünvanında ailəsi ilə birlikdə yaşayır. Onunla qonşuluqda, yəni 8-ci mərtəbədə yerləşən 99 və 101 nömrəli mənzillərdə Nadir və İlqar adlı şəxslər də uzun illərdir ki, yaşayırlar. Onların arasında heç vaxt mübahisə və ədavət olmamışdır. 22 fevral 2021-ci il tarixdə saat 22:00 radələrində o, yaşadığı evdə hamamdan çıxmış və evdən blokda olan səs-küyü eşitmişdir. Həmin səs-küyə o, evdən bloka çıxmış və orada Nadir ona İlqarın onu bıçaqla vurduğunu demişdir. O, İlqara baxdıqda İlqarı Nadirin yaşadığı evin qapısının qarşısında yerdə uzandığını görmüşdür. Dərhal təcili yardım stansiyasına zəng etmiş, hadisə yerinə təcili tibbi yardım və polis əməkdaşları gəlmişlər. Həmin vaxt hadisənin baş verməsinə səbəbin nə olmasını, bıçaqla kimin kimi vurmasını bilməmiş, yalnız Nadirdən nə olmasını soruşduqda o, İlqarın onu bıçaqla vurduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, ünvan 5 ünvanında qeydiyyatdadır və həmin ünvanda ailəsi ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs qonşuluqda yaşayan şəxslər kimi uşaqlıq illərindən tanıyır. 22 fevral 2021-ci il tarixdə axşam saatlarında o, evdə olan zaman blokda səs-küy olduğunu eşitmiş və yuxarı 8-ci mərtəbəyə qalxmışdır. 7-ci mərtəbədən 8-ci mərtəbəyə qalxan zaman orada çox sayda taxtaların olduğunu görmüş və birtəhər taxtaları aralayıb 8-cı mərtəbəsinin dəhlizinə qalxmışdır. X7 evinin içində uzanıqlı vəziyyətdə olduğunu, Nadirin də ayağının onun boyun nahiyəsində olduğunu görmüşdür. O, nə baş verdiyini soruşduqda Nadir İlqarın yerdən durub yenidən onu vurmaması üçün tutub saxladığını demişdir. O, yaxınlaşdıqda Nadirin qanın içində olduğunu görmüşdür. İlqar isə həmin vaxt yerdə səssiz uzanmışdır. Nadir ona bildirmişdir ki, İlqar onun qapısını döyüb onu bıçaqla vurub xəsarət yetirmişdir və o, bıçağı İlqarın əlindən almışdır. O, yerə atdığı bıçağı göstərərək İlqarın onu həmin bıçaqla vurduğunu demişdir. Bu zaman o, İlqarın yaşadığı qapıya baxdıqda orada İlqarın həyat yoldaşı Amınanın dayanıb onlara baxdığını görmüşdür. Nadirin bədəni bütövlüklə qan içində olmuş, Nadirin evinin giriş hissəsində qan izlərinin olmuş, İlqara baxdıqda onun da sifətində qan izlərinin olduğunu görmüşdür. Həmin vaxt təcili tibbi yardım stansiyasının həkimləri və polis əməkdaşları hadisə yerinə gəlmişlər, yaralıları xəstəxanaya aparmışlar. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 və Şahid3 (yetkinlik yaşına çatmamışlar) məhkəmə iclasında iştirakları mümkün olmadığından onların istintaq zamanı verdikləri ifadələri məhkəmə iclasında elan edilərək tədqiq olunmuş, müəyyən edilmişdir ki, onlar digər şahid (anaları) Şahid1 ilə eyni məzmunlu ifadələr vermişlər. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 22 fevral 2021-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (İ cild i.v. 5) - 14 iyun 2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işindən ayrıca icraata Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmışdır. (İ cild i.v. 1-2) - 22 fevral 2021-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Bakı şəhəri Nizami RPİ-nin İŞ-nin müstəntiqi tərəfindən Təqsirləndirilən şəxs, ekspert-kriminalistin və hal şahidlərinin iştirakları ilə hadisə yerinə baxış keçirilməklə protokol tərtib edilmiş, fotoşəkillər çəkilmiş və maddi sübut götürülmüşdür. (İ cild i.v. 11-21) - 25 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd gödəkcə Bakı şəhəri Nizami RPİ-nin İŞ-nin müstəntiqi tərəfindən götürülmüşdür. (İ cild i.v. 33) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” Publik hüquqi şəxsin Nizami rayon şöbəsinin canlı şəxsin ekspertizasına dair 19 mart 2021-ci il tarixli 163 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs sol budun ön səthinin deşilmiş-kəsilmiş, sol qulaq seyvanının şişkinlik halında əzilməsi və sol epitimpanumun (təbil pərdəsinin yuxarı hissəsi) qansızması ilə müşayiət olunan qulaq seyvanı-gicgah nahiyəsi sərhəddi və sol qaşın əzilmiş yaraları, sağ sağrının aşağı-iç kvadratın və sol budun arxa səthinin hematomaları, sol qulaqönü nahiyə, sol qulaq seyvanının arxa səthi, hər iki gözətrafı nahiyə, sağ bazunun arxa səthi, sol əlin arxa səthi, sağ qabırğaaltı nahiyənin qançırları, sağ qaşın iç bucağına yaxın sahə, qaşarası nahiyə, sağ alın-gicgah nahiyəsi, sol qulaq seyvanının ön səthi, sağ saidin arxa və bayır səthi, sağ əlin arxa səthinin sıyrıqları olmuşdur. Qeyd edilən xəsarətlərdən deşilmişkəsilmiş yara deşici-kəsici alətin, ola bilər ki, bıçağın, digər xəsarətlər isə bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni 22.02.2021-ci il tarixdə yarana bilər, dərəcəsinə görə deşilmiş-kəsilmiş və əzilmiş yaralar, hematomalar həm ayrı-ayrılıqda, həm də ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmaya, digər xəsarətlər isə həm ayrı-ayrılıqda, həm də ümumilikdə sağlamlığa zərər vurmayan dərəcəsi təyin edilməyən xəsarətlərə aid edilir. Lokalizasiya və xarakterlərinə, bərk-küt (əşyaların) təsirindən törənmiş xəsarətlərin çoxluğunu nəzərə alaraq demək olar ki, xəsarətlər müxtəlif şəraitdə yarana bilər, eləcə də şəxsin göstərdiyi kimi, yəni kənar şəxs tərəfindən vurularaq yıxılması zamanı alınması istisna edilmir, lakin xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirilməsi nəticəsində yaranması inandırıcı deyil. (İ cild i.v. 119-121) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” Publik hüquqi şəxsin Məhkəmə-Tibbi Kriminalistika şöbəsinin maddi sübutların ekspertizasına dair 21 may 2021-ci il tarixli 231-2021/MTKŞ nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, ekspertizaya təqdim olunmuş və Təqsirləndirilən şəxs məxsus gödəkçənin ön səthinin sol yarısının aşağı hissəsində 02 ədəd və arxa səthinin sol yarısının aşağı hissəsində 01 ədəd, cəmi 03 ədəd deşilmiş kəsilmiş zədələr aşkar olundu. Bu zədələr kafi itilikli ülgücü, kafi itilikli ucu və özünü kafi dərəcədə biruzə edən küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişdir. Ekspertizaya təqdim edilmiş və Təqsirləndirilən şəxs məxsus gödəkçənin üzərində aşkar olunmuş deşici-kəsici zədələrin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi və oxşar konstruktiv xüsusiyyətli bıçağın tiyəsinin təsirindən əmələ gəlməsi inkar olunmur. Təqsirləndirilən şəxs bədəni üzərində aşkar edilmiş sol ağciyərin aşağı payı, diafraqma və nazik bağırsaq müsariqəsinin zədələnməsi ilə nəticələnən döş qəfəsinin sol yarısının ön səthinin döş və qarın boşluqlarına nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası, sol əlin İ barmağının iç səthi, sol əlin İİ barmağının bayır səthi və sağ əlin V barmağının ovuc səthində olan səthi kəsilmiş xəsarətlərin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya eyni xüsusiyyətə malik olan digər bıçağın tiyəsi ilə törənməsi inkar olunmur. Ekspertizaya təqdim edilmiş və Təqsirləndirilən şəxs məxsus gödəkçənin ön səthinin sol yarısının aşağı hissəsində aşkar olunmuş 2 nömrəli zədə, onun bədəni üzərində olan hemopnevmotoraksla müşayiət olunan sol ağciyərin aşağı payı, diafraqma və nazik bağırsaq müsariqəsinin zədələnməsi ilə nəticələnən döş qəfəsinin sol yarısının ön səthinin döş və qarın boşluqlarına nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası ilə yerdəyişməsinə görə nisbi olaraq üst-üstə düşürlər. Təqsirləndirilən şəxs bədənində aşkar edilmiş sol əlin İ barmağının iç səthi, sol əlin İİ barmağının bayır səthi, sağ əlin V barmağının ovuc səthinin səthi kəsilmiş yaraları; sağ əlin V barmağının bayır səthinin qançırı xəsarətləri geyim əşyaları ilə örtülmədiyinə görə bu xəsarətlər gödəkçənin üzərində öz əksini tapmamışdır. Ekspertizaya təqdim olunmuş və Təqsirləndirilən şəxs məxsus gödəkçənin ön səthinin sol yarısının aşağı hissəsində aşkar edilmiş 1 nömrəli zədə və arxa səthinin sol yarısının aşağı hissəsində aşkar edilmiş 3 nömrəli zədə, onun bədəni üzərində öz əksini tapmamışdır. Bu da, yalnız gödəkçənin müvafiq nahiyələrinin zədələnməsi ilə izah oluna bilər. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış, deşici-kəsici xassəyə malik məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab olunmur. Bıçaq üzərində sonradan onun təyinatını dəyişəcək heç bir əlavə və ya dəyişiklik edilməmişdir. (İ cild i.v. 123-130) - 11 iyun 2021-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, ifadənin yerində yoxlanılması zamanı Zərərçəkmiş şəxs ünvan 1 ünvanının qarşısında Təqsirləndirilən şəxs əlində olan yumru dəmir parçasına bənzətdiyi küt alətlə, əli və ayağı ilə onun baş və bədən nahiyələrinə zərbələr yetirərək onu döyüb bədən xəsarətləri yetirdiyini əyani şəkildə yerində göstərib təsvir etmişdir. (İ cild i.v. 191-194) - 20 avqust 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə elan edilmiş ittiham qüvvədə saxlanılmış, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs tərəfindən cinayətin aləti kimi istifadə olunmuş məişət təyinatlı mətbəx bıçağı maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhəri Nizami RPİ-nin MSSK-na təhvil verilmişdir. (İİ cild i.v. 104-117) -Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli 1(101)-1345/2021 nömrəli hökmünün surətindən görünür ki, Zərərçəkmiş şəxs Azərbaycan Respublikası CMnin 126.1-ci maddəsi ilə təqsirli bilinib, 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkməsinin əvvəli 11 mart 2021-ci il tarixdən hesablanmış, iş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Nizami rayon polis idarəsində saxlanılan bir ədəd mətbəx bıçağının və Təqsirləndirilən şəxs əynində olmuş bir ədəd gödəkçənin məhv edilməsi qərara alınmışdır. Hökmlə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs 22 fevral 2021-ci il tarixdə saat 22 radələrində ünvan 7 ünvanın dəhlizində həmin ünvanda yaşayan qonşusu Təqsirləndirilən şəxs bloka yığdığı taxtaların az yaşlı oğlu Şahid3 tərəfindən götürülməsinə irad bildirməsi səbəbindən aralarında baş vermiş mübahisə zamanı Təqsirləndirilən şəxs istintaqla müəyyən edilməmiş küt alət və əl ayağı ilə onu vuraraq sağlamlığına yüngül dərəcəli bədən xəsarətləri yetirməsinə və ünvanına nalayiq ifadələr işlətməsinə əsəbləşib qisas almaq məqsədilə yaşadığı mənzilin dəhlizində ayaqqabı rəfinin üzərindən götürdüyü zavod üsulu ilə hazırlanmış məşiət təyinatlı mətbəx bıçağı ilə qəsdən Təqsirləndirilən şəxs bədən nahiyəsindən vuraraq həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən sol ağciyərin aşağı payı, diafraqma və nazik bağırsaq müsariqəsinin zədələnməsi ilə nəticələnən döş qəfəsinin sol yarısının ön səthinin döş və qarın boşluqlarına nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası, sol əlin İ barmağının iç səthi, sol əlin İİ barmağının bayır səthi, sağ əlin V barmağın ovuc səthinin qançırı xəsarətlərini yetirib qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 saylı, 27 dekabr 1996-cı il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan şəkildə yazılmalı, iş üzrə müəyyən olunmuş hallar, sübutlar və məhkəmənin nəticələri hökmdə ciddi məntiqi ardıcıllıqla şərh edilməlidir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin B.Yusifovanın şikayəti üzrə 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilir ki, xuliqanlıq cinayət əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Xuliqanlıq - öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. CM-nin 221-ci maddəsi xuliqanlıq cinayət əməlini - ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər - təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər - təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Xuliqanlıq zamanı silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi - ondan birbaşa sağlamlığa zərər vurulması, habelə zərərçəkmiş şəxsin həyat və ya sağlamlığı üçün real təhlükə yaradan üsulla istifadə olunmasıdır. Silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi ilə insanların həyat və ya sağlamlığı üçün real təhlükə yarandığı sübuta yetirilərsə, bu əməl CM-nin 221.3-cü maddəsi ilə tövsif olunmalıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, CM-nin 221.3-cü maddəsi ilə tövsif olunan xuliqanlıq hərəkətləri odlu silah, eləcə də soyuq silah tətbiq etməklə törədilə bilər. Silah qismində istifadə olunan əşyalara istənilən əşyalar, o cümlədən təsərrüfat-məişət təyinatlı (balta, yaba, mətbəx bıçağı və s.), eləcə də kərpic, daş, dəmir, çubuq, bir sözlə, tətbiqi həyat və ya sağlamlıq üçün təhlükə yaradan bütün əşyalar aid edilir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 nömrəli Qərarının 9-cu bəndində də izah edilmişdir ki, xüsusilə qərəzli xuliqanlığa görə məsuliyyət nəzərdə tutan Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin mənasına görə silah dedikdə hücum və ya müdafiə üçün uyğunlaşdırılmış texniki cəhətdən yararlı olan vasitələrin məcmuyu başa düşülür. Burada cinayət qanunu ilə qadağan edilib edilməməsindən asılı olmayaraq, zavodda və ya kustar üsulla hazırlanmış odlu və soyuq silah, həmçinin qaz silahı aid edilir. Digər əşyalar dedikdə isə silah olmayan, lakin silah kimi istifadə edilə bilən predmet (dəyənək, kərpic, dəmir çubuq, zəncir, çəkic və s.) başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Həmin Qərarın 11-ci bəndində göstərilmişdir ki, xuliqanlıq hərəkətləri davam etdirilərək xüsusilə qərəzli xuliqanlıq həddinə çatdırıldıqda təqsirləndirilən şəxsin əməli xuliqanlığın daha ağır növünə görə məsuliyyət nəzərdə tutan 221.3-cü maddəsilə tövsüf olunmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsinin bu kateqoriyadan olan işlərə baxılması zamanı qanunvericiliyin tələblərinə əməl edilməsinin təmin edilməsi məqsədi ilə məhkəmələrə ünvanlanmış 18 may 2010-cu il tarixli 2-277-10 nömrəli icmal məktubunda qeyd olunmuşdur ki, xuliqanlıq hərəkətləri müxtəlif formada ifadə olunsa da, onların hamısı üç əlamətə malik olmalıdır: yəni, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalı, belə pozuntu cəmiyyətə qarşı açıqcasına hörmətsizlik ifadə etməli, həmçinin vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, hazırkı cinayət əməli Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektindəki 104/32 nömrəli çoxmənzilli yaşayış binasında baş vermişdir, hadisə zamanı Təqsirləndirilən şəxs alkoqollu içki qəbul edərək sərxoş halda həmin binanın Zərərçəkmiş şəxs ailə üzvləri ilə birlikdə yaşadığı 101 nömrəli mənzilinin qarşısında, Zərərçəkmiş şəxs azyaşlı oğlu Şahid3 tərəfindən bloka yığdığı taxtaların götürülməsini bəhanə edərək, heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxsla mübahisə edərək, özünün şəxsiyyətini başqa şəxsin şəxsiyyətinin fövqündə üstün qoymaqla, ictimai və şəxsi mənafeyə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərərək qərəzli hərəkətlər edib həmin ünvanda qonşu mənzillərdə yaşayan digər şəxslərin narahatçılığına səbəb olmaqla şəxslərin gözü önündə Zərərçəkmiş şəxs ünvanına yüksək səslə nalayiq ifadələr işlədərək səs-kuy yaratmış və sonuncunun üzərinə hücum edərək ictimai yerdə istintaqla müəyyən edilməmiş silah qismində istifadə etdiyi küt alət və əl ayağı ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə qəsdən zərbələr endirib döymüş, daha sonra cinayət əməlini davam etdirərək həmin binada ailə üzvləri ilə birlikdə yaşadığı 99 nömrəli mənzilinin dəhlizində Zərərçəkmiş şəxs əlindən zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağını alıb həmin bıçağı silah qismində istifadə edərək Zərərçəkmiş şəxs bədənin müxtəif nahiyələrinə qəsdən vuraraq ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilmiş və sağlamlığa zərər vurmayan dərəcələri təyin edilməyən bədən xəsarətləri yetirərək qərəzli hərəkətlərdən ibarət xuliqanlıq etmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs silah qismində istifadə olunan əşyadan istifadə etməklə qərəzli xuliqanlıq hərəkətləri törətməsi tam təsdiq edilir və təqsirləndirilən şəxsin istinad olunan əməli məhz Azərbaycan Respublikası CMnin 221.3-cü maddəsinin təsiri altına düşməklə, həmin maddə ilə tövsif edilməli olması Konstitusiya Məhkəməsinin və Ali Məhkəmənin anoloji işlərlə bağlı gəldikləri hüquqi nəticələrdə müəyyən olunmuş faktiki hallarla uyğunluq təşkil edir. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, istər məhkəmə icraatında tədqiq edilmiş sübutlarla, istərsə də məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin dispoziyasında nəzərdə tutulan silah qismində istifadə edilən əşya (bıçaq) tətbiq etməklə xuliqanlıq əməlinin törədilməsində təqsirli olması mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə Təqsirləndirilən şəxs xuliqanlıq ittihamı üzrə, ümumiyyətlə baş vermiş hadisəyə görə özünü təqsirli bilməməsini onun hüququ kimi qəbul edir və bununla bağlı dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə verilmiş ittiham üzrə təqsirsiz olması barədə məhkəmədə etdiyi çıxışına münasibətdə qeyd edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyi təsdiq edildiyi halda bəraət hökmü çıxarılmalıdır. Halbuki, məhkəmə tədqiqi zamanı Təqsirləndirilən şəxs ittiham olunduğu həmin maddə ilə bəraət verilməsi üçün Azərbaycan Respublikası CPM-nin 42-ci maddəsində nəzərdə tutulmuş əsaslar məhkəmə iclasında müəyyən edilməmişdir, əksinə, müəyyən edilmişdir ki, sözügedən cinayət hadisəsi baş vermişdir; əməldə cinayət tərkibi vardır; cinayətin törədilməsinə məhz Təqsirləndirilən şəxs aidiyyəti olmuşdur və onun bu cinayət hadisəsində təqsirliliyi sübuta yetirilmişdir, hansı ki, məhkəmə bununla bağlı dəlillərini yuxarıda kifayət qədər əsaslandırmışdır. Müdafiə tərəfi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə, əməlində cinayət tərkibi olmadığı əsası ilə bəraət verilməli olması barədə dəlilini onunla əsaslandırmışdır ki, təqsirləndirilən şəxsin əməlində CM-nin 221.3-cü maddəsinin tərkibinin olmadığını 4 əsas amil özündə əks etdirir: 1) Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs arasında olan mübahisə Təqsirləndirilən şəxs evində olmuşdur; 2) Hadisə gecə vaxtı axşam saatlarında heç kimin görmədiyi şəraitdə baş vermiş, heç kimin diqqətini cəlb etməmişdir, mübahisə bitdikdən sonra zərərçəkmişin həyat yoldaşının səsinə iki qonşu ora yaxınlaşmışdır; 3) Hadisənin baş verməsinin təşəbbüskarı Zərərçəkmiş şəxs olmuşdur; 4) Maddi sübut kimi tanınan bıçaq Zərərçəkmiş şəxs məxsus olmuş və hadisə yerində başqa zərbə vurmaq üçün nəzərdə tutulmuş əşya tapılmamışdır. Halbuki, məhkəmə iclasında toplanaraq tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, ilkin mübahisə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsin mənzilinə gələrək ailə üzvlərinin (həyat yoldaşının və iki azyaşlı uşağının gözü qarşısında) nalayiq söyüşlərlə söyüb təhqir etməsi və ona istintaqla müəyyən edilməmiş silah qismində istifadə etdiyi küt alət və əl ayağı ilə bədəninin müxtəlif nahiyələrinə qəsdən zərbələr endirərək döyməsi ilə başlamış, daha sonra təqsirləndirilən şəxsin mənzilində davam etmiş, orada o, zərərçəkmiş şəxsə mətbəx bıçağı ilə müxtəlif bədən xəsarətləri yetirmişdir. Hadisənin təşəbbüskarının zərərçəkmiş şəxsin olması barədə qənaətə gəlinməsi üçün əsas yoxdur, belə ki, təqsirləndirilən şəxsə məxsus olmaqla binanın dəhlizinə yığılmış taxtaların zərərçəkmiş şəxsin oğlu tərəfindən qonşu uşaqlarla birlikdə götürülməsinə təqsirləndirilən şəxs əsəbləşmiş, buna görə onun valideyninə irad bildirmək istəmiş, bu zaman onun hərəkətləri xuliqanlıqla müşayiət olunmuşdur. Hadisənin gecə vaxtı, heç kimin görmədiyi şəraitdə baş verməsi, heç kimin diqqətini cəlb etmədiyi barədə dəlilə münasibətdə qeyd olunmalıdır ki, hadisə çoxmənzilli yaşayış binasının daxilində, gecə vaxtı, saat 22 radələrində baş vermişdir, bu zaman birgəyaşayış qaydaları pozulmuşdur, hansı ki, cinayət qanunvericiliyinə görə, xuliqanlıq cinayətinin bilavasitə obyekti ictimai qaydadır, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Maddi sübut kimi tanına bıçağın zərərçəkmiş şəxsə məxsus olması və hadisə yerində başqa zərbə vurmaq üçün əşyanın tapılmaması barədə dəlilin də əsası yoxdur, belə ki, zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizadan keçirilərək rəy alınmışdır, həmin rəydə xəsarətlərin xarakteri, sağlamlığa zərər vurma dərəcəsi, yetirilmə müddəti və mexanizmi izah edilmiş, müstəntiq tərəfindən isə ekspertiza rəyində yaranmış zəruri suallara aydınlıq gətirilməsi üçün məhkəmə-tibbi eksperti dindirilmişdir, hadisə yerində başqa zərbə vurmaq üçün əşyanın tapılmaması ittihamın əsassız olmasına dəlalət etmir. Bundan başqa qeyd edilməlidir ki, Zərərçəkmiş şəxs məhkəmə iclasında sərbəst ifadəsində Təqsirləndirilən şəxs hadisə zamanı söyüş söymədiyini bildirsə də, ifadəsi dəqiqləşdirilərkən izah etmişdir ki, hadisə vaxtı Təqsirləndirilən şəxs əvvəlcə telefonda, daha sonra mənzilinin qapısında arvadının və uşaqlarının gözü qarşısında hansı əxlaqsız söyüşlər söyüb onu və ailəsini təhqir etməsini özünün barəsindəki işə baxılarkən məhkəmədə demişdir, hazırda həmin söyüşləri burada demək istəmir. Hətta, o, Təqsirləndirilən şəxs işlətdiyi nalayiq söyüşləri məhkəmə iclasında şahid qismində dindirilən arvadı Amına Güdratovanın ifadəsində göstərməsinə irad bildirərək həmin söyüşləri təkrarlamamasını ona demişdir. Bununla da, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 221.3-cü maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinə əsasən bu Məcəllənin 221.1-ci (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) və ya 221.2-ci (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə) maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda, həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur, iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur: -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 21 mart 2021-ci il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29 yanvar 2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 13 aprel 2009cu il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 17 mart 2009-cu il tarixli Amnistiya Qərarına əsasən cəzadan azad edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 noyabr 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinib, qazancından dövlət nəfinə 15% məbləğində pul tutulmaqla 01 il müddətinə islah işləri cəzasına məhkum edilmiş, 11 mart 2015-ci il tarixdə cəzasını çəkmiş kimi şöbənin qeydiyyatından çıxarılmışdır. (İ cild i.v. 108-109, İİ cild i.v. 70-71) - 28 iyun 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmiş şəxs kimi həmin tarixdə tutulmuşdur. (İİ cild i.v. 18) - 29 iyun 2021-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 02 ay 16 gün həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 28 iyun 2021-ci il tarixdən hesablanmışdır. (İİ cild i.v. 59-63) - İ-EA seriyalı, 866239 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 13 iyul 2016-cı il tarixdə doğulmuşdur, atası Təqsirləndirilən şəxs, anası X2. (İİ cild i.v. 81-82) Məhkəmə Təqsirləndirilən şəxs barəsində verilmiş tələbnamədə əksini tapan məlumatlara münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinin tələbləri baxımından o, məhkumluğu olmayan şəxs hesab edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarının 1-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə törətdiyi əməl, həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal qismində Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş doğum şəhadətnaməsinə əsasən Rusiya Federasiyasının vətəndaşı X3 Təqsirləndirilən şəxs 13 iyul 2016-cı il təvəllüdlü X6 adlı uşağı olsa da, Təqsirləndirilən şəxs məhkəmədə bildirdiyinə görə X1rı Fəridlə birlikdə Rusiyada ondan ayrı yaşayır və o, oğlu üçün aliment ödəyir. Belə olan halda, məhkəmə hesab edir ki, həmin uşaq təqsirləndirilən şəxsin himayəsində hesab oluna bilməz, ona görə həmin hal Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən 23 mart 2004-cü il tarixli Qərarının 13-cü bəndi ilə məhkəmələrə tövsiyyə edilmişdir ki, xuliqanlığa görə cəza təyin edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla hər bir halda törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaqla təqsirləndirilən şəxslərə düzgün və ədalətli cəza təyin etsinlər. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, cinayətin bilavasitə obyektinin ictimai qayda, əlavə obyektinin isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər təşkil etməsini nəzərə alaraq, hesab edir ki, onun islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı 28 iyun 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələbinə uyğun olaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinin tələbinə uyğun olaraq, hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan məsələlərlə bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin dispoziyasında əlavə cəza nəzərdə tutulmamışdır; onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə əsas olacaq hallar müəyyən edilməmişdir; zərərçəkmiş şəxs tərəfindən məhkəməyədək icraat və məhkəmə icraatı zamanı mülki iddia verilməmişdir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınaraq saxlanılması üçün Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş bir ədəd məişət təyinatlı mətbəx bıçağının taleyinin Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli 1(101)-1345/2021 nömrəli hökmü ilə həll edilməsi nəzərə alınmalıdır; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza keçirilməmişdir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Bundan başqa məhkəmə qeyd edir ki, məhkəməyədək icraat və məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinin həyata keçirilməsi üçün müqavilə əsasında vəkilləri iştirak etmişlər, ona görə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına əmək haqqı ödənilməsi məsələsinin müzakirəsinə əsaslar yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı 28 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut qismində tanınaraq saxlanılması üçün Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş bir ədəd məişət təyinatlı mətbəx bıçağının taleyinin Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli 1(101)- 1345/2021 nömrəli hökmü ilə həll edilməsi nəzərə alınsın. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-30/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-30/2022
21.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver