Məhkəmə qərarları › İş №1(007)-30/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-30/2023

04.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-30/2023 04.05.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, onun nümayəndəsi və vəkili-“Yusifbəyli və partnyorları” vəkil bürosunun vəkili Nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Bakı şəhəri 18 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxx 1964-cü il tarixdə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta-ixtisas təhsilli, subay, məhkumluğu olmayan, işləməyən, Bakı şəhəri, Nəsimi rayonu, R.Axundov küçəsi ev 21, mənzil 16-da qeydiyyatda olan, Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi ev 59-da yaşayan, 20 may 2022-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirib dələduzluq etmişdir. Belə ki, o, özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs heç bir səlahiyyəti olmadığı halda hərbi qulluqçu kimi əlillik pensiyası düzəldəcəyinə dair yalan vəd verib aldadaraq etibarından sui-istifadə etməklə bu adla Zərərçəkmiş şəxs 28 oktyabr 2017-ci il tarixdə Samux rayonunun Kolayır kəndində sonuncunun yaşadığı evdə 1000 manat, 04 noyabr 2017-ci il tarixdə Zərərçəkmiş şəxs tərəfindən "xxxx" KB ASC-nin Kəpəz filialı vasitəsilə köçürülmüş 100 manat pul vəsaitini "xxxx" KB ASC-nin ünvan 1 ünvanında yerləşən İnşaatçılar filialından, 22 noyabr 2017-ci il tarixdə "xxxx" KB ASC-nin Kəpəz filialı vasitəsilə köçürülmüş 2000 manat pul vəsaitini "xxxx" KB ASC-nin ünvan 1 ünvanında yerləşən İnşaatçılar filialından, 29 dekabr 2017-ci il tarixdə Zərərçəkmiş şəxs ünvan 2 ünvanında yerləşən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Klinik Hospitalının yaxınlığında 1000 manat, 04 yanvar 2018-ci il tarixdə Zərərçəkmiş şəxs tərəfindən "xxxx" KB ASC-nin Kəpəz filialı vasitəsilə köçürülmüş 700 manat pul vəsaitini "xxxx" KB ASC-nin ünvan 1 ünvanında yerləşən İnşaatçılar filialından, 08 fevral 2018-ci il tarixdə Zərərçəkmiş şəxs tərəfindən "xxxx" KB ASC-nin Kəpəz filialı vasitəsilə köçürülmüş 1000 manat pul vəsaitini "xxxx" KB ASC-nin ünvan 1 ünvanında yerləşən İnşaatçılar filialından, ümumilikdə isə Zərərçəkmiş şəxs məxsus 5800 manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirməklə Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, Zərərçəkmiş şəxs etibarından sui-istifadə və aldatma yolu ilə 5800 manat məbləğində pul vəsaitini ələ keçirib sonuncudan yayındıqdan sonra Zərərçəkmiş şəxs tərəfindən onun cinayətkar hərəkətləri barədə 2018-ci ilin iyun ayında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə şikayət etməklə Bakı şəhəri Nizami RPİnin 25-ci polis şöbəsində araşdırma aparılmasını bilib təkrarən özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs polis orqanlarına etdiyi şikayət ərizəsini geri götürəcəyi təqdirdə hərbi qulluqçu kimi əlillik pensiyası düzəldəcəyinə dair yenidən yalan vəd verib aldadaraq etibarından sui-istifadə etməklə bu adla Zərərçəkmiş şəxs 2019-cu ilin fevral ayında Samux rayonunda 500 manat, 2019-cu ilin fevral ayında ünvan 3 ünvanında yerləşən 5 saylı şəhər kliniki xəstəxanasının qarşısında 500 manat, 2019-cu ilin may ayında ünvan 4 ünvanında yerləşən Abbas Səhhət adına 1 nömrəli şəhər xəstəxanasının qarşısında 300 manat, 2019-cu ilin iyul ayında ünvan 4 ünvanında yerləşən Abbas Səhhət adına 1 nömrəli şəhər xəstəxanasının qarşısında 300 manat, 2019-cu ilin noyabr ayında ünvan 3 ünvanında yerləşən 5 saylı şəhər kliniki xəstəxanasının qarşısında 500 manat, 2019-cu ilin dekabr ayında ünvan 3 ünvanında yerləşən 5 saylı şəhər kliniki xəstəxanasının qarşısında 500 manat, 02 dekabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs tərəfindən “Xəzri” ödəniş sistemi vasitəsilə köçürülmüş 4000 manat pul vəsaitini Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 29 ünvanında yerləşən "xxxx" ASC-nin filialında, ümumilikdə isə Zərərçəkmiş şəxs məxsus 6600 manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirməklə Zərərçəkmiş şəxs xeyli miqdada ziyan vurmaqla dələduzluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs N2-ci ildən tanımışdır. 2017-ci ildə Vəfa ilə onun ortaq tanışları ondan Vəfa üçün əlilliklə bağlı təqaüd düzəltməsini xahiş etmişlər. Sonradan Vəfanın özü də şəxsən ona əlillik təqaüdü düzəltməsi üçün ona müraciət etmişdir. O, etiraz etməyib razılaşmış və bunun üçün müəyyən məbləğdə pul lazım olduğunu demişdir. Bunun üçün Vəfa 2017-2019-cu illər ərzində ümumi olaraq ona bank vasitəsilə 7800 manat pul göndərmişdir. Vəfa bu pulun 4000 manatını ona borc olaraq, 3800 manatını isə əlillik təqaüdü düzəltmək üçün vermişdir. Bundan sonra o, xəstələnmiş, əməliyyat olunduğu üçün Vəfaya təqaüd düzəldə bilməmişdir. Bu müddət ərzində Vəfa ilə mütəmadi olaraq telefon əlaqəsi saxlamışlar. 2018-ci ildə Nizami RPİ-nin 25-ci polis şöbəsindən ona zəng edilərək Zərərçəkmiş şəxs ondan şikayət etməsi bildirilmiş və polis şöbəsinə çağırılmışdır. Orada Vəfa bildirmişdir ki, ona əlillik təqaüdü düzəldəcəyi təqdirdə ondan şikayətçi olmayacaqdır. O da Vəfaya söz verərək əlillik təqaüdü üçün lazım olan bütün sənədləri düzəldəcəyini bildirmişdir. Lakin, sənədləşmə işlərinin yekun mərhələsində pandemiya olduğu üçün sənədləşmə işlərini tamamlaya bilməmişdir. Buna görə bir neçə ay, təxminən 2021-ci ilin sentyabr ayına qədər 2000 manat məbləğində pulu Vəfanın banka olan borcuna görə, onun əvəzinə hissə-hissə ödəmişdir. Sonradan koronavirusa yoluxduğu üçün sənədləşmə işlərinin yekun mərhələsini həll edə bilməmişdir. Vəfadan ümumilikdə aldığı 7800 manat puldan heç bir vəzifəli şəxsə verməmişdir. Həmin pulu Vəfaya sənəd düzəltmək üçün öz yol xərclərinə və yeməyə sərf etmişdir. Məhkəmədə son sözündə Təqsirləndirilən şəxs onu ləkələmək üçün oyuna saldıqlarını, hazırda əməlindən peşman olduğunu göstərmiş, N1-ci ildən 2006-cı ilədək Azərbaycan Respublikasının ordu sıralarında qüsursuz xidmət etdiyini, birinci Qarabağ müharibəsində aktiv iştirak etdiyini, N2-ci ildə hər iki ayağından yaralandığını, kəllə-beyin travması aldığını, buna görə ona birinci qrup əlillik dərəcəsi verildiyini, müharibə veteranı olduğunu nəzərə alaraq, ona köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, N2-N3-cü illərdə Qarabağ döyüşlərində iştirak etmiş, Təqsirləndirilən şəxs ilə də məhz həmin illərdə münasibəti yaranmışdır. O, yaralandığı üçün əlillik dərəcəsi almaq istəmiş, Sevda ona bu işdə öz tanışları vasitəsilə kömək edəcəyi barədə söz vermişdir. Bu məqsədlə 28 oktyabr 2017-ci il tarixdə Samux rayonunun Kolayır kəndindəki yaşadığı evdə 1000 manat nağd şəkildə, 04 noyabr 2017-ci il tarixdə pul köçürmə yolu ilə 100 manat, 22 noyabr 2017-ci il tarixdə "xxxx"ın Gəncə filialı vasitəsilə pul köçürmə yolu ilə 2000 manat, 29 dekabr 2017-ci il tarixdə ünvan 2 ünvanında yerləşən Silahlı Qüvvələrin Baş Klinik Hospitalının yaxınlığında nağd şəkildə 1000 manat, 04 yanvar 2018-ci il tarixdə 700 manat, 08 fevral 2018-ci il tarixdə "xxxx"ın Gəncə filialı vasitəsilə pul köçürmə yolu ilə 1000 manat olmaqla, ümumilikdə 5800 manat pul vermişdir. Bir müddət gözləsə də, Sevda verdiyi vədə əməl etmədiyi üçün 25-ci polis şöbəsinə müraciət etmişdir. Polisdə araşdırma zamanı Sevda söz verərək ona əlillik dərəcəsi düzəldəcəyini bildirmiş və şikayətini geri götürməsini xahiş etmişdir. O da razılaşaraq şikayətini geri götürmüşdür. Sonradan Sevda ona bildirmişdir ki, bu iş üçün 5800 manat azdır. Bu səbəbdən Sevdanın istəyi ilə 2019-cu ilin fevral ayında Samux rayonunda 500 manat, 2019-cu ilin fevral ayında Bakı şəhərində 5 nömrəli xəstəxanada 500 manat, 2019-cu ilin may ayında Gəncə şəhərində A.Səhhət adına xəstəxanada 300 manat, 2019-cu ilin iyul ayında Gəncə şəhərində A.Səhhət adına xəstəxanada 300 manat, 2019-cu ilin noyabr ayında Bakı şəhərində 5 nömrəli xəstəxanada 500 manat, 2019-cu ilin dekabr ayında Bakı şəhərində 5 nömrəli xəstəxanada 500 manat olmaqla ümumilikdə 2600 manat pulu Sevdaya vermişdir. 2019-cu ilin noyabr ayının sonlarında Sevda ona demişdir ki, sənədlər demək olar ki, hazırdır, sadəcə olaraq təsdiq olunması üçün əlavə 4000 manat pul lazımdır. Bu səbəbdən o, 2019-cu ilin dekabr ayının 2-də "xxxx"ın Samux rayon filialından 4700 manat kredit götürərək həmin pulun 4000 manatını bank vasitəsilə Sevdaya göndərmişdir. Ümumilikdə 2017-ci və 2019-cu illər ərzində Sevdaya 14000 manat pul vermişdir. Bu pulun 12400 manatını Sevda konkret iş görmək adı ilə ondan almış, yerdə qalan 1600 manatını isə hər dəfə ondan taksi pulu, yemək pulu və zəhmət haqqı kimi hissə-hissə olmaqla onun guya əlillik dərəcəsi alması üçün sənəd düzəltdiyi müddət ərzində ondan almışdır. Lakin Sevdaya verdiyi pulun bir hissəsini bankdan götürdüyü üçün banka ödədiyi əlavə faizləri də nəzərə alaraq ona dəymiş ziyan ümumilikdə 16000 manat edir. Sonradan Sevdanın onu aldatdığını başa düşdüyü üçün ona verdiyi pulları tələb etmiş, Sevda müxtəlif bəhanələr gətirərək pulu verməkdən boyun qaçırmışdır. Bir müddət sonra isə Sevda ümumiyyətlə pulu verməkdən imtina edərək ona heç bir aidiyyatı olmadığını demiş və zənglərə cavab verməyərək onunla əlaqəni kəsmişdir. Ümumilikdə Sevdaya verdiyi 14000 manat pulun 7800 manat hissəsini bank vasitəsilə, yerdə qalan 6200 manat hissəsini isə nağd olaraq vermişdir. Təqsirləndirilən şəxs ona cəmi 1910 manat pul ödəmiş, qalan pulu isə ödəməmişdir, təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs N2-ci ildən, Qarabağ müharibəsi dövründən tanımışdır, yaxın münasibətləri vardır. Təqsirləndirilən şəxs isə təxminən N0-cı ildən tanımışdır. Həmin dövrdə qardaşı Əbülfətin Azadlıq prospektində mağazası olmuş və Sevda da həmin mağazaya gəlib-getmişdir. Sevda ilə də münasibəti məhz həmin dövrdə yaranmışdır. 2017-ci ildə Sevda tez-tez rayonlara getmiş, keçmiş döyüş yoldaşlarına əlillik dərəcəsi düzəltmək üçün sənədlər toplamışdır. Bir neçə dəfə özü də Sevda ilə birlikdə Gədəbəy, Daşkəsən və Ağdam rayonlarına getmişdir. Lakin onun Sevda ilə birlikdə rayonlara getməkdə məqsədi sadəcə gəzinti xarakterli olmuşdur. Rayonlarda olduqları zaman Sevda keçmiş döyüş yoldaşlarına əlillik dərəcəsi düzəltmək üçün xəstəxanalara, hərbi komissarlıqlara və digər dövlət orqanlarına müraciət etmişdir. Həmin ərəfələrdə Sevdaya demişdir ki, keçmiş qadın döyüşçü yoldaşlarına da təqaüd düzəldə bilsəydi, çox yaxşı olardı, özünün yaxın olduğu və xətrini istədiyi Vəfaya da əlillik dərəcəsi düzəltsin. Sonra Sevdanın istəyi ilə Vəfanın əlaqə nömrəsini Sevdaya vermiş, eyni zamanda Vəfanın subay olduğunu, gələcəkdə onun maddi problem yaşamağını istəmədiyini, bunun üçün də Vəfaya təqaüd düzəldə bilsə, çox sevinəcəyini demişdir. Sevda onunla razılaşmış və bunun üçün pul lazım olduğunu demişdir. O, Sevdaya demişdir ki, Vəfa hazırda işləyir və əlillik dərəcəsi almaq üçün müəyyən məbləğdə pul verə bilər. X6 pul verməsinin şahidi olmamış, Sevdanın Vəfadan 14000 manat pul almasını və Vəfanı aldadaraq verdiyi vədə əməl etməməsini sonradan öyrənmişdir. Sevdanın Vəfanı aldatmaq niyyətinin olmasını bilməmişdir, çünki Sevda bundan əvvəl də bir neçə keçmiş döyüşçü yoldaşlarına təqaüd düzəltdiyi üçün ona inanmışdır. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs əvvəlcədən tanıyır, hər ikisi ilə də münasibətləri olmuş, evlərinə gedib-gəlmişdir. O, pensiya ala bilməmiş, Təqsirləndirilən şəxs təmənnasız köməkliyi ilə hal-hazırda pensiya alır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs da kömək etmişdir. Təqsirləndirilən şəxs köməyə ehtiyacı olan insanlara köməklik göstərir. Təqsirləndirilən şəxs əri xəstə olduğundan ona pul lazım olmuş, bu səbəbdən Zərərçəkmiş şəxs borc pul istəmişdir. Həmçinin Zərərçəkmiş şəxs pensiya düzəldilməsi ilə əlaqədar olaraq yol xərclərini Zərərçəkmiş şəxs özü qarşılamışdır. O, notariusda da Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs yanında olmuş, orada iştirak etmişdir. Zərərçəkmiş şəxs pensiya almaq üçün lazımi sənədləri hazırlaya bilmədiyi üçün Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və o, notariusa birlikdə getmişlər. Zərərçəkmiş şəxs pensiya ala bilməsi üçün sənədlərinin yığılmasına Təqsirləndirilən şəxs köməklik etməsi zamanı o da həmin hərəkətlərdə iştirak etmişdir. Təqsirləndirilən şəxs yol gediş-gəliş haqqını Zərərçəkmiş şəxs qarşılamış, başqa pul söhbəti olmamışdır. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs şər atır, Təqsirləndirilən şəxs ondan pensiya düzəltmək pul almamışdır. Onun yanında pul haqq-hesabı olmamışdır, o, Vəfa və Sevda ilə birlikdə Samux rayonuna, Gəncə şəhərinə maşın tutub getmişdir. Məhkəmə əlavə şahid X1 məhkəmə iclasında verdiyi ifadəsinə münasibətdə qeyd edir ki, həmin şahid təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsin pul vəsaitini hansı niyyətlə əldə etməsi barədə fikir bildirə bilməz, təqsirləndirilən şəxsin özü belə zərərçəkmiş şəxsə pensiya düzəltmək adı ilə ondan pul aldığını etiraf etdiyinə görə təqsirləndirilən şəxsə şər atılması barədə göstərilənlərin də əsası yoxdur. Ümumiyyətlə, həmin şahid təqsirləndirilən şəxslə yaxın münasibətdə olduğundan və özlərinin də etiraf etdiyi kimi Təqsirləndirilən şəxs X1 özünün də pensiya işinin düzəlməsində köməklik etdiyindən şahid bir növ onun yanında özünü borclu hesab edir, ona görə təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunmasına nail olmağa yönəlmiş ifadə verməyə çalışır, belə olan halda məhkəmə həmin şahidin ifadəsinə tənqidi yanaşaraq nəzərə almır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 29 mart 2022-ci il tarixli qərardan görünür ki, fakta görə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) -Bank qəbzlərindən görünür ki, Zərərçəkmiş şəxs 04 noyabr 2017-ci il tarixdə "xxxx" KB ASC-nin Kəpəz filialı vasitəsilə 100 manat, 22 noyabr 2017-ci il tarixdə "xxxx" KB ASCnin Kəpəz filialı vasitəsilə 2000 manat, 04 yanvar 2018-ci il tarixdə "xxxx" KB ASC-nin Kəpəz filialı vasitəsilə 700 manat, 08 fevral 2018-ci il tarixdə "xxxx" KB ASC-nin Kəpəz filialı vasitəsilə 1000 manat pul vəsaitlərini Təqsirləndirilən şəxs adına göndərmişdir. (i.v. 6- 10) -"xxxx" ASC-nin Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 29 ünvanında yerləşən “Qara Qarayev” filialının 26 iyul 2021-ci il tarixli 114/8051 nömrəli məktubundan görünür ki, 05 dekabr 2019-cu il tarixdə **********85 nəzarət kodu ilə Zərərçəkmiş şəxs tərəfindən 02 dekabr 2019-cu il tarixdə Xəzri ödəniş sistemi vasitəsi ilə göndərilən 4000 manat pul vəsaiti “Qara Qarayev” filialının kassasından Təqsirləndirilən şəxs tərəfindən məxaric edilmişdir. (i.v. 82) - 20 may 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsindən həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir. (i.v. 156-157) - 11 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, əməlində Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.3, 310, 32.4,312-ci maddələrinin tərkib əlamətləri olmadığından barəsində həmin maddələrlə cinayət təqibinin başlanması rədd edilmiş, Zərərçəkmiş şəxs əməlində Azərbaycan Respublikası CM-nin 29,312-ci maddəsinin tərkib əlaməti olmadığından barəsində həmin maddələrlə cinayət təqibinin başlanması rədd edilmiş, Zərərçəkmiş şəxs təqdim etdiyi və cinayət işinin materiallarına əlavə edilmiş 04 noyabr 2017-ci il, 22 noyabr 2017-ci il, 04 yanvar 2018-ci il, 08 fevral 2018-ci il və 02 dekabr 2019-cu il tarixli qəbzlər maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs təqdim etdiyi xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2020ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixli qəbzlər maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs elan edilən ittihamda zərərçəkmiş şəxsə dəymiş zərərin miqdarı 12400 manat müəyyən edildiyindən 1600 manat pul vəsaitinin isə dələduzluq yolu ilə ələ keçirilməsi istisna edildiyindən göstərilən halın məhkəmə baxışı zamanı nəzərə alınması qərara alınmışdır. (i.v. 217-223) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin, şahidin ifadələri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Təqsirləndirilən şəxs barəsindəki cinayət işinin məhkəmə tədqiqi zamanı işin müəyyən olunmuş faktiki halları ilə tam təsdiq edilmişdir ki, o, dələduzluq cinayətini məhz aldatma və etibardan sui-istifadə etmə yolu ilə törətmişdir, əmlak (pul) sahibi olan zərərçəkmiş şəxs də öz əmlakını (pulunu) onun yalan vədlərinin təsiri altında könüllü surətdə vermişdir, Təqsirləndirilən şəxs niyyəti əmlakı (pulu) ələ keçirərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, zərərçəkmiş şəxsin pulunun əvəzsiz və qanunsuz olaraq ələ keçirilməsinə yönəlmişdir, hansı ki, nəticə etibarı ilə o, zərərçəkmiş şəxsə münasibətdə bu məqsəd və niyyətinə çatmışdır. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, Zərərçəkmiş şəxs ifadəsində Təqsirləndirilən şəxs dələduzluq yolu ilə ələ keçirdiyi pul vəsaitinin məbləğini 14000 manat kimi göstərsə də, cinayət əməli nəticəsində ona dəymiş zərərin miqdarı 12400 manat müəyyən edilmişdir, 1600 manat pul vəsaitinin dələduzluq yolu ilə ələ keçirilməsi isə istisna edilmişdir. Eyni zamanda məhkəmə nəzərə alır ki, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməsə də və təkrarən zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs etibarından sui-istifadə etmə və aldatma yolu ilə ona məxsus, özgə əmlakı hesab olunan ümumilikdə 12400 manat məbləğində pul vəsaitini ələ keçirib dələduzluq etdiyini inkar etsə də, məhkəmədə etdiyi son çıxışında əməlindən peşman olduğunu bildirib, cəzanı yüngülləşdirən müvafiq halların nəzərə alınmaqla ona köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə. Məhkəmə Təqsirləndirilən şəxs fərqli olaraq müdafiəçisinin ona Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə verilmiş ittiham üzrə bəraət verilməsi barədə məhkəmədə etdiyi çıxışına münasibətdə qeyd edir ki, qanunvericiliyə görə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyi təsdiq edildiyi halda bəraət hökmü çıxarılmalıdır. Lakin məhkəmə tədqiqi zamanı Təqsirləndirilən şəxs ittiham olunduğu həmin maddələrlə bəraət verilməsi üçün Azərbaycan Respublikası CPM-nin 42-ci maddəsində nəzərdə tutulmuş əsaslar məhkəmə iclasında müəyyən edilməmişdir, əksinə, müəyyən edilmişdir ki, sözügedən cinayət hadisəsi baş vermişdir; əməldə cinayət tərkibi vardır; cinayətin törədilməsinə məhz Təqsirləndirilən şəxs aidiyyəti olmuşdur və onun bu cinayət hadisəsində təqsirliliyi sübuta yetirilmişdir, hansı ki, məhkəmə bununla bağlı dəlillərini yuxarıda kifayət qədər əsaslandırmışdır. Ona görə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə - təkrarən; xeyli miqdarda ziyan vurmaqla törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi dələduzluq əməli nəticəsində zərərçəkmiş şəxsə vurduğu maddi ziyanın az bir hissəsini ödəmiş, zərərçəkmiş şəxslə barışıq əldə etməmiş və bundan irəli gələrək sonrakı hərəkət qismində cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməmişdir. Belə olan halda, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsində müəyyən edilən qaydada cinayət məsuliyyətindən azad edilməsi üçün qanuni əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: -Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsi tərəfindən N iyul N9-cu il tarixdə verilmiş vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs müharibə veteranıdır. (i.v. 13) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 28 aprel 2022-ci il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 11 fevral 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.1 və 228.4-cü maddələri ilə təqsirli bilinib, CM-nin 66.3-cü maddəsinə əsasən qəti olaraq 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 70-ci maddəsinə əsasən 02 il şərti sınaq müddəti təyin edilmişdir. (i.v. 149-150, 192-195) -Bakı şəhəri Nizami rayon icra şöbəsinin 17 noyabr 2022-ci il tarixli 17/71-K-3939 nömrəli məktubundan görünür ki, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 11 fevral 2009-cu il tarixli hökmü ilə təyin edilmiş sınaq müddətinin bitməsi ilə əlaqədar Təqsirləndirilən şəxs sınaq müddətinin bitməsi ilə əlaqədar cəzasını tam çəkmiş kimi 07 mart 2011-ci il tarixdə şöbənin qeydiyyatından çıxarılmışdır. - 20 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs haqqında başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 187) -Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami rayon idarəsinin 17 iyun 2022-ci il tarixli 123 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.N2-xx.xx.N2, xx.xx.N3-xx.xx.N4, xx.xx.N9-xx.xx.2004, xx.xx.2004-xx.xx.2005-ci illərdə Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət keçmişdir. N saylı hərbi hissə komandirinin N saylı əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə (xəstəliyə görə) Azərbaycan Ordusundan ehtiyata buraxılmışdır. Ehtiyatda olmağın son yaş həddinə çatdığı üçün hərbi qeydiyyatdan silinmişdir. (210) -“Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti”ndə 30 sentyabr 2015-ci il tarixdə qeydə alınmış məlumatdan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar birinci qrup əlillik dərəcəsi təyin edilmişdir, kənar şəxsin qulluğuna ehtiyacı vardır. -Bakı şəhəri Nizami rayon hərbi komissarlığının 01 may 2009-cu il tarixli 148 nömrəli arayışının və digər sənədlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs 13 mart N2-ci il tarixdən 27 aprel 2005-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmət keçmiş, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni qəsbkarlarına qarşı döyüşlərdə iştirak etmişdir, müharibə veteranıdır, Fəxri Fərmanlar, pul, qiymətli əşyalarla təltif edilmişdir. -Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 08 aprel 2010-cu il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs döyüş zonasında hərbi xidmət keçərkən düşmən tərəfindən atılmış mərmi partlaması nəticəsində N2-ci ildə aldığı xəsarət hərbi travma hesab edilmiş, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmış kimi qiymətləndirilmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurduğu maddi ziyandan qismən ödəniş etməsini Azərbaycan Respublikası CM-nin 59.1.14-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Bununla yanaşı məhkəmə Təqsirləndirilən şəxs birinci Qarabağ müharibəsinin veteranı, döyüşlər zamanı aldığı xəsarətlə bağlı birinci qrup əlil olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən 25 iyun 2003-cü il tarixli Qərarında həmçinin göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət əməli törətməsini, cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halın isə olmamasını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olması qənaətinə gələrək, hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmamaqla barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırkı işlə bağlı şübhəli şəxs qismində tutulmamış, həbsdə saxlanılmamışdır, ona görə cəza təyini və müddətlərin hesablanması zamanı CM-nin 69-cu maddəsində nəzərdə tutulan qaydada hesablama aparılması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-3.1 və 51-2.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzasını yaşayış yeri üzrə çəkməli və cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli olduğundan, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyan qismən ödənilsə də, onun tərəfindən məhkəməyədək icraat və məhkəmə icraatı zamanı qanunla müəyyən edilmiş müddətdə və qaydada mülki iddia verilməmişdir, Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır, belə olan halda, məhkəmə hesab edir ki, göstərilənlərə əsasən zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilər, ona bu hüquqları izah edilməlidir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış qəbzlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza iş üzrə keçirilməmişdir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Bundan başqa, məhkəmə qeyd edir ki, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinin həyata keçirilməsi üçün müqavilə əsasında vəkili iştirak etmişdir, ona görə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına əmək haqqı ödənilməsi məsələsinin müzakirəsinə əsaslar yoxdur. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 22:00dan növbəti gün saat 07:00-dək yaşayış yerini, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut qismində tanınmış Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs təqdim etdikləri qəbzlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. İş üzrə dəymiş ziyanı tələb etdiyi halda, mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilmək hüququ zərərçəkmiş şəxsə izah edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar