Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-300/2021 16.11.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Ələsgərov Elvin Hidayət oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs – xx.xx.1972-ci ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, 12.06.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 14.06.2021-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 20 mart 2021ci il tarixdə saat 09:30 radələrində Zərərçəkmiş şəxs işlədiyi ünvan 2 ünvanda yerləşən lombardın qapısının açıq olmasından istifadə edərək qanunsuz olaraq lombarda daxil olub masanın üzərindən 25 manat dəyərində ***-***-**-** mobil telefon nömrəsi ilə işləyən 1 ədəd 70 manat dəyərində “Nokia” markalı və üzərində 10 manat dəyərində ***-***-**-** mobil telefon nömrəsi ilə işləyən 1 ədəd 300 manat dəyərində “İphone 5S” markalı mobil telefon aparatlarını, paltar asılqanında asılmış içərisində 170 manat nağd pul 30 manat dəyərində narıncı rəngli pul qabı, dəyəri olmayan istifadə olunmuş kosmetik əşyaya məxsus qara rəngli silindrik formalı plastmas qabın içərisində olan 700 manat dəyərində 585 əyarlı 10 qram çəkidə qızıl boyunbağı, kulon, sırğa cütü və üzük dəsti, 1150 manat dəyərində 585 əyarlı 14,34 qram çəkidə qızıl kulon və üzük dəsti, 210 manat dəyərində 1 ədəd 585 əyarlı 2,5 qram çəkidə qızıl rezinli qolbağ, 550 manat dəyərində 585 əyarlı 6,5 qram çəkidə qızıl sırğa və üzük dəsti, 2200 manat dəyərində 750 əyarlı 22 qram çəkidə qızıl sırğa və üzük dəsti, 800 manat dəyərində 585 əyarlı 10 qram çəkidə qızıl sırğa və üzük dəsti, 433 manat dəyərində 1 ədəd 750 əyarlı 2,59 qram çəkidə üzərində 0,171 karat 3/3 keyfiyyətli brilyant qaşlı qızıl üzük, 570 manat dəyərində 1 ədəd 750 əyarlı 5,6 qram çəkidə ağ tək qaş qızıl üzük, 370 manat dəyərində 583 əyarlı 5 qram çəkidə qızıl sırğa cütü, 400 manat dəyərində 585 əyarlı 5 qram çəkidə qızıl sırğa cütü, 290 manat dəyərində 1 ədəd 585 əyarlı 3,6 qram çəkidə qızıl qolbağ, hər birinin dəyəri 200 manat olmaqla 2 ədəd ümumilikdə 400 manat dəyərində 585 əyarlı 5 qram çəkidə qızıl boyunbağılar, hər birinin dəyəri 65 manat olmaqla 2 ədəd ümumilikdə 130 manat dəyərində muncuqlu qolbağlar olan 25 manat dəyərində əl çantasını gizli olaraq talamaqla, ümumilikdə Zərərçəkmiş şəxs 8833 manat dəyərində xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs özünü ona elan olunmuş Azərbaycan Respublikasının CM-nin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, pandemiya ilə əlaqədar iş tapa bilməmiş, buna görə maddi vəziyyəti daha da ağırlaşmışdır. 20 mart 2021-ci il tarixdə oğurluq etmək və özünə yemək almaq istəyi ilə təxminən saat 09 radələrində evdən çıxaraq piyada metronun “Xalqlar Dostluğu” stansiyasının qarşısı ilə gəzişməyə başlamış və həmin zaman ətrafda olan mağazalara baxmışdır. Həmin zaman çox obyektlər açılmamışdır. O, piyada obyektlərə baxa-baxa keçən zaman yolun kənarında olan lombardın açıq vəziyyətdə olmasını və içəridə heç kimin olmamasını görmüşdür. Ətrafda heç kimin ona fikir verməməsini görüb iti addımlarla lombarda girmiş və lombarda daxil olduqda masanın üzərində iki ədəd markalarını hazırda xatırlamadığı istifadə olunmuş biri qırmızı, digəri isə qara olan həmin zaman üs-üstə qoyulmuş mobil telefonları götürüb əynində olan gödəkçənin cibinə qoymuş və qayıdıb lombarddan çıxan zaman qapının arxasında yerləşən paltar asılqanından asılmış qara rəngli qadın çantasını görüb çantanın içərisində pul olacağını düşünərək götürüb çanta ilə çıxmışdır. Bundan sonra o, üzü metronun “Neftçilər” stansiyası istiqamətində piyada yolu ilə hərəkət etməyə başlamış və gedə-gedə çantanı açıb içərisinə baxarkən çantanın içərisində qırmızı rəngli pul qabısının olduğunu görüb pul qabının içərisində 170 manat pul olmasını aşkar etmişdir. Həmçinin, çantanın içərisində olan qara rəngli silindrik formalı plastmas qabın içərisinə baxarkən isə orada qızıl-zinət əşyalarının olmasını görmüşdür. Bundan sonra içərisində qızıl olan silindrik qabı və pulu götürərək pul qabı ilə çantanı yolun kənarına atmış, daha sonra isə taksi avtomaşınına minərək Suraxanı rayonu Bül-Bülə qəsəbəsinə getmişdir. Yolda o, mobil telefonlardan birini atmışdır ki, artıq pul və qızıl varıdır. Bül-Bülə qəsəbəsində tanımadığı şəxsdən özü istifadə etmək üçün 10 manat verərək 2 büküm narkotik vasitə olan heroin almış və bundan sonra Bərdə rayonuna getmişdir. İkinci telefonu isə yol maşını ilə Bərdə rayonuna gedərkən atmışdır ki, telefonu izləyib onu tapmaq mümkün olmasın. Bərdə rayonunda bibisi oğlu Şahid2 qızılının olduğunu bildirmiş və kimə sata biləcəyini soruşmuş, Məhəmməd isə onu Bərdə rayonunda qızıl alqı-satqısı ilə məşğul olan Talıbın yanına aparmışdır. Orada qızılları iki dəfəyə, ilk dəfə qohumu Məhəmmədin vasitəsilə və sonra isə özü ümumilikdə 3530 manata satmışdır. Günahı olduğu üçün təyin olunmuş cəzanı çəkməyə razıdır. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri öz ifadəsi ilə yanaşı aşağıdakılarla da təsdiq olunur. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanda yerləşən lombardda işləyir. 20 mart 2021-ci il tarixdə təxminən saat 09 radələrində həmişə olduğu kimi iş yerinə gələrək lombardı açmışdır. Çantasından 1 ədəd “Nokia” markalı və 1 ədəd “İphone” markalı mobil telefon aparatını çıxarıb masanın üzərinə qoyaraq əl çantasını içərisində olan pul qabı və qızıllar olan qabla birlikdə giriş qapısının arxasında yerləşən paltar asılqanından asmışdır. Bundan sonra hələ iş başlamadığından qısa müddətə qonşuluqda yerləşən mağazaya keçmiş və lombardın qapısını bağlamamışdır. Aradan təxminən 20-25 dəqiqə keçdikdən sonra geri qayıtdıqda içəri girən zaman masanın üzərinə qoyduğu mobil telefon aparatlarının yerində olmadığını görüb, paltar asılqanına baxanda çantasının da orada olmadığını görmüş və lombardda olmadığı müddətdə əmlakİnın oğurlanmasını başa düşdüyü üçün küçəyə qaçmışdır. Həmin zaman qonşuluqda işləyən və işlədiyi yerin qarşısını süpürən şəxsə oğurluq olmasını bildirmişdir. Ətrafda oğurluq edə biləcək şəxsin olmadığını başa düşüb geri qayıdaraq DİN-nin 102 xidmətinə zəng vurmuşdur. Hadisə zamanı ona məxsus 1 ədəd “Nokia” markalı və 1 ədəd “İphone 5S” markalı mobil telefon aparatlarının, içərisində 170 manat nağd pul olan 30 manat dəyərində narıncı rəngli pul qabı, dəyəri olmayan istifadə olunmuş kosmetik əşyaya məxsus qara rəngli silindrik formalı plastmas qabın içərisində olan qızıl-zinət əşyalarının oğurlanması nəticəsində ona ümumilikdə 8833 manat maddi ziyan dəymişdir. Ona dəymiş ziyan ödənilməmişdir. Təqsirləndirilən şəxs qarşı şikayəti vardır. İş üzrə Şahid2 ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Bərdə şəhərində yaşadığı üçün Bakı şəhərinə gəlməkdə çətinlik çəkir. İstintaqda verdiyi ifadəsini təsdiq edir. Məhkəmə prosesinin onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Şahid2 istintaqda verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs doğma dayısı oğludur. 20 mart 2021-ci il tarixdə bazarda olan zaman təxminən saat 15-16 radələrində Adil onun yanına gələrək ona qızıllarının olmasını və qızılları sata bilibbilməyəcəyini soruşmuş, o isə Adilə bazarda bibisi nəvəsi Talıbın qızıl alqı-satqısı ilə məşğul olmasını bildirərək sonuncuya sata biləcəyini bildirmişdir. Adil ona bir ədəd üzük və bir cüt sırğa vermiş və həmin qızılları aparıb Talıba 530 manata sataraq pulları Adilə vermişdir. Adil vəsiqəsini itirdiyini bildirərək onu tanıdıqlarından satmasını demişdir. O da qohum olduğu üçün sonuncu ilə razılaşmışdır. Bundan 1-2 gün sonra Adil yenə də ondan qızıllarını satmaqda köməklik göstərməsini xahiş etmişdir. O, Adil ilə birlikdə Talıbın yanına getmiş, əvvəlcə Adil bayırda qalmış, o, Talıba qızılları göstərmiş və Talıb qızılları 3000 manat qiymətləndirdikdə o, Talıba mal sahibinin özünü çağırmasını və pulu sonuncunun özünə verməsini deyərək Adili çağırmışdır. Adil Talıba qızılların özünə məxsus olmasını və neçə illərdi usta işləyib yığdığını bildirərək əvvəlcə qızılları ucuz qiymətə almasını bildirmiş, lakin sonradan Talıbın dediyi qiymətlə razılaşaraq 3000 manata qızılları Talıba satmışdır. Həmin pulları Adil özü götürmüş və ona bir manat da olsun belə verməmişdir. Hazırda polis əməkdaşları tərəfindən polisə dəvət olunarkən həmin qızıl-zinət əşyalarının oğurluq olmasını bilmişdir. Onun Adilin satdığı qızılların oğurluq olmasından xəbəri olmamışdır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanması və icraata qəbul olunması haqqında 10.06.2021-ci il tarixli qərardan görünür ki, material üzrə Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə cinayət işi başlanılaraq icraata qəbul olunmuşdur. - cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 12.06.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli olduğuna görə tutulmuşdur. - zərərçəkmiş şəxs qismində tanınma haqqında 13.06.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. - cinayət işinin tövsif edilməsi barədə 14.06.2021-ci il tarixli qərardan görünür ki, cinayət işi Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsindən həmin Məcəllənin 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilmişdir. - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 14.06.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 4(007)-153/2021 saylı, 14.06.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 2 ay 27 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir. - baxış keçirilməsi və götürülmə aparılması haqqında 12 iyun 2021-ci il tarixli protokoldan görünür ki, X1 tərəfindən təqdim edilmiş 1 ədəd üzərində ağ şəffaf qaşı olan, sarı metaldan “Tək qaş” üzük qablaşdırılmaqla götürülmüşdür. - əşyanın tanınmaya təqdim edilməsi barədə 13 iyun 2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ona təqdim edilmiş əşyaların arasından özünə məxsus 1 ədəd qızıl üzüyü tanıyaraq hadisə zamanı oğurlanmış üzüklərdən birinin olmasını bildirmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş materialların məhkəmə ekspertizası, məhkəmə iqtisad ekspertizasının 29.06.2021-ci il tarixli, 6/2582-9/4361 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, təqdim edilmiş 1 ədəd sarı metaldan üzərində 1 ədəd ağ şəffaf qaş olan üzük - üzərinə “750” əyar damğası həkk olunmuşdur, metalı 750 əyarlı qızıla uyğundur, çəkisi 2,59 qramdır, qaşı brilyantdır, ölçüsü 0,171 karat 3/3 keyfiyyətlidir. Ekspertiza tədqiqatına təqdim olunar 2,59 qram çəkidə 750 əyarlı qızıl üzüyün orta bazar qiyməti ilə dəyəri 433.00 manat müəyyən edilir. - sübutların qiymətləndirilməsi haqqında 16.08.2021-ci il tarixli qərardan görünür ki, 1 ədəd 750 əyarlı, 2,59 qram çəkidə 0,171 karat 3/3 keyfiyyətli brilyant qaşlı üzük və oğurluq hadisəsinin videogörüntüsünün əks olunduğu 1 ədəd CD disk maddi sübut kimi tanınmışdır. - Zərərçəkmiş şəxs tərəfindən verilmiş qəbzdən görünür ki, 1 ədəd 750 əyarlı, 2,59 qram çəkidə qızıl üzüyü müstəntiqdən təhvil almışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 09.09.2021-ci il tarixli tələbnamədən görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. - 01 ədəd “CD” diskə köçürülmüş videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs piyada yolu ilə hərəkət etmiş, hərəkət istiqaməti boyunca sağ yan tərəfdə yerləşən lombarda daxil olmuş və bir qədər sonra əlində qara rəngli əl çantası ilə çıxmış, çantanın içərisinə baxdıqda oradan qırmızımtıl qəngli pul çantasını aşkar etmiş və hərəkətini davam etdirmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair ” 09 iyun 2011-ci il tarixli Qərarında Plenum CM-in 177.2.3-cü maddəsində əksini tapan “başqa saxlanc yerləri” və həmin “saxlanc yerlərinə qanunsuz daxil olma” ifadələrinə aydınlıq gətirərək qeyd etmişdir ki, “daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Nəzərə alınmalıdır ki, daxil olmaya, həmçinin şəxsin bilavasitə nəzərdə tutulmuş yerlərə girmədən müxtəlif vasitələrdən (qarmaqdan, maqnitdən, öyrədilmiş heyvanlardan, habelə anlaqsız, azyaşlı və ya vicdanlı surətdə yanılmış şəxslərdən) istifadə etməklə binada, anbarda, habelə digər saxlanc yerlərində olan əşyaları götürməsi də aiddir. Daxil olma məqsəd deyil, təqsirli şəxsin götürmək istədiyi əşyaları əldə etmək üçün bir vasitədir. Şəxsin yuxarıda göstərilən yerlərdən maddi nemətləri götürmək niyyəti həmin yerlərə daxil olmaqdan əvvəl yaranmalıdır, əks təqdirdə daxil olma əlaməti yaranmayacaqdır. Başqa saxlanc yerlərinə dəyəri olan maddi nemətlərin xarab olmaqdan, məhv olmaqdan, talanmaqdan, təbiət hadisələrindən qorunması məqsədi ilə daimi və yaxud müvəqqəti saxlanılması üçün nəzərdə tutulmuş xüsusi qurğu, yer və ya ərazi sahəsi aid edilir. Başqa saxlanc yerlərinə, eləcə də hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş seyflər, vaqonlar və ya başqa cür mühafizə ilə təmin edilmiş, mülkiyyət formasından asılı olmayan yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri və s. aiddir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında Plenum qərara almışdır ki:”…2. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir... 7. Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir...” Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Beləliklə, məhkəmə iclasında Təqsirləndirilən şəxs lombarda qanunsuz daxil olmaqla Zərərçəkmiş şəxs 8833 manat məbləğində əmlakını gizli talayaraq oğurlaması tədqiq edilmiş mötəbər və mümkün sübutların məcmusu ilə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığı üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini, törətdiyi əməli etiraf etməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, qəsdin obyektini mülkiyyət münasibətləri təşkil etməsini nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmaqla barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən az ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilir. Ona görə də, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1.19-346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, onun həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanaraq cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı həbs etmənin əvvəlindən, yəni 12.06.2021-ci il tarixdən hesablanmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.5-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan 1 ədəd 750 əyarlı, 2,59 qram çəkidə qızıl üzük Zərərçəkmiş şəxs qaytarılmış hesab edilməli; Azərbaycan Respublikası CPM-nin 132.1.6cı maddəsinə əsasən cinayət işi üzrə maddi sübut olan 1 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılmalı; Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan 109,50 (bir yüz doqquz manat əlli qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin ibtidai istintaqda iştirak etdiyi müddət 30 iş saatı və məhkəmədə iştirak etdiyi müddət 30 iş saatı, cəmi 60 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 360 (üç yüz altmış) manat (60x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 12.06.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə məhkəmə məsrəfi olan 109,50 (bir yüz doqquz manat, əlli qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına keçirilsin. Cinayət işi üzrə maddi sübut olan 1 ədəd 750 əyarlı, 2,59 qram çəkidə qızıl üzük Zərərçəkmiş şəxs qaytarılmış hesab edilsin. Cinayət işi üzrə maddi sübut olan 1 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs istintaqda 30 saat, məhkəmədə 30 saat, cəmi 60 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 360 (üç yüz altmış) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №1(007)-300/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-300/2021
16.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver