Məhkəmə qərarları › İş №1(007)-300/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-300/2022

01.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-300/2022 01.11.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bаkı şəhəri Nizami Rayon Мəhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, tərcüməçi X1, Təqsirləndirilən şəxs və müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə ünvan 2 ünvanda tanışı X2 20 manata satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 0,428 qram psixotrop maddə metamfetamini qanunsuz əldə edib üzərində saxlamaqla daşımış, həmin tarixdə saat 21 radələrində Bakı şəhəri Nizami RPİ-nin NMB-nin və CAŞ-nin birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində qeyd edilən ünvanda şübhəli şəxs qismində saxlanılaraq Nizami RPİ-nə gətirilmiş və xidməti otaqların birində üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan ağ rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd bükümdə şəffaf sellofana bükülmüş ümumi təmiz çəkisi 0,428 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər narkotik vasitələrdən istifadə etmişdir. xx.xx.2022-ci il tarixdə ünvan 2 ünvanda yaşayan tanışı X2 20 manata şəxsi istifadəsi üçün psixotrop maddə metamfetamin alıb gödəkçəsinin cibində saxlamış və sonuncunun mənzilində olarkən, saat 21 radələrində mülki geyimdə bir neçə nəfər polis əməkdaşı həmin mənzilə gələrək özlərini təqdim etmiş, Rüstəm Məmmədovun narkotik vasitələrin dövriyyəsində şübhəli bilindiyi üçün evdə axtarış keçiriləcəyini bildirmişlər. Polis əməkdaşları evə daxil olduqdan sonra Rüstəm evdə saxladığı narkotik vasitələrin və psixotrop maddələrin yerini polis əməkdaşlarına göstərmişdir. Evdə axtarış keçirilən zaman Rüstəm qonaq otağında olan böyük masanın üzərindən 02 ədəd elektron tərəzini, 05 ədəd mobil telefonu, 07 list “Protol” adlı dərmanları, 02 şüşədə “Enteral” adlı dərmanları, 01 ədəd boş tibbi şprisi, bundan başqa həmin masanın yanında olan kiçik masanın üzərindəki 02 bükümdə “şüşə” kimi tanıdığı metamfetamini, 01 ədəd bükümdə “kokos” kimi tanıdığı “heroin” narkotik vasitəni, 01 listdə “metadon” kimi tanıdığı psixotrop dərmanları, 01 ədəd qara politelen paketdə içərisində “kokos” kimi tanıdığı heroin narkotik vasitəni, bundan başqa pəncərənin altından, pərdənin arxa hissəsindən 02 ədəd şəffaf sellofanda “şüşə” kimi tanıdığı metamfetamini və 01 ədəd politelen paketdə “kokos” kimi tanıdığı heroin narkotik vasitəni təqdim etmişdir. Axtarış və götürmə videoçəkliş aparılmaqla keçirilmiş və götürülmüş narkotik vasitələr qablaşdırılaraq möhürlənib götürülmüşdür. Bundan sonra polis əməkdaşları onu Bakı şəhəri Nizami RPİnə dəvət etmişlər. Polis İdarəsində hüquq və vəzifələri izah olunaraq ona vəkil təyin edilmiş və üzərinə şəxsi axtarış və götürmə keçirilərkən, gödəkçəsinin sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə olan, Rüstəmdən aldığı “şüşə” kimi tanıdığı psixotrop maddə metamfetamini təqdim etmişdir. Polis əməkdaşları tərəfindən saxlanılarkən və üzərinə şəxsi axtarış keçirilərkən qanuna zidd hərəkətlərə məruz qalmamış və törətdiyi cinayət əməlindən səmimi peşmandır. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün səmimi etirafından başqa iş üzrə dindirilmiş şahidlərin ifadələri ilə, habelə iş üzrə toplanmış digər sübutlarla tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Nizami RPİ-nin NMB-nin əməliyyat müvəkkili vəzifəsində, polis kapitanı rütbəsində xidmət edir. X3 yaşadığı ünvan 4 ünvanda narkotik vasitələrin olması barədə 13 mart 2022-ci il tarixdə Bakı şəhəri Nizami RPİ-nə daxil olmuş əməliyyat məlumatı əsasında yaradılmış əməliyyat qrupu tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı 13 mart 2022-ci il tarixdə, saat 21:00-da ünvan 4 ünvanda R.Məmmədov ilə yanaşı digər şəxslər və Təqsirləndirilən şəxs də olmuşdur. Qeyd olunan mənzildə axtarış və götürmə aparıldıqdan sonra həmin şəxslər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, daşınması və qəbul edilməsində şübhəli bilindikləri üçün Bakı şəhəri Nizami RPİ-nə dəvət edilmişlər. Polis İdarəsində şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış və götürmə keçirilərkən, üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşyalar olduğu təqdirdə könüllü təqdim etməsi təklif edilmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan gödəkçənin sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümü təqdim etmiş, bükümün içərisinə baxış keçirilən zaman ağ rəngli kristal şəklində spesifik iyə malik psixotrop maddə metamfetaminə bənzər maddə olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin bükümün içərisində “şüşə” kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu və 13 mart 2022-ci il tarixdə tanışı X2 20 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm götürülüb kağız zərfin içərisinə qoyularaq qablaşdırılmış və zərfin üzəri iştirakçılar tərəfindən imzalanaraq möhürlənmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və üzərinə şəxsi axtarış keçirilərkən qanuna zidd hərəkətlərə məruz qalmamışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 və Şahid3 elan olunaraq tədqiq olunmuş ifadəsi Şahid2nən ifadəsinə uyğun olmuşdur. İşdə olan 13 mart 2022-ci il tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan görünür ki, X3 yaşadığı ünvan 6 ünvanda narkotik vasitələrin olması barədə daxil olmuş əməliyyat məlumatına əsasən təxirəsalınmadan keçirilmiş axtarış əməliyyat tədbiri nəticəsində Bakı şəhəri Nizami RPİ-nin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə, saat 21:00-da X3 yaşadığı ünvan 6 ünvanda Təqsirləndirilən şəxs saxlanılaraq Nizami RPİ-nə gətirilmiş, İdarənin inzibati binasında xidməti otaqların birində üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış və götürmə keçirilərkən, Təqsirləndirilən şəxs əynində olan ağ rəngli gödəkcənin sağ yan cibindən şəffaf sellofana bükülmüş təmiz çəkisi 0,428 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götrülmüşdür. Təqsirləndirilən şəxs həmin bükümün içərisində “şüşə” kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu, həmin maddəni 13 mart 2022-ci il tarixdə axşam saatlarında tanışı X2 20 manata aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə sübut əhəmiyyətinə malik olduğundan götürülərək 01 ədəd içərisi boş olan kağız zərfin içərisinə qoyularaq qablaşdırılmış, zərfin üzəri bütün iştirakçılar tərəfindən imzalanaraq möhürlənmişdir. İşdə olan 14 mart 2022-ci il tarixli “video görüntülərə baxış keçirilməsi haqqında" protokoldan görünür ki, X3 yaşadığı ünvan 6 ünvanda narkotik vasitələrin olması barədə daxil olmuş əməliyyat məlumatına əsasən təxirəsalınmadan keçirilmiş axtarış əməliyyat tədbiri nəticəsində Bakı şəhəri Nizami RPİ-nin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə, saat 21:00-da X3 yaşadığı ünvan 6 ünvanda Təqsirləndirilən şəxs saxlanılaraq Nizami RPİ-nə gətirilmiş, İdarənin inzibati binasında xidməti otaqların birində üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış və götürmə keçirilərkən, Təqsirləndirilən şəxs əynində olan ağ rəngli gödəkcənin sağ yan cibindən şəffaf sellofana bükülmüş təmiz çəkisi 0,428 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götrülmüşdür. Təqsirləndirilən şəxs həmin bükümün içərisində “şüşə” kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu, həmin maddəni 13 mart 2022-ci il tarixdə axşam saatlarında tanışı X2 20 manata aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə sübut əhəmiyyətinə malik olduğundan götürülərək 01 ədəd içərisi boş olan kağız zərfin içərisinə qoyularaq qablaşdırılmış, zərfin üzəri bütün iştirakçılar tərəfindən imzalanaraq möhürlənmişdir. İşdə olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 6/1463 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Vətəndaş Təqsirləndirilən şəxs aşkar olunmuş maddə» yazısı və imzalar olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,428 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. İşdə olan ambulator məcburi-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 1379 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opiolidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşdə olan 08 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş - təmiz çəkisi 0,428 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonrakı qalıq 0,378 qram psixotrop maddə metamfetamin saxlanılması üçün Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş, içərisində baxış keçirilməsinə dair görüntülər olan 01 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmənin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 221.2.1, 221.3, 29,120.2.2, 66.3-cü maddələri ilə təqsirli bilinərək 11 (on bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli 744 saylı «Əfv» sərəncamına əsasən cəsazısının çəkilməmiş hissəsindən azad edilmişdir. İşdə olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs 13 mart 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və 15 mart 2022-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmədə tədqiq olunmuş sübutların məcmusuna əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmiş, Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal qismində nəzərə alınmışdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.5-ci maddəsinə əsasən, xüsusilə ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs barəsində olan Azərbaycan Respublikası Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmənin xx.xx.2010-cu il tarixli hökmünə münasibətdə məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən qəsdən cinayət törətmişdir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. «Аzərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 6 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq hüquqi təbiətinə görə cinayət törətməklə özünün ictimai təhlükəliliyini biruzə vermiş şəxsin hərəkətləri üzərində sosial-hüquqi nəzarətin müəyyənləşdirilməsindən və həyata keçirilməsindən ibarət olan cinayət-hüquqi institutdur. Bu cür nəzarət yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə həyata keçirilməklə məhkumun hüquq və azadlıqlarının müəyyən dərəcədə məhdudlaşdırılmasında ifadə olunur. Məhkumluq, həmçinin yenidən cinayət törətməməsi üçün ədalət mühakiməsi tərəfindən məhkuma edilən özünəməxsus xəbərdarlıq növüdür. Məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxsə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur. Göründüyü kimi həm qanunvericilik, həm də Аzərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyi bir mənalı оlараq məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsinin bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına, bunun isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə etdiyini və yeni cinayət törətdiyinə görə qanunun belə şəxslərə qarşı daha sərt cinayəthüquqi təsir tədbirinin tətbiq edilməsini nəzərdə tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Habelə qərarda qeyd edilir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və həmin əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin İctimai təhlükəlilik dərəcəsi isə onun törədilməli hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilməsi dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla tprədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərara əsasən, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növünün və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 45-ci bəndinin tövsiyyəsinə görə, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə yuxarıda qeyd olunan xüsusatları və qanunvericiliyin tələblərini nəzərə alaraq, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilməklə cəza çəkmədən islah olunmasını mümkün saymır və hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar nəzərə alınmaqla təyin edilməli və Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını çəkməsi üçün ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə - tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan sənədlərə əsasən, Təqsirləndirilən şəxs 13 mart 2022-ci il tarixdən 15 mart 2022-ci tarixədək şübhəli şəxs qismində tutulduğu müddət onun cəza müddətinə hesablanmalıdır. Məhkəmə eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübutlar - Bakı şəhəri Nizami rayon Polis İdarəsində saxlanılan 0,378 qram psixotrop maddə metamfetamin məhv edilməli, 01 ədəd «DVD» diski cinayət işində saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsi ilə müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.5-ci maddələrinin tələblərinə əsasən, vəkilin ibtidai istintaqda iştirak etdiyi 36 saat, məhkəmədə iştirak etdiyi 24 saat, cəmi 60 iş saatı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 360 (üç yü altmış) manat (60x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351- 353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla üzərində qəti olaraq 01 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 01 noyabr 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirlməsin. Təqsirləndirilən şəxs həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Bakı şəhəri Nizami rayon Polis İdarəsində saxlanılan 0,378 qram psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə maddi sübut - 01 ədəd «DVD» disk cinayət işində saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs 60 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 360 (üç yüz altmış) manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar