Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-300/2023 11.05.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxx 1998-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, bir uşağı olan, fərdi qaydada işləyən, əvvəllər məhkum olunmamış, Quba rayonunun Digah kəndində qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Südçülük sovxozu, Ramana yaşayış massivində nömrəsiz fərdi evdə yaşayan, 01 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 03 fevral 2023-cü il tarixdə tutmadan azad olunaraq barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 03 aprel 2022-ci il tarixdə saat 10 radələrində ofisiant işlədiyi çay evinin sahibi Zərərçəkmiş şəxs tərəfindən saxlanılması üçün Şahid verilmiş 1850 manat məbləğində pul vəsaitini sonuncu ilə birlikdə yaşadıqları ünvan 2 nömrəli evin 33-cü mənzilinin yataq otağında olan dolabın siyirməsinə Şahid tərəfindən qoyulmuş 1850 manat pul vəsaitini gizli olaraq talayıb ümumilikdə Zərərçəkmiş şəxs 1850 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bu hərəkəti ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2021-ci ilin sonlarından 2022-ci ilin yaz aylarınadək müxtəlif marketlərdə satıcı, 2022-ci ilin yaz aylarından isə Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev adına parkda yerləşən çay evində ofisiant işləmişdir. Çay evində işləyən zaman oranın müdiri Zərərçəkmiş şəxs ilə yaxın münasibəti yaranmış, bir müddət Farizlə ər-arvad münasibətində yaşamışlar. Fariz onun üçün ayrı bir kirayə mənzil tutmuş, lakin həmin mənzilin sahibi ona “girişmək” istədiyi üçün oradan çıxıb təxminən bir həftə müddətində Farizin yanında ofisiant kimi işləyən Gülşənlə bir yerdə yaşamışdır. Həmin vaxtlar Fariz ona anası ilə görüşməyə icazə verməmiş, hətta tələb etmişdir ki, uşağı ilə də əlaqə saxlamasın. Ona görə qərara gəlmişdir ki, Farizlə münasibətlərinə son qoyub ondan uzaqlaşsın. Bu məqsədlə 03 aprel 2022-ci il tarixdə saat 10 radələrində bir yerdə kirayədə yaşadığı Gülşənə yalandan bazara getmək istədiyini deyib evdən çıxmışdır. Evdən çıxan zaman üzərində olan puldan 50 manat çıxarıb masanın üzərinə qoymuşdur ki, Gülşənlə aralarında halallıq olsun. Sonra tanımadığı taksi ilə Bakı şəhəri, Sabunçu dairəsində “Bolmart” marketin yaxınlığında yaşayan dayısının evinə getmişdir. Bir-iki gün həmin ünvanda anası Elnurənin yanında yaşamışdır. Bir neçə gün sonra onun yaşadığı evə Nizami RPİ-nin 24-cü polis şöbəsindən polis əməkdaşları gəlmiş, Farizin onun Gülşənin evindən oğurluq etməsi barədə ərizə verdiyini bildirmişlər. Həmin vaxtlar Fariz ondan çay evinə qayıtmasını tələb etmişdir. O, Farizin təzyiqlərinə dözə bilməyib onun təklifi ilə razılaşmış və yenidən çay evinə qayıdıb bir neçə gün gün işləmişdir. Sonradan yenidən çay evindən uzaqlaşmaq istəmiş, bu məqsədlə çay evinə gələn bir oğlanla münasibət yaratmışdır. Məqsədi həmin oğlanla onun ciddi münasibətinin yaranmasını Farizə bildirib ondan yaxasını qurtarmaq olmuşdur. Lakin, bunun da nəticəsi olmamış, Fariz onu yaşadığı Türkan kəndinə aparıb orada bir müddət saxlamış, orada ona hədə-qorxu gəlib ayrılmamasını tələb etmişdir. Bütün bunlara baxmayaraq Farizlə razılığa gəlməmiş, Fariz isə onu yenidən çay evinə qaytarmışdır. Çay evində işçilər Farizə bildirmişlər ki, onu anasına təhvil versin. 17 oktyabr 2022-ci il tarixdə saat 03:30 radələrində Fariz onu anasının yaşadığı Sabunçu rayonunda olan evə aparmış və ünvanına əxlaqsız sözlər deyib, onunla olan video görüntülərini yayıb biabır edəcəyi ilə hədələmişdir. Həqiqətən də hadisədən 3-4 gün sonra onun qohumlarına Rusiya və Kanada nömrələri ilə həmin videolar göndərilmişdir. Sonradan Fariz öz nömrəsindən “Tik-tok” sosial şəbəkəsində onun polis tərəfindən axtarıldığı, pul ilə görüşməsi barədə məlumatlar və onu tamamilə məhv edəcəyi barədə hədələr yerləşdirmişdir. Şahid onun yaşadıqları mənzildən oğurluq etməsi barədə göstərdikləri yalandır, Gülşən onu Farizə qısqanmış və Farizin sifarişlərini yerinə yetirmişdir. Əlavə sualları cavablandırarkən göstərmişdir ki, o, Gülşənlə yaşadığı mənzildə pul olmasını bilməmiş və oradan pul oğurlamamışdır. Gülşənlə qaldığı mənzildə onun 2-3 ədəd şalvar-köynəyi olmuş, evdən gedərkən onları özü ilə götürməmişdir. Farizin qohumu olan Şöhrətin yanında söz verməmişdir ki, pulu o, oğurlamışdır və qaytaracaqdır. Oğurluq cinayətini törətməsi öz təsdiqini tapmadığına görə ona bəraət verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanında Heydər Əliyev adına parkdakı “Çay sarayı” çay evini icarəyə müqaviləsi əsasında işlədir. Şahid uzun illərdir tanıyır, Gülşən çay evində ofisiant işləyir. 2021-ci ildə pandemiyadan sonra Təqsirləndirilən şəxs da çay evində ofisiant kimi işə başlamışdır. O, həmin vaxtlar xəstə olduğu üçün işə gələ bilməmiş, bu səbəbdən çay evinin gündəlik alver pulunu özündə saxlamasını Gülşənə tapşırmışdır. Gülşən hər dəfə yığılan pulları evinə aparıb özündə saxlamış, o, işə çıxanda ona vermişdir. Gülşən çay evi ilə üzbəüz Nizami rayonu, C.Naxçıvanski küçəsi ev 27, mənzil 33-də kirayə yaşamışdır. Ləman da son 10 gün müddətində müvəqqəti olaraq Gülşənlə bir yerdə yaşamışdır. 03 aprel 2022-ci il tarixdə günün birinci yarısı Ləman işə gəlmədiyi üçün o, əvvəl Ləmana, sonra isə Gülşənə zəng etmişdir. Gülşən ona demişdir ki, Ləman işə getmək adı ilə səhər evdən çıxmışdır. Ləmana dəfələrlə zəng etsə də zəng çatmamışdır. Gülşən də Ləmana zəng etmiş, lakin zəng çatmamışdır. Həmin vaxt Gülşən çay evinə aid 1850 manat alver pulunun yataq otağındakı dolabda olmadığını ona demişdir. Belə ki, o, bir neçə gün xəstə olduğu üçün işə çıxmamış və çay evinin alverindən yığılmış 1850 manat pulu onun tapşırığı ilə Gülşən özündə saxlamışdır. Həmin puldan Ləmanın da xəbəri olmuşdur. Tezliklə Gülşən işə gəlmiş, Gülşənin yaşadığı binanın yaxınlığında olan kameralardakı görüntülərə baxan zaman görmüşdür ki, Ləman evdən çıxıb işə getməmiş, taksiyə əyləşib uzaqlaşmışdır. Onlar Ləmanın oğurluq etməsi barədə həmin gün heç bir yerə məlumat verməyib Ləmanın qayıtmasını gözləmişlər. Ləman həmin gün evə qayıtmamışdır. Növbəti gün, yəni 04 aprel 2022-ci il tarixdə o, Nizami RPİ-nin 24-cü polis şöbəsinə gedib baş vermiş oğurluq hadisəsi ilə bağlı məlumat vermişdir. Lakin, 24-cü polis şöbəsində fakta əlaqədar tam araşdırma aparılmamış və əsassız olaraq cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Sonradan Nizami rayon prokurorluğunda fakta əlaqədar araşdırma aparılmış və cinayət işi başlanmışdır. Ləman onunla əvvəllər aralarında olmuş yaxın münasibətdən istifadə edib çay evinin pulunu oğurlamışdır. Hadisədən sonra Ləman həm ona, həm də Gülşənə söz vermişdir ki, oğurladığı pulu hissə-hissə qaytaracaqdır. Bu, qohumu Şöhrətin yanında baş vermişdir. Odur ki, Ləmanın çay evində qalıb işləməsinə razılıq vermişdir. Türkan kəndindəki evində təmizlik işləri aparmaq üçün Ləmanı öz razılığı ilə aparmış, həmin vaxt Ləmanı nəyə isə vadar etməmişdir, bu barədə Ləmanın söylədikləri yalandır, oğurluq hadisəsindən sonra bir daha Ləmanla münasibəti olmamışdır. O, Ləman barəsində rüsvayedici məlumatlar yaymamışdır, polis tərəfindən Ləman axtarışa verildikdən sonra onun axtarılması barədə sosial şəbəkədə yazmışdır. Hadisə nəticəsində ona 1850 manat miqdarında maddi ziyan dəymişdir. Həmin ziyan Təqsirləndirilən şəxs tərəfindən ona ödənilməmişdir, şikayətçidir, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, kirayədə yaşadığı Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsindəki 27 nömrəli evin 33-cü mənzildən 1850 manat pulun Təqsirləndirilən şəxs tərəfindən oğurlanması barədə şikayət ərizəsi ilə Nizami RPİ-nin 24-cü polis şöbəsinə o, müraciət etmişdir. Belə ki, o, uzun müddətdir ki, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 27 ünvanında, Heydər Əliyev adına parkdakı “Çay sarayı” çay evində ofisant işləyir. Təqsirləndirilən şəxs da onunla bir yerdə çayxanada ofisant işləmiş, bu müddətdə Ləman bir həftə onunla bir yerdə kirayə yaşadığı mənzildə yaşamışdır. 03 aprel 2022-ci il tarixdə səhər saatlarında Ləman ona işə getdiyini deyib evdən çıxmışdır. Bir neçə saat sonra işlədiyi çay evinin müdiri Zərərçəkmiş şəxs ona zəng edib Ləmanın nə səbəbə işə gəlmədiyini soruşanda o, Ləmanın səhər evdən çıxıb işə getdiyini demişdir. Sonra o da bir neçə dəfə Ləmana zəng etmiş, lakin zəng çatmamışdır. Sonra mənzilin yataq otağında olan dolabın qapısını açıb çay evinin alver pulu olan 1850 manatın yerində olub-olmamasını yoxlamışdır, çünki həmin gün yatmazdan əvvəl o, Ləmanın yanında dolabdakı pulu sayıb yerinə qoymuşdur. Çay evinin müdiri Fariz bir müddət xəstə olduğu üçün işə gələ bilməmiş və bu səbəbdən çay evinin alver pulunu o, yaşadığı evin yataq otağındakı dolabın gözünə qoymuşdur. Baxarkən pulun yerində olmadığını aşkar etmiş, ona aydın olmuşdur ki, həmin pulu Ləman oğurlamışdır. O, Farizə zəng edib Ləmana zəng çatmadığını və 1850 manat pulu dolabdan oğurlaması barədə məlumat vermişdir. Sonradan Fariz yaşadığı binanın yaxınlığındakı obyektlərin kamera görüntülərinə baxanda Ləmanın evdən çıxıb yaxınlıqda olan çay evinə getmədiyini, taksiyə əyləşib uzaqlaşdığını aşkar etmişdir. Həmin gün onlar heç bir yerə məlumat verməyib Ləmanın evə qayıtmasını gözləmişlər. Lakin, Ləman qayıtmadığı üçün növbəti gün onlar hadisə ilə bağlı Nizami RPİ-nin 24-cü polis şöbəsinə müraciət etmişlər. Həmin şöbədə onların müraciəti ilə bağlı araşdırma tam və obyektiv aparılmamış, nəticədə uzun müddət müraciətlərinə reaksiya verilməmişdir. Sonradan Ləman tapılanda həm ona, həm də Farizə oğurladığı pulu hissə-hissə qaytaracağını desə də, yenə pulu qaytarmamışdır. Bu söhbətlər Farizin qohumu Şöhrətin yanında, onun otağında olmuşdur. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 14 dekabr 2022-ci il tarixli qərardan görünür ki, fakt üzrə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1-2) - 29 dekabr 2022-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Şahid və hal şahidlərinin iştirakları ilə oğurluq hadisəsinin baş verdiyi mənzilə baxış keçirilmişdir. Baxışda iştirak edən Şahid mənzilin yataq otağında olan dolabı göstərərək 03 aprel 2022ci il tarixdə saat 10 radələrində onunla bir yerdə kirayədə yaşayan Təqsirləndirilən şəxs həmin dolabda olan işlədiyi çay evinə aid 1850 manat pulu gizlin götürüb mənzildən getdiyini bildirmişdir. (i.v. 34-35) - 15 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə elan edilmiş ittiham qüvvəsində saxlanılmış, onun barəsində Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə cinayət təqibinin başlanması, Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası CM-nin 182.1-ci maddəsi ilə cinayət təqibinə başlanması rədd edilmişdir. (i.v. 107-110) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il Qərarına əsasən qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidi dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə verilmiş ittiham üzrə özünü təqsirli bilməməsini onun hüququ kimi qəbul edir və bununla bağlı dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Təqsirləndirilən şəxsin və müdafiəçisinin irəli sürdüyü dəlillər məhkəmə tədqiqi zamanı hərtərəfli, tam və obyektiv araşdırılmışdır, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 03 aprel 2022-ci il tarixdə saat 10 radələrində ofisiant işlədiyi çay evinin sahibi Zərərçəkmiş şəxs tərəfindən saxlanılması üçün Şahid verilmiş və birlikdə yaşadıqları mənzilinin yataq otağında olan dolabın siyirməsinə Şahid tərəfindən qoyulmuş 1850 manat pul vəsaitini gizli olaraq talayıb zərərçəkmiş şəxsə həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Həmin hal, Zərərçəkmiş şəxs və Şahid ifadələri ilə yanaşı, onların ifadələrini tamamlayan sübut qismində digər iş materialları ilə sübuta yetirilmişdir. Nəzərə alınmalıdır ki, Təqsirləndirilən şəxs otaq yoldaşı Şahid 03 aprel 2022-ci il tarixdə iş yerinə gedəcəyini bildirsə də, mənzildən özgə əmlakı olan pul vəsaitini gizli yolla talayıb oğurladıqdan sonra iş yerinə getməmiş, pulu oğurlayıb mənzildən çıxdıqdan sonra taksi ilə ərazidən uzaqlaşmış, əlaqə vasitəsi olan mobil telefonu söndürüb digər şəxslərə məlum olmayan, qohumunun ünvanına gedərək orada yaşamış, yalnız polis əməkdaşları tərəfindən yeri müəyyən edilərək gətirilmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxsin sonrakı hərəkətlərinin özü də onun cinayət əməlini törətdikdən sonra məsuliyyətdən yayınmağa cəhd etməsini göstərir. Adları qeyd olunan zərərçəkmiş şəxsin və şahidin məhkəmə iclasında Təqsirləndirilən şəxs Şöhrət adlı şəxsin yanında çay evində işləməklə qazanacağı pulla oğurladığı pul vəsaitini geri ödəyəcəyi barədə göstərdikləri ilə bağlı həmin şəxsin məhkəmə iclasında şahid qismində dindirilməsi mümkün olmamışdır, belə ki, həmin ifadələr verilərkən Şöhrət adlı şəxs açıq məhkəmə iclasının keçirildiyi məhkəmə iclas zalında olmuş, məhkəməyə bu barədə əvvəlcədən məlum olmadığından onun iclas zalından kənarlaşdırılması mümkün olmamışdır. Dindirilmiş zərərçəkmiş şəxsin və şahidin ümumilikdə ifadələrinin şübhə altına alınması üçün əsaslar isə müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə. Təqsirləndirilən şəxs və müdafiəçisinin, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə bəraət verilməsi barədə məhkəmədə etdikləri çıxışlarına münasibətdə məhkəmə qeyd edir ki, cinayətprosessual qanunvericiliyinə görə, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyi təsdiq edildiyi halda bəraət hökmü çıxarılmalıdır. Lakin məhkəmə tədqiqi zamanı Təqsirləndirilən şəxs ittiham olunduğu həmin maddə ilə bəraət verilməsi üçün Azərbaycan Respublikası CPM-nin 42-ci maddəsində nəzərdə tutulmuş əsaslar məhkəmə iclasında müəyyən edilməmişdir, əksinə, müəyyən edilmişdir ki, sözügedən cinayət hadisəsi baş vermişdir; əməldə cinayət tərkibi vardır; cinayətin törədilməsinə məhz Təqsirləndirilən şəxs aidiyyəti olmuşdur və onun bu cinayət hadisəsində təqsirliliyi sübuta yetirilmişdir, hansı ki, məhkəmə bununla bağlı dəlillərini yuxarıda kifayət qədər əsaslandırmışdır. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 177.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 01 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə istintaqı aparılan cinayət işi üzrə axtarışda olan şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 53) - 03 fevral 2023-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqi tərəfindən Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və o, tutmadan azad edilmişdir. (i.v. 93-94) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 15 fevral 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. (i.v. 101) -“Elektron Məhkəmə İnformasiya Sistemi”ndən əldə edilmiş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs 04 iyul 2016-cı il təvəllüdlü X1 adında uşağının olması qeydə alınmışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən 25 iyun 2003-cü il tarixli Qərarında həmçinin göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən böyük ictimai təhlükə törətməyən cinayət əməli törətməsini, cəzasını yüngülləşdirən halın olmasını, cəzasını ağırlaşdıran halın isə olmamasını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olması qənaətinə gələrək, hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmamaqla barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırkı işlə bağlı 01 fevral 2023-cü il tarixdən 03 fevral 2023-cü il tarixədək olan müddətdə şübhəli şəxs qismində tutulmuşdur, ona görə məhkəmə hesab edir ki, həmin 02 gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin olunacaq cəzanın müddətindən çıxılaraq, təqsirləndirilən şəxsin üzərində qəti müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-3.1 və 51-2.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzasını yaşayış yeri üzrə çəkməli və cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli olduğundan, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur, zərərçəkmiş şəxsə dəymiş maddi ziyan ödənilməsə də, onun tərəfindən məhkəməyədək icraat və məhkəmə icraatı zamanı qanunla müəyyən edilmiş müddətdə və qaydada mülki iddia verilməmişdir, CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır, belə olan halda, məhkəmə hesab edir ki, göstərilənlərə əsasən maddi ziyanın ödənilməsini tələb edən həmin zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilər, ona bu hüququ izah edilməlidir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində hər hansı əşya, predmet tanınmamışdır; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza iş üzrə keçirilməmişdir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından, qərar əsasında dövlət hesabına dəvət olunmuş vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 25 iş saatı müddətinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə 01 fevral 2023-cü il tarixdən 03 fevral 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılıb, üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 22:00dan növbəti gün saat 07:00-dək yaşayış yerini, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı 25 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən 150 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə dəymiş ziyanı tələb etdiyi halda, mülki mühakimə icraatı qaydasında iddia verə bilmək hüququ zərərçəkmiş şəxsə izah edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-300/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-300/2023
11.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver