Məhkəmə qərarları › İş №1(007)-300/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-300/2024

27.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-300/2024 27.06.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Qədirli Nigar Aftandil qızının sədrliyi, Məhkəmə iclas katibi Cavadov Rüfət Şahverən oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, təqsirləndirilən şəxsxx xxxxxxx 1973-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində 1 azyaşlı uşağı olan, ali təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 25 noyabr 2023-cü il tarixində gecə saat 01:30 radələrində Bakı şəhəri Nizami rayonu Babək prospekti, 42 ünvanında SOCAR yanacaqdoldurma məntəqəsinin yaxınlığında idarə etdiyi “Toyota Prius” markalı Az ** BC *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən həmin yol ilə arxa istiqamətdə hərəkətdə olan avtomaşının sürücüsü Zərərçəkmiş şəxs idarə etdiyi “Toyota Prius” markalı Az ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilə yol verməsi üçün onun idarə etdiyi avtomobilə qarşı işıq siqnallarından istifadə etməsini bəhanə gətirib heç bir hüquqi və faktiki əsas olmadan, idarə etdiyi avtomobildən enib Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilə sürücü tərəfdən yaxınlaşıb xuliqanlıq niyyəti ilə özünün şəxsiyyətini Zərərçəkmiş şəxs şəxsiyyətinin fövqündə qoyaraq ümumi davranış, əxlaq və mənəviyyat normalarına hörmətsizlik edib xuliqanlıq niyyətilə qəsdən bir dəfə yumruqla Zərərçəkmiş şəxs sifət nahiyəsinin sağ tərəfindən vurub sonuncuya ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid olan sağ almacıq sümüyü proyeksiyasının şişkinliyi ilə müşayiət olunan sağ almacıq qövsünün qəlpəli yerdəyişən sınığından ibarət xəsarət yetirməklə xuliqanlıq niyyətilə qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Həmin əməlinə görə Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə ittiham elan olunmuşdur. İşin halları və dəlilləri: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsində nəzərdə tutulmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, etibarnamə əsasında idarə etdiyi “Toyota Prius” markalı Az ** BC *** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. 25 noyabr 2023-cü il tarixdə gecə saat 01:30 radələrində idarə etdiyi həmin avtomobillə Bakı şəhəri Nizami rayonu Babək prospekti ilə Günəşli qəsəbəsi istiqamətində hərəkətdə olarkən sonradan adının Zərərçəkmiş şəxs olduğunu bildiyi şəxs işıq siqnalları ilə işarə verərək onu saxlatdırmış və ona yol verməməsini irad tutub narazılığını bildirərək onun ünvanına nalayiq söyüşlər söymüşdür. Elmarın hərəkətlərindən əsəbləşərək avtomobili qabaqda yolun kənarında saxlayaraq avtomobildən düşərək sürücü tərəfdən Elmara yaxınlaşmış və ona söyüş söyməsini irad tutub əli ilə sonuncunun alnından itələmişdir. O, Elmarın alın nahiyəsindən sonuncuya xəsarət yetirməyəcək dərəcədə itələmişdir. Elmar avtomobildən düşməmiş, bundan sonra o çıxıb getmişdir. Həmin vaxt Elmarın idarə etdiyi avtomobildə bir nəfər müştəri də olmuşdur. Bundan sonra Elmar avtomobili idarə edərək onu təqib etməyə başlamış, münaqişə yaranmaması üçün o, avtomobili saxlamayıb getmişdir. Bir neçə gündən sonra Nizami RPİ-nin 23-cü Polis Bölməsinə dəvət olunmuş, ona bildirilmişdir ki, Zərərçəkmiş şəxs ondan şikayət etmişdir. Hal-hazırda onlar barışmışlar. Himayəsində bir azyaşlı uşağı və xəstə anası vardır. Məhkəmədən xahiş edir ki, əməli CM-nin 127.1-ci maddəsinə tövsif edilsin və zərərçəkmişlə barışması nəzərə alınaraq barəsində olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü təqsirli bilməsə də, onun qeyd edilən əməli törətməkdə təqsirliliyi aşağıdakı sübutlarla təsdiq olunur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, 2023-cü ilin oktyabr-dekabr aylarında “Uber” şirkətinə məxsus “Toyota Prius” markalı Az ** BE *** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olmuşdur. 25 noyabr 2023-cü il tarixdə gecə saat 01:30 radələrində idarə etdiyi həmin avtomobillə Bakı şəhəri Nizami rayonu Babək prospekti ilə hərəkətdə olarkən qarşıda onunla eyni istiqamətdə hərəkətdə olan “Toyota Prius” markalı Az ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü avtomobili asta sürətlə hərəkət edib onun ötmə əməliyyatı həyata keçirməsinə maneçilik törətdiyindən ona yol verməsi üçün işıq siqnalları ilə işarə vermiş, bir qədər sonra o, ötmə əməliyyatını həyata keçirib hərəkətinə davam etmişdir. Bu zaman adını sonradan bildiyi Təqsirləndirilən şəxs ona çatıb avtomobili dayandırmağı tələb etmişdir. O, SOCAR yanacaqdoldurma məntəqəsinin yaxınlığında avtomobili yolun sağ tərəfinə verib saxlamış, bu zaman Təqsirləndirilən şəxs maşından düşüb sürücü tərəfdən ona yaxınlaşmışdır. O, avtomobildən düşməyib şüşəni aşağı endirmiş, bu zaman Təqsirləndirilən şəxs qəflətən onun sifətinin sağ tərəfindən yumruqla vurub qaçmışdır. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin arxasınca maşını sürüb onun dövlət qeydiyyat nişanını öyrənmiş, hadisə barədə dərhal DİN-in 102 xidmətinə məlumat vermişdir. Hadisə zamanı onun idarə etdiyi avtomobildə adını bilmədiyi bir nəfər müştəri olmuşdur. Təqsirləndirilən şəxs ifadəsində göstərilənlərin əksinə olaraq, o heç vaxt Mehmanı söyüb təhqir etməmişdir. Hal-hazırda onlar barışmışlar. Təqsirləndirilən şəxs ona vurduğu zərərin əvəzini ödəmişdir. Təqsirləndirilən şəxs qarşı hər hansı şikayəti və tələbi yoxdur, məhkəmədən ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin olunmasını xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - məhkəmə tibbi ekspertizasının 25 noyabr 2023-cü il tarixli 1157 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədən səthində sağ almacıq sümüyü proyeksiyasının şişkinliyi ilə müşayiət olunan sağ almacıq qövsünün qəlpəli yerdəyişən sınığı aşkar olunmuşdur. Həmin xəsarət bərk küt əşyanın (əşyaların) təsirindən törənə bilərdi, 25 noyabr 2023-cü il tarixində kənar şəxs tərəfindən bir dəfə zərblə vurulması nəticəsində alınması istisna olunmur, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. - Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs arasında ibtidai istintaq zamanı keçirilmiş 23 fevral 2024-cü il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs hər hansı əsaslı səbəb olmadan onu yumruqla baş nahiyəsindən vurmasını sonuncunun üzünə demişdir. - 28 fevral 2024-cü il tarixli istintaq eksperimentinin keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs xəsarət aldığı şəraiti əyani olaraq göstərmiş, mütəxəssis X2 qeyd olunan şəraitdə Zərərçəkmiş şəxs həmin xəsarəti almasının mümkün olmasını bildirmişdir. - İş materiallarında olan Zərərçəkmiş şəxs məhkəməyə ünvanlanmış və notarial qaydada təsdiq olunmuş 30 aprel 2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona vurulmuş maddi ziyanı tam ödəmiş, təqsirləndirilən şəxslə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. - İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş məhkumluq haqqında 22 dekabr 2023-cü il tarixli tələbnamədən görünür ki, X1 Federasiyası Çelyabinsk Vilayət Məhkəməsinin 05 noyabr 2002-ci il tarixli hökmü ilə RF CM-nin 228-ci maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinib 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, bundan əlavə Bakı şəhəri Xətai RPİ-də Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə istintaq olunan cinayət işi üzrə 06 noyabr 2021-ci il tarixli qərarla CPM-in 39.1.12-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad olunmuşdur. - İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs 2013-cü il təvəllüdlü X5 adlı azyaşlı övladı vardır. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsində ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədilməklə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurmağa görə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəzalar nəzərdə tutulmuşdur. Xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma təqsirkarın davranışı ilə ictimai qaydalara qarşı açıq etinasızlıq göstərmə və özünü ətrafdakılara qarşı qoyub, onlara münasibətdə laqeydliyini ifadə etməklə cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik, birgəyaşayış qaydalarını və əxlaq normalarını kobud surətdə pozma zəminində başqa şəxsin sağlamlığına qəsdən az ağır zərər vurmada ifadə olunur. Xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, belə motivlə cinayət törədən şəxs özünün şəxsiyyətini başqa şəxsin və ya qeyri-müəyyən sayda şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan və bunlara etinasızlıq göstərən hərəkətlər edir. Xuliqanlıq motivi şəxsin azğınlığında, qəddarlığında, ətrafdakılara hörmətsizlik göstərən eqoizmini nümayiş etdirməsində, cəmiyyətə qarşı sair kobud hərəkətlərində ifadə olunur. İş materiallarından və işin faktiki hallarından görünür ki, Təqsirləndirilən şəxs ictimai qaydalara qarşı açıq etinasızlıq göstərərək özünü ətrafdakılara qarşı qoyub, onlara münasibətdə laqeydliyini ifadə etməklə zərərçəkmiş şəxsin idarə etdiyi avtomaşında müştərinin olmasına əhəmiyyət vermədən, hər hansı səbəb və əsas olmadan azğınlıq və qəddarlıqla Zərərçəkmiş şəxs sifət nahiyəsindən yumruqla vurub sonuncunun sağlamlığına qəsdən az ağır zərər vurmuş, cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik nümayiş etdirmişdir. Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi ifadələrində Zərərçəkmiş şəxs alın nahiyəsindən sonuncuya xəsarət yetirməyəcək dərəcədə itələdiyini bildirsə də, ibtidai araşdırma zamanı verdiyi ilkin izahatlarında zərərçəkmişi sifət nahiyəsindən yumruqla vurduğunu göstərmişdir. Məhkəmə-tibbi ekspertizasının rəyindən də görünür ki, Zərərçəkmiş şəxs aldığı xəsarətlər bərk küt əşyanın təsirindən yaranmışdır və yetirilmə müddəti 25 noyabr 2023-cü il tarixinə uyğun gəlir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi zərərçəkmiş şəxsin ifadəsi, təqsirləndirilən şəxsin qismən etirafı, məhkəmə-tibbi ekspertizasının rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsinə dair ifadəsi özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirilir və ifadəsində göstərdiyi xüsusatlar məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təkzib olunmuşdur. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığından Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 1 azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla hesab edir ki, onun islah olunması üçün barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən Təqsirləndirilən şəxs 23 fevral 2024-cü il, saat 17:30-dan 24 fevral 2024-cü il tarix, saat 18:10-adək, yəni 2 gün cinayət törətməkdə şübhəli şəxs qismində tutulmasını nəzərə alaraq, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə hesablanmaqla nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərlərinin, habelə Abşeron rayonunun ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1.19 - 346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut, məhkəmə xərcləri və mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iştirak etdiyi müddət 39 iş saatı müddətinə bərabər olduğundan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla 234 manat (39x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Nəticə: Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 1 il 6 ay (bir il altı ay) müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 2 gün cinayət törətməkdə şübhəli şəxs qismində tutulması nəzərə alınaraq həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə hesablanmaqla üzərində qəti olaraq 1 il 5 ay 26 gün (bir il beş ay iyirmi altı gün) müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərlərinin, habelə Abşeron rayonunun ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs 39 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 234 manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar