Məhkəmə qərarları › İş №1(007)-300/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-300/2025

11.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-300/2025 11.06.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi, tərcüməçi X1 iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxxxx 1980-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi qaydada işləyən, Bakı şəhəri Nərimanov rayonu, Qarabağ küçəsi, ev 34, mənzil 52-də qeydiyyatda olan, Bakı şəhəri Nizami rayonu, Keşlə qəsəbəsi, Qasım bəy Zakir küçəsi, ev 2/5-də yaşayan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 01 iyun 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib, 1000 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, icra məmurunun təqdimatına əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 may 2024-cü il tarixli qərarı ilə hökmlə təyin olunmuş 1000 manat məbləğində cərimə cəzası 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş, həmin cəzanın icrası ilə bağlı 24 fevral 2025-ci il tarixdən Bakı şəhər probasiya idarəsinin qeydiyyatında olan, hazırkı işlə bağlı 23 noyabr 2024-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Belə ki, o, 08 iyun 2024-cü il tarixdə saat 21:50 radələrində yaşadıqları ünvan 1 ünvanında qızı Zərərçəkmiş şəxs evə gec gəldiyinə görə irad bildirməsi səbəbindən aralarında ailə-məişət zəminində yaranmış mübahisə zamanı o, qəsdən əli ilə Zərərçəkmiş şəxs saçlarından və sağ qolundan tutub bərk sıxaraq yerə yıxıb qəsdən əlləri ilə sonuncunun sağ qol və sol ayaq nahiyələrinə vuraraq Zərərçəkmiş şəxs ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid hərəkət məhdudluğu ilə müşayiət olunan sağ dirsək oynağının şişkinlik halında əzilməsi, sol baldırın ön-bayır səthinin hematoması, sağ dizin ön səthinin qançırından ibarət xəsarətlər yetirərək qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 08 iyun 2024-cü il tarixdə saat 21:30 radələrində yaşadıqları ünvan 2 ünvanında evdə olarkən qızı Nigarın evdə olmadığını görüb mobil telefon nömrəsinə zəng edərək onunla əlaqə saxlamaq istəmiş, lakin Nigar onun zənglərinə cavab verməmişdir. Daha sonra Nigar evə gəldikdə ondan gec gəlməsinin səbəbini soruşmuş, səs tonunu qaldırmış, buna görə Nigar evdən çıxmaq üçün qaçmışdır. Qaçan zaman isə, dəhlizin döngəsini dönəndə Nigar yıxılmışdır. O, Nigarın nə qolundan, nə də saçından tutmamış, Nigar ayaq üstə olan vaxt, hündürdən yıxılmışdır. Ekspertiz rəyi səhvdir, Nigara xəsarəti o, yetirməmişdir. Həmçinin o, qızına nalayiq ifadələr işlətməmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə məhkəmə baxışında verdiyi ifadəsi arasında əhəmiyyətli ziddiyyət olduğundan, Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən onun 23 noyabr 2024-cü il tarixdə müdafiəçisinin və tərcüməçinin iştirakları ilə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs həmin ifadəsində elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs İqor qızı onun doğma qızıdır. Qızı Nigarın 18 yaşı bu yaxınlarda tamam olduğundan o, sərbəst yaşamaq istəmişdir. O, atası olaraq buna imkan vermək istəməmiş, buna görə Nigarla aralarında hərdənbir söz mübahisələri olmuşdur. Belə ki, 08 iyun 2024-cü il tarixdə saat 21:30 radələrində o, yaşadıqları ünvan 1 ünvanında olarkən Nigarın evdə olmadığını görüb mobil telefon nömrəsinə sonuncu ilə əlaqə saxlamaq istəsə də, Nigar onun zənglərinə cavab verməmişdir. O da bundan narahat olub əvvəlki nikahından olan böyük qızı Aydan ilə əlaqə saxlayıb Nigarın harada olması ilə maraqlanarkən Aydan Nigarla bir yerdə olduqlarını ona demişdir. Bu zaman o, tələb etmişdir ki, Nigarı evə tez göndərsin. O, evdən çıxıb 10-15 dəqiqə sonra evə geri qayıtdıqda Nigarın artıq evdə olduğunu görüb otağına keçərək onu danlamışdır ki, nəyə görə evə gec gəlir. Çünki o, qızı Nigara əvvəllər də xəbərdarlıq etmişdir ki, evə gec gəlməsin, əgər gecikirsə, mütləq ona zəng vurub desin. Qızı Nigar isə özünə haqq qazandıraraq ona artıq böyüdüyünü və sərbəst yaşamaq istədiyini bildirdikdə aralarında mübahisə olmuşdur. O, qızı Nigara hələlik onun himayəsində yaşamasını xatırlatdıqda həmin vaxt Nigar mətbəxdən qapı tərəfə keçib evdən çıxmaq istəmişdir. O, qızı Nigarın evdən çıxıb getməsini istəməmiş, buna görə də əli ilə qızı Nigarın köynəyinin arxasından və saçlarından tutmuşdur ki, sonuncunu saxlasın. Lakin qızı Nigar tarazlığını itirib sağ tərəfi üstə yerə yıxılmışdır. Sonra arvadı Gülnarə Nigara kömək etmiş, qızı Nigar ayağa durub onu təhqir etmiş və təcili tibbi yardım çağırmışdır. Həkimlər gələndə onun qızı Nigar tələb etmişdir ki, xəstəxanaya aparsınlar. Qızı Nigar anası Gülnarə ilə birlikdə xəstəxanaya getmişlər. Bir az keçəndən sonra hər ikisi də geri qayıtmış və qızı Nigarın qoluna gips sarğısı qoyulduğunu görmüşdür. O, qızı Nigarın qoluna hansı səbəbdən gips qoyulduğunu bilməmişdir. Çünki Nigarın qolunda o, heç bir xəsarət görməmişdir. Bir gündən sonra qızı Nigar həmin gips sarğısını çıxartmışdır. Əlavə olaraq bildirmişdir ki, qızı Nigar mətbəxdən qapı tərəfə keçib evdən çıxmaq istədikdə o, Nigarın evdən çıxıb getməsini istəmədiyinə görə əli ilə köynəyinin arxasından və saçlarından tutub sonuncunu saxlamaq istəsə də, Nigar tarazlığını itirib sağ tərəfi üstə yerə yıxılmış, sonra arvadı Gülnarə qızları Nigara kömək etmiş, Nigar da sərbəst ayağa durub onu təhqir edərək yaşadıqları ünvana təcili tibbi yardım çağırmış, həkimlər gələndə isə xəstəxanaya aparmalarını tələb etmişdir. Qızı Nigar anası Gülnarə ilə birlikdə xəstəxanaya getmiş, bir az keçdikdən sonra Nigarın qoluna gips sarğısı qoyulduğunu görmüş, o, qızı Nigarın qoluna gips sarğısı qoyulmasının səbəbini isə bilməmiş, çünki qolunda heç bir xəsarət görməmişdir. Bir gün sonra da qızı Nigar həmin gips sarğısını çıxartmışdır. Ola bilsin ki, Nigar həmin xəsarətləri tarazılığını itirib yerə yıxılan zaman almışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında elan olunmuş həmin ifadəsi ilə qismən razılaşmış, hər bir halda məhkəmədə verdiyi ifadəsinin əsas kimi qəbul olunmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəmədə son sözlə çıxışında barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun atasıdır. O, atasi İqor və anası Şahid ilə birlikdə yaşayır. Atası İqorla münasibətləri soyuqdur. Ona görə ki, atası heç yerdə işləmir, narkotik maddələrdən istifadə edir, borcları çoxdur. Buna görə anası ilə birlikdə evi satmaq istəyirlər. Atasına da deyirlər ki, evdən çıxsın. Onun harasa gedib qalmağa yeri yoxdur, özü də heç yerdə işləmir. Bu səbəbdən aralarında tez-tez söz mübahisəsi olur. 08 iyun 2024-cü il tarixdə saat 21:30 radələrində evə qayıdıb otağına keçəndə atası onu görən kimi ona irad bildirib danlamışdır ki, evə niyə belə gec gəlir. O, evə gec gələndə həmişə atasına zəng edib əvvəlcədən bu barədə xəbər vermişdir. Bu dəfə də o, atasına zəng vurub demişdir ki, evə bir az gec gələcəkdir. Buna baxmayaraq atası onunla mübahisə edib onu təhqir etmişdir. Atasının əsəbi olduğunu görüb ondan qorxduğu üçün hərəkətlərindən ehtiyat edərək mətbəxdən qapı tərəfə keçərək evdən çıxmaq istədikdə atası bunu görüb qəflətən onun saçından və sağ qolundan tutub bərk sıxmış və onu yerə yıxmışdır. O, qolunun üstünə tərəf yerə yıxılmışdır. Bu zaman qolunun bərk ağrıdığını hiss etmişdir. Anası atasını çağırmaqla onu atasından aralamışdır ki, onu daha vurmasın. Sonra özü ayağa durub təcili tibbi yardım çağırmışdır. Çünki qolundakı ağrıya dözə bilməmişdir. Yaşadıqları ünvana təcili tibbi yardım briqadası yaxınlaşmış və onu X3 aparmışlar. Orada onun qoluna gips sarğısı qoyulduqdan sonra evə buraxılmışdır. Atası onu belə vəziyyətdə görsə də, ondan heç bir üzr istəməmiş, əksinə yenə də ondan evdən çıxıb getməsini tələb etmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ondan şikayəti yoxdur, dəymiş ziyan ödənilmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid məhkəmə iclasında iştirakının təmin edilməsi mümkün olmamış, bununla əlaqədar onun qeyd olunan dövrdə verdiyi ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. Şahid sözügedən ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxslə rəsmi nikah bağlamaqla ailə həyatı qurmuşdur. Həmin nikahdan onların xx.xx.2005-ci il tarixdə anadan olmuş Zərərçəkmiş şəxs adlı bir qız övladları vardır. Özü, həyat yoldaşı İqor və qızı Nigar ünvan 2 ünvanında yaşayırlar. İqorla Nigarın arasında münasibətlər soyuqdur. Ona görə ki, İqor heç yerdə işləmir, borcları çoxdur, evi satmaq istəyir. 08 iyun 2024-cü il tarixdə saat 21:50 radələrində Nigar evə qayıdıb otağına keçəndə İqor Nigara irad bildirib danlamışdır ki, evə niyə belə gec gəlir. Nigar evə gec gələndə əvvəlcədən həmişə atasına bu barədə xəbər vermişdir. Bu dəfə də Nigar atasına zəng vurub evə bir az gec gələcəyini demişdir. Buna baxmayaraq İqor Nigarla mübahisə yaradıb Nigarı təhqir etmişdir. Nigar İqorun əsəbi olduğunu görüb, ondan qorxduğu üçün hərəkətlərindən ehtiyat edərək mətbəxdən qapı tərəfə keçib evdən çıxmaq istədikdə İqor bunu görüb qəflətən Nigarın saçından və qolundan tutub bərk sıxmış və Nigarı yerə yıxmışdır. Nigar yerə qolunun üstünə yıxılmışdır. Bu zaman o, İqoru Nigardan aralamışdır ki, Nigarı vurmasın. Sonra Nigar özü ayağa durub qolundakı ağrıya dözə bilmədiyindən təcili tibbi yardım çağırmışdır. Nigara təcili tibbi yardım tərəfindən yardım göstərilib X3 aparılmış, orada qoluna gips sarğı qoyulub evə buraxılmışdır. Onun özü də qızı Nigarla bir yerdə getmişdir. İqor Nigarı yaşadıqları evin içərisində 08 iyun 2024-cü il tarixdə saat 21:50 radələrində onun yanında, evə gec gəlməyinə görə, Nigar otağına keçəndə qəflətən saçından və sağ qolundan tutub bərk sıxmış və yerə yıxmışdır. Nigar yerə qolunun üstünə yıxılmışdır. İqor Nigarı döyərkən evə kənar heç kim gəlməmişdir. Evdə özü, İqor və Nigar olmuşlar. Evdə başqa heç kim olmamış və hadisəni də başqa heç kim görməmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 04 noyabr 2024-cü il tarixli qərardan görünür ki, fakt üzrə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1-2) - 28 iyun 2024-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. (i.v. 31-32) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 publik hüquqi şəxsin Nizami rayon şöbəsinin 24 iyun 2024-cü il tarixli 505 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs hərəkət məhdudluğu ilə müşayiət olunan sağ dirsək oynağının şişkinlik halında əzilməsi, sol baldırın ön-bayır səthinin hematoması, sağ dizin ön səthinin qançırı olmuşdur. Qeyd olunan xəsarətlər bərk-küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2024-cü il tarixdə alınmaları mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Xəsarətlərin lokalizasiya və xüsusiyyətlərinə istinad edərək demək olar ki, həmin xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirilməsi, eləcə də öz boyu hyündürlüyündən yıxılması nəticəsində alınmaları inandırıcı deyildir. (i.v. 38-40) - 20 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs barələrində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(010)-122/2019 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilərək cinayət məsuliyyətindən azad edildiyindən Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən, şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edildiyindən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsinin mümkünsüzlüyü nəzərə alınmışdır. (i.v. 149- 156) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, ekspertiza rəyi və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin və müdafiəçisinin irəli sürdüyü dəlillər məhkəmə tədqiqi zamanı hərtərəfli, tam və obyektiv araşdırılmış, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 08 iyun 2024-cü il tarixdə saat 21:50 radələrində yaşadıqları evdə qızı Zərərçəkmiş şəxs evə gec gəldiyinə görə irad bildirməsi səbəbindən aralarında ailəməişət zəminində yaranmış mübahisə zamanı o, qəsdən əli ilə Zərərçəkmiş şəxs saçlarından və sağ qolundan tutub bərk sıxaraq yerə yıxıb qəsdən əlləri ilə sonuncunun sağ qol və sol ayaq nahiyələrinə vuraraq Zərərçəkmiş şəxs ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid hərəkət məhdudluğu ilə müşayiət olunan sağ dirsək oynağının şişkinlik halında əzilməsi, sol baldırın ön-bayır səthinin hematoması, sağ dizin ön səthinin qançırından ibarət xəsarətlər yetirərək qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Hansı ki, zərərçəkmiş şəxsin sağlamlığına yüngül dərəcəli bədən xəsarətinin yetirilməsi 24 iyun 2024-cü il tarixli, 505 nömrəli ekspertiza rəyi ilə öz təsdiqini tapmışdır. Həmçinin həmin rəyə görə, xəsarətlərin lokalizasiya və xüsusiyyətlərinə əsasən xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirilməsi, eləcə də öz boyu hündürlüyündən yıxılması nəticəsində alınmaları inandırıcı hesab olunmamışdır. Belə olan halda, müdafiə tərəfinin irəli sürdüyü dəlillərin hər hansı əsası yoxdur, məhkəmədə toplanaraq tədqiq edilmiş sübutlarla təkzib olunmuşdur, ona görə məhkəmə hesab edir ki, qeyd edilənlərin əsası yoxdur. Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə. Məhkəmə Təqsirləndirilən şəxs və müdafiəçisinin, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan olunmuş ittiham üzrə bəraət verilməsi barədə məhkəmədə etdikləri çıxışlarına münasibətdə qeyd edir ki, cinayətprosessual qanunvericiliyinə görə, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyi təsdiq edildiyi halda bəraət hökmü çıxarılmalıdır. Lakin məhkəmə tədqiqi zamanı Təqsirləndirilən şəxs ittiham olunduğu həmin maddə ilə bəraət verilməsi üçün Azərbaycan Respublikası CPM-nin 42-ci maddəsində nəzərdə tutulmuş əsaslar məhkəmə iclasında müəyyən edilməmişdir, əksinə, müəyyən edilmişdir ki, sözügedən cinayət hadisəsi baş vermişdir; əməldə cinayət tərkibi vardır; cinayətin törədilməsinə məhz Təqsirləndirilən şəxs aidiyyəti olmuşdur və onun bu cinayət hadisəsində təqsirliliyi sübuta yetirilmişdir, hansı ki, məhkəmə bununla bağlı dəlillərini yuxarıda kifayət qədər əsaslandırmışdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 128-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur, min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin “Qeyd”inin 1-ci hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsində müəyyən edilən qaydada cinayət məsuliyyətindən azad edilməsi məsələsinin müzakirəsinə və tətbiqinə əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 21 iyun 2024-cü il tarixli tələbnamədən və qərardan görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 01 iyun 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib, 1000 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, icra məmurunun təqdimatına əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 may 2024-cü il tarixli qərarı ilə hökmlə təyin olunmuş 1000 manat məbləğində cərimə cəzası 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmişdir. (i.v. 24-25, 36-37) -Bakı probasiya idarəsinin 11 iyun 2025-ci il tarixli 3-16-21-1/2-39027/2025 nömrəli məktubundan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 may 2024-cü il tarixli qərarı ilə 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş Təqsirləndirilən şəxs 24 fevral 2025-ci il tarixdə idarədə qeydiyyata alınmışdır, 11 iyun 2025-ci il tarixə cəzasının 03 ay 18 gününü çəkmiş, 02 ay 12 gün hissəsi çəkilməmiş qalmışdır. - 23 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 103-104) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının 1-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən birbaşa və ya dolayı qəsdlə törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) qəsdən törədilmiş cinayət sayılır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən 25 iyun 2003-cü il tarixli qərarında həmçinin göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən böyük ictimai təhlükə törətməyən cinayət əməli törətməsini, cəzasını yüngülləşdirən halın olmasını, cəzanı ağırlaşdıran halın isə olmamasını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olması qənaətinə gələrək, hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmamaqla barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 01 iyun 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib, 1000 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, icra məmurunun təqdimatına əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 may 2024cü il tarixli qərarı ilə hökmlə təyin olunmuş 1000 manat məbləğində cərimə cəzası 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş, həmin azadlığın məhdudlaşdırılması növündə cəzanı çəkərkən hazırkı cinayət əməlini törətmişdir, belə olan halda ona hökmlərin məcmusu üzrə cəza təyin edilməlidir. Lakin bu zaman, yuxarıda göstərilən qaydada müəyyən edilmiş, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal nəzərə alınmaqla həmin qərarla qəti olaraq təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 11 iyun 2025-ci il tarixinə çəkilməmiş hissəsini CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilməsi nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasına qismən birləşdirmək yolu ilə ona qəti müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırkı iş üzrə tutulmamış, həbsdə saxlanılmamışdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-3.1 və 51-2.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzasını yaşayış yeri üzrə çəkməli və cəzaçəkmə müddətinin əvvəli hazırkı hökmün çıxarıldığı tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinin tələbinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, Zərərçəkmiş şəxs məhkəməyədək icraat və məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə qarşı mülki iddia verməmişdir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində hər hansı əşya və ya predmet tanınmamışdır; məhkəmə məsrəfinin tutulmasına səbəb olacaq ekspertiza iş üzrə keçirilməmişdir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından qərar əsasında dövlət hesabına dəvət olunmuş vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi xidmətlərə görə (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına və xx.xx.2025-ci il tarixli 141 saylı qərarla edilmiş dəyişikliyə əsasən hesablanaraq – 9 saat 6 manatdan, 9 saat 11 manatdan olmaqla) əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 may 2024-cü il tarixli qərarı ilə təyin edilmiş 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının 11 iyun 2025-ci il tarixinə çəkilməmiş 02 (iki) ay 12 (on iki) gün hissəsini Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına qismən birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 07 (yeddi) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 22:00dan növbəti gün saat 07:00-dək yaşayış yerini, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 11 iyun 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı dövründə göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən 153 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar