Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-301/2021 28.09.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Azadəli Orhan Nasir oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, müdafiəçi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Xudayar oğlunun , cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs – Təqsirləndirilən şəxs Duman oğlunun iştirakı ilə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs: xx.xx.1987-ci ildə Laçın rayonunun Qarıqışlaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, təhsili olmayan, işləməyən, məhkumluğu ödənilmiş, Laçın rayonu, Qarıqışlaq kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan. Təqsirləndirilən şəxs Duman oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair sadələşdirilmiş icraat materialına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 08 avqust 2021-ci il tarixdə saat 06 radələrində ünvan 2 ünvanında yerləşən yataqxananın 82 nömrəli otağının qarşısında qayınanası Zərərçəkmiş şəxs ilə, sonuncunun ondan birgə yaşadıqları evə gətirdiyi divanı aparmasını tələb etməsi və onun ünvanına nalayiq ifadələr işlətməsi səbəbindən aralarında baş vermiş mübahisə zamanı qəsdən Zərərçəkmiş şəxs sol qolunu buraraq sonuncuya sol mil sümüyünün aşağı 1/3-nin qapalı sınıqları ilə müşayiət olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirərək qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona elan olunmuş Azərbaycan Respublikasının CM-nin 127.1ci maddəsində nəzərdə tutulmuş ittihamla təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qayınanasıdır. 08.08.2021-ci il tarixdə səhər təqribən saat 06:00 radələrində evdə olan zaman Vəzifə onu yerindən durğuzaraq evdə olan ona məxsus yorğan-döşək və əşyalarını çıxarmağını tələb etmişdir. Bundan sonra Vəzifə onu və rəhmətlik atasını söyməyə başlamış, o isə heç bir əhəmiyyət verməyib yerindən durmuşdur. Bu zaman Vəzifə ona evdəki divanı çıxarıb bayıra qoymağını tələb etmişdir. O, qonşusu Coşqunu divanı götürməyə çağırmış və Coşqun gəldikdə onlar birlikdə evdən divanı götürüb çölə çıxarmışlar. Divanı qapıdan çölə çıxardıqda Vəzifə onu söyməyə davam etmişdir. O, Vəzifəni sakitləşdirmək məqsədi ilə sol qolundan tutub otağa aparmışdır. Bu zaman Vəzifə əlini dartaraq qolunu burmuşdur. O, divanı Coşqunla birlikdə dəhlizə qoyub çıxıb işə getmişdir. Əməlindən peşmandır. Məhkəmədən yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri öz ifadəsi ilə yanaşı aşağıdakılarla da təsdiq olunur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun kürəkənidir. Valeh yaşadıqları evə bir ədəd divan gətirmişdir. 08.08.2021-ci il tarixdə saat təqribən 06:00 radələrində qızına divanı evdən çıxartmağını demişdir. Sonra Valeh gəlib divanı evdən çxartmışdır. Valeh divanı evdən çıxardanda o, Valehi söyməmişdir. Valeh əli ilə onun əlinin üstündən vurub qolunu sındırmış və onu söymüşdür. Bundan sonra o, Valehi söymüşdür. Təqsirləndirilən şəxs ilə barışmamışdır, ona qarşı şikayəti vardır. Məhkəmədən Təqsirləndirilən şəxs qanunamüvafiq cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, 08.08.2021-ci il tarixdə qonşusu Valeh yaşadığı mənzilə gəlib divanı evdən çıxarmağı üçün ona kömək etməsini xahiş etmiş, o, etiraz etməmişdir. O, Vəzifənin yaşadığı evə Valehlə birlikdə daxil olub divanı götürməyə köməklik etmişdir. Bu zaman Valehlə Vəzifənin arasında sözlə mübahisə yaranmış və mübahisə zamanı bir-birlərini söyüb təhqir etmişlər. Bu zaman Valeh divanı əlindən yerə qoyaraq qayınanası Vəzifənin üzərinə hücum edib Vəzifənin qol nahiyəsindən tutub silkələmişdir. Divan onun əlində qalmışdır. Valeh Vəzifədən əl çəkib divanı götürmüş və onlar birlikdə mənzildən çıxmışlar. Vəzifə isə evin digər olağına daxil olaraq qolunun ağradığını qışqıraraq demişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 tərəfindən verilmiş canlı şəxsin ekspertizasının 09.08.2021-ci il tarixli, 685 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs sol mil sümüyünün aşağı 1/3-nin yerdəyişməyən qapalı sınığı olmuşdur. Qeyd edilən xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni 08.08.2021-ci il tarixdə yarana bilər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilir. Lokalizasiya və xarakterlərinə əsasən demək olar ki, xəsarət müxtəlif şəraitdə yarana bilər, o cümlədən kənar şəxs tərəfindən sol said nahiyəsinə əl ilə vurulması, eləcə də sol qolun burulması zamanı yaranması mümkündür, lakin şəxsin öz boyu hündürlüyündən yıxılması və özü tərəfindən özünə yetirməsi nəticəsində alınması inandırıcı deyil. - zərərçəkmiş şəxs qismində tanınma haqqında 14.08.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. - nikah haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs evlidir və himayəsində 10.03.2010-cu il təvəllüdlü Musayeva Səman və 20.10.2012-ci il təvəllüdlü Musayev Məssud adlı 2 uşağı vardır. - 14.09.2011-ci il tarixli, AA seriyalı, 247712 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs məcburi köçkün kimi Ağcabədi rayonunda məskunlaşmışdır. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir. Onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığı üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 13.08.2021ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Laçın Rayon Məhkəməsinin 25.05.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 100 manat miqdarında cərimə cəzasına məhkum edilmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Ağcabədi rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş 27.09.2021-ci il tarixli, 454/11-38-03 nömrəli məktubdan görünür ki, Laçın Rayon Məhkəməsinin 25.05.2011-ci il tarixli, 1(047)-05/2011 saylı hökmü 17.09.2011-ci il tarixdə Laçın rayon İcra Qrupunun icraatına daxil olmuşdur. Məhkum Təqsirləndirilən şəxs təyin olunmuş 100 manat cəriməsini 21.06.2011-ci il tarixdə tam ödəmiş və ödəniş qəbzini Laçın rayon İcra Qrupuna təqdim etmişdir. Məhkum Təqsirləndirilən şəxs üzərində çəkilməmiş cəzası qalmamışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir, bu da Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinə əsasən məhkumluqla bağlı bütün hüquqi nəticələri ləğv edir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməsini, əməlindən peşman olmasını, evli olmasını, himayəsində iki azyaşlı uşağının olmasını, məcburi köçkün olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən ağırlaşdıran hal müəyyən olunmadı. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının 2-ci bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə törədilmiş cinayətin xarakterini, törədilmə şəraitini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs islah olunması üçün barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1.22-ci maddəsində nəzərdə tutulmuş məsələni həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı sadələşdirilmiş icraat materialı üzrə Azərbaycan Respublikası CMnin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair sadələşdirilmiş icraat materialı üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, maddi sübut yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin təhqiqatda iştirak etdiyi müddət 10 iş saatı və məhkəmədə iştirak etdiyi müddət 15 iş saatı, cəmi 25 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.05.2018ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 150 (bir yüz əlli) manat (25x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Duman oğlunun üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Probasiya İdarəsinə həvalə edilsin. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs təhqiqatda 10 saat, məhkəmədə 15 saat, cəmi 25 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 150 (bir yüz əlli) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №1(007)-301/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-301/2021
28.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver