Məhkəmə qərarları › İş №1(007)-301/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-301/2024

09.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-301/2024 09.12.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Qədirli Nigar Aftandil qızının sədrliyi, Cavadov Rüfət Şahverən oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs, müdafiəçisi Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə xx xxxxxxxx 1991-ci il tarixdə anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Beyləqan rayonu, Mil qəsəbəsində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, hal-hazırda barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə edilən əşya tətbiq etməklə sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirməklə müşayiət olunan qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Belə ki, o, 26 iyul 2023-cü il tarixdə saat 14 radələrində idarə etdiyi “Ford Tranzit” marka **-NV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 69 ünvanı istiqamətində hərəkətdə olarkən həmin ünvanda yerləşən “Piknik” adlı restoranın yaxınlığında onunla eyni istiqamətdə öndə hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi “İsuzu” markalı **-JD-*** dövlət qeydiyyat nişanlı 81 nömrəli sərnişin avtobusunun düzgün yerdə saxlanılmaması və onun hərəkətinə mane olması ilə bağlı Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlətməsinə sonuncunun haqlı olaraq ona irad bildirməsini bəhanə edib əvvəlcə idarə etdiyi avtomobili Zərərçəkmiş şəxs idarə etdiyi sərnişin avtobusunun qarşısında saxlayaraq avtobusun hərəkətinə mane olmuş və idarə etdiyi avtomobildən enib həmin avtobusa yaxınlaşaraq sürücü Zərərçəkmiş şəxs avtobusdan düşməsini tələb edərək buna nail olduqdan sonra ictimai yer olan avtomobillərin hərəkəti üçün nəzərdə tutulmuş yolda Zərərçəkmiş şəxsla mübahisə edib öz şəxsiyyətini sonuncunun və digərlərinin şəxsiyyətinin fövqündə qoyaraq ictimai və şəxsi mənafeyə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərərək avtobusda olan sərnişinlərin və ətrafda olan digər şəxslərin narahatlığına səbəb olmaqla idarə etdiyi avtomobildən götürdüyü təyinatı istintaqa məlum olmayan sərt cismi silah qismində istifadə edib həmin əşya və yumruğu ilə qəsdən Zərərçəkmiş şəxs baş və üz nahiyəsinə bir neçə dəfə vuraraq sonuncuya ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid sağ almacıq-qaşüstü nahiyəsinin şişkinlik halında əzilməsi və əzilmiş yarası, sağ ənsə nahiyəsinin sıyrıqlarından ibarət xəsarətlər yetirib qərəqli hərəkətləri ilə xuliqanlıq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 26 iyul 2023-cü il tarixdə Bakı şəhəri Nizami rayonu “Lotos”ticarət mərkəzinin qarşısında avtobus sürücüsü Zərərçəkmiş şəxsla aralarında mübahisə yaranmışdır. Belə ki, Zərərçəkmiş şəxs ümumi istifadədə olan nəqliyyat vasitəsini dayanacaqdan kənarda saxlamış, bu səbəbdən də digər nəqliyyat vasitələrinin hərəkətinə mane olmuşdur. O bununla bağlı özünün idarə etdiyi **-NV-*** “Ford Tranzit” markalı nəqliyyat vasitəsindən avtobusu idarə edən Zərərçəkmiş şəxs öz iradını bildirmiş, Elmir isə haqsız olduğu təqdirdə ona kobud cavab vermişdir. O da Elmirin bu hərəkətindən əsəbləşmiş, nəqliyyat vasitəsini avtobusun arxasınca sürmüş, avtobusu dayandırmış və sürücünün maşından düşməsini tələb etmişdir. Sürücü Zərərçəkmiş şəxs avtobusdan düşdükdən sonra onlar arasında mübahisə başlamış, o yumruqla Zərərçəkmiş şəxs vurmuşdur. Elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək qeyd etmişdir ki, onun əlində silah və ya silah qismində istifadə oluna biləcək hər hansısa əşya olmamışdır. O zərərçəkmişi yumruğu ilə vurmuşdur. Ola bilsin ki, zərərçəkmiş şəxs onun barmağında olan üzüyün təsirindən xəsarət almışdır.Hal-hazırda Zərərçəkmiş şəxsla barışıq əldə etmiş, ona dəymiş zərəri tam ödəmişdir. Qeyd olunanların məəhkəmə tərəfindən nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs çıxış edərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, “Lotos” tivarət mərkəzinin qarşısında onunla Təqsirləndirilən şəxs ilə arasında onun Təqsirləndirilən şəxs yol verməməsi səbəbindən mübahisə yaranmış, daha sonra Təqsirləndirilən şəxs onun idarə etdiyi avtobusun qarşısını kəsmiş və onun avtobusdan düşməsini tələb etmişdir. Mübahisə zamanı Təqsirləndirilən şəxs onu yumruqla vurmuş, o da zərbənin təsirindən xəsarət almışdır. Lakin Təqsirləndirilən şəxs əlində heç bir silah və ya silah qismində istifadə oluna biləcək əşya olmamışdır. Hal-hazırda təqsirləndirilən şəxslə barışmış, ona dəymiş zərər tam ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı hər hanısa şikayət və tələbi yoxdur. Qeyd olunanların məhkəmə tərfindən nəzərə alınmasını xahiş etdi. Son olaraq ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənildiyini və ona qarşı heç bir şikayət və tələbinin olmadığını, aralarında barışıq əldə olunduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid Bisutin oğlu çıxış edərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə “Lotos” ticarət mərkəzinin qarşısında onun sərnişin qismində əyləşdiyi avtobusun sürücüsü ilə digər nəqliyyat vasitəsinin sürücüsü arasında sözlə mübahisə yaranmışdır. Daha sonra digər nəqliyyat vasutəsinin sürücüsü özünün idarə etdiyi nəqliyyat vasitəsini avtobusun qarşısında saxlayaraq yolu kəsmiş, sürücünün maşından düşməsini tələb etmişdir. Avtobusun sürücüsü avtobusdan düşdükdən sonra aralarında mübahisə daha da dərinləşmiş və digər şəxs adını sonradan bildiyi Təqsirləndirilən şəxs avtobus sürücüsünü vuraraq ona xəsarət yetirmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, o Təqsirləndirilən şəxs əlində silah və ya digər əşya görməmişdir. Onlar arasında yaranmış mübahisə anidən davaya çevrilmiş, sonradan adamlar toplaşaraq onları ayırmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3-Təcrübi və Tədris Birliyi” canlı şəxsin məhkəmə-tibbi ekspertizası ilə bağlı xx.xx.2023-cu il tarixli, 717 nömrəli rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – sağ almacıq qaşüstü nahiyyəsinin şişkinlik halında əzilməsi və əzilmiş yarası, sağ ənsə nahiyyəsinin hematoması, sağ qulaqarxası və sağ təpə nayihələrinin sıyrıqları dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarında olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri Nizami rayonu, Qara qarayev prospekti avtomobil yolunun kənarıdır. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən Təqsirləndirilən şəxs qismən etirafedici ifadəsinə, zərər çəkmiş şəxsin və şahid ifadəsinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar mövcud deyildir. Lakin məhkəmə törədilən əməlin tövsifi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə ittihamın Təqsirləndirilən şəxs əməlinin CM-nin 221.3-cü maddəsi ilə tövsif edilməsi hissəsi ilə razılaşmır. Belə ki, Təqsirləndirilən şəxs “silah” tətbiqi məsələsi ittihamda belə qeyd edilmişdir: “avtomobildən götürdüyü təyinatı istintaqa məlum olmayan “sərt cismi” silah qismində istifadə edib həmin əşya və yumruğu ilə qəsdən Zərərçəkmiş şəxs baş və üz nahiyyəsinə bir neçə dəfə vuraraq sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirib qərəzli hərəkətləri ilə xuliqanlıq etmişdir.Lakin məhkəmə araşdırması zamanı iş üzrə təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahid ifadə verərək S Hacıyevin əlində silah görmədiklərini, onu yumruqla vurduğunu bildirmişlər. Belə ki, baş vermiş hadisənin hər üç iştirakçısının təqsirləndirilən şəxsin əlində silahın olmaması ilə bağlı verdiyi ifadəni məhkəmə qiymətləndirərək belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən işin halları kifayət qədər araşdırılmamış, gəldiyi nəticə əsassız olmaqla təqsirləndirilən şəxsin əməlinə düzgün hüquqi qiymət verilməmiş, X2 əməli qeyd olunan maddənin bəndi ilə düzgün tösif edilməmişdir. İlk növbədə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasına əsasən, şəxsin xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşaiyət edilən qərəzli hərəkətlər etməsi bu şəxsin qeyd edilən maddə ilə cinayət məsuliyətinə cəlb edilməsinə səbəb olur. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanunu ilə CM-nə edilmiş dəyişikliyə görə, CM-nin 221.3-cü maddəsi aşağıdakı yeni redaksiyada verilmişdir: “Bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Hazırkı iş üzrə təqsirləndirilən şəxsin silah və ya silah qismində istifadə olunan əşyadan istifadə etməklə qeyd olunan əməli törətməsi öz təsdiqini tapmır. Belə ki, baş vermiş hadisə nəticəsində xəsarət almış zərərçəkmiş şəxs və şahid təqsirləndirilən şəxslə eyni məzmunlu ifadə verərək əlində silahın olmadığını vurğulamışlır. Həmçinin maddi sübut qismində tanınmalı olan “sərt cismin” mövcud olmamasını nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 221.3-cü maddəsinin tərkibini yaratmır. CM-nin 221.3-cü maddəsinin məzmunundan görünür ki, şəxsin CM-nin 221.3-cü maddəsi ilə məsuliyyətə cəlb edilməli olması haqqında nəticəyə gəlmək, yəni törədilmiş əməlin göstərilən maddə ilə tövsif edilməsi üçün aşağıdakı üç halın birgə mövcudluğu müəyyən edilməlidir: - əməlin xuliqanlıq cinayətinin əlamətlərini özündə ehtiva etməsi (CM-nin 221.1-ci maddəsi), yaxud xuliqanlığın tövsifedici əlamətlərlə törədilməsi (CM-nin 221.2-ci maddəsi); - belə əməllərin törədilməsi zamanı silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməsi; - şəxsin 2-ci bənddə göstərilən əşyalardan istifadə etməklə zərər çəkmiş şəxsə zor tətbiq etməsi, yaxud özgənin əmlakını məhv etməsi və ya zədələməsi. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli Qərarının 2-ci bəndinə əsasən ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür; 8-ci bəndinə əsasən xuliqanlıq hərəkətlərinin odlu silah, soyuq silah, habelə silah qismində istifadə edilə bilən əşyaların tətbiqi və yaxud tətbiqinə cəhd edilməsi, təqsirkar şəxsin əməlinin CM-in 221.3-cü maddəsi ilə tövsüf edilməsi üçün əsasdır; 9-cu bəndinə əsasən xüsusilə qərəzli xuliqanlığa görə məsuliyyət nəzərdə tutan CM-in 221.3-cü maddəsinin mənasına görə silah dedikdə hücum və ya müdafiə üçün uyğunlaşdırılmış texniki cəhətdən yararlı olan vasitələrin məcmuyu başa düşülür. Burada cinayət qanunu ilə qadağan edilib-edilməməsindən asılı olmayaraq, zavodda və ya kustar üsulla hazırlanmış odlu və soyuq silah, həmçinin qaz silahı aid edilir. Digər əşyalar dedikdə isə silah olmayan, lakin silah kimi istifadə edilə bilən predmet (dəyənək, kərpic, dəmir çubuq, zəncir, çəkic və s.) başa düşülür. Bununla da məhkəmə qeyd edir ki, tövsiflə bağlı yuxarıda qeyd edilənlərə əsasən Təqsirləndirilən şəxs əməlində CM-nin 221.3-cü maddəsinin tərkib əlamətləri yoxdur, onun əməlində CM-nin 221.1 maddəsinin tərkib əlamətləri olduğundan, onun əməli həmin maddəyə tövsif edilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir AR-sı CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin onunla barışmasını, ona dəymiş zərərin tam ödənilməsini və sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını, törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə Təqsirləndirilən şəxs aşağı həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə, CM-in 56.1.2-ci maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmişdir. xx.xx.2024-cü il tarixdə yenidən şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Nizami rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində axtarış elan olunmaqla həbs qətimkan tədbiri seçilmişdir. AR-sı PX 3 saylı X1 rayon məhkəməsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktuba əsasən müəyyən edilir ki, təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə tutulmuş və saxlanılması üçün 3 saylı istintaq təcridxanasına təhvil verilmişdir. Təqsirləndirilən şəxs hal-hazıradək həbsdədir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, məhkəmə xərcləri və mülki iddia yoxdur. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin Məcəllənin 221.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq zamanı şübhəli şəxs qismində saxlanıldığı 4 gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzadan çıxılsın və üzərində qəti olaraq 02 ay 26 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 04 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 ödənilmək üçün 270 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 06 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar