Məhkəmə qərarları › İş №1(007)-302/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-302/2023

11.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-302/2023 11.05.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi X2, Məhkəmə iclasının katibi: X3, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1994-cü ildə Naxçıvan MR, ünvan 1ində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Naxçıvan MR, ünvan 1i ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 6,891 qram narkotik vasitə qurudulmuş marixuana əldə edib üzərində daşıyaraq saxlamış, xx.xx.2022-ci il tarixdə, saat 18:30 radələrində, Bakı şəhəri, Nizami RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Bakı şəhəri Nizami rayonu Nəsimi küçəsi 50 saylı binanın qarşısında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev 127 ünvanında yerləşən Nizami RPİ-nə gətirilmiş, idarədə xidməti otaqlarının birində üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli cins şalvarın sol yan cibindən 01 ədəd sellofan bağlamada təmiz çəkisi 6,891 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, təxminən 1 il olar ki, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. xx.xx.2022-ci il tarixdə saat 18 radələrində üzdən tanıdığı, lakin şəxsiyyəti ona məlum olmayan şəxsdən öz istifadəsi üçün ünvan 5 ünvanın qarşısında 50 manata sellofan bükülüdə qurudulmuş marixuana almış, həmin gün saat 18:30 radələrində Nizami rayonu, Nəsimi küçəsi 50 ünvanında olan zaman mülkİ geyimdə iki nəfər ona yaxınlaşaraq polis əməkdaşı olduğunu bildirdikdən sonra, onu sorğu-sual edib şəxsiyyəti ilə maraqlanmış, daha sonra onu Nizami RPİ-nə dəvət etmişlər. O, təklifi qəbul edərək Nizami RPİ-nə gedən zaman yolda ona diqqət yetirdikləri üçün cibində saxladığı narkotik vasitəni tullaya bilməmiş, idarədə o, şübhəli şəxs qismindən tutulduqdan sonra ona hüquqları izah edilərək müdafiəçi ilə təmin edildikdən sonra onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla dövriyyəsi qadağan edilmiş maddə, yaxud predmet olduğu halda təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra o, həmin vaxt əynində olan şalvarının cibindən 01 ədəd şəffaf sellofan bükülünü təqdim edib içərisindəkinin qurudulmuş marixuana olduğunu, şəxsi istifadəsi üçün tanımadığı şəxsdən 50 manat müqabilində aldığını bildirmişdir. Şəxsi axtarış zamanı onun üzərindən başqa qanunla dövriyyəsi qadağan edilmiş maddə, yaxud predmet aşkar edilməmişdir. Onun üzərindən aşkar edilmiş narkotik vasitə qablaşdırılmış və imzalarla təsdiq edilmişdir. İlk dəfə cinayət törətməsini və əməlindən səmimi peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2022-ci ildən isə Bakı şəhəri Nizami RPİ-nin NMB-də baş əməliyyat müvəkkili vəzifəsində çalışır. xx.xx.2022-ci il tarixdə xidmətdə olan zaman bölməyə daxil olmuş məlumatda Bakı şəhəri, Nizami rayon ərazisində “Elmar” adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması bildirilmişdir. Eyni tarixdə onun və Nizami RPİ-nin Cinayət Axtarış Şöbəsinin Cinayət Axtarış üzrə kiçik inspektor Şahid2 iştirakı ilə yaradılmış əməliyyat qrupu tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində xx.xx.2022-ci il tarixdə saat 18:30 radələrində Nizami rayonu, ünvan 6 ünvanın qarşısında zahiri əlamətlərinə görə “Elmar” adlı şəxsə uyğun olan bir nəfər müəyyən edilmişdir. Həmin şəxsə yaxınlaşıb özlərini təqdim etdikdən sonra narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib Nizami RPİ-nə dəvət etmişlər. İdarədə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün dövlət hesabına vəkil dəvət edilərək hüquq və vəzifələri izah edilmişdir. Sonra təhqiqatçı tərəfindən onun, Şahid2 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qadağan edilmiş narkotik vasitə, yaxud psixotrop maddə olduğu halda könüllü təqdim etməsi təklif olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının sol yan cibindən 01 ədəd şəffaf sellofan bükülünü təqdim edərək içərisindəkinin narkotik vasitə qurudulmuş marixuana olduğunu, tanımadığı şəxsdən 50 manata aldığını bildirmişdir. Həmin bükülü təhqiqatçı tərəfindən götürülərək qablaşdırılmış və baxışın nəticəsinə dair protokol tərtib edilərək onların tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişlər. Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı diskə məhkəmədə baxış keçirilərkən İttiham aktında göstərilən cinayət əməlinin törədilməsi təsdiq edilir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2022-ci il tarixli, 7/1223 № saylı ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “Tədqiqata təqdim olunmuş üzərində “Vət.Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd bükümdə olan maddə” yazıları və imzalar olan 1 (bir) ədəd sellofan bağlamada təmiz çəkisi - 6,891 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Amblator X1 xx.xx.2023-cü il tarixli 691 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və Kannabinoidlərin birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Bununla da təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. İş materiallarında olan AR DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. Məhkəmə təqsirləndirilən şəxsin ilk dəfə cinayət törətməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Həmçinin Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə axtarışda olan şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə barəsində “həbs” qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilmiş, həmin tarixdə də barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Beləliklə o, ibtidai istintaq dövründə 04 gün müddətinə tutulmuşdur. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan narkotik vasitənin qalığı məhv edilməli, şəxsin üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 05 ay (beş ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 04 gün müddət ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 04 ay 26 gün (dörd ay iyirmi altı gün) müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli hökm çıxarıldığı andan, yəni 11 may 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin və saxlanması üçün Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 72 manat (yetmiş iki manat) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Nizami rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 6,871 qram olan kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 180 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar