Məhkəmə qərarları › İş №1(007)-302/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-302/2025

23.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-302/2025 23.07.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1997-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, "xxxx" MMC-də mühafizəçi işləyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 08 oktyabr 2024-cü il tarixdə, saat 17:21 radələrində mühafizəçi işlədiyi Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 37C nömrəli ünvanda yerləşən “Şassi” avtomobil ehtiyat hissələri satılan mağazasının qarşısında həmin mağazada avtomobillərin parklanmasına nəzarət edən Zərərçəkmiş şəxs mobil telefonuna sonuncunun xahişinə əsasən musiqi yükləyən zaman mobil telefonun “Qalereya” bölməsində Zərərçəkmiş şəxs məxsus “Pasha bank”a aid 5402 6919 5406 0777 kart nömrəsinin şəkilini görüb hesabda olan pul vəsaitini gizli olaraq talamaq məqsədilə "Pasha bank”a aid kartın nömrəsini “Cavid Abdullayev” kimi qeydiyyatdan keçdiyi “misli.az” mərc oyununda şəxsi kabinetinə daxil etmiş, Zərərçəkmiş şəxs məxsus mobil telefona SMS vasitəsi ilə gələn 4 rəqəmli təhlükəsizlik kodunu “misli.az” şəxs kabinetinə daxil edib informasiya texnologiyalarından istifadə edərək 1000 manat pulu “misli.az” mərc oyununda şəxsi kabinetinə köçürməklə Zərərçəkmiş şəxs məxsus 1000 manat pul vəsaitini elektron məlumat daşıyıcısından istifadə etməklə gizli olaraq talayıb, Zərərçəkmiş şəxs 1000 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2024-cü ilin sentyabr ayından Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 37C ünvanında yerləşən “Şassi” avtomobil ehtiyat hissələri mağazasında mühafizəçi kimi işə düzəlmiş, həmin mağazanın qarşısında avtomobillərin parklanmasına nəzarət edən Zərərçəkmiş şəxsla tanış olmuş və onların münasibəti yaranmışdır. 08 oktyabr 2024-cü il tarixdə işdə olduğu zaman saat 17 radələrində Zərərçəkmiş şəxs ona yaxınlaşaraq onun mobil telefonuna sosial şəbəkədən mahnılar yükləməsini istəmiş, o, Zərərçəkmiş şəxs razılıq vermiş və Zərərçəkmiş şəxs özünə məxsus Redmi markalı telefonu ona vermişdir. O, Zərərçəkmiş şəxs mobil telefonunda sosial şəbəkədən mahnı yükləyən zaman mobil telefonda olan “Qalereya” bölməsinə girmiş və onun adına olan “Pasha bank”a aid plastik kart şəkli olduğunu görmüş, həmin vaxtı Zərərçəkmiş şəxs ondan aralandığı üçün o, tez həmin kartın üzərində olan 16 rəqəmli nömrəni öz mobil telefonunda olan “Misli.az” futbol mərc oyununa girib yazaraq telefona gələn təhlükəsizlik kodunu öz mobil telefonunda olan “Misli.az” futbol mərc oyunda daxil edərək 1000 manat pulu mərc oyununa köçürmüşdür. Hazırda zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəmiş, onunla barışıq əldə etmişdir. Zərərçəkmiş şəxsin ondan şikayət və tələbi yoxdur. Törətmiş olduğu əməli səmimi etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, ziyanın tam ödənilməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, həmçinin müharibə iştirakçısı olmasını nəzərə alaraq, barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs məhkəməyə teleqram ünvanlayaraq bildirmişdir ki, məhkəmə iclasında iştirak edə bilməyəcək, Təqsirləndirilən şəxs heç bir şikayəti yoxdur, vurduğu ziyan ona ödənilmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Ağdaş rayonu, X4 küçəsi, ev 18, mənzil 12-də qeydiyyatda olsa da, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Həsənbəy Ağayev küçəsi, ev 15, mənzil 80-də ailəsilə birlikdə kirayə yaşayır. O, 1984-cü il tarixdə Ağdaş şəhərində yerləşən 9 nömrəli orta məktəbin 8-ci sinifini, 1984-1987-ci illərdə Ağdaş şəhərində yerləşən Peşə Texniki məktəbini bitirmiş və 1988-1990-cı illərdə həqiqi hərbi xidmət etmişdir. 01 may 2024-cü il tarixdən o, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 37C ünvanında yerləşən “Şassi” avtomobil ehtiyat hissələri mağazasında parklanma mühafizəçi kimi işə düzəlmiş və 1-ci gündən 6-cı günə kimi saat 09-dan saat 19-a kimi işləyirmiş. O, maaşını iş yerindən verilmiş “Pasha bank” kart vasitə ilə alırmış. "Şassi” avtomobil ehtiyat hissələri mağazasında Nazir, Xalid və digərləri mühafizəçi kimi işləyirlər. 08 oktyabr 2024-cü il tarixdə saat 09:00-da “Şassi” avtomobil ehtiyat hissələri mağazasında parklanma mühafizəçi kimi işə çıxmış, həmin günü saat 17 radələrində “Şassi” avtomobil ehtiyat hissələri mağazanın qarşısında o, mühafizəçi işləyən Təqsirləndirilən şəxs yaxınlaşmış və ona demişdir ki, onun mobil telefonuna sosial şəbəkdən mahnılar yükləyə bilər ? Təqsirləndirilən şəxs ona razılıq vermiş və o, özünə məxsus Redmi markalı mobil telefonu Təqsirləndirilən şəxs vermişdir. O, mobil telefonunun "Qalereya” bölməsində özünə məxsus “Pasha bank” aid maaş kartın şəkilini çəkib saxlayırmış. Bir neçə dəqiqədən sonra Təqsirləndirilən şəxs ona mobil telefonunu qaytarmış və demişdir ki, istədiyin mahnıları mobil telefona yüklədi. 09 oktyabr 2024-cü il tarixdə saat 08 radələrində o, Bakı şəhəri. Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Bazar store” marketinə getmiş və özünə məxsus “Pasha bank” aid maaş kartını terminala daxil edib 20 manat çıxarmaq istəyirmiş, ancaq o, 10 manat çıxara bilmişdir. Bundan sonra o, iş yerinə gəlmiş, iş yerində olan zaman mobil telefonda olan “Pasha bank” aid mobil tətbiqə girmiş və görmüşdür ki, 08 oktyabr 2024-cü il tarixdə saat 17:21-də 1000 manat pul vəsaiti “Misli.az” futbol mərc oyununa köçürülmüşdür. Bundan sonra o, "Pasha bank”a zəng vurub soruşmuşdur ki, onun kart hesabından kimsə 1000 manat pul vəsaitini “Misli.az” futbol mərc oyununa köçürmüşdür. Bank işçisi ona məsləhət görmüşdür ki, polis orqanına məlumat ver. Bundan sonra o, Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cti Polis şöbəsinə gedib kart hesabından naməlum şəxsin 1000 manat pul vəsaiti “Misli.az” futbol mərc oyununa köçürməsi barədə ərizə ilə müraciət etmiş və bu barədə izahat yazmışdır. 2024-cü ilin oktyabr ayının axırları onu Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 23-cü Polis bölməsinə dəvət etmişlər və ona bildirmişlər ki, 13-cü Polis şöbəsinə etdiyin müraciət burada araşdırılacaq və o, baş vermiş hadisə ilə əlaqədar izahat yazmışdır. Zərərçəkmiş şəxs ifadəsinə əlavə olaraq qeyd etmişdir ki, 08 oktyabr 2024-cü il tarixdə Redmi markalı mobil telefonu Təqsirləndirilən şəxs başqa kimə verməmiş, ona məxsus Redmi markalı mobil telefonda olan “Pasha bank” aid mobil tətbiqdən 1000 manat pul vəsaiti “Misli.az” futbol mərc oyununa köçürülmüşdür. Onun kart hesabında 1019 manat var imiş, 1000 manat "Misli.az” futbol mərc oyununa köçürüldükdən sonra 19 manatı özü çıxartmışdır. İş materiallarında olan 28 oktyabr 2024-cü il tarixdə Zərərçəkmiş şəxs təqdim etdiyi “Pasha Bank” mobil tətbiqində son əməliyyatların çıxarışının surətindən görünür ki, 08 oktyabr 2024-cü il tarixdə, saat 17:21-də "MİSLİ.AZ AZERLOTEREYA” hesabına 1000 manat köçürülmüşdür. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 26 noyabr 2024-cü il tarixli, Al-05/09-6/296 nömrəli məktubundan görünür ki, 08 oktyabr 2024-cü il tarixdə 5402 6919 5406 0777 nömrəli “Paşa Bank” Açıq Səhimdar Cəmiyyəti tərəfindən buraxılmış bank kartından 1000 manat vəsaiti aşağıdakı şəxs tərəfindən açılmış “misli.az” şəxsi kabinetinə köçürülmüşdür: “ad və soyad: Cavid Abdullayev, doğum tarixi: xx.xx.1995, mobil telefon: ***-***-**-** nömrəsi, Email: mailto:cavid.cavid.94.cavid@mail.ruElektron ünvan ”. Hesabı təsdiq etmək üçün ad və soyadla üst-üstə düşməyən şəxsiyyət vəsiqələri, o cümlədən Təqsirləndirilən şəxs adlı şəxsin (şəxsiyyət vəsiqəsi № AA 3898643) şəxsiyyət vəsiqəsi göndərildiyi üçün hesab təsdiqlənməmişdir. Cari balans 0,11 manatdır. Şəxsi kabinet onu açan şəxs tərəfindən müddətsiz dondurulmuşdur. İş materiallarında olan 28 noyabr 2024-cü il tarixli “vurulmuş ziyanın ödənilməsi haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs dəymiş ziyana görə 1000 manat ödənilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs 15 fevral 2025-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan, yəni 1000 manat ödənildiyinə görə ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə, təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də, Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 177.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalətli, qanunauyğun və humanizm prinsiplərinə uyğun hesab edir. Çünki cəza təyin edilərkən ədalət və humanizm prinsiplərinə əməl edilməli olduğundan, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamı və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyyələr nəzərə alınmalıdır. Qeyd edilən Sərəncamdan da görünür ki, təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddi ziyanla bağlı mülkiyyət əlehinə olan hazırkı cinayət əməlləri üzrə vurulmuş ziyan tamamilə ödənildikdə azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi, həm “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyyələri, həm də yüngülləşdirici hallar olduğundan sanksiyada nəzərdə tutulmuş daha yüngül növdə cəza təyin edilməlidir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmin Sərəncamın 10.3-cü bəndinə əsasən cəza siyasətinin humanistləşdirilməsi məqsədilə törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunmasına dair qanun layihələrinin hazırlanmasına dair Sərəncamda göstərilən dövlət qurumlarına tövsiyyə və tapşırıqlar verilmişdir. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, daha ciddi cəzanın təyin edilməsinin müzakirə olunması üçün əsaslar da yoxdur. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, ilk növbədə daha ciddi cəzanın təyin edilməsi məsələsinin müzakirəsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Plenum Qərarının 3-cü bəndində də müəyyən edildiyi kimi böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət üzrə əgər ağırlaşqdırıcı hallar yoxdursa, onda məhkəmə yalnız cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq ilk növbədə təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməsi də CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına uyğun olmaz. Çünki həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarına, CMnin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına əsasən təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma da aparıla bilmir. Çünki azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetimə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Beləliklə, hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CMnin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeyinə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. İş materiallarında olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 29 oktyabr 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1 və 185.2.2-ci maddələri ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində CM-nin 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 02 il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmiş və cəzası başa çatmışdır. AR CM-nin 83.3.1-ci maddəsinin tələbinə əsasən şərti məhkum edilmiş şəxslər barəsində sınaq müddəti başa çatdıqda, çəkilməmiş əlavə cəzası olduğu hallarda isə həmçinin əlavə cəza icra olunub qurtardıqda məhkumluq ödənilmiş hesab olunur. AR CM-nin 18.4.3-cü maddəsinin tələbinə əsasən bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar cinayətin residivinin müəyyən edilməsi zamanı nəzərə alınmır. İş materiallarında olan İ-2286 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. İş materiallarında olan İ-1444 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs “Laçının azad olunmasına görə” medalı ilə təltif edilmişdir Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayəti etiraf edib, əməlindən səmimi peşman olmasını, əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı mülkiyyət əlehinə olan hazırkı cinayət işi üzrə zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın tamamilə ödənilməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, həmçinin “X2” iştirakçısı olmasını, göstərdiyi şücaətə görə “Laçının azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 20:00-da faktiki olaraq tutularaq azadlığı məhdudlaşdırılmış, xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Beləliklə o, ibtidai istintaq dövründə faktiki olaraq 02 gün müddətinə - xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia, maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 01 il 06 ay (bir il altı ay ) müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı şübhəli şəxs qismində tutulduğu 02 gün müddət (01 gün həbsdə olma müddəti 02 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla) ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 01 il 05 ay 26 gün (bir il beş ay iyirmi altı gün) müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası onun yaşayış yeri üzrə Probasiya Şöbəsinə həvalə edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs oğlunun üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 232 (iki yüz otuz iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar