Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-305/2023 27.07.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Səfərov Rəşad Ramazan oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, müdafiəçi – Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs – xx.xx.1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2ayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 23 fevral 2023-cü il tarixdə saat 10-11 radələrində Xətai rayonu, “Əhmədli” qəsəbəsində şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 1,123 qram olan narkotik vasitə heroini 20 manat pul ödəməklə əldə edib üzərində saxlamaqla daşımış, 23 fevral 2023-cü il tarixdə saat 15:05 radələrində Nizami RPİ-nin 24-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı ünvan 3 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 81B ünvanında yerləşən Nizami RPİ-nin 24-cü PŞ-nin inzibati binasına gətirilmiş, xidməti otaqların birində üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 1,123 qram olan, qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə baxışında özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş ittihamla təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 10-11 radələrində “Əhmədli” qəsəbəsi yaxınlığında üzdən tanıdığı şəxslə görüşərək 20 manat pul müqabilində öz istifadəsi üçün “kakos” kimi tanıdığı narkotik vasitə “heroin” almış və üzərində saxlamışdır. Metronun “Neftçilər” stansiyasının yaxınlığından keçən zaman, saat təxminən 15 radələrində 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşıb xidməti vəsiqələrini təqdim edib, polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları onun narkotik vasitələrin istifadə və daşınmasında şübhəli olduğunu izah etdikdən sonra onu Nizami RPİ-nin 24-cü PŞ-nə dəvət etmişlər. Polis şöbəsində xidməti otaqların birində üzərinə şəxsi axtarış aparılan zaman üzərində olan qeyri-qanuni əşyaları təqdim etməsi təklif olunmuşdur. O, əynindəki qara rəngli cins şalvarın sağ yan cibində saxladığı 01 ədəd şəffaf sellofan bükümü təqdim edərək həmin bükümün içərisində olan maddənin narkotik vasitə kimi tanınan “kakos” olduğunu və 20 manata tanımadığı şəxsdən aldığını bildirmişdir. Əməlindən peşmandır. Məhkəmədən yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri öz ifadəsi ilə yanaşı aşağıdakılarla da təsdiq olunur. Məhkəmə baxışında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞnin cinayət axtarışı üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, 23 fevral 2023-cü il tarixdə Nizami RPİ-nin 24-cü PŞ-nə Nizami rayonu ərazisində “Sərxan” adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin istifadəsi və dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin tarixdə ünvan 3 ünvanının yaxınlığında, saat 15:05 radələrində özünü şübhəli aparan, xarici görünüşcə “Sərxan” adlı şəxsə oxşar bir şəxsin piyada gəldiyi müəyyən edilmişdir. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Həmin şəxs əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edilmiş və hava şəraiti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınmaqla Nizami RPİ-nin 24-cü PŞ-nə gətirilmişdir. Nizami RPİ-nin 24-cü PŞ-nin inzibati binasının xidməti otaqlarının birində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsindən və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş kütləni çıxararaq təqdim etmiş və həmin kütlənin “kakos” kimi tanıdığı narkotik vasitə olduğunu, 23 fevral 2023-cü il tarixdə Xətai rayonu ərazisindən 20 manata tanımadığı şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirmişdir. İş üzrə şahidlər Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2 və Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin təhqiqatçısı, polis kapitanı Şahid3 məhkəməyə ərizə ilə müraciət edərək istintaqda verdikləri ifadələrini təsdiq etdiklərini, əlavələrinin olmadığını bildirmişlər. İş üzrə şahidlər Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2 və Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin təhqiqatçısı, polis kapitanı Şahid3 istintaqda Şahid1 ilə oxşar məzmunda ifadə vermişlər. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. - şübhəli şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli olduğuna görə tutulmuşdur. - şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə Nizami RPİ-nin 24-cü PŞ-nin xidməti otaqlarının birində şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs üzərinə videoçəkilişdən istifadə edilməklə polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş, içərisində tünd qəhvəyi rəngli, spesifik iyə malik olan kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin kütlənin “kakos” kimi tanıdığı narkotik vasitə olduğunu, 23 fevral 2023-cü il tarixdə Xətai rayonu ərazisindən 20 manat pul müqabilində tanımadığı şəxsdən aldığını və şəxsi istifadə üçün üzərində gəzdirdiyini bildirmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş materialların məhkəmə ekspertizasının xx.xx.2023-cü il tarixli, 6/1106 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №164” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs” sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 1,123 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. - vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında və qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2023-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə İŞ-nin müstəntiqi C.Sadıqovun vəsatətinin müdafiə edilməsindən imtina edilmiş, həbsdən azad edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. - maddi sübut kimi tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, 23 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 1,123 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin iş üzrə maddi sübut kimi tanınmış və tədqiqata 0,05 qram sərf olunduqdan sonra 1,073 qram qalığı saxlanılması üçün Nizami RPİ-nin maddi sübutların saxlanc kamerasına təhvil verilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 X3-Narkoloji tibbi yoxlamanın xx.xx.2023-cü il tarixli, 1147 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə siyahıların təsdiq edilməsi haqqında “Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən dərman preparatı kimi beynəlxalq adı “Heroin” olan maddə narkotik vasitəsidir, onun 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroin əldə edib saxlaması özünün, şahidlərin ifadələri, həmçinin cinayət işinin materiallarındakı digər sənədlərlə tamamilə sübuta yetirildi. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığından Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə cəzası 02 il 09 aya endirilmiş, xx.xx.2018-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir, bu da Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinə əsasən məhkumluqla bağlı bütün hüquqi nəticələri ləğv edir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli etiraf etməsini, əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, qəsdin əsas obyektini əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər, əlavə obyektini isə ictimai təhlükəsizlik, dövlət idarə və müəssisələrin normal fəaliyyətini təmin edən ictimai münasibətlər, konkret insanın-fərdin sağlamlığı təşkil etməsini nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmaqla barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 2 gün həbsdə saxlanılması həbsdə saxlamanın bir gününü azadlıqdan məhrum etmənin bir gününə hesablayaraq nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən az ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilir. Ona görə də, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1.19 - 346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilməli, məhkəmə iclas zalından dərhal həbs edilməli; barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli; Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən iş üzrə maddi sübut olan və Bakı şəhəri Nizami RPİ-də saxlanılan 1,073 qram narkotik vasitə - heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv olunmalı; Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan 65 (altmış beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iştirak etdiyi müddət 36 iş saatı müddətinə bərabər olduğundan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 216 (iki yüz on altı) manat (36x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 2 gün həbsdə saxlanılması nəzərə alınmaqla həbsdə saxlamanın bir gününü azadlıqdan məhrum etmənin bir gününə hesablayaraq üzərində 9 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilsin və məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olan və Bakı şəhəri Nizami RPİ-də saxlanılan 1,073 qram narkotik vasitə - heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə məsrəfi olan 65 (altmış beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına keçirilsin. Təqsirləndirilən şəxs 36 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 216 (iki yüz on altı) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №1(007)-305/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-305/2023
27.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver