Məhkəmə qərarları › İş №1(007)-306/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-306/2023

27.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-306/2023 27.07.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Səfərov Rəşad Ramazan oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, zərərçəkmiş şəxsin nümayəndəsi – İbrahimova Hicran Şahvələt qızının, müdafiəçi – Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs – xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində axtarış elan edilmiş, barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilmiş və həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2023-cü il tarixdə tutulmuş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmək yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs Gürcüstan dövlətindən BMW X5 markalı avtomobil gətirəcəyi barədə yalan vəd verib aldadaraq 01 sentyabr 2022-ci il tarixdə saat 20 radələrində ünvan 3 ünvanında yerləşən “Xanbağı" restoranının qarşısında Zərərçəkmiş şəxs 5000 manat pulunu alıb ələ keçirməklə Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona elan olunmuş Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsində nəzərdə tutulmuş ittihamla təqsirli bilərək göstərmişdir ki, avtomobil alışı və satışı ilə məşqul olduğu üçün 01 sentyabr 2022-ci il tarixdə Günel adlı tanışı onunla əlaqə saxlayaraq bildirmişdir ki, onun qeyri-rəsmi ər-arvad münasibətində yaşadığı İbrahim adlı şəxs Gürcüstan Respublikasından özünə avtomobil gətirmək istəyir. İbrahim adlı şəxs mobil telefon vasitəsi ilə onunla əlaqə saxlamış və onlar bir qədər danışdıqdan sonra həmin gün saat 20 radələrində “Xanbağı” restoranının qarşısında görüşmüşlər. İbrahim “BMW X5” markalı, 2008-ci il modelli avtomobil gətizdirmək istədiyini bildirmişdir. O, bildirmişdir ki, avtomobili 15 günə Bakı şəhərinə 16000-17000 manata gətirmək olar, lakin ilkin olaraq 5000 manat lazımdır, qalan pul isə avtomobil Bakı şəhərinə gəldikdən sonra veriləcəkdir. İbrahim onunla razılaşmış və üzərində gətirdiyi puldan 5000 manat sayaraq ona vermişdir. Lakin pula ehtiyacı yarandığından avtomobili gətirə bilməmiş və pulu özünə sərf etmişdir. 20 sentyabr 2022-ci il tarixdə axşam saatlarında İbrahimdən aldığı 5000 manat pulun 1000 manatını İbrahimə qaytarmış və bildirmişdir ki, tez bir zamanda qalan pulu da verəcəkdir. Hal-hazırda zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəmişdir, zərərçəkmiş şəxslə barışmışdır. Məhkəmədən barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri öz ifadəsi ilə yanaşı aşağıdakılarla da təsdiq olunur. xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Günel adlı tanışı vasitəsilə tanımışdır. O, Günelin verdiyi mobil nömrəyə zəng edib Əlimirzə adlı şəxslə Nizami rayonu, Çobanzadə küçəsində yerləşən restoranın qarşısında görüşüb avtomaşın alqı-satqısı barədə təxminən 10-15 dəqiqə söhbət etmişdir. Söhbət zamanı Əlimirzə ona Gürcüstan Respublikasından “BMW X5” markalı avtomaşın gətirmək üçün 5000 manat pul lazım olduğunu demişdir. O, da Əlimirzəyə inanaraq üstündə olan 5000 manat pulu Əlimirzəyə vermişdir. Əlimirzə bildirmişdir ki, 18 sentyabr 2022-ci il tarixdə avtomobili gətirib ona təhvil verəcək. Əlimirzənin söz verdiyi 18 sentyabr 2022-ci il tarixdə avtomobili gətirmədiyini görüb sonuncu ilə əlaqə saxladıqda ondan aldığı 5000 manat pulu kart hesabına köçürəcəyini bildirsə də, bundan 3-4 gün sonra Əlimirzə onun kartına 1000 manat pul köçürmüş, lakin qalan 4000 manat pulu qaytarmamışdır. Zərərçəkmiş şəxs məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə göndərərək ona dəymiş ziyanın tamamilə ödənildiyini, təqsirləndirilən şəxslə barışdığını və ona qarşı heç bir şikayət və tələbinin olmadığını, gələcəkdə də olmayacağını bildirmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 01 sentyabr 2022-ci il tarixdə tanışı İbrahim Gürcüstan Respublikasından avtomobil gətizdirmək istədiyini bildirdikdə o, tanışı Nisədən avtomobil alqı-satqısı ilə məşğul olan Əlinin nömrəsini alıb İbrahimə vermişdir. Bir neçə gündən sonra İbrahimlə görüşəndə İbrahim ona bildirmişdir ki, Əli ilə görüşüb sonuncuya Gürcüstan Respublikasından “BMW X5” markalı avtomobil gətirmək üçün 5000 manat pul vermişdir. Təxminən 10-15 gün sonra İbrahimlə görüşərkən ona Əli adlı şəxsin avtomobili gətirmədiyini və ondan almış olduğu 5000 manat puldan 1000 manatını qaytarsa da, qalan 4000 manat pulunu qaytarmadığını bildirmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Əli adlı şəxslə 2022-ci ildə tanış olmuşlar, Əlinin əsl adı Əlimirzədir. Əlimirzə söhbət zamanı demişdir ki, "Bolt" taksi şirkətinə maşınlar verir. Tanışı Şahid1 ona zəng edərək ondan Əlimirzənin mobil nömrəsini istəmiş və bildirmişdir ki, tanışı İbrahimin 9000 manat pulu var, maşın almaq istəyir. O, Əlimirzənin mobil nömrəsini Günelə vermiş, sonradan ona məlum olmuşdur ki, Əlimirzə İbrahimlə görüşüb sonuncuya Gürcüstan Respublikasından “BMW X5” markalı avtomobil gətirmək adı ilə aldadıb 5000 manat pulunu almışdır. Əlimirzə vəd etdiyi avtomobili gətirmədiyi üçün İbranim ondan polisə şikayət etmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 07 yanvar 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs kimi tanınmışdır. - tutulma haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulmuşdur. - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ittiham elan edilmişdir. - qətimkan tədbirinin seçilməsi və tutulmadan azad edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs tutulmadan azad edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsi toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirildi. Məhkəmə cinayət işinin materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə cinayət məsuliyyətindən azad edilməli və cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Azərbaycan Respublikasının CPM-nin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Azərbaycan Respublikası CPM-nin 346.1.20-ci maddələrində nəzərdə tutulmuş məsələni həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri xitam olunmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iştirak etdiyi müddət 23 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 138 (bir yüz otuz səkkiz) manat (23x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 43.3, 321, 344-347, 356, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri xitam olunsun və məhkəmə iclas zalından dərhal azad edilsin. Təqsirləndirilən şəxs 23 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 138 (bir yüz otuz səkkiz) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddətdə qərardan apellyasiya qaydasında protest və şikayət verilmədikdə qərar müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar