Məhkəmə qərarları › İş №1(007)-307/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-307/2023

04.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-307/2023 04.07.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi X1, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 6 saylı vəkil bürosunun X3 iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs birlikdə müxtəlif restoranlarda dekor işi görüb bunun qarşılığında qazanc əldə etmələri barədə yalan vəd verib aldadaraq, 5 oktyabr 2021-ci il tarixdə saat 21 radələrində Bakı şəhəri Səbail rayonu, Xəqani 41 ünvanında yerləşən "41 Karaoke” obyektinin qarşısında 5000 manat, 7 oktyabr 2021-ci il tarixdə saat 22 radələrində Bakı şəhəri Səbail rayonu Xəqani 41 ünvanında yerləşən "41 Karaoke” obyektində 1300 manat, 11 oktyabr 2021-ci il tarixdə saat 21 radələrində Bakı şəhəri Səbail rayonu Xəqani 41 ünvanında yerləşən "41 Karaoke” obyektində 2200 manat, 15 oktyabr 2021-ci il tarixdə saat 23 radələrində Bakı şəhəri Səbail rayonu Xəqani 41 ünvanında yerləşən “41 Karaoke” obyektində 1500 manat, 19 oktyabr 2021 -ci il tarixdə saat 22 radələrində Bakı şəhəri Səbail rayonu Xəqani 41 ünvanında yerləşən "41 Karaoke” obyektində 2000 manat, 24 oktyabr 2021-ci il tarixdə saat 15 radələrində ünvan 5 ünvanında yerləşən “Pirani Pub” obyektinin qarşısında 5000 manat, 27 oktyabr 2021-ci il tarixdə saat 22 radələrində Bakı şəhəri Səbail rayonu Xəqani 41 ünvanında yerləşən "41 Karaoke” obyektinin qarşısında 4000 manat, 2 noyabr 2021 -ci il tarixdə saat 18 radələrində ünvan 5 ünvanında yerləşən "Pirani Pub” obyektinin qarşısında 3000 manat, 5 noyabr 2021-ci il tarixdə saat 19 radələrində ünvan 5 ünvanında yerləşən “Pirani Pub” obyektinin qarşısında 4000 manat, 10 noyabr 2021-ci il tarixdə saat 21 radələrində ünvan 5 ünvanında yerləşən "Pirani Pub” obyektinin qarşısında 2000 manat, ümumilikdə 30000 manat nəğd pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirməklə Zərərçəkmiş şəxs xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 6 ünvanında kirayə yaşayır. 2014- cü ildən hazıradək onlayn fəaliyyət göstərən "Ren Dizayn” adlı dekor şirkəti təsis edərək çalışmışdır. Zərərçəkmiş şəxslə təxminən 5 il əvvəl sonuncunun işlədiyi Xəqani küçəsi 41 ünvanında yerləşən “41 Karaoke” restoranında tanış olmuş, tez-tez həmin restorana gedib gəlmişdir. Raminlə söhbətlərinin birində sonuncuya dekor-dizayn işi ilə məşqul olduğunu, bu işdə yaxşı qazanc olduğunu, maddi durumunun yaxşı olmadığını, lakin şəriki olsa işinin daha yaxşı olacağını bildirmişdir. 2020-ci ilin təxminən iyun ayından Ramindən müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə borc pul götürərək işlərini gördükdən sonra sonuncunun pulunu qaytarmış, əldə etdiyi gəliri bölmüşlər. Sonuncu dəfə Ramindən 2021-ci ilin oktyabr ayının əvvəllərindən noyabr ayının sonlarına qədər olan müddətdə cəmi 16900 manat pul almış, pulu Raminin qardaşı Ramilin və işçilər yanında hissə-hissə şərikli dekor işi görüb, qalan gəliri isə aralarında bölmək şərtilə almışdır. Sonuncu dəfə Ramindən 2000 manat pulu isə Raminin qardaşının sahibi olduğu Nizami rayonu ərazisində yerləşən “Pirani Pub”da almışdır. Ramindən almış olduğu 16900 manat pulu Günel və Nailə adlı xanımlardan almış olduğu pulların faizlərinə və digər borclarına vermişdir. Hal-hazırda törətdiyi əməldən peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ünvan 7 ünvanında yerləşən “41 Karaoki” obyektini icarə əsaında işlədir. Təqsirləndirilən şəxs ilə təxminən 5 il əvvəl çalışıdığı obyektə müştəri kimi gəlib gedərkən tanış olmuşdur. Söhbət zamanı Təqsirləndirilən şəxs özünü iş adamı kimi təqdim edərək, müxtəlif işlər görərək yüksək məbləğdə gəlir əldə etdiyini bildirmişdr. 2021-ci ilin oktyabr ayının əvvəllərində Təqsirləndirilən şəxs işlədiyi obyektə gələrək masalardan birində əyləşmiş, bir qədər sonra oturduğu masaya onu dəvət etmişdir. Söhbət əsnasında Rəna hazırda çox gəlirli bir işlə məşğul olduğunu, Bakı şəhərində olan müxtəlif restoranlarda dekor quraşdırdığını bildirmişdir. Bundan sonra Rəna ona birlikdə şərikli iş görməyi təklif etmiş, Rənadan bu iş üçün nə qədər pul lazım olduğunu soruşduqda, sonuncu bu işi görmək üçün ümumilikdə 30000 manat pul lazım olduğunu bildirmişdir. Səhərisi günü günorta saatlarında Rəna ilə əlaqə saxlayaraq sonuncunu obyektə dəvət etmiş, təxminən 20 dəqiqə sonra Rəna gəlmişdir. Rənadan aylıq təxminən nə qədər qazanc əldə edə biləcəklərini soruşanda qazanclarının müxtəlif olacağını bildirmişdir. Bundan təxminən iki gün sonra Rəna onunla əlaqə saxlayıb bu işə hələlik 5000 manat pul lazım olduğunu bildirmiş, bir saatdan sonra Rəna onun çalışdığı obyektdə gəlmiş, obyektin işçisi Rəşad Abdullayevin və Aidə Əliyevanın yanında Rənaya 5000 manat pul vermişdir. Rəna pulu alaraq onunla əlaqə saxlayacağını bildirib getmiş, bundan sonra bir ay müddətdində, yəni 2021-ci ilin noyabr ayının 10-na qədər Rəna ondan 25000 manat pul almış və hər dəfə ona demişdir ki, gəlirlər toplanır yaxın müddətdə verəcəkdir. Təqsirləndirilən şəxs vermiş olduğu digər məbləqdə olan pulları qardaşı Şahid işlətdiyi Nizami rayonu E.Süleymanov küçəsində yerləşən “Pirani PUB”-da sonuncunun iştirakı ilə vermişdir. Təqsirləndirilən şəxs vermiş olduğu 30000 manat pulun bir hissəsini müvafiq qeydlə, bir hissəsini isə video görüntü çəkməklə vermişdir. Təqsirləndirilən şəxs həmin vaxtdan 7 ay müddət keçməyinə baxmayaraq nə ondan almış olduğu 30000 manat pulu, nə də vəd etdiyi gəliri verməmişdir. Rəna ilə mütamadi olaraq əlaqə saxlayaraq ona vermiş olduğu pulu tələb etmiş, sonuncu ilə mobil telefonla əlaqə saxlayan zaman danışıqları qeydə almışdır. Həmin vaxtdan uzun müddət keçməyinə baxmayaraq, Rəna ondan almış olduğu almış olduğu pulu qaytarmadığına görə sonuncunun tərəfindən aldanıldığını başa düşmüşdür. Hal-hazırda təqsirləndirilən şəxsdən şikayətçi olduğunu, ona dəymiş zərərin isə ödənilmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Şahid ifadəsində göstərmişdir ki, Nizami rayonu E.Süleymanov küçəsi 137 ünvanında yerləşən “PİRANİ PUB” restoranını icarə əsasında işlətməklə məşğuldur. Qardaşı Zərərçəkmiş şəxs ünvan 8 ünvanında “41 Karaoki” obyektini icarəyə götürərək orada çalışır. Təqsirləndirilən şəxs təxminən 5 ilə yaxın müddətdir ki, tanıyır. Tanıdıqları müddətdə Təqsirləndirilən şəxs özünü iş xanımı kimi təqdim etmiş, danışıqlarında müxtəlif işlər görərək yüksək məbləğdə gəlir əldə etdiyini bildirmişdir. Onlar Rənanın sözlərinə inanmışlar. 2021-ci ilin oktyabr ayının əvvəllərində qardaşı ona bildirmişdir ki, Təqsirləndirilən şəxs onun çalışdığı obyektə gələrək ona şərikli iş görməyi təklif etmişdir. O, qardaşından nə iş görəcəklərini və nə qədər gəlir əldə edəcəklərini soruşmuşdur. Qardaşı ona bildirmişdir ki, restoranlara dekor quraşdıracaqlar və buna görə 30000 manat pul lazım olacaqdır. Bundan bir neçə gün sonra qardaşı ona bildirmişdir ki, Təqsirləndirilən şəxs 5000 manat pulu özünün çalışdığı ünvan 8 ünvanında "41 Karaoki” obyektində vermişdir. O, Ramindən hər hansı bir qeydiyyat aparıb aparmamasını soruşmuşdur. Qardaşı aparmadığını bildirmiş, bundan sonra pul verəndə ya video çəkiliş aparacağını ya da kitabçada qeydiyyat aparacağını qeyd etmişdir. Beləliklə, 20 gün ərzində vaxtaşırı qardaşı çalışdığı ünvan 8 ünvanında “41 Karaoki” obyektində müxtəlif məbləğlərdə pul vəsaitini Təqsirləndirilən şəxs vermişdir. Qardaşı Rənaya vermiş olduğu 4000 manat, 2300 manat və 1500 manat məbəğində pulu qardaşının göstərişi ilə ünvan 7 ünvanında “41 Karaoki” obyektində qardaşına vermiş, qardaşı da öz növbəsində Rənaya vermişdir. Sonuncu dəfə 12 noyabr 2021-ci il tarixdə axşam saatlarında qardaşı onunla birlikdə Nizami rayonu E.Süleymanov küçəsi 137 ünvanında yerləşən “PİRANİ PUB” restoranında olan zaman Təqsirləndirilən şəxs ora gəlmiş və qardaşı 2000 manat pulu Rənaya vermişdir. Bundan bir neçə gün sonra qardaşı ona bildirmişdir ki, Rəna ilə danışıq zamanı Rəna ona bildirmişdir ki, ondan almış olduğu pulları Günel və Rüstəm adlı şəxslərə vermişdir. Günel və Rüstəm adlı şəxslər isə hazırda qardaşı ilə görüşmək istəyir. O, qardaşı ilə birlikdə həmin görüşə getmişdir. O, onlara yaxınlaşmayaraq kənardan şəkillərini çəkmişdir. Görüşdən sonra qardaşından nə danışdıqlarını soruşmuşdur. Qardaşı ona bildirmişdir ki, Günel və Rüstəm ondan Rənaya pulları qaytarması üçün biraz vaxt verməyi xahiş etmişlər. Həmin vaxtdan indiyə qədər qardaşı Rənadan vermiş olduğu pulu geri ala bilməmişdir. İş materiallarına əlavə edilmiş 12 avqust 2022-ci il tarixli «baxış keçirilməsi» protokoldan görünür ki, Təqsirləndirilən şəxs, baxış keçirilmiş CD disklərdə olan səs yazılarında X5 İsrafilovaya vermiş olduğu pulun müzakirəsinin qeyd olunduğunu bildirmişdir. İş materiallarına əlavə edilmiş 12 avqust 2022-ci il tarixli «baxış keçirilməsi» protokoldan görünür ki, Təqsirləndirilən şəxs baxış keçirilmiş CD disklərdə olan videogörüntülərin həqiqətən də onun pulları aldığı anları əks etdirən videogörüntülər olmasını və həmin videogörüntülərdəki şəxslərin özü ilə Zərərçəkmiş şəxs olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin və şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Beləliklə, təqsirləndirilən şəxs həmin maddələrdə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 178.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. İş materiallarında olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışına əsasən müəyyən edilir ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş üzrə 12 sentyabr 2022-ci il tarixli «maddi ziyanın könüllü ödənilməsi haqqında» protokola əsasən müəyyən edilir ki, zərərçəkmiş şəxsə vurulmuş ziyandan 1500 manat ödənilmiş, hal-hazırda 28500 manat məbləğində zərər isə ödənilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ilk dəfə cinayət törətməsini, törətdiyi əməli səmimi etiraf etməsini və törətdiyi əməldən peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş xx.xx.2022-ci il tarixdə saat 00:30 radələrində tutulmuş,xx.xx.2023-cü il tarixdə saat 15:00-da barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Beləliklə, 02 gün müddətinə tutulmuşdur. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut qismində tanınmış Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş Təqsirləndirilən şəxs pul verən zaman mobil telefon ilə çəkilmiş videogörüntünü özündə əks etdirən 1 ədəd CD disk, Təqsirləndirilən şəxs ilə aralarında aparılmış danışıqların səsyazılarını özündə əks etdirən 1 ədəd CD disk, Günel və Rüstəm adlı şəxslərlə görüşən zaman çəkilmiş fotoşəkillər cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə xüsusi müsadirə olunası əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 02 il (iki il) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 02 gün müddət ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 01 il 11 ay 28 gün (bir il on bir ay iyirmi səkkiz gün) müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli hökm çıxarıldığı vaxtdan, yəni 04 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbs edilsin və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına göndərilsin. Barəsində seçilmiş həmin həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut qismində tanınmış Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş, Təqsirləndirilən şəxs pul verən zaman mobil telefon ilə çəkilmiş videogörüntünü özündə əks etdirən 1 ədəd CD disk, Təqsirləndirilən şəxs ilə aralarında aparılmış danışıqların səsyazılarını özündə əks etdirən 1 ədəd CD disk, Günel və Rüstəm adlı şəxslərlə görüşən zaman çəkilmiş fotoşəkillər cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X4 ödənilmək üçün 280 (iki yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar