Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-307/2024 30.04.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş X3, onun nümayəndəsi-“Leqal” vəkil bürosunun vəkili Nümayəndə, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş Rzayev Elçin Həsənbala oğlunun və onun müdafiəçisi-Bakı şəhəri 30 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xüsusi ittiham qaydasında şikayət vermiş X3, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş Rzayev Elçin Həsənbala oğlunun Azərbaycan Respublikası CM-nin 147.2ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair şikayətinə məhkəmənin açıq hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X6, Rzayev Elçin Həsənbala oğlunun Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında şikayətlə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin 29 mart 2024-cü il tarixli 1(008)-307/2024 nömrəli qərarı ilə şikayət baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Rzayev Elçin Həsənbala oğlu yalan olduğunu bilə-bilə onun şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan məlumatları xx.xx.2023-cü il tarixdə Bakı şəhərində yerləşən "xxxx"-da “Baku.ES-də “Bakıda iş adamına qarşı dələduzluq edən kimlərdir” başlığı altında 06:56 dəqiqəlik kadrda yalan və böhtan xarakterli məlumatlar yaymaqla X4 ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atmışdır. Belə ki, xx.xx.2023-cü il tarixdə Bakı şəhərində yerləşən "xxxx" internet kanalında “Bakıda iş adamına qarşı dələduzluq edən kimlərdir: - başlıqlı Rzayev Elçin Həsənbala oğlu həmin İnternet kanala verdiyi müsahibəsi əsasında şər və böhtan dolu bir yayım olmuşdur. Həmin müsahibənin qısa xülasəsi belədir: “Səfərov Ramin və Səfərov Ramil qardaşları Hamlet adlı şəxsdə torpaq satışda olduqlarını bildirib, Elçin Rzayev də həmin ərazini 300000 manata almağa razılaşıb, satış zamanı 200000 manat nağd şəkildə, 100000 manat isə Elçin Rayevə məxsus avtomobil verilib. Sonra həmin ərazidə avtomobil yuma məntəqəsi tikir. Lakin tikinti bitəndən sonra torpaq sahəsinin sənədləşməsini tələb edəndə mübahisələr başlayır. Bundan sonra Ramin və Ramil qardaşlarının anası Sitarə Zeynalova DİN-ə şikayət edir və DİN-də tərəflər dinlənildikdən sonra Elçin Rzayevin haqlı olmasına qərar verilir və onun avtomobili özünə qaytarılıb, məsələ dərindən araşdırılması üçün ərazi üzrə Nizami rayon polis idarəsinə yönləndirilib. Lakin 200000 manat bu günədək qarşı tərəfdə qalib. Hələ bu azmış kimi Ramil və Ramin Səfərov qardaşları ayrıayrı vaxtlarda Elçin Rzayevdən 98000 manat müxtəlif iş görmək adı ilə alıblar. Bir neçə gün əvvəli isə ərazini satan Ramin və Ramil Səfərov qardaşlarının göndərdiyi şəxslər gəlib qapıdakı qıfılları qırıb və kassadakı pulları götürüblər. Hətta bu proseslər zamanı KİV nümayəndələri əllərində heç bir rəsmi sənəd olmaya-olmaya özlərini ərazinin sahibi kimi təqdim ediblər. Elçin Rzayev müsahibə verərək bildirib ki, “... 09 avqustda mənim obyektimə tanımadığım şəxlər tərəfindən basqın olunub. Basqın olunarkən obyektdə olmadığımdan tanımadığımız şəxslər və media qurumları qarşı tərəfi dinləmədən heç bir şeyi araşdırmadan mənim barəmdə və Validə xanım barəsində qərəzli informasiya yayılib. Qeyd etmək istəyirəm ki, obyekti şəxsən mən özüm oranı inşa etmişəm oranı mənə Ramin Səfərov adlı vətəndaş əvvəllər məhkum olunmuş dələduzluqdan il yarım məhkum olunmuş və məni Hamlet müəllimlə o obyekti tanış edib. Mustafayev Hamlet mənə həmin obyektin sənədləri olması barədə məlumat vermiş, biz razılaşdıqdan sonra səs yazı və video görüntüdə var mən Hamletə və Raminə 200000 manat və Mersedes S klass markalı ümumi 300000 manat mən pul ödəmişəm. Eyni zamanda 6 ay müddətində onlar mənə sənədləri təqdim etməli idilər lakin təqdim eləmədilər. Nizami rayon Keşlə bələdiyyəsindən icarə müqaviləsi bağlamışam, texniki şərti, asan kommunaldan işığa qaza suya, sonra Vergi orqanında qeydiyyata durmuşam 2 aydı 2 kvartallıq 6 aylıq mən vergi ödəmişəm, FHN dən sənəd almışam həmin obyektlə bağlı, eyni zamanda da Ramin Səfərovun qardaşı Ramil Səfərov məndən hamisi təstiq edəcəm məndən 98000 manat məbləğində pul almışlar. Mən sonradan bilmişəm ki, mən aldanmişam, obyektimə basqın ediblər, görüntüləridə təqdim edəcəm ictimaiyyətə oranı qıraraq özlərini obyekt sahibi kimi qələmə verərək mənim obyektimi qırıb və ordan 4370 manat Rəşad adlı şəxs pulu götürərək mənim orda yaxınım Rəfail adlı şəxs iştirak edib və şahidlik edib. 23-cü polis bölməsində də ifadə vermişik. Qeyd edirəm ki, pulu götürüb mənimsəyib və oranı qırıb özbaşınaliq ediblər...” Bildirmək istəyir ki, Rzayev Elçin Həsənbala oğlunun onun barəsində yaydığı məlumatlar həqiqətə uyğun deyil və tamamilə böhtan xarakterlidir. Göründüyü kimi, Rzayev Elçin Həsənbala oğlu 21 sentyabr 2023-cü il tarixdə Bakı şəhərində yerləşən "xxxx"-da “Baku.ES-də “Bakıda iş adamına qarşı dələduzluq edən kimlərdir” başlığı altında: İDDİA” başlıqlı müsahibədə dediklərinin yalan olduğunu bilə-bilə Ramil Səfərovu nüfuzdan salan məlumatları kütləvi informasiya vasitəsində yaymaqla böhtan atmışdır. Bundan əlavə, xx.xx.2023-cü il tarixli Bakı şəhərində yerləşən "xxxx"-da “Baku.ES-də “Bakıda iş adamına qarşı dələduzluq edən kimlərdir” başlığı altında verdiyi müsahibədə Ramil Səfərovu “dələduzluqda” və “mənimsəmə və israf etmədə” günahlandırmaqla, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3-cü və 179.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə ittiham etmişdir. Bununla da, Rzayev Elçin Həsənbala oğlu Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Rzayev Elçin Həsənbala oğlunun Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini sübuta yetirən Bakı şəhərində yerləşən "xxxx"-da “Baku.ES-də İnternet kanalında xx.xx.2023-cü il tarixdə yazılmış Bakıda iş adamına qarşı dələduzluq edən kimlərdir başlıqlı müsahibə disk şəklində şikayətə əlavə edilir. Hazırki iş üzrə məlumatlar "xxxx"-da “Baku.ES-də”-də “YOUTUBE” vasitəsilə yayıldığı və “YOUTUBE” Azərbaycan Respublikasında qeydiyyata alındığı ünvan olmadığı üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum Qərarında olan hüquqi mövqeyə uyğun olaraq hesab edir ki, şikayətə təhqir və böhtan xarakterli məlumatları yayılmış "xxxx" MMC-nin hüquqi ünvanı ünvan 1ri Sabunçu Rayon Məhkəməsində baxılmalıdır. Qeyd olunanları nəzərə alaraq, Rzayev Elçin Həsənbala oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək həmin Məcəllənin 147.2-ci maddəsi ilə üç il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi barədə hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş X6 şikayətin dəlillərini müdafiə etmiş, əlavə olaraq göstərmişdir ki, Rzayev Elçin Həsənbala oğlu sosial şəbəkədə onun adını çəkmişdir, lakin onun Elçin Rzayevlə heç bir işi olmamışdır. Qardaşı Raminin karaoke işlədəndə Elçinlə pul münasibətləri olmuşdur. O, qardaşına ona 700 dollar borc pul lazım olduğunu bildirmiş, qardaşı da Elçinə deyib sonra verəcəyini demişdir. Ona qalsa, qardaşı ilə Elçinin arasında pul məsələləri olmuş, qardaşı ona pul vermişdir, bununla bağlı məhkəmədə mülki iş vardır. Rzayev Elçin Həsənbala oğlu ona böhtan atmışdır. Şikayətin məhkəmənin icraatına qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş X3 vəkili Nümayəndə göstərmişdir ki, Nizami rayon polis idarəsinin istintaq şöbəsinin baş müstəntiqi Cəmşid Sadıqovun icraatında olan işin, qəbul etdiyi qərarın xüsusi ittiham qaydasında baxılan bu işə heç bir aiddiyyəti yoxdur. Xüsusi ittiham qaydasında şikayətdə Rzayev Elçin Həsənbala oğluna qarşı bununla bağlı ittiham verməmişlər. Ramin başqadı, Ramil başqadı. Bu iş Nizami rayon polis idarəsində 2023-cü ilin mart ayında araşdırılmışdır, X9 heç bir əlaqəsi yoxdur. Xüsusi ittiham qaydasında şikayətin aidiyyətinin Nizami Rayon Məhkəməsinə olması barədə Sabunçu Rayon Məhkəməsinin qərarı və bunu müəyyən edən Ali Məhkəmənin Plenumunun qərarı vardır. Xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına götürülməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş Rzayev Elçin Həsənbala oğlu müvafiq əsaslar olmadığından, xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul olunmamasını xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş Rzayev Elçin Həsənbala oğlunun vəkili Müdafiəçi göstərmişdir ki, Konstitusiya Məhkəməsinin qərarı var, sübutlarla müəyyən olunru ki, Rzayev X2 Eyvazova müraciət edərək, ona qarşı dələduzluq halının olduğunu bildirmişdir. Hazırda Nizami rayon polisində cinayət işi başlanmışdır, orada olan işə xitam verilərsə, bundan sonra qarşı tərəf xüsusi ittihamla müraciət edə bilər. Qeyd etdiklərinin nəzərə alınmasını və xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul olunmamasını xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, xüsusi ittiham qaydasında şikayəti, ona əlavə edilmiş sənədləri öyrənərək, hesab edir ki, şikayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olmadığından, məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Cinayət-prosessual qanunvericiliyinə görə, xüsusi ittiham qaydasında şikayət o zaman əsaslı hesab edilir ki, şikayətdə istinad olunan əməlin həqiqətdə baş vermiş olduğu, bu əməlin cinayət tərkibinin əlamətlərini özündə əks etdirdiyi, habelə həmin əməlin barəsində şikayət verilən şəxs tərəfindən törədildiyi müvafiq sübutlarla əsaslandırılsın. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 293.3-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir; 299.3-cü maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında aşağıdakı məsələlərə baxılır: məhkəməyə daxil olmuş cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması barədə; aparılmış ibtidai araşdırma zamanı bu Məcəllənin tələblərinin pozulub-pozulmaması barədə; xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə; cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların olub-olmaması barədə; cinayət işi üzrə qətimkan tədbirinin seçilməsi, dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olub-olmaması barədə. 302.1-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: şikayət həmin məhkəməyə aid olmadıqda; şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə. 302.2-ci maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək aşağıdakılar barədə qərarlar çıxarır: bu Məcəllənin 302.1.1-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə; bu Məcəllənin 302.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında verilmiş şikayətin baxılması üçün istintaq aidiyyəti üzrə göndərilməsi barədə; bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarının 12-ci bəndinə əsasən məhkəmələrin diqqətinə çatdırılmışdır ki, xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti CPM-nin 74.1-74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Qərarın 5-ci bəndində qeyd edilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafiya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Qərarın 11-ci bəndinə əsasən məhkəmələrin nəzərinə çatdırılmışdır ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1-293.3.7-ci maddələri). Məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1- 293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası CPM-nin 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Məhkəmə xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması məsələsini yoxlayaraq, qeyd edir ki, şikayətə görə, X6, Rzayev Elçin Həsənbala oğlunu, yalan olduğunu bilə-bilə müvafiq məlumatları "xxxx" MMC-yə və "xxxx" MMC-yə məxsus sosial media hesabları vasitəsi ilə yayaraq, onu ağır və ya xüsusilə ağır cinayət törətməkdə ittiham edib ona böhtan atmaqda ittiham edib cinayət məsuliyyətinə cəlb olunması üçün məhkəməyə müraciət etmişdir. Xüsusi ittiham qaydasında şikayətin aidiyyət məsələsi mübahisə doğurduğundan və aidiyyət məsələsi digər məhkəmə tərəfindən həll olunarkən müvafiq sübutlar əldə edilmədiyindən, ilk növbədə ehtimal olunan cinayətin törədilmə yeri, şikayətin Bakı şəhəri Nizami Rayon Məhkəməsinə aidiyyət məsələsi ətraflı yoxlanılmışdır. Bununla əlaqədar şikayətdə qeyd olunan "xxxx" MMC-nin rəhbəri X1 və "xxxx" MMC-nin rəhbəri X8 məhkəmənin hazırlıq iclasına dəvət olunmuşlar. Onların verdikləri məlumatlar, sənədlərin tədqiqi ilə müəyyən olunmuşdur ki, "xxxx" MMC hüquqi ünvan üzrə Bakı şəhəri Sabunçu rayonunda, "xxxx" MMC isə Bakı şəhəri Nərimanov rayonunda hüquqi ünvan üzrə qeydiyyata alınmışlar. “Bakıda iş adamına qarşı dələduzluq edən kimlərdir” başlığı altında kadrlar, müsahibə həmin xəbər portallarının “İnstagram” və “Tik-Tok” səhifələrində, sosial şəbəkələrdə yayımlanmışdır, hansı ki, həmin səhifələrin Azərbaycan Respublikasında hüquqi ünvanı yoxdur. Belə olan halda və Rzayev Elçin Həsənbala oğlunun Bakı şəhəri Nizami rayonunda qeydiyyatda olması nəzərə alınmaqla, məhkəmə hesab edir ki, onun yaşayış yeri üzrə fəaliyyət göstərən Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsinə əsasən ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma (böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma) - həmin maddədə nəzərdə tutulan cinayət məsuliyyətinə səbəb olur. Həmin Məcəllənin 296.1 və 296.2-ci maddələrinə əsasən cinayət edilməsi haqqında bilə-bilə yalan xəbərçilik etmə - eyni əməllər şəxsin ağır və ya xüsusilə ağır cinayət törətməkdə ittiham olunması və ya süni ittiham sübutlarının yaradılması ilə bağlı törədildikdə - qeyd olunan maddələrdə nəzərdə tutulan cinayət məsuliyyətinə səbəb olur. Sübut qismində məhkəməyə təqdim edilmiş CD diskə əlavə olunan müsahibə ilə tanışlıqla müəyyən olunur ki, müsahibə "xxxx"ın əməkdaşı Gülnar Ələmdarqızı tərəfindən götürülmüşdür. Müsahibə zamanı əməkdaş qeyd edir ki, “...Elçin Rzayev bizim vasitəmizlə aidiyyəti qurumlara müraciət edərək qarşılaşdığı haqsızlıqla müdafiədə ona qanunamüvafiq şəkildə köməklik etmələrini, ona dəyən zərərin geri qaytarılmasını təmin etmələrini xahiş edir...” Bundan sonra çıxış edən Rzayev Elçin Həsənbala oğlu, Ramil və Ramin Səfərov qardaşlarının 98000 manat pul almaları və s. bu kimi hallar barədə fikirlər səsləndirmiş, bu zaman qeyd etmişdir ki, “...təsdiqini tapmışdır ki, yəni mən aldanmışam, məni aldadıblar. Mən Azərbaycan Respublikasının vətəndaşıyam, mən burdan cənab Vilayət Eyvazova (Daxili işlər naziri) müraciət edirəm, xahiş edirəm bu barədə məsələnin ciddiliyini öz nəzarətinizə götürəsiniz...” Məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyinə görə, böhtan (CM-nin 147-ci maddəsi) cinayəti ilə bilə-bilə yalan xəbərçilik etmə (CM-nin 296-cı maddəsi) cinayətindən fərqləndirilməlidir, belə ki, bilə-bilə yalan xəbərçilik etmədə təqsirləndirilən şəxsin qəsdi zərərçəkmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə, böhtanda isə şərəf və ləyaqətinin alçaldılmasına və nüfuzdan salınmasına yönəldilir. Eyni zamanda, Ali Məhkəmənin Plenumunun yuxarıda istinad olunan “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli Qərarının 5-ci bəndində qeyd olunmuşdur ki, böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Göründüyü kimi, Rzayev Elçin Həsənbala oğlu 09 avqust 2023-cü il tarixdə yayımlanmış həmin müsahibəsində ona qarşı yol verilmiş cinayət, qanunsuz hesab etdiyi əməllər barədə məlumatları qeyd edərkən bunları onun müraciəti əsasında araşdırma aparan orqanın rəhbərinin - Azərbaycan Respublikasının Daxili işlər nazirinin nəzərinə çatırmaqla məsələnin onun tərəfindən nəzarətə götürülməsini xahiş etmişdir. Müsahibəni götürən "xxxx" MMC-nin əməkdaşı da məhz vurğulamışdır ki, Rzayev Elçin Həsənbala oğlu onların vasitəsi ilə aidiyyəti qurumlara müraciət edərək qarşılaşdığı haqsızlıqla müdafiədə ona qanunamüvafiq şəkildə köməklik etmələrini, ona dəyən zərərin geri qaytarılmasını təmin etmələrini xahiş etmişdir. Yəni, müsahibənin verilməsində, alınmasında və sosial şəbəkələrdə yayımlanmasında məqsəd bu olmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, Rzayev Elçin Həsənbala oğlunun xüsusi ittiham qaydasında şikayət vermiş X3 şərəf və ləyaqətinin alçaldılmasına və nüfuzdan salınmasına yönəldilməsinə niyyətinin olması barədə qənaətə gəlinməsi üçün əsas yoxdur. Burada, Rzayev Elçin Həsənbala oğlunun bilə-bilə yalan xəbərçilik edib-etməməsi məsələsinin yoxlanılması qalır ki, həmin məsələ hazırkı icraatın predmeti deyildir. Nəzərə alınmalıdır ki, bu qeyd edilənlərdən başqa, Rzayev Elçin Həsənbala oğlunun, Ramil və Ramin Səfərov qardaşlarının ona qarşı yol verdikləri müvafiq əməllərlə, o cümlədən onun pulunun ələ keçirilməsi ilə bağlı müxtəlif dövlət orqanlarına müraciətləri olmuş, həmin müraciətlər Bakı şəhəri Nizami rayon prokurorluğu vasitəsi ilə Bakı şəhəri Nizami rayon polis idarəsinin istintaq şöbəsinə göndərilmiş, həmin müraciət X7 və anasının Bakı şəhəri Nizami rayon polis idarəsinin təhqiqat şöbəsində, sonra Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsində araşdırılmış, daha sonra Bakı şəhəri Nizami rayon polis idarəsinin istintaq şöbəsinə göndərilmiş materialla bir icraatda birləşdirilərək yoxlanılmışdır. Həmin istintaq şöbəsinin 30 sentyabr 2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, bu qərar Bakı şəhəri Nizami rayon prokurorluğunun 17 noyabr 2023-cü il tarixli qərarı ilə ləğv olunmuş, 23 noyabr 2023-cü il tarixdə Bakı şəhər prokurorluğu tərəfindən araşdırmanın davam etdirilməsi Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinə həvalə edilmiş, 26 yanvar 2024cü il tarixdə materal araşdırmanın davam etdirilməsi üçün Bakı şəhəri Nizami rayon polis idarəsinin istintaq şöbəsinə göndərilmişdir. Həmin istintaq şöbəsi tərəfindən 06 fevral 2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş, bu qərar Bakı şəhəri Nizami rayon prokurorluğunun 22 aprel 2024-cü il tarixli qərarı ilə ləğv olunmuş və material istintaq şöbəsinin icraatında Azərbaycan Respublikası CM-nin 259.3-cü maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işinə birləşdirilməsi və bir icraatda istintaqın davam etdirilməsi üçün Bakı şəhəri Nizami rayon polis idarəsinin istintaq şöbəsinə göndərilmişdir, cinayət işi baş müstəntiq Cəmşid Sadıqovun icraatına qəbul edilmişdir, hazırda ibtidai istintaqı aparılır. Hansı ki, cinayət işinə birləşdirilmiş materiallarda məhz hazırkı xüsusi ittiham qaydasında şikayətin verilməsinə əsas olmuş Rzayev Elçin Həsənbala oğlunun müsahibəsində yer alan fikirlər, yəni Ramil və Ramin Səfərov qardaşlarının ondan pul almaları, bu zaman onun aldadılması və sairlə bağlı məlumat və şikayətlər də öz əksini tapmışdır, ona görə bu kimi məsələlər üzrə cinayət təqibi orqanı tərəfindən araşdırma aparılaraq hüquqi nəticəyə gəlinməlidir. Beləliklə, məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayət vermiş X3, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş Rzayev Elçin Həsənbala oğlunun Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul olunmasından imtina edilməlidir. Məhkəmə əlavə olaraq qeyd edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin hüquqlarının müdafiəsinin həyata keçirilməsi üçün müqavilə əsasında vəkili iştirak etmişdir, ona görə həmin şəxsə pulsuz hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına əmək haqqı ödənilməsi məsələsinin müzakirəsinə əsaslar yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 293, 299 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Xüsusi ittiham qaydasında şikayət vermiş X3, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş Rzayev Elçin Həsənbala oğlunun Azərbaycan Respublikası CM-nin 147.2ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul olunmasından imtina edilsin. Qərar elan olunduğu gündən hesablanmaqla 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-307/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-307/2024
30.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver