Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-308/2021 18.11.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, X7 Bəxtiyar oğlunun katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Müdafiəçi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Ucar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs etibarından sui-istifadə etməklə, aldadaraq ipoteka krediti ilə ev almasına kömək edəcəyinə dair yalan vəd verib ilk ödəniş edilməsi bəhanəsi ilə 29 yanvar 2020-ci il tarixdə Zərərçəkmiş şəxs yaşadığı ünvan 6 evin 27 saylı mənzilində 4800 manat, 2020-ci ilin aprel ayının əvvəllərində ipoteka kreditinin sənədləşməsi tələb olunması bəhanəsi ilə ünvan 6 evin qarşısında 1500 manat, eyni bəhanə ilə 2020-ci ilin iyun ayının əvvəllərində ünvan 6 evin qarşısında 2000 manat və 2020-ci ilin iyul ayının əvvəllərində qeyd olunan ünvanda 1500 manat pulunu alıb, vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirməklə ümumilikdə Zərərçəkmiş şəxs 9800 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu S.S.Axundov küçəsində yerləşən «Kəmalə Nərmin» şadlıq sarayında administrator işləyərkən iş yoldaşları ilə birlikdə şirkət açmaq məqsədilə 07.06.2019-cu il tarixdə Binəqədi rayonu Vergilər departamentindən qeydiyyatdan keçib, «Kainat-N Group» məhdud məsuliyyətli cəmiyyətin rəhbəri kimi, həmin ildən etibarən xidmət sahəsinin yönəldicisi kimi fəaliyyətə başlamışdır. 2020-ci ilin mart ayından Covid-19 pandemiyası ilə əlaqədar olaraq restoranlar və şadlıq sarayları bağlandığı üçün şirkət fəaliyyətini müvəqqəti olaraq dayandırmışdır. 2019-cu ilin noyabr ayının sonlarında iş axtarma «Vatsap» qrupundan ona Gültamam adlı qadın iş axtarması barədə yazmışdır. Sonuncunu “Rem Service" şirkətinə yönəltmiş və həmin şəxs bir müddət “Rem Service” şirkətində işləmişdir. Həmin vaxtdan Gültamam xanımla münasibəti yaranmışdır. 2019-cu ilin dekabr ayının sonlarında Gültamam ipoteka ilə ev almaq istədiyini ona bildirmişdir. Gültamamın işi barədə tanışı X6 ilə maraqlanmış və sonuncu Gültamam xanıma ipoteka ilə ev götürə biləcəyini demiş və ilklin olaraq 4800 manat pul istəmişdir. Rövşən Kazımovun istədiyi məbləği Gültamam xanıma demiş və sonuncu razılaşaraq, 29 yanvar 2020-ci il tarixdə yaşadığı ünvan 2 ünvanda özünün, bacısının və bacısının həyat yoldaşının iştirakı ilə dayısı vasitəsi ilə ona 4800 manat pulu vermişdir. Həmin məbləği 30 yanvar 2020-ci il tarixdə Nizami rayon ərazisində yerləşən metronun «Neftçilər» stansiyasının yaxınlığında Rövşən Kazımovla görüşüb sonuncuya vermişdir. Rövşən Kazımov ondan pulu alaraq yaxın müddətdə Gültamam xanıma ipoteka ilə mənzili alacağını bildirmişdir. Rövşənə inanıb bu barədə Gültamam xanıma məlumat vermişdir. 2020-ci ilin mart ayında Rövşən Kazımov onunla əlaqə saxlayaraq sənədlərin hazırlanması üçün 1500 manat pul lazım olduğunu demiş, bu barədə Gültamam xanıma bildirmiş və təxminən iki gün sonra sonuncudan Nizami rayonunda yerləşən “Bakcell” arenanın qabağında 1500 manat pulu götürmüş və həmin gün «20 yanvar» metrosu yaxınlığında Rövşən Kazımovla görüşüb həmin məbləği sonuncuya vermişdir. 2020-ci ilin iyul ayında Rövşən Kazımov onunla əlaqə saxlayarq işin yekunu üçün 2000 manat pul lazım olduğunu demiş, bu barədə Gültamam xanıma bildirmiş və sonuncunun bacısı Şahid1 «Baksell arenanın» yanında işin yekunu ilə əlaqədar 2000 manat pulu alaraq, səhəri gün Rövşən Kazımovun tanışı Vəfa adlı qadına vermişdir. Zərərçəkmiş şəxs pulu Rövşən Kazımova vermək üçün almışdır. X3 iki dəfə, sonuncunun tanışı Vəfanı isə bir dəfə görmüşdür. R.Kazımovla və Vəfa adlı xanımla öz istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələri ilə əlaqə saxlamışdır. Həmin şəxslərin istifadəsində olan mobil nömrələri xatırlamır. İstintaq dövründə anası tərəfindən Zərərçəkmiş şəxs 6400 (altı min dörd yüz) manat, məhkəmə dövründə isə 1000 (min) manat pul ödənilmişdir. Törətdiyi cinayət əməlindən səmimi peşmandır, barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə cinayət işinin materiallarını hərtərəfli tam və obyektiv araşdırıb, dövlət ittihamçısının və müdafiəçinin təkliflərini nəzərə alaraq qeyd edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün səmimi etirafı ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, habelə işdə olan digər sənədlərlə də tam təsdiq edilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 2019-cu ilin dekabr ayının sonlarında xalası qızı Ülviyyənin vasitəsi ilə tanımışdır. Belə ki, işsiz olduğundan 2019-cu ilin dekabr ayında Şahid2 iş tapmağı demiş, sonuncu hazırda xatırlamadığı mobil nömrəni ona göndərmiş və nömrədə «Wotsap» sosial şəbəkəsində işlə bağlı mesaj yazmış və həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu demişdir. Təbrizə əlaqə saxlamış və restoranlarda salat hazırlayan işlədiyini və hazırda işsiz olduğunu demişdir. Təqsirləndirilən şəxs ondan hazırladığı salatların şəkillərini istəmiş, sonuncuya şəkillər göndərmişdir. Təbriz Veysova övladına kiçik toy edəcəyini və təxminən 15 gün sonra işləyə biləcəyini demişdir. Təbriz Veysov razılaşmış və yüksək aylıq məvaciblə “KETRİK” firmasının işçi axtardığını demiş və ondan şəxsiyytini təsdiq edən sənədin surətini göndərməyi onu qeydiyyatdan keçirəcəyini demişdir. Təbrizə şəxsiyyət vəsiqəsinin surətini göndərmişdir. 2020-ci ilin yanvar ayının 11də oğluna kiçik toy mərasimi keçirmiş və həmin ayın 15-də Təqsirləndirilən şəxsla söhbət əsnasında dövlət tərəfindən verilən sosial evlərdən almaq istədiyini və maaşı 800 manat iş axtardığını demişdir. Həmin vaxt Təqsirləndirilən şəxs özünə məxsus firması olduğunu və onu həmin maaşla işə götürə biləcəyini demişdir. Sonuncu ilə razılaşmış və Təbriz onu işə götürmüş və həmin sosial evlərin verilməsi ilə məşğul olan şirkətdə tanışı olduğunu bildirmişdir. Təqsirləndirilən şəxsla bir neçə sənəd düzəltmiş, sonuncu Nizami rayonu ərazisində yerləşən metronun «Qara Qarayev» stansiyasının yaxınlığında ona üç otaqlı ev alacağını demiş və həmin evə ilkin ödəniş üçün 4800 manat pul istəmişdir. 2020-ci ilin yanvar ayının 29-da Təbriz onun yaşadığı ünvan 3 ünvana gəlmiş, həmin vaxt evdə bacısı Qənimət, bacısının həyat yoldaşı Mirzəhəsən və dayısı Allahverən olmuşdur. Təbriz mənzildə onlarla bir qədər söhbət etmiş və həmin vaxt əvvəlcədən dayısına verdiyi 4800 manatı dayısı sayaraq Təqsirləndirilən şəxs vermişdir. Sonuncu pulu götürüb tanışına verəcəyini və həmin tanışının kredit açdığı vaxt ona xəbər verəcəyini demişdir. 2020-ci ilin aprel ayının əvvəllərində Təqsirləndirilən şəxs səndələşmə ilə bağlı 1500 manat lazım olduğunu demişdir. Sonuncu ilə razılaşıb həmin gün yaşadığı ünvan 4 ünvanın qarşısında Veyisovla görüşərək həmin məbləği sonuncuya vermişdir. 2020-ci ilin iyun ayının əvvəllərində Təbriz onunla əlaqə saxlayıb səndələşmə ilə bağlı yenidən 2000 manat lazım olduğunu demişdir. Bacısı və dayısı ilə məsləhətləşdikdən sonra Təbrizlə razılaşmış və səhəri gün Təqsirləndirilən şəxsla yaşadığı Nizami rayonu B.Nuriyev küçəsi 7 ünvanın qarşısında görüşüb sonuncuya həmin məbləğdə pulu vermişdir. 2020-ci ilin iyul ayının əvvələrində Təbriz yenidən onunla əlaqə saxlayaraq, səndələşmə ilə bağlı yenə 1500 manat lazım olduğunu demişdir. Təbrizə işin çox çəkdiyini demiş, sonuncu isə ölkədə olan xüsusi karantin rejimi ilə əlaqədar işlərin gecikdiyini, lakin avqust ayında onu mənzil üçün çağıracaqlarını demişdir. Təbrizin dediklərini ailəsi ilə məsləhət edib təxminən iki gün sonra yaşadığı Nizami rayonu, B.Nuriyev küçəsi 7 ünvanın qarşısında Təbrizlə görüşüb 1500 manat pulu sonuncuya vermişdir. Lakin, onu heç kim çağırmadığı üçün Təbrizdən pulunu geri tələb etmiş, sonuncu isə hər dəfə müxtəlif bəhanələrlə onu aldatmışdır. Təqsirləndirilən şəxs ümumilikdə ona 9800 manat məbləğində maddi ziyan vurmuş, istintaq dövründə Təqsirləndirilən şəxs anası tərəfindən ona 6400 (altı min dörd yüz) manat, məhkəmə dövründə isə 1000 (min) manat məbləğidə pul ödənilmişdir. Mülki iddiasının 2400 manat həcmində təmin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, heç bir düşmənçiliyi və ədavəti olmamışdr. Sonuncunu bacısı Zərərçəkmiş şəxs vasitəsi ilə tanımışdır. 2020-ci ilin yanvar ayının ortalarında bacısı Zərərçəkmiş şəxs tanışı Təqsirləndirilən şəxs ipoteka ilə mənzil almağına köməklik edəcəyini demişdir. Gültamam Təqsirləndirilən şəxs etibarlı şəxs olduğunu, yaxın günlərdə həmin şəxsə 4800 manat pul verəcəyini bildirərək, pulun verilməsində onun və dayısının iştirak etməsini xahiş demişdir. 2020-ci ilin yanvar ayının 29-da dayısı Allahverən Bakı şəhərinə gəlmiş və həmin gün axşam bacısı Gültamam, dayısı Allahverən və həyat yoldaşı Mirzəhəsən Abbasov yaşadığı ünvan 5 ünvanda Təqsirləndirilən şəxs ilə görüşmüşlər. Sonuncu onları əmin etmişdir ki, pulu aparıb tanışına verəcək və qısa müddət ərzində mənzilin alınmasını təmin edəcəkdir. Onlar Təbrizin sözlərinə inanmış və bacısı Gültamamın dayısına verdiyi 4800 manatı dayısı sayaraq Təqsirləndirilən şəxs vermişdir. Təbriz pulları təhvil alıb bir qədər mənzil barədə danışıb getmişdir. Dayısı səhəri gün yaşadığı Masallı rayonunun Şıxlar kəndinə getmişdir. Həmin vaxtdan təxminən iki ay sonra Gültamam dayısı ilə əlaqə saxlayaraq Təbirizin ondan mənzilin səndələşməsi üçün 1500 manat da istədiyini demiş, dayısı isə Təbrizə etibar edirsə verməsini demişdir. 2020ci ilin avqust ayında onlara məlum olmuşdur ki, Təqsirləndirilən şəxs mənzil almağa görə Gültamamdan ümumilikdə 9800 manat pul almış, lakin sonuncuya mənzil almamışdır. Məhkəmə istintaqı zamanı Şahid3 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı Şahid2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan olunaraq tədqiq edilmişdir. İş materiallarında olan 15 oktyabr 2020-ci il tarixli «baxış keçirilməsi haqqında» protokoldan görünür ki, hadisə yeri ünvan 6 ünvanda yerləşir. İş materiallarında olan 15.07.2021-ci il tarixli “axtarışda olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutulmuşdur. İş materiallarında olan Bakı şəhər Nizami rayon Məhkəməsinin 17.07.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xasiyyətnamədə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Ucar rayonu İcra Hakimiyyəti Başçısının Əlikənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 16.08.2021-ci il tarixli 267 №-li arayışdan, nikah və doğum haqqında şəhadətnamərin surətindən görünür ki, Təqsirləndirilən şəxs Ramiz oğlu ailəlidir və himayəsində iki azyaşlı uşaqları vardır. İş materiallarında olan 09 avqust 2021-ci il tarixli (maddi ziyanın könüllü ödənilməsi haqqında) protokoldan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs dəymiş 9800 (doqquz min səkkiz yüz) manat zərərin 4000 (dörd min) manat hissəsi Təqsirləndirilən şəxs anası X1 tərəfindən ödənilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs 11.08.2021-ci il tarixli ərizəsindən görünür ki, istintaq dövründə Təqsirləndirilən şəxs anası tərəfindən ona dəymiş maddi ziyanın 6400 (altı min dörd yüz) manatı ödənilmişdir. İş materiallarında olan 11.08.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs mülki iddiaçı qismində tanınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən və məhkəmə sənədlərindən görünür ki, Veyisov X4 rayon məhkəməsinin 16 avqust 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4 və 310-cu maddələri ilə təqsirli bilinərək, CM-nin 66.3-cü maddəsinə əsasən 04 il 02 ay müddətinə, Yevlax rayon məhkəməsinin 06 may 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 69.3-cü maddəsinə əsasən 09 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 18.07.2016-cı il tarixdə barəsində Azərbaycan Respublikası Milli Məclisinin 20.05.2016-cı il tarixli Amnistiya haqqında Qərarının 1.1-ci bəndinə əsasən cəzadan azad edilmişdir. İş materiallarında olan Bakı şəhər Nizami rayon Məhkəməsinin 21.09.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə qeyd edir ki, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmuyuna əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə belə qənaətə gələrkən “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 №-li qərarının 1-ci bəndinin tövsiyyəsini də nəzərə alır. Belə ki, həmin qərarda qeyd edilir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Qərarda eyni zamanda vurğulanır ki, dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Qərarda habelə qeyd edilir ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Göründüyü kimi, məhkəmənin Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinin tövsifi ilə bağlı gəldiyi nəticə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarının izahlarına uyğundur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, cinayət qanunvericiliyinin aşağıda qeyd olunan prinsip və müddəalarını nəzərə alır. Belə ki, Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 №-li qərarının 39-cu bəndinin tövsiyyəsində qeyd edilimişdir ki, məhkəmələr dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs anası tərəfindən Zərərçəkmiş şəxs 6400 (altı min dörd yüz) manat, məhkəmə dövründə isə 1000 (min) manat məbləğində pulun ödənildiyi müəyyən edilmişdir Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını, cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır, Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar isə müəyyən etmir. Azərbaycan Respublikası CM-nin 18.1 və 83.3-cü maddələrinin tələblərinə əsasən Təqsirləndirilən şəxs barəsində olan Yevlax rayon Məhkəməsinin 06 may 2016-cı il tarixli hökmünə münasibətdə residiv müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsinin sanksiyasında dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini və işin digər halları nəzərə alaraq, onun cəmiyyətdən tam təcrid olunmadan islah olunmasını mümkün sayır və hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə cəzanın məqsədləri təmin edilə bilər. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır, tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. İş materiallarında olan sənədlərə əsasən, Təqsirləndirilən şəxs 15 iyul 2021-ci il tarixdə 21.09.2021-ci il tarixədək həbsdə, 21.09.2021-ci il tarixdən 18.11.2021-ci il tarixədək “ev dusaqlığı”nda saxlandığı cəmi 04 (dörd) ay 03 (üç) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinin tələbinə əsasən ona təyin olunacaq cəza müddətinə hesablanmalıdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilməlidir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsinə əsasən, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 181.1-ci maddəsinə əsasən, əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs mülki iddiası qismən təmin edilməklə ödənilməmiş qalan 2400 (iki min dörd yüz) manat məbləğində mülki iddia Təqsirləndirilən şəxs tutulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99- 1.1-ci maddəsində sadalanmış əmlaklar müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsinə zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut - 02 ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. İş üzrə məhkəmə xərcləri yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin ibtidai istintaqda iştirak etdiyi müddət 56 iş saatı və məhkəmədə iştirak etdiyi müddət 34 iş saatı, cəmi 90 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 540 (beş yüz qırx) manat (90x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə müdafiəçi X5 dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351- 353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 15 iyul 2021-ci il tarixdən 18 noyabr 2021-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 04 (dörd) ay 03 (üç) gün müddətin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla onun üzərində qəti olaraq 02 (iki) il 03 (üç) ay 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, Bakı şəhərini tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi Bakı Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs Əlihüsyen qızının mülki iddiası qismən təmin edilsin. İş üzrə vurulmuş maddi zərərin əvəzi qismində Təqsirləndirilən şəxs 2400 (iki min dörd yüz) manat məbləğində pul vəsaiti Zərərçəkmiş şəxs xeyrinə tutulsun. İş üzrə maddi sübut 02 ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Rauf Əhmədov
Məhkəmə qərarları › İş №1(007)-308/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-308/2021
18.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver