Məhkəmə qərarları › İş №1(007)-308/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-308/2025

04.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-308/2025 04.06.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxx 1990-cı il tarixdə Cəbrayıl rayonunun Horovlu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, iki uşağı olan, fərdi qaydada işləyən, əvvəllər məhkum olunmamış, Cəbrayıl rayonunun Horovlu kəndində qeydiyyatda olan, Bakı şəhəri Sabunçu rayonu, Ramana qəsəbəsi, 2-ci Sahə, Təbriz küçəsində nömrəsiz fərdi evdə yaşayan, 19 oktyabr 2024-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Belə ki, o, 12 iyul 2024-cü il tarixdə saat 16:45 radələrində Bakı şəhəri Nizami rayonu, Q.Qarayev prospekti, 81B ünvanında istifadəsində olan “Opel Astra” markalı **- EB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olarkən avtomobilində sərnişin qismində hərəkət edən Zərərçəkmiş şəxs avtomobilin kondisionerini işə salması tələbini artıq benzin sərfiyyatı ilə əlaqədar rədd etdikdən sonra Zərərçəkmiş şəxs onun ünvanına nalayiq ifadələr işlətməsi səbəbindən avtomobili qeyd edilən ünvanda saxlayıb sonuncudan avtomobili tərk etməsi tələbinə rədd cavabı aldıqda, o, avtomobildən enib Zərərçəkmiş şəxs əyləşdiyi arxa oturacağın qapısını açaraq sonuncunun qolundan tutub fiziki zor tətbiq etməklə avtomaşından düşürtmək istəyərkən Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid sol bazu oynağının ön səthinin və sol körpücükaltı nahiyənin şişkinlik halında əzilməsi, sol saidin ön səthinin, sol bazunun arxa-iç səthinin, sol dizin ön səthinin qançırları, hərəkət məhdudluğu ilə müşayiət olunan sol əlin İ əl daraq-İ barmağın əsas falanqaarası oynağı nahiyəsinin arxa səthinin şişkinlik halında əzilməsi və qançırı xəsarətlərini yetirərək qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməsə də, sərbəst ifadəsində faktiki olaraq əməlini etiraf edərək göstərmişdir ki, o, təxminən 3 il əvvəldən “Opel Astra” markalı **-EB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olmusdur. 12 iyul 2024-cü il tarixdə “Bolt” şirkəti tərəfindən sifariş qəbul etmiş, sifariş əsasında müştərini Nizami rayonunda yerləşən “Laçın” ticarət mərkəzinin yaxınlığından qəbul etməli olmuşdur. “Laçın” ticarət mərkəzinin arxasında avtomobildə olan müştərini düşürtdükdən sonra, xəritəyə baxdığı zaman yeni sifariş edən müştərinin də həmin yerdə olduğunu görmüşdür. Lakin müştərini tapa bilmədiyi üçün sifarişdə qeyd olunan mobil nömrəyə zəng etmişdir. Həmin nömrəyə iki dəfə zəng etsə də, müştəri zəngə cavab verməmişdir. Daha sonra həmin müştərilərin iki nəfər qadın olduğunu görmüşdür. Müştərilər avtomobilin arxa oturacağına əyləşdikdən sonra o, arxaya çevrilib qadınların birinə “üzünüz ağ olsun, neçə dəfə zəng etdim, cavab vermədiniz” ifadəsini işlətmişdir. Müştəri isə cavabında ona zəng gəlmədiyini bildirmişdir. O, yoluna davam etmiş, hərəkətdə olarkən arxada əyləşən qadınlardan biri ondan avtomobildə siqaret çəkmək üçün icazə istəmişdir. O, cavabında avtomobildə siqaret çəkməyə icazə olmadığını dedikdən sonra, digər qadın müştəri pəncərələri bağlamağını və kondisioneri qoşmağı tələb etmişdir. O da həmin xanıma problem olmadığını, lakin kondisioneri qoşduğu halda əlavə ödəniş edəcəklərini bildirmişdir. Həmin zaman xanım “taksi sürücüləri qudurublar” ifadəsini işlədib hansı səbəbə əlavə ödəniş etməli olduğunu demişdir. O isə, onların “konfort” deyil, ölkədə ən ucuz olan “ekonom” sinfindən taksi sifariş etdiklərini demişdir. Həmin xanım yüksək səslə yenidən kondisioneri qoşmağı tələb etdikdə o, avtomobili yolun kənarında saxlayıb “ya düşün başqa taksi ilə gedin, yada ki, səs tonunu qaldırmadan yolumuza davam edək” ifadəsini işlətmişdir. Onun bu sözündən sonra müştəri “sür, vızqırt” ifadəsini işlətdiyi üçün əsəbləşib maşını Q.Qarayev prospekti 81B ünvanında yol kənarında saxlamış və maşından düşüb arxa sol qapını açaraq müştəridən maşından düşməsini tələb etmişdir. Lakin onunla mübahisə edən həmin müştəri, yəni sonradan tanıdığı Zərərçəkmiş şəxs maşından düşməyəcəyini bildirmişdir. O, bir neçə dəfə həmin qadından düşməsini tələb etsə də, qadın onun tələbini yerinə yetirmədiyi üçün onun sol qolundan tutub dartaraq yerə düşməsini tələb etmişdir. Bundan sora Zərərçəkmiş şəxs “qolumdan burax, düşürəm” deyib avtomobildən düşdükdən sonra, digər qadın müştəri də maşından düşmüşdür. Hər iki müştəri maşından düşdükdən sonra o, avtomobilini idarə edərək çıxıb getmişdir. Təqsirləndirilən şəxs məhkəmədə son sözündə əməlindən səmimi peşman olduğunu, himayəsində iki azyaşlı uşağı olduğunu nəzərə almağı məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 12 iyul 2024-cü il tarixdə tanışı Fəridə ilə Nizami rayonunda yerləşən “Laçın” ticarət mərkəzindən çıxmışlar, Fəridə mobil telefonu ilə “Bolt” şirkətindən “Atatürk” parkına taksi sifariş etmişdir. Onlar sifariş etdikdən təxminən 3-4 dəqiqə sonra sifarişlərinə əsasən “Opel” markalı **-EB-*** dövlət qeydiyyat nişanlı avtomobil Nizami rayonu Bəhruz Nuriyev küçəsində yerləşən “Laçın” ticarət mərkəzinin arxa hissəsində onları qəbul etmişdir. Onlar avtomobilin arxa oturacağına əyləşdikdən sonra taksi sürücüsü Fəridəyə “zəng edirəm, görmürsən?” tipli ifadə işlətmişdir. Fəridə də həmin vaxt sürücünün ona zəng etməsini görmədiyini dedikdə, sürücü Fəridəyə “üzün ağ olsun” deyərək avtomobil ilə hərəkət etməyə başlamışdır. Daha sonra Fəridə sürücüdən avtomobildə siqaret çəkmək üçün icazə istəmiş, lakin sürücü Fəridəyə siqaret çəkməyə icazə verməmişdir. O, sürücüdən pəncərələri bağlamasını, kondisioneri yandırmasını xahiş etmişdir. Sürücü ilk əvvəl kondisionerinin işləmədiyini dedikdə, o sürücüdən avtomobili saxlamasını xahiş edib başqa taksi sifariş etmək istədiyini bildirmişdir. Sürücü kondisionerin işlədiyini, lakin kondisioneri işlətdiyi halda əlavə ödəniş edəcəklərini demişdir. O isə, sürücüyə qanundan kənar hərəkət etdiyini, qanunla əlavə ödəniş tələb olunmadığını bildirmişdir. Sürücü həmin qanunun “konfort” sinfinə aid olduğunu, lakin onun sürdüyü avtomobilin “Bolt” şirkətində “ekonom” sinfinə aid olduğunu dedikdə, o, sürücüyə həmin qanunun taksi şirkətlərində bütün siniflərə aid olduğunu bildirmişdir. Həmin zaman sürücü əyləc sistemindən istifadə edib avtomobili saxlayaraq “ya dilinizi sakit qoyun, ya da düşün aşağı, cəhənnəm olun, küçüklər” ifadəsini işlətmişdir. O da sürücünün islətdiyi ifadəyə cavab olaraq onun ünvanına nalayiq ifadə işlətdikdən sonra sürücü avtomobildən düşüb arxa qapını açaraq onun qolundan sərt şəkildə tutub dartaraq onu avtomobildən düşürtməyə çalışmışdır. O, maşından düşməməyə cəhd etsə də, sürücünün onun sol qolundan tutub dartması səbəbindən qolunda ağrı hiss edib maşından düşmüşdür. Həmin zaman Fəridə də maşından düşmüşdür, sürücü isə avtomobilə əyləşib çıxıb getmişdir. Bundan sonra onlar başqa bir taksi sifariş etmişlər və taksi maşını gözləmək üçün yaxınlıqda olan geyim mağazasına daxil olmuşlar. Mağazaya daxil olduqda sol qolunda olan bir ədəd qızıl qolbağının zədələndiyini, digər bir ədəd qızıl qolbağının isə düşüb itdiyini aşkar etmişdir. Zərərçəkmiş şəxs daha sonra Təqsirləndirilən şəxs ilə barışmadığını, ondan şikayətçi olduğunu göstərmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 19 avqust 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət işi başlanmışdır. (i.v. 1) - 12 iyul 2024-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, təhqiqatçı tərəfindən Zərərçəkmiş şəxs və hal şahidlərinin iştirakları ilə hadisə yerinə baxış keçirilmişdir. (i.v. 6-7) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 publik hüquqi şəxsin Nizami rayon şöbəsinin canlı şəxsin ekspertizasına dair 16 iyul 2024-cü il tarixli 638 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs hərəkət məhdudluğu ilə müşayiət olunan sol bazu oynağının ön səthinin və sol körpücükaltı nahiyyənin şişkinlik halında əzilməsi, sol saidin ön səthinin, sol bazunun arxa-iç səthinin, sol dizin ön səthinin qançırları; hərəkət məhdudluğu ilə müşayiət olunan sol əlin İ əl-daraq – İ barmağın əsas falanqaarası oynağı nahiyyəsinin arxa səthinin şişkinlik halında əzilməsi və qançırı olmuşdur. Qeyd olunan xəsarətlər - bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2024-cü il tarixdə alınmaları mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Xəsarətlərin lokalizasiya və xüsusiyyətlərini nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirilməsi, eləcə də öz boyu hündürlüyündən yıxılması nəticəsində alınmaları inkar olunur. (i.v. 18-21) - 16 iyul 2024-cü il və 19 oktyabr 2024-cü il tarixli protokollardan görünür ki, Bakı şəhəri Nizami rayonu, Q.Qarayev prospekti, 81B ünvanında yerləşən “Tam Store” mağazasının çöl tərəfində quraşdırılmış müşahidə kamerası vasitəsilə qeydə alınmış görüntülərin köçürüldüyü 01 ədəd CD diskə Təqsirləndirilən şəxs və müdafiəçisinin iştirakları ilə baxış keçirilmişdir. CD diskə kompyuterdə baxış zamanı bir ədəd fayl açılmış, fayla daxil olduqda ekranda görünən görüntüdə Q.Qarayev prospekti 81B ünvanında avtomobil yolunun kənarında gümüşü metallik rəngdə “Opel” markalı avtomobilin dayanması və kənarda çox sayda şəxslərin olması müəyyən olunmuşdur. Görüntüdə açıq mavi rəngli köynək geyinən bir nəfər şəxsin qeyd olunan olunan avtomobilin arxa qapısını açaraq içəridəki şəxslə bir neçə saniyə söhbət etməsi, daha sonra içəridəki şəxsin qolundan tutub fiziki güc tətbiq edərək avtomobildən yerə düşürtmək istəməsi müəyyən olunmuşdur. Daha sonra qeyd olunan avtomobilin arxa oturacağından 2 nəfər qadın düşdükdən sonra sürücü avtomobilə əyləşib hadisə yerindən uzaqlaşmışdır. Baxışda iştirak edən Təqsirləndirilən şəxs görüntüdə açıq mavi köynək geyinən, qadına qarşı fiziki güc tətbiq edib yerə düşürtmək istəyən və sonradan avtomobili idarə edib hadisə yerindən uzaqlaşan şəxsin özü olduğunu bildirmişdir. (i.v. 24, 87) - 04 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittiham qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş, Zərərçəkmiş şəxs baş vermiş hadisə hadisə zamanı 01 ədəd qızıl qolbağın itməsi, 01 ədəd qızıl qolbağın isə zədələnməsi barədə ifadəsində göstərdiyi xüsusatlarla əlaqədar olaraq cinayət tərkibi yaranmadığından Təqsirləndirilən şəxs barəsində həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilmiş və dəymiş maddi ziyanla bağlı Zərərçəkmiş şəxs mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmiş, Təqsirləndirilən şəxs baş vermiş hadisə zamanı Zərərçəkmiş şəxs tərəfindən təhqir olunması barədə ifadəsində göstərdiyi xüsusatlarla əlaqədar oaraq cinayət tərkibi yaranmadığından Zərərçəkmiş şəxs barəsində həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilmiş və xüsusi ittiham qaydasında Təqsirləndirilən şəxs məhkəməyə müraciət etmək hüququ izah edilmiş, Təqsirləndirilən şəxs ifadəsində avtomobildə əyləşmiş müştəri xanımın “taksi sürücüləri qudurublar” və “sür, vızqırt” ifadələrinin işlətməsini, hadisənin bu yerə gəlib çatmasının səbəbkarının həmin müştəri xanımın olmasını bildirməsi iş üzrə müdafiə xarakterli ifadə kimi qiymətləndirilmiş və həmin xüsusatlar sübut kimi qəbul edilməmişdir. (i.v. 115-121) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edib, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, istər məhkəmə iclasında tədqiq edilmiş sübutlarla, istərsə də məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin dispoziyasında nəzərdə tutulan zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığına yüngül zərər vurması özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 128-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan əməli törətmiş Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışmamış və dəymiş ziyanı ödəməmişdir. Belə olan halda, CM-nin 73.2-ci maddəsində nəzərdə tutulan əlamətlər olmadığından, təqsirləndirilən şəxsin həmin əsaslarla cinayət məsuliyyətindən azad edilməsinə əsas yoxdur, ona görə onun barəsində ittihamedici hökm çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 29 iyu 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. (i.v. 30) - 19 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqi tərəfindən Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 91-92) -Şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, X2 07 may 2022-ci il tarixdə, X3 22 yanvar 2024-cü il tarixdə doğulmuşlar. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən 25 iyun 2003-cü il tarixli Qərarında həmçinin göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən böyük ictimai təhlükə törətməyən cinayət əməli törətməsini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olması qənaətinə gələrək, hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmamaqla barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzası təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırkı işlə bağlı tutulmamış, həbsdə saxlanılmamışdır. Ona görə məhkəmə hesab edir ki, cəza müddətinin hesablanması və cəzanın hesaba alınması zamanı Azərbaycan Respublikası CM-nin 69cu maddəsinin müddəalarının tətbiqi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 23.1-ci maddəsinə əsasən məhkum cəriməni hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürməklə ödəməlidir. Bununla bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin edilməsi nəzərdə tutulan cərimə hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürülməklə ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, təqsirləndirilən şəxs X1 cərimə növündə cəza təyin edilməli olduğundan, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1.13–346.1.22-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müvafiq məsələlər müşavirə otağında məhkəmə tərəfindən müzakirə edilməlidir. Məhkəmə həmin məsələləri müzakirə edərək, qeyd edir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olmadığından cəzaçəkmə müəssisəsinin növü müəyyən edilmir; onun təqsirləndirildiyi maddədə əlavə cəza nəzərdə tutulmamışdır; barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün əsaslar yoxdur; zərərçəkmiş şəxs tərəfindən məhkəməyədək icraat və məhkəmə icraatı zamanı mülki iddia verilməmişdir; içərisində videogörüntülər olan 01 ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza keçirilməmişdir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından qərar əsasında dövlət hesabına dəvət olunmuş vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi xidmətlərə görə (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına və xx.xx.2025-ci il tarixli 141 saylı qərarla edilmiş dəyişikliyə əsasən hesablanaraq – 15 saat 6 manatdan, 10 saat 11 manatdan olmaqla) əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 1500 (min beş yüz) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Cərimə hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürülməklə ödənilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut qismində tanınmış, içərisində hadisə yerinin videogörüntüsü olan 01 ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı dövründə göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən 200 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar