Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-31/2021 21.04.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxx 1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta ixtisas təhsilli, evli, bir azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Yasamal rayonu, A.Ağayev küçəsi, ev 7-də qeydiyyatda olan, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi ev 58, mənzil 24-də yaşayan, xx xxxxx 2020-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməyərək gizləndiyindən barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz olunmuş və haqqında axtarış elan edilmiş, xx xxxxx 2021-ci il tarixdə tutulmuş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxx 2020-ci il tarixdə saat 15 radələrində qeyri-rəsmi olaraq sürücüsü işlədiyi Zərərçəkmiş şəxs məxsus, ünvan 1 ünvanında yerləşən həyətyanı torpaq sahəsinə Zərərçəkmiş şəxs razılığı ilə, həmin həyətdə saxlanılan itlərin qidalanmasını təmin etmək və həyətə nəzarət etmək məqsədilə, daxil olaraq həyətyanı torpaq sahəsində saxlanılan, Zərərçəkmiş şəxs məxsus uzunluğu 6 metr, diametri 86 millimetr olan 12 ədəd metal boru, uzunluğu 3 metr, diametri 75 millimetr olan 36 ədəd metal boru, uzunluğu 3 metr, diametri 75 millimetr olan 1 ədəd metal boru, uzunluğu 3 metr 20 santimetr, diametri 75 millimetr olan 1 ədəd metal borunu gizli olaraq talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 2500 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs təxminən 2019-cu ilin oktyabr ayından tanımış, onun ailə sürücüsü qismində çalışmışdır. Bundan başqa Məğrurun bütün işlərinə yaxından köməklik etmiş, Məğrur isə əvəzində ona hər ay 500 manat əmək haqqı vermiş, eyni zamanda müxtəlif vaxtlarda ona ailəsini dolandırmaq üçün ərzaq yardımı və s. köməklik etmişdir. Zərərçəkmiş şəxs məxsus Nizami rayonu, Nəsimi küçəsi, 66 ünvanında yerləşən təxminən 70 sot həyətyanı torpaq sahəsi vardır və həmin həyətyanı torpaq sahəsinin giriş qapısının açarı onda olmuşdur. Həmin torpaq sahəsində Məğrur iki böyük və iki balaca bahalı cinsə məxsus it saxlamışdır. O, hər gün həmin sahəyə gedərək orada saxlanılan itlərə ərzaq aparmış, eyni zamanda həyətə nəzarət etmişdir. Həmin həyətdə giriş qapısının yanında Zərərçəkmiş şəxs məxsus bir xeyli qara metaldan olan dəmir hissəcik və borular olmuşdur. xx xxxx 2020-ci il tarixdə saat 12:00 radələrində Zərərçəkmiş şəxs məxsus olan “X5” markalı ** AS *** dövlət qeydiyyat nişanlı avtomobillə Nizami rayonu, Naxçıvanski küçəsi, 49 ünvanında olan zaman təsadüfən yaşayış binasının zirzəmisində dəmir-metal qəbul etmə məntəqəsini görmüş, həmin vaxt Məğrurun torpaq sahəsində olan dəmir metal hissəciklərini məntəqəyə satmaq qərarına gəlmişdir. Məntəqənin qapısının üzərində qeyd olunmuş mobil telefon nömrəsinə zəng etmiş, telefona cavab verən şəxs özünü ona Xətai kimi təqdim etmişdir. Bundan sonra o, mobil telefonda Xətaiyə Nizami rayonu, Nəsimi küçəsi, 66 ünvanında yerləşən həyətyanı torpaq sahəsinin ərazisində özünə məxsus qara metaldan olan dəmir hissəcikləri və boruları olduğunu, onları satdığını bildirmiş, Xətai həmin şeyləri almağa razılaşmışdır. Həmin gün saat 15:00 radələrində İmran həyətyanı torpaq sahəsinə gəlmiş, oranın giriş qapısının açarı maşında olduğundan o, qapıları açaraq Xətaini gözləmişdir. Bir az keçmiş Xətai özünə məxsus “Qazel” markalı yük maşını ilə gəlmiş, yanında isə tanımadığı bir nəfər fəhlə də olmuşdur. Xətai yük maşını ilə həyətə daxil olmuş, həyətin giriş qapısının yanında olan dəmir metaldan olan hissəcikləri, yəni uzunluğu 6 metr, diametri 86 millimetr olan 12 ədəd metal boru, uzunluğu 3 metr, diametri 75 millimetr olan 36 ədəd metal boru, uzunluğu 3 metr, diametri 75 millimetr olan 1 ədəd metal boru, uzunluğu 3 metr 20 santimetr, diametri 75 millimetr olan 1 ədəd metal boru, ümumi uzunluğu 196 metr olmaqla 50 ədəd dəmir hissəcik və boruları fəhlə ilə birlikdə maşının yük yerinə yükləmiş, ümumilikdə 2 ton 100 kiloqram dəmir metal məmulatlarını Xətaiyə satmışdır. Xətai ona bir tona görə 200 manat verə biləcəyini dedikdə, o, razılaşmış və Xətai ona 400 manat nağd pul vermişdir. O, Xətaini və fəhləni yola saldıqdan sonra həyətin qapılarını bağlayıb oradan çıxıb getmişdir. Bu hadisədən sonra xx xxxx 2020-ci il tarixdə Nizami rayonu, Özbəkistan küçəsində yerləşən Məğrura məxsus ofisdə olan zaman 25-ci PŞ-nin əməkdaşları gəlib onu polis şöbəsinə dəvət etmişlər, polis şöbəsində o, Məğrura məxsus həyətyanı torpaq sahəsindən qara metaldan olan dəmir hissəcikləri özbaşına metal qəbuletmə məntəqəsinə satdığını etiraf etmişdir. Təqsirləndirilən şəxs daha sonra ifadəsində maddi ehtiyacı olduğu üçün qeyd olunan oğurluq əməlinə yol verdiyini, əməlindən səmimi peşmançılıq çəkdiyini, hazırda zərərçəkmiş şəxsə vurduğu maddi ziyanın tam ödənildiyini, zərərçəkmiş şəxsin onunla barışdığını, ailədə yeganə işləyən şəxs olduğunu, himayəsində bir azyaşlı uşağı olduğunu göstərmiş, həmin halları nəzərə alaraq ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təxminən 2019-cu ilin sonlarına yaxın Təqsirləndirilən şəxs tanımış, ailə vəziyyətini nəzərə alaraq elə həmin vaxtdan İmranı sürücü qismində yanında işə götürmüşdür. Hər ay İmrana 500 manat əmək haqqı vermiş, o cümlədən müxtəlif vaxtlarda ona ərzaq və s. köməkliklər etmişdir. Onun ünvan 1 ünvanında təxminən 70 sot torpaq sahəsi var, əvvəllər həmin torpaq sahəsini parnik kimi istifadə etmiş, 2005-ci ildən isə torpaq sahəsində əkinçiliyi ləğv etmişdir, bir xeyli qara metaldan olan dəmir hissəcik və boruları isə həyətin bir tərəfinə yığmışdır. Həmin həyətyanı torpaq sahədə iki böyük və iki kiçik xarici cins itlər saxladığı üçün həyətin açarlarını İmrana vermişdir ki, o, həm hər gün itlərə gündəlik qida məhsulları aparsın, həm də həyətə nəzarət etsin. xx xxxx 2020-ci il tarixdə həyətyanı torpaq sahəsinə gələndə əlliyə yaxın qara metaldan olan dəmir hissəcik və boruların yerində olmadığını görmüş və sürücüsü İmran tərəfindən oğurlanmasını bilib bu barədə Nizami RPİ-nin 25-ci PŞ-nə ərizə ilə müraciət etmişdir. Polis şöbəsində aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, İmran onun həyətyanı torpaq sahəsindən ona məxsus uzunluğu 6 metr, diametri 86 millimetr olan 12 ədəd metal boru, uzunluğu 3 metr, diametri 75 millimetr olan 36 ədəd metal boru, uzunluğu 3 metr, diametri 75 millimetr olan 1 ədəd metal boru, uzunluğu 3 metr 20 santimetr, diametri 75 millimetr olan 1 ədəd metal boru, ümumi uzunluğu 196 metr olmaqla 50 ədəd, cəmi çəkisi 2 ton 100 kiloqram olan dəmir hissəcik və boruları “Qazel” markalı avtomobilə yükləyib gizli yolla oğurlayaraq oranı tərk etmişdir. Ona məxsus həyətyanı sahədən İmran tərəfindən oğurlanmış qara metaldan olan dəmir hissəcik və borular istifadəyə yararlı hazır məhsullar olmuş, tullantı dəmir hissəcik və borular olmamış, gələcəkdə nəzərdə tutduğu tikinti işlərində həmin qara dəmirdən olan hissəcik və boruları istifadə etməyi planlaşdırmışdır. Məhkəməəmtəəşünaslıq ekspertizasının müəyyən etdiyi qiymətlə razı deyil, həyətyanı torpaq sahəsindən oğurlanmış qara metaldan olan dəmir hissəcik və borulara görə ona ümumilikdə 2500 manat məbləğində maddi ziyan dəymişdir. İş üzrə sonuncu məhkəmə iclasında Zərərçəkmiş şəxs şəxsən iştirak etməmiş, məhkəmənin dəftərxanası vasitəsilə təqdim etdiyi ərizəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəmiş ziyan tam ödənilmişdir, ona qarşı tələbi yoxdur, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş edir. Məhkəmə həmin ərizəni nəzərə alaraq, zərərçəkmiş şəxsin iştirakı olmadan məhkəmə iclasını yekunlaşdırmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, təxminən 8 ilə yaxındır ki, ünvan 2 ünvanında yerləşən metal-dəmir qəbulu məntəqəsini işlədir. Rəsmi vergi ödəyiçisidir. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır, onu yalnız metal-dəmir hissəcik və borularını qəbul edən gün tanımışdır. Belə ki, xx xxxx 2020-ci il tarixdə günorta saat 15:00 radələrində adının sonradan İmran olduğunu bildiyi şəxs ona mobil telefon vasitəsi ilə zəng edərək özünə məxsus bir qədər qara metaldan olan dəmir hissəcik və borularının olduğunu və satmaq fikrinin olduğunu, əgər istəyirsə, ona sata biləcəyini bildirmişdir. O da İmranla telefonda razılaşmış, həmin gün özünə məxsus “Qazel” markalı ** UB *** dövlət qeydiyyat nişanlı yük maşını ilə Nizami rayonu, Nəsimi küçəsi, 66 ünvanında yerləşən həyətyanı torpaq sahəsinə getmişdir. İmran həyətyanı sahənin giriş qapısını açmış və o, yük maşını ilə birbaşa həyətə daxil olmuşdur. Həmin vaxt qara metaldan olan dəmir hissəcik və borular həyətyanı sahənin bir tərəfində yığılmışdır. Bundan sonra “Xalqlar Dostluğu” metrostansiyasının yaxınlığında yerləşən “Qul bazarı”ndan özünə kömək məqsədi ilə götürdüyü tanımadığı fəhlə ilə birlikdə ümumi çəkisi 2 ton 100 kiloqram olan qara metaldan olan dəmir hissəcik və boruları yük maşınına yükləmişlər. Həmin qara metaldan olan dəmir hissəcik və borular uzunluğu 6 metr, diametri 86 millimetr olan 12 ədəd metal boru, uzunluğu 3 metr, diametri 75 millimetr olan 36 ədəd metal boru, uzunluğu 3 metr, diametri 75 millimetr olan 1 ədəd metal boru, uzunluğu 3 metr 20 santimetr, diametri 75 millimetr olan 1 ədəd metal boru ümumi uzunluğu 196 metr olmaqla 50 ədəd, cəmi çəkisi 2 ton 100 kiloqram olmuşdur. Satın aldığı qara metaldan olan dəmir hissəcik və boruların əvəzində o, İmrana hər 1 tona görə 200 manat olmaqla ümumilikdə 400 manat nağd pul ödəmişdir. Daha sonra elə həmin gün İmrandan aldığı qara metaldan olan dəmir hissəcik və boruları Ziya Bünyadov prospektində yerləşən metal əritmə zavodu olan “X7” şirkətinə 464 manata satmışdır. Təxminən bir həftə sonra Nizami RPİ-nin 25-ci PŞ-nin əməkdaşları iş yerinə gəlib həmin qara metaldan olan dəmir hissəcik və boruların oğurluq olması barədə ona məlumat verəndə bu barədə bilmişdir. Təqsirləndirilən şəxs ona satmış olduğu qara metaldan olan dəmir hissəcik və boruların özünə məxsus olduğunu bildirmiş, o, dəmir hissəcik və boruların oğurluq olmasından xəbəri olmamışdır. Bu barədə polis əməkdaşları onun iş yerinə gəlib bu barədə deyəndə xəbəri olmuşdur. “X7” şirkətinə satdığı qara metaldan olan dəmir hissəcik və borulara görə heç bir qəbz almamışdır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: -Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilmişdir. (i.v. 1) -Götürmə barədə xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Şahid xx xxxx 2020-ci il tarixdə Nizami rayonu, Nəsimi küçəsi, 66 ünvanında Təqsirləndirilən şəxs qara metal boruları alan zaman həmin şəxsdən almış olduğu şəxsiyyət vəsiqəsinin surətini 25ci PŞ-nin təhqiqatçısına təhvil vermişdir. (i.v. 7) - 25-ci PŞ-nin təhqiqatçısına təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, onun üzərində əlyazması ilə aşağıdakı qeydlər yazılmış və imza edilmişdir: “Nizami R. ünvan 3 ünvanında olan metal dəmirlər mənə aiddir. xx.xx.2020 (imza) Həmidov. İmran” (i.v. 8) -Baxış keçirilməsi haqqında ptotokoldan və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs və hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. (i.v. 21-23) -İfadənin yerində yoxlanılması haqqında xx xxxxx 2020-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə saat 15:00 radələrində Bakı şəhəri, Nizami rayonu, Nəsimi 66 ünvanında yerləşən həyətyanı torpaq sahəsinin giriş qapısının yanında yerləşən 2 ton 100 kiloqram çəkidə qara metaldan olan dəmir hissəcik və borularını gizli yolla oğurlayaraq metal qəbuletmə məntəqəsini işlədən Şahid satdığı yeri əyani olaraq göstərmişdir. (i.v. 39-48) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxxx 2020-ci il tarixli 9/1285 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, aparılmış ekspert tədqiqatı nəticəsində, Respublikada yerləşən bazarlarda və inşaat materiallarının satışı məntəqələrində mövcud olan qiymətlərə əsasən, tədqiq edilən metal boruların köhnə istifadə edilmiş vəziyyətdə, xx xxxx 2020-ci il tarixə, respublikadaxili orta bazar pərakəndə satış qiymətləri təxminən aşağıdakı kimi müəyyən edilir: 12 ədəd uzunluğu 6 metr, diametri 86 millimetr metal borular 432,00 manat; 36 ədəd uzunluğu 3 metr, diametri 75 millimetr metal borular 540,00 manat; bir ədəd uzunluğu 3 metr, diametri 75 millimetr metal boru 15,00 manat; bir ədəd uzunluğu 3 metr 20 santimetr diametri 75 millimetr metal boru 16,00 manat. (i.v. 84-87) -Sübutların qiymətləndirilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 177.2.3 və 179.1-ci maddələrinin tərkib əlaməti olmadığından barəsində həmin xüsusatla bağlı cinayət təqibi rədd edilmiş, Şahid barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1 və 194.1-ci maddələri ilə cinayət işinin başlanması rədd edilmişdir. (i.v. 94-99) Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 saylı, xx xxxxxx 1996-cı il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan şəkildə yazılmalı, iş üzrə müəyyən olunmuş hallar, sübutlar və məhkəmənin nəticələri hökmdə ciddi məntiqi ardıcıllıqla şərh edilməlidir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini, zərərçəkmiş şəxsi və şahidi dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, məhkəmə ekspertizasının rəyi və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 177.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: -Bakı şəhəri Nizami RPİ-nin İstintaq şöbəsinin müstəntiqinin xx xxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 75) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx xxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. (i.v. 77) -AZ-İV seriyalı, 174149 nömrəli doğum haqqında şəfadətnamənin surətindən görünür ki, X2 xx xxxxxx 2018-ci il tarixdə doğulmuşdur. (i.v. 91) -Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin şərtlərini pozduğu üçün və üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməyərək gizləndiyindən, onun barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz olunmuş və haqqında axtarış elan edilmişdir. -Bakı şəhəri Nizami RPİ-nin xx xxxxx 2020-ci il tarixli 087-8810-1221 nömrəli məktubundan və tutma haqqında xx xxxxx 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutularaq aidiyyəti üzrə təhvil verilmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə törətdiyi əməl, həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağın olmasını, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın ödənilərək onunla barışıq əldə edilməsini Azərbaycan Respublikası CM-nin 59.1.4 və 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə bununla yanaşı Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, əməlindən səmimi peşmançılıq çəkməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, cəzasını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların isə olmamasını, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün cəmiyyətdən təcrid olunmamaqla barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Ona görə məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-3.1 və 51-2.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzasını yaşayış yeri üzrə çəkməli və cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs baxılan işlə bağlı barəsində axtarış elan edilib həbs qətimkan tədbiri seçildikdən sonra, xx xxxxx 2021-ci il tarixdə tutulmuş, hazırda hökmün çıxarıldığı xx xxxxx 2021-ci il tarixədək həbsdə saxlanılmışdır. Ona görə məhkəmə hesab edir ki, həmin 13 gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin olunacaq cəzanın müddətindən çıxılaraq, təqsirləndirilən şəxsin üzərində qəti müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli olduğundan barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilib, hökm qanuni qüvvəyə minənədək, başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz olunmalı və o, məhkəmə iclas zalında dərhal azad edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: Cinayət işi üzrə mülki iddia yoxdur, məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs ərizə verərək ona vurulmuş maddi ziyanın ödənildiyini bildirmişdir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində hər hansı əşya, predmet tanınmamışdır; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza keçirilməmişdir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Cinayət işinin materiallarından görünür ki, dövlət hesabına dəvət olunmuş vəkil X3 ibtidai istintaqda iştirak edərək Təqsirləndirilən şəxs hüquqi yardım göstərmişdir, məhkəmə icraatı zamanı isə dövlət hesabına dəvət olunmuş vəkil Müdafiəçi həmin təqsirləndirilən şəxsə hüquqi yardım göstərmişdir. Məhkəmə hesab edir ki, vəkillərin iş materialları ilə tanış olmaqla birlikdə həmin təqsirləndirilən şəxslərə göstərdikləri hüquqi yardıma görə iştirak etdikləri müddət üçün, Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən, hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla, müdafiəçilərə müvafiq hesablaşma hesabı üzərindən 6 saylı Vəkil Bürosu vasitəsi ilə əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə xx xxxxx 2021-ci il tarixdən xx xxxxx 2021-ci il tarixədək həbsdə saxlanıldığı 13 (on üç) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılaraq, üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 04 (dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 22:00dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilib, hökm qanuni qüvvəyə minənədək, başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz olunsun və o, məhkəmə iclas zalında dərhal azad edilsin. İş üzrə məhkəmə məsrəfi olan 50 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 25 saat göstərdiyi pulsuz hüquqi yardıma görə müdafiəçi X1 150 manat əmək haqqı, həmin təqsirləndirilən şəxsə məhkəmədə 30 saat göstərdiyi pulsuz hüquqi yardıma görə Müdafiəçi 180 manat əmək haqqı “xxxx” ASC-nin “Qara Qarayev” filialı, kod 200145, VÖEN **********, m/h- AZ37NABZ013501**********1944, S.Wİ.F.T.BİK AİİBAZ2X, hesab - AZ33AİİB********************, VÖEN - ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Həmin müddətdə hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-31/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-31/2021
21.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver