Məhkəmə qərarları › İş №1(007)-31/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-31/2022

15.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-31/2022 15.07.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs2, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs1, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxx 1983-cü il tarixdə Lənkəran rayonunun Kərgəlan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Lənkəran rayonunun Kərgəlan kəndində qeydiyyatda olan, hazırki işlə bağlı 15 may 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 17 may 2021-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, 06 sentyabr 2021-ci il tarixdə həbsdən azad olunaraq barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli 1(011)-395/2021 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib, 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli 7(007)-439/2021 nömrəli qərarı ilə “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 5ci hissəsinə əsasən cəzasının çəkilməmiş hissəsi 01 il azaldılmış, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 22 aprel 2022-ci il tarixli 7(007)-919/2022 nömrəli qərarı ilə azadlığın məhdudlaşdırılması cəzasının 22 aprel 2022-ci il tarixə çəkilməmiş 06 ay 04 gün hissəsi Azərbaycan Respublikası CM-nin 52-1.5-ci maddəsinə əsasən iki günə bir gün hesabı ilə hesablanmaqla 03 ay 02 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, barəsində axtarış elan olunaraq həbs qətimkan tədbiri seçilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkməsinin əvvəli həbsə alındığı tarixdən hesablanmış, qərarın icrası ilə əlaqədar 24 may 2022-ci il tarixdə tutulmuş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 16 saylı cəzaçəkmə müəssisəsində cəza çəkməklə baxılan işlə bağlı həmin Xidmətin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə, təqsirləndirilən şəxs xx xxxx 1995-ci il tarixdə Lənkəran rayonunun Küvənil kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Lənkəran rayonunun Aşağı-Nüvədi kəndində qeydiyyatda olan, hazırki işlə bağlı 15 may 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 17 may 2021-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, 06 sentyabr 2021-ci il tarixdə həbsdən azad olunaraq barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli 1(011)-395/2021 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib, 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Lənkəran Rayon Məhkəməsinin 28 fevral 2022-ci il tarixli 7(049)-115/2022 nömrəli qərarı ilə “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 5-ci hissəsinə əsasən cəzasının çəkilməmiş hissəsi 01 il azaldılmış, Bakı şəhər probasiya idarəsinin qeydiyyatında olmaqla cəzasını çəkən - Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında 06 may 2021-ci il tarixdə saat 01 radələrində ünvan 1 ünvanın qarşısında saxlanılmış Zərərçəkmiş şəxs məxsus “Toyota Prius” markalı FF249QQ qeydiyyat nişanlı avtomobilin yanına gəlib, əvvəlcədən aralarında olan cinayətkar razılığa əsasən Təqsirləndirilən şəxs1 niyyətlərinə maneəsiz nail olmaq məqsədilə kənar şəxslərin həmin yerə gələcəyi barədə dərhal məlumat verməsi üçün avtomobilin yanında dayanmış, Təqsirləndirilən şəxs2 isə avtomobilin alt hissəsinə keçib, 1380 manat dəyərində katalizatorunu sökərək gizli olaraq talayıb, katalizatorun satışından əldə etdikləri pulu öz aralarında bölməklə ümumilikdə Zərərçəkmiş şəxs 1380 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında 06 may 2021-ci il tarixdə saat 01 radələrində ünvan 1 ünvanın qarşısında saxlanılmış Zərərçəkmiş şəxs məxsus “Toyota Prius” markalı FF249QQ qeydiyyat nişanlı avtomobilin yanına gəlib, əvvəlcədən aralarında olan cinayətkar razılığa əsasən Təqsirləndirilən şəxs1 niyyətlərinə maneəsiz nail olmaq məqsədilə kənar şəxslərin həmin yerə gələcəyi barədə dərhal məlumat verməsi üçün avtomobilin yanında dayanmış, Təqsirləndirilən şəxs2 isə avtomobilin alt hissəsinə keçib, 1380 manat dəyərində katalizatorunu sökərək gizli olaraq talayıb, katalizatorun satışından əldə etdikləri pulu öz aralarında bölməklə ümumilikdə Zərərçəkmiş şəxs 1380 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 04 may 2021-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, “Xalqlar Dostluğu” metrostansiyası yaxınlığında tanışı Rəfaillə görüşən zaman maddi vəziyyətlərinin ağır olması barədə söhbət etmişlər, buna görə birlikdə “Toyota Prius” markalı avtomobil taparaq həmin avtomobilin katalizatorunu oğurlamağı təklif etmişdir. Rəfail onunla razılaşmış və bundan sonra gecə saatlarında görüşmək qərarına gəlmişlər. 05 may 2021ci il tarixdə təxminən saat 01 radələrində Rəfaillə “Xalqlar Dostluğu” metrostansiyasının yanında görüşərək birlikdə həyətləri gəzişməyə başlamışlar. Niyyətləri “Prius” modelli avtomobil tapmaq olmuşdur. Həmin gün Nizami rayonu, E.Süleymanov küçəsində “Prius” modelli avtomobil tapsalar da, artıq səhər saatları olduğundan və havanın işıqlanmaq üzrə olması səbəbindən kiminsə onları görə biləcəyindən ehtiyat edərək həmin gün avtomobilə toxunmadan çıxıb evlərinə getmişlər. Qərarlaşdırmışlar ki, növbəti gecə, yəni 06 may 2021-ci il tarixdə saat 01 radələrində görüşüb yenidən həmin yerə gedərək oğurluğu etsinlər. 06 may 2021-ci il tarixdə saat 01 radələrində “Xalqlar Dostluğu” metrostansiyası yaxınlığında görüşmüşlər və əvvəlcədən götürdükləri, Rəfailin avtomobilinə məxsus avtomobili texniki qaldıran və müvafiq təmir açarlarını özləri ilə götürərək Nizami rayonu E.Süleymanov küçəsinə getmişlər. Həmin “Prius” modelli avtomobil binanın qarşısında dayanmışdır. Onlar kənarda heç kimin olmamasından istifadə edib avtomobilə yaxınlaşmışlar, Rəfail avtomobilin sağ qabaq təkəri olan hissədən avtomobili texniki qaldıran qurğunu yerləşdirərək avtomobilin qabaq hissəsini qaldırdıqdan sonra avtomobilin düşə biləcəyi ehtimalını nəzərə alaraq avtomobilin alt hissəsinə həmin yerdən tapdığı iki ədəd kubikləri yerləşdirərək təhlükəsizliyi təmin etdikdən sonra o, avtomobilin altına girərək katalizatoru sökməyə başlamış, Rəfail isə avtomobilin yanında dayanaraq ətrafa baxmışdır ki, birdən kimsə gələrsə xəbər versin. Təxminən bir saata yaxın vaxt ərzində katalizatoru sökərək avtomobilin altından çıxmış və oradan uzaqlaşmışlar, əvvəlcə katalizatoru ağacların birinin alt hissəsində gizlətmişlər, sonradan isə katalizatorun içini sökərək çıxarıb apararaq internet saytı vasitəsi ilə nömrəsini tapdığı katalizatorların alışı ilə məşğul olan “Əxi” kimi çağırılan şəxsə katalizatorun öz avtomobilinə aid olmasını bildirərək 1250 manata satmışdır. Pulu Rəfaillə aralarında bölmüşlər. Təqsirləndirilən şəxs2 daha sonra maddi imkanı olmadığına görə zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyə bilmədiyini, əməlindən səmimi peşman olduğunu göstərmiş və ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 04 may 2021-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, “Xalqlar Dostluğu” metrostansiyası yaxınlığında tanışı Qorxmazla görüşən zaman maddi vəziyyətlərinin ağır olması barədə söhbət etmişlər. Həmin vaxt Qorxmaz birlikdə “Toyota Prius” markalı avtomobil taparaq həmin avtomobilin katalizatorunu oğurlamağı təklif etmişdir. O, razlaşmış və bundan sonra gecə saatlarında görüşmək qərarına gəlmişlər. Ona görə də 05 may 2021-ci il tarixdə təxminən saat 01 radələrində Qorxmazla “Xalqlar Dostluğu” metrostansiyasının yanında görüşərək birlikdə həyətləri gəzişməyə başlamışlar. Niyyətləri “Prius” modelli avtomobil tapmaq olmuşdur. Həmin gün Nizami rayonu, E.Süleymanov küçəsində “Prius” modelli avtomobil tapsalar da, artıq səhər saatları olduğundan və havanın işıqlanmaq üzrə olması səbəbindən kiminsə onları görə biləcəyindən ehtiyat edərək həmin gün avtomobilə toxunmadan çıxıb evlərinə getmişlər. Qərarlaşdırmışlar ki, növbəti gecə, yəni 06 may 2021-ci il tarixdə saat 01 radələrində görüşüb yenidən həmin yerə gedib oğurluğu etsinlər. 06 may 2021-ci il tarixdə saat 01 radələrində “Xalqlar Dostluğu” metrostansiyası yaxınlığında görüşmüşlər, əvvəlcədən götürdükləri onun avtomobilinə məxsus avtomobili texniki qaldıran və müvafiq təmir açarlarını özləri ilə götürərək Nizami rayonu E.Süleymanov küçəsinə getmişlər. Həmin “Prius” modelli avtomobil binanın qarşısında dayanmışdır. Onlar kənarda heç kimin olmamasından istifadə edərək avtomobilə yaxınlaşmışlar, o, avtomobilin sağ qabaq təkəri olan hissədən avtomobili texniki qaldıran qurğunu yerləşdirərək avtomobilin qabaq hissəsini qaldırdıqdan sonra avtomobilin düşə biləcəyi ehtimalını nəzərə alaraq avtomobilin alt hissəsinə həmin yerdən tapdığı iki ədəd kubikləri yerləşdirərək təhlükəsizliyi təmin etdikdən sonra Qorxmaz avtomobilin altına girərək katalizatoru sökməyə başlamış, o isə avtomobilin yanında dayanaraq ətrafa baxmışdır ki, birdən kimsə gələrsə xəbər versin. Təxminən bir saat keçmiş Qorxmaz katalizatoru sökərək avtomobilin altından çıxmış və onlar oradan uzaqlaşmışlar. Əvvəlcə katalizatoru ağacların birinin alt hissəsində gizlətmişlər, sonradan isə katalizatorun içini sökərək çıxarmışlar, Qorxmaz aparıb onu satmışdır. Qorxmaz katalizatorun içini 1250 manata “Əxi” kimi çağırılan şəxsə satdığını demiş və ona 600 manat pul vermişdir. Təqsirləndirilən şəxs1 ifadəsində daha sonra əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş maddi ziyandan 450 manat ödəyə bildiyini göstərmiş və barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 28 fevral 2020-ci il tarixdə o, anası tərəfdən qohumu olan Gürcüstan Respublikası vətəndaşı olan Rəşad Rzayevin adına Gürcüstan Respublikasından 2012-ci il buraxılışlı, metalik rəngli “Toyota Prius” markalı FF249QQ dövlət qeydiyyat nişanlı avtomobil almış və həmin avtomobili Gürcüstan Respublikası ərazisində verilmiş baş etibarnamə əsasında idarə etmişdir. O, həmişə avtomobilini yaşadığı ünvan 1 ünvanın qarşısında saxlamışdır. 05 may 2021-ci il tarixdə saat 19 radələrində avtomobilini həmişəki yerdə saxlamış və evə getmişdir. 06 may 2021-ci il tarixdə saat 09 radələrində şəxsi işləri ilə məşğul olmaq üçün evdən çıxan zaman avtomobilinin arxa sağ təkərinin arxa və sağ tərəfinə daş qoyulmasını görüb avtomobilin qabaq hissəsinə baxdıqda, avtomobilin səsboğucusunun katalizatorunun sökülüb oğurlanmasını müəyyən etmişdir. Həmin katalizatorun oğurlanması nəticəsində ona 1380 manat maddi ziyan dəymişdir. Şikayəti əsasında polislər tərəfindən aparılan araşdırma ilə oğurluğun Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən edildiyi müəyyən olunmuşdur. Ona vurulmuş maddi ziyan ödənilməmişdir. Zərərçəkmiş şəxs sonradan məhkəmə iclasında iştirak etmədiyindən onunla telefon əlaqəsi zamanı məhkəmə iclasının onun iştirakı olmadan yekunlaşdırılmasını xahiş etmiş, bildirmişdir ki, təqsiləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1 ona yalnız 450 manat pul ödəmişdir, digər Təqsirləndirilən şəxs2 isə onunla görüşməmiş, maddi ziyandan hər hansı ödəniş etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, 2021-ci ilin may ayının əvvəllərində sonradan tanıdığı Təqsirləndirilən şəxs2 ona özünə məxsus “Prius” markalı avtomobilə aid katalizatoru satdığını bildirmiş, qiymətdə razılaşaraq pulunu vermiş katalizatoru Qorxmazdan almış, daha sonra isə tanımadığı müştəriyə satmışdır. O, Qorxmaza inandığı üçün katalizatorun oğurluq olmasından şübhələnməmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 15 may 2021-ci il tarixli qərardan görünür ki, material üzrə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. (i.v. 1) - 06 may 2021-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs, ekspert-kriminalistin və hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. (i.v. 8-9) - 06 sentyabr 2021-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs2 ifadəsinin yerində yoxlanılması zamanı o, hadisə yerini əyani olaraq göstərib, oğurluq əməlini hansı qaydada törətdiyini ifadəsində göstərilən qaydada izah etmişdir. (i.v. 137-140) - 06 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 ifadəsinin yerində yoxlanılması zamanı aşkar edilmiş bir ədəd katalizatorun dəmir üzlüyü götürülmüşdür. (i.v. 141) - 14 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış, bir ədəd katalizatorun dəmir üzlüyü maddi sübut kimi tanınaraq saxlanılması üçün maddi sübutların saxlanma otağına təhvil verilmişdir. (i.v. 154-157) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsləri, onların müdafiəçilərini və şahidi dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirlilikləri özlərinin etirafedici ifadələri ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs2 barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 15 may 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 25) - 15 may 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 39) - 17 may 2021-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 03 ay həddində müəyyən edilməklə, həbsetmənin əvvəli 15 may 2021-ci il tarixdən hesablanmışdır. (i.v. 95-96) - 17 may 2021-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 03 ay həddində müəyyən edilməklə, həbsetmənin əvvəli 15 may 2021-ci il tarixdən hesablanmışdır. (i.v. 97-99) -Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqinin 06 iyul 2021-ci il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barələrində olan ********* nömrəli cinayət işi həmin şəxslərin barələrində Bakı şəhəri Xətai RPİ-nin istintaq şöbəsinin icraatında olan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilməsi üçün aidiyyəti üzrə Xətai RPİ-nin istintaq şöbəsinə göndərilmişdir. (i.v. 104) -Bakı şəhəri Xətai RPİ-nin istintaq şöbəsinin müstəntiqinin 05 avqust 2021-ci il tarixli qərarından görünür ki, Zərərçəkmiş şəxs məxsus katalizatorun gizli talanması faktına görə Nizami RPİ-nin istintaq şöbəsində başlanmış ********* nömrəli cinayət işi həmin şöbənin icraatında olan ********* nömrəli cinayət işinin materiallarından ayrılmış və ibtidai istintaqın ərazi aidiyyəti üzrə davam etdirilməsi üçün Nizami RPİ-nin istintaq şöbəsinə göndərilmişdir. (i.v. 105-107) - 06 sentyabr 2021-ci il tarixli 1(011)-395/2021 nömrəli qərardan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barələrində ********* nömrəli cinayət işi üzrə seçilmiş həbs qətimkan tədbirinin müddəti bitdiyindən Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən dərhal məhkəmə iclas zalında həbsdən azad edilmişlər, barələrində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 116-117) -Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqinin 06 sentyabr 2021-ci il tarixli qərarlarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barələrində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 125-126, 128-129) -Hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli 1(011)-395/2021 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. -Qərarın surətindən görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli 7(007)-439/2021 nömrəli qərarı ilə “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 5-ci hissəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasının çəkilməmiş hissəsi 01 il azaldılmışdır. -Qərarın surətindən görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 22 aprel 2022-ci il tarixli 7(007)-919/2022 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasının 22 aprel 2022-ci il tarixə çəkilməmiş 06 ay 04 gün hissəsi Azərbaycan Respublikası CM-nin 52-1.5-ci maddəsinə əsasən iki günə bir gün hesabı ilə hesablanmaqla 03 ay 02 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, barəsində axtarış elan olunmuş, həbs qətimkan tədbiri seçilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkməsinin əvvəli həbsə alındığı tarixdən hesablanmışdır. -Bakı şəhəri Nizami rayon polis idarəsinin 10 iyun 2022-ci il tarixli 087-17976-1222 nömrəli məktubundan görünür ki, 22 aprel 2022-ci il tarixli qərarın icrası ilə əlaqədar Təqsirləndirilən şəxs2 24 may 2022-ci il tarixdə tutulmuşdur. -Hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli 1(011)-395/2021 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. -Qərarın surətindən görünür ki, Lənkəran Rayon Məhkəməsinin 28 fevral 2022-ci il tarixli 7(049)-115/2022 nömrəli qərarı ilə “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 5-ci hissəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasının çəkilməmiş hissəsi 01 il azaldılmışdır. -Bakı probasiya idarəsinin 06 iyul 2022-ci il tarixli 21-1/3-101697-8 nömrəli məktubundan görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs1 barəsindəki 17 sentyabr 2021-ci il tarixli 1(011)-395/2021 nömrəli hökmü 26 yanvar 2022ci il tarixdə Lənkəran rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş, məhkum 07 fevral 2022-ci il tarixdə həmin şöbədə qeydiyyata alınmış və cəzasının əvvəli həmin tarixdən hesablanmışdır. Təqsirləndirilən şəxs1 barəsində olan hökm, onun icrası barədə göstəriş və yaşayış yerinin dəyişdirilməsi barədə Lənkəran Rayon Məhkəməsinin 14 aprel 2022-ci il tarixli 7(049)-132/2022 nömrəli qərarı 10 may 2022-ci il tarixdə Bakı şəhər probasiya idarəsinə daxil olmuşdur, məhkum Təqsirləndirilən şəxs1 cəzasının 04 ay 29 gün hissəsi çəkilmiş, 07 ay 01 gün hissəsi çəkilməmiş qalmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə törətdikləri əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hal qismində Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsində, cəzasını ağırlaşdıran hal qismində həmin Məcəllənin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın bir qismini ödəməsini Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” 22 fevral 2012-ci il tarixli Qərarına əsasən cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Məhkəmə, Təqsirləndirilən şəxs2 barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını və azadlıqdan məhrum etmə növündə cəza çəkdiyini nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir. Məhkəmənin qənaətinə görə, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir, ona görə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəza təyini zamanı Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin müddəalarına əməl edilməli, bununla da, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli 1(011)- 395/2021 nömrəli hökmü ilə təyin edilmiş 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsinin Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 17 fevral 2021ci il tarixli 7(007)-439/2021 nömrəli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Amnistiya Qərarına əsasən 01 il azaldılması nəticəsində 22 aprel 2022-ci il tarixə çəkilməmiş 06 ay 04 gün azadlığın məhdudlaşdırılması cəzasının Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 22 aprel 2022-ci il tarixli 7(007)-919/2022 nömrəli qərarı ilə 03 ay 02 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunması nəzərə alınmaqla həmin cəza hazırkı hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmalı və Təqsirləndirilən şəxs2 müvafiq müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs2 15 may 2021-ci il tarixdən 17 may 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu və həmin tarixdən 06 sentyabr 2021-ci il tarixədək həbsdə saxlanıldığı ümumilikdə 03 ay 22 gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılıb, üzərində qəti müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 175.5-ci maddələrinin tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı 24 may 2022-ci il tarixdən hesablanmalı, azadlıqdan məhrum etmə növündə cəza çəkməsi ilə əlaqədar əhəmiyyətini itirdiyindən hazırkı iş üzrə barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməli, eyni zamanda 22 aprel 2022-ci il tarixli qərarla təyin olunmuş və çəkməkdə olduğu azadlıqdan məhrum etmə cəzasının sonuna az qaldığından, baxılan iş üzrə hökmün icrasını təmin etmək məqsədi ilə, hökm qanuni qüvvəyə minənədək, barəsində həbs qətimkan tədbiri seçilməlidir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs2 ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs1 barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir. Məhkəmənin qənaətinə görə, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir, ona görə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza təyini zamanı Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin müddəalarına əməl edilməli, bununla da, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli 1(011)- 395/2021 nömrəli hökmü ilə təyin edilmiş 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsinin Lənkəran Rayon Məhkəməsinin 28 fevral 2022-ci il tarixli 7(049)-115/2022 nömrəli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Amnistiya Qərarına əsasən 01 il azaldılması nəticəsində qalmış 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1.1- 1-ci maddəsinə əsasən, azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki gününün bərabər tutulması qaydasında hesablanmaqla, 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmalı, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən həmin cəzanı yeni hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaqla Təqsirləndirilən şəxs1 müvafiq müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli 1(011)-395/2021 nömrəli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmiş 05 ay 08 günü Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən, azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki gününün bərabər tutulması qaydasında hesablanmaqla, 02 ay 19 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmalı, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən çəkilən həmin cəza qəti cəza müddətinə hesablanmaqla Təqsirləndirilən şəxs1 üzərində müvafiq müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, Təqsirləndirilən şəxs1 15 may 2021-ci il tarixdən 17 may 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu və həmin tarixdən 06 sentyabr 2021-ci il tarixədək həbsdə saxlanıldığı ümumilikdə 03 ay 22 gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılıb, üzərində qəti müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 175.5-ci maddələrinin tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı hökmün çıxarıldığı 15 iyul 2022-ci il tarixdən hesablanmalı, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilib hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmaqla, həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalında dərhal həbs edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs1 ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur, cinayət işi üzrə zərərçəkmiş şəxsə vurulmuş maddi ziyan tam ödənilməsə də, onun tərəfindən məhkəməyədək icraat və məhkəmə icraatı zamanı qanunla müəyyən edilmiş müddətdə və qaydada mülki iddia verilməmişdir, CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır, belə olan halda, məhkəmə hesab edir ki, göstərilənlərə əsasən maddi ziyanın ödənilməsini tələb etdiyi halda zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilər, ona bu hüququ izah edilməlidir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınaraq Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan bir ədəd katalizatorun dəmir üzlüyü Zərərçəkmiş şəxs təhvil verilməlidir; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza iş üzrə keçirilməmişdir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə qeyd edir ki, müstəntiqin qərarı əsasında dövlət hesabına dəvət edilmiş Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 məhkəməyədək icraat zamanı iştirak edərək təqsirləndirilən şəxslərin hüquqlarının müdafiəsini həyata keçirsələr də, müstəntiq müdafiəçilərin hüquqi xidmətlərə görə iştirak etdikləri müddətə və bunun məbləğinə dair arayışı ittiham aktına əlavə etməmişdir, ona görə müdafiəçilərə həmin hissədə əmək haqqının tutulması məsələsi həll edilmir. Məhkəmənin qərarı əsasında Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X2 və Müdafiəçi1 məhkəmə icraatı zamanı iştirak edərək müvafiq olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hüquqi yardım göstərmişlər, iş materiallarıma əsasən həmin müddət hər bir vəkilə münasibətdə 74 iş saatı müddətinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli 1(011)-395/2021 nömrəli hökmü ilə təyin edilmiş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsinin Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli 7(007)- 439/2021 nömrəli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Amnistiya Qərarına əsasən 01 (bir) il azaldılması nəticəsində 22 aprel 2022-ci il tarixə çəkilməmiş 06 (altı) ay 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzasının Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 22 aprel 2022-ci il tarixli 7(007)-919/2022 nömrəli qərarı ilə 03 (üç) ay 02 (iki) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunması nəzərə alınmaqla həmin cəza hazırkı hökmlə təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılsın və Təqsirləndirilən şəxs2 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 15 may 2021-ci il tarixdən 17 may 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu və həmin tarixdən 06 sentyabr 2021-ci il tarixədək həbsdə saxlanıldığı ümumilikdə 03 (üç) ay 22 (iyirmi iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılıb, üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 08 (səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 ona təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 24 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin, hökmün icrasını təmin etmək məqsədi ilə, hökm qanuni qüvvəyə minənədək, barəsində həbs qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli 1(011)- 395/2021 nömrəli hökmü ilə təyin edilmiş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsinin Lənkəran Rayon Məhkəməsinin 28 fevral 2022-ci il tarixli 7(049)-115/2022 nömrəli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Amnistiya Qərarına əsasən 01 (bir) il azaldılması nəticəsində qalmış 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən, azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki gününün bərabər tutulması qaydasında hesablanmaqla, 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən həmin cəzanı yeni hökmlə təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaqla Təqsirləndirilən şəxs1 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli 1(011)- 395/2021 nömrəli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmiş 05 (beş) ay 08 (səkkiz) günü Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən, azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki gününün bərabər tutulması qaydasında hesablanmaqla, 02 (iki) ay 19 (on doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən çəkilən həmin cəza qəti cəza müddətinə hesablanmaqla Təqsirləndirilən şəxs1 üzərində 02 (iki) il 11 (on bir) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 15 may 2021-ci il tarixdən 17 may 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu və həmin tarixdən 06 sentyabr 2021-ci il tarixədək həbsdə saxlanıldığı ümumilikdə 03 (üç) ay 22 (iyirmi iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 02 (iki) il 11 (on bir) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılıb, üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 19 (on doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 ona təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 15 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilib hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmaqla, həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs1 müvafiq rejim üzrə cəzaçəkmə müəssisəsinə göndərilməsinədək həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanası müəyyən edilsin. Maddi sübut qismində tanınaraq Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan bir ədəd katalizatorun dəmir üzlüyü Zərərçəkmiş şəxs təhvil verilsin. Təqsirləndirilən şəxs2 məhkəmə icraatı zamanı 74 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Müdafiəçi2 444 manat əmək haqqı, Təqsirləndirilən şəxs1 məhkəmə icraatı zamanı 74 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Müdafiəçi1 444 manat əmək haqqı müvafiq hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı vəkil bürosu vasitəsi ilə Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilmək hüququ izah edilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar