Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-31/2023 13.01.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxx 1985-ci il tarixdə Cəbrayıl rayonunun Məzrə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Cəbrayıl rayonunun Məzrə kəndində qeydiyyatda olan, ünvan 2 nömrəli binanın zirzəmisində yaşamış, 18 may 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 20 may 2022-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs saxlanc yerinə qanunsuz daxil olub özgənin əmlakını gizli olaraq talamaqla təkrar oğurluq etmiş, bundan başqa satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan metamfetamin əldə edərək, üzərində saxlamaqla daşımışdır. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədilə 06 may 2022-ci il tarixdə saat 11 radələrində ünvan 1 ünvanında yerləşən yaşayış binasının zirzəmisinə pəncərədən keçməklə qanunsuz daxil olaraq oradan Zərərçəkmiş şəxs1 məxsus 2000 manat dəyərində 01 ədəd “Zinger” markalı tikiş maşını, 360 manat dəyərində 01 ədəd “Kenvud” markalı şirəçəkən maşını, 90 manat dəyərində 01 ədəd narçəkən maşını, 190 manat dəyərində 01 ədəd termos tipli qazanı, 500 manat dəyərində bıçaq dəsti, ümumi dəyəri 800 manat olan müxtəlif çeşidli yeni qab-qacaqları və ümumi qiyməti 200 manat olan istifadə edilmiş 5 cüt uşaq ayaqqabılarını gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 4140 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 17 may 2022-ci il tarixdə saat 11 radələrində ünvan 2 ünvanında yerləşən “İndigo” adlı uşaq baxçasının qarşısındakı söhbətgahın oturacağının üzərindən Zərərçəkmiş şəxs2 məxsus 10 manat dəyərində ***-***-**-** nömrəsi ilə işləyən 300 manat dəyərində “Samsung A10” markalı mobil telefon aparatını gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 310 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, 17 may 2022-ci il tarixdə “Xalqlar Dostluğu” parkında şəxsiyyəti istintaqa “Dilbər” adı ilə məlum olan şəxsdən satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, 01 ədəd bükümdə, təmiz çəkisi 1,488 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib, daşıyaraq üzərində saxlamış, 18 may 2022-ci il tarixdə saat 13:30 radələrində Nizami RPİ-nin 24-cü polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “8-ci km bazarı”nda rayon ərazisində baş vermiş oğurluq cinayətlərini törətməkdə şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 81B ünvanında yerləşən Nizami RPİ-nin 24-cü polis şöbəsinə gətirilmiş, xidməti otaqda üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan tünd göy rəngli gödəkçənin sol iç cibindən şəffaf sellofana bükülmüş həmin bir ədəd bükümdə təmiz çəkisi 1,488 qram olan ağ rəngli kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, heç yerdə işləmədiyi üçün gəlir yeri olmadığından Bakı şəhərində müxtəlif ünvanlardan oğurluq etmiş, bəzi hallarda binaların zirzəmilərindən metal toplayıb satmışdır. 06 may 2022-ci il tarixdə saat 11 radələrində metal toplamaq məqsədi ilə Nizami rayonu, R.Rüstəmov küçəsi, 44 ünvanında yerləşən binanın zirzəmisinə daxil olmuş, axtarış apararkən zirzəminin digər hissələrinə keçmək üçün kiçik ölçülü açıq vəziyyətdə pəncərə olduğunu görmüşdür. Həmin pəncərədən içəri baxdıqda orada müxtəlif əşyaların olduğunu aşkar etmiş və pəncərədən içəri daxil olaraq orada saxlanılan 01 ədəd tikiş maşını, 01 ədəd şirəçəkən aparat, 01 ədəd nar əzən aparat, müxtəlif qab-qacaqları oğurlayaraq zirzəminin digər hissəsinə yerləşdirmişdir. Bundan sonra götürdüyü əşyaları sellofan paketə yerləşdirərək zirzəmidən çıxmışdır. Götürdüyü tikiş maşınını həmin binanın yaxınlığında təndir sexində işləyən adını bilmədiyi bir qadına 20 manata satmışdır. Daha sonra “8-ci km bazarı”na gedərək qalan əşyaları bazarın ətrafında tanımadığı şəxslərə müxtəlif qiymətlərə satmışdır. Əldə etdiyi pulları şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan əlavə, 17 may 2022-ci il tarixdə saat 11 radələrində Nizami rayonu, R.Rüstəmov küçəsi, 32 ünvanında yerləşən uşaq baxçasının qarşısında olduğu zaman baxçanın qarşısında masanın üzərində “Samsung Galaxy A10” markalı mobil telefon olduğunu görmüş və həmin telefonu aparmaq qərarına gəlmişdir. Bir qədər ətrafa nəzər saldıqdan sonra qeyd olunan mobil telefonun nəzarətsiz olduğunu görüb telefonu götürərək ərazidən uzaqlaşmışdır. Bundan sonra həmin mobil telefonu “Sabunçu bazarı”nda tanımadığı şəxsə 20 manata satmışdır. Həmin əməllərini etiraf edir, lakin polislər tərəfindən saxlanılarkən onun üzərində narkotik vasitə olmamışdır, 24-cü polis şöbəsində ona təzyiq göstərildiyinə görə narkotik vasitə əldə edərək üzərində saxladığını bildirmişdir. Onun üzərindən narkotik vasitə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə məhkəmə baxışında verdiyi cari ifadəsinin müvafiq hissəsi arasında əhəmiyyətli ziddiyyət olduğundan, Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən onun 20 may 2022-ci il tarixdə müdafiəçisinin iştirakı ilə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsinin aidiyyəti hissəsi elan edilmişdir. Təqsirləndirilən şəxs sözügedən ifadəsində göstərmişdir ki, özünü elan edilmiş ittiham üzrə təqsirli bilir, ...heç yerdə işləmir, təxminən 5-6 ilə yaxın müddətdir ki, narkotik vasitə istifadə edir, istifadə etdiyi narkotik vasitəni əsasən “Xalqlar Dostluğu” parkından tanıdığı Dilbər adlı şəxsdən almışdır. Dilbərlə tanışlığı parkda olmuşdur. Dilbər adlı şəxslə “Xalqlar Dostluğu” parkında görüşür, sonuncu mütəmadi olaraq həmin parkda olur. Dilbər adlı şəxsin yaşadığı mənzili və anket məlumatlarını bilmir. Heç herdə işləmədiyi üçün gəlir yeri yoxdur. Bu səbəbdən Bakı şəhərində müxtəlif ünvanlardan oğurluq edir...17 may 2022-ci il tarixdə .... Daha sonra yenidən “Xalqlar Dostluğu” parkına gələrək Dilbər adlı şəxslə görüşüb ondan 10 manata “şüşə” kimi tanıdığı narkotik vasitə almışdır. Hər gün narkotik qəbul etdiyi üçün həmişə üzərində narkotik vasitə olur. 18 may 2022-ci il tarixdə saat 14 radələrində “8-ci kilometr bazarı”nda olduğu zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər və oğurluqda şübhəli olduğunu bildirərək onu Nizami rayon polis idarəsinin 24-cü polis şöbəsinə gətirmişlər. Həmin vaxt polis əməkdaşlarından yayına bilmədiyi üçün üzərində olan narkotik vasitəni tullaya bilməmişdir. Polis şöbəsində xidməti otaqlardan birində üzərinə baxış keçirilərkən əynində olan tünd göy rəngli gödəkçəsinin sol iç cibində saxladığı 01 ədəd şəffaf sellofan bükümdə “şüşə” kimi tanıdığı narkotik vasitə aşkar olunaraq götürülmüşdür. Üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitəni 17 may 2022-ci il tarixdə Dilbər adlı şəxsdən almışdır. Həmin narkotik vasitəni özü istifadə etmək məqsədi ilə cibində saxlamışdır. Polis əməkdaşları tərəfindən Nizami RPİ-nin 24-cü PŞ-nə gətirilərkən, eyni zamanda polis idarəsində olduğu müddətdə ona qarşı hər hansı bir qanunsuz hərəkətlər, eyni zamanda fiziki və ya psixoloji təzyiqlər olmamışdır. 18 may 2022-ci il tarixdə üzərində şəxsi axtarış aparılan zaman əynindəki tünd göy rəngli gödəkçənin sol iç cibindən aşkar edilərək götürülmüş metamfetamini 17 may 2022-ci il tarixdə Bakı şəhərində “Xalqlar Dostluğu” parkında Dilbər adlı, orta yaşlı və orta boylu, qaraşın qadından 10 manata özü istifadə etmək üçün almışdır. Təqsirləndirilən şəxs ifadəsinin elan olunmasından sonra həmin ifadə ilə razı olmadığını, ifadənin müstəntiqin sözləri ilə yazıldığını, hazırda məhkəməyə verdiyi ifadəni təstiq etdiyini bildirmiş, məhkəmədə son sözündə isə ədalətli qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, ünvan 6 ünvanında ailəsi ilə birlikdə yaşayır. 2022-ci ilin fevral ayından Nizami rayonu, R.Rüstəmov küçəsi, 32 ünvanında yerləşən “İndigo” adlı uşaq baxçasında köməkçi kimi işləyir. 17 may 2022-ci il tarixdə saat təxminən 11 radələrində işdə olan zaman iş yoldaşları ilə iş yerinin qarşısında olan söhbətgahın yanında durub söhbət etmişlər. Sonradan özünə məxsus “Samsung A10” markalı mobil telefonunu söhbətgahda oturacağın üzərinə qoymuşdur. Təxminən 5 dəqiqə keçmiş oturacağın üzərinə baxdıqda mobil telefonunun orada olmadığını, naməlum şəxs tərəfindən oğurlandığını aşkar etmişdir. Həmin mobil telefonunun dəyəri 300 manat, telefonun üzərindəki ***-***-**-** saylı nömrənin dəyəri isə 10 manat təşkil etmişdir. 17 may 2022-ci il tarixdə DİN-in 102 xidmətinə mobil telefonunun oğurlanması ilə əlaqədar məlumat vermişdir. Hadisə nəticəsində ona ümumilikdə 310 manat maddi ziyan dəymişdir. Oğurluğu törətmiş Təqsirləndirilən şəxs ona vurduğu maddi ziyanı ödəməmişdir, ondan şikayətçidir. Məhkəməyədək icraat zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 işin baxılmasında iştirakının təmin edilməsi mümkün olmamışdır, o, ərizə ilə müraciət edərək məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etdiyini, xəstəliyi ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiyini, lakin Təqsirləndirilən şəxs şikayətçi olduğunu göstərmişdir. Bununla əlaqədar zərərçəkmiş şəxsin həmin dövrdə verdiyi ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. Zərərçəkmiş şəxs sözügedən ifadəsində göstərmişdir ki, ünvan 7 ünvanında 2 azyaşlı oğlu ilə birlikdə yaşayır. Yaşadığı mənzil 5 mərtəbəli binanın 1-ci blokunun 1-ci mərtəbəsində yerləşir. Binanın arxa tərəfindən zirzəmiyə dəmir qapı qoyaraq seyf kilidlə bağlayır. Həmin zirzəminin binanın ön tərəfindən blokdan da giriş hissəsi var. Həmin giriş hissənin qapısı olsa da, son vaxtlar daimi açıq vəziyyətdə qalmışdır. Yəni, digər şəxslərin həmin zirzəmiyə sərbəst giriş-çıxışı mümkündür. Özünə məxsus məişət əşyalarını və digər avadanlıqları həmin zirzəmidə saxlayır. Qeyd olunan zirzəmiyə daxil olmaq üçün binanın arxa hissəsində olan qapıdan istifadə edir. Sonuncu dəfə təxminən 2022-ci ilin may ayının əvvəlində həmin zirzəmidən istifadə etdikdə zirzəmidə olan əşyalar yerində olmuşdur. 12 may 2022-ci il tarixdə saat 11 radələrində zirzəminin giriş qapısını açarla açaraq içəri daxil olmuş və zirzəmidə dağınıqlıq olduğunu aşkar etmişdir. Dərhal zirzəmiyə baxış keçirmiş və zirzəmidə saxladığı 2000 manat dəyərində 01 ədəd “Zinger” markalı tikiş maşınının, 360 manat dəyərində 01 ədəd “Kenvud” markalı şirəçəkən maşının, 90 manat dəyərində 01 ədəd narçəkən maşının, 190 manat dəyərində 01 ədəd termos tipli qazanın, 500 manat dəyərində markasını dəqiq xatırlamadığı bıçaq dəstinin, ümumi dəyəri 800 manat olan müxtəlif dəst yeni qabqacaqların, ümumi dəyəri 200 manat olan istifadə edilmiş 5 cüt uşaq ayaqqabılarının yerində olmadığını aşkar etmişdir. Həmin vaxt ona məlum olmuşdur ki, qeyd olunan əşyalar naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmışdır. Hadisə nəticəsində ona ümumilikdə 4140 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü polis şöbəsinin cinayət axtarışı üzrə baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, 12 may 2022-ci il tarixdə DİN-in 102 xidmətinə ünvan 1 ünvanında yerləşən yaşayış binasının zirzəmisində Zərərçəkmiş şəxs1 məxsus əşyaların oğurlanması ilə bağlı məlumat daxil olmuşdur. 24-cü polis şöbəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilməsinə baxmayaraq cinayəti törətmiş şəxsin və ya şəxslərin şəxsiyyətini və yerini müəyyən etmək mümkün olmamışdır. 17 may 2022-ci il tarixdə DİN-nin 102 xidmətinə ünvan 2 ünvanında yerləşən “İndigo” adlı uşaq baxçasının qarşısındakı söhbətgahın oturacağının üzərindən Zərərçəkmiş şəxs2 məxsus “Samsung A10” markalı mobil telefon aparatının naməlum şəxs tərəfindən oğurlanması barədə məlumat daxil olmuşdur. Qeyd olunan cinayət hadisələri ilə əlaqədar əməliyyat-axtarış tədbirləri davam etdirilmişdir. 18 may 2022-ci il tarixdə Təqsirləndirilən şəxs rayon ərazisində oğurluq cinayətlərini törətməkdə şübhəli olması barədə 24-cü polis şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatı əsasında şöbə rəisinə raportla məruzə edərək təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul etdikdən sonra Təqsirləndirilən şəxs olduğu yerin müəyyən edilib ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilərək yaxalanmasından ötrü onun rəhbərliyi altında şöbənin əməliyyat müvəkkili Şahid3 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 18 may 2022-ci il tarixdə saat 13:30 radələrində Nizami rayonu ərazisində yerləşən “8-ci km bazarı”nda tərəflərindən qeyd olunan oğurluq cinayətlərini törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs saxlanılaraq 24-cü polis şöbəsinə aparılmış, şifahi söhbət zamanı o, narkotik vasitələrin aludəçisi olduğunu, qeyd olunan oğurluq cinayət əməllərini narkotik vasitəyə olan tələbatını ödəmək üçün özünün törətdiyini bildirmişdir. Bundan sonra araşdırmanın aparılması 24-cü PŞ-nin təhqiqatçısına həvalə edilmişdir. Dövlət hesabına vəkil dəvət olunaraq şübhəli şəxs qismində tutularaq hüquq və vəzifələri izah edildikdən sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsinə başlanılmış, bu zaman videoçəkilişdən istifadə olunmuşdur. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verilməsi təklif etmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli gödəkçənin sol iç cibindən 01 ədəd şəffaf sellofana bükülmüş halda içərisində ağ rəngli spesifik iyə malik olan maddəni təqdim etmişdir. Sorğu zamanı o, həmin maddənin “şüşə” kimi tanıdığı psixotrop maddə olduğunu, 17 may 2022-ci il tarixdə “Xalqlar Dostluğu” parkında əvvəldən tanıdığı “Dilbər” adlı şəxsdən özü istifadə etmək üçün aldığını, şəxsi istifadəsi üçün üzərində gəzdirdiyi bildirmişdir. Təqsirləndirilən şəxs götürülən içərisində ağ rəngli spesifik iyə malik olan maddənin olduğu 01 ədəd şəffaf sellofan büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən qablaşdırılıb möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və maddələr aşkar edilməmişdir. Şəxsi axtarış zamanı və digər müddətlərdə tərəflərindən Təqsirləndirilən şəxs qarşı qanunsuz hərəkətə yol verilməmiş, incidilməmişdir, həmin şəxs özünü səmimi aparmış, əməlini etiraf etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü polis şöbəsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid3, Şahid2 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəmə iclasında iştirakının təmin edilməsi mümkün olmadığından onun həmin dövrdə verdiyi ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. Şahid sözügedən ifadəsində göstərmişdir ki, Nizami rayonu, metronun “Neftçilər” stansiyasının yaxınlığında yerləşən təndir çörəyi satılan obyektdə günəmüzd işləyir. Təqsirləndirilən şəxs tanımır, onunla heç bir qohumluq əlaqələri, ədavəti və düşmənçiliyi yoxdur. Sonuncunu Nizami RPİ-nin 24-cü polis şöbəsində barəsində aparılan araşdırma ilə əlaqədar tanımışdır. 06 may 2022-ci il tarixdə təxminən saat 17 radələrində işlədiyi yerə gələn, özünü təqdim etməyən, tanımadığı, lakin sonradan adının Mübarək olduğunu bildiyi, saçları ağ rəngli, təxminən 35-40 yaşlarında olan bir kişi cinsli şəxs əlində olan qara rəngli, aşağı tərəfi qəhvəyi rəngli, taxta konstruksiyalı tikiş maşınını göstərərək həmin tikiş maşınının özünə məxsus olduğunu, öz evində istifadə etdiyini, pula ehtiyacı olduğu üçün 20 manata satmaq istədiyini bildirmişdir. Həmin tikiş maşınına baxıb, onun saz vəziyyətdə olub-olmamasını soruşduqda həmin şəxs ona tikiş maşınının işlək vəziyyətdə olduğunu bildirmişdir. Bundan sonra həmin şəxsə 20 manat pul vermiş və tikiş maşınını ondan alıb öz yaşadığı evə aparmışdır. Polis əməkdaşları onunla əlaqə saxladıqdan sonra ona məlum olmuşdur ki, həmin şəxs tikiş maşınını cinayət yolu ilə əldə edib, yəni kimdənsə oğurlayıb və özünə məxsus olması barədə yalan məlumat verərək ona satmışdır. Həmin şəxs sözügedən tikiş maşınından başqa ona heç bir əşya təklif etməmiş və satmamışdır. Onun əlində həmin tikiş maşınından başqa əşya və ya predmet görməmişdir. Tikiş maşınını 18 may 2022-ci il tarixdə könüllü olaraq Nizami RPİ-nin 24-cü polis şöbəsinə təhvil vermişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 19 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) - 17 may 2022-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs2 və hal şahidlərinin iştirakları ilə hadisə yerinə baxış keçirilmişdir. (i.v. 7-8) - 18 may 2022-ci il tarixli protokoldan görünür ki, Nizami RPİ-nin 24-cü PŞ-nin təhqiqatçısı tərəfindən Zərərçəkmiş şəxs2 məxsus “Samsung A10” markalı mobil telefonun oğurlanmasını əks etdirən videogörüntülərin əks olunduğu bir ədəd CD diskə onun özünün iştirakı ilə baxış keçirilmişdir. Baxış keçirilərkən görüntünün 13 saniyədən ibarət olduğu, bir nəfər göy köynəkli, qara şalvarlı, başında kepka papaq olan şəxsin sağdan sola doğru piyada hərəkət edərək, sağ tərəfdə olan göy rəngli dəmirlərdən hazırlanmış üstü örtülü söhbətgahın üzərində olan mobil telefonu götürərək uzaqlaşması müəyyən edilmişdir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs2 qeyd olunan mobil telefonun ona məxsus olduğunu bildirmişdir. (i.v. 9) - 18 may 2022-ci il və 19 may 2022-ci il tarixli protokollardan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin təhqiqatçısı tərəfindən şəxsi axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli gödəkçənin sol iç cibindən 01 ədəd şəffaf sellofana bükülü halda içərisində ağ rəngli spesifik iyə malik olan maddəni təqdim edərək bildirmişdir ki, həmin maddə “şüşə” kimi tanıdığı narkotik vasitədir və 17 may 2022-ci il tarixdə “Xalqlar Dostluğu” parkında əvvəldən tanıdığı Dilbər adlı şəxsdən istifadə etmək üçün almış, şəxsi istifadəsi üçün üzərində gəzdirmişdir. Aşkar edilmiş bir ədəd bükümdə olan narkotik vasitəyə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videogörüntülərin köçürüldüyü diskə təqsirləndirilən şəxsin və onun müdafiəçisinin iştirakları ilə baxış keçirilərkən 18 may 2022ci il tarixdə əksini tapan məlumatların təsdiq olunduğu müəyyən edilmişdir. (i.v. 35-36, 74) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 18 may 2022-ci il tarixli 6/2857 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün № 164” möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş...” və s. sözlər, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 1,488 qram ağ rəngli, kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: metamfetaminin təmiz çəkisi 1,488 qram olmuş, tədqiqata 0,05 qram sərf edilmiş, 1,438 qram qalıq qalmışdır. (i.v. 42-45) - 12 may 2022-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs1 və hal şahidlərinin iştirakları ilə hadisə yerinə baxış keçirilmişdir. (i.v. 55-58) - 16 may 2022-ci il tarixli protokoldan görünür ki, Şahid1 təqdim etdiyi bir ədəd qara rəngli metal materialdan olan, aşağı hissəsi sarı rəngli, taxta konstruksiyalı, altı sandıqçalı olan tikiş maşınına sonuncunun iştirakı ilə baxış keçirilmiş və ondan götürülmüşdür. (i.v. 62) - 17 may 2022-ci il tarixli protokoldan görünür ki, Nizami RPİ-nin 24-cü PŞ-nin baş təhqiqatçısı tərəfindən Nizami rayonu, R.Rüstəmov küçəsi, 44 ünvanında yerləşən binanın zirzəmisində baş vermiş oğurluq hadisəsi ilə əlaqədar videogörüntillərin əks olunduğu CD diskə Zərərçəkmiş şəxs1 iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı 1-ci faylda yaşayış binasının qarşısında avtomobil və piyadaların hərəkəti üçün nəzərdə tutulmuş asfalt örtüklü yol, yolun sol kənarında yaşayış binası, binanın 1-ci mərtəbəsində ticarət obyektləri vardır, yolun sağ kənarında isə müxtəlif markalı avtomobillər parklanmışdır. Həmin vaxt əyninə qara rəngli ayaqqabı, göy rəngli şalvar, tünd göy rəngli gödəkçə, baş nahiyəsində qara rəngli dimdikli şapka olan bir nəfər kişi cinsli şəxs kameranın görüntüsü istiqamətində ətrafa boylanaraq piyada hərəkət edərək binanın digər tərəfinə doğru uzaqlaşır. Bir qədər sonra həmin şəxs əlində ağ rəngli paket olmaqla iri addımlarla parklanmış avtomobillərin arasından çıxır. 2-ci faylda yaşayış binasının qarşısında avtomobil və piyadaların hərəkəti üçün nəzərdə tutulmuş asfalt örtüklü yol, yolun sağ kənarında yaşayış binası, binanın 1-ci mərtəbəsində ticarət obyektləri olduğu, yolun sol kənarında isə markası bilinməyən ağ rəngli avtomobilin parklandığı görünür. Bir qədər sonra əyninə qara rəngli ayaqqabı, göy rəngli şalvar, tünd göy rəngli gödəkçə, baş nahiyəsində qara rəngli dimdikli şapka, əlində ağ rəngli paket olan bir nəfər kişi cinsli şəxs binanın yan tərəfindən çıxaraq kamera istiqamətində piyada hərəkət edərək binanın 1-ci blokuna daxil olur. Bir qədər sonra həmin şəxs blokdan çıxaraq ətrafa boylanır və yenidən həmin bloka daxil olur. Bir qədər sonra həmin şəxs içərisi görünməyən əşyalarla dolu paketi çiyin nahiyəsindən kürək nahiyəsinə sallamaqla daşıyaraq blokdan çıxıb iri addımlarla qeyd olunan binanın arxa hissəsinə keçir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs1 görüntüdə olan ərazinin onun yaşadığı Nizami rayonu, R.Rüstəmov küçəsi, 44 nömrəli binanın qarşısı, qeyd olunan şəxsin daxil olduğu blokun isə onun yaşadığı mənzilin bloku olduğunu, eyni zamanda görüntüdə olan şəxsin bloka daxil olaraq apardığı əşyaların ona məxsus olmasından şübhə etdiyini bildirmişdir. (i.v. 68-69) - 19 may 2022-ci il tarixli protokoldan görünür ki, ünvan 1 nömrəli binanın zirzəmisində baş vermiş oğurluq hadisəsinə dair videogörüntülərin qeydə alındığı 01 ədəd CD diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, “VTD-20220516-WA0003” adlı 28 saniyəlik videofaylda 06 may 2022-ci il tarixdə saat 11:52 dəqiqədə əynində qara rəngli ayaqqabı, göy rəngli şalvar, tünd göy rəngli gödəkçə, baş nahiyəsində qara rəngli kepka olan kişi cinsli şəxs yaşayış binasının qarşısı ilə hərəkət edir, saat 11:54 dəqiqədə həmin şəxs binanın qarşısında parklanmış avtomobillərin arasından çıxıb geri qayıdır. “VİD- 20220516-WA0004” adlı 01 dəqiqə 17 saniyəlik ikinci videofayla baxış keçirilərkən müəyyən edilmişdir ki, 06 may 2022-ci il tarixdə saat 11:51 radələrində ilk görüntüdə olan əynində qara rəngli ayaqqabı, göy rəngli şalvar, tünd göy rəngli gödəkçə, baş nahiyəsində qara rəngli kepka olan kişi cinsli şəxs yaşayış binasının yan tərəfindən çıxıb piyada hərəkət edərək binanın birinci blokuna daxil olur. Az sonra həmin şəxs blokdan çıxaraq ətrafı müşahidə edir və saat 11:54-də yenidən bloka daxil olur, həmin tarixdə saat 12:33də blokdan çıxıb çiynində iri həcmli ağ rəngli dolu paketlə binanın yan tərəfinə doğru hərəkət edərək binanın yan tərəfinə keçir. Baxışda müdafiəçisi ilə birlikdə iştirak edən Təqsirləndirilən şəxs videogörüntüdə olan şəxsin özü olduğunu bildirmişdir. (i.v. 75) - 19 may 2022-ci il tarixli protokoldan görünür ki, ünvan 2 ünvanında yerləşən “İndigo” adlı uşaq baxçasının qarşısındakı söhbətgahın oturacağının üzərindən Zərərçəkmiş şəxs2 məxsus mobil telefon aparatının oğurlanmasını əks etdirən videogörüntülərin qeydə alındığı 01 ədəd CD diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, “VİD-20220518-WA0020” adlı 12 saniyəlik videofaylda 17 may 2022-ci il tarixdə saat 11:26 dəqiqədə əynində qara rəngli şalvar, göy rəngli gödəkçə, baş nahiyəsində qara rəngli kepka olan kişi cinsli şəxs videogörüntüdə sağ tərəfdən sol tərəfə doğru piyada yolu ilə hərəkətdə olarkən hərəkəti istiqamətində sağ tərəfində olan, kənarları və oturacaqları göy rəngdə olan söhbətgahın oturacağının üzərindən mobil telefon aparatını əyilib götürərək hərəkətinə davam edir. Qeyd olunan hadisə zamanı söhbətgahda hər hansı digər şəxslərin olması müəyyən edilmir. Baxışda müdafiəçisi ilə birlikdə iştirak edən Təqsirləndirilən şəxs videogörüntüdə olan şəxsin özü olduğunu bildirmişdir. (i.v. 76) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji tibbi yoxlamasının 28 iyun 2022-ci il tarixli 3520 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 138-139) - 10 avqust 2022-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə elan edilmiş ittiham qüvvəsində saxlanılmış, barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1, 234.2 və 234.4.1-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, Şahid1 barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 194-cü maddələri ilə cinayət işinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs aşkar edilmiş psixotrop maddəni əldə etdiyi “Dilbər” adlı şəxsin şəxsiyyətini və yerini müəyyən etmək mümkün olmadığlndan barəsində material ayrılmış və 24-cü polis şöbəsinə göndərilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman götürülmüş təmiz çəkisi 1,488 qram psixotrop maddə metamfetamin cinayət işi üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalmış 1,438 qram hissəsi saxlanması üçün Bakı şəhəri Nizami RPİ-nin maddi sübutların saxlanması otağına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videogörüntülərin köçürüldüyü 01 ədəd CD disk, Zərərçəkmiş şəxs1 yaşadığı binanın zirzəmisində baş vermiş oğurluq hadisəsi ilə əlaqədar videogörüntülərin əks olunduğu 01 ədəd CD disk və Zərərçəkmiş şəxs2 məxsus “Samsung A10” markalı mobil telefonun oğurlanmasını əks etdirən videogörüntülərin köçürüldüyü 01 ədəd CD disk maddi sübut hesab edilərək cinayət işinin materiallarına əlavə olunmuş, Şahid1 götürülmüş 01 ədəd “Zinger” markalı, qara rəngli, böyük ölçülü tikiş aparatı maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə onun təyinatı məsələsi həll edilənədək saxlanılmasından ötrü maddi sübutların saxlama kamerasına təhvil verilmişdir. (i.v. 151-164, 166-167) Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanun-suz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il Qərarına əsasən qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək qeyd edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddənin əldə olunma mənbəyi, “Dilbər” adlı şəxs barədə material ayrılmışdır, nəticəsindən asılı olaraq hüquqi qiymət veriləcəkdir. Məhkəmə, dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirliliyi özünün qismən (oğurluqla bağlı) etiraf ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, məhkəmə ekspertizasının rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə verilmiş ittiham üzrə özünü təqsirli bilməməsini onun hüququ kimi qəbul edir və bununla bağlı dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Təqsirləndirilən şəxsin və müdafiəçisinin irəli sürdüyü dəlillər məhkəmə tədqiqi zamanı hərtərəfli, tam və obyektiv araşdırılmışdır, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan metamfetamin əldə edərək, üzərində saxlamaqla daşımışdır, o, oğurluq yolu ilə əldə etdiyi özgə əmlakı olan müvafiq əşyaları sataraq əldə etdiyi pul vəsaitlərini narkotik vasitə əldə etməyə və digər şəxsi ehtiyaclarına yönəltmişdir. Həmçinin, Təqsirləndirilən şəxs 24-cü polis şöbəsində ona təzyiqlər olduğu, narkotik vasitənin ona məxsus olmadığı barədə dəlillər irəli sürsə də, bunu təsdiq edən hər hansı sübut, təzyiqi göstərən şəxsin kimliyi, şəxsiyyəti barədə hər hansı məlumat verməmişdir, o cümlədən məhkəmə iclasına müəyyən edilməmişdir. Bu zaman nəzərə alınmalıdır ki, 24-cü polis şöbəsində ilkin təhqiqat aparılmışdır, işin ibtidai istintaq isə Nizami RPİ-nin istintaq şöbəsində aparılmışdır, təqsirləndirilən şəxs həmin orqanda ona təzyiqlər olması barədə bildirməmişdir, müdafiəçisinin iştirakı ilə şübhəli şəxs qismində və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində əməlini tamamilə etiraf etmiş, ayrıca suallara cavab verərkən, polis əməkdaşları tərəfindən Nizami RPİ-nin 24-cü PŞ-nə gətirilərkən, eyni zamanda polis idarəsində olduğu müddətdə ona qarşı hər hansı bir qanunsuz hərəkətlər, fiziki və ya psixoloji təzyiqlər olmadığını bildirmişdir. Bundan başqa, məhkəmə müdafiəçinin hüquqlarını müdafiə etdiyi təqsirləndirilən şəxsin Zərərçəkmiş şəxs2 məxsus mobil telefonu ətrafda kimsənin olmadığı şəraitdə oğurlaması, mobil telefonun Təqsirləndirilən şəxs tapıntısı kimi qiymətləndirilməli olduğu, o cümlədən Zərərçəkmiş şəxs1 məxsus əşyaları götürməsi ilə bağlı əməlinin CM-nin 177.1ci maddəsi ilə tövsif edilməli olduğu barədə irəli sürdüyü dəlillərlə razılaşmayaraq, qeyd edir ki, Zərərçəkmiş şəxs2 17 may 2022-ci il tarixdə saat təxminən 11 radələrində işlədiyi “İndigo” adlı uşaq baxçasının qarşısında olan söhbətgahın yanında iş yoldaşları ilə durub söhbət etdiyi zaman təqsirləndirilən şəxs söhbətgahdakı oturacağın üzərindən həmin zərərçəkmişə məxsus mobil telefonunu oğurlamışdır. Təqsirləndirilən şəxs bu oğurluq əməlini törədilərkən mobil telefonun sahibi olan zərərçəkmiş söhbətgahın yanında olsa da, o, zərərçəkmişin hiss etmədiyi şəraitdə əmlakı qanunsuz yolla götürərək, əmlakı gizli talayıb oğurluq etmişdir. Həmin mobil telefonun “tapıntı” olmasına gəldikdə, ilk növbədə ətrafda əşyanın sahibinin və digər şəxslərin olması işin faktiki müəyyən olunmuş, mübahisəsiz halıdır, digər yandan isə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 186.1-ci maddəsinə əsasən itirilmiş əşyanı tapan şəxs tapıntı barədə onu itirmiş şəxsə, onun mülkiyyətçisinə, səlahiyyətli şəxsə və ya əgər mülkiyyətçi məlum deyilsə, polisə dərhal xəbər verməli və həmin əşyanı verməlidir. Təqsirləndirilən şəxs isə həmin qaydada hərəkət etməyərək, əmlakı gizli talayıb oğurladıqdan sonra onu dəyərindən ucuz qiymətə satmaqla pul əldə etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs saxlanc yeri hesab olunan yaşayış binasının zirzəmisinə pəncərədən keçməklə qanunsuz daxil olaraq Zərərçəkmiş şəxs1 məxsus özgə əmlakını gizli olaraq taladığından onun əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin təsiri altına düşür, əməlin CM-nin 177.1-ci maddəsi ilə tövsif olunması üçün əsaslar yoxdur. Məhkəmə qeyd olunanları ümumiləşdirərək, qeyd edir ki, cinayət işi üzrə icraata müvafiq hissələrdə xitam verilməsi və ya təqsirləndirilən şəxsə bəraət verilməsi üçün Azərbaycan Respublikası CPM-nin 39, 42 və 43-cü maddələrində nəzərdə tutulan əsaslar müəyyən edilməmişdir, müdafiə tərəfinin bununla bağlı irəli sürdüyü dəlillərin əsası yoxdur. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - təkrar; yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 18 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli kimi həmin tarixdə tutulmuşdur. (i.v. 25) - 20 may 2022-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 03 ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 18 may 2022-ci il tarixdən hesablanmışdır. (İ cild i.v. 110-113) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 10 avqust 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. (i.v. 148-149) “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə törətdiyi əməllər həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayətlər hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal qismində Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsində, cəzasını ağırlaşdıran hal qismində həmin Məcəllənin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayətlər törətməsini nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş hədə azadlıqdan məhrum etmə cəzaları təyin edilməli, CM-nin 66.2-ci maddəsinə əsasən qeyd edilən cəzalar qismən toplanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 175.5-ci maddələrinin tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 18 may 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə mindiyi günədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələbinə uyğun olaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur, zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyan ödənilməsə də, onlar tərəfindən məhkəməyədək icraat və məhkəmə icraatı zamanı qanunla müəyyən edilmiş müddətdə və qaydada mülki iddia verilməmişdir, Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır, belə olan halda, məhkəmə hesab edir ki, göstərilənlərə əsasən maddi ziyanın ödənilməsini tələb edən zərərçəkmiş şəxslər mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilərlər, onlara bu hüquqları izah edilməlidir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınaraq Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan, ekspertiza tədqiqatlarına sərf edildikdən sonra psixotrop maddə metamfetaminin qalıq hissəsi məhv olunmalı, 03 ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı, 01 ədəd “Zinger” markarlı tikiş maşını sahibi olan zərərçəkmiş şəxsə qaytarılmalıdır; CPMnin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə, Ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından, vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 40 iş saatı müddətinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) hüquqi xidmətə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla müvafiq hesablaşma hesabı üzərindən dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.1-ci maddəsi ilə 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş həmin cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı 18 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut qismində tanınmış Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilən bir ədəd “Zinger” markalı tikiş maşını Zərərçəkmiş şəxs1 qaytarılsın, ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 1,438 qram olan psixotrop maddə metamfetamin məhv edilsin, 03 ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Məhkəmə məsrəfi olan cəmi 160 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı 40 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə dəvət olunmuş Müdafiəçi 240 manat əmək haqqı müvafiq hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı vəkil bürosu vasitəsi ilə Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə maddi ziyanı tələb etdikləri halda mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilmək hüquqları zərərçəkmiş şəxslərə izah edilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-31/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-31/2023
13.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver