Məhkəmə qərarları › İş №1(007)-310/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-310/2024

23.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-310/2024 23.05.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi X2 Məhkəmə iclasının katibi: X3, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs: xx.xx.1983-cü ildə Lerik rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan xeyli miqdarda ümumi təmiz çəkisi 0,655 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, xx.xx.2023-cü il tarixdə saat 16:30 radələrində Bakı şəhəri, Nizami RPİ-nin 24-cü PŞ-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə 51A ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri, Nizami Rayonu Q.Qarayev prospekti 81 a ünvanında yerləşən Nizami RPİ-nin 24-cü Polis Şöbəsinə gətirilmiş, orada üzərində keçirilmiş şəxsi axtarış zamanı, əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,655 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan xeyli miqdarda, təmiz çəkisi 0.530 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 05 mart 2024-cü il tarixdə saat 10:50 radələrində Nizami Rayon Polis İdarəsinin 23-cü Polis bölməsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Nizami rayonu Q.Qarayev prospekti 36a ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri Nizami Rayonu H.Əliyev prospekti 118 saylı ünvanda yerləşən Nizami RPİ-nin 23-cü PB-nə gətirilmiş, orada xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli cins şalvarın sağ yan kiçik cibindən 01 ədəd şəffaf sellofana bükülmüş vəziyyətdə təmiz çəkisi 0.530 qram olan qəhvəyi rəngli tozşək.illi maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İş üzrə Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək qeyd etmişdir ki, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Sabunçu rayonu Sabunçu bazarında öz istifadəsi üçün “patı” kimi tanıdığı psixotrop maddə metamfetamin alaraq üzərində saxlamış, həmin gün saat 16:30 radələrində Nizami rayonu ərazisində olan zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşıb polis əməkdaşları olduqlarını bildirərək onu 24-cü PŞ-nə dəvət etmişlər. Polis şöbəsində xidməti otaqların birində üzərinə axtarış keçiriləcəyi bildirilmiş, üzərinə axtarış keçirilməzdən əvvəl ona üzərində qanunsuz olaraq əldə edilmiş əşya, maddə varsa, təqdim etməsi təklif edilmiş, bundan sonra o, əynindəki qara rəngli idman şalvarının sağ yan cibində saxladığı 01 ədəd sellofan bükümü təqdim edərək, həmin bükümün içərisində psixotrop maddə olan “patı” olduğunu, bildirmişdir. Bundan sonra 05 mart 2024-cü il tarixdə, saat 09 radələrində o, Sabunçu rayonu Sabunçu qəsəbəsi ərazisində tanımadığı şəxsdən öz istifadəsi üçün “kakos” olaraq tanıdığı narkotik vasitə olan heroin alıb istifadə etmək üçün əynində olan şalvarının cibinə qoyub saxlamış, həmin gün saat 10:50 radələrində Nizami rayonu, Qara Qarayev prospektində olarkən iki nəfər polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edərək, onun cinayət törətməkdə şübhəli olduğunu bildirərək, onu Nizami RPİ-nin 23-cü Polis bölməsinə aparmışlar. Polis bölməsində xidməti otaqların birində üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, üzərinə axtarış keçirilməzdən əvvəl ona üzərində qanunsuz olaraq əldə edilmiş əşya, maddə varsa, təqdim etməsi təklif edilmişdir. Bundan sonra o, əynindəki qara rəngli şalvarının sağ yan cibində saxladığı 01 ədəd sellofan bükümü təqdim edərək, həmin bükümün içərisində narkotik vasitə olan “kakos” olduğunu, 10 manata tanımadığı şəxsdən özünün istifadəsi üçün aldığını bildirmişdir. Hər iki halda polis əməkdaşları tərəfindən saxlanılarkən və polis orqanına gətirilərkən polis əməkdaşları tərəfindən ona qarşı hər-hansı fiziki zor və ya təzyiq edilməmişdir, o, özü könüllü surətdə polis şöbəsinə getmişdir. Hazırda əməlindən peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Nizami RPİ-nin 23-cü PB-nin polis sahə rəisi Şahid3 ifadəsində göstərmişdir ki, xidmət etdiyi inzibati ərazidə baş vermiş xırda talama hadisəsi ilə əlaqədar, qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən şəxs Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 10:50 radələrində ünvan 8 ünvanın qarşısında onun və 23-cü PB-nin cinayət-axtarış üzrə əməliyyat müvəkkili Şahid4 tərəfindən saxlanılaraq həmin gün saat 11 radələrində Nizami RPİ-nin 23-cü PB-nə gətirilmiş, onun əvvəllər narkotik vasitə saxlamasına görə barəsində Nizami RPl-nin İŞ-də cinayət işi olmasından, həmin cinayət işi ilə əlaqədar axtarışa elan edilməsindən xəbərdar olmuşdur. Polis bölməsində video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs vaxtı əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükülünü çıxarıb, masanın üzərinə qoymaqla təqdim etmişdir. Həmin bir ədəd şəffaf sellofan bükülüdə içərisində qəhvəyi rəngli, toz şəklində maddə olması aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin, kütlənin “kakos” olaraq tanıdığı narkotik vasitə olmasını bildirmişdir. Şəxsi axtarış və götürmə prosesi mobil telefon vasitəsilə video qeydə alınmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Nizami RPİ-nin 24-cü PŞ-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 23 noyabr 2023-cü il tarixdə Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nə daxil olmuş əməliyyat məlumatı əsasında məlumatı yoxlamaq məqsədilə Nizami RPİ-nin 24-cü PŞ-nin əməliyyat müvəkkili, polis mayoru X7 və ondan ibarət əməliyyat qrupu yaradılmış, həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı 23 noyabr 2023-cü il tarixdə, saat 16:30-da ünvan 9 ünvanının yaxınlığında zahiri görünüşcə «Taleh» adlı şəxsə oxşar şəxsə yaxınlaşıb özlərini təqdim edib onu Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nə dəvət etmiş, o, buna etiraz etməmiş və onlarla birlikdə Polis şöbəsinə getmişdir. Polis şöbəsində xidməti otaqların birində müdafiəçinin iştirakı ilə video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan büküiünü çıxarıb, masanın üzərinə qoymaqla təqdim etmişdir. Həmin bir ədəd şəffaf sellofan bükülünün içərisindən ağ rəngli, kristal şəklində maddə aşkar edilmiş, o, həmin kütlənin “patı” yəni psixotrop maddə metamfetamin olmasını bildirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs üzərində axtarış davam etdirilmiş və başqa hər hansı bir predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olan 01 ədəd şəffaf sellofan büküm sübut əhəmiyyətinə malik olduğundan götürülərək 01 ədəd içərisi boş olan zərfə qoyularaq qablaşdırılmış, həmin zərfin üzəri bütün iştirakçılar tərəfindən imzalanaraq möhürlənmişdir. Şəxsi axtarış və götürmə aparılması haqqında protokol tərtib olunaraq imzalarla təsdiq edilmişdir. Şəxsi axtarış və götürmə prosesi mobil telefon vasitəsilə videoqeydə alınmışdır. Təqsirləndirilən şəxs özü könüllü şəkildə onlarla getmiş, ona qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin əməliyyat müvəkkili, polis mayoru X8 məhkəməyə şahid X4 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş şahid Bakı şəhəri Nizami RPİ-nin 23cü PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid4 ibtidai istintaqa Şahid3 ilə eyni məzmunlu ifadə vermişdir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2023-cü il tarixli, 6/6156 saylı ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 165” dairəvi möhür əksi olan “..Təqsirləndirilən şəxs ..” sözləri, soyad və imzalar olan bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,655 qram olan ağ rəngli, kristal şəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2024-cü il tarixli, 6/1326 saylı ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 163” dairəvi möhür əksi və “..Şübhəli şəxs Nəzərov-imza, Məmmədov Ömər-imza yazı əlavəsi edilmiş bir ədəd kağız zərfdə bir ədəd bükümdəki təmiz çəkisi 0,530 qram olan qəhvəyi rəngli, toz şəkilli maddə kustar üsulla hazırlanmış narkorik vasitə-heroindir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Amblator X1 xx.xx.2024-cü il tarixli, 1561 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan aslılıq sindiromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə, təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər dəfələrlə məhkum olunduğundan, hazırda da məhkumluğu ödənilmədən və ya götürülmədənn yenidən qəsdən cinayət törətdiyindən və onun hazırki əməli cinayətin residivini yaratdığından ona CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. İşdə olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışına, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, CM-nin 66.5-ci maddəsinə əsasən 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə barəsində “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.2021-ci il tarixli qərarının 4-cü bəndi tətbiq edilmiş, ona qəti olaraq 02 il 05 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. xx.xx.2023-cü il tarixli Xəzər Rayon Məhkəməsinin qərarı ilə 02 ay 28 gün müddətinə şərti olaraq vaxtından əvvəl azad edilmişdir. xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatmışdır. Beləliklə, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş hazırkı cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olumuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş qohumluq məlumatları barədə çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2007-ci il təvəllüdlü X11, xx.xx.2011-ci il təvəllüdlü X10 və xx.xx.2017-ci il təvəllüdlü X12 adında biri azyaşlı olmaqla 3 yetkinlik yaşına çatmayan uşağı var. Məhkəmə təqsirləndirilən şəxsin əməlini etiraf etməsini, törətdiyi əməldən səmimi peşman olmasını, himayəsində biri azyaşlı olmaqla 3 yetkinlik yaşına çatmayan uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Yuxarıda qeyd edilən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Daha sonra xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 4(007)-72/2024 nömrəli qərarı ilə həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla 03 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan psixotrop maddənin və narkotik vasitənin qalığı məhv edilməli, şəxsin üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizaların keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 01 il 09 ay (bir il doqquz ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 02 gün müddət ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 01 il 08 ay 28 gün (bir il səkkiz ay iyirmi səkkiz gün) müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 05 mart 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun. Ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizaların keçirilməsinə çəkilmiş xərc – cəmi 157 (bir yüz əlli yeddi) manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarında saxlanılan qalıq çəkisi 0,605 qram olan psixotrop maddə metamfetamin və qalıq çəkisi 0.480 qram olan narkotik vasitə - heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 02 ədəd DVD disk cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar