Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-311/2024 28.08.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Bakı şəhəri 18 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxxxx 1985-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, iki uşağı olan, fərdi qaydada işləyən, Yevlax şəhəri, Xəqani küçəsi ev 30A-da qeydiyyatda olan, Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib, 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CMnin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 03 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Bakı Apellyasiya Məhkəməsinin 14 fevral 2023-cü il tarixli qərarı ilə hökm dəyişdirilmiş, hökmlə təyin olunan 04 il müddətinə azadlıqdan məhrum etmə cəzası yüngülləşdirilərək 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 01 il 07 ay 08 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, həmin cəzanın icrası ilə bağlı 02 may 2023-cü il tarixdən probasiya qeydiyyatında olan, hazırkı iş üzrə 13 oktyabr 2023-cü il tarixdə axtarışda olan şəxs qismində tutulmuş, 15 oktyabr 2023-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, 06 noyabr 2023-cü il tarixdə həmin qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş, ev dustaqlığında olma müddəti 13 dekabr 2023-cü il tarixədək müəyyən edilmiş, 19 aprel 2024-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, o, etibardən sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs güya özünə məxsus təmir-tikinti şirkəti olması barədə yalan məlumat verib inandıraraq Zərərçəkmiş şəxs həmin şirkətə şərik edib birgə yaxşı qazanc əldə edəcəklərinə dair yalan vəd verib aldadaraq etibardan sui-istifadə edib bu adla Zərərçəkmiş şəxs 05 may 2021-ci il tarixdə ünvan 1 ünvanında yerləşən “H.Əliyev adına X5”nun yaxınlığında 5000 manat, 13 may 2021-ci il tarixdə həmin ünvanda 5000 manat, ümumilikdə Zərərçəkmiş şəxs məxsus 10000 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək zərərçəkmiş Zərərçəkmiş şəxs xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs 2019-cu ildən tanıyır, onunla birlikdə Nizami rayonunda yerləşən H.Əliyev adına X5 ilə tikinti işlərində müqaviləli şəkildə fəaliyyət göstərən “Technicon” adlı təmir-tikinti şirkətində işləmişlər. O, həmin şirkətdə geodeziya mühəndisi, yəni topoqraf kimi, Vüqar isə inzibati işlər üzrə şöbə müdiri vəzifəsində işləmişdir. Özü həmin dövrdə eyni zamanda kənarda müəyyən tikinti işləri ilə məşğul olmuş, müəyyən evlərin tikintisini, təmirini həyata keçirmiş, qazanc əldə etmişdir. 2021-ci ilin aprel ayında Vüqarla söhbət zamanı ona tikinti işləri ilə qazanc əldə etməyin mümkün olduğunu bildirmişdir. Vüqar bu işlə maraqlanan istiqamətdə suallar verdikdə ona təmir-tikinti sahəsində geniş lahiyələri həyata keçidiyini, bununla bağlı özünə ofis açdığını, bu ofisin Z.Bünyadov qəsəbəsində “Çinar Park” Biznes Mərkəzində yerləşdiyini bildirmişdir. Hətta həmin ofisə məxsus “İnstagram” sosial şəbəkəsində açdığı “bestprojects_inshaat” adlı səhifəni də göstərmiş, hazırda müəyyən tiktinti işləri gördüyünü, lakin maliyyə cəhətdən müəyyən çatışmazlıqlar olduğunu, onun 10000 manat pul verməklə bu işdə ona şərik ola biləcəyini, gördükləri işin nəticəsində əldə edəcəyi pulu hər birinə 50 faiz olmaqla böləcəyini bildirmişdir. Lakin onlar konkret olaraq hansısa evin və ya obyektin təmiri və ya tikintisi ilə bağlı razılaşmamış, ev və ya obyekt onlar tərəfindən daha sonra müəyyən edilməli olmuşdur. Bir neçə gün sonra Vüqar onun dəvəti ilə “Çinar Park”da yerləşən obyektinə gəlmiş, onlar orada çay içmiş, bu işlərlə bağlı ümumi söhbətlər etmişlər. Bundan sonra Vüqar onunla iş görməyə razılıq vermiş və bununla bağlı ona 10000 manat verməyi qəbul etmişdir. Beləliklə, bu danışıqları əsasında ilk olaraq 05 may 2021-ci il tarixdə saat 13 radələrində Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev adına X4 yaxınlığında görüşərkən Vüqar ona 5000 manat, bir həftə sonra, yəni 13 may 2021-ci il tarixdə eyni yerdə 5000 manat pul vermişdir. O, bu pullara inşaat materialları almış və ustalara xidmət haqqı kimi vermişdir. İnşaat materiallarını müxtəlif mağazalardan almış və Bilgəh qəsəbəsində yerləşən bir qadının evini təmir etdirmək üçün onun evinin həyətinə aparmışdır. Lakin sonradan gördüyü işi təhvil verə bilmədiyindən ev sahibi ilə münasibətləri korlanmış və o, bu evdən çıxmış, işdən heç bir qazancı olmadığından Vüqara ödəniş edə bilməmişdir. Bu müddət ərzində də pulu olmadığından onun pulunu ödəyə bilməmişdir. Hazırda isə o, Zərərçəkmiş şəxs vurduğu maddi ziyanı tam ödəmişdir. Zərərçəkmiş şəxs onunla barışmışdır, ona qarşı heç bir tələb, şikayət və iddiası yoxdur. Əməlindən səmimi peşmandır. Həmin halları və dövlət büdcəsinə müvafiq pul məbləğini ödədiyini nəzərə alaraq, barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təqribən 2019-cu ildən tanıyır, onlar birlikdə Bakı şəhəri Nizami rayonunda yerləşən Heydər Əliyev adına X5 ilə tikinti işlərində birgə fəaliyyət göstərən “Technicon” adlı şirkətdə birlikdə işləmişlər. Onlar 2021-ci ilədək birlikdə işləmişlər, daha sonra Murad işdən çxımışdır. 2021-ci ilin aprel ayında Murad söhbət zamanı ona tikinti-təmir şirkəti qurduğunu, bu işin gəlirli iş olduğunu deyib, 10000 manat pul qoyduğ halda onu həmin şirkətə şərik edəcəyini demişdir. Murad açdığı şirkətin “İnstagram” sosial şəbəkəsində olan “bestprojects_inshaat” adlı səhifəsini ona göstərmiş, Z.Bünyadov prospektində yerləşən “Çinar Park” Biznes Mərkəzində ofisi olduğunu bildirmiş, hətta onu həmin ofisə dəvət etmişdir. O, Muradın dəvəti əsasında həmin ofisdə olmuşdur. Ofisdə də aralarında olan söhbət zamanı Vüqar ona bildirmişdir ki, bu şirkəti tək idarə etməkdə çətinlik çəkir, ona həmin şirkətə rəsmi olaraq şərik edə bilər. Şirkətin qurulması üçün böyük miqdarda pul xərcləmişdir, həmçinin onun bu şirkətə şərik ola bilməyi üçün müəyyən rəsmiləşdirmə işləri də lazımdır ki, bu da bir miqdar pul tələb edir. Buna görə də onun həmin şirkətə şərik olmağı üçün ona 10000 manat pul verməlidir. Murad bildirmişdir ki, onun şirkəti rəsmi olaraq bütün prosedurlardan keçmiş, şirkət kimi qeydiyyata alınmışdır. Murad ofisini, “instagram” səhifəsindəki lahiyələrini göstərib onu şirnikləşdirmişdir. Muradın bu cür vədləri ona cazib gəlmişdir, belə ki, o, bu rəsmi formada təsdiqlənmiş dövlət tərəfindən tanınan bir şirkətə şərik olacağını düşünüb razılaşmışdır. Çoxdan tanıdığından Muradın onu aldada biləcəyini düşünməmiş, bu səbəbdən şirkətə məxsus sənədləri ona göstərməsini tələb etməmişdir. Muradın istəyi ilə şəxsiyyət vəsiqəsinin surətini ona vermişdir ki, şirkətlə bağlı onun şərikliyini rəmiləşdirmə işlərində ona lazım olacaqdır. Bundan sonra, 05 may 2021-ci il tarixdə saat 13 radələrində Muradla Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən H.Əliyev adına X4 yaxınlığında görüşmüşlər və o, Murada 5000 manat pul vermiş, bundan bir neçə gün sonra pulun geri qalan 5000 manatını vermək üçün 13 may 2021-ci il tarixdə saat 13 radələrində eyni yerdə görüşmüşlər və həmin 5000 manatı da Murada vermişdir. Murad pulu aldıqdan sonra onun həmin şirkətə şərik olma məsələsi ilə məşğul olduğunu, bunu qısa müddətdə həll edəcəyini demişdir. Bir qədər keçdikdən sonra o, Muradla əlaqə yaradıb şərikliklə bağlı sənədləşmə işlərinin nə yerdə qaldığını soruşduqda Murad ona bununla bağlı işlərin demək olar 90 faizini gördüyünü, geri qalan hissəsinin isə qısa müddətdə həllini tapacağını və onun rəsmi olaraq həmin şirkətdə ona şərik olacağını demişdir. O, bu məsələ ilə bağlı təkidlə maraqlandıqda Murad ortaya Bilgəh qəsəbəsində bir şəxsin evinin təmiri ilə bağlı iş götürməyini atmış və onu bununla yola verməyə başlamışdır. Murad ona bildirmişdir ki, bu evin təmiri üçün öz reputasiyasını zədələməmək məqsədi ilə ev sahibindən ilkin mərhələdə pul almamış və bu tikinti işlərini öz pulu ilə etməyə başlamışdır. Murad bu işə pul lazım olduğu üçün ondan da pul istəmiş, o isə Murada pulunun olmadığını bildirib şirkətə şəriklik məsələsinin nə yerdə qaldığını soruşduqda Murad ona demişdir ki, bu məsələni həll etdikdən sonra şəriklik məsələsinə xırda sənəd işləri qalıb, onu da həll edəcəkdir, ona verdiyi pulu da bu işə sərf edəcəkdir. O, Murada bu pulu ona şəriklik üçün vediyini dedikdə, o, bunu bildiyini, şərikliyin rəsmiləşdirilməsinin qısa müddətdə həll olunacağını, bu işin də onların işi olduğunu demiş və oradan əldə edəcəkləri gəlirin yarısını da ona verəcəyini bildirmişdir. O da buna etiraz etməmişdir. Həmçinin, Murad ona bildirmişdir ki, rəsmi olaraq şərikliyi o vaxtadək alınmasa da bu işdən əldə etdiyi gəlirdən də ona pul verəcək, rəsmi şəriklik alınmadığı təqdirdə də onun pulunu geri qaytaracaqdır. Lakin sonradan dəfələrlə Muradla əlaqəyə keçməyə çalışsa da buna nail ola bilməmişdir. Daha sonra öyrənmişdir ki, Muradın heç vaxt tikinti-təmir şirkəti olmamışdır, o, yalnız fərdi qaydada fəaliyyət göstərmişdir, onun həmin şirkətə şərik edəcəyi ilə bağlı vədləri də yalan olmuşdur, yəni belə bir şirkət olmadığı üçün onu şərik etməyi də mümkünsüzdür. O, anlamışdır ki, Murad onu şirkətinə şərik edəcəyi ilə bağlı vədinin icrasının yubanması ilə bağlı narazılığını bildirdikdə ona Bilgəh qəsəbəsində təmir üçün ev götürdüyünü, pulları bura sərf edəcəyini, daha sonra isə ona verdiyi sözü yerinə yetirəcəyini deyərək vaxt qazanmış, həmçinin onu yenidən aldadaraq pulunu ələ keçirməyə zəmin yaratmışdır. Muradın bu niyyəti, bu məsələni ona danışdıqdan dərhal sonra ondan yenidən pul istəməsi, o, pulu olmadığını bildirdikdə isə ona nisyə tikinti materialı götürmək üçün tanışı olub-olmamasını soruşmağından da aydın olmuşdur. O, həmin vaxtlar Muraddan dəfələrlə onu həmin ev sahibi ilə, yəni işi sifariş verən şəxs ilə görüşdürməsini tələb etsə də Murad müxtəlif bəhanələrlə yayınmış, onu həmin şəxslə görüşdürməmişdir. O, Təqsirləndirilən şəxs 10000 manat pulu onu Murada məxsus şirkətə şərik etməsi üçün vermişdir. Zərərçəkmiş şəxs daha sonra məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyanın tam olaraq ona ödənildiyini, təqsirləndirilən şəxslə barışdığını, ondan heç bir şikayəti və tələbi olmadığını göstərmiş, həmin təqsirləndirilən şəxsin barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Oktybarski küçəsində daş, qum, çınqıl satışı ilə məşğuldur. Zərərçəkmiş şəxs uzun müddətdir ki, tanıyır, münasibətləri normaldır. 2021-ci ilin təqribən yay aylarında Vüqar onunla əlaqə yaradararaq Murad adlı tanışının olduğunu, onun qum, çınqıl və s. tikinti materiallarına ehtiyyacı olduğunu deyib, ona həmin materialları aşağı qiymətə verməsini xahiş etmişdir. Vüqarla danışığından bir qədər sonra özünü Murad kimi təqdim edən şəxs ona yaxınlaşmış və Vüqarın tanışı olduğunu bildirmiş, ondan üç gün ərzində hər biri 350 manat olmaqla 700 manat qiymətində iki maşın daş, bir maşını 175 manat olmaqla 350 manat qiymətində iki maşın çınqıl, hər maşını 110 manat olmaqla 220 manat qiymətində qum almışdır. Murad bu tikinti materiallarının pulunu verməmiş və bildirmişdir ki, bu məsələdən Vüqarın xəbəri var, pulu iki-üç gün sonra ödəyəcəkdir. O da Vüqara görə onunla razılaşmışdır. Bu tikinti materiallarını o, öz istifadəsində olan “Kamaz” markalı avtomobil ilə Bilgəh qəsəbəsində yerləşən bir həyət evinə aparmış və oraya boşaltdırmışdır. Muradın ona deməsinə görə 2-3 gün ərzində bu tikinti materiallarının ümumi pulunu, yəni 1270 manat pulu ödəməli olmuşdur. Sonra Muradla telefon əlaqəsi yaratmağa çalışsa da bu, mümkün olmamış, Murad onun telefonlarına cavab verməmişdir. Sonradan o, həmin nömrə ilə dəfələrlə əlaqə yaratmış və Muradla danışmış, lakin məsələ pulu ödəməyə gəldikdə Murad yoxa çıxmışdır. Daha sonra Vüqarla görüşən zaman ona məlum olmuşdur ki, Murad Vüqarı da aldatmışdır. Vüqarın Muradın tikinti materiallarını nisiyə götürməyindən xəbəri olmamış, Vüqar məcbur qalıb Muradın ondan aldığı 1270 manat dəyərində tikinti materiallarının pulunu özü ona ödəmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 05 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 05 və 13 may 2021-ci il tarixlərdə Zərərçəkmiş şəxs 10000 manat pulunu dələduzluq yolu ilə ələ keçirməsi ilə bağlı toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) - 29 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, təhqiqatçı tərəfindən Zərərçəkmiş şəxs və hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. (i.v. 6) - 15 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış, onun barəsində Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə cinayət təqibi rədd edilmişdir. (i.v. 201-209) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 23 aprel 2024-cü il tarixli tələbnamədən, hökm və qərarların sürətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib, 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 03 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Bakı Apellyasiya Məhkəməsinin 14 fevral 2023-cü il tarixli qərarı ilə hökm dəyişdirilmiş, hökmlə təyin olunan 04 il müddətinə azadlıqdan məhrum etmə cəzası yüngülləşdirilərək 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 01 il 07 ay 08 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. (i.v. 75-92, 99-113) - 13 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində həmin tarixdə tutulmuşdur. (i.v. 114) -Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 oktyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 02 ay həddində müəyyən edilmişdir. (i.v. 162-166) -Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 06 noyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş, ev dustaqlığında olma müddəti 13 dekabr 2023-cü il tarixədək müəyyən edilmişdir. (i.v. 187-191) -Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19 aprel 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək, hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir, onun əməli düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs dəymiş maddi ziyanı tam ödəyərək onunla barışdığını, cinayət nəticəsində vurulmuş maddi ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini göstərmiş, bu əsasla cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində Təqsirləndirilən şəxs ona vurduğu ziyanı tam ödədiyini və onunla barışdığını göstərmişdir. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi mədaxil qəbzindən görünür ki, o, "xxxx" ASC-nin ADM Baş Ofisində 28 avqust 2024-cü il tarixdə “X1”nin hesabı vasitəsi ilə cinayət nəticəsində vurulmuş ümumilikdə 10000 manat məbləğində maddi ziyanın iyirmi beş faizi miqdarında - 2500 manat məbləğində dövlət büdcəsinə ödəniş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi ilə bağlı məsələni müzakirə edərək, hesab edir ki, aşağıdakılara əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət işinin icraatına xitam verilməlidir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad olunan 11 iyun 2015-ci il tarixli Qərarının 40-cı bəndində göstərilmişdir ki, nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 73- 1.1-ci maddəsinə əsasən CM-in 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə, cinayət məsuliyyətindən azad edilir. Cinayət Məcəlləsinin 73-1.2 və 73-1.3-cü maddələrində göstərilən hallarda isə, yəni Cinayət Məcəlləsinin 178.2 və 178.3-cü maddələri ilə nəzərdə tutulmuş şəxslərə münasibətdə zərərçəkmiş şəxslə barışığın əldə olunması və ona vurulmuş ziyanın ödənilməsi ilə yanaşı, dövlət büdcəsinə müvafiq olaraq ziyanın 25%-i və 50%-i miqdarında ödənişlərin edilməsi tələb olunur. Bu maddələrdə vurulmuş ziyan dedikdə, şəxsə qarşı irəli sürülmüş ittihamda göstərilən dələduzluq cinayəti nəticəsində ələ keçirilmiş pulun miqdarı və yaxud ələ keçirilmiş əmlakın dəyəri və müvafiq olaraq onların 25 və yaxud 50 faizləri başa düşülür. Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Həmin Məcəllənin 39.1 və 39.1.11-ci maddələrinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışaraq ona vurduğu maddi ziyanı ödədiyini, o cümlədən cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət qanununun tələbləri baxımından cinayət məsuliyyətindən azad edilməli və cinayət işi üzrə icraata xitam verilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin “Qeyd”inin 1-ci hissəsinə əsasən şəxs bu Məcəllənin 72 - 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Nəzərə alınmalıdır ki, Təqsirləndirilən şəxs əvvəllər göstərilən qaydada cinayət məsuliyyətindən azad edilməmişdir, ona görə onun hazırda həmin əsasla cinayət məsuliyyətindən azad olunmasına mane olacaq hal yoxdur. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulmuş məsələləri həll edərək, qeyd edir ki, cinayət işi üzrə icraata xitam verilməli olduğundan təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir; zərərçəkmiş şəxs məhkəməyədək icraat və məhkəmə icraatı zamanı mülki iddia verməmiş, ona vurduğu ziyanı ödədiyinə görə təqsirləndirilən şəxslə barışmışdır; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində hər hansı əşya və ya predmet tanınmamışdır; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza iş üzrə keçirilməmişdir. Məhkəmə əlavə olaraq qeyd edir ki, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinin həyata keçirilməsi üçün müqavilə əsasında vəkili iştirak etmişdir, ona görə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına əmək haqqı ödənilməsi məsələsinin müzakirəsinə əsaslar yoxdur. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 39.1.11, 43.1.2, 344-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurduğu maddi ziyanı tam olaraq ödədiyi, zərərçəkmiş şəxslə barışdığı və cinayət nəticəsində vurulmuş maddi ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyi üçün, Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən həmin Məcəllənin 178.2.4-cü maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv olunsun. Qərardan elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə, qərar müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-311/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-311/2024
28.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver