Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-312/2021 16.11.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Ələsgərov Elvin Hidayət oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs – xx.xx.1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, 29.06.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 01.07.2021-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,271 qram olan psixotrop maddə-metamfetamini istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edib üzərində saxlamaqla daşımış, 14.05.2021-ci il tarixdə saat 09 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X6 küçəsində Sabunçu RPİ-nin 14-cü PB-nin əməkdaşları tərəfindən saxlanılaraq ünvan 2 ünvanda yerləşən Sabunçu RPİ-nin 14-cü PB-nə aparılmış, orada üzərinə şəxsi axtarış aparılan zaman əynindəki qara rəngli cins şalvarının sağ yan köməkçi cibindən bir ədəd şəffaf sellofana bükülmüş, təmiz çəkisi 0,271 qram ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1 (bir) ədəd bükümdə ümumi təmiz çəkisi 0,355 qram narkotik vasitə heroin əldə edib saxlamaqla daşımış və 28 iyun 2021-ci il tarixdə saat 23 radələrində X2 məxsus nəqliyyat vasitəsinin qaçırılması faktı üzrə aparılan araşdırma ilə bağlı olaraq Nizami RPİ-nin 23-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 4 ünvanın qarşısında saxlanılaraq ünvan 5a yerləşən Nizami RPİ-nin 23-cü PB-nə gətirilmiş və bölmədə üzərinə şəxsi axtarış aparılan zaman əynindəki tünd göy rəngli şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümdə təmiz çəkisi 0,355 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə baxışında özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş ittihamla təqsirli bilərək ifadəsində göstərmişdir ki, 4 il əvvəl həbsdən azad olmuşdur. 14 may 2021-ci il tarixdə gecə saatlarında Maştağa qəsəbəsində nişanlısıgilin yaşadığı məhlələrin arasında tanımadığı küçədə olan zaman məişət tullantılarının yanında yerdə insulin və içərisində “şüşə” kimi tanınan psixotrop maddə - metamfetamin olan büküm tapmış, özü istifadə etmək məqsədilə götürüb üzərində saxlamışdır. 14 may 2021-ci il tarixdə velosiped ilə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa-Bilgəh yolu ilə gedərkən Maştağa qəsəbəsində iki nəfər polis əməkdaşı onu saxlayıb bölməyə dəvət etmişlər. Bölmədə üzərinə baxış keçirilən zaman üzərində olan bir ədəd şəffaf sellofana bükülmüş və içərisində metamfetamin olan bükümü çıxarıb təqdim etmişdir. 22 iyun 2021-ci il tarixdə bir nəfər şəxs ona özünə məxsus avtomobilin bankda girovda olduğunu, avtomobili təcili satmaq istədiyini bildirmiş və onun üçün alıcı tapmağını xahiş etmişdir. O, həmin şəxsi qonşusu Müşfiqlə tanış etmiş, onlar aralarında danışıb razılığa gəlmişlər, qonşusu avtomobili almışdır. 28 iyun 2021-ci il tarixdə axşam saatlarında Balaxanı qəsəbəsində olan zaman 2 nəfər polis əməkdaşı ona yaxınlaşıb həmin şəxsin satdığı avtomobilin oğurluq olduğunu bildirərək onu 23-cü Polis Bölməsinə dəvət etmişlər. 23-cü Polis Bölməsində üzərinə baxış keçirilən zaman üzərində olan bir büküm narkotik vasitə heroini çıxardıb təqdim etmişdir. Həmin heroini Balaxanı qəsəbəsi ərazisində yerdən tapmış və özünün istifadəsi üçün üzərində gəzdirmişdir. Atası rəhmətə getmiş, himayəsində yaşlı, xəstə anası var, nişanlıdır. O, artıq sağalmışdır. Məhkəmədən barəsində qərar qəbul edərkən göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri öz ifadəsi ilə yanaşı aşağıdakılarla da təsdiq olunur. Məhkəmə baxışında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 23-cü PBnin əməliyyat müvəkkili Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 22 iyun 2021 -ci il tarixdə X3 ərizə ilə müraciət edərək “VAZ-2107” markalı, **-KE-*** dövlət qeydiyyat nişanlı avtomaşının yaşadığı ünvanın qarşısından qaçırılmasını bildirmişdir. Həmin ərizə əsasında aparılan araşdırma ilə bağlı olaraq avtomobilin qaçırılmasında Təqsirləndirilən şəxs da iştirakının olması ehtimalı ilə əlaqədar olaraq 28 iyun 2021-ci il tarixdə saat 23 radələrində keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs ünvan 7 ünvanın qarşısında saxlanılaraq Nizami RPİ-nin 23-cü PB-nə dəvət olunmuşdur. PB-nə gəldikdən sonra bu barədə raport tərtib edilməklə Təqsirləndirilən şəxs PB-nə təhvil verilmişdir. Sonradan eşitmişdir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 23-cü PBnin əməliyyat müvəkkili Şahid3 Sadıq oğlu ifadəsində göstərmişdir ki, 29 iyun 2021-ci il tarixdə X1 avtomaşının qaçırılması faktı üzrə aparılan araşdırma ilə bağlı Nizami RPİ-nin 23-cü PB-nin əməkdaşları tərəfindən dəvət olunmuş Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmədə iştirak etmişdir. Şəxsi axtarış və götürmə aparılması Təqsirləndirilən şəxs elan edilərək üzərində qanunsuz əşya varsa təqdim etməsi təklif olunduqda, Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli şalvarının sağ yan cibindən siqaretin gümüşü kağızına bükülmüş bükümü təqdim edərək içərisində narkotik vasitə olan heroin olduğunu və həmin heroini bir gün əvvəl Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsindən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Bakı şəhəri Sabunçu RPİ-nin 14-cü PB-nin cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid7 ifadəsində göstərmişdir ki, 14 may 2021-ci il tarixdə saat 09 radələrində xidməti ərazidə xidmət aparan zaman Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X6 küçəsində bir nəfər şəxsin velosiped ilə hərəkət etdiyini görərək həmin şəxsə yaxınlaşmışlar, söhbət zamanı həmin şəxs özünü şübhəli apardığından Sabunçu RPİ-nin 14-cü PB-nə dəvət etmişlər. PB-də həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişlər və ona üzərində şəxsi axtarış aparacaqlarını bildirmişlər. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməzdən əvvəl ona üzərində qanunazidd əşya və ya predmet varsa həmin əşyaları könüllü olaraq təqdim etməsini təklif etmişlər. Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan köməkçi cibindən bir ədəd şəffaf sellofana bükülmüş və içərisində psixotrop maddə metamfetamin olan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Məhkəmə baxışında şahid qismində dindirilmiş Bakı şəhəri Sabunçu RPİ-nin 14-cü PB-nin cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid6 Camal oğlu Şahid7 ilə oxşar məzmunda ifadə vermişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 29.06.2021-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. - cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 14.05.2021-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. - cinayət işinin bir icraatda birləşdirilməsi haqqında 14 iyul 2021-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi ********* saylı cinayət işi ilə bir icraatda birləşdirilmişdir. - şübhəli şəxsin tutulması barədə 14.05.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli olduğuna görə tutulmuşdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş materialların məhkəmə ekspertizasının 14.05.2021-ci il tarixli, 6/1918 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “saxlanılan şəxs: Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə” yazısı olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,271 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. - maddi sübut kimi tanıma haqqında 14.05.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş 0,271 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və tədqiqatdan sonrakı qalıq hissəsi 0,221 qram metamfetamin saxlanılması üçün Sabunçu RPİ-nə təhvil verilmişdir. - vəsatətin müdafiə edilməsindən imtina edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında 15.05.2021-ci il tarixli qərarlardan görünür ki, təqsirləndirilən şəxs Q Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilmiş və həbsdən azad edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. - cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə 29.06.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli olduğuna görə tutulmuşdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş materialların məhkəmə ekspertizasının 29.06.2021-ci il tarixli, 6/2624 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” yazısı olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,355 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 4(007)-172/2021 saylı, 01.07.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 şəxsi Ambulator Məcburi-Narkoloji tibbi yoxlamanın 15.07.2021-ci il tarixli, 2337 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. - toplanmış sübutların qiymətləndirilməsi haqqında 14.08.2021-ci il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs aşkar edilmiş 0,355 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 2 ədəd CD disk maddi sübut kimi tanınmış, tədqiqatdan sonrakı qalıq çəkisi 0,305 qram narkotik vasitə heroin maddi sübutların saxlanc kamerasına təhvil verilmiş, 2 ədəd CD disk cinayət işinə əlavə edilmişdir. - təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 16.08.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. - 01 ədəd “CD” diskə köçürülmüş videogörüntüdən görünür ki, 29.06.2021-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə polis əməkdaşlarının iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarının sağ yan cibindən siqaretin gümüşü kağızına bükülmüş 1 ədəd bükümü çıxarıb təqdim etmiş və həmin bükümün içərisində narkotik vasitə “kokos” olduğunu, Sabunçu rayonu, Balaxanı qəsəbəsində tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. - 01 ədəd “CD” diskə köçürülmüş videogörüntüdən görünür ki, 14.05.2021-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə polis əməkdaşlarının iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan köməkçi cibindən 1 ədəd şəffaf sellofana bükülmüş bükümü çıxarıb təqdim etmiş və həmin bükümün içərisində metamfetamin olduğunu, Sabunçu rayonu, Maştağa qəsəbəsində tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə siyahıların təsdiq edilməsi haqqında “Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununa əsasən dərman preparatı kimi beynəlxalq adı “Metamfetamin” olan maddə psixotrop maddədir, onun 0,15 qramdan artıq hissəsi və dərman preparatı kimi beynəlxalq adı “Heroin” olan maddə narkotik vasitəsidir, onun 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə - heroin və psixotrop maddə metamfetamin əldə edib saxlaması özünün, şahidlərin ifadələri, həmçinin cinayət işinin materiallarındakı digər sənədlərlə tamamilə sübuta yetirildi. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığı üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 23.09.2021ci il tarixli tələbnamədən və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-330/2013 saylı, 12.11.2013-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinib CM-nin 66.3cü maddəsinə əsasən 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 08.05.2017-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir, bu da Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinə əsasən məhkumluqla bağlı bütün hüquqi nəticələri ləğv edir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin təkrar törədilməsi cəzanı ağırlaşdıran hal hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, qəsdin əsas obyektini əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər, əlavə obyektini isə ictimai təhlükəsizlik, dövlət idarə və müəssisələrin normal fəaliyyətini təmin edən ictimai münasibətlər, konkret insanın-fərdin sağlamlığı təşkil etməsini nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmaqla barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən Təqsirləndirilən şəxs 14.05.2021-ci il tarixdən 15.05.2021-ci il tarixədək 1 gün həbsdə saxlanılması həbsdə saxlamanın bir gününü azadlıqdan məhrum etmənin bir gününə hesablayaraq nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən az ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilir. Ona görə də, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1.19 - 346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, onun həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanaraq cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı həbs etmənin əvvəlindən, yəni 29.06.2021-ci il tarixdən hesablanmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən iş üzrə maddi sübut olan və Bakı şəhəri Nizami RPİ-də saxlanılan 0,305 qram narkotik vasitə- heroin və Sabunçu RPİ-də saxlanılan 0,221 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv olunmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət işi üzrə maddi sübut olan 2 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılmalı; Azərbaycan Respublikası CPMnin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan 228 (iki yüz iyirmi səkkiz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 14.05.2021-ci il tarixdən 15.05.2021-ci il tarixədək 1 gün həbsdə saxlanılması nəzərə alınmaqla həbsdə saxlamanın bir gününü azadlıqdan məhrum etmənin bir gününə hesablayaraq üzərində 1 (bir) il 5 (beş) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 29.06.2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olan və Bakı şəhəri Nizami RPİ-də saxlanılan 0,305 qram narkotik vasitə- heroin və Sabunçu RPİ-də saxlanılan 0,221 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə maddi sübut olan 2 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 228 (iki yüz iyirmi səkkiz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №1(007)-312/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-312/2021
16.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver