Məhkəmə qərarları › İş №1(007)-312/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-312/2023

20.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-312/2023 20.06.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxx 1990-cı il tarixdə Yardımlı rayonunun Telavar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Yardımlı rayonunun Telavar kəndində qeydiyyatda olan, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, 02 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 02 ay 05 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmiş, cəza müddətinin sonu 10 fevral 2023-cü il tarixədək müəyyən edilmiş, cəzanın icrası ilə əlaqədar Bakı şəhər probasiya idarəsinin qeydiyyatında olarkən hazırkı işlə bağlı 28 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 30 yanvar 2023-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs saxlanc yeri hesab olunan köşkə qanunsuz olaraq daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədilə 19 yanvar 2023-cü il tarixdə saat 02 radələrində X1 icarə müqaviləsi əsasında işlətdiyi ünvan 1 ünvanındakı köşkün pəncərəsini daş parçası ilə sındıraraq həmin köşkə qanunsuz olaraq daxil olub oradan hər biri 3 manat 60 qəpik olmaqla 144 manat təşkil edən 40 ədəd qutu ballı “Winston”, hər biri 3 manat 60 qəpik olmaqla 144 manat təşkil edən 40 ədəd qutu boz rəngli “Winston”, hər biri 3 manat 60 qəpik olmaqla 144 manat təşkil edən 40 ədəd qutu göy rəngli “Winston”, hər biri 3 manat 60 qəpik olmaqla 144 manat təşkil edən 40 ədəd qutu nazik “Winston, hər biri 4 manat 10 qəpik olmaqla 82 manat təşkil edən 20 ədəd qutu göy rəngli “Sobraniya”, hər biri 4 manat 10 qəpik olmaqla 82 manat təşkil edən 20 ədəd qutu ballı “Sobraniya”, hər biri 4 manat 10 qəpik olmaqla 82 manat təşkil edən 20 ədəd qutu nazik “Sobraniya”, hər biri 4 manat 10 qəpik olmaqla 82 manat təşkil edən 20 ədəd qutu qalın “Sobraniya”, hər biri 2 manat 70 qəpik olmaqla 27 manat təşkil edən 10 ədəd qutu boz rəngli “Winchester”, hər biri 2 manat 70 qəpik olmaqla 27 manat təşkil edən 10 ədəd qutu nazik “Winchester”, hər biri 2 manat 70 qəpik olmaqla 27 manat təşkil edən 10 ədəd qutu qalın “Winchester”, hər biri 3 manat 80 qəpik olmaqla 76 manat təşkil edən 20 ədəd qutu nazik “Kent 4”, hər biri 3 manat 80 qəpik olmaqla 76 manat təşkil edən 20 ədəd qutu nazik “Kent 1”, hər biri 3 manat 80 qəpik olmaqla 76 manat təşkil edən 20 ədəd qutu mentollu “Kent”, hər biri 3 manat 80 qəpik olmaqla 76 manat təşkil edən 20 ədəd qutu qalın “Kent“, hər biri 3 manat 80 qəpik olmaqla 76 manat təşkil edən 20 ədəd qutu sarı rəngli “Davidoff”, hər biri 3 manat olmaqla 60 manat təşkil edən 20 ədəd qutu boz rəngli “Davidoff”, hər biri 3 manat olmaqla 60 manat təşkil edən 20 ədəd qutu mentollu “Davidoff”, hər biri 2 manat 80 qəpik olmaqla 56 manat təşkil edən 20 ədəd qutu boz rəngli “Rothmans”, hər biri 2 manat 80 qəpik olmaqla 56 manat təşkil edən 20 ədəd qutu göy rəngli “Rothmans”, hər biri 2 manat 80 qəpik olmaqla 56 manat təşkil edən 20 ədəd qutu meyvəli “Rothmans”, hər biri 2 manat 50 qəpik olmaqla 100 manat təşkil edən 40 ədəd qutu “Want X-Line” markalı siqaretləri, hər biri 20 manata olmaqla 240 manat təşkil edən 12 ədəd elektron qəlyanı, hər biri 3 manat 80 qəpik olmaqla 114 manat təşkil edən 30 ədəd “Alfakir” firmasına məxsus qəlyan tütünlərini və kassadan cəmi 100 manat dəyərində dəmir pul nişanlarını gizli olaraq talayıb ümumilikdə zərərçəkmiş şəxs Ayxan Bəhmənliyə 2207 manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, hazırkı işlə bağlı tutulmazdan əvvəl rəsmi olaraq heç bir yerdə işləməmiş, narkotik vasitə istifadəçisi olmuşdur. Narkotik vasitə almağa maddi imkanı olmadığından oğurluq etmiş və oğurladığı əmlaklardan əldə etdiyi pullarla narkotik vasitə alaraq qəbul etmişdir. 18 yanvar 2023-cü il tarixdə Nizami rayonunda, “Neftçilər” metrostansiyasının yaxınlığında yaşayan xalasıgilə getmişdir. Yaşadığı ünvan 2 ünvanında yerləşən köşkə yaxınlaşıb siqaret almışdır. Həmin vaxt bu köşkdən oğurluq etmək qərarına gəlmiş, buna görə köşkün bağlanmasını gözləmişdir. 19 yanvar 2023-cü il tarixdə gecə saat 02 radələrində yenidən həmin köşkə yaxınlaşmış və köşkün bağlı olduğunu görmüşdür. Yerdən daş parçası götürüb daş parçası ilə köşkün pəncərəsini sındırmış, həmin vaxt pəncərə şüşəsi əlini kəssə də, köşkün içərisinə daxil olmuşdur. Köşkdə olan xatırlamadığı sayda siqaret qutularını, elektron qəlyan, qəlyan tütünlərini və köşkün kassasından 25 manat dəyərində qəpik pulları götürüb köşkdən çıxmışdır. Bundan sonra “20 Yanvar” metrostansiyasının yaxınlığına gedib həmin siqaretləri və digər oğurladığı əmlakları satmaq üçün səhərin açılmasını gözləmişdir. Səhər saatlarında həmin metrostansiyanın yaxınlığında Bakı şəhərindən yol maşınları ilə rayonlara gedən tanımadığı şəxslərə həmin siqaretləri, elektron qəlyanları, qəlyan tütünlərini cəmi 700 manat müqabilində satmışdır. Qəpik pulları isə şəxsi ehtiyaclarına xərcləmişdir. Əmlakları satdığı şəxslərə həmin əmlakların özünə məxsus olduğunu və ehtiyacı olduğundan satdığını bildirmişdir, oğurluğu özü tək törətmiş, ona kömək edən başqa şəxs olmamışdır. Təqsirləndirilən şəxs ifadəsində daha sonra əməlindən səmimi peşman olduğunu nəzərə alaraq ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında yerləşən köşkü icarəyə götürərək tütün məhsullarının satışı ilə məşğul olur. 19 yanvar 2023-cü il tarixdə səhər saat 07 radələrində işlətdiyi köşkə getmişdir. Köşkə yaxınlaşan zaman köşkün vitrin şüşəsinin qırıldığını görmüşdür. Köşkdən oğurluq olduğundan şübhələnib dərhal qapını açıb içəri keçmiş və köşkün vitrinində olan siqaretlərin, şokaladların, saqqızların səliqəliliyinin pozulduğunu aşkar etmişdir. Bu barədə dərhal ərazi üzrə 25-ci polis şöbəsinə məlumat vermiş, polis əməkdaşları az sora hadisə yerinə gəlmişlər. Köşkə özü baxış keçirən zaman görmüşdür ki, hər biri 3,60 manata olan 40 ədəd qutu ballı “Winston” markalı, hər biri 3,60 manata olan 40 ədəd qutu boz rəngli “Winston” markalı, hər biri 3,60 manata olan 40 ədəd qutu göy rəngli “Winston” markalı, hər biri 3,60 manata olan 40 ədəd nazik qulu “Winston” markalı, hər biri 4,1 manata olan 20 ədəd qutu göy rəngli “Sobraniya” markalı, hər biri 4,1 manata olan 20 ədəd qulu ballı “Sobraniya” markalı, hər biri 4,1 manata olan 20 ədəd qutu nazik “Sobraniya” markalı, hər biri 4,1 manata olan 20 ədəd qulu qalın “Sobraniya” markalı, hər biri 2,70 manata olan 10 ədəd qutu boz rəngli “Winchester” markalı, hər biri 2,70 manata olan 10 ədəd qutu nazik “Winchester” markalı, hər biri 2,70 manata olan 10 ədəd qutu qalın rəngli “Winchester” markalı, hər biri 3,80 manata olan 20 ədəd qutu nazik “Kent 4” markalı, hər biri 3,80 manata olan 20 ədəd qutu nazik “Kent 1” markalı, hər biri 3,80 manata olan 20 ədəd qutu mentollu “Kent” markalı, hər biri 3,80 manata olan 20 ədəd qutu qalın “Kent” markalı, hər biri 3,80 manata olan 20 ədəd qutu sarı rəngli “Davidoff” markalı, hər biri 3,0 manata olan 20 ədəd qutu boz rəngli “Davidoff” markalı, hər biri 3,0 manata olan 20 ədəd qutu mentollu “Davidoff” markalı, hər biri 2,80 manata olan 20 ədəd qutu boz rəngli “Rothmans” markalı, hər biri 2,80 manata olan 20 ədəd göy rəngli “Rothmans” markalı, hər biri 2,80 manata olan 20 ədəd qutu meyvəli “Rothmans” markalı, hər biri 2,50 manata olan 40 ədəd qulu “Want X-Line” markalı siqaretləri, hər biri 20 manata olan 12 ədəd elektron qəlyanı, hər biri 3,80 manata olan 30 ədəd “Alfakir” firmasına məxsus qəlyan tütünləri və kassadan cəmi 100 manat dəyərində dəmir pul nişanları oğurlanmışdır. Hadisə 19 yanvar 2023-cü il tarixdə saat təxminən 02 radələrində onun icarə əsasında işlətdiyi ünvan 1 ünvanında yerləşən köşkdə baş vermişdir. Polislərin araşdırması zamanı müəyyən edilmişdir ki, oğurluq Təqsirləndirilən şəxs tərəfindən edilmişdir. Həmin şəxs polis əməkdaşları tərəfindən hadisə yerinə gətirilərkən əməlini etiraf etmiş və oğurluğu hansı qaydada etdiyini izah etmişdir. Təqsirləndirilən şəxs ona məxsus əmlakları oğurlamaqla ona ümumilikdə 2207 manat ziyan vurmuşdur. Bundan başqa, həmin təqsirləndirilən şəxs oğurluq hadisəsini törədən zaman hər bloku 10 manata olan 2 blok “Tuborg”, hər bloku 21 manata olan 8 blok meyvəli “Orbit” saqqızlarını və hər biri 0,60 qəpik olan 24 ədəd olan “Alpengold” şokoladlarını yerə dağıdıb əzməklə 202,40 manat, vitrin şüşəsini qırmaqla 300 manat, ümumilikdə 502,40 manat ziyan vurmuşdur. Təqsirləndirilən şəxs hal-hazıradək ona vurduğu maddi ziyanı ödəməmişdir, təqsirləndirilən şəxsə qarşı şikayətçidir və pulunu tələb edir. Təqsirləndirilən şəxsin qanuna uyğun cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 25-ci polis şöbəsinin CA üzrə baş əməliyyat müvəkkili Şahid ifadəsində göstərmişdir ki, 19 yanvar 2023-ci il tarixdə saat 02 radələrində X1 icarə müqaviləsi əsasında işlətdiyi ünvan 1 ünvanındakı köşkün pəncərəsini güc tətbiq elməklə sındırıb həmin köşkə qanunsuz daxil olaraq oradan 2207 manat dəyərində əmlakı oğurlayan şəxsin müəyyən edilməsi istiqamətində onun tərəfindən bir sıra əməliyyat-axtarış tədbirləri keçirilmiş, nəticədə həmin cinayət əməlinin xx xxxx 1990-cı il tarixdə Yardımlı rayonunda anadan olmuş Təqsirləndirilən şəxs tərəfindən törədildiyini müəyyən etmişdir. Bundan sonra zəruri tədbirlər görülərək Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilmiş və 28 yanvar 2023-cü il tarixdə saat 16 radələrində Bakı şəhəri, Nizami rayonu, Ə.Əzimzadə küçəsində tərəfindən saxlanılaraq 25-ci PŞ-nə aparılmış, daha sonra aidiyyəti üzrə istintaq şöbəsinə təhvil verilmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 19 yanvar 2023-cü il tarixli qərardan görünür ki, X2 məxsus əmlakların oğurlanması ilə bağlı toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) - 19 yanvar 2023-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, müstəntiq tərəfindən zərərçəkmiş şəxs X1, ekspert-kriminalistin və hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. Baxış zamanı ünvan 1 ünvanındakı köşkün şüşə pəncərəsinin sındırıldığı və əşyaların oğurlandığı müəyyən edilmiş, hadisə yerindən 4 ədəd qan nümunasi aşkar edilərək götürülmüşdür. (i.v. 4-10) - 29 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, müstəntiq tərəfindən, şübhəli şəxs Təqsirləndirilən şəxs və müdafiəçisinin iştirakları ilə iş üzrə oğurluq hadisəsi zamanı hadisə yerinə yaxın ərazidə yerləşən obyektin müşahidə kamerası tərəfindən qeydə alınmış video görüntünün əks oldunduğu 01 ədəd CD diskə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, zahiri əlamətlərindən Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxs ünvan 3 ünvanında yerləşən köşkə yaxınlaşıb bir qədər gözləmiş, sonra yerdən götürdüyü əşya ilə köşkün şüşə pəncərəsini sındıraraq köşkə daxil olmuş, bir neçə dəqiqə sonra isə həmin şəxs sındırmış olduğu həmin pəncərədən əlində sellofan torba ilə çıxaraq getmişdir. Təqsirləndirilən şəxs video görüntüdə qeydə alınan, köşkdən oğurluq edən şəxsin özü olduğunu bildirmişdir. (i.v. 51) -Azərbaycan Respublikası DİN-in Kriminalistik Tədqiqatlar İdarəsinin məhkəməgenetik ekspertizasının 20 mart 2023-cü il tarixli 23/228R nömrəli rəyinin nəticə hissəsindən görünür ki, ekspertiza nəticəsində, xx.xx.2023-cü il tarixdə Nizami rayonu, Əzim Əzimzadə 34/60 ünvanında yerləşən X1 icarə əsasında işlətdiyi 059 nömrəli köşkdə baş vermiş oğurluq faktı üzrə hadisə yerindən götürülmüş 04 ədəd qan nümunəsinin Təqsirləndirilən şəxs (xx/xx/1990 Yardımlı r.) məxsus olduğu müəyyən edildi (eyni yumurta əkizi istisna olmaqla). (i.v. 93-102) - 24 mart 2023-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, müstəntiq tərəfindən Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmış, o, ifadələrində göstərdiklərini cinayətin törədildiyi yerdə də əyani qaydada göstərərək bir daha təsdiq etmişdir. (i.v. 104- 105) - 04 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 30 yanvar 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan olunmuş ittiham dəyişdirilmədən öz qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 177.2.1, 180 və 186-cı maddələrinin tərkib əlamətləri olmadığından onun barəsində həmin maddələrlə cinayət təqibinin başlanılması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş, Təqsirləndirilən şəxs istintaqa vermiş olduğu ifadələrində ünvan 1 ünvanında yerləşən köşkdən 100 manat dəyərində deyil, 25 manat dəyərində qəpik pullar oğurladığını bildirməsi ilə bağlı xüsusatlar cinayət işinin materialları ilə tam təkzib olunduğundan özünü müdafiə üçün gətirdiyi dəlil kimi qiymətləndirilərək rədd edilmiş və ifadələrinin həmin hissələri iş materiallarına uyğun olmadığından sübut kimi qəbul edilməmiş, Təqsirləndirilən şəxs oğurlamış olduğu zərərçəkmiş şəxs X2 məxsus əmlakları sonuncudan alan naməlum şəxslərin əməllərində Azərbaycan Respublikası CM-nin 194-cü maddəsinin tərkib əlamətləri olmadığından onların barəsində həmin maddə ilə cinayət təqibinin başlanılması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş, oğurluq cinayət əməlinin video görüntüsü əks olunmuş 01 ədəd disk iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmiş və cinayət işi materiallarına əlavə edilmişdir. (i.v. 106-113) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il Qərarına əsasən qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidi dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etiraf ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin ifadəsi və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində oğurluq cinayət əməlini törədərkən köşkdən 25 manat dəyərində qəpik pullar oğurladığını bildirsə də, buna dair ifadə məhkəmə iclasında toplanaraq tədqiq edilmiş sübutlarla təkzib olunmuşdur, bununla yanaşı, nəzərə alınmalıdır ki, Təqsirləndirilən şəxs məhkəmədə son sözlə etdiyi çıxışında əməlindən peşman olduğunu ifadə edərək ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 177.2.3-cü maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: -Bakı şəhəri Nizami RPİ-nin 25-ci polis şöbəsinin 28 yanvar 2023-cü il tarixli ***-**** nömrəli məktubundan görünür ki, iş üzrə oğurluq əməlini törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs müəyyən edilib istintaq şöbəsinə təhvil verilmişdir. (i.v. 25) - 28 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 40) - 30 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 03 ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 28 yanvar 2023-cü il tarixdən hesablanmışdır. (i.v. 72-74) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 28 fevral 2023-cü il tarixli tələbnamədən və qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 31 mart 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 68.1.3-cü maddəsi tətbiq edilməklə, qazancından dövlət nəfinə 20% məbləğində pul tutulmaqla 01 il 11 ay 27 gün müddətinə islah işləri cəzasına məhkum edilmiş; Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 aprel 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29,180.2.2-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 67.1 və 69.3-cü maddələrinə əsasən qəti olaraq 04 il 02 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 16 oktyabr 2015-ci il tarixli qərarı ilə 04 ay 18 gün vaxtından əvvəl şərti azad edilmiş, 09 mart 2016-cı il tarixdə cəza müddəti bitmiş; Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 08 dekabr 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 il 02 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş; Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 14 may 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 66.5 və 69.3-cü maddələrinə əsasən 02 il 05 ay 15 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş; Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 27 iyul 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 66.5-ci maddəsinə əsasən 02 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş; Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, 02 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 02 ay 05 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmiş, cəza müddətinin sonu 10 fevral 2023-cü il tarixədək müəyyən edilmişdir. (i.v. 81-84) Məhkəmə iclasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs digər hökmlərlə təyin olunmuş cəzalara münasibətdə məhkumluqları ödənilmişdir, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş dövrü ərzində qəsdən az ağır cinayət törətdiyindən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli qərarı ilə onun barəsində təyin edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən ləğv edilməsi, 11 mart 2021-ci il tarixli hökm üzrə çəkilməmiş 02 ay 05 gün müddətinə azadlıqdan məhrum etmə cəzasının Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilməli olan cəzaya müvafiq qaydada birləşdirilməsi üçün əsaslar yaranmışdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal qismində Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsində, cəzasını ağırlaşdıran hal qismində həmin Məcəllənin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal qismində Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə Təqsirləndirilən şəxs münasibətdə cinayətlərin residivinin müəyyən edildiyini nəzərə alaraq, həmin halı Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır, cəzanı ağırlaşdıran digər hallar isə müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir. Məhkəmənin qənaətinə görə, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir, ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Bununla yanaşı, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli qərarı ilə təyin edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən ləğv edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli hökmü üzrə çəkilməmiş 02 ay 05 gün müddətinə azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs qəti müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 28 yanvar 2023-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş, 30 yanvar 2023-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmişdir, ona görə məhkəmə Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı 28 yanvar 2023cü il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyan ödənilməsə də, onun tərəfindən məhkəməyədək icraat və məhkəmə icraatı zamanı qanunla müəyyən edilmiş müddətdə və qaydada mülki iddia verilməmişdir, Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır, belə olan halda, məhkəmə hesab edir ki, göstərilənlərə əsasən ziyanın ödənilməsini tələb etdiyi halda zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilər, ona bu hüququ izah edilməlidir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış 01 ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza isə iş üzrə keçirilməmişdir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından, vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 23 iş saatı müddətinə bərabər tutularaq, (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il 11 (on bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli qərarı ilə təyin edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən ləğv edilsin, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli hökmü üzrə çəkilməmiş 02 (iki) ay 05 (beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş 02 (iki) il 11 (on bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı 28 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut qismində tanınmış 01 ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı 23 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən 138 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə dəymiş ziyanı tələb etdiyi halda, mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilmək hüququ zərərçəkmiş şəxsə izah edilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar