Məhkəmə qərarları › İş №1(007)-314/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-314/2023

16.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-314/2023 16.06.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxx 1984-cü il tarixdə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, üç uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, Bərdə şəhəri, F.B.Köçərli küçəsi, ev 93-də qeydiyyatda olan, Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan cinayət işi üzrə barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə və psixotrop maddə əldə edərək üstündə saxlayaraq daşımışdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 234.4.4-cü maddələri ilə təqsirləndirilən və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və şəxsdən satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda, ümumi təmiz çəkisi 1,019 qram narkotik vasitə heroin və ümumi təmiz çəkisi 1,073 qram psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, 13 dekabr 2022-ci il tarixdə saat 17:30 radələrində müalicə aldığı ünvan 1 ünvanında yerləşən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətinin Müalicə müəssisəsinin əməkdaşları tərəfindən xidməti otaqların birində üzərinə keçirilmiş baxış zamanı sol ayağındakı corabın içərisindən 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,076 qram, 0,862 qram, 0,081 qram, ümumi təmiz çəkisi 1,019 qram qəhvəyi rəngli toz şəkilli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 ədəd bükümdə təmiz çəkisi 1,073 qram ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 2021-ci ilin əvvəllərindən narkotik vasitə istifadə etməyə başlamışdır. 18 sentyabr 2022-ci il tarixdə DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən üzərində qanunsuz narkotik vasitə gəzdirdiyi üçün saxlanılmış, barəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanmış və Yasamal Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Səhhətində problemlər olduğu və həbsdə olarkən də xəstələndiyi üçün Penitensiar Xidmətin Müalicə müəssisəsinə aparılmış, orada müalicə olunmuşdur. 11 dekabr 2022-ci il tarixdə arvadı Şəlaləyə zəng edib uşaqlar üçün darıxdığını, onları görmək istədiyini bildirmiş, uşaqları götürüb yanına gətirməsini xahiş etmişdir. Şəlalə əvvəlcə maddi imkanı olmadığından gələ bilməyəcəklərini desə də, onun təkidindən sonra razılaşmışdır. 13 dekabr 2022-ci il tarixdə bacısı Gülnarə, arvadı Şəlalə, övladları Fidan, Fatimə və Miriş onunla görüşmək üçün Müalicə müəssisəsinə gəlmişlər, müəssisənin görüş otağında o, ailə üzvləri ilə görüşmüşdür. Saat 15 radələrində bacısı uşaqları da götürüb evlərinə getmiş, Şəlalə onunla görüş otağında qalmış, saat 18 radələrinədək bir yerdə olmuşlar. Bundan sonra Şəlaləni evə yola salmışdır. Bu vaxt Müalicə müəssisəsinin əməkdaşları ona yaxınlaşaraq üzərində qanunsuz olaraq narkotik vasitə saxlayıb daşıdığını və üzərinə baxış keçirəcəklərini bildirmişlər. O, buna etiraz etməmiş, əməkdaşlar ona hüquq və vəzifələrini izah etdikdən sonra yoxlama otağına dəvət etmişlər. Həmin vaxt oradan təsadüfən keçən digər iki nəfər məhkum dəvət olunmuş, həmin şəxslər onun üzərinə baxış keçirilməsində iştirak etmişlər. Üzərinə keçirilən baxış zamanı sol ayağındakı corabın içərisində 4 ədəd bükülüdə, 1 ədəd yaşıl rəngli sellofan bükülüdə şəffaf şüşə qırıqları, 1 ədəd yaşıl rəngli sellofan bükülü və 2 ədəd siqaret kağızına bükülmüş qəhvəyi rəngli toz şəklində narkotik vasitə aşkar olunaraq götürülmüşdür. Üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddə hal şahidlərinin iştirakı ilə zərfə qoyularaq qablaşdırılmışdır. Sorğu zamanı o, etiraf etmişdir ki, üzərindən aşkar edilmiş narkotik vasitə heroini və psixotrop maddə metamfetamini bir neçə gün əvvəldən müəsissənin ərazisində olan zibil qutularından tapmış, istifadə etmək üçün üzərində saxlamışdır. Həmin narkotik vasitələri ona arvadı Şəlalə gətirməmişdir, o, Şəlaləyə belə bir hərəkət etməsinə heç vaxt icazə verməzdi, çünki bilirdi ki, məhkumların yanına gələndə qapıda həm adamları, həm də gətirilən ərzaqları yoxlayırlar. Ona görə arvadını belə bir təhlükəyə heç vaxt atmazdı. Təqsirləndirilən şəxs daha sonra əməlindən səmimi peşmançılıq hissləri keçirdiyini, himayəsində üç uşağı olduğunu, öznünün xəstə olduğunu nəzərə alaraq, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əridir, Mənsur 18 sentyabr 2022-ci il tarixdə DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulmuş və məhkəmənin qərarı ilə barəsində həbs seçilmişdir. Həbsdə olarkən Mənsur xəstəliyi ilə əlaqədar Penitensiar Xidmətin Müalicə müəsisəsinə aparılmışdır. Özü küçələrdən dəmir yığıb sataraq qazandığı 20-30 manat pulla 3 uşağını birtəhər dolandırır. 11 dekabr 2022-ci il tarixdə Mənsur ona zəng edərək uşaqları da götürüb görüşə gəlməsini demişdir. O, imkanı olmadığını dedikdə Mənsur ondan inciyərək uşaqlar üçün darıxdığını, onları görmək istədiyini bildirmişdir. Mənsurun bu sözləri ona təsir etdiyindən bir qədər pul düzəldib ona yemək-içmək hazırlamış, 13 dekabr 2022-ci il tarixdə övladları Fidan, Fatimə, Miriş və baldızı Gülnarə ilə birlikdə Mənsurun saxlanıldığı Müalicə müəsisəsinə getmiş, giriş qapısına yaxınlaşaraq yoxlanış yerinə daxil olmuşlar. Mənsurla görüşə şirniyyat, 3 ədəd “Bizon” enerji içkisi, 1 ədəd “Coca-Cola”, 3 ədəd “West” siqaret paçkası aparmışdır. Hər biri giriş qapısında Pentensiar Xidmətin qadın əməkdaşı tərəfindən yoxlanıldıqdan sonra müalicə müəsisəsinə keçirilməsinə icazə verilməyən əmlakların siyahısı ilə tanış olaraq iltizama imza etdikdən sonra içəriyə keçmişlər. Təxminən saat 12 radələrində Mənsurlə görüşmüşlər, görüş üçün onlara xüsusi otaq verilmişdir. Saat 15 radələrinədək uşaqlar, baldızı və o, Mənsurla söhbətləşmişlər. Bundan sonra baldızı uşaqları götürüb evə getmişdir. Mənsurla ikisi həmin otaqda təxminən saat 18 radələrinədək birlikdə qalmışlar. Bir az keçmiş görüş saatları bitdiyi üçün Müalicə müəsisəsinin əməkdaşları ona artıq getməli olduğu barədə xəbərdarlıq etmişlər, o, hazırlaşıb Mənsurla sağollaşmış və otaqdan çıxıb giriş qapısına tərəf getmişdir. Giriş qapısında sənədlərini götürən zaman bir nəfər müəsisənin əməkdaşı onu girişdə olan otağa dəvət edərək bildirmişdir ki, görüş otağına nəzarət edən Nazilə xanım zəng edəcəkdir, gözləsin, onunla işi vardır. O, heç bir söz demədən nəzarət buraxılış məntəqəsində olan gözləmə otağına keçib gözləmişdir. Bir az keçmiş otağa zəng gəlmiş, həmin əməkdaş onu içəridən çağırdıqlarını bildirmişdir. O da heç bir söz demədən yenidən içəriyə daxil olmuş, onu içəridə görüş üçün nəzərdə tutulan şüşə materialından olan arakəsmə otağa aparmışlar. Otaqda müəssisənin əməkdaşları və əri Mənsur olmuşdur. Müalicə müəssisənin əməliyyat bölməsinin rəisi Şahid5 özünü təqdim edərək bildirmişdir ki, Mənsurun üzərinə şəxsi axtarış və götürmə keçiriləcəkdir. Həmin şəxs Mənsura hüquq və vəzifələrini izah etmiş, axtarış və götürmə zamanı iştirak edən şəxsləri təqdim etmişdir. Hal şahidlərinin, müəssisə əməkdaşlarının və onun iştirakları ilə Mənsurun üzərinə axtarış-baxış keçirilmişdir. Bu zaman Mənsurun sol ayağındakı corabın içərisindən 04 ədəd bükülüdə, 01 ədəd yaşıl rəngli sellofan bükülüdə şəffaf şüşə qırıqları şəklində, digər 01 ədəd eyni rəngli sellofan bükülüdə və 02 ədəd siqaret kağızında bükülmüş qəhvəyi rəngli, toz şəklində, spesifik iyə malik narkotik vasitəyə bənzər maddələr aşkarlanaraq götürülmüşdür. Həmin narkotik vasitəyə bənzər maddələr hal şahidlərinin, əməkdaşların və onun iştirakları ilə götürülüb zərfdə qoyularaq möhürlənmişdir. Həmin narkotik vasitələri Mənsurun haradan əldə etməsindən onun xəbəri olmamış, özü Mənsura heç bir narkotik vasitə və psixotrop maddə gətirməmişdir. Müəssisəyə daxil olarkən nəzarət-buraxılış məntəqəsində üzərinə və gətirdiyi ərzaqlara baxış keçirilmişdir, əgər həmin narkotik vasitə və psixotrop maddəni o, gətirsəydi, yoxlanış zamanı aşkar edilərdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşıdır, Mənsurun narkotik vasitə ilə bağlı həbs edilmiş, həbsdə olarkən xəstəliyi ilə əlaqədar Penitensiar Xidmətin Müalicə müəsisəsində müalicə almışdır. 11 dekabr 2022-ci il tarixdə Mənsur arvadı Şəlaləyə zəng edərək uşaqlarla birlikdə onunla görüşə gəlməsini xahiş etmişdir. 13 dekabr 2022-ci il tarixdə Şəlalə, uşaqları Fidan, Fatimə, Miriş və o, birlikdə Mənsurun saxlanıldığı Müalicə müəsisəsinə getmişlər, giriş qapısına yaxınlaşaraq yoxlanış yerinə daxil olmuşlar. Şəlalə özü ilə Mənsura şirniyyat, 3 ədəd “Bizon” enerji içkisi, 1 ədəd “Coca-Cola”, 3 ədəd “West” siqaret paçkası alıb aparmışdır. Onların hər biri giriş qapısında müəssisənin qadın əməkdaşı tərəfindən yoxlanılmışlar, sonra müəssisəyə keçirilməsinə icazə verilməyən əmlakların siyahısı ilə tanış olaraq iltizama imza etmişlər, bundan sonra onlar içəriyə daxil olmuşlar. Təxminən saat 12 radələrində Mənsurla görüşmüşlər, görüş üçün xüsusi otaq verilmişdir. Təxminən saat 15 radələrinədək qardaşının yanında qalmışlar, sonra o, uşaqları götürüb evə getmiş, Şəlalə isə orada qalmışdır. Həmin gün axşam saatlarınadək Şəlalədən xəbər çıxmamış, mobil telefonuna zəng etdikdə isə cavab verməmişdir. Buna görə narahat halda Müalicə müəsisəsinə getmişlər, orada Şəlalənin Nizami RPİ-nin 23-cü polis bölməsində olduğunu öyrənərək həmin bölməyə getmişlər. Bölmədə olarkən məlum olmuşdur ki, görüşdən sonra qardaşı Mənsurun üzərinə baxış keçirilmiş, bu zaman onun üzərindən narkotik vasitə aşkar edilmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 iştirakı mümkün olmadığından həmin dövrdə verdiyi ifadəsi məhkəmə iclasında elan olunub tədqiq edilərkən onun, Şahid3 ilə eyni məzmunlu ifadə verdiyi müəyyən olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə müəssisəsinin Əməliyyat bölməsinin rəisi Şahid5 ifadəsində göstərmişdir ki, 13 dekabr 2022-ci il tarixdə təxminən saat 17:30 radələrində, daxil olmuş əməliyyat məlumatı əsasında keçirdikləri axtarış-baxış tədbirləri nəticəsində müəyyən etmişlər ki, Müalicə müəssisəsində müalicə alan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs yanına həyat yoldaşı Şahid1 qısamüddətli görüşə gəlmişdir. Görüşdən çıxarkən həbs edilmiş şəxs Təqsirləndirilən şəxs üzərinə hal şahidlərinin iştirakları ilə görüş otağında yenidən axtarış-baxış keçirilmiş, bu zaman onun sol ayağındakı corabın içərisindən 04 ədəd bükülüdə, 01 ədəd yaşıl rəngli sellofan bükülüdə şəffaf şüşə qırıqları şəklində, digər 01 ədəd eyni rəngli sellofan bükülüdə və 02 ədəd siqaret kağızında bükülmüş qəhvəyi rəngli, toz şəklində, spesifik iyə malik narkotik vasitəyə bənzər maddələr aşkarlanaraq götürülmüşdür. Aşkarlanaraq götürülən narkotik vasitəyə bənzər maddələr hal şahidlərinin, Şahid1 iştirakları ilə xüsusi zərfdə qablaşdırılaraq möhürlənmişdir. Bu barədə protokol və akt tərtib olunmuş, protokol hamıya ucadan oxunaraq imzalanmışdır. Sonra toplanmış materiallar aidiyyəti üzrə göndərilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə müəssisəsinin əməkdaşları Şahid4, Şahid7 və Şahid6, Şahid5lə eyni məzmunlu ifadələr vermişlər. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 14 dekabr 2022-ci il tarixli qərardan görünür ki, material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) - 13 dekabr 2022-ci il tarixli protokoldan və aktdan görünür ki, həmin tarixdə təxminən saat 17:30 radələrində daxil olmuş əməliyyat məlumatı əsasında aparılmış axtarış-baxış tədbirləri nəticəsində Müalicə müəssisəsində müalicə alan, həbs edilmiş şəxs Təqsirləndirilən şəxs yanına həyat yoldaşı Şahid1 qısamüddətli görüşə gəlmiş, görüşdən çıxarkən həbs edilmiş şəxs Təqsirləndirilən şəxs üzərinə hal şahidlərinin iştirakı ilə görüş otağında yenidən axtarış-baxış keçirilmiş, bu zaman sol ayağındakı corabın içərisindən 04 ədəd bükülüdə, 01 ədəd yaşıl rəngli sellofan bükülüdə şəffaf şüşə qırıqları şəklində, digər 01 ədəd eyni rəngli sellofan bükülüdə və 02 ədəd siqaret kağızında bükülmüş qəhvəyi rəngli, toz şəklində, spesifik iyə malik narkotik vasitəyə bənzər maddələr aşkarlanaraq götürülmüşdür. (i.v. 3-4) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 14 dekabr 2022-ci il tarixli 6/7018 nömrəli ekspert arayışının nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində ƏN PX Müalicə Müəssisinə məxsus “Zərflər üçün” möhür əksi, “...həbs edilmiş Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman..” və s.yazılar, imzalar olan kağız paketdəki 03 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,076 qram, 0,862 qram, 0,081 qram, ümumi təmiz çəkiləri 1,019 qram qəhvəyi rəngli toz şəkilli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitəheroindir, 01 ədəd bükümdə təmiz çəkisi 1,073 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin”in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: heroinin ümumi təmiz çəkisi 1,019 qram olmuş, tədqiqata 0,09 qram sərf edilmiş, 0,929 qram qalıq qalmışdır; metamfetaminin təmiz çəkisi 1,073 qram olmuş, tədqiqata 0,1 qram sərf edilmiş, 0,973 qram qalıq qalmışdır. (i.v. 21-24) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 28 dekabr 2022-ci il tarixli 6/7123 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...həbs edilmiş Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman...” sözləri olan bir ədəd zərfdəki 3 ədəd bükümdə ümumi təmiz çəkisi 0,929 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir, bir ədəd bükümdə təmiz çəkisi 0,973 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: heroinin ümumi təmiz çəkisi 0,929 qram olmuş, tədqiqata 0,100 qram sərf edilmiş, 0,929 qram qalıq qalmışdır; metamfetaminin təmiz çəkisi 0,973 qram olmuş, tədqiqata 0,100 qram sərf edilmiş, 0,873 qram qalıq qalmışdır. (i.v. 60-65) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji tibbi yoxlamasına dair 27 fevral 2023-cü il tarixli 1130 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 101-102) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxs tərəfindən verilmiş ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 13 fevral 2023-cü il tarixli 400 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi (ruhi) xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs qeyd olunan cinayəti törədilən anda əqli inkişafda gerilik əlamətləri olmamış, öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs əqli intellektual imkanları normaya uyğundur. Emosional iradi sferasında qıcığa qarşı həssaslıq, emosional qeyri sabitlik aşkar olunmqla xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Fərdi psixi xüsusiyyətlərində özündən uydurmağa və başqalarının təsiri altında hərəkət etməyə meyillik əlamətləri müşahidə olunmadı, lakin özünü psixoloji müdafiə etmək məqsədi ilə situasiyanı öz xeyrinə yönəldib danışa bilər. Təqsirləndirilən şəxs baş verənləri düzgün qavrayıb təsvir etmək və ifadə vermək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs cinayət törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs şüuruna və fəaliyyətinə təsir göstərə bilən emosional vəziyyətdə olmamışdır. Təqsirləndirilən şəxs qeyd olunan cinayət törədilən anda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs qeyd olunan cinayət törədilən anda hər hansı psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs öz hərəkətlərini ölçübbiçmək və ona qarşı törədilənləri düzgün qavrayıb təsvir edə bilmək iqtidarında olmuşdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs göstərilən cinayəti törədən anda hər hansı psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. (i.v. 103- 107) -İttiham aktının surətindən görünür ki, Təqsirləndirilən şəxs informasiyatelekommunikasiya şəbəkələrindən istifadə etməklə qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitəni külli miqdarda əldə etmə, saxlama və daşıma niyyəti ilə şəxsiyyəti istintaqa məlum olmayan “Yasin” adlı İran İslam Respublikası vətəndaşı ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup yaratmış, qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq sonuncunun qanunsuz olaraq satış məqsədi ilə istintaqla müəyyən edilməsi mümkün olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda əldə edərək Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən “Ayna Sultanova” heykəlinin yaxınlığında bir bükümdə külli miqdarda təmiz çəkisi 19,035 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroini istifadəsində olan “Samsung Galaxi A6” markalı mobil telefonun üzərində olan ***-***-**-** mobil nömrə ilə WhatsApp sosial şəbəkəsindən istifadə edib şəxsiyyəti istintaqa məlum olmayan “Yasin” adlı İran İslam Respublikası vətəndaşının istifadəsində olan istintaqa məlum olmayan nömrəsi ilə telefon əlaqəsi yaradaraq sonuncunun informasiya-telekomunikasiya şəbəkəsi hesab edilən WhatsApp sosial şəbəkəsi vasitəsi ilə göndərdiyi məkan paylaşımından istifadə edərək 18 sentyabr 2022-ci il tarixdə axşam saatlarında həmin yerdən götürüb sonradan yarım qramını 20 manata sataraq həmin pulun 14 manatını “Yasin” adlı şəxsə verərək qazandığı pulun əvəzində narkotik vasitə verəcəyi şərti ilə satış məqsədilə üzərində saxlamaqla daşımış, lakin Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri çərçivəsində 19 sentyabr 2022-ci il tarixdə saat 16:30 dəqiqədə ünvan 2 ünvanın yaxınlığında saxlanılaraq Yasamal RPİ-nin 26-cı PB-nin inzibati binasına gətirilmiş, inzibati binada üzərinə şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli şalvarın sağ yan cibindən qabaqcadan əlbir olan bir qrup şəxs halında informasiya-telekomunikasiya şəbəkəsindən istifadə etməklə satış məqsədilə, qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı külli miqdarda bir ədəd bükümdə təmiz çəkisi 19,035 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 234.4.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. (i.v. 110-118) - 07 mart 2023-cü il tarixli qərardan görünür ki, 06 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış və barəsində Yasamal Rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli 4(004)-807/2022 nömrəli qərarı ilə seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmış, onun barəsində Azərbaycan Respublikası CM-nin 234.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işinin başlanılması rədd edilmiş, ibtidai istintaq zamanı keçirilmiş istintaq əməliyyat tədbirlərinə baxmayaraq Təqsirləndirilən şəxs narkotik vasitə əldə etdiyi naməlum mənbənin müəyyən edilməsi mümkün olmadığından, cinayət işinin materiallarından naməlum mənbəyə dair material ayrılmış və naməlum mənbənin müəyyən edilməsi məqsədi ilə Nizami RPİ-nin 23-cü polis bölməsinə göndərilmiş, Şahid1 və Şahid3 barələrində Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3, 317-1 və 317-2-ci maddələri ilə cinayət işinin başlanılması rədd edilmiş, 14 dekabr 2022-ci il tarixli 6/7018 nömrəli ekspert arayışında qeyd edilmiş 1,019 qram qəhvəyi rəngli toz şəkilli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə-heroin və 01 ədəd bükümdə təmiz çəkisi 1,073 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin maddi sübut qismində tanınmış, 28 dekabr 2022-ci il tarixli 6/7123 nömrəli ekspertiza rəyində tədqiqatdan sonrakı qalığı 0,829 qram narkotik vasitə heroin və 0,873 qram olan metamfetamin saxlanılması üçün Nizami RPİnin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir. (i.v. 160-167) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanun-suz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək qeyd edir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitənin və psixotrop maddənin mənbəyinin müəyyən edilməsi faktının araşdırılması məqsədi ilə material ayrılmışdır və nəticəsindən asılı olaraq hüquqi qiymət veriləcəkdir. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, məhkəmə ekspertizalarının rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur, bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 09 yanvar 2023-cü il tarixli tələbnamədən görünür, eləcə də “Elektron Məhkəmə İnformasiya Sistemi” vasitəsi ilə yoxlama zamanı müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir, lakin onun Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 234.4.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi hazırda Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatındadır, iş üzrə yekun məhkəmə aktı çıxarılmamışdır. (i.v. 67-68) - 21 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, müstəntiqin vəsatəti və prokurorun təqdimatı əsasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilmişdir. (i.v. 155-159) -Şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Şahid2 xx xxxx 2005-ci il tarixdə, X1 29 may 2009-cu il tarixdə, X2 15 aprel 2014-cü il tarixdə doğulmuşlar. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmayan uşaqlarının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir, ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu, həbsdə saxlanıldığı və ev dustaqlığında saxlanıldığı müddətlər onun həbsdə saxlama müddətinə daxildir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hazırkı iş üzrə cinayət əməlini Bakı şəhəri Yasamal rayon polis idarəsinin istintaq şöbəsinin (hazırda Bakı Ağır Cinayətlər Məhkəməsinin) icraatında olan cinayət işinin ibtidai istintaqının aparıldığı dövrdə törətmişdir, barəsində qətimkan tədbiri qismində həbs seçilmiş olmuşdur, cari işlə bağlı tutmada və ya həbsdə olmamışdır. Ona görə cəza müddətindən çıxılma aparılması üçün əsaslar yoxdur. Cəzaçəkmə müddətinin əvvəlinin hansı tarixdən hesablanmalı olması məsələsinə hüquqi qiymət verərək, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi yuxarıda qeyd olunan cinayət işi ilə bağlı olmuşdur, ona görə təqsirləndirilən şəxsin digər cinayət işi üzrə 19 sentyabr 2022-ci il tarixdən həbsdə olduğu müddət, hazırda məhkəmənin icraatında Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə olan cinayət işi üzrə ona təyin olunacaq cəza müddətinə daxil ola bilməz, cəzaçəkmə müddətinin əvvəli cari hökmün çıxarıldığı tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri ilə bağlı məsələni həll edərək, qeyd edir ki, baxmayaraq ki, digər cinayət işi üzrə onun barəsində həbs qətimkan tədbiri seçilmişdir, həmin qətimkan tədbiri hökmlə təyin olunan cəzanın icrasını təmin etmir, ona görə hazırkı hökmün icrasını təmin etmək məqsədi ilə onun barəsində həbs qətimkan tədbiri seçilməli və Bakı istintaq təcridxanasında saxlanılması nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınaraq Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalmış narkotik vasitə və psixotrop maddə məhv edilməlidir; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə, Ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından qərar əsasında dövlət hesabına təyin edilmiş vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 21 iş saatı müddətinə bərabər tutulmaqla, (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınaraq, müvafiq hesablaşma hesabı üzərindən dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 16 iyun 2023-cü il tarixdən hesablansın. Hökmün icrasını təmin etmək məqsədi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilsin və onun Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı istintaq təcridxanasında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Maddi sübut qismində tanınaraq Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan, ekspertiza tədqiqatlarına sərf edildikdən sonra qalmış 0,829 qram narkotik vasitə heroin və 0,873 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsinlər. Məhkəmə məsrəfi olan cəmi 191 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ**********0000003944, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı 21 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən 126 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar