Məhkəmə qərarları › İş №1(007)-314/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-314/2025

20.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-314/2025 20.06.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs Alızade Vıdadının (X2), onun müdafiəçisi Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi, tərcüməçi X1 iştirakları ilə, Alızade Vıdadının (X2) Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Alızade Vıdadının (X2) Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin ibtidai istintaqı Bakı şəhəri Nizami rayon polis idarəsinin istintaq şöbəsində aparılmış, ittiham aktı Bakı şəhəri Nizami rayon prokuroru tərəfindən təsdiq olunaraq, mahiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. 09 aprel 2025-ci il tarixdə iş üzrə hazırlıq iclası keçirilmiş, Alızade Vıdadı (X2) Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkəməyə verilmiş, iş məhkəmə baxışına təyin edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, icraata qəbul edilmiş hazırkı cinayət işinə başqa məhkəmədə baxılmalıdır, ona görə cinayət prosesi iştirakçılarını dinləyib, məhkəmə belə nəticəyə gəlir ki, iş aidiyyəti üzrə göndərməlidir. Belə ki, istintaq orqanı tərəfindən verilmiş ittihama görə, Alızade Vıdadı (X2) istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, 01 ədəd bükümdə təmiz çəkisi 0,654 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 07 noyabr 2023-cü il tarixdə, saat 21:30 radələrində Bakı şəhəri Nizami rayon polis idarəsinin 24-cü polis şöbəsinin əməkdaşları tərəfindən Bakı şəhəri Xəzər rayonu, “Binə Sovxoz” qəsəbəsi, fərdi yaşayış evinin qarşısında Bakı şəhəri Nizami rayon polis idarəsinin istintaq şöbəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə istintaq olunan cinayət işi üzrə barəsində axtarış elan edilməsi ilə əlaqədar şübhəli şəxs qismində saxlanılaraq, Bakı şəhəri Nizami rayonu, Qara Qarayev prospekti, 81 ünvanında yerləşən Nizami RPİ-nin 24-cü polis şöbəsinə gətirilmiş, orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı, əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,654 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası CPM-nin 74.4-cü maddəsinə əsasən cinayətin törədildiyi yeri müəyyən etmək mümkün olmadıqda, cinayət işi həmin işin məhkəməyədək icraatının başa çatdığı yer üzrə fəaliyyət göstərən məhkəməyə aiddir. Cinayət işinin materiallarından və verilmiş ittihamdan isə, aydın olur ki, hazırkı işdə cinayətin törədildiyi yer müəyyəndir, ehtimal olunan cinayət əməli Bakı şəhəri Xəzər rayonunun inzibati ərazisində törədilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 67.4-cü maddəsinə əsasən hər bir rayon (şəhər) məhkəməsinə yalnız məhkəmənin yurisdiksıyasında baş vermiş cinayətlərlə bağlı işlər və digər materiallar aiddir; 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksıyasına aid olan birinci instansiya məhkəməsində baxılır; 75.1-ci maddəsinə əsasən cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir; 75.2-ci maddəsinə əsasən məhkəmə öz icraatına qəbul etdiyi cinayət işinə bu Məcəllənin 74.5 və 74.6-cı maddələrində nəzərdə tutulmuş şərtlərə uyğun başqa məhkəmədə baxılmalı olduğunu məhkəmə baxışı zamanı müəyyən edərsə, işi məhkəmə aidiyyəti üzrə göndərməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli Qərarının 5-ci bəndində göstərilmişdir ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanununun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq saxlama uzanan cinayət olmaqla şəxs özü əməllərinə son verdiyi (məsələn, könüllü gəlib təqsirini boynuna aldığı) və yaxud onun iradəsindən asılı olmayaraq əmələ son verildiyi, məsələn, qeyd olunan əməllə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirinin gedişində yaxalandığı andan cinayət başa çatmış hesab edilir. Odur ki, bu əməl üzrə istintaq və məhkəmə aidiyyəti məsələsi həmin hallar, yəni o cümlədən cinayətin əməliyyat-axtarış tədbirinin gedişində şəxsin saxlanılıb müvəkkil edilmiş şəxsin nəzarəti altına keçməsi anında və yerində başa çatmış olması nəzərə alınmaqla həll edilməlidir. Hazırki halda da, təqsirləndirilən şəxs Alızade Vıdadı (X2) istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, 01 ədəd bükümdə təmiz çəkisi 0,654 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 07 noyabr 2023-cü il tarixdə, saat 21:30 radələrində Bakı şəhəri Nizami rayon polis idarəsinin 24-cü polis şöbəsinin əməkdaşları tərəfindən Bakı şəhəri Xəzər rayonu, “Binə Sovxoz” qəsəbəsi, fərdi yaşayış evinin qarşısında saxlanılaraq, Bakı şəhəri Nizami rayonu, Qara Qarayev prospekti, 81 ünvanında yerləşən Nizami RPİnin 24-cü polis şöbəsinə gətirilmiş, orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı, əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,654 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Göründüyü kimi, Alızade Vıdadı (X2) qanunsuz olaraq satış məqsədi olmadan xeyli miqdarda psixotrop maddə metamfetamini əldə etdikdən sonra, 07 noyabr 2023-cü il tarixdə saat 21:30-da polis əməkdaşları tərəfindən Bakı şəhəri Xəzər rayonunun ərazisində saxlanıldığı anadək üzərində daşıyaraq saxlamış, bundan sonra polis əməkdaşlarının nəzarəti və müşayiəti altında Bakı şəhəri Nizami rayonu ərazisinə gətirilib 24-cü polis şöbəsinin inzibati binasındakı xidməti otaqların birində üzərində şəxs axtarış istintaq hərəkəti aparılıb müvafiq qaydada götürülənədək psixotrop maddə onun üzərində olmuşdur. Bir sözlə, Alızade Vıdadının (X2) qanunsuz olaraq satış məqsədi olmadan xeyli miqdarda psixotrop maddə metamfetamin əldə etməsindən ibarət cinayət əməlinə 07 noyabr 2023-cü il tarixdə Bakı şəhəri Xəzər rayonu, “Binə Sovxoz” qəsəbəsi, fərdi yaşayış evinin qarşısında, onun iradəsindən asılı olmayaraq son verilmişdir. Belə olan halda, məhkəmə qanunvericiliyin tələblərinə əsasən və vahid məhkəmə təcrübəsini formalaşdıran Ali Məhkəmənin Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarında göstərilənlər baxımından hesab edir ki, təqsirləndirilən şəxs Alızade Vıdadının (X2) hazırkı iş üzrə cinayəti törətdiyi yer Bakı şəhəri Xəzər rayonunun ərazisi hesab olunmaqla, həmin yerin yurisdiksiyasına uyğun olaraq Bakı şəhəri Xəzər Rayon Məhkəməsində baxılmalıdır. Bu zaman nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası CPM-nin 29.1-ci maddəsinə əsasən heç kəs onun işinə aidiyyəti qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququndan məhrum oluna bilməz. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsində də göstərilmişdir ki, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Qeyd olunan konstitusion müddəaya əsasən cinayət təqibi ilə bağlı məhkəmə aidiyyətinin pozulması yolverilməzdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi məhkəmə və ərazi aidiyyəti qaydalarının, prosessual hüquq normalarının pozulmasını və səlahiyyətlərin aşmasını “fundamental səhv” kimi qiymətləndirərək belə pozuntularla qəbul edilən məhkəmə qərarlarının nəzarət qaydasında ləğv edilməsini “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələbləri baxımından mümkün hesab edir (Luçkina Rusiyaya qarşı iş üzrə 2008-ci il 10 aprel tarixli, Pshenichniy Rusiyaya qarşı iş üzrə 2008-ci il 14 fevral tarixli və Sutyajnik Rusiyaya qarşı iş üzrə 2009-cu il 23 iyul tarixli Qərarlar). Ərazi üzrə məhkəmə aidiyyətinin pozulması Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsində göstərilən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququnun pozulmasına da səbəb olur. Konstitusiyanın göstərilən maddəsinin “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydalarını, o cümlədən ərazi üzrə aidiyyət məsələlərini, qanuni məhkəmə tərkibinin mövcudluğunu, prosessual şərtləri və s. subyektiv elementləri nəzərdə tutur. Məhkəmə aidiyyətinin dəqiq və aydın müəyyən edilməsi işə məhkəmələr tərəfindən qanunla müəyyən edilmiş müddətlərə ciddi riayət edilməklə baxılmasını təmin etmiş olur. Bundan başqa, məhkəmə qətimkan tədbiri ilə bağlı məsələyə münasibətdə qeyd edir ki, iş üzrə hazırlıq iclasının qərarına əsasən Alızade Vıdadının (X2) Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin icraatında olan 1(003)-50/2025 nömrəli cinayət işi üzrə hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınmış, barəsində qətimkan tədbiri seçilməmişdir. Hazırkı halda da məhkəmə hesab edir ki, qətimkan tədbiri ilə bağlı yeni əsaslar yaranmadığından həmin hal nəzərə alınmalıdır. Bundan əlavə, məhkəmə hesab edir ki, məhkəməyədək icraat zamanı ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,604 qram çəkidə psixotrop maddə metamfetaminin Bakı şəhəri Nizami rayon polis idarəsinin maddi sübutların saxlanılma kamerasına təhvil verilməsi, içərisində videogörüntülər olan 01 ədəd diskin isə cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından qərar əsasında dövlət hesabına dəvət olunmuş vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi xidmətlərə görə (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına və xx.xx.2025-ci il tarixli 141 saylı qərarla edilmiş dəyişikliyə əsasən hesablanaraq – 11 saat 6 manatdan, 9 saat 11 manatdan olmaqla) əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 67, 74, 75, 320 və 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Alızade Vıdadının (X2) Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilsin. Alızade Vıdadının (X2) Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin icraatında olmuş 1(003)-50/2025 nömrəli cinayət işi üzrə hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəza çəkməsi və hazırda 3 saylı istintaq təcridxanasında saxlanılması nəzərə alınsın, barəsində qətimkan tədbiri məsələsi həll edilməsin. Məhkəməyədək icraat zamanı ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,604 qram çəkidə psixotrop maddə metamfetaminin Bakı şəhəri Nizami rayon polis idarəsinin maddi sübutların saxlanılma kamerasına təhvil verilməsi, içərisində videogörüntülər olan 01 ədəd CD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Alızade Vıdadıya (X2) məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən 165 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan şikayət və ya protest verilə bilməz. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar