Məhkəmə qərarları › İş №1(007)-315/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-315/2023

29.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-315/2023 29.09.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxx 1961-ci il tarixdə Xocalı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, dul, əvvəllər məhkum olunmamış, işləməyən, Xocalı rayonu, Xocalı şəhərində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Günəşli sanatoriyasında məskunlaşmaqla yaşayan, 16 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 18 mart 2023-cü il tarixdə tutmadan azad olunaraq barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, həmin qətimkan tədbirinin şərtlərini pozaraq məhkəmədən gizləndiyindən 04 avqust 2023-cü il tarixdə haqqında axtarış elan edilmiş, qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmiş, 26 avqust 2023-cü il tarixdə həbs edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, tamah niyyətilə etibarından sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə heç bir səlahiyyəti olmadığı halda Zərərçəkmiş şəxs İİ qrup əlillik təqaüdü almasına köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq etibarından sui-istifadə etməklə bu adla Zərərçəkmiş şəxs 2020-ci ilin oktyabr ayının sonlarında Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Gənclik küçəsində yerləşən “Bakıxanov” ticarət mərkəzində olan kafedə 3000 manat, 2020-ci ilin noyabr ayının əvvələrində Bakı şəhəri, Suraxanı rayonu, Aeroport şossesində yerləşən “Suraxanı keçidi” adlanan yerdə 3000 manat, sonuncu dəfə isə 2020-ci ilin noyabr ayının sonlarında Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, “Koroğlu” metrostansiyasının “Piramida” adlanan çıxışının qarşısında 5000 manat, ümumilikdə 11000 manat nağd pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək Zərərçəkmiş şəxs xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ikinci qrup Qarabağ əlilidir, özü 1991-ci ildən 1998-ci ilin yanvar ayınadək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Xocalı rayon Məşğulluq Mərkəzinin müdiri vəzifəsində işləmiş, ondan sonra isə tikinti işlərində usta kimi işləmişdir. Zərərçəkmiş şəxs 2020-ci ildə ortaq tanışları vasitəsilə tanımışdır. Söhbət zamanı Möhsün 1993-cü ildə Gədəbəy rayonunda gedən döyüşlərdə iştirak etdiyini və başında qəlpə yarası olduğunu, təqaüdə çıxmaq istədiyini bildirmişdir. Özü əvvəllər Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyində işlədiyindən bu işdən anlayışı olduğu üçün Möhsünə köməklik edə biləcəyini bildirmiş, düşünmüşdür ki, Möhsünə qanuni yolla kömək etsin və əziyyət haqqı olaraq Möhsündən pul alsın. Möhsün bu işin neçəyə həll olunacağını soruşduqda o, 11000 manat olduğunu bildirmişdir. Hesab etmişdir ki, Möhsünə xəstəliyi ilə əlaqədar ikinci qrup əlillik dərəcəsi verilə və o, 400-500 manat təqaüd ala bilər. Möhsün 11000 manat pulu olmadığını bildirib, həmin pulu tam olaraq yox, hissə-hissə ödəyəcəyini demiş, o da razılaşmışdır. Bundan sonra Möhsündən şəxsiyyət vəqisəsinin surətini istəmiş, Möhsün də ona şəxsiyyət vəsiqəsini göndərmişdir. O, Möhsünə hərbi hospitala gedib həkim komissiyasından keçməsini və hazır olan sənədləri gətirib ona verməsini bildirmişdir. Bundan sonra isə işin təxminən 4-5 ay sonra həll olunacağını demişdir. 2020-ci ilin oktyabr ayının sonlarında Möhsünlə Sabunçu rayonubda “Bakıxanov” ticarət mərkəzinin qarşısında görüşmüşlər, işə görə Möhsün ona 3000 manat vermiş, qalan pulu isə hissə-hissə ödəyəcəyini bildirmişdir. Bundan sonra 2020-ci ilin noyabr ayının əvvəllərində Möhsünlə Suraxanı rayonu, Aeroport yolunda olan “Suraxanı keçidi” adlanan yerdə görüşmüş, Möhsün geri qalan 8000 manat puldan 3000 manatı ona vermiş, qalan 5000 manatı da qısa müddətə verəcəyini bildirmişdir. Sonuncu dəfə 2020-ci ilin noyabtr ayının sonlarında Möhsünlə “Koroğlu” metrostansiyasının “Piramida” adlanan çıxışının qarşısında görüşmüşdür. Möhsün geri qalan 5000 manat pulu ona vermişdir. Hər üç görüşlərində ikisindən başqa heç kim olmamışdır. Möhsündən pulu aldıqdan sonra həqiqətən də müharibədə qəlpə yarası aldığı üçün ona təqaüd veriləcəyini düşünmüşdür. Ona görə də Möhsündən aldığı 11000 manat pulu müalicəsinə və şəxsi ehtiyaclarına xərcləmişdir. Pulu aldıqdan sonra Möhsünlə əlaqə saxladıqda Möhsün təqaüd ala bilmədiyini ona bildirmişdir. Onu 25-ci polis şöbəsinə çağırdıqdan sonra ona məlum olmuşdur ki, Möhsün ondan şikayət etmişdir. Buna görə Möhsündən aldığı 11000 manat puldan 3800 manatını ödəmiş, geri qalan pulu isə qısa müddətə ödəyəcəyinə söz vermişdir. Lakin maddi durumu ilə əlaqədar olaraq qalan 7200 manat pulu indiyədək ödəyə bilməmişdir. Əməlindən səmimi peşmandır. Həyat yoldaşının vəfat etməsini, ikinci qrup əlil, müharibə veteranı olmasını nəzərə almağı məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 1992-ci ildən 1995-ci ilədək olan müddət ərzində birinci Qarabağ müharibəsi zamanı müxtəlif dərəcəli bədən xəsarətləri almış, lakin həmin dövrdə qarışıqlıq olduğu üçün əlillik dərəcəsi almamışdır. Sonradan o, özünə müharibə iştirakçısı kimi əlillik dərəcəsi almaq üçün bir neçə orqana müraciət etmiş, lakin işi başa çatdıra bilməmişdir. 2020-ci ildə “Nəsimi” metrostansiyası yaxınlığında yerləşən “Əlillərin bərpa mərkəzi”ndə təsadüfən Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Oqtayı həmin idarənin işçisi kimi tanımışdır. Oqtay həmin idarənin işçisi olmasa da, orada çox işləri onun həll etdiyini bildirmişdir. O, Oqtaya 1993-cü ildə Gədəbəy rayonu, “Ağdaş” postunda gedən döyüşlər zamanı başından qəlbə yaraları aldığını və bununla bağlı müraciət etdiyini bildirmiş, Oqtay bu işdə ona köməklik edib adını ön sıralara yazdıracağına söz vermişdir. Bunun müqabilində isə bir neçə adını bildirmədiyi şəxslərə pul verilməli olduğunu, ümumilikdə 9000 manat pul lazım olduğunu demişdir. Bunun müqabilində ona ikinci qrup əlilliyin veriləcəyinə və hər ay 600-700 manat pensiya alacağına söz vermiş və bütün bu işləri 4-5 ay ərzində həll edəcəyini bildirmişdir. O da Oqtayın dedikləri ilə razışlaşmışdır. Çünki sənədləri toplayıb müvafiq orqanlara verməkdə çətinlik çəkmişdir. O, Oqtaya həmin pulu hissə-hissə verə biləcəyini bildirmiş, Oqtay da bununla razılaşmışdır. İlk dəfə o, 2020ci ilin oktyabr ayının sonlarında Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Bakıxanov” ticarət mərkəzində fəaliyyət göstərən adı yadında qalmayan kafelərin birində 3000 manat pulu Oqtaya vermişdir. Həmin vaxt orada Oqtaydan və ondan başqa heç kim olmamışdır. Bundan təxminən iki həftə sonra Oqtay onunla əlaqə saxlayaraq, 9000 manatdan əlavə 2000 manat da verməli olduğunu bildirmiş, o da məcbur olub ümumilikdə 11000 manat verməyə razılaşmışdır. Çünki artıq bu işin həlli üçün 9000 manata razılaşıb onun 3000 manatını Oqtaya vermişdir. 2020-ci ilin noyabr ayının ortalarında Suraxanı rayonu, Aeroport yolunda olan “Suraxanı keçidi” adlanan yerdə 3000 manat pulu Oqtaya vermişdir. Həmin vaxt da onların yanında heç kim olmamışdır. Geri qalan 5000 manat pulu isə 2020-ci ilin noyabr ayının sonlarında Nizami rayonu, “Koroğlu” metrostansiyanın “Piramida” adlanan çıxışı tərəfdə gəldiyi taksinin içərisində sayaraq Oqtaya vermişdir. Həmin vaxt taksi sürücüsü bunun şahidi olmuş, lakin onun pulu Oqtaya niyə verdiyini bilməmişdir. Həmin dövr ərəfəsində Oqtay ondan hərbi biletinin, şəxsiyyət vəsiqəsinin, veteranlıq vəsiqəsinin, müharibə vaxtı xəsarətləri ilə bağlı aldığı müalicə sənədlərinin və bir çox sənədlərin surətlərini istəmiş, o da sənədlərin surətlərini Oqtaya vermişdir. Bundan sonra Oqtayla əlaqə saxlayıb işin gedişatını soruşduqda, hər dəfə o, müxətlif bəhanələr gətirərək işi uzatmışdır. O, belə danışmadıqlarını dedikdə, Oqtay “Covid-19” pandemiyası ilə əlaqədər işlərin belə olduğunu bildirmişdir. Daha sonra o, işin çox uzandığını görüb Oqtaydan pulunu tələb etməyə başlamış, lakin Oqtay ondan aldığı 11000 manat pulu qaytarmamışdır. Məcbur olub 2022-ci ilin noyabr ayında bu barədə Nizami RPİ-nin 25-ci polis şöbəsinə şikayət etdikdən sonra Oqtay ona 3800 manat pul qaytarmış, geri qalan pulu isə qısa müddətə ödəyəcəyinə söz vermişdir. Buna baxmayaraq indiyədək ötən müddətdə Oqtay onun qalan pulunu qaytarmamışdır. Onun verdiyi puldan kiməsə verəcəyini və ya həmin işi kiminləsə həll edəcəyini Oqtay ona bildirməmişdir. Ona dəymiş maddi ziyanı ödəmədiyinə görə onunla barışmamışdır, şikayətçidir. Qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 13 fevral 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) - 11 noyabr 2022-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, təhqiqatçı tərəfindən Zərərçəkmiş şəxs və hal şahidlərinin iştirakları ilə hadisə yerinə baxış keçirilmiş, hadisə yerinin Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, Koroğlu metrostansiyasının “Piramida” adlanan çıxışının qarşısı olması müəyyən edilmişdir. (i.v. 9- 11) -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının 28 fevral 2023-cü il tarixli 3-17/2-2048/2023 nömrəli məktubundan görünür ki, xx xxxx 1961-ci il təvəllüdlü, Xocalı rayonu, Xocalı şəhərində qeydiyyatda olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sistemində çalışmamışdır. (i.v. 59) - 25 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3, 310, 31, 32.4, 312.1-ci maddələrində nəzərdə tutulan cinayətlərin tərkibinin olması müəyyən edilmədiyindən onun barəsində həmin maddələrin əlamətləri ilə cinayət təqibinin başlanması rədd edilmiş, Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası CM-nin 29,312.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. (i.v. 110-117) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Təqsirləndirilən şəxs barəsindəki cinayət işinin məhkəmə tədqiqi zamanı işin müəyyən olunmuş faktiki halları ilə tam təsdiq edilmişdir ki, o, dələduzluq cinayətini məhz aldatma və etibardan sui-istifadə etmə yolu ilə törətmişdir, əmlak (pul) sahibi olan Zərərçəkmiş şəxs da öz əmlakını (pulunu) onun yalan vədlərinin təsiri altında könüllü surətdə vermişdir, Təqsirləndirilən şəxs niyyəti əmlakı (pulu) ələ keçirərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, zərərçəkmiş şəxsin pulunun əvəzsiz və qanunsuz olaraq ələ keçirilməsinə yönəlmişdir, hansı ki, nəticə etibarı ilə o, bu məqsəd və niyyətinə çatmışdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 178.2.4-cü maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə - xeyli miqdarda ziyan vurmaqla törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi dələduzluq əməli nəticəsində Zərərçəkmiş şəxs vurduğu maddi ziyanı tamamilə ödəməmiş, zərərçəkmiş şəxslə barışmamış, bundan irəli gələrək cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməmişdir. Belə olan halda, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsində müəyyən edilən qaydada cinayət məsuliyyətindən azad edilməsi üçün qanuni əsaslar yoxdur, ona görə onun barəsində ittihamedici hökm çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 29 dekabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. (i.v. 22) - 16 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 76) - 18 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair məhkəməyə təqdimat verilməsi barədə müstəntiqin vəsatətinin müdafiə olunmasından ibtidai araşdırmaya prosessual prokuror tərəfindən imtina edilmiş və onun saxlanıldığı Nizami RPİ-nin MSY-dən azad olunması qərara alınmışdır. (i.v. 103-105) -Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqinin 18 mart 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 106-107) -Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 04 avqust 2023-cü il tarixli 1(007)- 315/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs, onun barəsində seçilmiş qətimkan tədbirinin şərtlərini pozduğu üçün və üzürül səbəblər olmadan məhkəmə iclaslarına gəlməyib gizləndiyindən onun haqqında axtarış elan olunmuş, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. -Bakı şəhəri Nizami RPİ-nin 25-ci polis şöbəsinin 26 avqust 2023-cü il tarixli 81988/23 nömrəli məktubundan və ona əlavə edilən protokoldan görünür ki, barəsində axtarış elan edilərək həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs 26 avqust 2023cü il tarixdə tutulmuşdur. -Məhkəməyə təqdim edilmiş vəsiqələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs müharibə veteranı və ikinci qrup əlildir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini Azərbaycan Respublikası CM-nin 59.1.14-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir. Məhkəmənin qənaətinə görə, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir, ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu, həbsdə saxlanıldığı və ev dustaqlığında saxlanıldığı müddətlər onun həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı işlə bağlı məhkəməyədək icraat zamanı şübhəli şəxs kimi 16 mart 2023-cü il tarixdən 18 mart 2023-cü il tarixədək tutulduğu 02 gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmaqla, üzərində qəti müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı isə məhkəmənin qərarına əsasən axtarışda olan şəxs kimi tutulduğu 26 avqust 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı cəza təyin edilməli olduğundan, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyan tam ödənilməsə də, onun tərəfindən məhkəməyədək icraat və məhkəmə icraatı zamanı qanunla müəyyən edilmiş müddətdə və qaydada mülki iddia verilməmişdir, Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır, belə olan halda, məhkəmə hesab edir ki, göstərilənlərə əsasən maddi ziyanın ödənilməsini tələb edən zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilər, ona bu hüququ izah edilməlidir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində hər hansı əşya və ya predmet tanınmamışdır; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza iş üzrə keçirilməmişdir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından qərar əsasında dövlət hesabına dəvət olunmuş vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddətə görə Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 16 mart 2023-cü il tarixdən 18 mart 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılıb, üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 26 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı 40 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən 240 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə dəymiş ziyanı tələb etmək üçün mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilmək hüququ zərərçəkmiş şəxsə izah edilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar