Məhkəmə qərarları › İş №1(007)-316/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-316/2021

19.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-316/2021 19.10.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, X5 Bəxtiyar oğlunun katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 19 oktyabr 2021-ci il tarixdə, saat 11:45-də, Bakı şəhərində, xx xxxxxx 1978-ci il tarixdə Qazax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, Qazax rayonu Dəmir yolu binası ev 1, mənzil 24 ünvanda qeydiyyatda olan, ünvan 2əsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 29 iyun 2021-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində istintaqa məlum olmayan mənbədən ümumi təmiz çəkisi 0,882 qram şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamin əldə edərək üzərində saxlamaqla daşımış və 01 iyul 2021-ci il tarixdə, saat 20 radələrində Bakı şəhəri, Nizami RPİ-nin 25-ci Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı ünvan 3 ünvanda saxlanılaraq, ünvan 4in 25-ci PŞ-nə gətirilmiş, orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan tünd göy rəngli şalvarının sol yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,882 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2 ildir tanımadığı şəxslərdən psixiotrop maddə metamfetamin alıb istifadə etmişdir. 29 iyun 2021-ci il tarixdə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində tanımadığı şəxsdən 20 manata metamfetamin almış, lakin isftifadə etməmişdir. 01 iyul 2021-ci ildə tanışları Cabir və Vaqiflə Nizami rayonu, Naxçıvanski küçəsində görüşmüş, Vaqif onları evinə dəvət etmiş və sonuncunun həmin küçədə yerləşən 5 saylı binada yerləşən evə qalxan zaman polis əməkdaşları onları saxlayıb 25-ci PŞ-nə aparmışdır. Şöbədə hər üçü ayrı-ayrı otaqlarda saxlanılmış və onun üzərinə videoçəkilişlə baxış keçirilən zaman şalvarının sol yan cibindən siqaret kağızına bükülü halda həmin metamfetamin aşkar edilərək götürülmüşdür. Polis əməkdaşlarına həmin maddənin metamfetamin olduğunu, istifadə etmək məqsədilə aldığını və üzərində saxladığını demişdır. Törətdiyi cinayət əməlindən səmimi peşmandır, barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını hərtərəfli tam və obyektiv araşdırıb, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini dinləyib, dövlət ittihamçısının və müdafiəçinin təkliflərini nəzərə alaraq qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi özünün səmimi etirafından başqa, hbelə aşağıda qeyd olunan sübutlarla da tam təsdiq edilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Şahid2 Əlövsət oğlu ifadəsində göstərmişdir ki, Bakı şəhər Nizami RPİ-nin 25-ci polis şöbəsində əməliyyat müvəkkili vəzifəsində, polis leytenantı rütbəsində xidmət edir. 01 iyul 2021-ci il tarixdə Cabir və Zaur adlı şəxslərin qanunsuz olaraq narkotik vasitə əldə etməsi və Bakı şəhəri, Nizami rayonu ərazisində saxlamaqla daşımaları barədə daxil olmuş məlumat əsasında əməliyyat qrupu yaradılmış və həmin gün keçirilmiş əməliyyat tədbirləri nəticəsində saat təxminən 20 radələrində Cabir və Zaur Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, 5 saylı binanın girişində müəyyən olunaraq saxlanılmışlar. Sonuncuların yanında X6 adlı şəxsdə olmuşdur. Həmin şəxslərə özlərini təqdim edib Nizami RPİ-nin 25-ci PŞ-nə dəvət etmişlər. Şöbədə ayrı-ayrı xidməti otaqlarda videoçəkiliş aparılmaqla həmin şəxslərin üzərində şəxsi axtarış və götürmə həyata keçirilmişdir. Şəxsi axtarış və götürmə zamanı Cabir Hüseynovdan 1 ədəd «Samsung» markalı telefon və 1 ədəd siqaretin şəffaf kağızına bükülmüş içərisində tünd qəhvəyi rəngli spesifik iyə malik olan kütlə aşkar olunmuşdur. C.Hüseynov həmin maddənin narkotik vasitə heroin olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən 1 ədəd «Samsung» markalı telefon və 1 ədəd siqaretin şəffaf kağızına bükülmüş içərisində ağ rəngli kristal formalı spesifik iyə malik kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə metamfetamin olduğunu bildirmişdir. Daha sonra V.Nəcəfovun üzərinə baxış keçirilmiş, lakin sonuncuda qanunsuz hər hansı əşya və predimet aşkar olunmamışdır. C.Hüseynov və Təqsirləndirilən şəxs götürülmüş maddələr zərfə qoyulub möhürlənmiş və bu barədə protokollar tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı Şahid3, Şahid2 Əlövsət oğlu ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı Şahid1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan olunaraq tədqiq edilmişdir. İş materiallarında olan 01.07.2021-ci il tarixli “şəxsi axtarış və götürmə keçirilməsi haqqında” protokoldan görünür ki, həmin istintaq hərəkətinin keçirilməsi zamanı Təqsirləndirilən şəxs şalvarının sol yan cibindən 1 ədəd siqaretin şəffav kağızına bükülü halda içərisində ağ kristal formalı maddəni təqdim edərək həmin maddənin şüşə kimi tanıdığı metamfetamin olduğunu və Bakıxanov qəsəbəsindən tanımadığı şəxsdən 20 manata alaraq özü üçün istifadə etmək məqsədilə üzərində saxladığını bildirmişdir. İş materiallarında olan 02 iyul 2021-ci il tarixli “Videogörüntüyə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Bakı şəhəri, Nizami RPİ-nin 25-ci PŞ-də Təqsirləndirilən şəxs şalvarının sol yan cibindən 1 ədəd siqaretin şəffav kağızına bükülü halda içərisində ağ kristal formalı maddəni təqdim edərək həmin maddənin şüşə kimi tanıdığı metamfetamin olduğunu və Bakıxanov qəsəbəsindən tanımadığı şəxsdən 20 manata alaraq özü üçün istifadə etmək məqsədilə üzərində saxladığını bildirmişdir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizanın 02 iyul 2021-ci il tarixli 6/2679 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “....vət. Təqsirləndirilən şəxsn götürülmüş...” yazısı olan zərfdəki bir ədəd bükümdə, təmiz çəkisi 0,882 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublikası Narkoloji Mərkəzi Ambulator X1 26 avqust 2021-ci il tarixli 3087 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbul edilməsi nəticəsində yaranan asıllıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 09 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması istintaq hərəkətlərini özündə əks etdirən 1 ədəd CD disk və ondan aşkar olunaraq götürülmüş ümumi xalis çəkisi 0,882 qram olan psixotrop maddə metamfetamin maddi maddi sübut kimi tanınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 19.04.2004-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Binəqədi RPİ-nin İŞ-si tərəfindən 11.09.2013-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində CPM-nin 40.2-ci maddəsi tətbiq edilməklə cinayət təqibinə xitam verilmiş, Nərimanov rayon məhkəməsinin 03.09.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan 01 iyul 2021-ci tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Bakı şəhəri Nizami rayon Məhkəməsinin 03 iyul 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbsdə saxlama müddətinin əvvəli 01 iyul 2021-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Bakı şəhəri Nizami rayon Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbirinə dəyişdirilmişdir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutların məcmuyuna əsasən qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinin tələbinə əsasən, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal qismində nəzərə alır, cəzanı ağırlaşdıran hallar isə müəyyən etmir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini və işin digər halları nəzərə alaraq, onun cəmiyyətdən tam təcrid olunmadan islah olunmasını mümkün sayır və hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə cəzanın məqsədləri təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. İş materiallarında olan sənədlərə əsasən, Təqsirləndirilən şəxs 01 iyul 2021-ci il tarixdə 19 oktyabr 2021-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 3 (üç) ay 18 (on səkkiz) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinin tələbinə əsasən ona təyin olunacaq cəza müddətinə hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Eyni zamanda, Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilməlidir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanc kamerasında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və təhqiqata sərf edildikdən sonra qalan 0,832 qram psixotrop maddə metamfetamin məhv edilməli, təqsirləndirilən şəxsin üzərinə üzərinə şəxsi axtarış və gütürməni özündə əksetdirən 01 ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin ibtidai istintaqda iştirak etdiyi 32 saat, məhkəmədə iştirak etdiyi 18 saat, cəmi 5 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 300 manat (50x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351- 353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 01 iyul 2021-ci il tarixdən 19 oktyabr 2021-ci il tarixədək tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı 03 (üç) ay 18 (on səkkiz) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla üzərində qəti olaraq 01 (bir) il 10 (on) ay 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, Bakı şəhərini tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi Bakı Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin . İş üzrə ekspertiza tədqiqatının dəyəri 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübutlar - Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanc kamerasında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetaminin tədqiqatdan qalan 0,832 qram hissəsi məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və gütürməni özündə əksetdirən 01 ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs 50 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 300 (üç yüz) manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar