Məhkəmə qərarları › İş №1(007)-317/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-317/2022

24.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-317/2022 24.08.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bаkı şəhəri Nizami rayon Мəhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlunun sədrliyi ilə, məsləhətçi (məhkəmə iclas katibi) X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxx 1974-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda ümumilikdə 1,103 qram çəkidə psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib saxlamaqla daşımış, xx.xx.2022-ci il tarixdə saat 16:50 radələrində Nizami RPİ-nin 24-cü PŞ-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi 12 ünvanda şübhəli şəxs qismində saxlanılaraq Nizami RPİ-nin 24-cü PŞ-nə gətirilmiş, şöbədə xidməti otaqda üzərinə şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 (bir) ədəd şəffaf sellofana bükülmüş xalis çəkisi 1,103 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə, kustar üsulla hazırlanmılş psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 10 ilə yaxındır narkotik vasitə aludəçisidir. 23 aprel 2022-ci il tarixdə saat 16:50 radələrində yaşadığı ünvan 3 ünvanın qarşısında iki nəfər mülki geyimli polis əməkdaşları tərəfindən saxlanılaraq Nizami RPİnin 24-cü PŞ-nə gətirilmişdir. Polis şöbəsində xidməti otaqların birində ona hüquq və vəzifələri izah olunmuş və üzərinə baxış keçirilərkən, üzərində qeyri-qanuni əşya və ya qadağan olunmuş predmet olduğu təqdirdə könüllü təqdim etməsi təklif olunmuş, bundan sonra göy rəngli cins şalvarının sağ yan cibindən şəffaf sellofan bükümdə olan “şüşə” kimi tanınan narkotik vasitəni polis əməkdaşlarına könüllü olaraq təqdim etmişdir. Həmin narkotik vasitəni xx.xx.2022-ci il tarixdə saat 13 radələrində “Vasmoy” adlanan ərazidə tanımadığı şəxsdən 15 manata şəxsi istifadəsi üçün almışdır. Polis əməkdaşları tərəfindən saxlanılarkən və üzərinə şəxsi axtarış keçirilərkən ona qarşı qanuna zidd hərəkətlərə yol verilməmiş, törətdiyi cinayət əməlindən səmimi peşmandır. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün səmimi etirafından başqa iş üzrə dindirilmiş şahidlərin ifadələri ilə, habelə iş üzrə toplanmış digər sübutlarla tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nizami RPİ-nin 24-cü polis şöbəsində cinayət-axtarış üzrə baş əməliyyat müvəkkili vəzifəsində, polis baş leytenantı rütbəsində xidmət edir. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında 23 aprel 2022-ci il tarixdə saat 16:50 radələrində, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi 12 ünvanda saxlanılarkən şəxsiyyəti müəyyən edilmiş Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq Nizami RPİ-nin 24-cü polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmazdan əvvəl sonuncuya üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet olduğu təqdirdə könüllü təqdim edilməsi təklif edilmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən qəhvəyi rəngli üzərində ağ zolaqlar olan cib dəsmalını və şəffaf sellofan bükümü çıxardaraq təqdim etmişdir. 01 ədəd şəffaf sellofan bükümdəki maddənin “şüşə” adlanan psixotrop maddə metamfetamin olduğunu, xx.xx.2022-ci il tarixdə saat 13 radələrində “Vasmoy” kimi tanınan ərazidə tanımadığı şəxsdən 15 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və üzərinə şəxsi axtarış keçirilərkən qanuna zidd hərəkətlərə məruz qalmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 işin faktiki hallarına və Şahid2 ifadəsinə uyğun ifadə vermişdir. İşdə olan 23 iyun 2022-ci tarixli “Diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ cibindən qəhvəyi rəngli üzərində ağ zolaqlar olan cib dəsmalını, göy rəngli cins şalvarın sağ cibindən 01 ədəd şəffaf sellofan bükümü təqdim edərək həmin kütlənin “şüşə” olduğunu, həmin bükümdəki psixotrop maddəni Vasmoy ərazisində anket məlumatlarını bilmədiyi şəxsdən xx.xx.2022-ci il tarixdə saat 13 radələrində 15 manata aldığını bildirir. İşdə olan məhkəmə-kimyəvi ekspertizasının 24 aprel 2022-ci il tarixli 6/2354 saylı rəyindən görünür ki, ‘tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş” və sair yazılar, imzalar olan bir ədəd zərfdə bir ədəd bükümdə ümumi təmiz çəkisi 1,103 qram olmaqla kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. İşdə olan məhkəmə-narkoloji ekspertizasının 13 may 2022-ci il tarixli 2465 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixostimulyatorların qəbulu edilməsi nəticəsində yaranan ASİLLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşdə olan 23 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və təhqiqatdan sonra təmiz çəkisi - 1,053 qram olan psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Bakı şəhəri Nizami Rayon Polis İdarəsində maddi sübutların saxlanc kamerasına təhvil verilmişdir. İşdə olan 07 iyul 2022-ci il tarixli qərardan görünür ki, şəxsi axtarış keçirilməsi haqqında protokola əlavə edilmiş 01 ədəd CD disk iş üzrə maddi sübut kimi tanınmışdır. İşdə olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs 23 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan Bakı şəhəri Nizami rayon Məhkəməsinin 25 aprel 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 08 noyabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 04 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 12 dekabr 2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Beləliklə, məhkəmədə tədqiq olunmuş sübutların məcmuyuna əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmiş, Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal cinayətlərin residivi müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs barəsində olan Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 08 noyabr 2019-cu il tarixli hökmünə münasibətdə məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən qəsdən cinayət törətmişdir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. «Аzərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 6 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq hüquqi təbiətinə görə cinayət törətməklə özünün ictimai təhlükəliliyini biruzə vermiş şəxsin hərəkətləri üzərində sosial-hüquqi nəzarətin müəyyənləşdirilməsindən və həyata keçirilməsindən ibarət olan cinayət-hüquqi institutdur. Bu cür nəzarət yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə həyata keçirilməklə məhkumun hüquq və azadlıqlarının müəyyən dərəcədə məhdudlaşdırılmasında ifadə olunur. Məhkumluq, həmçinin yenidən cinayət törətməməsi üçün ədalət mühakiməsi tərəfindən məhkuma edilən özünəməxsus xəbərdarlıq növüdür. Məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxsə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur. Göründüyü kimi həm qanunvericilik, həm də Аzərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyi bir mənalı оlараг məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsinin bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına, bunun isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə etdiyini və yeni cinayət törətdiyinə görə qanunun belə şəxslərə qarşı daha sərt cinayəthüquqi təsir tədbirinin tətbiq edilməsini nəzərdə tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Habelə qərarda qeyd edilir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və həmin əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin İctimai təhlükəlilik dərəcəsi isə onun törədilməli hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilməsi dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla tprədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərara əsasən, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növünün və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 45-ci bəndinin tövsiyyəsinə görə, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə yuxarıda qeyd olunan xüsusatları və qanunvericiliyin tələblərini nəzərə alaraq, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilməklə cəza çəkmədən islah olunmasını mümkün saymır və hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar nəzərə alınmaqla təyin edilməli və Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını çəkməsi üçün ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübutlar - Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanc kamerasında saxlanılan 1,053 qram psixotrop maddə metamfetamin məhv edilməli, 01 ədəd «CD» disk cinayət işində saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri 109 (yüz doqquz) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsi ilə müsadirə Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351- 353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 23 aprel 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri 109 (yüz doqquz) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut - Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanc kamerasında saxlanılan 1,053 qram psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə maddi sübut - 01 ədəd «CD» disk cinayət işində saxlanılsın. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar