Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-317/2024 24.05.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxx 1980-ci il tarixdə Masallı rayonunun Təklə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, iki uşağı olan, fərdi qaydada işləyən, məhkumluğu olmayan, Masallı rayonunun Xoşçobanlı kəndində qeydiyyatda olmaqla yaşayan, 21 mart 2024-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,317-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs cəzaçəkmə müəssisəsində saxlanılan şəxsə qadağan olunmuş, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı yoxlamadan gizlətməklə verməyə cəhd etmişdir. Belə ki, o, 28 mart 2023-cü il tarixdə saat 15:25 radələrində Bakı şəhəri, Nizami rayonu, Böyük-Şor qəsəbəsi, 23 ünvanında yerləşən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 6 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum qardaşı Şahid6 ilə qısa müddətli görüşə gələrkən “Cəzaçəkmə müəssisələrinin X5” ilə məhkumlara verilməsi qadağan olunmuş 01 ədəd kağız bükümdə təmiz çəkis 0,082 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əynindəki göy rəngli şalvarının sağ yan cibinin iç cibində gizlətməklə məhkum qardaşı Şahid6 verməyə cəhd etmiş, lakin müəssisənin əməkdaşları tərəfindən onun üzərinə keçirilmiş axtarış-baxış tədbirləri zamanı həmin əşya aşkar edilərək götürüldüyündən cinayət əməlini iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,317- 1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, qardaşı Şahid6 Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir, cəzasını Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 6 saylı cəzaçəkmə müəssisəsində çəkir. O, qardaşına sovqat vermək məqsədi ilə 28 mart 2023-cü il tarixdə onun cəza çəkdiyi müəssisəyə getmişdir. Müəssisənin əməkdaşları tərəfindən saat 15:15 radələrində nəzarət-buraxılış məntəqəsinə dəvət edilmiş, orada üzərində və gətirdiyi sovqatda cəzaçəkmə müəssisələrinə keçirilməsi qadağan olunmuş əşya varsa könüllü təhvil verilməsi ona təklif etmişdir. O, üzərindəki “Samsung” markalı mobil telefon aparatını təhvil vermiş, bundan sonra müəssisənin əməkdaşları tərəfindən onun üzərinə baxış keçirilərkən əynindəki göy rəngli şalvarının sağ yan cibinin iç cibindən 1 ədəd kağız bükülü aşkar edərək götürmüşdür. Həmin əşyanın nə olduğu ondan soruşularkən o, bükülüdəkinin narkotik vasitə olduğunu və bir müddət əvvəl istifadə etmək məqsədi ilə aldığını, lakin sonradan cibində unutduğunu bildirmişdir. Həmin maddə ondan götürülmüş və ekspertizaya təqdim olunacağı bildirilmişdir. Maddənin qablaşdırıldığı zərfin üzərini və tərtib olunan protokolu digər iştirakçılarla birlikdə o da imzalamışdır. Məhkəmədə son sözlə çıxışında Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olduğunu, xəstə anası, iki uşağı olduğunu nəzərə alaraq, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Penitensiar Xidmətin 6 saylı cəzaçəkmə müəssisəsinin nəzarətçisi vəzifəsində xidmət edir. 28 mart 2023-cü il tarixdə saat 15:25 radələrində müəssisədə cəza çəkən məhkum Şahid6 yanına qısa müddətli görüşə gəlmiş qardaşı Təqsirləndirilən şəxs cəzaçəkmə müəssisələrinə keçirilməsi qadağan olunmuş əşyaların siyahısı elan edilmişdir. Təqsirləndirilən şəxs həmin əşyaların siyahısı ilə tanış olaraq iltizamı imzalamış, bundan sonra həmin şəxsin üzərinə baxış keçirilən zaman əynindəki göy rəngli şalvarının sağ yan cibinin iç cibində gizlədilmiş 1 ədəd kağız bükülü aşkar edilərək götürülmüşdür. Bükülüyə baxış keçirilərkən içərisindən spesifik iyə malik, tünd yaşıl rəngli, qurudulmuş, mənşəyi bilinməyən şübhəli əşya müəyyən edilmişdir. Bununla əlaqədar tədbir iştirakçılarının iştirakı ilə protokol tərtib edilmiş, aşkar olunmuş həmin əşya qablaşdırılaraq protokola əlavə olunmuş, bundan sonra həmin əşya dəqiqləşdirilməsi məqsədilə Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinə təqdim olunmuşdur. Mərkəzdən verilmiş arayışdan məlum olmuşdur ki, həmin bükülüdəki 0,082 qramdan ibarət bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Şahid3 ifadəsinə əlavə olaraq göstərmişdir ki, narkotik vasitə aşkar olunan vaxt Təqsirləndirilən şəxs ona demişdir ki, bunu deməsin, o da bildirmişdir ki, onu başa düşür, amma bunu deməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Penitensiar Xidmətin 6 saylı cəzaçəkmə müəssisəsinin nəzarətçisi Şahid2, Şahid3la eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında iştirakının təmin edilməsi mümkün olmadığından Penitensiar Xidmətin 6 saylı cəzaçəkmə müəssisəsinin əməliyat şöbəsinin rəisi, Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunub tədqiq edilərkən digər şahidlərlə eyni məzmunlu ifadə verdiyi müəyyən olunmuşdur. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, 6 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkumlar Şahid4, Şahid5 və Şahid6 həmin müəssisə rəhbərliyi tərəfindən müvafiq qaydada göndərilmiş ərizələrindən görünür ki, adı çəkilən şahidlər ibtidai istintaq zamanı verdikləri ifadələri təsdiq etdiklərini göstərmiş, onların iştirakı olmadan işə baxılmasını xahiş etmişlər. Məhkəmə həmin ərizələri nəzərə alıb, qeyd olunan şahidlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmiş, şahidlərin sözügedən ifadələri elan olunaraq tədqiq edilmişdir. Şahid4 ifadəsində göstərmişdir ki, 28 mart 2023-cü il tarixdə saat 15:25 radələrində Penitensiar Xidmətin 6 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Şahid6 yanına qısa müddətli görüşə gəlmiş qardaşı Təqsirləndirilən şəxs üzərinə müəssisənin əməkdaşları tərəfindən xüsusi ayrılmış otaqda baxış keçirilən zaman əynindəki göy rəngli şalvarının sağ yan cibinin iç cibindən 1 ədəd kağız bükülü aşkar edilərək götürülmüşdür. Bükülüyə baxış keçirilərkən içərisindən spesifik iyə malik, tünd yaşıl rəngli, qurudlumuş, mənşəyi bilinməyən şübhəli əşya olduğu məlum olmuş, bununla əlaqədar əməkdaşlar onun və digər hal şahidinin iştirakı ilə protokol tərtib edərək aşkar olunmuş əşyanı qablaşdıraraq protokola əlavə etmişlər, protokolla bütün iştirakçılar tanış olmuş və imzalamışlar. Şahid5, digər Şahid4lə eyni məzmunlu ifadə vermişdir. Şahid6 ifadəsində göstərmişdir ki, o, Penitensiar Xidmətin 6 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir. 28 mart 2023-cü il tarixdə saat 15:25 radələrində qardaşı Təqsirləndirilən şəxs onunla görüşə gəldiyi zaman üzərində narkotik vasitə aşkar edilərək götürüldüyünü müəssisə əməkdaşlarından sonradan eşitmişdir. Sözügedən əşyadan o, xəbərsiz olmuş, yanına gələn və digər şəxslərə onun üçün narkotik vasitə gətirilməsinə dair sifariş verməmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 28 noyabr 2023-cü il tarixli qərardan görünür ki, toplanmış materiallar əsasında Azərbaycan Respublikası CM-nin 29,317-1.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) - 28 mart 2024-cü il tarixli protokoldan görünür ki, 6 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat şöbəsinin rəisi Şahid1 tərəfindən, müəssisə əməkdaşları-nəzarətçilər Şahid3 və Şahid2, hal şahidləri-məhkumlar Şahid5 və Şahid4 iştirakları ilə həmin protokol tərtib edilmişdir ondan ötrü ki, əvvəlcədən daxil olmuş əməliyyat məlumatına əsasən, 6 saylı cəzaçəkmə müəssisəsində 20 sentyabr 2022-ci il tarixdən cəza çəkən, Bakı Ağır Cinayətlər məhkəməsinin 16 sentyabr 2022-ci ii tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə 05 il 06 ay müddətinə azadlıqdan məhrum edilmiş Şahid6 ilə qısamüddətli görüşə gəlmiş qardaşı Təqsirləndirilən şəxs müəssisənin görüş otağının xüsusi yoxlama yerində hal şahidlərinin iştirakı ilə üzərinə axtarış-baxış tədbiri keçirilən zaman, əynində olan göy rəngli şalvarının sağ yan cibinin iç cibindən kağız bükülü aşkar edilmiş və həmin bükülüyə baxış keçirilən zaman, təxmini çəkisi 1-2 qram olan, spesifik iyə malik, tünd yaşıl rəngli, qurudulmuş, mənşəyi bilinməyən ot bitkisi olan narkotik vasitəyə bənzər maddə aşkar edilərək tərəflərindən götürülmüşdür. Aparılan ilkin söhbət zamanı vətəndaş Təqsirləndirilən şəxs ondan aşkar edilib götürülmüş, kağız bükülünün içərisində olan, təxmini çəkisi 1-2 qram, spesifik iyə malik, tünd yaşıl rəngli, qurudulmuş, mənşəyi bilinməyən ot bitkisi olan narkotik vasitəyə bənzər maddənin narkotik vasitə olduğunu və özünə məxsus olduğunu bildirmişdir. Götürülmüş maddi sübut olan kağız bükülünün içərisində olan, təxmini çəkisi 1-2 qram, spesifik iyə malik, tünd yaşıl rəngli, qurudulmuş, mənşəyi bilinməyən ot bitkisi olan narkotik vasitəyə bənzər maddə zərfə yerləşdirilərək “zərflər üçün” möhürlə bərkidilmiş, vətəndaş Təqsirləndirilən şəxs və hal şahidləri tərəfindən həmin zərf imzalanmışdır. Həmin narkotik vasitəyə bənzər maddənin tərkibinin və dəqiq çəkisinin müəyyən edilməsi məqsədi ilə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmişdir. Bütün bunlarla bağlı protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, şikayət və təklif daxil olmamış, vətəndaş Təqsirləndirilən şəxs, hal şahidləri və iştirakçılar tərəfindən imzalanmışdır. (i.v. 8-9) - 28 mart 2023-cü il tarixli iltizamdan görünür ki, Təqsirləndirilən şəxs “Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə verilməsi və ya ötürülməsinə dair qadağan olunmuş əşyaların siyahısı” elan olunmuş və o, həmin siyahı ilə tanış olmasını imzası ilə təsdiqləmişdir. (i.v. 27) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 28 mart 2024-cü il tarixli 7/449 nömrəli ekspert arayışından görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Vətəndaş Təqsirləndirilən şəxs...” yazısı və imzalar olan kağız paketdəki 01 ədəd kağız bükümdə təmiz çəkisi 0,082 qram olan bitki mənşəli kütlə tırkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Qeyd: marixuananın təmiz çəkisi 0,082 qram olmuş, tədqiqata 0,02 qram sərf edilmiş, 0,062 qram qalıq qalmışdır. (i.v. 38- 40) -“Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların küllü miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunundan və həmin Qanuna əlavə edilmiş İ siyahıdan görünür ki, qurudulmuş marixuana (kannabis) narkotik vasitəsinin 5 qram və ondan yuxarı miqdarı şəxsi istehlak miqdarından artıq hesab edilir. (i.v. 57-64) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının 29 dekabr 2011-ci il tarixli, 7-N nömrəli qərarı ilə təsdiq edilmiş “Cəzaçəkmə müəssisələrinin X5”na 11-ci əlavədən görünür ki, narkotik vasitələr Cəzaçəkmə müəssisələrində saxlanılan şəxslərə verilməsi və ya ötürülməsi qadağan olunmuş əşyadır. (i.v. 66) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 09 avqust 2023-cü il tarixli 7/1100 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş bir ədəd kağız bükümdə təmiz çəkisi 0,062 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. İlkin tədqiqat zamanı kütlənin təmiz çəkisi 0,082 qram təşkil etmişdir. Qeyd: marixuananın təmiz çəkisi 0,062 qram olmuş, tədqiqata 0,02 qram sərf edilmiş, 0,042 qram qalıq qalmışdır. (i.v. 88-90) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji tibbi yoxlamasının 03 noyabr 2023-cü il tarixli 7222 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. (i.v. 93-94) - 21 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 0,082 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonrakı 0,042 qram qalıq hissəsi cinayət işi başa çatanadək Bakı şəhəri Yasamal rayon polis idarəsinin maddi sübutların saxlanma kamerasının saxlancına təhvil verilmişdir. (i.v. 140) - 21 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,317-1.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (i.v. 142-144) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CM-nin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 15-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə istehlak miqdarında və ondan az miqdarda narkotik vasitə və ya psixotrop maddənin satış məqsədi olmadan ötürülməsi və həmin şəxslər tərəfindən həmin miqdarda belə maddələr hazırlanması, saxlanılması, gəzdirilməsi əməlləri yalnız müvafiq olaraq CM-in 317-1 və 317-2-ci maddələri ilə tövsif olunmalıdır. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,317-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 29,317- 1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 29,317-1.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 317-1.1-ci maddəsinə əsasən cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların yoxlamadan gizlətməklə və ya hər hansı digər üsulla verilməsi və ya ötürülməsi - min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 01 avqust 2024-cü il tarixli tələbnamədən görünür ki, Cəlilov X1 Rayon Xalq Məhkəməsinin 26 iyun 1995-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 143-cü maddəsinin 4-cü hissəsi ilə təqsirli bilinib, 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 41-ci maddəsinə əsasən cəzası 02 il şərti hesab olunmaqla sınaq müddəti təyin edilmişdir. (i.v. 81) -Şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, X3 18 fevral 2005-ci il tarixdə, X4 14 avqust 2009-cu il tarixdə doğulmuşlar. (i.v. 87) - 21 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 167-168) Məhkəmə Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinin tələbi baxımından qeyd edir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir və o, məhkumluğu olmayan şəxs hesab olunur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Eləcə də, Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən 23 mart 2004-cü il tarixli Qərarının 13-cü bəndi ilə məhkəmələrə tövsiyyə edilmişdir ki, xuliqanlığa görə cəza təyin edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla hər bir halda törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaqla təqsirləndirilən şəxslərə düzgün və ədalətli cəza təyin etsinlər. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317- 1.1-ci maddəsi ilə törətməyə cəhd etdiyi əməl həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən 25 iyun 2003-cü il tarixli Qərarında həmçinin göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən böyük ictimai təhlükə törətməyən cinayət əməli törətməsini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olması qənaətinə gələrək, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün cəmiyyətdən təcrid olunmamaqla barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə, cinayət etməyə cəhdə görə cəzanın müddətini və həcmini tənzimləyən Azərbaycan Respublikası CM-nin 63.3-cü maddəsinin tələbləri qaydasında, cərimə cəzası təyin edilməlidir. İstinad olunan maddənin tələbinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırkı işlə bağlı tutulmamış, həbsdə saxlanılmamışdır. Ona görə məhkəmə hesab edir ki, cəza müddətinin hesablanması və cəzanın hesaba alınması zamanı Azərbaycan Respublikası CM-nin 69cu maddəsinin müddəalarının tətbiqi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 23.1-ci maddəsinə əsasən məhkum cəriməni hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürməklə ödəməlidir. Bununla əlaqədar məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin edilməsi nəzərdə tutulan cərimə hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürülməklə ödənilməlidir. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cərimə növündə cəza təyin edilməli olduğundan, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, iş üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınanaraq Yasamal RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilən, ekspertiza tədqiqatından sonra qalıq qalmış narkotik vasitə məhv edilməlidir; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə, Ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,317-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından qərar əsasında dövlət hesabına dəvət olunmuş vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardımla bağlı iştirak etdiyi müddətə görə Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,317-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 1500 (bir min beş yüz) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Cərimə hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürülməklə ödənilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Maddi sübut qismində tanınaraq Bakı şəhəri Yasamal RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, ekspertiza tədqiqatlarından sonra qalan 0,042 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. Məhkəmə məsrəfi olan cəmi 150,82 manat ekspertiza xərci X2 tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı dövründə 20 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən 120 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-317/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-317/2024
24.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver