Məhkəmə qərarları › İş №1(007)-319/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-319/2023

07.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-319/2023 07.06.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxxxx 1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti ev 116, mənzil 183-də qeydiyyatda olmaqla yaşamış, 08 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 10 fevral 2023-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamış və satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə əldə edib, daşımış və saxlamışdır. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 31 yanvar 2023-ci il tarixdə saat 19 radələrində ünvan 1 ünvanında yerləşən Zərərçəkmiş şəxs icarəyə işlətdiyi “Şərab evi” mağazasına müştəri qismində gəlib, Zərərçəkmiş şəxs firma işçiləri ilə danışmasından istifadə edərək mağazada piştaxtanın üzərinə qoyulmuş Zərərçəkmiş şəxs məxsus bir ədədi 10 manat olmaqla ümumi dəyəri 60 manat olan 6 qutu “Nitro” enerji içkisi, bir ədədi 23 manat olmaqla ümumi dəyəri 184 manat olan 8 ədəd “Elfbar” markalı elektron qəlyan, bir ədədi 27 manat olmaqla ümumi dəyəri 189 manat olan 7 ədəd “Elfbar” markalı elektron qəlyan, bir ədədi 27 manat olmaqla ümumi dəyəri 243 manat olan 9 ədəd “Elektro Fof” markalı elektron qəlyan, bir ədədi 16 manat olmaqla ümumi dəyəri 32 manat olan 2 ədəd “Elektro Fof” markalı elektron qəlyan, bir ədədi 14 manat olmaqla ümumi dəyəri 42 manat olan 3 ədəd “Elektro Fof” markalı elektron qəlyan, bir ədəd 21 manat dəyərində “Elektro Fof” markalı elektron qəlyan və bir ədədi 20 manat olmaqla ümumi dəyəri 100 manat olan 5 ədəd “Elektro Coolplay” markalı elektron qəlyanı gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 871 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq, satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 1,052 qram olan psixotrop maddə metamfetamin əldə edib, üzərində daşımaqla saxlamış, 08 fevral 2023-cü il tarixdə saat 20 radələrində Nizami RPİ-nin 24-cü polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, 116 ünvanında Zərərçəkmiş şəxs işlətdiyi mağazada oğurluq etməkdə şübhəli şəxs qismində saxlanılaraq, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 81B ünvanında yerləşən Nizami RPİ-nin 24-cü polis şöbəsinə gətirilmiş, şöbədə üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sol yan cibindən 01 ədəd sellofana bükülmüş, təmiz çəkisi 1,052 qram olan ağ rəngli kiristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, azadlıqda olduğu müddətdə mebel ustası kimi işləmiş, əvvəllər elektron qəlyan oğurladığı üçün inzibati qaydada həbs olunmuşdur. 31 yanvar 2023-cü il tarixdə ünvan 1 ünvanında yerləşən “Şərab evi” mağazasına getmişdir. Mağazanı işlədən şəxsin başını qatmaq üçün çoxlu sayda enerji içkisi, pivə və araq sifariş vermiş, yarım saat sonra gəlib götürəcəyini demişdir. Həmin vaxt mağazada firma işçiləri olmuş və satıcının başı qarışmışdır. O, bundan istifadə edərək müxtəlif növdə 35 ədəd elektron qəlyan və 6 ədəd “nitro” enerji içkisini az-az götürərək heç kim görmədiyinə nəzarət etməkə sağ yan cibinə qoymuş, daha sonra çölə çıxmış və həmin elektron qəlyanları ilə enerji içkilərini əlində olan torbaya yığmışdır. Mağazada təhlükəsizlik kamerasının olmasını bildiyindən elə dayanmışdır ki, qəlyan və enerji içkisini götürməsi kamerada görünməsin. O, həmin mağazada çox qalmış, həmin vaxt işçinin başı qarışıq olmuşdur. Oğurladığı elektron qəlyanların 21 ədədini 10 manata, 6 ədəd “nitro” enerji içkisini isə 5 manata Nərimanov rayonunda tanımadığı şəxsə satmış, əldə etdiyi pulları öz şəxsi ehtiyaclarına xərcləmişdir. 14 ədəd elektron qəlyanı isə Xətai rayonunda köşkə bir ədədini 14 manatdan satmışdır. Elektron qəlyanları və enerji içkilərini satan zaman, ona Rusiya Federasiyasından qardaşının göndərdiyini, buna görə də satdığını bildirmişdir. Ondan elektron qəlyan və enerji içkilərini alan şəxslər satdığı əşyaların oğurluq olduğunu bilməmişlər. 08 fevral 2023-cü il tarixdə yaşadığı ünvanın yaxınlığında olarkən ona iki nəfər mülki geyimdə şəxs yaxınlaşıb xidməti vəsiqələrini təqdim etməklə polis əməkdaşı olduqlarını, oğurluqda şübhəli olduğunu bildirib onu polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsinə gətiriləndən sonra o, oğurluq etdiyini etiraf etmiş və əldə etdiyi puldan narkotik vasitə aldığını bildirmişdir. Onun üzərinə şəxsi axtarış keçirilmiş, bu zaman o, 06 fevral 2023-cü il tarixdə “Papanin” adlanan ərazidən özü istifadə etmək üçün 15 manata aldığı 01 ədəd bükümdə “patı” kimi tanıdığı psixotrop maddəni təqdim etmişdir. Polis əməkdaşları tərəfindən ona qarşı qanunsuz hərəkətə yol verilməmişdir, özü əməlini etiraf etmişdir. Təqsirləndirilən şəxs ifadəsinin sonunda əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş ziyanın qohumları tərəfindən ödənildiyini göstərmiş və barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, ünvan 1 ünvanında yerləşən “Şərab evi” mağazasını icarəyə götürüb işlədir. 31 yanvar 2023-cü il tarixdə təxminən saat 19 radələrində mağazaya firmanın nümayəndəsi gəlmiş, firmanın işçisi ilə söhbət edən zaman müştəri qismində mağazaya daxil olan, sonrdan adını bildiyi Təqsirləndirilən şəxs ona 01 ədəd “Anegin” markalı araq, 10 ədəd “nitro” enerji içkisi, 10 ədəd “Miller” markalı və 10 ədəd “Xırdalan” markalı pivələrin hazırlanmasını demiş və yarım saat sonra gəlib götürəcəyini demişdir. O da bu zaman mağazada olan firma işçisi ilə söhbət edərək firma işçisinin verdiyi məsulları saymışdır. Onun firma işçiləri ilə söhbətə başının qarışmasından istifadə edərək Təqsirləndirilən şəxs bir ədədi 10 manat olmaqla ümumi dəyəri 60 manat olan 6 qutu “Nitro” enerji içkisi, bir ədədi 23 manat olmaqla ümumi dəyəri 184 manat olan 8 ədəd “Elfbar” markalı elektron qəlyan, bir ədədi 27 manat olmaqla ümumi dəyəri 189 manat olan 7 ədəd “Elfbar” markalı elektron qəlyan, bir ədədi 27 manat olmaqla ümumi dəyəri 243 manat olan 9 ədəd “Elektro Fof” markalı elektron qəlyan, bir ədədi 16 manat olmaqla ümumi dəyəri 32 manat olan 2 ədəd “Elektro Fof” markalı elektron qəlyan, bir ədədi 14 manat olmaqla ümumi dəyəri 42 manat olan 3 ədəd “Elektro Fof” markalı elektron qəlyan, bir ədəd 21 manat dəyərində “Elektro Fof” markalı elektron qəlyan və bir ədədi 20 manat olmaqla ümumi dəyəri 100 manat olan 5 ədəd “Elektro Coolplay” markalı elektron qəlyanı mağazadan oğurlamışdır. O, həmin gün məhsulların oğurlandığını bilməmiş, ertəsi gün, yəni 01 fevral 2023-cü il tarixdə elektron qəlyanların azaldığını görmüş, ona görə mağazanın içərisində video kameraya baxdıqda, həmin şəxsin məhsulları necə oğurladığını aşkar etmiş və dərhal bu barədə polisə məlumat vermişdir. Baş vermiş hadisə nəticəsində ona 871 manat maddi ziyan dəymişdir. Polislərin apardığı araşdırma ilə oğurluğu törədən şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Hazırda təqsirləndirilən şəxsin qohumları ona vurulan maddi ziyanı ödəmişlər, təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, ünvan 5 ünvanında yerləşən kioskda tütün məmulatlarının və elektron qəlyanların satışı ilə məşğul olur. Dəqiq xatırlamadığı tarixdə əvvəlcədən tanımadığı bir nəfər şəxs, sonradan adını bildiyi Təqsirləndirilən şəxs onun işlətdiyi kioska yaxınlaşaraq ucuz qiymətə elektron qəlyan satdığını bildirmişdir. O, həmin qəlyanlara baxmış və Rafiqdən qəlyanları haradan aldığını, onların oğurluq olub-olmadığını soruşmuşdur. Rafiq bildirmişdir ki, həmin qəlyanları Rusiya Federasiyasından qardaşı satmaq üçün göndərmişdir. Elektron qəlyanları ucuz təklif etdiyi üçün, o, Rafiqdən müxtəlif markalı 14 ədəd elektron qəlyanın bir ədədini 4 manata olmaqla almışdır. Həmin qəlyanlara ümumilikdə 140 manat pul vermişdir. 08 fevral 2023-cü il tarixdə işlədiyi kioska polis əməkdaşları yaxınlaşaraq bildirmişlər ki, həmin şəxsdən aldığı elektron qəlyanlar ünvan 1 ünvanında yerləşən “Şərab evi” mağazasından oğurlanmışdır. O, aldığı 14 ədəd elektron qəlyanın 12 ədədini tanımadığı şəxslərə satdığından qalan 02 ədəd elektron qəlyanı könüllü olaraq polisə təqdim etmişdir. Təqsirləndirilən şəxs ona satdığı elektron qəlyanların oğurluq olduğunu bilməmiş, yalnız qiyməti münasib olduğundan həmin qəlyanları almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü polis şöbəsinin polis sahə inspektoru Şahid2 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Nizami RPİ-nin 24-cü polis şöbəsinin təhqiqatçısı Hüseyn Quliyevin icraatında olan, vətəndaş Zərərçəkmiş şəxs müraciəti əsasında ünvan 1 ünvanında yerləşən “Şərab evi” mağazasından elektron qəlyanların və enerji içkilərinin oğurlanmasına dair 01 fevral 2023cü il tarixli əməliyyat tapşırığı əsasında həmin oğurluğu törətməkdə şübhəli bilinən xx xxxxxxxx 1984-cü il təvəllüdlü Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 08 fevral 2023-cü il tarixdə saat 20:00-da Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, 116 ünvanının yaxınlığında tərəflərindən saxlanılaraq 24-cü polis şöbəsinə dəvət olunmuşdur. Təqsirləndirilən şəxs buna etiraz etməmiş, polis şöbəsinə gətirilən zaman isə narkotik vasitələrin aludəçisi olduğunu, üzərində nakotik vasitə olduğunu bildirmişdir. Bu barədə polis şöbəsinin rəhbərliyinə məruzə olunduqdan sonra həmin şəxsin hüquqlarının müdafiəsi üçün vəkil dəvət olunmuş, bundan sonra o, şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək vəkilin iştirakı olmadan üzərinə baxış keçirilməsini xahiş etmişdir. Bundan sonra video çəkiliş aparılmaqla şübhəli şəxs Rafiq Xanı-zadə şəxsi axtarış və götürmə haqqında qərarla tanış edilmiş, paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü sürətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs həmin vaxt əynində olan qara rəngli şalvarının sol yan cibindən 01 ədəd şəffaf sellofan bükümü çıxarıb masanın üzərinə qoyaraq təqdim etmişdir. Həmin büküm açılıb içərisinə baxış keçirildikdə içərisində ağ rəngli spesifik iyə malik olan maddələrin olması aşkar edilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs sorğu zamanı həmin bükümün içərisində “patı” kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu, həmin maddəni şəxsi istifadəsi üçün 06 fevral 2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonunda yerləşən “Papanin” adlanan ərazidə tanımadığı şəxsdən 15 manat pulun müqabilində aldığını bildirmişdir. X3-zadə 31 yanvar 2023-cü il tarixdə ünvan 1 ünvanında yerləşən “Şərab evi” mağazasından oğurluq etdiyini, oğurladığı elektron qəlyanları tanımadığı şəxsə satdığını bildirmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd büküm içərisi boş olan 01 ədəd kağız zərfin içərisinə qoyulub qablaşdırılaraq möhürlənmiş, iştirakçılar və şübhəli şəxs tərəfindən imzalarla təsdiqlənmişdir. Şəxsi axtarış davam etdirilərkən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Şəxsi axtarış və götürmə aparılması haqqında protokol tərtib olunaraq imzalarla təsdiqlənmiş, şəxsi axtarış və götürmə zamanı 24-cü PŞnin əməliyyat müvəkkili Şahid3 tərəfindən “iPhone” markalı mobil telefon vasitəsilə çəkiliş aparılmışdır. Əməliyyat tədbirinin həyata keçirilməsi zamanı Təqsirləndirilən şəxs qarşı qanunsuz hərəkətə yol verilməmiş, təzyiq göstərilməmiş, o, özünü səmimi aparmaqla qeyd olunan əməllərini etiraf etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü polis şöbəsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid3 və həmin polis şöbəsinin cinayət axtarışı üzrə baş əməliyyat müvəkkili Şahid4, Şahid2 ilə eyni məzmunlu ifadələr vermişlər. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 09 fevral 2023-cü il tarixli qərardan görünür ki, material üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.1 və 234.1-ci maddələri ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1-2) - 01 fevral 2023-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxsnın və hal şahidlərinin iştirakları ilə oğurluq hadisəsinin baş verdiyi yerə baxış keçirilmiş, oğurluq hadisəsinin qeydə alındığı video görüntülər 01 ədəd diskə köçürülməklə götürülmüşdür. (i.v. 7-10) - 08 fevral 2023-cü il və 10 fevral 2023-cü il tarixli protokollardan görünür ki, 08 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində saxlanılaraq 24-cü polis şöbəsinin inzibati binasına gətirilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sol yan cibindən 01 ədəd şəffaf sellofan bükümü çıxarıb masanın üzərinə qoyaraq təqdim etmişdir. Həmin büküm açılıb içərisinə baxış keçirildikdə içərisində ağ rəngli spesifik iyə malik olan maddələrin olması aşkar edilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs sorğu zamanı həmin bükümün içərisində “patı” kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu, həmin maddəni şəxsi istifadəsi üçün 06 fevral 2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonunda yerləşən “Papanin” adlanan ərazidə tanımadığı şəxsdən 15 manat pulun müqabilində aldığını bildirmişdir. Həmçinin, Təqsirləndirilən şəxs 31 yanvar 2023-cü il tarixdə ünvan 1 ünvanında yerləşən “Şərab evi” mağazasından oğurluq etdiyini, oğurladığı elektron qəlyanları tanımadığı şəxsə satdığını bildirmişdir. Şübhəli şəxs Rafiq Xanızadənin təqdim etdiyi 01 ədəd büküm içərisi boş olan 01 ədəd kağız zərfin içərisinə qoyulub qablaşdırılaraq möhürlənmiş, iştirakçılar və şübhəli şəxs tərəfindən imzalarla təsdiqlənmişdir. Şəxsi axtarış davam etdirilərkən şübhəli şəxs Rafiq Xanı-zadənin üzərində hər hansı qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Şəxsi axtarış və götürmə aparılması haqqında protokol tərtib olunaraq imzalarla təsdiqlənmiş, şəxsi axtarış və götürmə zamanı 24-cü PŞ-nin əməliyyat müvəkkili Şahid3 tərəfindən “iPhone” markalı mobil telefon vasitəsilə çəkiliş aparılmışdır. Şəxsi axtarış zamanı qeydə alınmış görüntülərin olduğu bir ədəd DVD diskə 10 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs və müdafiəçisinin iştirakları ilə baxış keçirilərkən 08 fevral 2023-cü il tarixli protokolda qeyd olunanların öz təsdiqini tapdığı müəyyən olunmuşdur. (i.v. 34-35, 127) - 08 fevral 2023-cü il tarixli raportdan, həmin tarixli protokoldan və fotocədvəldən görünür ki, 24-cü PŞ-nin təhqiqatçısının 08 fevral 2023-cü il tarixli əməliyyat tapşırığı üzrə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 14 ədəd elektron qəlyanları Şahid1 işlətdiyi ünvan 5 ünvanında yerləşən kökşə satması müəyyən olunmuş, həmin ünvanda yerləşən “Tiger Vape” adlı elektron qəlyan və siqaretlərin satışı köşkündən baxılan işə aid 02 ədəd elektron qəlyan iş üçün sübut əhəmiyyətinə malik olduğundan götürülmüşdür. (i.v. 44, 47-49, 52-53) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 09 fevral 2023-cü il tarixli 6/795 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №164” dairəvi möhür əksi olan “Təqsirləndirilən şəxs” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 1,052 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmıq psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: metamfetaminin təmiz çəkisi 1,052 qram olmuş, tədqiqata 0,05 qram sərf edilmiş, 1,002 qram qalığı qalmışdır. (i.v. 54-58) - 09 fevral 2023-cü il tarixli protokollardan və fotocədvəllərdən görünür ki, iş üzrə Zərərçəkmiş şəxs ona təqdim olunmuş elektron qəlyanların özünə məxsus olduğunu, həmin elektron qəlyanları modelindən və rəngindən tanıdığını bildirmişdir. (i.v. 70-77) - 10 fevral 2023-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, iş üzrə Zərərçəkmiş şəxs ona təqdim edilən 4 nəfər eyni cinsli şəxslərin arasından Təqsirləndirilən şəxs göstərərək tanıdığını bildirmişdir. (i.v. 101-104) - 09 fevral 2023-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, iş üzrə Şahid1 ona təqdim edilən 4 nəfər eyni cinsli şəxslərin arasından Təqsirləndirilən şəxs göstərərək tanıdığını bildirmişdir. (i.v. 115-118) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji tibbi yoxlamasının 17 mart 2023-cü il tarixli 1599 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloj dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 164-165) - 24 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1 və 234.1-ci maddələri ilə elan edilmiş ittiham qüvvəsində saxlanılmış, cinayət işi üzrə şəxsi axtarış və götürmə zamanı çəkilmiş və oğurluq hadisəsini özündə əks etdirən videogörüntülər olan 02 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə olunmuş, 02 ədəd elektron qəlyan maddi subut kimi tanınaraq Zərərçəkmiş şəxs qaytarılmış, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş təmiz çəkisi 1,052 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonrakı qalıq 1,002 qram hissəsi saxlanmasından ötrü Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs psixotrop maddəni polis əməkdaşlarına təqdim etməsi Azərbaycan Respublikası CM-in 234-cü maddəsinin qeydinin 1-ci bəndinə əsasən narkotik vasitəni könüllü surətdə təhvil vermə kimi qiymətləndirilməmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.3, 180, 181, 234.2 və 234.4.1-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, Şahid1 əməlində Azərbaycan Respublikası CM-in 194.1-ci maddəsinin tərkib əlamətləri olmadığından onun barəsində həmin maddə ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs aşkar edilmiş psixotrop maddənin mənbəyini müəyyən etmək məqsədi ilə cinayət işindən material ayrılmış, aidiyyəti üzrə araşdırma aparılması üçün Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nə göndərilmişdir. (i.v. 173-183) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanun-suz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il Qərarına əsasən qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək qeyd edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş psixotrop maddənin əldə edilmə mənbəyinin müəyyən edilməsi faktının araşdırılması məqsədi ilə ibtidai istintaq zamanı material ayrılmışdır və nəticəsindən asılı olaraq hüquqi qiymət veriləcəkdir. Məhkəmə, dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, məhkəmə ekspertizalarının rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.1 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 177.1 və 234.1-ci maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur, bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 08 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 29) - 10 fevral 2023-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 03 ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 08 fevral 2023-cü il tarixdən hesablanmışdır. (i.v. 136-138) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 02 mart 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. (i.v. 152) “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayətlər hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iş üzrə zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın ödənilərək onunla barışıq əldə edilməsini Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər törətməsini, işin faktiki hallarını nəzərə alır. Bu zaman məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tamamilə ödəyərək onunla barışıq əldə etməsi, oğurluq əməlinin böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olması baxımından belə qənaətə gəlir ki, ona Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, lakin təqsirləndirilən şəxsin islah olunması üçün Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiq olduğundan, Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən, azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki gününün bərabər tutulması qaydasında hesablanmaqla, təyin olunması nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası müvafiq müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmalı, həmin cəzaları Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmənin qənaətinə görə, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 08 fevral 2023-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş, 10 fevral 2023-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmişdir, ona görə məhkəmə Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı 08 fevral 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış 02 ədəd elektron qəlyanın məhkəməyədək icraat zamanı zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalı, 02 ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalmış psixotrop maddənin qalığı məhv olunmalıdır; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə, Ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından, qərar əsasında dövlət hesabına dəvət olunmuş vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 19 iş saatı müddətinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-nin 177.1-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, CM-nin 234.1-ci maddəsi ilə 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən, azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki gününün bərabər tutulması qaydasında hesablanmaqla, 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən həmin cəzanı Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təyin edilmiş 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı 08 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Maddi sübut qismində tanınmış 02 ədəd elektron qəlyanın məhkəməyədək icraat zamanı Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın, 02 ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalmış 1,002 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilsin. Məhkəmə məsrəfi olan 65 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı 19 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən 114 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar