Məhkəmə qərarları › İş №1(007)-319/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-319/2024

11.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-319/2024 11.06.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi X2, məhkəmə iclasının katibi Cavadov Rüfət Şahverən oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, təqsirləndirilən şəxsxx xxxxx 1992-ci ildə Ağsu rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 240.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədilə, ümumi təmiz çəkisi 0,692 qram narkotik vasitə heroini və 02 ədəd dərman kapsulunun tərkibində 0,6 qram preqabalin təsiredici maddəsi olan güclü təsir edici maddəni qanunsuz olaraq əldə edib, yaşadığı ünvan 2 ünvanına daşıyaraq narkotik vasitə heroinin bir hissəsini üzərində, qalan hissəsini isə güclü təsiredici maddə ilə birlikdə həmin evdə saxlamış, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Bakı şəhəri Nizami RPİ-nə daxil olmuş məlumat əsasında 13 yanvar 2024-cü il tarixdə, saat 02:30 radələrində Bakı şəhəri Nizami RPİ-nin X1 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 3 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılaraq, ünvan 4 ünvanda yerləşən Nizami RPİ-nə gətirilmiş və xidməti otaqların birində üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan boz rəngli idman şalvarının sağ yan cibindən 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 0,248 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş, əməliyyat tədbirinin davamı olaraq Bakı şəhəri Nizami RPİ-nin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə saat 11:40 radələrində onun iştirakı ilə yaşadığı ünvan 2 ünvanına keçirilmiş baxış zamanı sonuncunun yataq otağında pəncərənin qarşısında eynək qabının içərisindən 04 ədəd bükümdə üzərindən aşkar edilən narkotik vasitə ilə eynilik təşkil edən ayrı-ayrılıqda təmiz çəkiləri 0,131 qram; 0,112 qram; 0,109 qram; 0,092 qram; ümumi təmiz çəkisi 0,444 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 ədəd blister kəsiyində 02 ədəd qəhvəyi/ağ rəngli dərman kapsulunun tərkibində ümumilikdə 0,6 qram preqabalin təsiredici maddəsi olan güclü təsiredici maddə və 01 ədəd üzərində heroin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Həmin əməllərinə görə Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.2 və 240.1-ci maddələri ilə ittiham elan olunmuşdur. İşin halları və dəlilləri: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.2 və 240.1-ci maddələrində nəzərdə tutulmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, o, narkotik vasitələrin satışı ilə məşğul olmur, ağrıları olduğu üçün narkotik vasitələrdən istifadə edir. Polis əməkdaşları tərəfindən 13 yanvar 2024-cü il tarixdə, saat 02:30-da ünvan 6 ünvanının qarşısında saxlanılarkən və üzərinə baxış keçirilərkən aşkar olunmuş narkotik vasitə ona məxsus olmuş, şəxsi istifadəsi üçün üzərində daşımışdır. Lakin mənzilindən aşkar olunmuş narkotik vasitə və dərman preparatları ona məxsus olmamışdır. Mənzilə baxış keçirilərkən şokda olduğu və qorxduğu üçün narkotik vasitələrin ona məxsus olduğunu bildirmişdir. Həmçinin verilmiş suallara cavab olaraq bildirdi ki, Taleh adlı şəxsi tanımır, qeyd olunan mobil nömrə ona məxsus olsa da, telefonunda aşkar olunan mesajlardan məlumatı yoxdur. Himayəsində 1 azyaşlı uşağının olmasını və ilk dəfə cinayət əməli törətməsini nəzərə alaraq məhkəmədən yüngül cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsirliliyi aşağıdakı sübutlarla da təsdiq olunur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin X1 baş əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirmişdir ki, 13 yanvar 2024-cü il tarixdə Bakı şəhəri Nizami RPİ-nin NMB-nə Bakı şəhəri Nizami rayonu ərazisində “Emin” adlı şəxsin mütəmadi olaraq narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədilə əməliyyat qrupu yaradılmışdır. Həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı 13 yanvar 2024-cü il tarixdə, saat 02:30-da ünvan 6 ünvanının qarşısında zahiri əlamətləri “Emin” adlı şəxslə üst-üstə düşən şəxsə yaxınlaşıb özlərini təqdim edərək ona qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinməsini deyərək Bakı şəhəri Nizami RPİ-nə dəvət etmişlər. Polis idarəsində həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən olunduqdan sonra xidməti otaqların birində Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə haqqında qərarla tanış edərək ona üzərində hər hansı qeyriqanuni əşya varsa, təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan boz rəngli idman şalvarının cibindən 01 ədəd şəffaf polietilen bükümü çıxardıb təqdim edərək bükümün içərisində “kakos” kimi tanıdığı narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni İran İslam Respublikasının vətəndaşından şəxsi istifadəsi üçün əldə edərək üzərində saxladığını bildirmişdir. Bundan başqa 14 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış keçirilməsi zərurəti yarandığından sonuncu Bakı şəhəri Nizami RPl-nə ərizə ilə müraciət edərək yaşadığı mənzilə baxış və götürmə istintaq hərəkəti aparılmasına etiraz etmədiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs və vəkilinin iştirakı ilə onun yaşadığı ünvan 2 ünvanına yollanmışlar. Mənzilin qapısını Təqsirləndirilən şəxs anası Şahid3 açmış, lakin o, baxışda iştirak etmək istəmədiyini bildirmiş, mənzildə olan Təqsirləndirilən şəxs yataq otağına daxil olduqda sağ tərəfdə pəncərənin qarşısında bir ədəd qara rəngli eynək qabının içərisindən 04 ədəd şəffaf sellofan bükümdə narkotik vasitə heroinə bənzər kütlə, 01 ədəd işlək vəziyyətdə olan elektron tərəzi, 02 kapsul preqabalin və 01 ədəd blisterdə 09 ədəd ağ rəngli metronidazol dərman preparatı aşkar edilərək götürülmüş, sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlələri İran İslam Respublikasının vətəndaşından şəxsi istifadəsi üçün əldə edərək saxladığını, həmin narkotik vasitə heroinin 01 bükümünü üzərində götürüb saxladığını, həmin narkotik vasitələrin və tərəzinin özünə məxsus olduğunu, əldə etdiyi narkotik vasitələri həmin tərəzi vasitəsilə çəkilərini çəkdiyini, bunu onu aldatmamaları və narkotik vasitələrin ona az verilib-verilmədiyini müəyyən etməkdən ötrü etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin X1 əməliyyat müvəkkili Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. O, oğlunun narkotik vasitələrdən istifadə etməsindən xəbərsiz olmuşdur. Belə ki, oğlunun revmatizma xəstəliyi olmuş, onunla bağlı ağrıları olmuş və müalicə almışdır. Mənzilə baxış keçirilən günü polis əməkdaşlarına qapını o açmış, polis əməkdaşları mənzilə daxil olduqdan sonra otaqlara baxış keçirilmiş, Eminin otağına baxış keçirərkən onlardan biri onu dəhlizə çağırmış və baxışda iştirak etməsinə icazə verməmişdir. O, otağa daxil olanda artıq eynək qabının içərisindən narkotik vasitə aşkar olunduğunu görmüşdür. Həmçinin öz ifadəsinə əlavə olaraq bildirmişdir ki, bir neçə gün öncə rayondan oğlunun evinə gəlmiş, polis əməkdaşları evə baxış keçirmədən öncəki gün mənzili yığışdırmış, oğlunun otağını təmizləmişdir. Əgər oğlunun əşyalarının içəsirində narkotik vasitə olmuş olsaydı, o polis əməkdaşlarından öncə narkotik vasitə və dərman preparatlarını tapmış olardı. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır. Onun bir müddətdir ki, narkotik vasitələrdən istifadə etməsi barədə məlumatı olmuş, bu barədə anasına da məlumat vermişdir. Hadisə baş verən gün gecə saatlarında yuxudan oyanmış, Eminin evdə olmadığının şahidi olmuşdur. Daha sonra Emindən bir neçə gün məlumat ala bilməmiş, nəhayət Eminin polis əməkdaşları tərəfindən saxlanıldığı bəlli olmuşdur. Həmçinin qeyd etdi ki, yaşadıqları mənzildə pəncərənin qarşısında eynək qabı olmamış, yalnız onun özünə məxsus bir ədəd eynək qabını otaqdakı paltar şkafda saxlamışdır. Himayəsində 1 azyaşlı xəstə uşağının olmasını və Emin Xasıyevin ailəyə qazanc gətirən yeganə şəxs olmasının nəzərə alınmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə Nizami RPİ-nin xidməti otaqlarının birində şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs üzərinə videoçəkilişdən istifadə edilməklə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli idman şalvarının sağ yan cibindən 1 ədəd şəffaf polietilen bükümü çıxardaraq təqdim etmiş və həmin bükümün içərisində “kakos” kimi tanıdığı heroin olduğunu, sosial şəbəkə vasitəsi ilə tanış olduğu İran İslam Respublikasının vətəndaşından “zakladka” yolu ilə şəxsi istifadəsi üçün aldığını bildirmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş materialların məhkəmə ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16- 16/2-6/209 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “AR DİN Zərflər üçün №162” möhür əksi, “..Təqsirləndirilən şəxs...” və s. soyadlar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi: 0,248 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroinin təmiz çəkisi 0,248 qram olub, 0,05 qramı tədqiqata sərf edilmiş, 0,198 qramı isə qalıq qalmışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 110 manatdır. - mobil telefona baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus mobil telefona şübhəli şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisinin iştirakı ilə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs məxsus “Redmi” markalı mobil telefona baxış keçirilərkən çoxlu sayda şəxslərlə narkotik vasitələrin və psixotrop maddələrin alqı-satqısına dair danışıqlar və yazışmalar aparılması müəyyən olunmuşdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş materialların məhkəmə ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16- 16/2-6/227 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş: - üzərində “Təqsirləndirilən şəxs məxsus Bakı şəhəri Nizami rayonu B.Nuriyev küçəsi ev 53 mənzil 45-də aşkar edilmiş...” və s. soyadlar, imzalar olan zərfdəki 04 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,131 qram, 0,112 qram, 0,109 qram, 0,092 qram, ümumi təmiz çəkiləri 0,444 qram olan qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. 01 ədəd blister kəsiyindəki 02 ədəd qəhvəyi/ağ rəngli dərman kapsulunun tərkibində ümumilikdə 0,6 qram preqabalin təsiredici maddəsi müəyyən edildi; üzərində “Metronidazol” yazısı olan 01 ədəd blisterdə ümumilikdə 09 ədəd ağ rəngli dərman tabletinin tərkibində nəzarətdə olan maddələr müəyyən edilməmişdir. Elektron tərəzinin üzərində narkotik vasitə - heroinin izləri müəyyən edildi. Tərəzinin üzərində heroin iz şəklində olduğundan təmiz çəkisinin müəyyən edilməsi və eyniləşdirmə üzrə tədqiqatın aparılması mümkün olmadı. – üzərində “Təqsirləndirilən şəxs məxsus Bakı şəhəri Nizami rayonu B.Nuriyev küçəsi ev 53 mənzil 45-də aşkar edilmiş...” və s. soyadlar, imzalar olan zərfdəki 04 ədəd bükümdə olan narkotik vasitə - heroin kütlələri ilə üzərində AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinə məxsus “Tədqiqat obyekti №60”, “Ekspert rəyi 6/209...13 yanvar 2024-cü il... Nizami RPİ TŞ...” və s. yazılar olan kağız paketdəki heoiun kütləsi kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Zərfdə heroinin ümumi təmiz çəkisi 0,444 qram olub, 0,12 qramı tədqiqata sərf edilmiş, 0,324 qramı isə qalıq qalmış, paketdə heroinin qalıq təmiz çəkisi 0,198 qram olub, 0,05 qramı tədqiqata sərf edilmiş, 0,148 qramı isə qalıq qalmış, preqabalin 02 kapsul olub, 01 kapsul tədqiqata sərf edilmiş, 01 kapsul qalıq qalmış, metronidazol 09 tablet olub, 01 tablet tədqiqata sərf edilmiş, 08 tablet qalıq isə qalmışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 110 manatdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın 16 fevral 2024-cü il tarixli 1008 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. - sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş – ümumi təmiz çəkisi üzərindən aşkar edilmiş 0,248 qram və yaşadığı evdən aşkar edilmiş 0,444 qram narkotik vasitə heroin və 02 kapsul preqabalin maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonrakı qalıq 0,472 qram narkotik vasitə heroin, 01 kapsul preqabalin, həmçinin 09 tablet metronidazol maddi sübut kimi tanınmadan ekspertiza tədqiqatından sonrakı qalıq 08 tablet metronidazol maddi sübutların saxlanılması otağına təhvil verilmiş, 02 ədəd “DVD” formatlı və 01 ədəd “CD” formatlı disklər cinayət işinə əlavə edilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 15 fevral 2024-cü il tarixli tələbnamədən görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur. - nikah haqqında və doğum haqqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs evlidir və himayəsində xx.xx.2016-cı il təvəllüdlü X4 adlı 1 azyaşlı uşağı vardır. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(007)-258/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs CM-nin 73.2-ci maddəsinə əsasən həmin Məcəllənin 128-ci maddəsi iləcinayət məsuliyyətindən azad edilmiş, barəsində olan məhkəməyədək sadələşdirilmiş materialın icraatına xitam verilmişdir. - Təqsirləndirilən şəxs yaşadığı mənzildə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı diskə məhkəmədə baxış keçirilərkən müəyyən olundu ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 7 ünvanına videoçəkilişdən istifadə edilməklə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə baxış keçirilmişdir. Bakı şəhəri Nizami rayonu B.Nuriyev küçəsi 53 nömrəli evin 45 nömrəli mənzili binanın 5-ci mərtəbəsində yerləşir. Mənzilin qapısı döyüldükdən sonra qapı Təqsirləndirilən şəxs anası Şahid3 tərəfindən açılmışdır. Lakin o, baxışda iştirak etmək istəmədiyini bildirmişdir. Mənzil 3 otaqdan ibarətdir, dəhlizdə sağ tərəfdə Təqsirləndirilən şəxs yataq otağı vardır. Otağa daxil olduqda pəncərənin qarşısında bir ədəd qara rəngli eynək qabının içərisindən 04 ədəd şəffaf sellofan bükümdə narkotik vasitə heroinə bənzər kütlə, 01 ədəd işlək vəziyyətdə olan elektron tərəzi aşkar edilmiş, həmçinin 02 kapsulda pereqabalin dərman preparatı və pəncərənin qarşısında olan kapokanın içərisindən 01 listdə metrodipazol dərman preparatı aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin kütlələri iranlıdan əldə etdiyini, həmin narkotik vasitələri üzərindən aşkar edilmiş narkotik vasitə ilə eyni zamanda əldə etdiyini, həmin narkotik vasitədən bir bükümünü üzərində götürdüyünü, 4 bükümünü isə evdə şəxsi istifadəsi üçün saxladığını, elektron tərəzənin də ona məxsus olduğunu və həmin tərəzi ilə aldığı narkotik vasitəni çəkdiyini, bununla da onu aldadıbaldatmamalarını, narkotik vasitənin az verilib-verilmədiyini müəyyən etmək üçün çəkdiyini bildirmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə siyahıların təsdiq edilməsi haqqında “Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununa əsasən dərman preparatı kimi beynəlxalq adı “Heroin” olan maddə narkotik vasitəsidir, onun 0,15 qram və ondan artıq hissəsi xeyli miqdar hesab olunur. “Güclü təsir edən maddələr və onların külli və xüsusilə külli miqdarlarının, habelə zəhərli maddələrin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 18 mart 2016-cı il tarixli Qanunu ilə təsdiq edilmiş “Zəhərli maddələrin” siyahısına əsasən “Preqabalin (S)-3-(aminometil)-5-metilheksan turşusu” güclü təsir edən maddədir.. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 240.1-ci maddələri ilə ittiham irəli sürülmüş və əməli həmin maddələrlə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs Xasiyev X6 tərəfindən Azərbaycan Respublikası CM-nin 234.2 və 240.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsinə dair ifadəsi özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirilir və ifadəsində göstərdiyi xüsusatlar məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təkzib olundu. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığından Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməllər az ağır cinayət hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs evli olmasını və himayəsində 1 azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları, şəxsiyyətini nəzərə alaraq hesab edir ki,onun islah olunması üçün barəsində törətdiyi hər iki cinayətə görə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplayaraq Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən az ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilir. Ona görə də Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1.19-346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, onun həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanaraq cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı həbs etmənin əvvəlindən, yəni xx.xx.2024cü il tarixdən hesablanmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən iş üzrə maddi sübut olan və Bakı şəhəri Nizami RPİ-də saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkisi 0,472 qram olan narkotik vasitə - heroin, 01 kapsul preqabalin və 08 tablet metronidazol hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət işi üzrə maddi sübut olan 02 ədəd “DVD” formatlı və 01 ədəd “CD” formatlı disklər cinayət işinin materiallarında saxlanılmalı, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan 220 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 240.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iştirak etdiyi müddət 30 iş saatı müddətinə bərabər olduğundan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla 180 manat (30x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Nəticə: Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplayaraq Təqsirləndirilən şəxs qəti cəza – 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olan və Bakı şəhəri Nizami RPİ-də saxlanılan qalıq çəkisi 0,472 qram olan narkotik vasitə - heroin, 01 kapsul preqabalin və 08 tablet metronidazol hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə maddi sübut olan 02 ədəd “DVD” formatlı və 01 ədəd “CD” formatlı disklər cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 220 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs 30 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 180 manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar