Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-32/2021 07.07.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Azadəli Orhan Nasir oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Mirzəyev Ceyhun Namiq oğlunun, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, müdafiəçilər - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 oğlunun və Müdafiəçi2, təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Rafiq oğlunun iştirakı ilə, təqsirləndirilən şəxs – xx.xx.1994-cü ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə, təqsirləndirilən şəxs – xx.xx.1986-cı ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29.08.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 127.2.3, 221.3-cü maddələri ilə təqsirli bilinib CM-nin 66.2 və 67.1 maddələrinə əsasən 2 il 5 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən təyin olunan cəza şərti tətbiq edilərək 1 il 6 ay sınaq müddəti müəyyən olunmuş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10.06.2021-ci il tarixli qərarı ilə “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 01 may 2020-ci il tarixli Qanununa əsasən cəzası 2 il 4 aya endirilmiş, ünvan 3 ünvanında qeydiyyatda olan və ünvan 4 ünvanında yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 oğlunun Azərbaycan Respublikasının CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2 17 fevral 2020-ci il tarixdə saat 19 radələrində Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 81 ünvanında yerləşən, ictimai yer olan “Aysun” gözəllik salonunda ictimai qaydanı kobud surətdə pozaraq cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və şəxslər üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlər edib özünün şəxsiyyətini digər şəxslərin şəxsiyyətlərinin fövqünə qoyaraq, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirib, ümumi davranış, əxlaq və mənəviyyat normalarına hörmətsizlik ifadə edib, heç bir əsaslı səbəb olmadan əvvəldən tanıdığı Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlətməklə yanaşı, qəsdən əli və ayağı ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə vuraraq ona sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid baş beyin silkələnməsi ilə müşayiət olunan sağ gicgah nahiyəsinin şişkinlik halında əzilməsi və sol gicgah nahiyəsinin qansızması, sol sağrının hematoma və sıyrığı kimi xəsarətlər yetirərək xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs1 17 fevral 2020-ci il tarixdə saat 19 radələrində Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 81 ünvanında yerləşən, ictimai yer olan “Aysun” gözəllik salonunda ictimai qaydanı kobud surətdə pozaraq cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və şəxslər üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlər edib özünün şəxsiyyətini digər şəxslərin şəxsiyyətlərinin fövqünə qoyaraq, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirib, ümumi davranış, əxlaq və mənəviyyat normalarına hörmətsizlik ifadə edib, heç bir əsaslı səbəb olmadan əvvəldən tanıdığı Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlətməklə yanaşı, qəsdən əli və ayağı ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə vuraraq ona sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid baş beyin silkələnməsi ilə müşayiət olunan sağ gicgah nahiyəsinin şişkinlik halında əzilməsi və sol gicgah nahiyəsinin qansızması, sol sağrının hematoma və sıyrığı kimi xəsarətlər yetirərək xuliqanlıq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs 2019-cu ilin yay aylarından tanıyır. Fəridə “Lotos” ticarət mərkəzində mağaza işlədir. Fəridədən pul götürmüş, bununla bağlı aralarında mübahisə olmuş, Fəridənin tanışı ona xəsarət yetirmişdir. O, bu barədə DİNnin 102 xidmətinə müraciət etmişdir. 17 fevral 2020-ci il tarixdə saat 19 radələrində Nizami rayonu Q.Qarayev 81 ünvanında yerləşən gül mağazasının qarşısına gəlmişdir. Gül mağazasında Fəridə ilə Turalın mübahisə etdiklərini görmüşdür. O, yaxınlaşıb onları sakitləşdirmək istəmişdir. Sonra onlar gül mağazasından çölə çıxmışlar. Aralarında anlaşılmazlıq olmuş, bir-birilərinin üstünə qışqırmışlar. Fəridə onu nalayiq ifadələrlə təhqir etmişdir. O, ətrafdakı şəxslər eşitməsin deyə Fəridəni ağzından tutub gözəllik salonuna salmışdır. O, həmin vaxt Fəridəni vurmamışdır. O, əsəbi olmuş Fəridəni itələmişdir, ola bilsin ki, həmin vaxt xəsarət almışdır. O, zərərçəkmiş şəxsdən üzr istəmiş, onunla barışmışdır. Ölən qardaşının və bacısının uşaqlarına o, baxır, bacısı hepatit xəstəsidir, özü onkoloji xəstəlikdən əziyyət çəkir, ailənin yeganə qazanc gətirəni odur. Məhkəmədən barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs “Lotos" Ticarət Mərkəzində mağaza işlədir. Rüstəm Fəridədən pul götürmüş, bununla bağlı aralarında mübahisə olmuş, Fəridənin adını bilmədiyi tanışı Rüstəmə bədən xəsarətləri yetirmişdir. 17 fevral 2020-ci il tarixdə saat 19 radələrində Nizami rayonu Q.Qarayev 81 ünvanında yerləşən gül mağazasında olan zaman Fəridə həmin mağazaya gəlmişdir. O, Fəridədən Rüstəmi nə üçün döydürdüyünün səbəbini soruşmuşdur. Bu zaman Fəridə onu təhqir etmiş, aralarında mübahisə yaranmış, ətrafa camaat yığışmışdır. Bu zaman Rüstəm də mağazaya gəlmişdir. Bundan sonra Fəridə camaatın içində Rüstəmlə onun barəsində çox nalayiq ifadə işlətmişdir. Rüstəm Fəridənin dediyi sözləri ətrafdakıların eşitməməsi üçün onu ağzından tutub gözəllik salonuna salmışdır. Mübahisə zamanı Rüstəm Fəridəni itələmişdir. O, Fəridəni vurmamış, ona xəsarət yetirməmişdir. Onun heç bir günahı yoxdur. Məhkəmədən barəsində qərar qəbul edərkən cavan olmasının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 81 ünvanında yerləşən “Lotos” ticarət mərkəzində sahibkar olaraq fəaliyyət göstərir. Təqsirləndirilən şəxs2 onu mütəmadi olaraq nalayiq ifadələrlə təhqir etmiş, ondan xoşu gəlmədiyini bildirərək bazardan çıxıb getməsini tələb etmişdir. 17 fevral 2020-ci il tarixdə saat 19 radələrində “Lotos” ticarət mərkəzindən çıxıb yaxınlıqda olan Nəzakət adlı qadının gül dükanına gəlmişdir. Həmin gün o, rəfiqəsi Nuranə ilə birlikdə görüşüb onların evinə plov yeməyə getmək qərarına gəldiklərindən Nuranə Gülnarə adlı tanışı ilə birlikdə ona yaxınlaşmışdır. O, onlara gül dükanında bir qədar yubandığını dediyinə görə Nuranə ilə Gülnarə yaxınlıqda olan “Aysun” gözəllik salonuna getmişlər. Gül dükanına yaxınlaşıb dükanda Nəzakəti görmədiyinə görə salona qızların yanına getmişdir. Yolla hərəkət edərkən Tural ona yaxınlaşaraq “Rüstəmi niyə döydürmüsən?” demiş, o, cavabında heç kimi döydürmədiyini demişdir. Tural onun ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. O, Turala əhəmiyyət verməyərək yoluna davam etmişdir. Bu zaman yolun üstündə Turalla birlikdə bazarda şərik işləyən Rüstəm onun qarşısını kəsərək nalayiq ifadələr işlətməyə başlamışdır. Lakin o, Rüstəmə də əhəmiyyət verməmiş, yenidən yoluna davam etmişdir. Tural ilə Rüstəmin onun arxasınca gəldiklərini görüb qorxaraq iti addımlarla “Aysun” adlı gözəllik salonuna tərəf hərəkət etməyə başlamışdır. Bu zaman Rüstəm onun arxasınca qaçaraq arxadan onu vura-vura salonun içərisinə salmışdır. Rüstəm onu nalayiq küçə söyüşləri ilə təhqir edib saçını tutaraq yumruqla onun başından bir neçə dəfə zərbə vurmuş, o, yerə yıxılmışdır. Sonra Tural salona daxil olub onu salonun içərisində əli və ayaqları ilə bədəninin müxtəlif nahiyələrinə zərbə ilə vururaq nalayiq ifadələrlə təhqir etmişdir. Həmin vaxt salonda olan Nuranə və Gülnarə Tural və Rüstəmdən xahiş etmişlər ki, onu vurmasınlar və onu onların əlindən almaq istəmişlər. Həmin vaxt səs-küyü eşidən tanımadığı şəxslər salonun qarşısına toplaşsalar da Tural və Rüstəmin qorxusundan yaxınlaşa bilməmişlər. Eyni zamanda salonda olan müştərilər Turalın və Rüstəmin onu döydüyünü görüb salondan qaçmışlar. O, DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermiş və hadisə yerinə polis əməkdaşları gəlib Turalı polis şöbəsinə aparmışlar. Təqsirləndirilən şəxs2lə aralarında hər-hansı bir faizlə bağlı söhbət olmamış və hər-hansı bir ticarət münasibətləri olmamışdır. Təqsirləndirilən şəxs2 ilə barışmışdır, ona dəymiş ziyan ödənilib, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs1 qarşı şikayəti vardır. Məhkəmədən Təqsirləndirilən şəxs2 cəza verilməməsini, Təqsirləndirilən şəxs1 isə ağır cəza verilməsini xahiş etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, “Lotos” ticarət mərkəzində qadın geyimlərinin satışı ilə məşğul olur. 17 fevral 2020-ci il tarixdə təxminən saat 19 radələrində ticarət mərkəzindən çıxıb yaxınlıqda olan ərzaq mağazasında bazarlıq etməyə gəlmiş, bu zaman bank işçisi Emin adlı şəxs onun mobil telefonuna zəng edib Fəridə xanımın iki nəfər tanımadığı şəxslə dava etdiklərini bildirmişdir. O, ərzaq mağazasından dərhal çıxaraq ticarət mərkəzinə yaxınlaşmışdır. Bu zaman küçədə xeyli adamın toplaşdığını, bazar adamı kimi tanıdığı Turalın Fəridəni nalayiq küçə söyüşləri ilə təhqir etdiyini görmüşdür. Salona daxil olduqda Fəridənin səhhətinin pis olduğunu, ağladığını görmüşdür. Fəridə onu döydüklərini bildirmişdir. Daha sonra hadisə yerinə polis əməkdaşları gələrək Turalı polis şöbəsinə aparmışlar. O, gələndə Rüstəmi orada görməmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 Əşrəfil qızı ifadəsində göstərmişdir ki, “Laçın” ticarət mərkəzində satıcı işləyir. 17 fevral 2020-ci il tarixdə rəfiqəsi Zərərçəkmiş şəxs ilə mobil telefon vasitəsi ilə əlaqə saxlamış və həmin gün işdən sonra Fəridə ilə görüşüb evinə plov yeməyə getməyə qərara gəlmişlər. Tanışı Şahid1 iş yerinə gəlib onunla öz şəxsi işləri ilə bağlı söhbət etmişdir. O, Fəridə ilə əlaqə saxlayıb tanışı Gülnarənin də onunla bir yerdə plov yeməyə gəlməsinə etiraz edib etməməsini soruşduqda Fəridə etiraz etməmişdir. O, işdən çıxıb Gülnarə ilə birlikdə Fəridənin iş yerinə yaxınlaşdıqda, Fəridə yaxınlıqda olan gül dükanında işi olduğuna görə yubanmış, o, Gülnarə ilə yaxınlıqda olan “Aysun" gözəllik salonuna getmişlər. Təxminən bir neçə dəqiqədən sonra bayırda səs-küy eşitmiş, Rüstəm Fəridənin saçından tutaraq başından yumruqla vuraraq Fəridə ilə birlikdə küçədən salona daxil olmuşdur. Salonda bir an içində səs küy yaranmış, daha sonra Tural Fəridənin bədəninin müxtəlif nahiyələrinə əli və ayaqları ilə vurmağa başlamışdır. Salonda olan və səs-küyə gələn şəxslər Fəridəni Turalın və Rüstəmin əlindən almaq istəmişlər. Səs-küyə salonun qarşısına çoxlu insanlar yığışmışlar. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 20.03.2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs şikayət ərizəsi əsasında toplanmış material əsasında fakta görə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət işi başlanılmışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 canlı şəxsin ekspertizasına dair 18.02.2020-ci il tarixli, 144 saylı rəyin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs baş beyin silkələnməsi ilə müşayiət olunan sağ gicgah nahiyəsinin şişkinlik halında əzilməsi və sol gicgah nahiyəsinin qansızması, sol sağrının hematoma və sıyrığı olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni 17.02.2020-ci il tarixdə yarana bilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. - zərərçəkmiş şəxs qismində tanınma haqqında 20.03.2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs kimi tanınmışdır. - cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında 15.04.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməlləri Azərbaycan Respublikası CM-nin 128-ci maddəsindən həmin Məcəllənin 221.2.1-ci maddəsinə tövsif edilmişdir. - axtarışda olan şəxsin tutulması haqqında 13.05.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 13.05.2020-ci il tarixdə saxlanılmışdır. - axtarışda olan şəxsin tutulması haqqında 13.05.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 13.05.2020-ci il tarixdə saxlanılmışdır. - təqsirləndirilən şəxs qismində cəlb etmək və ittiham elan etmək barədə 15.05.2020ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan yeni məzmunlu ittiham elan edilmişdir. - təqsirləndirilən şəxs qismində cəlb etmək və ittiham elan etmək barədə 15.05.2020ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan yeni məzmunlu ittiham elan edilmişdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15.05.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilməsinə dair Bakı şəhəri Nizami RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Hüseyn Nağıyevin vəsatəti və bununla bağlı Bakı şəhəri Nizami rayon prokuroru Pərviz İbayevin təqdimatı təmin edilməmişdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15.05.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilməsinə dair Bakı şəhəri Nizami RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Hüseyn Nağıyevin vəsatəti və bununla bağlı Bakı şəhəri Nizami rayon prokuroru Pərviz İbayevin təqdimatı təmin edilməmişdir. - toplanmış sübutların qiymətləndirilməsi haqqında 20.07.2020-ci il tarixli qərardan görünür ki, 15.05.2020-ci il tarixdə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barələrində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən qüvvədə saxlanılmış, 2 ədəd “DVD” disk maddi sübut kimi tanınmışdır. - Bakı Apellyasiya Məhkəməsinin 15.02.2021-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 06.02.2021-ci il tarixli, 4(007)-24/2021 saylı qərarı ləğv edilmiş, Təqsirləndirilən şəxs1 barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə). - “DVD” diskə köçürülmüş videogörüntüyə baxış zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatlar öz təsdiqini tapmışdır. Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 17 fevral 2006-cı il tarixli qərarında xuliqanlıq cinayət əməlinin məzmunu və tətbiqi məsələləri ilə bağlı aşağıdakı hüquqi mövqelərini ifadə etmişdir: “Xuliqanlıq cinayət əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Xuliqanlıq – öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. CM-in 221-ci maddəsi xuliqanlıq cinayət əməlini – ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli 1 №li qərarında göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin mənasına görə təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək zərərçəkmiş şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməsi toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs2 özünü təqsirli bilməməsinə dair ifadəsi özünü müdafiə xarakterli, məsuliyyətdən yayınmaq məqsədilə verilmiş ifadə kimi qiymətləndirilir. Təqsirləndirilən şəxs2 ifadəsində göstərdiyi xüsusatlar məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təkzib olundu. Təqsirləndirilən şəxs2 cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığı üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək zərərçəkmiş şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməsi toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs1 özünü təqsirli bilməməsinə dair ifadəsi özünü müdafiə xarakterli, məsuliyyətdən yayınmaq məqsədilə verilmiş ifadə kimi qiymətləndirilir. Təqsirləndirilən şəxs1 ifadəsində göstərdiyi xüsusatlar məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təkzib olundu. Təqsirləndirilən şəxs1 cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığı üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdikləri əməl az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.3.1-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər barəsində sınaq müddəti başa çatdıqda, çəkilməmiş əlavə cəzası olduğu hallarda isə həmçinin əlavə cəza icra olunub qurtardıqda məhkumluq ödənilmiş hesab olunur. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş 11.09.2020-ci il tarixli tələbnamədən görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs2 məhkumluğu haqqında məlumat yoxdur. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş 11.09.2020-ci il tarixli tələbnamədən və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29.08.2019-cu il tarixli, 1(007)-258/2019 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.3-cü maddələri ilə təqsirli bilinib CM-nin 66.2, 69.3 və 67.1-ci maddələrinə əsasən 2 il 5 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən təyin olunan cəza şərti tətbiq edilərək 1 il 6 ay sınaq müddəti müəyyən olunmuşdur - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10.06.2021-ci il tarixli, 7(007)-251/2021 nömrəli qərarından görünür ki, 01 iyun 2020-ci il tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 01 may 2020- ci il tarixli Qanununa əsasən Təqsirləndirilən şəxs1 Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19 sentyabr 2018-ci il tarixli hökmü ilə təyin edilmiş islah işləri növündə cəzanın çəkilməmiş qalan 09 (doqquz) ay 24 (iyirmi dörd) gün hissəsi azadlıqdan məhrum etmənin bir gününə dörd gün hesabı ilə bərabər tutulmaqla müəyyən olunan 02 (iki) ay 13 (on üç) gün müddətinə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 67.1 və 68.1.3-cü maddələrinə əsasən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29 avqust 2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 təyin edilmiş cəza ilə qismən toplanılmaqla onun üzərində qəti olaraq 2 (iki) il 4 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs1 sınaq müddəti başa çatmamış cinayət törətmişdir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət əməli törətməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxsin şikayətinin və tələbinin olmamasını, ailənin yeganə qazanc gətirəni olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulan ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs2 barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, qəsdin bilavasitə obyektini ictimai qayda, əlavə obyektini isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər təşkil etməsini, cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmamaqla barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Buna görə də, məhkəmə ona əməlinin tövsif olunduğu maddənin sanksiyası hüdudlarında islah işləri cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən Təqsirləndirilən şəxs2 13.05.2020-ci il tarixdən 15.05.2020-ci il tarixədək 2 gün həbsdə saxlanılması, həbsdə saxlamanın bir gününü islah işləri cəzasının dörd gününə hesablayaraq nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar yoxdur. Əvvəllər qəsdən cinayət törətmiş Təqsirləndirilən şəxs1 yenidən qəsdən cinayət törətməsi Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs1 barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, qəsdin bilavasitə obyektini ictimai qayda, əlavə obyektini isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər təşkil etməsini nəzərə alaraq hesab edir ki, təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən Təqsirləndirilən şəxs1 13.05.2020-ci il tarixdən 15.05.2020-ci il tarixədək 2 gün həbsdə saxlanılması nəzərə alınmaqla həbsdə saxlamanın bir gününü azadlıqdan məhrum etmənin bir gününə hesablayaraq nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin ediləcək cəzanın müddəti onun təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza olan azadlıqdan məhrum etmə cəzasının son həddinin yarısından az olmamalıdır. Azərbaycan Respublikası CM-nin 71.5-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxs sınaq müddətində qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə şərti məhkum etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Azərbaycan Respublikası CM-nin 67.1 və 67.4-cü maddələrinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Azərbaycan Respublikası CM-nin 71.5-ci maddəsini rəhbər tutaraq məhkəmə hesab edir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29.08.2019-cu il tarixli, 1(007)-258/2019 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs1 təyin olunmuş şərti məhkum etmə ləğv edilməli və Azərbaycan Respublikası CM-nin 67.1 və 67.4-cü maddələrinə əsasən həmin hökmlə ona təyin olunmuş (Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10.06.2021-ci il tarixli, 7(007)-251/2021 nömrəli qərarı nəzərə alınmaqla) 2 (iki) il 4 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin olunmuş cəzaya qismən birləşdirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübəsi haqqında” 28 iyun 2002-ci il tarixli, 2 №li qərarında göstərilir ki, şərti məhkum edilmiş şəxs sınaq müddəti ərzində yeni cinayət (qəsdən və ya ehtiyatsızlıqdan) törədərsə, məhkəmə CM-nin 71.4, 71.5-ci maddələrinə əsasən şərti məhkum etmənin ləğv edilməsi məsələsini həll edərkən, CM-nin 15-ci maddəsində təsbit edilmiş cinayətin təsnifatını nəzərə almaqla, cəzaçəkmə müəssisəsinin növünü CM-nin 56cı maddəsinin müəyyən etdiyi qaydalara uyğun olaraq təyin edir...Əgər törədilmiş cinayətlərdən heç biri xüsusilə ağır cinayət hesab edilmirsə, məhkuma ümumi rejimli cəzaçəkmə müəssisəsi təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən az ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilir. Qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının CPM-nin 346.1.19 - 346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı; Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli; Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılması nəzərə alınmalı; Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı əmək haqqından dövlət nəfinə ilk tutulmanın aparıldığı tarixdən hesablanmalı; Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı 07.07.2021-ci il tarixdən hesablanmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən iş üzrə maddi sübut olan 2 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs2 məhkəmədə göstərilmiş hüquqi yardım 50 iş saatı müddətinə bərabər olduğundan 300 (üç yüz) manat (50x6) məbləğində əmək haqqı, Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs1 istintaqda göstərilmiş hüquqi yardım 40 saat, məhkəmədə 50 saat, cəmi 90 iş saatı müddətinə bərabər olduğundan 540 (beş yüz qırx) manat (90x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə dövlət büdcəsi hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində hər ay qazancından dövlət nəfinə 15 % məbləğində pul tutulmaqla 1 (bir) il 6 (altı) ay müddətinə islah işləri cəzası təyin edilsin və cəzasını iş yeri üzrə çəksin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 13.05.2020-ci il tarixdən 15.05.2020-ci il tarixədək 2 gün həbsdə saxlanılması nəzərə alınmaqla həbsdə saxlamanın bir gününü islah işləri cəzasının 4 gününə hesablayaraq üzərində hər ay qazancından dövlət nəfinə 15 % məbləğində pul tutulmaqla 1 (bir) il 5 (beş) ay 22 (iyirmi iki) gün müddətinə islah işləri cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs2 əmək haqqından dövlət nəfinə ilk tutulmanın aparıldığı tarixdən hesablansın. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 13.05.2020-ci il tarixdən 15.05.2020-ci il tarixədək 2 gün həbsdə saxlanılması nəzərə alınmaqla həbsdə saxlamanın bir gününü azadlıqdan məhrum etmənin bir gününə hesablayaraq üzərində 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 71.5-ci maddəsinə əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29.08.2019-cu il tarixli, 1(007)-258/2019 saylı hökmü ilə Təqsirləndirilən şəxs1 təyin olunmuş şərti məhkum etmə ləğv edilsin və Azərbaycan Respublikası CM-nin 67.1 və 67.4-cü maddələrinə əsasən həmin hökmlə ona təyin olunmuş (Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10.06.2021-ci il tarixli, 7(007)- 251/2021 nömrəli qərarı nəzərə alınmaqla) 2 (iki) il 4 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasını hazırkı hökmlə təyin olunmuş cəzaya qismən birləşdirərək, üzərində qəti olaraq 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 07.07.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilsin və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılması nəzərə alınsın. Cinayət işi üzrə maddi sübut olan 2 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs2 məhkəmədə 50 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 oğluna 300 (üç yüz) manat əmək haqqı, Təqsirləndirilən şəxs1 istintaqda 40 saat, məhkəmədə 50 saat, cəmi 90 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 540 (beş yüz qırx) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №1(007)-32/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-32/2021
07.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver