Məhkəmə qərarları › İş №1(007)-320/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-320/2021

03.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-320/2021 03.11.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxxxx 1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, üçüncü qrup əlil, məhkumluğu olmayan, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi ev 49, mənzil 33-də qeydiyyatda olmaqla yaşamış, 22 iyul 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 24 iyul 2021-ci il tarixdə tutmadan azad edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, həmin qətimkan tədbirinin şərtlərini pozduğuna görə barəsində axtarış elan edilməklə 06 avqust 2021-ci il tarixdə tutulmuş, 07 avqust 2021-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, 22 iyul 2021-ci il tarixdə saat 15 radələrində X1 qanunsuz olaraq satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 0,347 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib daşıyaraq üstündə saxlamış, 22 iyul 2021-ci il tarixdə saat 16 radələrində Nizami rayon polis idarəsinin 24-cü polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 1 ünvanın qarşısında saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 81 ünvanda yerləşən Bakı şəhəri Nizami RPİ-nin 24-cü polis şöbəsinə aparılaraq orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş, ümumi təmiz çəkisi 0,347 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək tərtib edilmiş protokolla götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitələrin aludəçisidir, 2021-ci ilin təxminən əvvəllərindən narkotik vasitə istifadə etməyə başlamışdır. 22 iyul 2021-ci il tarixdə saat 16 radələrində Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, 76 ünvanının yaxınlığında olan zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxslər adını soruşduqdan sonra onu saxlayaraq polis şöbəsinə gətirmişlər. Polis şöbəsində otaqların birində olarkən hüquq vəzifələri izah olunmuş, hüquqlarını müdafiə etmək üçün vəkil dəvət olunmuşdur. Baxış zamanı ona təklif olunmuşdur ki, üzərində olan qeyri-qanuni əşyaları təqdim etsin. O, əynindəki boz rəngli cins şalvarın sağ yan cibində saxladığı şəffaf sellofana bükülmüş vəziyyətdə olan bir ədəd bükülünü çıxarıb təqdim etmiş, bükülünün içərisində olan maddənin narkotik vasitə, yəni “kokos” olduğunu, narkotik vasitəni 22 iyul 2021-ci il tarixdə saat 15 radələrində özü istifadə etmək məqsədi ilə Nizami rayonu, R.Rüstəmov küçəsi, 76 saylı binanın qarşısında tanımadığı şəxsdən 10 manata almışdır. Narkotik vasitəni alıb bir qədər uzaqlaşdıqdan sonra polis əməkdaşları tərəfindən saxlanılmışdır. Bundan sonra narkotik vasitə qablaşdırılaraq götürülmüş, zərfin üzərini və tərtib olunmuş protokolu imzalamışlar. Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi ifadəsi ilə məhkəmə baxışında verdiyi ifadə arasında əhəmiyyətli ziddiyyət olduğundan, Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən onun 08 sentyabr 2021-ci il tarixdə müdafiəçisinin iştirakı ilə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs həmin ifadəsində göstərmişdir ki, təxminən dörd aya yaxındır ki, narkotik vasitələrin aludəçisidir. 22 iyul 2021-ci il tarixdə saat 16 radələrində Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, 76 ünvanının yaxınlığında olan zaman ona iki nəfər mülki geyimdə şəxs yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxslər onun adını soruşduqdan sonra onu saxlayaraq polis şöbəsinə gətirmişlər. Polis şöbəsində otaqların birində olarkən ona hüquq vəzifələri izah olunmuş, həmçinin hüquqlarını müdafiə etmək üçün vəkil də dəvət olunmuşdur. Həmin otaqda hər kəsin iştirakı ilə ona təklif olunmuşdur ki, üzərində olan qeyri-qanuni əşyaları təqdim etsin. O əynindəki boz rəngli cins şalvarın sağ yan cibində saxladığı şəffav sellofana bükülmüş vəziyyətdə olan bir ədəd bükülünü çıxardıb təqdim etmişdir. Həmin bükülünün içərisində olan maddənin narkotik vasitə yəni “kakos” olduğunu qeyd etmişdir. Həmin narkotik vasitəni 22 iyul 2021-ci il də saat 15 radələrində 10 manat qiymətinə özü istifadə etmək məqsədi ilə Nizami rayonu, R.Rüstəmov küçəsi, 76 saylı binanın qarşısında əvvəlcədən tanıdığı İlham adlı şəxsdən almışdır. Narkotik vasitəni İlham adlı şəxsdən aldıqdan sonra bir qədər uzaqlaşdıqdan sonra polis əməkdaşları tərəfindən saxlanılmışdır. Sonda onun üzərindən aşkar edilərək götürülmüş içərisində narkotik vasitə olan bükülü zərfə qoyularaq möhürlənmıişdir və iştirakçılar tərəfindən imzalarla təsdiqlənmişdir. O, mütəmadi olaraq narkotik vasitə istifadə etdiyi üçün dəfələrlə İlham adlı şəxsdən narkotik vasitə almışdır. O, İlham adlı şəxsi uzun müddətdir ki, tanıyır, İlhamın soyadının Məmmədov, ata adının Tağı olduğunu və ünvan 4 ünvanını bilmədiyi mənzildə yaşadığını bilir. İlham adlı şəxs zahiri görünüşcə orta boylu, saçları yarı tökülmüş və dolu bədən quruluşludur. O, İlhamın istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə şəhərin müxtəlif yerlərindən taksafondan zəng edərək, qabaqcadan əlaqə saxlayır və İlhama narkotik vasitə almaq istədiyini bildirir, İlham isə nə zaman hara gəlməli olduğu barədə ona məlumat verir. İlham adlı şəxsin ondan başqa şəxslərə narkotik vasitə satması barədə az-çox məlumatı var, lakin həmin şəxsləri şəxsən tanımır, həmin şəxsləri üzdən görsə tanıya bilər. Saxlanılarkən və ya polis orqanına gətirilərkən polis əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki zor və ya təzyiq olmamışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında elan olunmuş həmin ifadəsinin narkotik vasitəni İlham adlı şəxsdən alması barədə olan hissəsi ilə razılaşmadığını bildirsə də, ibtidai istintaq zamanı ifadəni həmin qaydada verməsinin səbəbini izah edə bilməmişdir. Təqsirləndirilən şəxs məhkəmədə son sözündə əməlindən səmimi peşman olduğunu, özünün üçüncü qrup əlil, atasının ikinci qrup əlil, xəstə olduqlarını, ağır ailə və maddi vəziyyətlərini nəzərə alaraq, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü polis şöbəsinin cinayət axtarışı üzrə baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nizami rayonu ərazisində “Hacı” adlı şəxsin mütəmadi olaraq narkotik vasitələri əldə etməsi, eləcə də qəbulu ilə məşğul olması barədə əməliyyat yolu ilə əldə olunmuş məlumatı yoxlamaq məqsədi ilə 22 iyul 2021-ci il tarixdə əməliyyat qrupunun təşkil edilməsi barədə protokol tərtib olunmuş və əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul olunmuşdur. Bundan sonra keçirilmiş tədbirlər nəticəsində 22 iyul 2021-ci il tarixdə saat 16:00 radələrində Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi 76 saylı binanın yaxınlığında zahiri əlamətləri Hacı adlı şəxsin əlamətləri ilə üstüstə düşən, sonradan tanıdığı Təqsirləndirilən şəxs yaxınlaşıb özünü təqdim edərək, həmin şəxsi 24-cü polis şöbəsinə dəvət etmişlər və bu barədə raport yazmışlar. Polis şöbəsində xidməti otaqların birində onun və təhqiqatçı Şahid3 iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilmidşdir. Baxış keçirilməzdən əvvəl həmin şəxsə təklif edilmişdir ki, üzərində qeyri-qanuni əşya varsa könüllü olaraq təqdim etsin. Həmin təklifə əsasən Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən bir büküm şəffaf sellofana bükülmüş içərisində qəhvəyi rəngli, toz şəkilli, spesifik iyə malik maddəni təqdim etmiş, həmin maddənin “kokos” kimi tanıdığı narkotik vasitə olduğunu, bu maddəni 22 iyul 2021-ci il tarixdə saat 15 radələrində ünvan 1 binanın qarşısında İlham adlı şəxsdən aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs götürülmüş narkotik vasitəyə oxşar maddə zərfə qablaşdırılaraq DİN-nin 164 nömrəli möhürü ilə möhürlənmişdir. Həmin protokol iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış və götürmə zamanı videoçəkilişdən istifadə edilməklə qeydə alınmış videogörüntülər diskə köçürülərək protokola əlavə olunmuşdur. Həmin görüntülərlə də müəyyən olunur ki, Təqsirləndirilən şəxs narkotik vasitəni könüllü olaraq təqdim edir, hansı tarixdə, hansı mənbədən əldə etməsi barədə məlumat verir. Saxlanıldığı və üzərində şəxsi axtarış və götürmə aparıldığı müddətdə Təqsirləndirilən şəxs səmimi olmuş, ona qarşı hər hansı təzyiq olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞnin təhqiqatçısı Şahid3, Şahid2 ifadəsinə oxşar məzmunda ifadə vermişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü polis şöbəsinin cinayət axtarışı üzrə baş əməliyyat müvəkkili Şahid1 məhkəmə iclasında iştirak etmədiyindən istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş, müəyyən edilmişdir ki, onun ifadəsi digər şahid ifadələri ilə eyni məzmunlu olmuşdur. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 23 iyul 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilmişdir. (i.v. 1) - 22 iyul 2021-ci il tarixli protokoldan görünür ki, daxil olmuş məlumat əsasında həmin tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı saxlanılmış Təqsirləndirilən şəxs üzərində, videoçəkilişdən istifadə edilməklə, şəxsi axtarış və götürmə aparılmışdır. Təklif əsasında Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş, içərisində qəhvəyi rəngli, toz şəkilli, spesifik iyə malik maddəni təqdim edərək həmin maddənin “kokos” kimi tanıdığı narkotik vasitə olduğunu, bu narkotik maddəni 22 iyul 2021-ci il tarixdə saat 15 radələrində Nizami rayonu, R.Rüstəmov küçəsi 76 saylı binanın qarşısında İlham adlı şəxsdən aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs götürülmüş narkotik vasitəyə oxşar maddə zərfə qablaşdırılaraq DİN-nin 164 nömrəli möhürü ilə möhürlənmişdir. (i.v. 27-28) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 23 iyul 2021-ci il tarixli 6/3038 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “....Təqsirləndirilən şəxs üzərindən...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,347 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: heroinin təmiz çəkisi 0,347 qram olmuş, tədqiqata 0,050 qram sərf edilmiş, 0,297 qram qalıq qalmışdır. (i.v. 38-42) - 24 iyul 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 0,347 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin maddi sübut kimi tanınmış, tədqiqatlardan sonrakı qalıq hissəsi 0,297 qram Nizami RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmişdir. (i.v. 49) -Bakı şəhəri Nizami RPİ-nin 24-cü polis şöbəsinin 01 sentyabr 2021-ci il tarixli 089- 18457-1221 nömrəli məktubundan görünür ki, Nizami RPİ-nin istintaq şöbəsinin əməliyyat tapşırığına əsasən keçirilmiş əməliyyat tədbirləri ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitənin satan şəxs Bakı şəhər sakini X3r. Həmin şəxs Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqi Rəşadət Axundovun icraatında olan cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və barəsində həbs qətimkan tədbiri seçilmişdir. (i.v. 111) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji tibbi yoxlamasının 19 avqust 2021-ci il tarixli 2971 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09.02.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 117-118) - 07 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə yeni məzmunda ittiham elan olunmuş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, barəsindəki cinayət işinin materiallarından X5 haqqında material ayrılıb müvafiq istintaq hərəkətləri keçirilməsi üçün onun barəsindəki cinayət işinə əlavə olunması qərara alınmışdır. (i.v. 119-123) Məhkəmə iclasında cinayət prosesi iştirakçılarının iştirakı ilə 22 iyul 2021-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılarkən qeydə alınmış videogörüntülərin olduğu bir ədəd CD diskə baxış keçirilmişdir. Videogörüntülərə baxış zamanı müəyyən olunmuşdur ki, təhqiqatçının təklifi əsasında Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş, içərisində qəhvəyi rəngli, toz şəkilli maddəni təqdim edərək həmin maddənin “kokos” kimi tanıdığı narkotik vasitə olduğunu, bu narkotik maddəni 22 iyul 2021-ci il tarixdə saat 15 radələrində Nizami rayonu, R.Rüstəmov küçəsi, 76 saylı binanın qarşısında İlham adlı şəxsdən aldığını bildirmişdir. Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanun-suz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 saylı, 27 dekabr 1996-cı il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan şəkildə yazılmalı, iş üzrə müəyyən olunmuş hallar, sübutlar və məhkəmənin nəticələri hökmdə ciddi məntiqi ardıcıllıqla şərh edilməlidir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək qeyd edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəni X1 aldığı nəzərə alınaraq, onun barəsindəki cinayət işinin materiallarından material ayrılıb müvafiq istintaq hərəkətləri keçirilməsi üçün X2 barəsindəki cinayət işinə əlavə olunmuşdur və nəticəsindən asılı olaraq hüquqi qiymət veriləcəkdir. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, məhkəmə ekspertizalarının rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 145.1 və 145.2-ci maddələrinin tələbləri baxımından sübutları qiymətləndirərək, hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında narkotik vasitəni İlham adlı şəxsdən deyil, tanımadığı şəxsdən aldığına dair ifadəsi işin faktiki müəyyən olunmuş hallarına əsasən təkzib olunur, verilmiş ittihamın əsaslılığına təsir etmir, o cümlədən nəzərə alınmalıdır ki, təqsirləndirilən şəxs saxlanıldığı zaman onun üzərində narkotik vasitənin aşkar olunması faktını etiraf edir və əməlindən səmimi peşman olduğunu bilrirərək, barəsində yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur, bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 22 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 15) - 24 iyul 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təqdimat verilməsi barədə müstəntiqin vəsatətinin müdafiə edilməsindən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən imtina edilmişdir. (i.v. 68-69) - 24 iyul 2021-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin İŞ-nin müstəntiqi tərəfindən Təqsirləndirilən şəxs tutmadan azad olunaraq barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 70-71) - 02 avqust 2021-ci il tarixli qərardan görünür ki, istintaqın çağırışından yayındığına və olduğu yer məlum olmadığına görə Bakı şəhəri Nizami RPİ-nin İŞ-nin müstəntiqi tərəfindən Təqsirləndirilən şəxs axtarışı elan olunmuş və tutulması qərara alınmışdır. (i.v. 77) - 06 avqust 2021-ci il tarixli protokoldan görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs həmin tarixdə tutulmuşdur. (i.v. 81) - 07 avqust 2021-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 02 ay 16 gün həddində müəyyən edilməklə, həbsetmənin əvvəli 06 avqust 2021-ci il tarixdən hesablanmışdır. (i.v. 87-90) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 13 avqust 2021-ci il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 fevral 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il 06 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, qazancından dövlət nəfinə 20% məbləğində pul tutulmaqla, 02 il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Bakı şəhər probasiya şöbəsindən əldə edilmiş məlumata görə, Azərbaycan Respublikası Milli Məclisinin “28 May - Respublika günü münasibətilə amnistiya elan edilməsi haqqında” 20 may 2016-cı il tarixli Qərarına əsasən Təqsirləndirilən şəxs həmin cəzadan azad edilmişir. (i.v. 97-99, 114-116) - 067920 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ümumi səbəbdən üçüncü qrup əlil kimi Nizami rayon ƏSMM-də qeydiyyatdadır. (i.v. 110) - 094110 nömrəli vəsiqənin surətindən görünür ki, X4 (təqsirləndirilən şəxsin atası) ümumi səbəbdən ikinci qrup əlil kimi Nizami rayon ƏSMM-də qeydiyyatdadır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinin tələbləri baxımından qeyd edir ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxs hesab edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal qismində Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Lakin məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən səmimi peşmançılıq çəkməsini, özünün üçüncü qrup əlil, atasının ikinci qrup əlil olmalarını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinin tələblərinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən 25 iyun 2003-cü il tarixli qərarında həmçinin göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan hüquqları üzrə Avropa Məhkəməsi də öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət əməli törətməsini, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halın olmamasını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olması qənaətinə gələrək, hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmamaqla barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-3.1 və 51-2.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzasını yaşayış yeri üzrə çəkməli və cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırkı işlə bağlı 22 iyul 2021-ci il tarixdən 24 iyul 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulmuşdur, 06 avqust 2021-ci il tarixdən hal-hazıra, 03 noyabr 2021-ci il tarixədək isə həbsdə saxlanılır. Ona görə məhkəmə hesab edir ki, ümumilikdə həmin 02 ay 29 gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin olunacaq cəzanın müddətindən çıxılaraq, təqsirləndirilən şəxsin üzərində qəti müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli olduğundan, onun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilib, hökm qanuni qüvvəyə minənədək, başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz olunmalı və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; baxış və götürmə aparılmasının videogörüntülərinin əks olunduğu bir ədəd CD disk maddi sübut qismində saxlama müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalı, təqsirləndirilən şəxsdən aşkar edilərək götürülməklə Nizami RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilən, ekspertiza tədqiqatından sonra qalıq qalmış narkotik vasitə məhv edilməli; CPM-nin 198.1ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə qeyd edir ki, baxmayaraq ki, Ambulator Məcburi-Narkoloji tibbi yoxlama zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” 09 fevral 2006-cı il tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq, Təqsirləndirilən şəxs İİİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməməlidir, lakin əks göstəriş olmadığından o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin ibtidai istintaqda və məhkəmədə, iş materialları ilə tanış olmaqla birlikdə, təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət ümumilikdə 70 iş saatı müddətinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli 202 saylı qərarına əsasən) hüquqi xidmətə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla dəvət olunmuş müdafiəçiyə müvafiq hesablaşma hesabı üzərindən əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə 22 iyul 2021-ci il tarixdən 24 iyul 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün və 06 avqust 2021-ci il tarixdən 03 noyabr 2021-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) ay 27 (iyirmi yeddi) gün, ümumilikdə 02 (iki) ay 29 (iyirmi doqquz) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılıb, üzərində qəti olaraq 01 (bir) il 06 (altı) ay 02 (iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 22:00dan növbəti gün saat 07:00-dək yaşayış yerini, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilib, hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz olunsun və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Bir ədəd CD disk maddi sübut qismində cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın, Təqsirləndirilən şəxs aşkar edilərək götürülməklə Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilən, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,297 qram olan narkotik vasitə heroin məhv edilsin. Məhkəmə məsrəfi olan 81,82 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs ibtidai istintaqda və məhkəmədə, iş materialları ilə tanış olmaqla birlikdə, ümumilikdə 70 saat göstərdiyi pulsuz hüquqi yardıma görə dəvət olunmuş Müdafiəçi 420 manat əmək haqqı "xxxx" ASC-nin “Qara Qarayev” filialı, kod 200145, VÖEN **********, m/h- AZ37NABZ013501**********1944, SWİFT BİK AİİBAZ2X, hesab - AZ33AİİB********************, VÖEN - ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı vəkil bürosu vasitəsi ilə Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar