Məhkəmə qərarları › İş №1(007)-321/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-321/2023

19.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-321/2023 19.05.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxx 1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, İnzibati bina, ev 8-də qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əsədullayev küçəsi, döngə 8-də nömrəsiz fərdi evdə yaşamış, 05 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 07 fevral 2023-cü il tarixdə tutmadan azad olunaraq barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, eyni tarixdə yenidən şübhəli şəxs qismində tutulmuş, 10 fevral 2023-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.2 və 180.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs insanların həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə özgə əmlakını təkrarən açıq talayıb soyğunçuluq etmişdir. Belə ki, o, özgənin əmlakını açıq talama məqsədi ilə 23 yanvar 2023-cü il tarixdə saat 14 radələrində ünvan 1 ünvanında səyyar lotoreya satışı ilə məşğul olan Zərərçəkmiş şəxs2 yaxınlaşıb sonuncudan ona qutuda olan lotoreya biletlərini verməsini istəmiş, Zərərçəkmiş şəxs2 qutuda olan lotoreyaları ona vermək istədiyi zaman sonuncunu əli ilə itələyib yerə yıxaraq həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edib Zərərçəkmiş şəxs2 əlində olan 01 ədədi 01 manat təşkil edən 200 ədəd “Qızıl” adlı lotoreya biletini dartaraq alıb açıq talayaraq hadisə yerindən qaçmaqla Zərərçəkmiş şəxs2 ümumilikdə 200 manat məbləğində maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını açıq talama məqsədilə 27 yanvar 2023-cü il tarixdə saat 19 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 116 ünvanında səyyar lotoreya satışı ilə məşğul olan Zərərçəkmiş şəxs1 yaxınlaşıb sonuncudan özü seçməsi üçün 10 manat dəyərində olan 67 ədəd lotoreya biletlərini verməsini istəmiş, Zərərçəkmiş şəxs1 həmin biletləri ona vermək istədikdə ümumi dəyəri 670 manat olan 67 ədəd lotoreya biletlərini Zərərçəkmiş şəxs1 əlindən dartaraq alıb açıq talayaraq hadisə yerindən qaçmaqla Zərərçəkmiş şəxs1 ümumilikdə 670 manat məbləğində maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.2 və 180.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər Nizami rayonunda yerləşən “8-ci km bazarı”nda səyyar şəkildə paltar sataraq qazanc əldə etmişdir. Sonralar isə işləmədiyi üçün maddi sıxıntılar yaşamışdır. 23 yanvar 2023-cü il tarixdə saat təxminən 13 radələrində yaşadığı evdən çıxıb Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsinə getmişdir. Orada bir nəfər təxminən 50-55 yaşlarında kişinin avtobus dayanacağının yaxınlığında piştaxtanın üzərində səyyar şəkildə lotoreya biletləri satdığını görmüşdür. Həmin şəxsə yaxınlaşıb 1 ədədinin dəyəri 1 manat olan 3 ədəd lotoreya bileti alıb həmin yerdə pozmuş, lakin heç bir uduş əldə edə bilməmişdir. Lotoreya satan, sonradan tanıdığı Zərərçəkmiş şəxs2 əlavə olaraq 7 ədəd “Qızıl” adlı lotoreya verməsini istəmişdir. Zərərçəkmiş şəxs2 ona vermək üçün piştaxtadan bir bağlama “Qızıl” lotoreya götürmüşdür. Bu zaman o, Zərərçəkmiş şəxs2 əlində olan bir bağlama “Qızıl” adlı lotoreyanı götürmək üçün əli ilə onu itələmiş və dərhal həmin lotoreya paçkasını götürərək qaçmağa başlamışdır. Zərərçəkmiş şəxs2 onun arxasınca qışqıraraq dayanmasını desə də, o, qaçmağa davam etmiş və oradan uzaqlaşmışdır. Daha sonra avtobusa minərək əvvəlcə Suraxanı rayonu ərazisinə, sonra isə yaşadığı mənzilə getmişdir. Evdə lotoreya biletlərini nəzərdən keçirərkən orada ümumilikdə 200 ədəd “Qızıl” adlı lotoreya biletinin olduğunu görmüşdür. Həmin biletləri pozduqda cəmi 72 manat uduş qazanmışdır. Uduşlu lotoreya biletlərini “Neftçilər” metrostansiyası ərazisində yerləşən tanımadığı başqa bir səyyar lotoreya satıcısına vermiş və 72 manat pulunu götürmüşdür. Əldə etdiyi qazancı öz şəxsi tələbatlarına sərf etmişdir. Bundan başqa, 27 yanvar 2023-cü il tarixdə saat 19 radələrində pula ehtiyacı olduğu üçün Nizami rayonu, Q.Qarayev prospekti, 116 ünvanında “Xalqlar Dostluğu” metrostansiyası yaxınlığında lotoreya biletlərinin satışı ilə məşğul olan yaşlı bir kişiyə, sonradan tanıdığı Zərərçəkmiş şəxs1 yaxınlaşmış və lotoreyaları baxaraq seçim etməsi üçün ona verməsini demişdir. O, Zərərçəkmiş şəxs1 2 ədəd 5 manatlıq bilet istəmişdir. Zərərçəkmiş şəxs1 ona 2 ədəd bilet verən zaman o, biletləri özü seçmək istədiyini bildirmişdir. Zərərçəkmiş şəxs1 onunla razılaşmış və seçim etməsi üçün əlindəki bir ədədi 5 manat olan topa şəklində biletləri ona vermişdir. O, Zərərçəkmiş şəxs1 biletləri götürdükdən sonra dərhal üzü “Neftçilər” metrostansiyası istiqamətində qaçmağa başlamışdır. Qaçan zaman Zərərçəkmiş şəxs1 onun arxasınca qaça bilməmiş, qışqıraraq lotoreyaları qaytarmasını demişdir. Lakin o, qaçmağa davam etmiş, sonra izi itirmək üçün ara küçələrlə yoluna davam etmişdir. “Dakar” dairəsinin yaxınlığında avtobusa minərək yaşadığı evə getmişdir. Evdə olan zaman Zərərçəkmiş şəxs1 götürdüyü biletlərə baxmış və ümumilikdə 67 ədəd lotoreya biletinin olduğunu görmüşdür. Həmin biletlərin şifrəli hissəsini bir-bir pozaraq baxmağa başlamış, 67 ədəd lotoreya biletindən ümumilikdə 195 manat uduş əldə etmişdir. Daha sonra uduşlu biletləri ünvanını xatırlamadığı yerlərdə hissə-hissə olmaqla təhvil vermiş və 195 manat qazanc əldə etmişdir. Əldə etdiyi məbləği isə şəxsi və ailə ehtiyacları üçün sərf etmiş, yemək, müxtəlif zəruri tələbat məhsulları almışdır. Təqsirləndirilən şəxs ifadəsində daha sonra maddi ehtiyaclarına görə bu əməlləri törətdiyini, imkanı olmadığına görə zərərçəkmişlərə dəymiş ziyanı ödəyə bilmədiyini, əməlindən peşman olduğunu göstərmiş və barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 25 yanvar 2023-cü il tarixdən etibarən Nizami rayonu, Q.Qarayev prospekti, 116 ünvanında “Xalqlar Dostluğu” metrostansiyasının yaxınlığında fərdi qaydada lotoreya biletlərinin satışı ilə məşğul olmağa başlamışdır. Gündəlik olaraq “Azərlotoreya” şirkətindən əvvəlcədən ödəniş etmək şərtilə lotoreya biletləri alıb-sataraq ailəsini dolandırmış, satılmayan biletləri isə qaytararaq yenisi ilə əvəz etmişdir. Həmin biletləri səyyar şəkildə daşına bilən piştaxtanın üzərinə qoyaraq satmışdır. 27 yanvar 2023-cü il tarixdə saat təxminən 19 radələrində iş başında olan zaman bir nəfər, sonradan tanıdığı Təqsirləndirilən şəxs gələrək ondan bir ədədi 10 manata olan lotoreya bileti istəmişdir. O, Vüsala bilet verdikdə Vüsal biletləri özünün seçmək istədiyini bildirmişdir. O da əlində toplu şəkildə olan biletləri seçməsi üçün Vüsala vermişdir. Biletləri verən zaman Vüsal onları götürüb dərhal üzü “Neftçilər” metrostansiyası istiqamətində qaçmağa başlamışdır. O, yaşlı və yorğun olduğu üçün qaça bilməmişdir. Lakin qışqıraraq Vüsalı dayandırmaq və lotoreya biletlərini geri almaq üçün ona səslənmişdir. Vüsal isə ona məhəl qoymayıb qaçaraq oradan uzaqlaşmışdır. Hadisə vaxtı o, Vüsala hər birinin dəyəri 10 manat olan 67 ədəd lotoreya bileti vermişdir. Hadisə nəticəsində ona ümumilikdə 670 manat məbləğində maddi ziyan dəymişdir. Dəymiş maddi ziyan indiyədək ödənilmədiyinə görə Təqsirləndirilən şəxs şikayətçidir, pulunun qaytarılmasını tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, bir müddətdir ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsində “Azərlotoreya”ya məxsus səyyar bilet satışını həyata keçirir, dolanışığını bu yolla təmin edir. Gündəlik olaraq öz vəsaiti hesabına “Azərlotoreya” şirkətindən əvvəlcədən ödəniş etmək şərti ilə biletlər alır və satır. Biletləri alan zaman “Azərlotoreya”ya əvvəlcədən ödəniş edərək alır, satılmayan biletləri isə qaytararaq yenisi ilə əvəz edir. Biletləri alan zaman pulunu əvvəlcədən ödədiyi üçün biletlər ona məxsus olmuşdur. 23 yanvar 2023-cü il tarixdə saat təxminən 15 radələrində Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsində səyyar bilet satışı ilə məşğul olan zaman bir nəfər şəxs, sonradan tanıdığı Təqsirləndirilən şəxs ona yaxınlaşaraq 7 ədəd lotoreya bileti almaq istədiyini bildirmişdir. O, 7 ədəd lotoreya biletini çıxarıb təqdim etmək istəyərkən Vüsal ondan əlavə bağlı qutularda olan biletləri seçib götürmək istəmişdir. O, buna etiraz etməmiş, həmin qutuda olan bileti çıxardıqda Vüsal onu əli ilə itələyib əlində olan 01 ədədi 01 manat olan 200 ədəd, ümumilikdə 200 manatlıq “Qızıl” adlı lotoreya biletini alıb qaçaraq uzaqlaşmışdır. O, 2-ci qrup əlil olduğu üçün Vüsalın arxasınca qaça bilməmişdir. Vüsal qaçan zaman arxadan ona lotoreya biletlərini qaytarması üçün dəfələrlə səslənməsinə baxmayaraq Vüsal ona məhəl qoymayıb qaçaraq oradan uzaqlaşmışdır. Vüsal biletləri götürüb qaçan zaman onu vurmamış, sadəcə əli ilə itələmiş, həmin vaxt yıxıldığı üçün ayağı piştaxtaya dəymişdir. Lakin heç bir xəsarət almamışdır. Ona dəymiş 200 manat məbləğində maddi ziyan ödənilmədiyinə görə Təqsirləndirilən şəxs şikayətçidir, pulunun qaytarılmasını tələb edir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 08 fevral 2023-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə Nizami RPİ-nin İŞ-də Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) - 28 yanvar 2023-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, müstəntiq tərəfindən Zərərçəkmiş şəxs1 və hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ona qarşı soyğunçuluq cinayətini törətdiyi yer Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 116 ünvanıdır. (i.v. 7-8) - 09 fevral 2023-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, müstəntiq tərəfindən Təqsirləndirilən şəxs ifadəsi müdafiəçisinin iştirakı ilə yerində yoxlanılması zamanı o, hadisə yerini əyani olaraq göstərib soyğunçuluq əməlini hansı qaydada törətdiyini ifadəsində göstərilən qaydada izah etmişdir. (i.v. 51-52) - 09 fevral 2023-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, 27 yanvar 2023-cü il tarixdə Nizami rayonu, Q.Qarayev prospekti, 116 ünvanında soyğunçuluq hadisəsi baş verən zaman qeydə alınmış videogörüntüyə baxış keçirilmişdir. Baxış zamanı 27 yanvar 2023-cü il tarixdə saat 19 radələrində qeyd olunan ünvanda yolun metronun “Xalqlar Dostluğu” ilə üzbəüz olan hissəsində səkinin üzərində Zərərçəkmiş şəxs1 qarşısında qoyduğu piştaxtanın üzərində lotoreya biletləri satdığı, bu zaman orta boylu, qara geyimli, zahirən Təqsirləndirilən şəxs bənzəyən şəxsin ona yaxınlaşdığı, bir qədər nə isə danışdıqları, sonra Zərərçəkmiş şəxs1 lotoreya biletlərini Təqsirləndirilən şəxs bənzər şəxsə verdiyi, daha sonra sonuncunun həmin lotoreya biletlərini götürərək qəfildən üzü “Neftçilər” metrostansiyası istiqamətində qaçdığı görünmüşdür. Videogörüntüyə baxışda müdafiəçisi ilə birlikdə iştirak edən Təqsirləndirilən şəxs videogörüntüdə lotoreya biletlərini götürərək qaçan şəxsin özü olduğunu bildirmişdir. (i.v. 53) - 02 fevral 2023-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə Sabunçu RPİ-nin İŞ-də Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 85) - 18 mart 2023-cü il tarixli qərardan görünür ki, Sabunçu RPİ-nin İŞ-dən daxil olmuş ********* nömrəli cinayət işi Nizami RPİ-nin İŞ-də istintaqı aparılan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş və sonuncu nömrə altında istintaq aparılmışdır. (i.v. 80-81) - 23 yanvar 2023-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, müstəntiq tərəfindən Zərərçəkmiş şəxs2 və hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ona qarşı soyğunçuluq cinayətini törətdiyi yer ünvan 1 ünvanında yerləşən lombardın qarşısıdır. (i.v. 92-94) - 27 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsindən həmin Məcəllənin 180.2.2 və 180.2.4-cü maddələrinə tövsif edilmiş, əməlində Azərbaycan Respublikası CM-nin 177 və 181-ci maddələrinin tərkib əlamətləri olmadığından barəsində həmin maddələrlə cinayət təqibinin başlanması rədd edilmiş, 27 yanvar 2023-cü il tarixdə baş vermiş soyğunçuluq hadisəsinin görüntülərinin qeydə alındığı 01 ədəd CD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. (i.v. 175-180) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il Qərarına əsasən qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Oğurluq edilərkən, təqsirli şəxsin hərəkətləri mülkiyyətçi və ya əmlakın digər sahibi, yaxud da digər şəxs tərəfindən aşkar edilərsə, təqsirli şəxs bunu dərk etsə də, əmlakın qanunsuz götürülməsindən ibarət hərəkətlərini davam etdirərsə və ya həmin əmlakı saxlamağa çalışarsa, o zaman belə hərəkətlər soyğunçuluq, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə müşayiət edildiyi hallarda isə quldurluq kimi tövsif edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, zərərçəkmiş şəxsləri, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.2 və 180.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin ifadələri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 180.2.2 və 180.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 180.2.1 və 180.2.4-cü maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 180.2.2 və 180.2.4-cü maddələrinə əsasən soyğunçuluq, yəni özgənin əmlakını açıq talama - təkrar; insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə törədildikdə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: -Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin CA üzrə əməliyyat müvəkkilinin 08 fevral 2023-cü il tarixli raportundan görünür ki, 24-cü PŞ-nin təhqiqatçısı Mir-Ülfət Abbasovun icraatında olan material üzrə 28 yanvar 2023-cü il tarixli əməliyyat tapşırığı əsasında hadisəni törətmiş Təqsirləndirilən şəxs müəyyən edilərək 07 fevral 2023-cü il tarixdə saxlanılaraq polis şöbəsinə gətirilmişdir. (i.v. 13) - 08 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 31-32) - 10 fevral 2023-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 03 ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 07 fevral 2023-cü il tarixdən hesablanmışdır. (i.v. 71-75) - 05 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi həmin tarixdə saat 14:30-da tutulmuşdur. (i.v. 126) - 07 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair məhkəməyə təqdimat verilməsi barədə müstəntiqin vəsatətinin müdafiə olunmasından ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən imtina edilmiş, onun saxlanıldığı Sabunçu RPİ-nin MSY-dən azad olunması qərara alınmışdır. (i.v. 161-163) -Bakı şəhəri Sabunçu RPİ-nin istintaq şöbəsinin müstəntiqinin 07 fevral 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (i.v. 165-166) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 04 mart 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. (i.v. 171) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.2 və 180.2.4-cü maddələri ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal qismində Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsində, cəzasını ağırlaşdıran hal qismində həmin Məcəllənin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir. Məhkəmənin qənaətinə görə, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir, ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.2 və 180.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu, həbsdə saxlanıldığı və ev dustaqlığında saxlanıldığı müddətlər onun həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Sabunçu RPİ-nin İŞ-də istintaq olunan cinayət işi üzrə 05 fevral 2023-cü il tarixdə saat 14:30-da şübhəli şəxs kimi tutulmuş, 07 fevral 2023-cü il tarixdə saat 10:25-dən saat 11:30-dək təqsirləndirilən şəxs qismində dindirildikdən və barəsində qətimkan tədbiri məsələsi həll olunaraq tutmadan azad edilməklə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, 07 fevral 2023-cü il tarixdə saat 20-21 radələrində isə Nizami rayonu ərazisində, həmin rayon Pİ-nin İŞ-nin istintaq şöbəsinin icraatında olan cinayət işi üzrə şübhəli şəxs qismində saxlanılmışdır. Təqsirləndirilən şəxs barəsində tutma protokolu 08 fevral 2023-cü il tarixdə tərtib edilsə də 10 fevral 2023-cü il tarixdə məhkəmə onun barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatət və təqdimata baxarkən həmin halı müəyyən etdiyindən həbsetmənin əvvəlini məhz onun azadlığının faktiki məhdudlaşdırıldığı 07 fevral 2023-cü il tarixdən hesablamışdır. Belə olan halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı işlə bağlı Sabunçu RPİ-nin İŞ-də 05 fevral 2023-cü il tarixdən 07 fevral 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmaqla, üzərində qəti müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı isə ilkin tutulmadan azad olunduqdan bir neçə saat sonra, yəni 07 fevral 2023-cü il tarixdə saat 20-21 radələrində Nizami RPİ-nin əməkdaşları tərəfindən yenidən şübhəli şəxs qismində tutulduğu vaxtdan hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur, zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyan tam ödənilməsə də, onlar tərəfindən məhkəməyədək icraat və məhkəmə icraatı zamanı qanunla müəyyən edilmiş müddətdə və qaydada mülki iddia verilməmişdir, Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır, belə olan halda, məhkəmə hesab edir ki, göstərilənlərə əsasən ziyanın ödənilməsini tələb etdikləri halda zərərçəkmiş şəxslər mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilərlər, onlara bu hüquqları izah edilməlidir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış 01 ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza iş üzrə keçirilməmişdir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.2 və 180.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından, vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 15 iş saatı müddətinə bərabər tutularaq, (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.2 və 180.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 05 fevral 2023-cü il tarixdən 07 fevral 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılıb, üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 07 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut qismində tanınmış 01 ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı 15 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən 90 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə dəymiş ziyanı tələb etdikləri halda, mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilmək hüquqları zərərçəkmiş şəxslərə izah edilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar