Məhkəmə qərarları › İş №1(007)-321/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-321/2024

26.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-321/2024 26.07.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxx 1990-cı il tarixdə Saatlı rayonunun Azadkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, iki uşağı olan, məhkumluğu olmayan, fərdi qaydada işləyən, Saatlı rayonunun Azadkənd kəndində qeydiyyatda olan, Abşeron rayonu, Masazır qəsəbəsi, Zəngilan şəhərciyi, ev 12, mənzil 46-da yaşayan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Belə ki, o, 29 mart 2024-cü il tarixdə saat 23 radələrində ictimai yer olan ünvan 1 ünvanında yerləşən “Ərşad” adlı kafenin qarşısında həmin kafedə ofisiant kimi işləyən Zərərçəkmiş şəxs kafedə sifariş verib içdiyi çayın pulunu ondan haqlı olaraq istəməsini bəhanə edərək, heç bir əsaslı səbəb olmadan özünün şəxsiyyətini Zərərçəkmiş şəxs şəxsiyyətinin fövqündə üstün qoymaqla, ictimai və şəxsi mənafeyə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərərək ətrafdakılarin narahatlığına səbəb olmaqla Zərərçəkmiş şəxs nalayiq ifadələrlə təhqir etməklə sonuncuya qarşı zor tətbiq edərək sifət nahiyəsinə qəsdən bir dəfə əli ilə sillə vuraraq Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmaya aid sağ yanağın iç səthinin selikli qişasının qansızması və əzilmiş yarası, üzün sağ yanaq nahiyəsinin zəif nəzərə çarpan şişkinlik halında əzilməsi xəsarətini yetirməklə xuliqanlıq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 16 ilə yaxındır ünvan 1 ünvanında yerləşən “8-ci km bazarı”nda arabaçı işləyir. 29 mart 2024-cü il tarixdə saat 23 radələrində işdə olan zaman çay içmək üçün qeyd olunan ünvanın yaxınlığındakı “Ərşad” adlı kafeyə getmişdir. Masaların birində əyləşərək çay sifariş vermişdir. Çay içdikdən sonra üzərində pul olmadığı üçün orada ofisiant işləyən Zərərçəkmiş şəxs çayın pulunu verəcəyini demişdir. Lakin Tamaşa ona kobud cavab verərək bildirmişdir ki, “çayı içmisən, pulunu ver”. O isə cavabında pulu olmadığını deyərək kafedən çölə çıxmışdır. Kafedən çölə çıxdıqdan sonra Tamaşa onun arxası ilə çölə çıxdığı üçün əsəbləşərək onu söyüb təhqir etmişdir. Bu zaman Tamaşa da onu söyüb təhqir etdiyi üçün əsəbləşərək Tamaşanın sifət nahiyəsinə bir dəfə sillə zərbəsi vurmuşdur. Aralarında baş vermiş mübahisə təxminən 3-5 dəqiqə ərzində davam etmiş, mübahisəyə ətrafda olan tanımadığı şəxslər şahid olmuşlar. Təqsirləndirilən şəxs ifadəsində daha sonra əməlindən səmimi peşman olduğunu, himayəsində iki azyaşlı uşağı olduğunu, zərərçəkmiş şəxslə barışdığını nəzərə alaraq, ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, ünvan 1 ünvanında yerləşən “Ərşad” adlı kafedə ofisiant kimi işləyir. 29 mart 2024-cü il tarixdə saat 23 radələrində işdə olan zaman Təqsirləndirilən şəxs onun ofisiant kimi işlədiyi həmin kafeyə gələrək masaların birində əyləşərək çay sifariş etmişdir. O da Elburusun oturduğu masaya çay aparmışdır. Bir qədər oturduqdan sonra Elburus masadan duraraq getmək istədikdə çayın pulunu istəmiş, Elburus isə cavabında pulu olmadığını, sonra gətirib verəcəyini deyərək kafedən çıxmışdır. O da Elburusun arxası ilə çıxaraq çayın pulunu istəmişdir. Elburus isə onu söyüb təhqir etməyə başlamışdır. Buna görə iradını bildirdikdə Elburus bir dəfə sillə zərbəsi ilə sifət nahiyəsinə vurmuş, daha sonra ayağından vurub yerə yıxmışdır. Elburus onu vurduqdan sonra ətrafda olan tanımadığı şəxslər gələrək onu ayırmışlar və Elburus çıxıb getmişdir. Çayın pulu olan 3 manat ödənişi isə başqa şəxs ödəmişdir. Baş vermiş mübahisə təxminən 3-5 dəqiqə ərzində davam etmişdir. Mübahisə zamanı ətrafda olan tanımadığı şəxslər hadisəyə şahid olmuşlar. Zərərçəkmiş şəxs 25 iyul 2024-cü il tarixdə məhkəməyə daxil olmuş ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs heç bir şikayəti yoxdur. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 31 mart 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən döyülərək xəsarət alması barədə ərizəsi əsasında toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş icraat açılmışdır. (i.v. 1) - 04 avqust 2023-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs və hal şahidlərinin iştirakları ilə hadisə yerinə baxış keçirilmiş, xuliqanlıq hadisəsinin ünvan 1 ünvanında yerləşən “Ərşad” çay evinin qarşısında baş verməsi müəyyən edilmişdir. (i.v. 5-6) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 publik hüquqi şəxsin Nizami rayon şöbəsinin 04 aprel 2024-cü il tarixli 268 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs sağ yanağın iç səthinin selikli qişasının qansızması və əzilmiş yarası, üzün sağ yanaq nahiyəsinin zəif nəzərə çarpan şişkinlik halında əzilməsi olmuşdur. Qeyd olunan xəsarətlər - bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2024-cü il tarixdə alınmaları mümkündür, dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olduğu üçün sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Xəsarətlərin lokalizasiya və xüsusiyyətlərini nəzərə alaraq, demək olar ki, həmin xəsarətin şəxsin özü tərəfindən özünə yetirilməsi, eləcə də özboyu hündürlüyündən yıxılması nəticəsində alınmaları inandırıcı deyil. (i.v. 25-27) - 14 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi sübuta yetirildiyindən məhkəməyədək sadələşdirilmiş icraat materialının Nizami rayon prokurorluğu vasitəsilə Nizami Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. (i.v. 68-70) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli Qərarının 2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmə, dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, ekspertiza rəyi və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 221.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər - min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 12 aprel 2024-cü il və 16 iyul 2024-cü il tarixli tələbnamələrdən, hökmün və qərarın sürətlərindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 14 sentyabr 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 29,177.2.1 və 29,177.2.3-cü maddələri ilə təqsirli bilinib, 3500 manat miqdarında cərimə cəzasına məhkum olunmuş; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 iyul 2019cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 69.3 və 67.1-ci maddələrinə əsasən qəti olaraq 3500 manat miqdarında cərimə və 01 il 03 ay 20 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzalarına məhkum edilmiş, CM-nin 68.2-ci maddəsinə əsasən cərimə cəzasının müstəqil icra olunması qərara alınmış; Abşeron Rayon Məhkəməsinin 18 iyul 2019-cu il tarixli qərarı ilə cərimə cəzası qazancından dövlət nəfinə 20% məbləğində pul tutulmaqla 02 il müddətinə islah işləri cəzası ilə əvəz edilmiş, Abşeron rayon icra və probasiya şöbəsinin müvafiq olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Probasiya Xidməti və Azərbaycan Respublikası Baş prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsi ilə razılaşdırılmış 29 dekabr 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021ci il tarixli Amnistiya Qərarının 2.8-ci bəndinə əsasən həmin cəzadan azad edilmişdir. (i.v. 38-39, 60-67) -Şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, X1 30 iyun 2014-cü il tarixdə, X2 25 fevral 2023-cü il tarixdə doğulmuşlar. Məhkəmə Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinin tələbi baxımından qeyd edir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir və o, məhkumluğu olmayan şəxs hesab olunur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Eləcə də, Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən 23 mart 2004-cü il tarixli Qərarının 13-cü bəndi ilə məhkəmələrə tövsiyyə edilmişdir ki, xuliqanlığa görə cəza təyin edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla hər bir halda törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaqla təqsirləndirilən şəxslərə düzgün və ədalətli cəza təyin etsinlər. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmayan uşaqlarının olmasını və zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin müvafiq olaraq 59.1.4 və 59.1.12-ci maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən 25 iyun 2003-cü il tarixli Qərarında həmçinin göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən böyük ictimai təhlükə törətməyən cinayət əməli törətməsini, cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halın isə olmamasını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olması qənaətinə gələrək, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün cəmiyyətdən təcrid olunmamaqla barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəza təyin edilməlidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırkı işlə bağlı tutulmamış, həbsdə saxlanılmamışdır. Ona görə məhkəmə hesab edir ki, cəza müddətinin hesablanması və cəzanın hesaba alınması zamanı Azərbaycan Respublikası CM-nin 69cu maddəsinin müddəalarının tətbiqi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 23.1-ci maddəsinə əsasən məhkum cəriməni hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürməklə ödəməlidir. Ona görə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin edilməsi nəzərdə tutulan cərimə hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürülməklə ödənilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1.13–346.1.22-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müvafiq məsələlər müşavirə otağında məhkəmə tərəfindən müzakirə edilməlidir. Məhkəmə həmin məsələləri müzakirə edərək qeyd edir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olmadığından cəzaçəkmə müəssisəsinin növü müəyyən edilmir; onun təqsirləndirildiyi maddədə əlavə cəza nəzərdə tutulmamışdır; barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün əsaslar yoxdur; zərərçəkmiş şəxs tərəfindən məhkəməyədək icraat və məhkəmə icraatı zamanı mülki iddia verilməmişdir; iş üzrə maddi sübut qismində hər hansı əşya və ya predmet tanınmamışdır; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza keçirilməmişdir; təhqiqat orqanı tərəfindən məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə qətimkan tədbiri seçilməmişdir, hazırda da buna əsaslar və zərurət yoxdur. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair iş üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından qərar əsasında dövlət hesabına dəvət olunmuş vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddətə görə Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 1500 (bir min beş yüz) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Cərimə hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürülməklə ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı 20 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən 120 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar