Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-321/2025 14.08.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Vəliyeva Nazlı Eldar qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxx 1976-cı il tarixdə Ucar rayonunun Alpout kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, altı uşağı olan, fərdi qaydada işləyən, məhkumluğu olmayan, Ucar rayonunun Alpout kəndində qeydiyyatda olan, Bakı şəhəri Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 23-də yaşayan, 24 yanvar 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 26 yanvar 2025-ci il tarixdə tutmadan azad olunaraq barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddə metamfetamini xeyli miqdarda əldə edib saxlayaraq daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, təmiz çəkisi 0,674 qram psixotrop maddə metamfetamin əldə etmiş, özündə saxlamaqla daşımış, Bakı şəhəri Nizami rayon polis idarəsinin 23-cü polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 24 yanvar 2025-ci il tarixdə saat 21:34 radələrində ünvan 1 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılaraq, həmin ünvanda videoçəkiliş aparılmaqla üzəri yoxlanılarkən əynində olan göy rəngli cins şalvarının sağ yan kiçik cibindən 01 ədəd ağ kağız bükümdə, xeyli miqdarda, təmiz çəkisi 0,674 qram olan kristalşəkilli, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bu hərəkəti ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 24 yanvar 2025-ci il tarixdə Bakı şəhəri Nizami rayonu ərazisində üzdən tanıdığı lakin şəxsi məlumatlarını bilmədiyi şəxsdən 8 manat müqabilində şəxsi istifadəsi üçün “patı” kimi tanıdığı psixotrop maddəni alaraq saxlamışdır. 24 yanvar 2025-ci il tarixdə ünvan 2 ünvanının qarşısında olan zaman mülki geyimdə olan 3 nəfər şəxs ona yaxınlaşaraq özlərini Nizami RPİ-nin 23-cü PŞ-nin əməkdaşları kimi təqdim etmiş, onun narkotik vasitələrin və ya psixotrop maddələrin isifadəsi, daşınması və saxlanılmasında şübhəli olduğunu və bunun uçun də onun üzərində axtarış keçirəcəklərini bildirmişlər. Həmin ünvanda videoçəkiliş aparmaqla onun üzərinə polis əməkdaşları axtarış keçirilmişdir. Bundan əvvəl ona üzərində qanunla qadağan olunmuş əşya, narkotik vasitə və ya psixotrop maddə varsa təqdim edilməsi təklif olunmuşdur. O da üzərində olan psixotrop maddənin gizlədilməsinin qeyri-mümkün olduğunu, üzərindəki maddənin axtarış zamanı tapılacağını fikirləşdiyindən əynində olan göy rəngli cins şalvarının sağ yan kiçik cibindən 01 ədəd ağ rəngli kağız bükümü, şalvarının sol yan cibindən “Samsung” markalı telefonunu və şalvarının sağ yan cibindən açarları polis əməkdaşlarına təqdim etmişdir. Daha sonra polis əməkdaşları tərəfindən onun üzərinə axtarış davam etdirilmiş, üzərindən qanunla qadağan olunmuş başqa heç bir əşya aşkar olunmamışdır. Açar onun özünə qaytarılmış, üzərindən aşkar olunmuş telefon götürülmüşdür. Polis əməkdaşları tərəfindən ona üzərindən aşkar olunmuş 01 ədəd ağ rəngli kağız bükümün içərisindəki maddənin nə olduğu və nə üçün əldə etdiyi soruşulduqda o, həmin bükümün içərisindəkinin “patı” kimi tanıdığı psixotrop maddə olduğunu, 24 yanvar 2025-ci il tarixdə Nizami rayonu ərazisində üzdən tanıdığı lakin adını bilmədiyi şəxsdən 8 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Daha sonra üzərindən çıxan bükümdəki maddə polis əməkdaşı tərəfindən içərisi boş zərfə qoyularaq qablaşdırılmış və ona məxsus telefonu ilə birgə götürülmüşdür. 24 yanvar 2025-ci il tarixdə psixotrop maddəni satan şəxsin adını bilmir, arıq bədən quruluşlu olan şəxs olmuşdur. O, saxlanılan zaman və ya sonradan polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki və ya psixi təzyiq tətbiq edilməmişdir. Onun üzərində şəxsi axtarış videoçəkiliş vasitəsi ilə polis əməkdaşları tərəfindən saxlanılan zaman aparılmışdır. Ondan əvvəl üzərində hansısa şəxsi axtarış aparılmamışdır. Polis əməkdaşları tərəfindən o, 23-cü polis bölməsinə aparılmış, orada otaqların birində üzərində keçirilmiş axtarışla bağlı protokol tərtib olunmuş, o və polis əməkdaşları tərəfindən imzalanmışdır. 23-cü PŞ-də təhqiqatçı tərəfindən müdafiəçi ilə təmin edilmiş, narkotik vasitələrin və ya psixotop maddələrin dövriyyəsində şübhəli olduğu üçün şübhəli şəxs qismində tutulmuş və təhqiqatçı tərəfindən izahatı alınmışdır. Onun 6 uşağı vardır. Onlardan dördü yetkinlik yaşına çatmamış və ya azyaşlıdırlar, bir uşağı isə həqiqi hərbi xidmətdədir. Təqsirləndirilən şəxs son sözündə əməlindən səmimi peşman olmasını, yetkinlik yaşına çatmayan və azyaşlı uşaqlarının olmasını nəzərə alaraq, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Nizami RPİ-nin 23-cü PŞ-nin CA üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Ona “Xaləddin” adlı şəxs barəsində narkotik vasitə və ya psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuş, bu barədə əməliyyataxtarış tədbirləri keçirilməsi məqsədilə rəhbərliyə məruzə olunmuş və rəhbərlik tərəfindən ondan, Nizami RPİ-nin 23-cü PŞ-nin əməliyyat müvəkkilləri Şahid2 və X1 ibarət əməliyyat qrupu yaradılmışdır. 24 yanvar 2025-ci il tarixdə Keşlə qəsəbəsi N.Abdullayev küçəsi 21 ünvanında olarkən Təqsirləndirilən şəxs görmüşlər, üzərinə baxış keçirmək məqsədilə ona yaxınlaşaraq özlərini təqdim etmiş, onun narkotik vasitələrin və ya psixotrop maddələrin istifadəsi, daşınması və saxlanılmasında şübhəli olduğunu, bunun uçun də onun üzərində axtarış keçirəcəklərini bildirmişlər. Şahid2 tərəfindən videoçəkilişə başlanılmışdır. Həmin ünvanda şəxsin üzərinə axtarış keçirməzdən əvvəl ona hüquq və vəzifələri izah edilmiş, üzərində qanunla qadağan olunmuş əşya, narkotik vasitə vəya psixotrop maddə varsa təqdim edilməsi təklif etmişlər. Təqsirləndirilən şəxs da əynində olan göy rəngli cins şalvarının sağ yan kiçik cibindən 01 ədəd ağ rəngli kağız bükümü, şalvarın sol yan cibindən telefonunu və şalvarın sağ yan cibindən açarları təqdim etmişdir. Daha sonra polis əməkdaşları tərəfindən onun üzərinə axtarış davam etdirilmiş, üzərindən qanunla qadağan olunmuş başqa heç bir əşya aşkar olunmamışdır. Açarlar onun özünə qaytarılmış, üzərindən aşkar olunmuş telefon sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüşdür. Polis əməkdaşları tərəfindən ona üzərindən aşkar olunmuş 01 ədəd ağ rəngli kağız bükümün içərisindəki maddənin nə olduğu və nə üçün əldə etməsi soruşulduqda o, həmin bükümün içərisində “patı” kimi tanıdığı psixotrop maddə olduğunu, 24 yanvar 2025-ci il tarixdə Nizami rayonu ərazisində üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 8 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən çıxan bükümdəki maddə içərisi boş 01 ədəd zərfə qoyularaq qablaşdırılmış, DİN-nin 163 nömrəli möhürü ilə möhürlənmiş və ona məxsus telefon ilə birgə götürülmüşdür. Daha sonra əməliyyat şəraiti ilə əlaqədar onu 23-cü polis şöbəsinə aparmışlar, orada otaqların birində üzərində keçirilmiş axtarışla bağlı protokol tərtib olunmuş, o və polis əməkdaşları tərəfindən imzalanmışdır. 23-cü PŞ-də təhqiqatçı tərəfindən müdafiəçi ilə təmin edilmiş, Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotop maddələrin dövriyyəsində şübhəli olduğu üçün şübhəli şəxs qismində tutulmuşdur. Qeyd edilən tədbir zamanı tərəflərindən Təqsirləndirilən şəxs qarşı qanunsuz hərəkətə yol verilməmiş, incidilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin CA üzrə əməliyyat müvəkkili Şahid2, Şahid1lə eyni məzmunlu ifadə vermişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin CA üzrə əməliyyat müvəkkili X2 iştirakı mümkün olmadığından həmin dövrdə verdiyi ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş, onun digər şahidlərlə eyni məzmunlu ifadə verdiyi müəyyən olunmuşdur. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 25 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) - 24 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, əməliyyat-axtarış tədbiri zamanı 24 yanvar 2025-ci il tarixdə saat 21:34-də ünvan 3 ünvanının qarşısında saxlanılmış Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı o, əynində olan göy rəngli cins şalvarının sağ yan kiçik cibindən 01 ədəd ağ kağıza bükümü təqdi etmişdir. Həmin ağ kağız bükümə baxış zamanı içərisində psixotrop maddəyə bənzər, kristal şəkilli kütlə aşkar olunmuşdur. Sonra üstünün yoxlanılması zamanı Təqsirləndirilən şəxs əynində plan göy rəngli cins şalvarının sol yan cibindən “Samsung” markalı mobil telefon aşkar olunaraq götürülmüşdür. Üzərindən qanunla dövriyyəsi qadağan edilmiş başqa əşya və ya predmet aşkar edilməmişdir. Narkotik vasitəyə bənzər kütlə qablaşdırılmış və möhürlənmiş, saxlanılan şəxs və iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. Şübhəli şəxs suallara cavab olaraq, üzərindən aşkar olunmuş maddənin “patı” kimi tanıdığı narkotik vasitə olduğunu, həmin maddəni tanımadığı şəxsdən aldığını bildirmişdir. Protokolu yerində tərtib etmək üçün şərait olmaması səbəbindən Nizami RPİ-nin 23-cü PŞ-nin inzibati binasında tərtib edilmişdir. Protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır. (i.v. 10-11) - 24 yanvar 2025-ci il tarixli və 26 yanvar 2025-ci protokoldan görünür ki, 24 yanvar 2025-ci il tarixdə, saat 21:34 dəqiqədə ünvan 4 ünvanında Təqsirləndirilən şəxs saxlanılaraq üstünün yoxlanılması zamanı 1 ədəd bükümdə ağ rəngli, kristal şəkilli narkotik vasitəyə bənzər maddə aşkar edilərək qablaşdırılması və götürülməsi raportda qeyd olunmuş və aidiyyəti üzrə təqdim olunmuşdur. Təqdim olunan zərfə baxış keçirilmiş, zərfin tamlığının pozulmaması, imzalanmış və möhürlənmiş vəziyyətdə olması müəyyən edilmişdir. DVD-də olan görüntülərdə təhqiqata təqdim olunan narkotik maddəyə bənzər kütlənin aşkar olunması, Təqsirləndirilən şəxs ondan aşkar olunmuş maddənin narkotik vasitə olması baradə bildirməsi əksini tapmışdır. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, protokol imzalarla təsdiq edilmişdir. Diskdə olan görüntülərə 26 yanvar 2025-ci il tarixdə müstəntiq tərəfindən təqsirləndirilən şəxsin və müdafiəçisinin iştirakları ilə baxış keçirilərkən yuxarıda qeyd olunanların öz təsdiqini tapdığı müəyyən edilmişdir. (i.v. 16, 77-78) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə fiziki-kimyəvi ekspertizasının 25 yanvar 2025-ci il tarixli 6/375 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün № 163” möhür əksi, “Saxlanılan şəxs: Təqsirləndirilən şəxs...” və s. yazıları, soyadlar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0, 674 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbacan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: metamfetaminin təmiz çəkisi 0,674 qram olmuş, tədqiqata yarım 0,1 qram sərf edilmiş, 0,574 qram qalıq qalmışdır. (i.v. 43-46) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji tibbi yoxlamasının 25 yanvar 2025-ci il tarixli 403 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 63-64) - 04 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən öz qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin maddə ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən onun psixotrop maddə metamfetamini polis əməkdaşlarına təqdim etməsi narkotik vasitə, psixotrop maddələri könüllü təhvil vermə və narkotik vasitə, psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin açılmasında və bu əməlləri törətmiş şəxslərin aşkar edilməsində, cinayət yolu ilə əldə edilmiş əmlakın tapılmasında fəal iştirak etmə kimi qiymətləndirilməmiş, buna görə də o, cinayət məsuliyyətindən azad edilməmiş, Təqsirləndirilən şəxs psixotrop maddəni əldə etdiyi mənbəni müəyyən etmək üçün cinayət işindən material ayrılaraq Nizami RPİ-nin 23-cü PŞ-nə göndərilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş xeyli miqdarda, təmiz çəkisi 0,674 qram olan 01 ədəd ağ kağız bükümdə psixotrop maddə metamfetamin və şəxsi axtarış və götürmənin videogörüntülərini əks etdirən 1 ədəd DVD disk maddi sübut kimi tanınmış, tədqiqatdan sonra qalıq qalan təmiz çəkisi 0,574 qram olan psixotrop maddə metamfetaminin saxlanılması üçün Nizami RPİ-nin maddi sübutların saxlanc kamerasına təhvil verilmiş, 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmış, Təqsirləndirilən şəxs aşkar edilmiş 01 ədəd “Samsung Galaxy A23” markalı mobil telefon və 01 ədəd açar iş üzrə sübut əhəmiyyəti kəsb etmədiyindən maddi sübut kimi tanınmamış və özünə qaytarılması nəzərə alınmış, "xxxx" MMC tərəfindən daxil olmuş 18 fevral 2025-ci il tarixli məktuba əlavə edilmiş 01 ədəd CD disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarında saxlanılması nəzərə alınmışdır. (i.v. 131-136) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarının 4-cü və 5-ci bəndlərinə əsasən məhkəmələrə izah edilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə müəyyən olunmuşdur. Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək qeyd edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddənin əldə olunma mənbəyi barədə material ayrılmışdır, nəticəsindən asılı olaraq hüquqi qiymət veriləcəkdir. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadəsi, məhkəmə ekspertizasının rəyi və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur, bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 24 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 26-27) - 26 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami rayon prokuroru tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqda məhkəməyə təqdimat verilməsinə dair Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqinin vəsatətinin müdafiə edilməsindən imtina olunmuş və onun barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi qərara alınmışdır. (i.v. 83-85) - 26 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqi tərəfindən Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 87-88) - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 07 fevral 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəlki məhkumluqları ödənilmidir, məhkumluğu yoxdur. (i.v. 106-108) -Doğum haqqında şəhadətnamələrin surətlərindən və arayışdan görünür ki, X6 14 fevral 2010-cu il tarixdə, X3 02 iyun 2012-ci il tarixdə, X4 27 yanvar 2019-cu il tarixdə, X5 26 fevral 2023-cü il tarixdə doğulmuşlar. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmayan və azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən 25 iyun 2003-cü il tarixli Qərarında həmçinin göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət əməli törətməsini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olması qənaətinə gələrək, hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmamaqla barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırkı işlə bağlı 24 yanvar 2025-ci il tarixdən 26 yanvar 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulmuşdur. Ona görə məhkəmə hesab edir ki, həmin 02 gün müddət azadlıqdan məhrum etmə müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin olunacaq cəzanın müddətindən çıxılaraq, təqsirləndirilən şəxsin üzərində qəti müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-3.1 və 51-2.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzasını yaşayış yeri üzrə çəkməli və cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini, habelə gün ərzində Bakı və Sumqayıt şəhərlərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli olduğundan, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış təqsirləndirilən şəxsdən aşkar edilərək götürülməklə Nizami RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilən, ekspertiza tədqiqatından sonra qalıq qalmış psixotrop maddə məhv edilməli, içərisində videogörüntülərin əks olunduğu 01 ədəd disk və içərisində müvafiq məlumatlar olan 01 ədəd CD disk saxlama müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalıdır; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə, Ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi qaydada müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından qərar əsasında dövlət hesabına dəvət olunmuş vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi xidmətlərə görə (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına və xx.xx.2025-ci il tarixli 141 saylı qərarla edilmiş dəyişikliyə əsasən hesablanaraq) əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə 24 yanvar 2025-ci il tarixdən 26 yanvar 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, 04 (dörd) günə bərabər sayılmaqla təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılıb, üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 23:00dan növbəti gün saat 07:00-dək yaşayış yerini, habelə gün ərzində Bakı və Sumqayıt şəhərlərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi qaydada müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Maddi sübut qismində tanınmış, Təqsirləndirilən şəxs aşkar edilərək götürülməklə Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilən, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,574 qram olan psixotrop maddə metamfetamin məhv edilsin, içərisində şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videogörüntülərin əks olunduğu 01 ədəd DVD disk və "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Məhkəmə məsrəfi olan 110 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı dövründə göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən 286 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-321/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-321/2025
14.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver