Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-323/2022 01.09.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami rayon Мəhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlunun sədrliyi ilə, məsləhətçi (məhkəmə iclas katibi) X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1980-cı ildə Rusiya Federasiyasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində bir azyaşlı uşağı olan, ali təhsilli, əvvəllər məhkum olunmamış, "xxxx" QSC-də işləyənı, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, ünvan 2anda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 16 mart 2022-ci il tarixdə saat 00:07 radələrində ünvan 3 ünvanın qarşısında idarə etdiyi “RANGE ROVER SPORT” markalı ** HA *** dövlət qeydiyyat nişanlı avtomaşınla Koroğlu metrostansiyası istiqamətində hərəkətdə olan zaman «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni təhlükə yaranandan sonra nəqliyyat vasitəsi piyadanın vurulduğu yerdən dayanma yolundan hər hansı böyük məsafələrdə olarkən sürücünün tormozlama əməliyyatı aparmaqla yolu artıq keçməkdə olan piyadaya kimi nəqliyyat vasitəsinin dayandırmağa texniki imkanı olduğu halda, bunu etməyərək yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq yolu sağdan sola doğru keçən piyada X2 avtomaşının ön hissəsi ilə vurub sonuncuya ehtiyatsızlıqdan canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid ağciyərin, dalağın zədələnməsi, sol tərəfdən İİİ,İV.V.VLVİİ,Vİİİ qabırğaların yayılmış sınıqları, sol baldırın açıq, çoxqəlpəli, yerdəyişmiş mürəkkəb sınığı, sol bazunun qapalı, qəlpəli, yerdəyişmiş sınığı, baş beyinə, qişalarına, mədəciklərinə qansızma, bədənin yumşaq toxumasının əzilmiş cırılmış yaraları və sıyrıqlarından ibarət xəsarətlər yetrimiş, həmin xəsarətlərdən skelet sümüklərinin çoxsaylı sınıqları və daxili üzvülərin zədələnməsi nəticəsində baş vermiş kəskin qanitirmə Güloğlan Mirzəyevin ölümünə səbəb olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətində “Airbus” Hava Gəmisinin kapitanıdır. Ailəlidir və himayəsində bir azyaşlı övladı var. 16 mart 2022-ci il tarixdə saat 00:07 radələrində özünə məxsus RANGE ROVER SPORT minik markalı ** HA *** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı Nizami rayonu istiqamətində, Nizami rayonu Heydər Əliyev prospekti ilə saatda təxminən 90 km/saat surətlə əsas yolun sağdan sola üçüncü xətti ilə “Koroğlu” metrostansiyası istiqamətində hərəkətdə olarkən, Heydər Əliye prospekti 130 ünvana təxminən 15 metr məsafədə yolu sağdan sola qaçaraq keçən bir nəfəri görmüş və həmin şəxsin dayandığı yerə, yəni Heydər Əliyev prospekti 130 saylı ünvanda qarşısına çatmağa təxminən 3-4 metr qalmış həmin şəxs yolu keçmək üçün qaçmağa başlamışdır. Bu zaman avtomobili yolun soluna doğru hərəkət etdirməyə başlasa da avtomobilin sol ön qanadının sol ön hissəsi ilə həmin şəxsi vurmuşdur. Həmin şəxsin başı avtomobilin ön şüşəsinin sol hissəsinə dəymiş və yolun əks istiqamətində asfalt örtüyün üzərinə yıxılmışdır. Avtomobili dərhal dayandırıb avtomobildən enərək TTYS-nın 103 xidmətinə və DİN-nin 102 xidmətinə zəng vuraraq hadisə barədə məlumat vermişdir. Hadisə yerinə TTYS-nın əməkdaşları gəlmiş və həmin şəxsin dünyasını dəyişdiyini bildirmişlər. Hadisədən sonra zərərçəkmiş şəxsin hüquqi varisinə dəymiş ziyanı tam olaraq ödəmiş və barışıq əldə etmişdir. Törətdiyi cinayət əməlindən səmimi peşmandır, barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsiri özünün səmimi etirafından başqa zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi ilə və iş üzrə toplanmış digər sübutlarla tam təsdiq edilmişdir. Belə ki, məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X6 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxs X5 ilə 2006-cı ildə rəsmi nigah bağlamaqla ailə həyatı qurmuşdur. Onların rəsmi nigahından 1 övladları vardır. Həyat yoldaşı G.X11 prospektində yerləşən “Ət Bazarı" deyilən yerdən ət alaraq Bakı şəhərində yerləşən müxtəlif dükanlara sataraq ailəsini dolandırmışdır. Həyat yoldaşı G.Mirzəyev 15 mart 2022-ci il tarixdə saat 22 radələrində yaşadıqları mənzildən çıxıb işə getmişdir. 16 mart 2022-ci il tarixdə saat 02:30 radələrində həyat yoldaşı G.X8 prospektində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində həyatını itirməsi barədə onlara məlumat verilmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X3 məhkəməyə daxil olmuş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur. İşdə olan «Yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında» 16 mart 2022-ci il tarixli protokoldan görünür ki, hadisə ünvan 4 ünvanda baş vermişdir. İşdə olan 16 mart 2022-ci il tarixli 2/4733 nömrəli «Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin tibbi müayinəsi» aktından görünür ki, Təqsirləndirilən şəxs ayıq vəziyyətdə olmuşdur. İşdə olan Azərbaycan Respublikası DİN-in BDYPl-nin xx.xx.2022-ci il tarixli 087- 11912-1221 nömrəli məktubundan görünür k, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə BA412150 nömrəli «B1, B» kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. İşdə olan «Videogörüntüyə baxış keçirilməsi haqqında» xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, görüntü xx.xx.2022-ci il tarixi əhatə edir və görüntüdə olan yer ünvan 5 ünvanın qarşısından keçən yolda bir nəfər şəxs yolu sağan sola keçməsi və görüntünün 00.07.10 saniyəsində yolu keçən bir nəfər şəxsi qara rəngli avtomobil vurması müşahidə olunur. İşdə olan məhkəmə-tibb ekspertizasının 16 aprel 2022-ci il tarixli 51 saylı rəyindən görünür ki, müayinə zamanı mərhum X1 bədənində - ağciyərin, dalağın zədələnməsi, sol tələfdən İİİ,İV,V,Vİ,Vİİ,Vİİİ qabırğaların yayılmış sınıqları, sol baldırın açıq, çoxqəlpəli, yerdəyişmiş mürəkkəb sınığı, sol bazunun qapalı, qəlpəli, yerdəyişmiş sınığı, baş beyinə, qişalarına, mədəciklərinə qansızma, bədənin yumşaq toxumasının əzilmiş cırılmış yaraları və sıyrıqları ilə müşayiət olunan xəsarətlər aşkar edilmişdir. Qeyd edilən xəsarətlər həyatidirlər, ölümdən az əvvəl, yəni xx.xx.2022-ci il tarixdə bərk küt əşyanın (əşyaların) təsirindən piyada qismində olarkən avtomaşınla vurulma nəticəsində əmələ gələ bilərlər, dərəcələrinə görə ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmanın əlamətlərini daşıyırlar və baş vermiş ölümlə bilavasitə səbəbli əlaqəlidirlər. X1 ölümünə skelet sümüklərinin çoxsaylı sınıqları və daxili üzvlərin zədələnməsi nəticəsində baş vermiş kəskin qanitirmə səbəb olmuşdur. Ölüm meyit meyitxanada müayinə olunduğu vaxtdan 8-12 saat əvvəl baş verə bilərdi. X1 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti aşkar edilmişdir. İşdə olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 08 iyun 2022-ci il tarixli 8/1310 saylı rəyindən görünür ki, “RANGE ROVER SPORT” ** HA *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan 22 iyun 2022-ci il tarixli qərardan görünür ki, iş üzə maddi sübut kimi tanınmış «RANGE ROVER SPORT» markalı **-HA-*** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs verilmiş, iş üzrə maddi sübüt kimi tanınmış 01 ədəd DVD disk isə cinayət işinə əlavə olunmuşdur. İşdə olan 22 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İşdə olan Nikah və doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs ailəlidir və himayəsində bir azyaşlı uşağı vardır. İşdə olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan və zərərçəkmiş şəxsin hüquqi varisi X3 notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur, gələcəkdə də heç bir iddiası olmayacaqdır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutların məcmuyuna əsasən qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsini, himayəsində azyaşlı uşağının olmasını və zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır, cəzanı ağırlaşdıran hallar isə müəyyən etmir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Habelə qərarda qeyd edilir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və həmin əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin İctimai təhlükəlilik dərəcəsi isə onun törədilməli hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilməsi dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla tprədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərara əsasən, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növünün və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qərarda həmçinin qeyd olunur ki, şərti məhkumetmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyasında üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi az ağır cinayətlər kateqoriyasına daxildir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarında qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən, şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Həmin Məcəllənin 70.5-ci maddəsinə əsasən, məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoya bilər. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Məhkəmə işin hallarını, qanunvericiliyin tələblərini və Plenum qərarlarında qeyd olunan xüsusatları nəzərə alaraq, Təqsirləndirilən şəxs cəza çəkmədən islah olunmasını mümkün sayır və hesab edir ki, ona törətdiyi cinayəti nəzərdə tutan maddənin sanksiyasında müəyyən edilmiş həddə təyin olunacaq azadlıqdan məhrumetmə cəzası sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq olunmalıdır. Мəhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının, Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən şərti olaraq tətəbiq edilməsini «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.1-ci maddəsinin şərh edilməsi haqqında» Аzərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 dekabr 2010-cu il tarixli qərarındakı hüquqi mövqeyi baxımından da əsaslı hesab edir. Belə ki, həmin qərarda qeyd edilmişdir ki, şərti məhkum etmə məhkumun məhkəmənin qərarı ilə təyin edilmiş və müvafiq sınaq müddəti ərzində icra edilməyən cəzadan müəyyən şərtlərlə azad edilməsidir. Lakin qeyd etmək lazımdır ki, şərti məhkum etmə törədilmiş cinayətə görə təyin edilmiş cəzadan azad olunma kimi qəbul edilməməlidir. Belə ki, məhkəmənin qərarı ilə tətbiq edilmiş şərti məhkum etmə məhkumun cinayət məsuliyyətindən və ya cəzadan azad olunmasını nəzərdə tutmur, əksinə məhkum barəsində cəzanın növü və müddəti, şərti məhkum edilmiş şəxsin davranışına nəzarətin həyata keçirilmə müddəti müəyyən edilir. Cinayət qanunvericiliyi şərti məhkum etmənin cinayət-hüquqi təsir tədbiri olmasından irəli gələrək, məhkəmənin məhkumun üzərinə müəyyən vəzifələrin qoyulmasını tələb edir və həmin vəzifələrin icrası onun hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. Bunlara onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək və s. daxildir (Cinayət Məcəlləsinin 70.5-ci maddəsi). Şərti məhkum etmə cəza növü olmasa da cəzanın bir çox xüsusiyyətlərini özündə ehtiva edir. “Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin və Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 180.3-cü maddəsinin müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 22 sentyabr 2008-ci il tarixli Qərarında qeyd edilir ki, “ … şərti məhkum etmə xüsusi cinayət hüquqi təsir tədbiri olmaqla öz təbiəti etibarilə cinayət məsuliyyətinin realizə olunmasının bir forması və cəzanın real çəkilməsindən azad edilmə institutu kimi çıxış edir”. Bununla yanaşı qeyd olunmalıdır ki, şərti məhkum etmə cəzanın məhkəmə hökmü ilə cinayətin törədilməsində təqsirli bilinən şəxsə qarşı tətbiq etməni və belə şəxs üçün müəyyən məhrumiyyətlərin olmasını özündə ehtiva edir. Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsinin tələbinə əsasən, iş üzrə xüsusi müsadirənin tətbiq edilməsinə əsaslar müəyyən edilməmişdir. İş üzrə ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzə maddi sübutlar - «RANGE ROVER SPORT» markalı **-HA-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalı və 01 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. İş üzrə mülki iddia verilməmişdir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351- 353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzası 01 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Sınaq müddətinın əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs davranışına nəzarət etmək Bakı Probasiya İdarəsinə həvalə edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzə maddi sübutlar - «RANGE ROVER SPORT» markalı **-HA-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın və 01 ədəd DVD disk cinayət işində saxlanılsın. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №1(007)-323/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-323/2022
01.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver