Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-323/2023 20.09.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxx 1960-cı il tarixdə Ağdam rayonunun Qaradağlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, məhkumluğu olmayan, işləməyən, Ağdam şəhəri, Vidadi küçəsi, ev 1-də qeydiyyatda olan, Ağdam rayonunun Qaradağlı kəndində yaşayan, axtarışda olan şəxs kimi 28 fevral 2023-cü il tarixdə tutulmuş, 02 mart 2023-cü il tarixdə tutmadan azad olunaraq barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, həmin qətimkan tədbirinin şərtlərini pozaraq məhkəmədən gizləndiyindən 02 avqust 2023-cü il tarixdə haqqında axtarış elan edilmiş, qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmiş, 25 avqust 2023-cü il tarixdə həbs edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib dələduzluq etmişdir. Belə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə, heç bir səlahiyyəti olmadığı halda, tanışı Şahid1 sonuncunun qohumu Zərərçəkmiş şəxs dostunun övladı X2 Gürcüstan dövlətində ali təhsil alması barədə diplomunu Azərbaycan Respublikası Təhsil Nazirliyində təsdiq etdirəcəyinə dair yalan vəd verib onun cinayətkar niyyətindən xəbərsiz olan Şahid1 aldadaraq sonuncunun etibarından sui-istifadə edib bu adla Şahid1 22 aprel 2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 25 ünvanında yerləşən “Faxralı” kafesində Qəzənfər Qurbanlıya məxsus 5000 manat nağd pul vəsaitini alıb ələ keçirməklə Zərərçəkmiş şəxs ümumilikdə 5000 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs və Şahid1 Mamedoviçi əvvələr tanımamışdır, Yusubla onu öz dostu Şahid2 tanış etmişdir. 2022-ci ilin aprel ayının ortalarında Rəsul dostunun oğlunun Gürcüstanda aldığı ali təhsil diplomunu Azərbaycan Respublikası Təhsil Naziliyində təsdiqlətməyə kömək etməsini ondan xahiş etmişdir. Həmin vaxt pula ehtiyacı olduğundan Rəsula yalandan bildirmişdir ki, həmin nazirlikdə qohumları işləyir və həmin məsələni 5000 manat müqabilində həll edə bilər. Danışıqdan sonra təqribən bir həftə keçmiş Rəsul öz tanışı Yusubla birgə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 25 ünvanında yerləşən “Faxralı” kafesində görüşmüşlər. Orada Yusub 5000 manat məbləğində pulu masanın üzərində Rəsulun qabağına qoymuş, Rəsul da həmin pulu əli ilə ona tərəf ötürmüşdür. O, Yusubun verdiyi pulu saymadan götürmüşdür, belə ki, Yusub pulu masaya qoymamışdan əvvəl gözünün qarşısında saymışdır. Həmin vaxt Yusub həmin yerə taksi ilə gəldiyi üçün taksi pulunun ödənişini etmişdir. Orada həmin məsələnin 3 ay ərzində öz həllini tapacağına razılaşmışlar. Həmin müddət bitəndən sonra o, heç bir iş görmədiyi üçün Yusubgil pulu geriyə tələb etməyə başlamışlar. Lakin o, həmin pulu xərclədiyi üçün onlara heç bir ödəniş edə bilməmişdir. Həmin puldan o, Rəsula bir manat da olsa pul verməmişdir, həmin məsələdə Rəsulun heç bir maddi marağı olmamışdır. Əksinə, həmin məsələ ilə bağlı Rəsulla münasibətləri korlanmışdır. O, yalnız Yusuba 100 manat pul vermişdir. Ona məlum olmuşdur ki, pul Yusubun deyil, qohumu Qəzənfərindir. İşdə olan 26 sentyabr 2022-ci il tarixli iltizamı özü yazaraq pulu qaytaracağını vəd etsə də qaytara bilməmişdir. Qəzənfər onunla dəfələrlə əlaqə saxlayaraq pulunu tələb etmiş, lakin maddi imkanı olmadığına görə həmin vaxtlar və hazıradək pulu geri ödəyə bilməmişdir. İmkanı olan kimi dəymiş ziyanı ödəyəcəkdir. Əməlindən səmimi peşmandır. Göstərdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, əmisi oğlu Şahid1 2022-ci ilin fevral ayında müraciət etmişdir ki, dostunun oğlu X3 Respublikasında aldığı ali təsil barəsində diplomunu Azərbaycanda qeydiyyatdan keçirərək təsdiq edilməsində köməklik göstərsin. Bir müddət sonra Yusub onun Rəsul adlı bir müəllim dostu olduğunu bildirmişdir. Həmin məsələni necə həll edəcəkləri barədə sual verdikdə bildirmişdir ki, onların Təhsil nazirliyində qohumları işləyir, ona hədiyyə alınmalıdır ki, bu məsələ həll olunsun. Hədiyyənin məbləği də 5000 manat olmalıdır. O, Yusuba 5000 manat pulu verərək bildirmişdir ki, bu məsələni həll etsin. Pul kiməsə verilən zaman özü iştirak etməmişdir. 2 aydan sonra həmin məsələnin alınmaması barədə xəbər tutmuş və Yusubdan pulu tələb etdiyi zaman o, bütün məsələ barədə ətraflı məlumat vermişdir. Bundan sonra o, həmin işi görəcəyi adı ilə pulu alıb ələ keçirmiş Təqsirləndirilən şəxs və onu Yusubla tanış etmiş Şahid2 istifadə etdiyi mobil nömrələrini götürərək onlarla əlaqə saxlamış və 5000 manat pulunu onlardan tələb etməyə başlamışdır. Rəsul ondan pul almadığını deyib onu tanımadığından onu narahat etməməyi xahiş etmişdir. Sədrəddin isə pulu aldığını etiraf etsə də hər dəfə yalan bəhanələr göstərərək pulu ödəməkdən boyun qaçırmışdır. Aradan uzun müddət keçsə də Təqsirləndirilən şəxs indiyədək ona vurduğu 5000 manat maddi ziyanı ödəməmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir və pulunu tələb edir, dövlət ittihamçısının təqsirləndirlən şəxsə azadlıqdan məhrum etmə cəzasının təyin olunması barədə çıxışı ilə razıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanışı Rəsul Mehtixanovun vasitəsilə 2022-ci ilin aprel ayında tanımışdır. Belə ki, əmisi oğlu Zərərçəkmiş şəxs 2022-ci ilin fevral ayında ona müraciət edərək dostunun oğlu X2 Gürcüstanda aldığı diplomu Azərbaycanda təsdiq etmək lazım olduğunu bildirmişdir. Tanışı Rəsul müəllim işlədiyi üçün 2022-ci ilin mart ayında ona müraciət etmiş, o da 2022-ci ilin aprel ayında ona bildirmişdir ki, diplomu təsdiq etdirmək üçün lazımi adamı tapmışdır, görüşüb söhbət etmək lazımdır. Rəsul həmçinin bildirmişdir ki, diplomu təsdiq etdirmək üçün 5000 manat pul lazımdır. O, 5000 manat pulun lazım olduğunu əmisi oğlu Qəzənfərə bildirmiş, o da 5000 manat pulu, Camal Hümətovun diplomunun və şəxsiyyət vəsiqəsinin sürətini ona vermişdir. 22 aprel 2022-ci il tarixdə o, Rəsul, Rəsulun tanışı Təqsirləndirilən şəxs və onu həmin ünvana aparan Nofəl adlı taksi sürücüsü ilə Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən “Faxralı” kafesində görüşmüşlər. Rəsul Sədrəddini ona təqdim edərək onun qohumlarının Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyində işlədiyini, özünün isə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyində işlədiyini bildirib, diplomu təsdiq etdirəcəyini demişdir. Sədrəddin həmin vaxt ona bildirmişdir ki, diplomun təsdiqlənməsi 3 ay vaxt çəkəcəkdir. O, 3 ay müddətin çox olduğunu dedikdə, Sədrəddin demişdir ki, çalışacaq ki, tez bir müddətə işi həll etsin. Həmin vaxt adlarını qeyd etdiyi şəxslərin yanında 5000 manat pulu Sədrəddinə vermiş, Sədrəddin də pulu sayaraq cibinə qoymuşdur. O, taksi sürücüsü ilə həmin kafeni tərk etmiş, Sədrəddinlə Rəsul kafedə qalmışlar. Bir neçə gün sonra Sədrəddin ona zəng edərək 5000 manat pulu adını demədiyi bir şəxsə verdiyini və 2 ay müddətində diplomun təsdiqlənəcəyini demişdir. O da həmin şəxsin sözlərinə inanmışdır. Təxminən 20 gün sonra Sədrəddin onunla görüşərək ona 100 manat pul vermişdir ki, ona pul qazandırmışdır. 2 ay sonra Sədrəddinə dəfələrlə zəng etsə də o, hər dəfə müxtəlif bəhanələrlə vaxtı uzatmışdır. O, Sədrəddinin arvadı X1 və oğlu İsmayıl Zeynallı ilə əlaqə saxlayaraq pulunu geri istəmiş, lakin onlar da heç bir köməklik göstərməmişlər, Sədrəddin ondan aldığı pulu geri qaytarmamışdır. Əmisi oğlu Qəzənfər ondan verdiyi pulu istəsə də Sədrəddinin etdiyi dələduzluğa görə qohumundan aldığı pulu geri qaytara bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Şahid1 10 ildən artıqdır ki, tanıyır, Təqsirləndirilən şəxs isə 2014-cü ildən tanıyır, hər ikisi ilə aralarında yaxşı münasibət olmuşdur. 2022-ci ilin aprel ayında Yusub ona zəng edib bildirmişdir ki, dostunun oğlu Gürcüstanda ali təhsil almışdır, onun diplomunu Təhsil nazirliyində tanıtdırmağa kömək etmək lazımdır. Ona belə bir əlaqəsi olmadığını bildirmişdir. Buna baxmayaraq Yusub ona tez-tez zəng vurub bu məsələ ilə bağlı kömək etmək üçün bir adam tapmağın lazım olduğunu bildirmişdir. Növbəti dəfə Sədrəddinlə birlikdə “Sevinc” kinoteatrının yanında çay içdikləri vaxt yenə də Yusub ona zəng vurmuş və o, yenə də Təhsil nazirliyində heç bir əlaqəsi olmamasını bildirmişdir. Bu zaman Sədrəddin onun bu mövzuda danışdığını eşidib ona tanışının olmasını və diplomu tanıtdırmağa kömək edə bilmək imkanı olmasını bildirmişdir. Sədrəddindən tanışının kim olmasını soruşduqda, o xalası qızının gəlininin qardaşı Eşqin adlı şəxsin olduğu, onun Bakı şəhər Baş Təhsil İdarəsində işlədiyini demişdir. O, telefonla Sədrəddinlə Yusubu danışdırmış, Sədrəddin bu iş üçün Yusubdan 5000 manat pul istəmişdir. Yusub da razılaşmışdır. Bundan bir neçə gün sonra yenə də əlaqə saxlayıb “Qara Qarayev” metrosunun yaxınlığında “Faxralı” kafesində görüşmüşlər. Yusub ora başqa bir şəxslə gəlmiş, Sədrəddinlə o isə artıq kafedə olmuşlar. Onlar diplomu tanıtdırmaq barədə ətraflı danışmışlar və Yusub Sədrəddinə 5000 manat pul vermişdir. Sədrəddin də həmin pulun üstündən 100 manat götürüb Yusuba qaytarmışdır. Bundan sonra onlar taksi sifariş edib getmişlər, o isə onlardan ayrılıb dərman almaq üçün aptekə getmişdir. Axşam Sədrəddin ona zəng vurub demişdir ki, Yusubdan aldığı pulu lazımi yerə çatdırmışdır. Bundan bir müddət sonra ona məlum olmuşdur ki, Sədrəddin heç bir iş görməmiş, Yusub isə pulunu geri istəsə də Sədrəddin bəhanələr gətirərək pulu qaytarmamışdır. Bundan sonra onlarla yalnız telefon əlaqəsi saxlamış, dəfələrlə Sədrəddinə pulu qaytarmasını demiş, o da müxtəlif bəhanələr gətirərək qaytaracağını vəd etsə də pulu qaytarmamışdır. Onun Sədrəddinin kimlərəsə pul müqabilində iş görməsi barədə məlumatı olmamış, həmçinin Sədrəddinin Yusubu aldatmaq niyyətində olmasından xəbəri olmamışdır. Əgər olsaydı buna yol verməzdi. Sədrəddin ona həmin puldan və ya digər hər hansı pul verməmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 09 yanvar 2023-cü il tarixli qərardan görünür ki, material üzrə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) - 12 oktyabr 2022-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, təhqiqatçı tərəfindən Şahid1 və hal şahidlərinin iştirakları ilə hadisə yerinə baxış keçirilmişdir. (i.v. 8- 9) -Təqsirləndirilən şəxs tərəfindən yazılaraq imzalanmış 26 sentyabr 2022-ci il tarixli iltizamda aşağıdakı mətn yazılmışdır: “Mən, Təqsirləndirilən şəxs, bu iltizamı tərtib edirəm ondan ötrü ki, dələduzluq yolu ilə Şahid1 ələ keçirtdiyim 4900 manat pulundan yarısını xx.xx.2022-ci il tarixdə, yarısını isə xx.xx.2022-ci il tarixədək qaytaracağıma söz verirəm. Əks təqdirdə cinayət məsuliyyətinə cəlb olunacağıma dair məlumatlandırıldım. İmza (imza var) Təqsirləndirilən şəxs. xx.xx.2022-ci il.”; - 06 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış, Təqsirləndirilən şəxs və Şahid2 əməllərində Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsinin tərkibi olmadığından həmin xüsusat üzrə cinayət işinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası CM-nin 32.4-cü, 312ci və 29,312-ci maddəllərinin tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmişdir. (i.v. 116-119) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Təqsirləndirilən şəxs barəsindəki cinayət işinin məhkəmə tədqiqi zamanı işin müəyyən olunmuş faktiki halları ilə tam təsdiq edilmişdir ki, o, dələduzluq cinayətini məhz aldatma və etibardan sui-istifadə etmə yolu ilə törətmişdir, əmlak (pul) sahibi olan Zərərçəkmiş şəxs da öz əmlakını (pulunu) onun yalan vədlərinin təsiri altında könüllü surətdə vermişdir, Təqsirləndirilən şəxs niyyəti əmlakı (pulu) ələ keçirərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, zərərçəkmiş şəxsin pulunun əvəzsiz və qanunsuz olaraq ələ keçirilməsinə yönəlmişdir, hansı ki, nəticə etibarı ilə o, bu məqsəd və niyyətinə çatmışdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 178.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə - min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, cinayət işinin məhkəmənin icraatında olduğu müddətdə CM-nin 178-ci maddəsində nəzərdə tutulan əməli törətmiş Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışmamış və ona dəymiş ziyanı ödəməmişdir. Belə olan halda, CM-nin 73.2-ci maddəsində nəzərdə tutulan əlamətlər olmadığından, təqsirləndirilən şəxsin həmin əsaslarla cinayət məsuliyyətindən azad edilməsinə əsas yoxdur, ona görə onun barəsində ittihamedici hökm çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 06 dekabr 2022-ci il və 25 may 2023-cü il tarixli tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 01 may 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib, CM-nin 69.4-cü maddəsinə əsasən qəti olaraq 2000 manat cərimə cəzasına məhkum edilmiş, 24 aprel 2019-cu il tarixdə cəriməni ödədiyi üçün qeydiyyatdan çıxarılmış; Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin icraatında Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə icraata, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən, 27 mart 2018-ci il tarixli qərarla Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsinə əsasən xitam verilmiş; Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 sentyabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 04 il 05 ay 13 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 70-ci maddəsinə əsasən 02 il sınaq müddəti müəyyən edilməklə cəzası şərti hesab edilmiş, 15 oktyabr 2021-ci il tarixdə cəzasını çəkib qurtardığı üçün şöbənin qeydiyyatından çıxarılmışdır. (i.v. 33-35) - 28 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə axtarışda olan şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 81) -Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqinin 02 mart 2023-cü il tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və o, saxlanıldığı Nizami RPİ-nin MSY-dən azad olunmuşdur. (i.v. 111-112, 115) -Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 02 avqust 2023-cü il tarixli 1(007)- 323/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs, onun barəsində seçilmiş qətimkan tədbirinin şərtlərini pozduğu üçün və üzürül səbəblər olmadan məhkəmə iclaslarına gəlməyib gizləndiyindən onun haqqında axtarış elan olunmuş, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. -Bakı şəhəri Nizami RPİ-nin 25-ci polis şöbəsinin 25 avqust 2023-cü il tarixli 7718 nömrəli məktubundan və ona əlavə edilən protokoldan görünür ki, barəsində axtarış elan edilərək həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs 25 avqust 2023-cü il tarixdə tutulmuşdur. -Şəki şəhər-rayon polis şöbəsinin 07 avqust 2023-cü il və 08 sentyabr 2023-cü il tarixli məktublarından görünür ki, həmin polis şöbəsinin istintaq bölməsində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işinin ibtidai istintaqı aparılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal qismində Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsində, cəzasını ağırlaşdıran hal qismində həmin Məcəllənin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən 25 iyun 2003-cü il tarixli Qərarının 7-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 18.1-ci maddəsində cinayətlərin residivi əvvəllər qəsdən cinayət törətməyə görə məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi kimi təsbit edildiyindən, residivin müəyyən olunması zamanı şəxsin əvvəllər məhkum olunub-olunmaması, olunubsa, məhkumluğunun ödənilib-ödənilməməsi və yaxud götürülüb-götürülüməməsi yoxlanılmalı, Cinayət Məcəlləsinin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və yaxud ödənilmiş məhkumluqlar, habelə böyük ictimai təhlükə törətməyən (istər əvvəl, istər yeni törədilmiş) cinayətlər, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər və azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar isə Cinayət Məcəlləsinin 18.4-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayətlərin residivini yaradan hallar kimi nəzərə alınmamalıdır. Azərbaycan Respublikası CM-nin 18.4.1-ci maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər nəzərə alınmır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 sentyabr 2019-cu il tarixli hökmü üzrə Təqsirləndirilən şəxs məhkumluğu ödənilməsə də, həmin hal hazırda böyük ictimai təhlükə törətməyən cinayət törətmiş təqsirləndirilən şəxsə münasibətdə residivin müəyyən olunması zamanı nəzərə alınmır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir. Məhkəmənin qənaətinə görə, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir, ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu, həbsdə saxlanıldığı və ev dustaqlığında saxlanıldığı müddətlər onun həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı işlə bağlı məhkəməyədək icraat zamanı axtarışda olan şəxs kimi 28 fevral 2023-cü il tarixdən 02 mart 2023-cü il tarixədək tutulduğu 02 gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmaqla, üzərində qəti müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı isə məhkəmənin qərarına əsasən axtarışda olan şəxs kimi tutulduğu 25 avqust 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı cəza təyin edilməli olduğundan, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyan ödənilməsə də, onun tərəfindən məhkəməyədək icraat və məhkəmə icraatı zamanı qanunla müəyyən edilmiş müddətdə və qaydada mülki iddia verilməmişdir, Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır, belə olan halda, məhkəmə hesab edir ki, göstərilənlərə əsasən maddi ziyanın ödənilməsini tələb edən zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilər, ona bu hüququ izah edilməlidir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində hər hansı əşya və ya predmet tanınmamışdır; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza iş üzrə keçirilməmişdir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından qərar əsasında dövlət hesabına dəvət olunmuş vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddətə görə Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 28 fevral 2023-cü il tarixdən 02 mart 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılıb, üzərində qəti olaraq 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 25 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı 40 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən 240 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə dəymiş ziyanı tələb etmək üçün mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilmək hüququ zərərçəkmiş şəxsə izah edilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-323/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-323/2023
20.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver