Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-324/2024 20.11.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi qızının, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs – xx.xx.1986-cı ildə Abşeron rayonu, Saray qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 69.3-cü maddəsinə əsasən 2 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, üzərində 2 il 2 ay 10 gün çəkilməmiş azadlığın məhdudlaşdırılması cəzası qalmış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində axtarış elan edilmiş, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2024-cü il tarixdə tutulmuş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd bükümdə təmiz çəkisi 0,646 qram kustar üsulla hazırlanmış narkotik vasitə-heroin əldə edib üzərində saxlamaqla daşımış, onun narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşlarının keçirmiş olduqları əməliyyat axtarış tədbirləri nəticəsində xx.xx.2023-cü il tarixdə saat 02 radələrində Bakı şəhəri, Nizami rayonu, Əzim Əzimzadə küçəsi 18 ünvanında yerləşən 214 nömrəli tam orta məktəbin qarşısında şübhəli şəxs qismində saxlanılaraq ünvan 4 ünvanında yerləşən Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin inzibati binasına gətirilmiş, üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli klassik şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümündə təmiz çəkisi 0,646 qram kustar üsulla hazırlanmış narkotik vasitə-heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə baxışında özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş ittihamla təqsirli bilərək ifadəsində bildirmişdir ki, 17 noyabr 2023-cü il tarixdə saat 00:20 radələrində Bakı şəhəri, Yasamal rayonunda tanımadığı şəxsdən 25 manata 01 bükümdə narkotik vasitə heroin alaraq, əynindəki şalvarının cibində saxlamışdır. Həmin gün saat 02:00 radələrində yaşadığı evə gedərkən ünvan 6 ünvanda yerləşən 214 nömrəli tam orta məktəbin qarşısında iki nəfər polis əməkdaşı ona yaxınlaşmışlar. Polis əməkdaşları özlərini təqdim edərək onu Nizami RPİ-nin 25-ci PŞ-nə dəvət etmişlər. O da etiraz etmədən polis əməkdaşları ilə birlikdə 25-ci PŞ-nə getmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl üzərində narkotik vasitə, psixotrop maddə, eləcə də digər əşya və predmetlər varsa təqdim etməsi təklif olunmuşdur. Bundan sonra o, əynindəki şalvarın sağ yan cibində saxladığı bir ədəd şəffaf sellofana bükülmüş bükümü çıxarıb təqdim edərək, həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Əməlindən peşmandır, islah olunmuşdur. Məhkəmədən barəsində həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri öz ifadəsi ilə yanaşı aşağıdakılarla da təsdiq olunur. Məhkəmə baxışında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞnin CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ifadəsində bildirmişdir ki, Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nə Tural adlı şəxsin Nizami rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatla bağlı əməliyyat qrupu təşkil olunmuşdur. xx.xx.2023-cü il tarixdə saat 02:00 radələrində Nizami rayonu, Əzim Əzimzadə küçəsi 18 ünvanında yerləşən 214 saylı tam orta məktəbin qarşısında Tural adlı şəxsə oxşayan bir nəfər şəxsə yaxınlaşaraq xidməti vəsiqələrini təqdim etməklə özlərini ona təqdim edərək, Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxsdən özünü təqdim etməsini istədikdə, o, özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs daxil olmuş məlumata əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olması bildirilmiş və ona üzərində şəxsi axtarış aparılması üçün onlarla birlikdə Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nə getməli olduğunu demişlər. Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin inzibati binasında xidməti otaqların birində müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Əvvəlcə Təqsirləndirilən şəxs üzərində qanunsuz əldə edilmiş hər hansı bir əşya və ya maddə varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Həmin sellofan büküm təhqiqatçı tərəfindən açıldıqda içərisində qəhvəyi rəngli maddə olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd sellofan bükümdə olan maddənin “kakos” adı ilə tanınan heroin olduğunu, Yasamal rayonu ərazisində tanımadığı şəxsdən 25 manata özünün istifadəsi üçün aldığını bildirmişdir. İş üzrə şahid Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ərizə ilə məhkəməyə müraciət edərək istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, heç bir əlavəsinin olmadığını bildirmiş və məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid1 istintaqda şahid polis baş leytenantı Şahid2 ilə oxşar məzmunda ifadə vermişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. - şübhəli şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli olduğuna görə tutulmuşdur. - şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə Nizami RPİ-nin 25-ci PB-nin xidməti otaqlarının birində şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs üzərinə videoçəkilişdən istifadə edilməklə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli klassik şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan kəsiyinə bükülmüş bükümü təqdim edərək həmin bükümün içərisində “kakos” kimi tanıdığı narkotik vasitə-heroin olduğunu və həmin maddəni Yasamal rayonu ərazisindən tanımadığı şəxsdən 25 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş materialların məhkəmə ekspertizasının xx.xx.2023-cü il tarixli, 3-16- 16/2-6/6048 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 165” dairəvi möhür əksi olan “Təqsirləndirilən şəxs...” və s. soyadlar, imzalar olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,646 qram olan maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. - vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə Nizami RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı X1 vəsatətinin müdafiə edilməsindən imtina edilmiş və həbsdən azad edilmişdir. - qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. - əşyanın maddi sübut hesab edilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd şəffaf sellofana bükülmüş təmiz çəkisi 0,646 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin maddi sübut kimi tanınmış, tədqiqatdan sonrakı qalıq çəkisi 0,596 qram olan heroin saxlanılması üçün Nizami RPİ-nin maddi sübutların saxlama yerinə təhvil verilmişdir. Şəxsi axtarış zamanı çəkilmiş videogörüntünün olduğu bir ədəd “DVD-R” disk maddi sübut qismində tanınmış və cinayət işinə əlavə edilmişdir. - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qətimkan tədbirinin şərtlərini pozduğuna görə təqsirləndiriln şəxs Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və tutulması qərara alınmışdır. - xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə tutulmuşdur. - vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə Nizami RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı X1 vəsatətinin müdafiə edilməsindən imtina edilmiş və həbsdən azad edilmişdir. - qətimkan tədbirinin dəyişdirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X3 X2-Narkoloji tibbi yoxlamanın xx.xx.2024-cü il tarixli, 1653 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin, kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilmişdir. - 3 saylı İstintaq Təcridxanasından daxil olmuş xx.xx.2024-cü il tarixli, 3-16-17/42/2- 3676/2024 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Nizami RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2024-cü il tarixdə saxlanılması üçün 3 saylı İstintaq Təcridxanasına gətirilmişdir. - şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2012-ci il təvəllüdlü və xx.xx.2013-cü il təvəllüdlü iki övladı vardır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə siyahıların təsdiq edilməsi haqqında “Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən dərman preparatı kimi beynəlxalq adı “Heroin” olan maddə narkotik vasitəsidir, onun 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarının 4-cü və 5-ci bəndlərinə əsasən məhkəmələrə izah edilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə müəyyən olunmuşdur. Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə - heroin əldə edib saxlaması özünün və şahidlərin ifadələri, ekspertiza rəyləri, həmçinin cinayət işinin materiallarındakı digər sənədlərlə tamamilə sübuta yetirildi. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığı üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(007)-41/2024 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 69.3cü maddəsinə əsasən üzərində 2 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Bakı Şəhər Probasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Nizami Rayon Məhkəməsinin 1(007)-41/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs xx.xx.2024cü il tarixdə Bakı Şəhər Probasiya İdarəsinə qeydiyyata düşmüşdür. O, cəzasından 3 ay 16 gün çəkmiş və onun 2 il 2 ay 10 gün çəkilməmiş cəzası qalmışdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, qəsdin əsas obyektini əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər, əlavə obyektini isə ictimai təhlükəsizlik, dövlət idarə və müəssisələrin normal fəaliyyətini təmin edən ictimai münasibətlər, konkret insanın-fərdin sağlamlığı təşkil etməsini nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmaqla barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilindiyi əməli Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-41/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə məhkum olunana qədər törətdiyi üçün, ona Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsində göstərilən qaydalar üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin maddədə qeyd olunan “eyni qaydalar” ifadəsi Azərbaycan Respublikası CM-nin 66.1-66.4cü maddələrində əks olunan cəzanın təyin edilməsi qaydalarını göstərir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair 22 fevral 2012ci il tarixli qərarında Plenum qərara almışdır ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-41/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının 2 gününü azadlıqdan məhrum etmənin 1 gününə bərabər tutaraq hesablamaqla 1 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzasını hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplayaraq, həmin hökm üzrə 3 ay 16 gün çəkilmiş azadlığın məhdudlaşdırılması cəzasının 2 gününü azadlıqdan məhrum etmənin 1 gününə bərabər tutaraq hesablamaqla Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-41/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə məhkum olunduğu cinayət işi üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində həbsdə saxlanılması, hazırki cinayət işi üzrə xx.xx.2023-cü il tarixdə saat 02:00-də şübhəli şəxs qismində tutulmasını, xx.xx.2023-cü il tarixdə saat 15:15-dən saat 16:15-dək təqsirləndirilən şəxs qismində dindirilməsini, xx.xx.2023-cü il tarixli qərarla Nizami RPİ-nin MSY-dən azad edilməsini və bununla da azadlığının məhdudlaşdırılmasının 1 gündən artıq davam etməsini, yəni 2 gün həbsdə saxlanılması, həmçinin xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək axtarışla tutularaq həbsdə saxlanılması (ümumilikdə 6 gün)- həbsdə saxlamanın bir gününü azadlıqdan məhrum etmənin bir gününə hesablayaraq nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən az ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilir. Ona görə də, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1.19 - 346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı; onun həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanaraq cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən iş üzrə maddi sübut olan və Bakı şəhəri Nizami RPİ-də saxlanılan 0,596 qram narkotik vasitə - heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv olunmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət işi üzrə maddi sübut olan 1 ədəd “DVD-R” disk cinayət işinin materiallarında saxlanılmalı; Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan 110 (bir yüz on) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iştirak etdiyi müddət 51 iş saatı müddətinə bərabər olduğundan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 306 (üç yüz altı) manat (51x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib barəsində 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli, 1(007)-41/2024 saylı hökmü ilə təyin edilmiş 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının 2 gününü azadlıqdan məhrum etmənin 1 gününə bərabər tutaraq hesablamaqla 1il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzasını hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplayaraq Təqsirləndirilən şəxs qəti cəza 1(bir) il 5 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli, 1(007)-41/2024 saylı hökmü üzrə çəkdiyi 3 ay 16 gün azadlığın məhdudlaşdırılması cəzasının 2 gününü azadlıqdan məhrum etmənin 1 gününə bərabər tutaraq hesablamaqla 1 ay 23 gün müddətinə azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən qəti cəza müddətinə hesablamaqla Təqsirləndirilən şəxs üzərində 1 (bir) il 3(üç) ay 7(yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 6 gün həbsdə saxlanılması nəzərə alınmaqla həbsdə saxlamanın bir gününü azadlıqdan məhrum etmənin bir gününə hesablayaraq üzərində 1 (bir) il 3 (üç) ay 1 (bir) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 25 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olan və Bakı şəhəri Nizami RPİ-də saxlanılan 0,596 qram narkotik vasitə - heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə maddi sübut olan 1 ədəd “DVD-R” disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 110 (bir yüz on) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına keçirilsin. Təqsirləndirilən şəxs 51 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 306 (üç yüz altı) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №1(007)-324/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-324/2024
20.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver