Məhkəmə qərarları › İş №1(007)-324/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-324/2025

03.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-324/2025 03.07.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxx 1992-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri M.Y.Axundzadə küçəsi, ev 134-də qeydiyyatda olan, Bakı şəhəri Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 56, mənzil 17-də yaşayan, 28 oktyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 30 oktyabr 2024cü il tarixdə tutmadan azad olunaraq barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörtətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması, habelə özgənin əmlakının zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək, eyni zamanda ictimai qaydanın pozulmasının qarşısını alan digər şəxsə müqavimət göstərməklə xuliqanlıq etmişdir. Belə ki, o, 05 sentyabr 2024-cü il tarixdə, saat 19:15 radələrində Bakı şəhəri Nizami rayonu, Q.Qarayev prospekti, 55 ünvanında yerləşən “LC Waikiki” ticarət mərkəzinin qarşısında park etdiyi “Changan” markalı, **-PV-*** dövlət nömrə nişanlı avtomobili parklanma ərazisindən çıxarmaq istəyərkən Zərərçəkmiş şəxs1 onun avtomobilinin arxasında saxladığı “Chevrolet Cruze” markalı, **-HD-*** dövlət qeydiyyat nişanlı avtomobilin yolu bağladığını irad bildirib kənara çəkməsini tələb etdiyi üçün aralarında yaranmış mübahisə zamanı heç bir əsaslı səbəb olmadan özünün şəxsiyyətini başqa şəxsin şəxsiyyətinin fövqündə qoymaqla, ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq nümayiş etdirməklə cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərərək Zərərçəkmiş şəxs1 yaxınlaşıb zor tətbiq edərək sol üz nahiyəsindən bir dəfə yumruq zərbəsi ilə vurub sonuncuya sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid olan sol gözaltı nahiyənin hematoması, sol gözün ağlı qişasının qansızması xəsarətlərini yetirmiş, həmin vaxt orada olan Zərərçəkmiş şəxs1 qohumu Zərərçəkmiş şəxs2 ona yaxınlaşaraq Zərərçəkmiş şəxs1 onu ayırmaqla ictimai qaydanın pozulmasının qarşısını almaq istəyərkən o, ictimai borcunu yerinə yetirən Zərərçəkmiş şəxs2 müqavimət göstərməklə zor tətbiq edərək sol üz nahiyəsindən bir dəfə yumruq zərbəsi ilə vurub sonuncuya sol qulaq seyvanının şişkinlik halında əzilməsi ilə nəticələnən dərəcəsi təyin olunmayan xəsarət yetirməklə, həmçinin əl və ayaq zərbələri ilə Zərərçəkmiş şəxs1 avtomobilinin kapotunu, buferini və sol yan güzgüsünü əzib əmlakını zədələyərək 1000 manat məbləğində ziyan vurmaqla qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 05 sentyabr 2024-cü il tarixdə saat 21 radələrində Bakı şəhəri Nizami rayonu, Qara Qarayev prospekti, 53 ünvanında yerləşən “LC Waikiki” ticarət mərkəzinin qarşısında olmuş, ticarət mərkəzinin yaxınlığında yerləşən çay evinə getmiş, bu zaman özünə məxsus **-PV-*** dövlət nömrə nişanlı “Changan” markalı avtomobili ticarət mərkəzinin qarşısında yerləşən dayanacaqda saxlamışdır. Çay evindən çıxdıqdan sonra avtomobilinin olduğu yerə gəlmiş, yolun orta hissəsində “Chevrolet Cruze” markalı avtomobilin dayandığını görmüşdür. Həmin avtomobil dayanacaqda olan avtomobillərin çıxmasına maneçilik yaratmışdır. O, parklanmaya nəzarət edən şəxsdən avtomobilin sürücüsünün harada olduğunu soruşmuş, həmin şəxs avtomobilin sürücüsünə səslənmiş, avtomobili saxladığı yerdən çəkməsini bildirmişdir. Avtomobilin sürücüsü parklanmaya nəzarət edən şəxsə işi olduğunu, gələ bilmədiyini demişdir. Bir qədər keçdikdən sonra o, avtomobilin sürücüsünü çağırmış, avtomobili yoldan çəkməsini demişdir. Avtomobilin sürücüsü Tofiq adlı şəxs onun üstünə gələrək, “sən kimsən, mən avtomobili çıxarmıram” demişdir. Həmin vaxt o da, Tofiqin üzərinə getmişdir. Aralarında mübahisə baş vermişdir. O, sağ əlinin iç nahiyəsi ilə Tofiqin sol üz nahiyəsindən vurmuşdur. Tofiqi vurduqdan sonra o, avtomobilinə tərəf gedib avtomobilinə əyləşmiş və 102-yə zəng edəcəyini demişdir. Həmin vaxt Tofiqin yanında olan Rüzgar adlı şəxslə də aralarında mübahisə olmuşdur. Rüzgar onun sol böyür nahiyəsindən təpiklə vurmuşdur. O isə, Rüzgarı boyun nahiyyəsindən şillə ilə vurmuşdur. Rüzgarı vurduqdan sonra o da avtomobilin olduğu yerə, Tofiqin yanına getmiş və avtomobilə əyləşmişdir. Hələ də Tofiq avtomobili yoldan kənara çəkməmiş, ona görə o, yaxınlaşaraq Tofiqə məxsus “Chevrolet Cruze” markalı avtomobili yumruqlamağa başlamış, avtomobilin buferindən, kapotundan və sol güzgüsündən vurmuşdur. Avtomobili yumruqlayan zaman qardaşı Tərxan gəlmiş, onu qucaqlayıb kənara çəkmiş, Tofiq də avtomobilini sürüb oradan uzaqlaşmışdır. Sonra o, Tərxanla birlikdə avtomobilini saxladığı yerə getmiş, avtomobilinə əyləşib oradan getmişlər. Mübahisə təxminən bir-iki dəqiqə davam etmişdir. Həmin vaxt ətrafda tanımadığı şəxslər, həmçinin parklanmaya nəzarət edən adını bilmədiyi şəxs olmuşdur. O, Tofiqi sağ əli ilə yumruqla, Rüzgarı isə şillə ilə vuraraq xəsarət yetirmiş, Tofiqin avtomobilinin kapot, bufer və sol yan güzgüsünü yumruqla vuraraq zədələmişdir. Tofiq və Rüzgar ilə mübahisə edən zaman qardaşı Tərxan orada olmamış, o, avtomobili yumruqlayan zaman Tərxan oraya gəlmişdir. Tərxan onu qucaqlayıb avtomobildən uzaqlaşdırmış və o, Tofiqə, Rüzgara, eləcə də Tofiqin avtomobilinə ziyan vurmamışdır. Hadisə zamanı onun əlində hər hansı kəsici-deşici alət olmamışdır. Mübahisə zamanı Rüzgar onu sol böyür nahiyəsindən təpiklə vurmuş, o da Rüzgarın boyun nahiyəsindən şillə ilə vurmuşdur. Yəni, onu vurduğu üçün o da Rüzgarı vurmuşdur. Məhkəmədə son sözündə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışdığını nəzərə alaraq, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və X5 əvvəlcədən tanımamış, aralarında hər hansı bir ədavət və düşmənçilik olmamışdır. 05 sentyabr 2024-cü il tarixdə saat 19:15 radələrində əmisi oğlu Zərərçəkmiş şəxs2 ilə birlikdə Bakı şəhəri Nizami rayonu, Qara Qarayev prospekti, 55 ünvanında yerləşən “LC Waikiki” mağazasının yaxınlığında yerləşən kompüter mağazasına getmişlər. Rüzgar mağazadan telefonu üçün şarj cihazı almaq istəmiş, buna görə o, özünə məxsus “Chevrolet Cruze” markalı, **-HD-*** dövlət nömrə nişanlı avtomobili orada yerləşən “Bank of Baku”nun binası qarşısında saxlamışdır. Həmin vaxt yaxınlıqda olan, avtomobillərin parklanmasına nəzarət edən şəxs onun avtomobilinə yaxınlaşmış, yer olmadığını, avtomobilini orada saxlamamasını demişdir. O isə, həmin şəxsə özünün maşında qalacağını, əmisi oğlunun beş dəqiqəlik kompüter mağazasında işinin olduğunu, gedib gələcəyini demişdir. Həmin şəxslə razılaşmış və avtomobilinin mühərrikini söndürmədən orada saxlamışdır. Bir qədər sonra o, avtomobildən düşüb yaxınlıqda olan köşkə getmiş, oradan özünə siqaret almışdır. Avtomobilinin olduğu yerə qayıdan zaman Rüzgar da mağazadan çıxmışdır. Həmin vaxt parklanmaya nəzarət etdiyini deyən şəxs əli ilə ona işarə edərək onu yanına çağırmışdır. O isə, həmin şəxsə gəlmədiyini, sözü varsa, özünün gəlməsini demişdir. Həmin vaxt bir nəfər saqqallı cavan oğlan “maşın sənindir?” deyə qışqıraraq ona yaxınlaşmışdır. O da, avtomobilin onun olduğunu demişdir. Həmin şəxsə avtomobili oradadırsa onun gəlib öz avtomobilini çəkməsini demişdir. Həmin şəxs ona avtomobilinin orada olduğunu, gəlib avtomobilini çəkməsini demişdir. O, sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxsə “avtomobilin oradadırsa gəlib çəkərəm, nə üçün qışqırırsan” demişdir. Bu sözündən sonra Təqsirləndirilən şəxs onun üzərinə gələrək gözləmədiyi anda yumuruqla sol göz nahiyəsindən vurmuşdur. Həmin vaxt ətrafda tanımadığı şəxslər də olmuşdur. Tural ona yumruq atdıqdan sonra əmisi oğlu Rüzgar onları aralamaq üçün araya keçmişdir. Rüsgar onları aralamaq istəyən zaman Tural yumruqla Rüzgarı da vurmuşdur. O, Rüzgara avtomobilə əyləşməsini demiş və onlar avtomobilə əyləşmişlər. Həmin vaxt Tural və qardaşı Tərxan adlı şəxs onların olduqları avtomobilin üzərinə gəlmiş, hər ikisi avtomobilə təpik və yumruq vurmağa başlamışlar. O, 102 xidmətinə zəng etmişdir. Həmin vaxt Turalın qardaşı ona yaxınlaşmış, o, 102-yə zəng etdiyini demişdir. Bundan sonra Tural və Tərxan avtomobilin ətrafından geri çəkilmiş və oradan getmişlər. Bir qədər keçdikdən sonra polisdən ona zəng olunmuş, o, polis bölməsinə getmişdir. Tural ona avtomobilini saxladığı yerdən çıxarmağını demiş, onun üstünə qışqırdığı üçün, o da Turala nə üçün qışqırdığını demişdir. Həmin vaxt gözləmədiyi anda Tural onun üzərinə gələrək yumruqla vurmuşdur. Həmçinin onları aralamaq üçün araya keçən əmisi oğlu Rüzgarı yumruqla vuraraq xəsarət yetirmişdir. Sonradan onlar avtomobilə əyləşdikdən sonra isə Tural qardaşı Tərxan ilə birlikdə avtomobilinə yaxınlaşıb avtomobilə təpik və yumruq vurmağa başlamışlar. Mübahisə təxminən 30 dəqiqə davam etmişdir. Onlar mübahisə edən zaman ətrafda tanımadığı şəxslər, həmçinin həmin vaxt avtomobillərin parklanmasına nəzarət edən şəxs olmuşdur. Ona və Rüzgara Tural xəsarət yetirmiş, Tərxan həmin vaxt orada olmamışdır. Tərxan onların avtomobilə əyləşməsindən sonra gəlmişdir. Avtomobilinə Tural və Tərxan ziyan vurmuşdur. Avtomobilinin kapotu, buferi və sağ yan güzgüsü zədələnmiş, avtomobilinə ümumilikdə 1000 manat məbləğində ziyan vurulmuşdur. Hadisə zamanı Tural və Tərxanın əlində hər hansı bir kəsici-deşici alət olmamışdır. Mübahisə zamanı nə o, nə də əmisi oğlu Rüzgar heç kimə xəsarət yetirməmişdir. Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etdiyi ərizəsində Təqsirləndirilən şəxs ona dəymiş manat ziyanı ödədiyini, təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayət və tələbi olmadığını göstərmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və X5 əvvəlcədən tanımamış, aralarında hər hansı bir ədavət və düşmənçilik olmamışdır. 05 sentyabr 2024-cü il tarixdə saat 19:15 radələrində əmisi oğlu Zərərçəkmiş şəxs1 idarə etdiyi “Chevrolet Cruze” minik markalı, **- HD-*** dövlət nömrə nişanlı avtomobil ilə Bakı şəhəri Nizami rayonu, Qara Qarayev prospekti, 55 ünvanında yerləşən “LC Waikiki” mağazasının qarşısına gəlmişlər. O, kompüter mağazasından telefonu üçün şarj aləti almaq istəmişdir. Tofiq avtomobilini park edən zaman bir nəfər şəxs onlara yaxınlaşaraq həmin ərazidə parklanmaya nəzarət edən şəxs olduğunu və obyekt sahiblərinin həmin yerə avtomobil park edilməsinə icazə vermədiklərini, bu səbəbdən avtomobili həmin yerə park etməməsini Tofiqə demişdir. Tofiq həmin şəxsə beş dəqiqəlik mağazaya girib-çıxacaqlarını bildirmiş, parklanmaya nəzarət edən şəxs də Tofiqlə razılaşmışdır. O və Tofiq iki-üç dəqiqəlik mağazaya girib qayıtmışlar. Onlar mağazadan çıxdıqdan sonra sonradan adının Tural olduğunu bildiyi şəxs onlara yaxınlaşmış, Tofiqə “sən nə üçün avtomobilini götürmürsən” deyə qışqırmışdır. Tofiq isə həmin şəxsə “orada sənin avtomobilin varsa, bu dəqiqə avtomobilimi çəkirəm” demiş, sonra Turaldan nə üçün onun üstünə qışqırdığını soruşmuşdur. Gözləmədikləri anda həmin şəxs Tofiqin üzərinə gələrək sol göz nahiyəsindən yumruqla vurmuşdur. O, həmin vaxt onları aralamaq üçün araya girmişdir. Tural həmin vaxt onun sifətinin sol tərəfindən yumruq zərbəsi vurmuşdur. Ətrafda olan şəxslər onları aralamaq üçün köməyə gəlmiş, Turalı kənara çəkib aparmışlar. Sonra o və əmisi oğlu Tofiq avtomobilə əyləşmişlər. Onlar avtomobilə əyləşdikdən sonra Turalın qardaşı Tərxan adlı şəxs də gəlmiş, hər iki şəxs onların olduğu avtomobilə tərəf gəlmiş, yumruq və təpiklə Tofiqə məxsus avtomobilin kapot, bufer və yan güzgüsünü vurub əzmişlər. Həmçinin həmin vaxt nalayiq ifadələr işlətmişlər. Hadisə nəticəsində o və Tofiq xəsarət almışlar, Tofiqin avtomobilinə ziyan vurmuşlar. Tofiq polisə zəng etdiyini dedikdən sonra həmin şəxslər oradan uzaqlaşmışlar. Bir qədər sonra onlara polisdən zəng olunmuş və Tofiqlə birlikdə 25-ci polis şöbəsinə getmişlər. X8 üzərinə gələrək sol göz nahiyəsindən yumruqla vurmuş, o, aralamaq istəyən zaman Tural onun üzünün sol nahiyəsindən yumruqla vurmuşdur. X4 avtomobilinin kapot, bufer və sol güzgüsünü təpik və yumruqla vurub əzməyə başlamışlar. Tofiq polisə zəng etdiyini dedikdən sonra oradan çıxıb getmişlər. Mübahisə təxminən 20-25 dəqiqə davam etmişdir. Mübahisə zamanı ətrafda tanımadığı şəxslər, həmçinin avtomobillərin parklanmasına nəzarət edən şəxs olmuşlar. Ona və Tofiqə Tural xəsarət yetirmişdir. Tərxan həmin vaxt orada olmamış, Tərxan onlar avtomobilə əyləşdikdən sonra gəlmişdir. Amma Tofiqin avtomobilinə Tural və qardaşı Tərxan ziyan vurmuşlar. Avtomobilin kapotu, buferi və sağ yan güzgüsü zədələnmişdir. Hadisə zamanı Tural və Tərxanın əlində hər hansı bir kəsici-deşici alət olmamışdır. Mübahisə zamanı o və Tofiq heç kimə xəsarət yetirməmişlər. Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid iştirakı mümkün olmadığından həmin dövrdə verdiyi ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. Şahid həmin ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Nizami rayonu, Qara Qarayev prospekti, 55 ünvanında yerləşən “LC Waikiki” ticarət mərkəzinin qarşısındakı parklanmada fərdi olaraq sürücülərə avtomobillərini park etməkdə köməklik edir. 05 sentyabr 2024-cü il tarixdə saat 19:15 radələrində sonradan adı ona məlum olan Təqsirləndirilən şəxs park etdiyi “Changan” markalı **-PV-*** dövlət nömrə nişanlı avtomobili parklanma ərazisindən çıxarmaq istəyərkən sonradan adı ona məlum olan Zərərçəkmiş şəxs1 “Chevrolet Cruze” markalı **-HD-*** dövlət qeydiyyat nişanlı avtomobilini onun avtomobilinin arxasında saxladığını görüb uca səslə avtomobilin sürücüsünü çağırmağa başlamışdır. O da, Zərərçəkmiş şəxs1 səsləyib avtomobilini kənara çəkməsini bildirmişdir. Tofiq avtomobilinə yaxınlaşdıqdan sonra onunla Tural arasında mübahisə yaranmışdır. Sonradan mübahisə dava-dalaşa çevrilmişdir. Bu zaman Təqsirləndirilən şəxs bir dəfə yumruq zərbəsi ilə Zərərçəkmiş şəxs1 sol üz nahiyəsindən vurmuşdur. Sonra isə hadisə yerinə Tofiqlə birlikdə gəlmiş sonradan adı ona məlum olan Zərərçəkmiş şəxs2 yaxınlaşmış və dalaşan şəxsləri ayırmağa çalışmışdır. Bu zaman Tural bir dəfə yumruq zərbəsi ilə Rüzgarı sol qulaq nahiyəsindən vurmuşdur. Bundan sonra adı sonradan ona məlum olan X6 hadisə yerinə yaxınlaşmış və Turalı kənara çəkmişdir. Tofiq və Rüzgar avtomobilə əyləşdikdən sonra Tural əl və ayaqla zərbə vuraraq Tofiqin avtomobilinin kapotunu, buferini və sol yan güzgüsünü əzmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 08 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) - 05 sentyabr 2024-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, 25-ci PŞnin təhqiqatçısı tərəfindən X7 və hal şahidlərinin iştirakları ilə hadisə yerinə baxış keçirilmişdir. (i.v. 4-6) - 05 sentyabr 2024-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, 25-ci PŞnin təhqiqatçısı tərəfindən Zərərçəkmiş şəxs1 və hal şahidlərinin iştirakları ilə nəqliyyat vasitəsinə baxış keçirilmişdir. Baxış zamanı “Chevrolet Cruze” markalı **-HD-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq kapotunun, buferinin və yan güzgülərinin zədələnməsi müəyyən edilmişdir. (i.v. 7-9) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X9” publik hüquqi şəxsin canlı şəxsin məhkəmə-tibbi ekspertizasına dair 07 sentyabr 2024-cü il tarixli 798 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs1 sol gözaltı nahiyyəsinin hematoması, sol gözün ağlı qişasının qansızması olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2024-cü il tarixdə alınmaları mümkündür və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Xəsarətlərin lokalizasiyasına və xüsusiyyətlərinə əsasən demək olar ki, həmin xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirilməsi, eləcə də yıxılma nəticəsində alınmaları inkar olunur. (i.v. 34-36) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X9” publik hüquqi şəxsin canlı şəxsin məhkəmə-tibbi ekspertizasına dair 10 sentyabr 2024-cü il tarixli 799 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, X1 qulaq seyvanının şişkinlik halında əzilməsi olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2024-cü il tarixdə alınması mümkündür və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin olunmur. Xəsarətlərin lokalizasiyasına və xüsusiyyətlərinə əsasən demək olar ki, həmin xəsarətin şəxsin özü tərəfindən özünə yetirilməsi, eləcə də yıxılma nəticəsində alınması inkar olunur. (i.v. 37-39) - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə -əmtəəşünasıq ekspertizasına dair 12 dekabr 2024-cü il tarixli 9/9184 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, ekspertiza təyini haqqında qərarda və aktda göstərilmiş 2016-cı il buraxılış “Chevrolet Cruze” markalı **-HD-*** dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyyat hissələrinin orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 519,00 manat müəyyən edilir. Həmin avtomobilin təmirinə çəkilmiş xərclərin dəyəri barədə məlumat olmadığından dəymiş ziyanı müəyyən etmək mümkün olmadı. Həmin ehtiyyat hissələrinin ayrı-ayrılıqda adları rəyin cədvəl hissəsində göstərilmişdir. (i.v. 169-171) - 21 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsi ilə nəzərdə tutulan yenidən ittiham elan olunmuş, X3 barəsində Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsi ilə cinayət təqibinin aparılması rədd edilmiş, iş üzrə “Chevrolet Cruze” markalı **-HD-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi subut kimi tanınmış və sahibi Zərərçəkmiş şəxs1 qaytarılmış, Zərərçəkmiş şəxs1 vurulmuş maddi ziyanın məbləği 1000 manat qəbul edilmişdir. (i.v. 182- 190) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004-cü il tarixli 1 nömrəli Qərarının 2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Həmin Qərarın 5-ci bəndinə əsasən məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adamöldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyətilə qəsdən adamöldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2 yaxud 126.2.4 və ya 127.2.3-cü maddələri ilə tövsüf edilməlidir. Bu zaman qeyd edilən cinayətlərdən hər hansı birinin törədilməsi ilə yanaşı təqsirləndirilən şəxsin həm də ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıqdanaçığa hörmətsizlik etməyə səbəb olan qəsdən sair hərəkətlər də etməsi müəyyən edilərsə onda həmin şəxsin əməli cinayətlərin məcmuyu qaydasında həm də Cinayət Məcəlləsinin 221-ci maddəsilə tövsüf olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin B.Yusifovanın şikayəti üzrə 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilir ki, xuliqanlıq cinayət əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Xuliqanlıq - öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. CM-nin 221-ci maddəsi xuliqanlıq cinayət əməlini - ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər - təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər - təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Məhkəmə qeyd edir ki, xuliqanlıq cinayəti birbaşa qəsdlə törədilən cinayətdir. Cinayətin subyekti öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Məhkəmə, dövlət ittihamçısını, zərərçəkmiş şəxsləri, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edib, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirliliyi özünün etiraf ifadəsi ilə yanaşı mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidin ifadələri, ekspertiza rəyi və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddələri ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 221.2.2-ci maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər - ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə - iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 17 sentyabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. (i.v. 81-82) - 28 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 123-124) - 30 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami rayon prokuroru tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqda məhkəməyə təqdimat verilməsinə dair Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqinin vəsatətinin müdafiə edilməsindən imtina olunmuş və onun Nizami RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır. (i.v. 150-152) - 30 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqi tərəfindən Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 153-154) Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 221.2.2-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən 25 iyun 2003-cü il tarixli Qərarında həmçinin göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Azərbaycan Respublikası CPM-nin 158.2.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırkı işlə bağlı 28 oktyabr 2024-cü il tarixdən 30 oktyabr 2024-cü il tarixədək il tarixədək şübhəli şəxs qismində tutulmuşdur. Ona görə məhkəmə hesab edir ki, həmin 02 gün müddət azadlıqdan məhrum etmə müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin olunacaq cəzanın müddətindən çıxılaraq, təqsirləndirilən şəxsin üzərində qəti müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-3.1 və 51-2.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzasını yaşayış yeri üzrə çəkməli və cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin edilməli olan cəza nəzərə alınmaqla, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, zərərçəkmiş şəxs tərəfindən məhkəməyədək icraat və məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə qarşı mülki iddia verməmişdir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış ‘‘Chevrolet Cruze” markalı **-HD-*** dövlət qeydiyyat nişanlı avtomobili ibtidai istintaq zamanı sahibi Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalıdır; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından qərar əsasında dövlət hesabına dəvət olunmuş vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi xidmətlərə görə (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına və xx.xx.2025-ci il tarixli 141 saylı qərarla edilmiş dəyişikliyə əsasən hesablanaraq – 10 saat 6 manatdan, 25 saat 11 manatdan olmaqla) əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə 28 oktyabr 2024-cü il tarixdən 30 oktyabr 2024cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, 04 (dörd) günə bərabər sayılmaqla təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılıb, üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 22:00dan növbəti gün saat 07:00-dək yaşayış yerini, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut qismində tanınmış “Chevrolet Cruze minik” markalı, **-HD-*** dövlət qeydiyyat nişanlı avtomobilin ibtidai istintaq zamanı sahibi Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. Məhkəmə məsrəfi olan 50 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı dövründə göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən 335 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar