Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-326/2025 21.05.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun, təqsirləndirilən şəxs– Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs – xx.xx.1991-ci ildə Naftalan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu ödənilmiş, Naftalan şəhəri, KTİB-nin yataqxanasında qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə 09 dekabr 2024-cü il tarixdə, saat 20:30 radələrində ünvan 2 ünvanın qarşısından keçən avtomobil yolunun kənarında internet vasitəsi ilə tanış olub, həmin gün görüşdüyü Zərərçəkmiş şəxs boynuna taxılmış üzərində 300 manat dəyərində 585 əyyarlı qızıl klon olan 700 manat dəyərində 585 əyyarlı qızıl boyunbağını dartıb qıraraq açıq talayıb qaçmaqla Zərərçəkmiş şəxs ümumilikdə 1000 manat maddi ziyan vuraraq soyğunçuluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə baxışında özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsində nəzərdə tutulmuş ittihamla təqsirli bilərək ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxsi internetdə “Tор-Тор" adlı tanışlıq proqramı vasitəsi ilə tanımışdır. Aralarında səmimi münasibət olmuşdur. xx.xx.2024-cü il tarixdə, saat 20 radələrində "Xalqlar Dostluğu” metrostansiyası yaxınlığında görüşmüşlər. Bir qədər piyada gəzdikdən sonra yaxınlıqda olan parkda yerləşən “Buta” adlı çay evində birlikdə çay içmişlər. Həmin vaxt onun üzərində pul az olmuşdur. O, kirayə yaşadığı evin kirayə haqqını və digər borclarını tez bir zamanda ödəməli olduğu üçün təcili pula ehtiyacı olmuşdur. Çay içərkən Səmərqənd ilə aralarında olan söhbət zamanı başa düşmüşdür ki, Səmərqəndin də üzərində pul azdır. Bu səbəbdən düşünmüşdür ki, Səmərqənddən pul istəsə də ona pul verə bilməyəcəkdir. Söhbət zamanı Səmərqəndə baxdıqda onun boynunda olan qızıl boyunbağı və həmin boyunbağının üzərində olan klon diqqətini çəkmişdir. Düşünmüşdür ki, ilk yaranan fürsətdə həmin boyunbağını, üzərində olan klon ilə birlikdə Səmərqəndin boğazından dartaraq qaçsın. Saat 20:30 radələrində Səmərqəndlə birgə olduqları parkın yan tərəfindən keçən avtomobil yolunun kənarında o və Səmərqənd yan-yana dayanaraq taksi gözləmişlər. Həmin vaxt Səmərqənd ilə mübahisə etmişlər. Bu vaxt o, taksinin gəlməsini gözləmədən getməli olduğunu demiş və sağollaşmaq bəhanəsi ilə Səmərqəndə daha da yaxınlaşıb, boynunda olan boyunbağını üzərindəki klon ilə birlikdə dartaraq qaçıb oradan uzaqlaşmışdır. Həmin vaxt Səmərqənd bir neçə dəfə onu uca səslə çağırsa da, o, arxasına baxmadan qaçmışdır. Növbəti gün o, həmin qızıl boyunbağını üzərində olan klonla birlikdə Xətai rayonu, M.Hadi küçəsində yerləşən "VF Telekom" adlı obyektdə olan qızıl qəbulu məntəqəsinə öz şəxsiyyət vəsiqəsini təqdim etməklə 860 manata satmışdır. xx.xx.2024-cü il tarixdə, saat 19 radələrində Xətai rayonu, Gəncə prospektində polis əməkdaşları onu saxlayaraq Nizami RPİ-nin 24-cü Polis Şöbəsinə gətirmişlər. Zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəmiş və onunla barışmışdır. Ailənin yeganə qazanc gətirənidir, üç yetkinlik yaşına çatmayan övladı vardır. Məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri öz ifadəsi ilə yanaşı aşağıdakılarla da təsdiq olunur. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə internetdə tanış olmuşlar. Həmin şəxs ilə bir müddət internetdə yazışıb, danışdıqdan sonra, real həyatda görüşüb, münasibət qurmuşlar. Münasibətləri yaxşı olmuş, aralarında hər hansı ədavət olmamışdır. xx.xx.2024-cü il tarixdə Rahib ilə telefonda danışaraq onunla görüşmək qərarına gəlmiş və həmin gün saat 20 radələrində “Xalqlar Dostluğu” metrostansiyası yaxınlığında görüşüb, yaxınlıqda yerləşən H.Əliyev adına parkda yerləşən “Buta” çay evində birlikdə çay içmişlər. Çay içdikdən sonra bir qədər parkda piyada gəzib söhbət etmişlər. Saat 20:30 radələrində parkın yan tərəfindən keçən avtomobil yolunun kənarında dayanıb taksi gözləmişlər. Həmin vaxt onların yanlarında və ətrafda kənar adamlar olmamışdır. Bu vaxt Rahib qəfildən sol əli ilə onun boğazında olan qızıl boyunbağını, üzərində olan qızıl klon ilə birlikdə dartaraq qaçıb oradan uzaqlaşmışdır. O, arxasınca çağırsa da, Rahib geriyə baxmadan oradan uzaqlaşmışdır. Bundan sonra o, DİN-in 102 xidmətinə zəng vurub, hadisə barədə polisə məlumat vermişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə göndərərək bildirmişdir ki, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəmişdir, ona qarşı heç bir şikayəti yoxdur. Səhhəti ilə əlaqədar üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəkdir. Məhkəmə baxışında ifadəsi elan edilmiş Şahid istintaqda verdiyi ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanda yerləşən “VF Telekom” adlı mağazada qızıl məmulatlarının və telefonların alqı-satqısı ilə məşğul olur. xx.xx.2024-cü il tarixdə, saat 18 radələrində iş yerində olan zaman əvvəllər tanımadığı sonradan adının Təqsirləndirilən şəxs olduğunu öyrəndiyi şəxs onun işlədiyi dükana gələrək 01 ədəd üzərində klon olan qızıl boyunbağını təqdim edib həmin əşyanın özünə məxsus olmasını və satmaq istədiyini bildirmiş və öz şəxsiyyət vəsiqəsini təqdim etmişdir. Bundan sonra o, həmin boyunbağı və klona baxış keçirib onları piştaxtanın üzərinə qoyduğu elektron tərəzidə çəkmiş, çəkidən sonra müəyyən olunmuşdur ki, boyunbağının üzərində olan klonla birlikdə çəkisi 10,8 qram təşkil etmişdir. Həmin qızılı tam yoxladıqdan sonra Rahibə bildirmişdir ki, qramını təxminən 80 manatdan qəbul edib, sonuncuya 860 manat ödəyə bilər. Rahib onun təklif etdiyi qiymətlə razılaşmış və o, sonuncuya 860 manat ödəyib qızılı almışdır. Qızıl-zinət əşyasını alarkən həmin əşyanı Rahibin şəxsiyyət vəsiqəsi ilə bildikdə çəkərək şəklini özündə saxlamışdır. xx.xx.2024-cü il tarixdə həmin qızıl əşyasını dükana gələn tanımadığı müştəriyə 885 manata satmışdır. Rahibin ona satdığı qızıl-zinət əşyasının cinayət yolu ilə əldə edilməsindən xəbərsiz olmuş, Rahib həmin zinət əşyasının özünə məxsus olmasını bildirmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs kimi tanınmışdır. - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 180.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(007)-347/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair Bakı şəhəri Nizami rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi X1 vəsatəti və onunla bağlı Bakı şəhəri Nizami rayon prokuroru Pərviz İbayevin təqdimatı təmin edilməmişdir. -qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. - sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, üzərində oğurlanmış qızıl-zinət əşyasının və Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin surəti olan A4 formatlı kağız maddi sübut kimi tanınmış və cinayət işinin materiallarında saxlanması nəzərə alınmışdır. - elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2012-ci il təvəllüdlü, xx.xx.2021-ci il təvəllüdlü, xx.xx.2014-cü il təvəllüdlü üç yetkinlik yaşına çatmayan övladı vardır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında Plenum qərara almışdır ki:”… 3. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-cı maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb-görülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqa zidd xarakter daşıdığını başa düşürlər... 4. Özgə əmlakı qanunsuz götürülərkən, orada olmuş kənar şəxs həmin hərəkətlərin hüquqazidd olmasını dərk etmirsə, yaxud da həmin kənar şəxs təqsirli şəxsin qohumudursa və təqsirli şəxs bununla əlaqədar əmlak götürülərkən, əks təsirə məruz qalmayacağına arxayındırsa, o zaman əməl özgə əmlakının oğurluğu kimi tövsif edilməlidir.Əgər sadalanan kənar şəxslər özgə əmlakının talanmasının qarşısının alınması üçün tədbir görmüşlərsə (məsələn, hüquqazidd hərəkətlərin dayandırılmasını tələb etmişlərsə), bu zaman təqsirli şəxs AR CM-nin 180-cı maddəsi ilə məsuliyyət daşımalıdır...
7. Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir.” Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Beləliklə, məhkəmə iclasında Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə məxsus əmlakı açıq talayaraq soyğunçuluq etməsi zərərçəkmiş şəxsin, şahidin ifadələri, həmçinin cinayət işinin materiallarındakı digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığı üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Babayev X2 Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 2 il 4 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2020-ci ildə cəza müddəti başa çatdığından şöbənin qeydiyyatından çıxarılmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini, himayəsində 3 yetkinlik yaşına çatmayan övladının9 olmasını, zərərçəkmiş şəxsin şikayətinin və tələbinin olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, qəsdin obyektini mülkiyyət münasibətləri təşkil etməsini, cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 2 gün həbsdə saxlanılması həbsdə saxlamanın bir gününü azadlığın məhdudlaşdırılmasının iki gününə hesablayaraq nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərlərini, həmçinin Abşeron rayonunu tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1.19-346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı; Təqsirləndirilən şəxs 2 gün həbsdə saxlanılması həbsdə saxlamanın bir gününü azadlığın məhdudlaşdırılmasının iki gününə hesablayaraq nəzərə alınmalı, Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət işi üzrə maddi sübut olan üzərində oğurlanmış qızıl-zinət əşyasının və Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin surəti olan A4 formatlı kağız cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2—193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iştirak etdiyi müddət cəmi 25 iş saatı müddətinə bərabər olmaqla, 16 iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 96 (doxsan altı) manat (16x6) məbləğində, 9 iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025ci il tarixli, 141 nömrəli qərarına əsasən hüquqi yardım haqqı 11 (on bir) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 99 (doxsan doqquz) manat (9x11) məbləğində, cəmi 195 (bir yüz doxsan beş) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
H Ö K M E T D İ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək, barəsində 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 2 gün həbsdə saxlanılması nəzərə alınmaqla həbsdə saxlamanın bir gününü azadlığın məhdudlaşdırılmasının iki gününə hesablayaraq üzərində 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərlərini, həmçinin Abşeron rayonunu tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Probasiya İdarəsinə həvalə edilsin. Cinayət işi üzrə maddi sübut olan üzərində oğurlanmış qızıl-zinət əşyasının və Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin surəti olan A4 formatlı kağız cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 25 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 195 (bir yüz doxsan beş) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Sədrlik edən Mətanət Hacıyeva