Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-329/2022 01.12.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bаkı şəhəri Nizami rayon Мəhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlunun sədrliyi ilə, məsləhətçi (məhkəmə iclas katibi) X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və müdafiəçi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta-ixtisas təhsilli, subay, əvvəllər məhkum olunmuş, məhkumlıığu ödənilməmiş və ya götürülməmiş, ünvan 1 ünvanda qeydiyyatda olan, ünvan 2arəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 180.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını açıq talama məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 21 radələrində Zərərçəkmiş şəxs1 tərəfindən satılan mobil telefonu almaq adı ilə Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 205 ünvanda yerləşən Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin yaxınlığında sonuncu ilə görüşüb guya telefonunun pulunu ödəmək üçün ünvan 4 ünvanda yerləşən «Bravo» marketin yaxınlığındakı bankomatdan pul çıxarmaq bəhanəsi ilə Zərərçəkmiş şəxs1lə birlikdə idarə etdiyi «Toyota Prius» markalı ** RY *** qeydiyyat nişanlı avtomobillə həmin ünvana gəldikdən sonra sonuncudan avtomobilin yük yerinin qapısının bağlı olub-olmamasını yoxlamasını xahiş etmiş, Zərərçəkmiş şəxs1 satmaq istədiyi özünə məxsus 520 manat dəyərində «Samsung A52» markalı mobil telefon aparatını avtomobilin salonuna qoyub avtomobildən enməsinə nail olduqdan sonra «Toyota Prius» markalı ** RY *** qeydiyyat nişanlı avtomobili idarə edib oradan uzaqlaşmaqla Zərərçəkmiş şəxs1 məxsus 520 manat dəyərində «Samsung A52» markalı mobil telefon aparatını açıq talayaraq soyğunçuluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını açıq talama məqsədi ilə 22 aprel 2022-ci il tarixdə saat 10:25 radələrində Zərərçəkmiş şəxs2 tərəfindən satılan mobil telefonu almaq adı ilə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 81 ünvanda sonuncu ilə görüşüb Zərərçəkmiş şəxs2 420 manat dəyərində «Samsung A52» markalı mobil telefon aparatını götürdükdən sonra guya ödəniş etmək üçün avtomobilində olan bank kartını götürmək adı ilə hadisə yerinə gəldiyi «Hyundai Elantra» markalı 90-0Y-498 dövlət qeydiyyat nişanlı avtomobilə əyləşərək avtomobili idarə edib oradan uzaqlaşmaqla Zərərçəkmiş şəxs2 məxsus 420 manat dəyərində «Samsung A52» markalı mobil telefon aparatını açıq talayıb soyğunçuluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 19 fevral 2022-ci il tarixdə Tap.az saytı vasitəsi ilə Zərərçəkmiş şəxs1 ilə tanış olmuş və sonuncudan «Samsung A52» markalı mobil telefonu almaq barədə razılığa gələrək, idarə etdiyi “Toyota Prius” markalı ** RY *** qeydiyyat nişanlı avtomobillə Yasmal rayonu, Statistika dairəsi deyilən yerdə Aqşinlə görüşmüşdür. Telefonu almağa razılaşıb Aqşinlə Binəqədi rayonu, Ş.Məmmədova küçəsi ilə C.Xəndan küçəsinin kəsişməsində yerləşən «Bravo» marketin yaxınlığına getmişlər. Yol gedən zaman Aqşinlə razılaşıb sonuncuya telefona görə 380 manat vermiş, sonradan həmin telefonu Neftçilər metrosunun yaxınlığında 400 manata satıb 20 manat qazanc əldə etmişdir. Lakin, sonradan guya Aqşinin telefonunu ələ keçirməsi barədə sonuncunun ondan şikayət etdiyini eşitmişdir. 21 aprel 2022-ci il tarixdə Nizami rayonu, Mikayıl Əliyev küçəsində yerləşən «Xəmsə» şadlıq sarayının daxilində fəaliyyət göstərən Rentakardan «Hyundai Elantra» markalı **-OY-*** qeydiyyat nömrə nişanlı avtomobili 1 günlüyə icarəyə götürmüş və xx.xx.2022-ci il tarixdə səhər saatlarında Tap.az saytında ***-***-**-** saylı nömrə ilə Orxan adlı şəxsin «Samsung A52» markalı mobil telefonu satdığını görmüşdür. Həmin telefonu almaq məqsədilə zəng etmiş və Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində yerləşən Nizami rayon İcra hakimiyyətinin qarşısında görüş təyin etmişlər. Həmin yerə gedərkən Yasamal rayonu ərazisində yaşayan tanışı Şahid1 ilə rastlaşmış və sonuncuya birlikdə Nizami rayonuna gedib qayıtmağı təklif etmişdir. X7 rayonuna getmələrinin səbəbini soruşduqda, bir nəfər şəxsdən telefon alıb qayıdacağını demişdir. Aytacla Nizami rayon İcra hakimiyyətinin qarşısında ***-***-**-** nömrə ilə Orxana zəng edib görüşmüşlər. Əvvəlcə Orxanın şəxsiyyət vəsiqəsinin surətini yaxınlıqda yerləşən dükanda çıxarmış, sonra yaxınlıqda olan «Nur» cehizlik malları dükanında yerləşən bakomatdan pul çıxarmağa gedərkən, Orxanla telefonu 420 manata razılaşmış və sonuncu telefondan nömrəni çıxarıb telefonu ona vermişdir. Orxanla bankomata yaxınlaşarkən kartı avtomobildən götürmək bəhanəsi ilə, avtomobilə qayıdıb əyləşərək avtomobili sürüb oradan getmişdir. Aytac səs-küy salıb telefonu qaytarmasını demiş, lakin Aytacı Yasamal rayonuna aparıb evlərinə düşürmüş və bu barədə heç kimə deməməyi tapşırmışdır. Daha sonra Aytacın anası Xatirəni Nəsimi rayonu 4-cü mikrorayona apararkən, sənədinin Rentakarda qaldığını bildirərək, ehtiyacı olduğundan telefonlarından birini sonuncunun şəxsiyyət vəsiqəsi ilə satmağı xahiş etmişdir. Xatirə razılaşmış və 20 yanvar dairəsində yerləşən telefon alqı-satqı dükanında telefonu 220 manata satmışdır. 200 manatı borcuna vermiş, 20 manatı isə özü üçün xərcləmiş və avtomobili Rentakara təhvil verərəkən, polis əməkdaşları tərəfindən saxlanılaraq Nizami RPİ-nin 24-cü BŞ-nə aparılmışdır. Törətdiyi cinayət əməllərindən səmimi peşmandır. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli iş üzrə dindirilmiş zərərçəkmiş şəxslərin və şahidin ifadələri ilə, habelə iş üzrə toplanmış digər sənədlərlə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, pula ehtiyacı olduğu üçün istifadəsində olan «Samsung A 52» markalı mobil telefonu satmaq barədə məlumatları «Tap.az» saytına yerləşdirmişdir. xx.xx.2022-ci il tarixdə saat 09:20 radələrində sonradan tanıdığı Təqsirləndirilən şəxs zəng edərək telefonu almaq üçün onunla görüşmək istədiyini bildirmişdir. Sonuncu ilə danışıb həmin gün saat 10:25 radələrində Nizami rayonu, Q.Qarayev prospekti, 71 ünvanda Nizami rayon İcra hakimiyyətinin yanında görüşmüşlər. Elnur görüşə qara rəngli «Hyundai Elantra» markalı **-OY-*** nömrəli avtomobillə gəlmişdir. Sonuncu telefonu alıb baxmış və xoşu gəldiyini demişdir. Elnura telefonu 420 manata satdığını demiş və sonuncu razılaşmışdır. Yaxınlıqda yerləşən dükanda şəxsiyyət vəsiqəsinin surətini çıxarmış və Elnurun “8-ci kilometr” bazarı tərəfdə bankomatdan pul çıxarması üçün sonuncunun avtomobilinin qabaq oturacağında əyləşmiş və həmin vaxt atomobilin arxa oturacağında tanımadığı qızın əyləşdiyini görmüşdür. Elnur avtomobili idarə etmiş və Q.Qarayev prospekti 81 ünvanda yerləşən «Nur» cehizlik malları dükanının qarşısına gəlmişlər. Elnurla avtomobildən düşüb «Nur» cehizlik dükanının qarşısına getmiş, sonuncu orada olan Beynəlxalq Bankın bankomatından 420 manat pul çıxarıb ona verməli olmuşdur. Bankomata çatmağa az qallmış Elnur ona gözləməyi və avtomobildən kartı götürüb qayıdacağını deyib qayıtmış və avtomobilə minib hərəkət etməyə başlamışdır. Elnurun telefonu qaçırdığını başa düşüb avtomobilə tərəf qaçmış, lakin Elnur avtomobili sürüb uzaqlaşmışdır. Hadisə barədə DİN-nin 102 xidmətinə məlumat vermiş və Nizami RPİ-nin 24-cü PŞ-nə ərizə ilə müraciət etmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan ödənilməmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, «Samsung A52» markalı mobil telefonunu satmaq məqsədilə «Tap.az» saytına yerləşdirmişdir. xx.xx.2022-ci il tarixdə axşam ***-***-**-** saylı mobil nömrədən zəng edən şəxs telefonu almaq istədiyini bildirmişdir. Həmin gün Yasamal rayonunun Statistika dairəsi deyilən yerə sonradan tanıdığı Elnur «Toyota Prius» markalı ** RY *** qeydiyyat nişanlı avtomobillə gəlmişdir. Elnur telefonu almaq işlədiyini və pul çıxarmaq üçün bakomata yaxınlaşsa da kartında pul olmadığından pul çıxara bilmədiyini demişdir. Sonradan Elnur kiməsə zəng vurmuş və güya ona pul köçürüləcəyini demişdir. Tələsdiyini bildirdikdə Elnur onu getdiyi ünvana aparmağı təklif etmiş və həmin vaxta qədər pulun köçürüləcəyini bildirmişdir. Saat təxminən 21 radələrində Elnurla Binəqədi rayonu, Azadlıq metrosunun yaxınlığında əvvəlki “Oazis” restoranının yerində yerləşən Bravo marketin yaxınlığına getmişlər. Avtomobildən düşdükdən sonra Elnur güya avtomobilin qapılarının bağlanmaması ilə bağlı görüntü yaradıb bu məqsədlə yenidən avtomobilə minmiş və ona avtomobilin yük yerinin bağlı olub-olmamasını yoxlamağı demişdir. Avtomobilin arxasına keçdikdə Elnur avtomobili yüksək sürətlə sürüb oradan uzaqlaş getmiş və onun 520 manat dəyərində telefonu avtomobilin salonunda qalmışdır. Baş vermiş hadisə barədə DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, 22 aprel 2022-ci il tarixdə saat təxminən 10 radələrində yaşadığı Yasamal rayonu, Əlibala Abdullayev küçəsində tanışı Təqsirləndirilən şəxs idarə etdiyi Hyundai markalı avtomobillə qarşısına çıxmış və sonuncu Nizami rayonuna bir nəfərdən telefon almağa getdiyini bildirərək onunla getməyini xahiş etmişdir. Elnurla razılaşmış və onlar Nizami rayon İcra hakimiyyətinin qarşısına getmişlər. Orada Elnur kiminləsə danışmış, avtomobildən düşüb əvvəllər tanımadığı Orxanla söhbət etmiş, sonra hər ikisi avtomobilə minmiş və «Nur» cehizlik malları dükanının qarşısına getmişlər. Yol gedərkən Elnurun Orxandan 420 manata telefon aldığını sonuncuların söhbətindən başa düşmüşdür. Dükanın qarşısına çatdıqda Elnur bankomatdan pul çıxarıb Orxana verəcəyini demişdir. Bundan sonra Elnur və Orxan bankomatın yanına getmiş, daha sonra Orxan orada gözləmiş, Elnur avtomobilə qayıdıb əyləşərək avtomobili işə salıb hərərkət etdirdikdə, Orxan avtomobilə tərəf qaçıb “saxla telefonu ver” deyə qışqırmış, lakin Elnur avtomobili saxlamayıb sürətlə oradan uzaqlaşmış, Elnura etiraz edərək: “Bu nə hərəkətdir edirsən, saxla telefonu qaytar”,- dedikdə, Elnur ona: “Sənin nə işinə sakit yerində otur”,- demişdir. Sonra bu barədə heç kimə bir söz deməməyi tapşırıb onu evə düşürmüşdür. X6 rayonuna 4-cü M/R-na aparmağı Elnurdan xahiş etmiş və sonuncular getmişlər. Axşamüstü evdə olan zaman Elnur zəng edib onu Nizami RPİ-nin 24-cü PŞ-nə çağırdığından PŞ-nə getmişdir. Sonradan Elnurun həmin telefonu öz telefonu kimi anası Xatirəyə təqdim edib və sənədi olmadığını bildirib anasının sənədi ilə satdığını eşitmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid3 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci ildə, saat təxminən 09:50 radələrində qızı Aytac işi olduğunu bildirib evdən çıxmış və təxminən saat 12 radələrində tanışı Təqsirləndirilən şəxs idarə etdiyi Hyundai markalı avtomobillə gəlmişdir. Həmin vaxt Elnura Nəsim rayonu 4-cü M/R-da işi olduğunu bildirərək onu aparmasını xahiş etmişdir. Elnur razılaşmış və sonuncunun avtomobilində yol gedərkən, Elnur sənədini qoyub sürdüyü avtomobili Rentakardan götürdüyünü və ehtiyacı olduğundan mobil telefonunun birini satdığını, lakin sənədi üzərində olmadığını və etirza etməzsə onun sənədilə telefonu satmaq istədiyini demiş, Elnura inanıb telefonu onun sənədi ilə satmağına razılaşmışdır. 20 yanvar metrosunun yaxınlığında yerləşən telefon alqı-satqı dükanına getmişlər, Elnur satıcıya yaxınlaşıb ehtiyacı olduğundan “Samsung A52” markalı mobil telefonunu satmaq istədiyini, özünün sənədinin üzərində olmadığını və onu qohumu kimi təqdim edib onun sənədi ilə sata biləcəyini demişdir. Satıcı razılaşıb onun şəxsiyyət vəsiqəsinin surətini çıxarmış və telefonun İmei kodunu vəsiqənin surətinə yazdıqdan sonra ona imza etdirmiş və Elnura 220 manat pul vermişdir. Elnur onu 4-cü M/R-na aparıb düşürüb getmişdir. Axşam evə gəldikdə Aytac həmin günü səhər Elnurun kiminsə telefonunu ələ keçirdiyini və buna görə tutulduğunu demişdir. Bundan sonra onun sənədi ilə satılan telefonun həmin telefon olduğunu başa düşmüş və həmin telefonun oğurluq olduğunu bilməmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş şahid X3 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Bakı Metropoliteninin 20 yanvar stansiyasında yerləşən telefon alqı- satqı dükanını işlətmişdir. xx.xx.2022-ci il tarixdə saat təxminən 12:30 radələrində Elnur və Xatirə adlı şəxslər dükana gəlmiş, Elnur ehtiyacı olduğundan “Samsung A52” markalı mobil telefonunu satdığını bildirmiş və qohumu kimi təqdim etdiyi Xatirənin sənədini vermiş, sonuncunun sənədi ilə sənədləşdirib **********46294 İmey kodlu telefonu 220 manata almış və sonra satmışdır. xx.xx.2022-ci tarixdə dükana gəlmiş polis əməkdaşlarından həmin telefonun oğurluq olduğunu eşitmişdir. İşdə olan 23 aprel 2022-ci il tarixli “götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi Zərərçəkmiş şəxs2 məxsus **********46294 İmey kodlu “Samsung A52” markalı mobil telefonu satdığı Şahid3 şəxsiyyət vəsiqəsinin surəti götürülmüşdür. İşdə olan 24 fevral 2022-ci il tarixli “könüllü təqdim etmə və götürmə barədə” protokoldan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilmiş və Təqsirləndirilən şəxs idarə etdiyi «Toyota Prius» markalı ** RY *** qeydiyyat nişanlı avtomobilin nömrəsinə düzəliş etdiyi şəkil götürülmüşdür. İşdə olan 07 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 qarşı soyğunçuluq cinayəti törədən zaman idarə etdiyi «Toyota Prius» markalı, ** RV *** qeydiyyat nişanlı avtomobilin nömrəsinə düzəliş etdiyi şəkil və cinayət yolu ilə əldə etdiyi Zərərçəkmiş şəxs2 məxsus **********40294 İmey kodlu «Samsung A52» markalı mobil telefonu satdığı və X2 götürülmüş Şahid3 şəxsiyyət vəsiqəsinin surəti iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən verilmiş tələbnamədən və Bakı şəhər Xəzər rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən 2 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşdə olan Amnistiya aktının tətbiq edilməsi barədə xx.xx.2021-ci il tarixli qərardan görünür ki, “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.1-ci bəndinə əsasən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. İşdə olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs 23 fevral 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və 25 fevral 2022-ci il tarixli qərarla barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İşdə olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs 22 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Nizami rayon Məhkəməsinin 23 aprel 2022ci il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmədə tədqiq olunmuş sübutların məcmuyuna əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddələrinə əsasən, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində olan Bakı şəhər Xəzər rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə münasibətdə, Azərbaycan Respublikası CM-nin 18.4.1-ci maddəsinin tələbini nəzərə alır. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2012-ci il tarixli qərarında qeyd olunur ki, məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 45-ci bəndinin tövsiyyəsinə görə, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarında qeyd olunmuşdur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növünün və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 180.2.2-ci maddəsinin sanksiyasında üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli № 5 saylı qərarının 23-cü bəndinin tövsiyyəsində qeyd olunur ki, məhkəmələr nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmənin əlavə cəza kimi tətbiq edildiyi hallarda hökmlərin icrasına xüsusi diqqət yetirməlidirlər. Bu halda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin (bundan sonra CİM-nin) 157.2-ci maddəsinə əsasən həmin cəza intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalara əlavə olaraq təyin edildiyi hallarda əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hökmdə bu cəza üçün müəyyən edilmiş müddətə şamil olunur. Qərarda həmçinin qeyd olunur ki, nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə cəza intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzalara əlavə olaraq təyin edildikdə, cəzanı icra edən müəssisə və ya orqan əsas cəza müddəti qurtardıqdan sonra, yaxud məhkum şərti olaraq vaxtından əvvəl əsas cəzadan azad edilərsə və ya cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza ilə əvəz edilərsə, hökmün surətini və nəqliyyat vasitəsini idarəetmə hüququ verən sənədi onun yaşadığı yerin icra məmuruna göndərir. (CİM-nin 154.3-cü maddəsi). İcra məmuru tərəfindən göstərilən sənədlər icra olunması üçün qəbul edildiyi vaxtdan şəxsə təyin olunmuş nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə növündə əlavə cəza üçün müəyyən edilmiş müddətin axımı başlayır. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 67.5-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən əlavə cəzaların birləşdirilməsi bu Məcəllənin 66.4-cü maddəsində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə - tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İş materiallarında olan sənədlərə əsasən, Təqsirləndirilən şəxs 23 fevral 2022-ci il tarixdən 25 fevral 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı müddət ona təyin olunan cəza müddətinə hesablanmalıdır. Məhkəmə yuxarıda qeyd olunan xüsusatları və qanunvericiliyin tələblərini nəzərə alaraq, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilməklə cəza çəkmədən islah olunmasını mümkün saymır və hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 180.2.2-ci maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməli və Azərbaycan Respublikası CM-nin 66.4 və 67.1-ci maddələrinə əsasən, Bakı şəhər Xəzər rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə ona əlavə cəza kimi təyin olunmuş 2 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilməmiş hissəsi birləşdirilməli və azadlıqdan məhrum etmə cəzasını çəkməsi üçün Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir. İş üzrə maddi sübutlar - Təqsirləndirilən şəxs «Toyota Prius» markalı ** RY *** qeydiyyat nişanlı avtomobilin nömrəsinə düzəliş etdiyi şəkil və Şahid3 şəxsiyyət vəsiqəsinin surəti cinayət işində saxlanılmalıdır. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. İş üzrə xüsusi müsadirə müəyyən edilməmişdir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351- 353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.2-ci maddəsi ilə təqsirli bilinərək 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla üzərində qəti olaraq 03 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 66.4 və 67.1-ci maddələrinə əsasən, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə əlavə cəza kimi təyin olunmuş 2 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilməmiş hissəsi hazırki hökm üzrə təyin olunan cəzaya birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 1 (bir) il 15 (on beş) gün müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 22 aprel 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar - Təqsirləndirilən şəxs «Toyota Prius» markalı ** RY *** qeydiyyat nişanlı avtomobilin nömrəsinə düzəliş etdiyi şəkil və Şahid3 şəxsiyyət vəsiqəsinin surəti cinayət işində saxlanılsın. Hökm elan olunduğu andan 20 gün müddətində (həbsdə saxlanılan məhkum tərəfindən hökmün surəti ona verildiyi andan 20 (iyirmi) gün müddətində) Bakı şəhəri Nizami Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №1(007)-329/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-329/2022
01.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver