Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-329/2023 05.10.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məsləhətçi Əsədullayev İrfan İlyas oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs, xx xxxx 1984-cü ildə İsmayıllı rayonu, Qubaxəlilli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, İsmayıllı rayonu, Qubaxəlilli kəndində qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əsildar Məmmədəliyev küçəsində gündəlik evlərdə kirayədə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, özgənin əmlakını gizli olaraq talama məqsədilə 24 sentyabr 2022-ci ildə saat 02-03 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 116 nömərli ünvanda yerləşən “Mebel evi” mağazasının qarşısında dayanmış Şahid1 məxsus “Mersedes-Benz 220” markalı **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobilin kilidi açıq olan sağ qabaq qapısını açıb həmin vaxtı avtomobilin arxa oturacağında Zərərçəkmiş şəxs yatmasından istifadə edib arxa oturacaqda sonuncuya məxsus üzərində 50 manat dəyərində olan ***-***-**-** nömrə kartı, 15 manat dəyərində bir ədəd ekran qoruyucu, 20 manat dəyərində foto və video kamera qoruyucu olan 2380 manat dəyərində bir ədəd “Samsung” markalı “Galaxy S22 Ultra” modelli mobil telefonu gizli olaraq talayıb, ümumilikdə Zərərçəkmiş şəxs 2465 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, o, 2013-cü ildə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində və Nizami rayonu metronun “Xalqlar dostluğu” stansiyasının yaxınlığında olan “Fəhlə” bazarında fərdi qayda da fəhlə işləyir. O, 2020- 2021-ci illərdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Dəmiryolu stansiyasının yaxınlığında olan “Fəhlə” bazarında iş axtaran zaman orada Şahid5, Gündüz və Elnur adlı şəxslərlə tanış olmuş və onların münasibəti yaranmışdır. 23 sentyabr 2022-ci ildə saat 22 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində olan kefalərin birində yemək yeyib araq içmiş və 24 sentyabt 2022-ci ildə saat 02-03 radələrində o, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində metronun “Xalqlar dostluğu” stansiyasının yaxınlığında “Mebel evi”nin qarşısı ilə tək piyada hərəkət edən zaman görmüşdür ki, bir ədəd qara rəngli Mersedes-Benz markalı avtomobil dayanıb və həmin avtomobilin arxa oturacağında bir nəfər kişi cinsli şəxs yatıbdır. O, həmin avtomobilə yaxınlaşıb və görmüşdür ki, avtomobilin arxa oturacağında yatan şəxsin yanında bir ədəd mobil telefon vardır. Ətrafda olan mağazaların işığı avtomobilin içini nisbətən işıqlandırmışdır. O, avtomobilin sağ qabaq qapısını yoxlamış və görmüşdür ki, avtomobilin qapısı açıqdır, həmin qapını açmış və yatan kişi cinsli şəxsin yanında oturacağın üzərində olan bir ədəd Samsung markalı mobil telefonu götürmüş və qapını yavaş bağlayıb taksi ilə yaşadığı evə getmiş və oğurladığı mobil telefon barəsində heç kimə bir söz deməmişdir. Oğurladığı mobil telefon açıq vəziyyətdə olmuş və həmin mobil telefona zənglər gəlsə də ona cavab verməmişdir. 26 sentyabr 2022-ci ildə saat 18-19 radələrində o, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Dəmiryolu stansiyasının yaxınlığında olan parkda Şahid5la görüşmüş və söhbət zamanı ona demişdir ki, onda mobil telefon var, oğurlayıbdır. Şahid5 ona demişdir ki, versin ona, satsın. O, Şahid5 demişdir ki, “mobil telefonu satsan, zibilə düşəcəyik”. Şahid5 demişdir ki, “narahat olma, mobil telefonu satacam və sənə də hörmət edəcəm”. O, Şahid5 razılıq vermiş və oğurladığı mobil telefonu Şahid5 vermişdir ki, satsın. Bundan sonra o, Şahid5 görməmiş və onunla əlaqə saxlaya bilməmişdir, çünki Şahid5 mobil telefon nömrəsini bilməmiş və Şahid5 “Fəhlə” bazarına gəlməmişdir. 14 mart 2023-cü ildə o, Şahid5 Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 24-cü Polis şöbəsində olan zaman görmüş və orada ona məlum olmuşdur ki, Şahid5 ondan götürdüyü bir ədəd Samsung markalı mobil telefonu lombarda girov qoyub 500 manat götürmüşdür. O, Şahid5 Samsung markalı mobil telefonu necə və haradan oğurladığını deməmiş, lakin ona demişdir ki, bu mobil telefonu oğurlayıbdır. O, Şahid5 Samsung markalı mobil telefonu lombarda girov qoyub 500 manat götürməsini bilməmiş və həmin puldan ona bir manat da çatmamışdır. Sonda Təqsirləndirilən şəxs, törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə vurulmuş zərəri ödəyərək onunla barışıq əldə etdiyini bildirdi və barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Zərərçəkmiş şəxs 28 sentyabr 2023-cü il tarixdə ərizə verərək göstərmişdir ki, o, Təqsirləndirilən şəxs etdiyi əmələ görə bağışlamışdır, dəymiş ziyan tam ödənilmişdir, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsindən görünür ki, o, Bakı şəhəri, ünvan 2 ünvanda ailəsilə birlikdə yaşayır. O, 1999-cu ildə Bakı şəhəri, Xətai rayonunda yerləşən 63 nömrəli orta məktəbin 9-cu sinifini Azərbaycan dilində bitirmiş, 1999- 2002-ci illərdə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən Bakı Plan Uçot Texnikomunun Gömrük işinin təşkili fakültəsini və 2002-2006-cı illərdə Azərbaycan Kooperasiya Universitetinin Standartlaşdırma və Sertifikatlaşdırma faakultəsini Azərbaycan dilində bitirmiş və 2006-2007-ci illərdə həqiqi hərbi xidmət etmişdir. 2008- 2016-cı illərdə “Azərkörpü” Açıq Səhimdar Cəmiyyətində iş icraçısı işləmiş, 2016-cı ildən isə Bakı Metropoliten Qapalı Səhmdar Cəmiyyətində yol baxıcısı vəzifəsində işləyir. O, bazar ertəsindən cümə gününə kimi saat 23:30-da işdə olur və səhəri günü saat 05:30-da işdən çıxıb evə gedir. 18 iyun 2022-ci ildə o, qayını Əziz Quliyevlə söhbət edən zaman ona demişdir ki, “sən tez-tez Koreya Respublikasına gedirsən və mənə bir ədəd Samsung markalı Galaxy S22 Ultra modelli mobil telefona alıb gətir”. Əziz Quliyev onunla razılaşmış və o, Əziz Quliyevlə həmin mobil telefonun Koreya Respublikasında qiymətləri ilə maraqlanmış və məlum olmuşdur ki, həmin mobil telefonun qiyməti 1400 ABŞ dollar, yəni 2380 manatdır. O, bir ədəd Samsung markalı Galaxy S22 Ultra modelli mobil telefonun alınması üçün Əziz Quliyevə 1400 ABŞ dolları, yəni 2380 manat vermişdir. 2022-ci ilin iyul ayının əvvəllərində Əziz Quliyev ona bir ədəd Samsung markalı Galaxy S22 Ultra modelli mobil telefonu qutuda təzə vəziyyətdə vermişdir. 14 iyul 2022-ci ildə o, həmin mobil telefonu Bakı şəhəri, Xətai rayonunda yerləşən 3 saylı Poçt filialının 123 saylı Poçt şöbəsinə aparmış və 150 manat verib qeydiyyatda keçirmişdir. Bundan sonra o, 50 manata aldığı ***-***-**-** nömrəsini həmin mobil telefonun kart yerinə yerləşdirib istifadə etməyə başlamışdır. O, həmin mobil telefonun ekranının üzərinə 15 manat verib qoruyucu və həmin mobil telefonun arxasında olan foto və video kamerasının üzərinə 20 manat verib qoruyucu çəkdirmişdir. 23 sentyabr 2022-ci ildə saat 22:30 radələrində o, işə getmək üçün evdən çıxmış və həmin vaxtı Samsung markalı Galaxy S22 Ultra modelli mobil telefon üzərində olmuşdur. O, idarə etdiyi Kia markalı Sorento modelli Az **-CP-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşmiş və metronun “Həzi Aslanov” stansiyasının yaxınlığına gəlmişdir. O, idarə etdiyi avtomobili saxlayıb metronun “Həzi Aslanov” stansiyasına düşmüş, qatarla metronun “Xalqlar Dostluğu” satansiyasına gəlmiş və həmin günü saat 23:30-da işə gəldiyi üçün xidməti vəsiqəsilə qeydiyyatdan keçmişdir. Həmin günü o, ehtiyatda olduğu üçün onu metronun “Xalqlar dostluğu” stansiyasında saxlamışlar və demişlər ki, lazım olsan səni çağıracaqlar. O, metronun “Xalqlar dostluğu” stansiyasından çıxmış, həmin vaxtı iş yoldaşı Şahid1 görmüş və ona demişdir ki, idarə etdiyin avtomobilin açarlarını ver, ehtiyata düşübdür, lazım olsa onu çağıracaqlar, ona görə də, onun avtomobilində biraz mürgüləsin. Şahid1 etiraz etməmiş və Mersedes-Benz markalı C 220 modelli Az **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobilin açarını ona vermiş və demişdir ki, avtomobili yaxınlıqda olan “Mebel evi” mağazası ilə üzbəüz yolun qırağında saxlamışdır. Həmin vaxtı Şahid1 ona əlavə olaraq demişdir ki, avtomobilin uzaqdan idarə etmə pulu yaxşı işləmir. O, Şahid1 avtomobilin açarını alıb avtomobilə tərəf getmiş, Şahid1 işə getmişdir. O, avtomobilin sol arxa qapısını açıb əyləşmiş və arxa oturacaqda uzanmışdır. Həmin vaxtı o, üzərində olan Samsung markalı Galaxy S22 Ultra modelli mobil telefonu cibindən çıxarıb avtomobilin sağ arxa qapısının içəri tərəfindən olan cibinə qoymuş və yatmışdır. Həmin günü saat 04:50-də yuxudan oyanmış və mobil telefonunu götürmək üçün avtomobilin sağ arxa qapısının içəri tərəfdən olan cibinə baxmış və görmüşdür ki, mobil telefon yerində yoxdur. Bundan sonra o, avtomobildən düşmüş və avtomobili içəri hissəsini axtarsa da mobil telefonu tapa bilməmişdir. O, tez Şahid1 yanına gəlmiş və ona demişdir ki, onun mobil telefonu avtomobildən oğurlanıb, mobil telefonunu ver, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 Xidməti-zəng mərkəzinə zəng vurub məlumat versin. Bundan sonra Şahid1 ona demişdir ki, gedək avtomobilə birdə baxaq. O, razılaşmış və Şahid1lə avtomobilin yanına gəlmiş və avtomobilin içərisinə və çölünə baxmışlar. Şahid1 demişdir ki, ona məxsus avtomobildən mobil telefondan başqa heç bir şey oğurlanmamışdır. O, Şahid1 mobil telefonu ilə istifadəsində olan ***-***-**-** nömrəyə zəng vurmuş və mobil telefonuna zəng çatsa da cavab verən olmamışdır. Bundan sonra o, başa düşmüşdür ki, ona məxsus mobil telefonu oğurlanmışdır. O, Şahid1 mobil telefonunu istəmiş, Şahid1 mobil telefonunu ona vermiş və o, Şahid1 istifadəsində olan ***-***-**-** nömrədən Azərbaycan Respublikası Daxili İşləri Nazirliyinin 102 Xidmətizəng mərkəzinə zəng vurub mobil telefonunun oğurlanması barədə məlumat vermişdir. Bundan sonra hadisə yerinə Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 24-cü Polis şöbəsinin əməkdaşları gəlib hadisə yerinə baxış keçirmişlər və o, polis əməkdaşları ilə birlikdə 24-cü Polis şöbəsinə gedib mobil teıefonunun oğurlanması barədə ərizə ilə müraciət etmişdir. Şahid qismində dindirilmiş Şahid1 məhkəmə baxışı zamanı verdiyi ifadəsində bildirmişdir ki, o, Bakı şəhəri, ünvan 4 ünvanda ailəsilə birlikdə yaşayır. O, 1996-cı ildə ünvan 5rbaycan dilində bitirmiş, 1996-2001-ci illərdə Gürcüstan Respublikasında Hüquq fakültəsini bitirmiş, 2002-2003-cü illərdə həqiqi hərbi xidmət etmişdir. O, 2008-ci ildən Bakı Metropoliten Qapalı Səhmdar Cəmiyyətində tunel fəhləsi vəzifəsində işləyir. O, iş yoldaş Zərərçəkmiş şəxs 2022-ci ilin mart ayndan tanıyır, Zərərçəkmiş şəxs Bakı Metropoliten QSC-də əvvəllər başqa sahədə işləmiş, hazırda onunla birlikdə tunel baxıcısı işləyir. 23 sentyabr 2022-ci ildə saat 22:30-da o, işə getmək üçün yaşadığı evdən çıxmış və idarə etdiyi Mersedes-Benz markalı C 220 modelli Az **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobillə metronun “Xalqlar dostluğu” stansiyasının yaxınlığında “Mebel evi” mağazasının qarşısına gəlmiş və avtomobili saxlayıb metronun “Xalqlar dostluğu” stansiyasına düşüb işə başlamışdır. Həmin vaxtı iş yoldaşı Zərərçəkmiş şəxs ona demişdir ki, yorğundur, avtomobilinin açarını versin, bir az avtomobildə yatsın. O, Zərərçəkmiş şəxs razılıq vermiş və demişdir ki, “gedək avtomobili açım”. Bundan sonra onlar birlikdə Mersedes-Benz markalı C 220 modelli avtomobilin yanına gəlmiş və o, avtomobili uzaqdan idaretmə pulu ilə açmış və avtomobilin açarını Zərərçəkmiş şəxs verib demişdir ki, avtomobilini açıb-bağlamaq istəsə idarəetmə pulunu avtomobilin salonunda olan güzgüyə yaxınlaşdırsın. Bundan sonra o, işinin dalınca getmiş və işə başlamışdır. 24 sentyabr 2022-ci ildə saat 05 radələrində o, işdə olan zaman Zərərçəkmiş şəxs onun işlədiyi yerə gəlib demişdir ki, o, avtomobildə yatan zaman onun Samsung markalı mobil telefonunu oğurlanmışdır. Bundan sonra onlar birlikdə gəlib Mersedes-Benz markalı C 220 modelli avtomobilin yanına gəlmişlər. Zərərçəkmiş şəxs ondan mobil telefonunu istəmiş, o, Zərərçəkmiş şəxs öz mobil telefonunu vermiş və Zərərçəkmiş şəxs onun mobil telefonundan öz mobil telefonuna zəng vurmuşdur. Zərərçəkmiş şəxs mobil telefonuna zəng çatsa da cavab verən olmamışdır. Həmin vaxtı Zərərçəkmiş şəxs ona demişdir ki, o, avtomobilin arxa oturacağında başı sağ tərəfə olmaqla uzanmışdır. O, Zərərçəkmiş şəxs soruşmuşdur ki, mobil telefonun haradan oğurlanıb? Nəsrəddin Səfərərov tam olaraq deyə bilməmişdir ki, mobil telefon haradan oğurlanıb, çünki demişdir ki, mobil telefonu avtomobilin ya cibinə qoyub, ya da avtomobilin arxa oturacağının üzərinə qoymuşdur. Bundan sonra onlar avtomobilin salonuna baxsalar da mobil telefonu tapa bilməmişlər. Həmin vaxt o, görmüşdür ki, onun avtomobilindən ona məxsus heç bir şey oğurlanmayıbdır. Bundan sonra Zərərçəkmiş şəxs onun mobil telefonundan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidməti-zəng mərkəzinə zəng vurub mobil telefonun oğurlanması barədə məlumat vermişdir. Bundan sonra hadisə yerinə Bakı şəhəri Nizami Rayon polis İdarəsinin 24-cü Polis şöbəsinin polis əməkdaşları gəlib baxış keçirmişlər. Həmin vaxtı Zərərçəkmiş şəxs polis əməkdaşları ilə birlikdə ərizə ilə müraciət etmək üçün 24-cü Polis şöbəsinə getmişdir. Sonradan onu 24-cü Polis şöbəsinə dəvət etmişlər və o, olanlar barədə izahat yazmışdır. Şahid qismində dindirilmiş Şahid2 məhkəmə baxışı zamanı verdiyi ifadəsində bildirmişdir ki, o, Bakı şəhəri, ünvan 6 ünvanda ailəsilə birlikdə yaşayır. O, 2013-cü ildə Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospektində yerləşən 03 nömrəli tam orta məktəbi, 2013-2017-ci illərdə Bakı Biznes Universitetinin İqtisadiyyat və İdarəetmə fakültəsinin Maliyyə ixtisası üzrə əyani şöbəsini Azərbaycan dilində bitirmişdir. 2018-2019cu illərdə həqiqi hərbi xidmət etmişdir. 2021-ci ildə Bakı Beynəlxalq Ticarət mərkəzinin Ələt limanında olan Port Bonded şirkətində fəhlə işləyir. 11 dekabr 2022-ci ildə sosial şəbəkədə olan “Lalafo” saytında Samsung markalı S22 Ultar modelli mobil telefonun elanı qarşısına çıxmış və marağına gəldiyi üçün həmin mobil telefona baxmışdır. Həmin elanda mobil telefonun qiyməti 1300 manat qeyd olunmuşdur. O, həmin saytda qeyd olunan mobil telefon nömrəsinə zəng vurub Samsung markalı S22 Ultar modelli mobil telefonla maraqlanmış və ona demişlər ki, mobil telefon hazırda satışdadır. O, həmin şəxsdən mağazanın yerini soruşmuş, həmin şəxs ona “WhatsApp” proqramı vasitəsi ilə məkanı yeri göndərmişdir. O, həmin günü saat 17-18 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində qeyd olunan mağazaya getmiş və həmin mobil telefona baxmışdır. Onun mobil telefondan xoşu gəldiyi üçün satıcıya demişdir ki, o, mobil telefonu alır. Satıcı demişdir ki, nağd formada ödəyirsən ? O, satıcıya demişdir ki, yox, kartdan köçürmə edəcək. Satıcı onunla razılaşmış və o, özünə məxsus “Kapital bank” banka aid kartdan satıcının “Kapital bank” aid kartına mobil telefona görə 1300 manat, əlavə aksesuara görə 70-80 manat pul köçürməsi etmişdir. Bundan sonra o, Samsung markalı S22 Ultra modelli mobil telefonun üzərinə özünə məxsus ***-***-**-** nömrəni yerləşdirib istfadə etmişdir. Bundan başqa o, həmin mobil telefonda ***-***-**-**, ***-***-**-** və ***-***- **-** nömrəni işlətmişdir. 06 fevral 2023-cü ildə ona Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə dəvət etmişlər və orada ona məlum olmuşdur ki, onun aldığı Samsung markalı S22 Ultra modelli mobil telefon oğurluqdur. Samsung markalı S22 Ultra modelli mobil telefon sübut əhəmiyyətli olduğundan istintaq orqanına təqdim etmişdir. Şahid qismində dindirilmiş Şahid3 məhkəmə baxışı zamanı verdiyi ifadəsində bildirmişdir ki, o, Bakı şəhəri, ünvan 8 ünvanda ailəsilə birlikdə yaşayır. O, 2013-cü ildə Bakı şəhəri, Suraxanı rayonu, Zığ kəndində yerləşən 317 nömrəli orta məktəbi Azərbaycan dilində bitirmişdir. Onun gözü zəif olduğu üçün həqiqi hərbi xidmətə aparmamışlar. 2021-ci ildən o, lombard fəaliyyəti ilə məşğul olur. O, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 26/26 nömrəli ünvanda telefon mağazasında bir otağı icarəyə götürüb lombard fəaliyyəti ilə məşğul olur. O, müraciət edən müştərlərdə girov götürüb 20 faiz olmaqla 10 gündən 1 ay 10 gün müddətinə müxtəlif məbləğlərdə ssuda verir. 27 sentyabr 2022-ci ildə o, Lombarda olan zaman bir nəfər kişi cinsli şəxs lombarda gəlib mobil telefonunu girov qoyub 500 manat pul götürmək istədiyini bildirmişdir. O, həmin şəxsin mobil telefonunun markası ilə maraqlanmışdır. Həmin şəxs Samsung markalı S22 Ultra modelli mobil telefonunu ona göstərmiş və o, həmin mobil telefona baxıb demişdir ki, Samsung markalı S22 Ultra modelli mobil telefonu girov götürüb 20 faiz olmaqla bir ay müddətinə 500 manat verə bilər. Həmin şəxs onunla razılaşmış və o, həmin şəxsin şəxsiyyət vəsiqəsini istəmişdir. Həmin şəxs şəxsiyyət vəsiqəsini verəndən sonra ona məlum olmuşdur ki, həmin şəxs Şahid5dur. O, Şahid5 mobil telefonun kimə məxsus olması ilə maraqlanmış və Şahid5 demişdir ki, özünə məxsusdur. Bundan sonra o, girov bileti tərtib etmişdir ki, bir ədəd Samsung markalı S22 Ultra modelli mobil telefonu girov götürüb 1 ay müddətinə 20 faiz olmaqla 500 manat verir. Həmin girov biletini o və Şahid5 imzalarla təsdiq etmişlər. Həmin vaxtı o, Samsung markalı S22 Ultra modelli mobil telefonu götürüb 500 manat pulu Şahid5 vermişdir. Şahid5 ona ***-***-**-** nömrəsini vermişdir ki, bu nömrə ilə onunla əlaqə saxlasın. Bir aydan sonra Şahid5 gəlmədiyi, əsas və faiz pulunu gətirmədiyi üçün o, qeyd olunan nömrəyə zəng vurmuş və nömrəni istifadə edən şəxs demişdir ki, Şahid5 bu nömrəni işlətmir və o, Bəbək Nəsiovu tanımır. O, təxminən iki ay Şahid5 gözləmiş və bundan sonra həmin mobil telefonu satmaq qərarına gəlmiş və həmin mobil telefonu Həsən adlı şəxsə göstərib bildirmişdir ki, girov qoyulub, sahibi gəlib götürmür və həmin mobil telefonu neçə manata götürürsən? Həsən mobil telefona baxdıqdan sonra demişdir ki, 1050 manata alar, ancaq mobil telefon satılandan sonra pulunu verəcək. O, Həsənlə razılaşmış və Samsung markalı S22 Ultra modelli mobil telefonu Həsənə vermiş və bu barədə dəftərdə qeyd etmişdir. 2022-ci ilin dekabr ayında Həsən ona 1050 manat vermiş və demişdir ki, mobil telefonu satıbdır. İş materiallarında olan 24 sentyabr 2022-ci ildə tərtib edilmiş “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs məxsus bir ədəd Samsung markalı S22 Ultra modelli mobil telefon Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 116 nömrəli ünvanda yerləşən “Mebel Evi” mağazasının qarşısında dayanmış Mersedes-Benz markalı Az **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobildən oğurlanmışdır. İş materiallarında olan 06 fevral 2023-cü ildə tərtib edilmiş “əşyanın götürülməsi və baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Şahid2 11 dekabr 2022-ci ildə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində olan mobil telefon mağazasından aldığı və sonradan oğurluq olduğunu bildiyi bir ədəd Samsung markalı S22 Ultra modelli mobil telefonu istintaq orqanına təhvil vermiş və həmin bir ədəd Samsung markalı S22 Ultra modelli mobil telefon cinayət işi üzrə maddi sübut qismində tanınmış və saxlanılması üçün Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmışdır. İşdə olan Şahid3 təqdim etdiyi 27 sentyabr 2022-ci ildə tərtib edilmiş “095554 nömrəli girov bileti”ndən görünür ki, 27 sentyabr 2022-ci ildə Şahid5 bir ədəd Samsung markalı S22 Ultra modelli mobil telefonu girov qoyaraq 500 manat pul götürmüş və həmin girov bileti cinayət işi üzrə maddi sübut qismində tanınmış və cinayət işinin materillarında saxlanılmışdır. İş materiallarında olan məhkəmə əmtəəşünaslıq ekspertizasının 14 mart 2023-cü il tarixli, 9/1275 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 01 ədəd “Samsung Galaxy S22 Ultra” markalı “SM-S908N” model, 256 Gb yaddaş tutumlu, **********40596 İMEİ kodlu mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksessuarların olmaması və istifadədə olması nəzərə alınmaqla orta bazar qiyməti təxminən 1150 manat müəyyən olunur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 01 nömrəli qərarının 1, 19 və 20-ci bəndlərinə əsasən, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını və zərərçəkmiş şəxsə vurulmuş zərəri ödəyərək onunla barışıq əldə etməsini məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 29 mart 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə, CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinib, 200 manat cərimə cəzasına məhkum edilmişdir. İşdə olan Bakı Şəhər Probasiya İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə, CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinib, 200 manat cərimə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs “Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2013-cü il tarixli qərarına əsasən cəzadan azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. İş materiallarında olan 14 mart 2023-cü il tarixli tutma protokolundan, 16 mart 2023cü il tarixli cəlb qərarından, 16 mart 2023-cü il tarixli qərardan və eyni tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs, 14 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 16 mart 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin tarixdə Nizami RPİ-nin X1 azad edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 14 mart 2023-cü il tarixdən 16 mart 2023-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət həbsdə olma müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq, müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən məhkəmə əmtəəşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 50 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Habelə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə uyğun olaraq, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Samsung S22 Ultra” markalı mobil telefonun ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalı, iş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılan 27 sentyabr 2022ci ildə tərtib edilmiş 095554 nömrəli girov bileti cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin işdə iştirak etdiyi müddət 48 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 288 (48x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 14 mart 2023-cü il tarixdən 16 mart 2023-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət nəzərə alınmaqla, həbsdə saxlamanın bir gününü azadlığın məhdudlaşdırılmasının iki gününə hesablayaraq üzərində 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, İsmayıllı rayonunu tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 50 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Samsung S22 Ultra” markalı mobil telefonun ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılan 27 sentyabr 2022-ci ildə tərtib edilmiş 095554 nömrəli girov bileti cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs 48 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 288 manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №1(007)-329/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-329/2023
05.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver