Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-329/2025 24.10.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçiləri Bakı şəhəri 15 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, təqsirləndirilən şəxs - 29 avqust 2000-ci il tarixdə Saatlı rayonunun Azadkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta-ixtisas təhsilli, subay, fərdi qaydada işləmiş, əvvəllər məhkum olunmamış, Sabirabad rayonunun Ətcələr kəndində qeydiyyatda olan, Bakı şəhəri Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, 2-ci Massiv, nömrəsiz fərdi yaşayış evində yaşamış, 23 dekabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 25 dekabr 2024-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda narkotik vasitələri əldə edib üzərində saxlayaraq daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda, ümumi təmiz çəkisi 7,141 qram olan natkotik vasitə qurudulmuş marixuana əldə etmiş, 08 ədəd ayrı-ayrı bükümlərə bölərək özündə saxlamaqla daşımış, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Bakı şəhəri Nizami rayon polis idarəsinin narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 23 dekabr 2024-cü il tarixdə, saat 17:15-də ünvan 1 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılaraq orada üzərinin yoxlanılması zamanı əynində olan qara rəngli şalvarın sağ yan cibindən üzərində “Collar” yazılmış dəmir qabın içərisinə qoyulmuş 08 ədəd bükümdə tərkiblərinə görə eyni olan, hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 0,854 qram, 0,490 qram, 0,453 qram, 2,047 qram, 0,810 qram, 0,759 qram, 0,924 qram və 0,804 qram, ümumi təmiz çəkisi 7,141 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və əynində olan qara gödəkçənin sol iç cibindən narkotik vasitələrin satışında istifadə etdiyi üzərində cüzi miqdarda narkotik vasitə marixuana izləri olan bir ədəd “Univeyt” markalı gümüşü-qara rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilir, CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilmir. İstifadəçi olmuş, 1-2 dəfə narkotik vasitə istifadə etmişdir. 23 dekabr 2024-cü il tarixdə, saat 23 radələrində “Mey Life” otelin həyətində olarkən 7 nəfər polis əməkdaşı onu saxlamışlar. Saxlanılan zaman üzərinə axtarış keçirməmişlər. Taksi fəaliyyəti ilə məşğul olan zaman müştərisindən 1 büküm narkotik vasitəni öz istifadəsi üçün 10-15 manata almışdır. 2 gün sonra polis əməkdaşları onu saxlamışlar, saxlanılan zaman büküm üzərində olmuşdur. Daha sonra polis əməkdaşları həmin bükümün üzərinə başqa bükümlər və tərəzi də əlavə etmişlər. Onun saxlanılması zamanı Eldar adlı polis əməkdaşı da olmuş, ona təzyiq göstərmişdir. Polis əməkdaşları tərəfindən ona zor tətbiq olunmuşdur. Tərəzi və digər bükümdəki narkotik vasitələr onun üzərində olmamışdır. Saxlanıldıqdan 4 saat sonra videoçəkiliş olmuşdur. Elə bir atmosferə düşmüşdür ki, qorxmuşdur. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə məhkəmə baxışında verdiyi ifadəsi arasında əhəmiyyətli ziddiyyət olduğundan (baxmayaraq ki, həmin ifadəsində də o, verilmiş ittiham üzrə özünü təqsirli bilməmişdir), Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən onun 24 dekabr 2024-cü il tarixdə müdafiəçisinin iştirakı ilə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs sözügedən ifadəsində göstərmişdir ki, ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilmir. təxminən 1 ay olar ki, narkotik vasitə qurudulmuş marixuanadan istifadə edir. Taksi fəaliyyəti ilə məşğul olduğundan təxminən 2 ay əvvəl Abşeron rayonu Masazır qəsəbəsindən sonradan adının “Tərlan” olduğunu bildiyi şəxsi müştəri olaraq götürüb dediyi ünvana aparmışdır. Daha sonra Tərlan onun mobil nömrəsini götürərək onunla əlaqə saxlamış və o, Tərlanı dediyi ünvanlara aparmışdır. Təxminən 3-4 gün əvvəl Tərlanı Masazır qəsəbəsinə apardıqdan sonra o, ona verəcək pulu olmadığını bildirmiş və ona həmin gediş haqqı qarşılığında narkotik vasitə marixuana verməyi təklif etmişdir. O da onunla razılamışdır. Tərlan ona büküm halında qurudulmuş marixuana vermişdir. O, həmin marixuananı istifadə etmək üçün üzərində saxlamışdır. Marixuananı 8 ədəd büküm halına salaraq gələcəkdə istifadə etmək üçün dəmir qaba qoymuşdur. 23 dekabr 2024-cü il tarixdə üzərində olan narkotik vasitəni istifadə etmək üçün piyada şəklində ünvan 2 ünvanında gedən zaman 3 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini təqdim etmişlər və polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin vaxt marixuana üzərində olsa da imkan tapıb ata bilməmişdir. Onun üzərinə videoçəkiliş vasitəsilə baxış keçiriləcəyi ona bildirilmişdir. Çəkiliş zamanı üzərində qadağan olunmuş maddə olduğu halda təqdim etməyi bildirilmiş və o, əynində olan qara rəngli şalvarın sağ yan cibindən qabın içərisinə qoyulmuş 8 ədəd bükümdə olan marixuananı və istifadə etdiyi “Tecno” markalı mobil telefonunu təqdim etmişdir. Daha sonra üzərinə baxış keçirilən zaman gödəkçəsinin sol cibindən tərəzi aşkarlanmışdır. Həmin aşkar olunmuş bükümlər və tərəzi qablaşdırılmış, sonra o, polis əməkdaşları tərəfindən Nizami RPİ-nə göndərilmişdir. Orada üzərinə yoxlanış keçirilməsi ilə əlaqədar protokol tərtib olunmuş və o, həmin protokolu imzalamışdır. İdarədə vəkillə təmin olunmuş və onun iştirakı ilə izahatı alınmışdır. Sorğu-sual edilərkən təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs ifadəsinə əlavə olaraq bildirmişdir ki, üzərindən aşkar edilmiş narkotik vasitə marixuana ona məxsusdur. Polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir zorakılıq tətbiq edilməmişdir. Narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmur, narkotik vasitələri şəxsi istifadəsi üçün əldə etmişdir. Üzərindən aşkar edilmiş marixuananı ayrı-ayrı vaxtlarda istifadə etmək üçün 8 ədəd büküm halına salmışdır. Üzərindən aşkar olunmuş tərəzini bükümlərin çəkisini müəyyən etmək üçün üzərində gəzdirmişdir. Ona narkotik vasitəni vermiş “Tərlan” adlı şəxsin adından başqa anket məlumatları barədə məlumatı yoxdur. Üzərindən aşkar olunmuş narkotik vasitədən heç kimə verməmişdir. Təqsirləndirilən şəxs əlavə dindirilən zaman mobil telefonunda müxtəlif tətbiqlər olduğundan, həmçinin taksi fəaliyyəti ilə məşğul olduğundan “Bolt”, “Uber” və “Yango” tətbiqləri aktiv olduğundan mobil telefonundan internet istifadəsi kimi qeyd olunduğunu bildirmişdir. Təqsirləndirilən şəxs ifadəsinin elan olunmasından sonra göstərmişdir ki, o, həmin ifadə ilə razı deyil, onun üzərində 1 büküm narkotik vasitə olmuşdur. Digər bükümləri və tərəzini polis əməkdaşları onun üzərinə qoymuşlar. Hazırda məhkəməyə verdiyi ifadəni təsdiq edir. Amma ona qarşı yol verilmiş qanunsuz hərəkətlərlə bağlı hər hansı orqana şikayət verməmişdir. Təqsirləndirilən şəxs məhkəmədə son sözündə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə özünü təqsirli bilmədiyini bir daha göstərmiş və onun əməlinin Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Nizami rayon polis idarəsinin narkotiklərlə mübarizə bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs hadisə baş verənə kimi tanımamış, onunla ədavəti olmamışdır. 23 dekabr 2024-cü il tarixdə Nizami RPİ-nin NMB-yə Nizami rayonu ərazisində Təqsirləndirilən şəxs taksi fəaliyyəti ilə məşğul olduğu avtomobil ilə narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Alınmış məlumat barədə raportla rəhbərliyə məruzə edildikdən sonra həmin şəxsin olduğu yerin müəyyən edilib ifşa olunması istiqamətində Bakı şəhəri Nizami rayonu ərazisində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar çıxarılmışdır. Nizami RPİ-nin NMB-nin əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 ilə birlikdə 23 dekabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs olması ehtimal edilən ünvan 3 ünvanının yaxınlığına yollanmışlar. Oraya gəldikdə əməliyyat mövqeyi seçilmişdir. Həmin gün saat 17:15-də qeyd olunan ünvanın yaxınlığında özünü şübhəli aparan, xarici görünüşcə Təqsirləndirilən şəxs oxşar bir şəxsin piyada gəldiyini müəyyən etmişlər. Həmin şəxsə yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Videoçəkiliş vasitəsilə üzərinə baxış keçiriləcəyi qeyd edildikdən sonra hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiyəçiyə malik olmaq hüququ izah edilmişdir. Əməliyyat müvəkkili Şahid3 tərəfindən videoçəkiliş aparılmağa başlanmışdır. Təqsirləndirilən şəxs üzəri yoxlanmazdan əvvəl ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən 1 ədəd dəmir qabın içərisində 8 ədəd kağıza bükülmüş narkotik vasitə olan marixuanaya bənzər yaşıl ot kütləsini, şalvarının sol yan cibindən 1 ədəd “Techno Spark” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Daha sonra üzəri yoxlanılan zaman əynində olan gödəkçəsinin sol iç cibindən bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Aşkar edilmiş 8 ədəd marixuanaya bənzər ot kütləsi və elektron tərəzi qablaşdırılaraq ekspertizaya göndərilməsi üçün götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs Nizami rayon polis idarəsinə aparılmışdır. Qeyd olunan tədbirlərin həyata keçirilməsi zamanı Təqsirləndirilən şəxs özünü səmimi aparmış, tərəflərindən ona qarşı qanunsuz hərəkətə yol verilməmiş, hər hansı təzyiq göstərilməmişdir. Şahid1 sualları cavablandırarkən göstərmişdir ki, Təqsirləndirilən şəxs döyən, incidən olmamış, qanunsuz hərəkətə yol verilməmişdir. Təqsirləndirilən şəxs saxlanılan zaman videoçəkilişlə üzərini yoxlanış keçirilmişdir. Onlar baxış keçirməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Nizami rayon polis idarəsinin narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 23 dekabr 2024-cü il tarixdə NMB-yə Nizami rayonu ərazisində Təqsirləndirilən şəxs adlı şəxsin taksi fəaliyyəti ilə məşğul olduğu avtomobillə narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Alınmış məlumat barədə raportla rəhbərliyə məruzə edildikdən sonra həmin şəxsin olduğu yerin müəyyən edilib ifşa olunması istiqamətində rayon ərazisində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar çıxarılmışdır. Nizami RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili Şahid1 və əməliyyat müvəkkili Şahid3 ilə birlikdə 23 dekabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs olması ehtimal edilən Nizami rayonu, Məhsəti küçəsi, 156 ünvanının yaxınlığına getmiş, orada əməliyyat mövqeyi seçmişlər. Həmin gün saat 17:15-də həmin ünvanın yaxınlığında özünü şübhəli aparan, xarici görünüşcə Təqsirləndirilən şəxs oxşar bir şəxsin piyada gəldiyini müəyyən etmişlər. Yaxınlaşıb özlərini həmin şəxsə təqdim edərək polis əməkdaşı olduqlarını bildirmişlər. Videoçəkiliş vasitəsilə üzərinə baxış keçiriləcəyi qeyd edildikdən sonra hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiyəçiyə malik olmaq hüququ izah edilmişdir. Əməliyyat müvəkkili Şahid3 tərəfindən videoçəkiliş aparılmağa başlanmışdır. Təqsirləndirilən şəxs üzəri yoxlanmazdan əvvəl ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd dəmir qabın içərisində 8 ədəd kağıza bükülmüş narkotik vasitə olan marixuanaya bənzər yaşıl ot kütləsini, şalvarının sol yan cibindən isə 1 ədəd “Techno Spark” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Bundan sonra onun üzəri yoxlanılan zaman əynindəki gödəkçənin sol iç cibindən bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Aşkar edilmiş 8 ədəd marixuanaya bənzər ot kütləsi və elektron tərəzi qablaşdırılaraq ekspertizaya göndərilməsi üçün götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs Nizami rayon polis idarəsinə aparılmışdır. Əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs qarşı tərəflərindən qanunsuz hərəkətə yol verilməmiş, təzyiq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami rayon polis idarəsinin narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili Şahid3, qeyd olunan şahidlərlə eyni məzmunlu ifadə vermişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 24 dekabr 2024-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə faktla bağlı Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) - 23 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Nizami RPİ-nin NMB-nə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə etməsi, daşıması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyataxtarış tədbiri zamanı 23 dekabr 2024-cü il tarixdə, saat 17:15 də Nizamı rayonu Məshəti 156 ünvanının yaxınlığında saxlanılan Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən tutulan andan etibarən müdafiəçiyə malik olmaq hüququ izah edilmişdir. Üstünün yoxlanılması zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd dəmir qabın içərisində 8 ədəd kağıza bükülmüş narkotik vasitə olan marixuanaya bənzər yaşıl ot kütləsi, şalvarın sol yan cibindən 1 ədəd “Tecno Spark” markalı mobil telefonu təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış və əynində olan gödəkçənin sol iç cibindən bir ədəd “Univeyt” markalı elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümlərin içərisində olanların “nəşə” olduğunu və tanışı “Tərlan” adlı şəxsdən aldığını bildirmişdir. Aşkar edilmiş 1 ədəd dəmir qab içərisində 8 ədəd kağıza bükülmüş narkotik vasitə olan marixuanaya bənzər yaşıl ot kütləsi və 1 ədəd “Univeyt” markalı elektron tərəzi qablaşdırılmış və 162 saylı möhürlə möhürlənmişdir. Protokolu yerində tərtib etmək üçün şərait olmaması səbəbindən Nizami RPİ-nin inzibati binasında tərtib edilmişdir. Protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. (i.v. 09-10) - 23 dekabr 2024-cü il və 25 dekabr 2024-cü il tarixli protokollardan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin NMB-nə daxil olmuş məlumat əsasında narkotik vasitələrin və psixotrop maddələrin qanusuz olaraq əldə edib saxlamasında və istifadə etməsində şübhəli bilindiyi üçün Təqsirləndirilən şəxs 23 dekabr 2024-cü il tarixdə, saat 17:15-də ünvan 4 ünvanının qarşısında piyada hərəkət edən zaman saxlanılaraq üstü yoxlanılmış, onun üzərindən 01 ədəd elektron tərəzi və dəmir qabın içərəsində 08 ədəd kağız bükümlərdə narkotik maddə hesab edilən marixuanaya bənzər yaşıl ot kütləsinin aşkar edilərək götürülməsi raportda qeyd olunmuş və aidiyyatı üzrə təqdim olunmuşdur. Təqdim olunan 2 ədəd ağ rəngli zərflərə baxış keçirilmiş, zərflər bağlı vəziyyətdə olmuş, zərflərin hər birinin üzəri 2 ədəd Azərbaycan Respublikası DİN yazılmış zərflər üçün 162 № möhülə möhürlənmiş vəziyyətdə olmuş, zərflərin üzərində saxlanılan şəxs Təqsirləndirilən şəxs, həmçinin polis mayoru Şahid1, polis mayoru Şahid2 və polis leytenantı Şahid3 yazıları yazılmış və hər yazıdan sonra imzalar çəkilmiş, zərflərin tamlığı pozulmamışdır. Daha sonra 1 ədəd DVD-yə HP markalı kompüterdə baxış keçirilmişdir. DVD-də olan görüntülərdə təhqiqata təqdim olunan 8 ədəd bükümdə narkotik maddəyə bənzər yaşıl ot kütləsinin və elektron tərəzinin aşkar olunması, bağlamalardakı yaşıl ot kütləsi ilə elektron tərəzinin ayrıca qablaşdırılması, Təqsirləndirilən şəxs ondan narkotik vasitənin aşkar olunması barədə bildirməsi əksini tapmışdır. Protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuş, protokol imzalarla təsdiq edilmişdir. DVD diskdə olan görüntülərə müstəntiq tərəfindən 25 dekabr 2024-cü il tarixdə təqsirləndirilən şəxsin və müdafiəçisinin iştirakları ilə baxış keçirilərkən göstərilənlərin öz təsdiqini tapdığı müəyyən edilmişdir. (i.v. 14-15, 71-72) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-bioloji ekspertizasının 24 dekabr 2024-cü il tarixli, 7/2040 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, üzərində “Vət. Təqsirləndirilən şəxsN oğlunun üzərindən aşkar edilmiş maddi sübut....” yazılar və imzalar olan paketdə 1 ədəd gümüşü-qara rəngli elektron tərəzinin üzərində cüzi miqdarda narkotik vasitə hissəcikləri vardır. Marixuana hissəcikləri cüzi miqdar olduğundan onun çəkisini müəyyən etmək və eynilik tədqiqatı aparmaq mümkün deyildir. Üzərində “Vət. Təqsirləndirilən şəxsN oğlunun üzərindən aşkar edilmiş maddi sübut....” yazılar və imzalar olan paketdə bir ədəd üzərində “COLLAR” yazılan qabda 8 ədəd kağız kəsiyi bükümündə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,854 qram, 0,490 qram, 0,453 qram, 2,047 qram, 0,810 qram, 0,759 qram, 0,924 qram və 0,804 qram olmaqla, ümumi çəkisi 7,141 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidir. Qeyd: marixuananın ümumi çəkisi 7,141 qram olmuş, tədqiqata 0,4 qram sərf edilmiş, 6,741 qram qalıq qalmışdır. (i.v. 45-48) - 26 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin NMBnin baş əməliyyat müvəkkili Şahid1 rəhbərliyi ilə Təqsirləndirilən şəxs ilə bağlı əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsinə dair 23 dekabr 2024-cü il tarixli qərar Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qanuni hesab edilmişdir. (i.v. 100) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji tibbi yoxlamasının 17 yanvar 2025-ci il tarixli, 279 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 125-126) - 16 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittiham qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs narkotik vasitə qurudulmuş marixuananı əldə etdiyi mənbəni müəyyən etmək üçün cinayət işindən material ayrılaraq Nizami rayon polis idarəsinin 24cü polis şöbəsinə göndərilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.2-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs üzərində yoxlama aparılan zaman narkotik vasitə qurudulmuş marixuanaya sərəncam vermək imkanının olmadığını dərk etməsi nəticəsində Bakı şəhəri Nizami rayon polis idarəsinin əməkdaşının təklifi ilə narkotik vasitələri könüllü surətdə təhvil verməsinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsinin qeydinin 1-ci bəndi tətbiq edilməmiş, Təqsirləndirilən şəxs üzəri yoxlanarkən 08 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuananı təqdim etməsi zamanı qeydə alınmış videogörüntü olan bir ədəd DVD disk cinayət işi üzrə maddi sübut qismində tanınaraq cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs ifadəsində öz müdafiəsi üçün gətirdiyi dəlillər sübut kimi qəbul edilməmiş, Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefon nömrəsinə daxil olan və çıxan SMS-lərə dair bir ədəd disk cinayət işi üzrə maddi sübut qismində tanınaraq cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 8 ədəd bükümdə, ümumilikdə 7,141 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və 1 ədəd elektron tərəzi maddi sübut qismində tanınmış və Nizami rayon polis idarəsinin maddi sübutların saxlanılma anbarına təhvil verilmiş, Təqsirləndirilən şəxs götürülmüş bir ədəd “Tecno Spark” markalı mobil telefon cihazı maddi sübut qismində tanınmış və Nizami rayon polis idarəsinin maddi sübutların saxlanılma anbarına təhvil verilmiş, "xxxx" MMC-dən və "xxxx" MMC-dən daxil olan disklərdə narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə bağlı sübut əhəmiyyətinə malik mətnlər olmadığından disklər cinayət işi üzrə maddi sübut qismində tanınmamış, cinayət işinə əlavə edilərək saxlanılmışdır. (i.v. 137-145) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Habelə, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli Qərarının 4-cü və 5-ci bəndlərinə əsasən məhkəmələrə izah edilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə müəyyən olunmuşdur. Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Qərarın 9-cu bəndinə əsasən CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək, qeyd edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş narkotik vasitənin müəyyən edilməsi faktının araşdırılması məqsədi ilə ibtidai istintaq zamanı material ayrılmışdır və nəticəsindən asılı olaraq hüquqi qiymət veriləcəkdir. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirliliyi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, məhkəmə ekspertizalarının rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs və müdafiəçisinin irəli sürdüyü dəlillər məhkəmə tədqiqi zamanı hərtərəfli, tam və obyektiv araşdırılmışdır, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs verilmiş ittiham qanuni və əsaslıdır, toplanaraq tədqiq edilmiş sübutların məcmusu, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlayaraq daşıması barədə qənaətə gəlməyə kifayət qədər əsas verir, təqsirləndirilən şəxsə məhz bununla bağlı ittiham verilmişdir. Hansı ki, həmin ittiham təkzibedilməz sübutlarla öz təsdiqini tapmışdır, müdafiə tərəfinin irəli sürdüyü dəlillər isə əsasızdır. Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı üzərində aşkar edilmiş narkotik vasitənin ona məxsus olduğunu etiraf etmiş, onu hansı qaydada və məqsədlə əldə etdiyini bildirmişdir, hansı ki, bu, qeydə alınmış videogörüntülərlə də öz təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş narkotik vasitənin tərkibinə görə eyni olması ekspertiza rəyi ilə təsdiq olunmuşdur. Narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi (08 ədəd bükümdə tərkiblərinə görə eyni olan, hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 0,854 qram, 0,490 qram, 0,453 qram, 2,047 qram, 0,810 qram, 0,759 qram, 0,924 qram və 0,804 qram, ümumi təmiz çəkisi 7,141 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana olması, eyni zamanda üzərində cüzi miqdarda narkotik vasitə hissəcikləri olan elektron tərəzinin olması), təqsirləndirilən şəxsin məhz narkotik vasitəni satmaq niyyətində olmasını göstərir və təsdiq edir. Təqsirləndirilən şəxs hazırda, əməliyyat-axtarış tədbirləri zamanı ona təzyiq göstərildiyi qeyd etsə də, ibtidai istintaq mərhələsində belə təzyiqlər olması, onların davam etməsi barədə bildirməmiş, cinayət işi müstəntiqin icraatında olarkən istər şübhəli şəxs qismində, istərsə də təqsirləndirilən şəxs qismində cəlb edildikdən sonra həmin statuslarda verdiyi ifadələrində özünü təqsirli bilməsə də, işin faktiki halları ilə uyğunluq təşkil edən ifadələr vermişdir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad olunan 24 dekabr 2021-ci il tarixli Qərarının 25-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət veribverməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Məhkəmə, məhkəmə tədqiqi ilə toplanmış sübutları yoxlayıb qiymətləndirərkən belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində polis əməkdaşları tərəfindən ona təzyiq göstərilməsi və s. barədə irəli sürdüyü dəlillər, yuxarıda qeyd olunanlar baxımından əsassız hesab olunmalıdır, öz təsdiqini tapmamışdır. Təqsirləndirilən şəxs ona qarşı yol verilmiş, hüquq və mənafelərinə toxunduğunu hesab etdiyi hər hansı qanunsuz hərəkətlə bağlı müvafiq orqanlara şikayət verməkdə, araşdırılmasını tələb etməkdə sərbəst olmuş, buna baxmayaraq o, bu hüquq və imkanlardan istifadə etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 234.2-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 23 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 28) -Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 25 dekabr 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 03 ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 23 dekabr 2024-cü il tarixdən hesablanmışdır. (i.v. 81-83) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 22 yanvar 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur. (i.v. 110-111) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal qismində Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsində, cəzasını ağırlaşdıran hal qismində həmin Məcəllənin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı 23 dekabr 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələbinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan, Azərbaycan Respublikası CPM-nin 175.5ci maddəsinin tələbinə uyğun olaraq, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınaraq Nizami RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilən, ekspertiza tədqiqatından sonra qalıq qalmış narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, içərisində videogörüntü olan 01 ədəd disk, Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefon nömrəsinə daxil olan və çıxan SMS-lər barədə məlumatlar olan 01 ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır; eyni zamanda “Tecno Spark” markalı 01 ədəd mobil telefon Təqsirləndirilən şəxs müraciəti əsasında özünə (cəzaçəkmə yerindən azad edilməsindən sonra) və ya ailə üzvlərinə (səlahiyyətli nümayəndəsinə) qaytarılmalıdır; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə, Ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi qaydada müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından qərar əsasında dövlət hesabına dəvət olunmuş vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi xidmətlərə görə (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına və xx.xx.2025-ci il tarixli 141 saylı qərarla edilmiş dəyişikliyə əsasən hesablanaraq – 8 saat 6 manatdan, 37 saat 11 manatdan olmaqla) əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinin həyata keçirilməsi üçün müqavilə əsasında iştirak etmiş vəkil Müdafiəçi1 münasibətdə isə dövlət büdcəsinin vəsaiti hesabına əmək haqqı ödənilməsi məsələsinin müzakirəsinə əsaslar yoxdur. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 23 dekabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi qaydada müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Maddi sübut qismində tanınmış, Təqsirləndirilən şəxs aşkar edilərək götürülməklə Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra ümumi çəkisi 6,741 qram qalmış narkotik vasitə qurudulmuş marixuana məhv edilsin, içərisində videogörüntü olan 01 ədəd DVD disk və Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefon nömrəsinə daxil olan və çıxan SMSlə bağlı məlumatlar olan 01 ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın, Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan “Tecno Spark” markalı 01 ədəd mobil telefon Təqsirləndirilən şəxs müraciəti əsasında özünə (cəzaçəkmə yerindən azad edilməsindən sonra) və ya ailə üzvlərinə (səlahiyyətli nümayəndəsinə) qaytarılsın. Məhkəmə məsrəfi olan 70 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı dövründə göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 müvafiq hesablaşma hesabı üzərindən (8 saat 6 manatdan, 37 saat 11 manatdan olmaqla) 455 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-329/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-329/2025
24.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver