Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-33/2023 05.04.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxx 2000-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nizami rayonu, Əzimzadə küçəsi, ev 23/1-də qeydiyyatda olmaqla yaşayan, 23 may 2022-ci il tarixdə axtarışda olan şəxs qismində tutulmuş, 25 may 2022-ci il tarixdə tutmadan azad olunaraq barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Belə ki, o, 01 may 2022-ci il tarixdə saat 20:00 radələrində ünvan 1 ünvanında yerləşən “AL Market”in qarşısında tanışı Zərərçəkmiş şəxs ona yaxınlaşaraq ümumi tanışlarından onu soruşmasının səbəbi ilə maraqlandıqda, onu soruşmadığını deməsinə baxmayaraq Zərərçəkmiş şəxs təkid etməsi və cavabını kobud hesab edərək ona qarşı söyüş söyməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı əlindəki ucu iti alətlə, eynək üçün olan kiçik vintaçanla Zərərçəkmiş şəxs döş qəfəsindən və kürək nahiyyəsindən iki dəfə vuraraq, ona sol kürək nahiyəsi (1 ədəd) və döş qəfəsinin sol yan səthinin (1 ədəd) daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yaralarından ibarət, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməklə qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs uşaqlıqdan tanıyır, bir məhəllədə yaşayırlar və yaxın münasibətləri vardır. 12 mart 2022-ci il tarixdə ümumi tanışlarının toyunda olarkən xırda anlaşılmazlığa görə Ağaxanla mübahisələri olmuş, Ağaxan onu vuraraq burnunu sındırmışdır. Həmin vəziyyətdə olan fotoşəkillərini işə əlavə etmək üçün təqdim etmişdir. Lakin bir məhəllədə yaşadıqlarını, ədavətləri olmadığını nəzərə alaraq, Ağaxanla barışmışlar, bundan sonra bir də bu söhbətə qayıtmamışlar. 01 may 2022-ci il tarixdə saat 20 radələrində Keşlə qəsəbəsi, Əzimzadə küçəsi, 23/2 ünvanında yerləşən “AL Market”in qarşısında avtomobili ilə dayanmış, nəsə iş görmüşdür. Həmin vaxt Ağaxan öz avtomobili ilə ora gəlmiş, onun yanında qardaşı Savalan da olmuşdur. Ağaxan ona yaxınlaşmış və onu niyə axtardığını soruşmuşdur. O isə Ağaxanı axtarmadığını deyib öz işinə davam etmişdir. Lakin Ağaxan təkid etmişdir ki, məhəllədə eşitmişdir ki, onu axtarır, səbəbini desin. O, bir daha onu axtarmadığını deyəndə, Ağaxan ona qarşı söyüş işlədib yumruqla onu vurmuş, o isə əli ilə Ağaxanı özündən kənara itələmiş, əlində olan eynək üçün kiçik vintaçanla iki dəfə Ağaxanı vurmuşdur. Bundan sonra onlar bir-birilərini vurmamışlar, Savalan Ağaxanı özü ilə xəstəxanaya aparmışdır. Hadisə axşam saatlarında olmuş, hadisə yeri marketin qarşısı olsa da, həmin vaxt ətrafda kimsə olmamış, hadisəni görən olmamışdır. Hadisədən sonra o, Ağaxanla barışmış, ona dəymiş ziyanı tam olaraq ödəmişdir, hazırda da yaxşı münasibətləri davam edir. Onun xuliqanlıq etmək niyyəti olmamış, ictimai qaydanı pozacaq, kimisə narahat edəcək hərəkətlərə yol verməmiş, hadisə Ağaxanla onun arasında çox qısa müddətdə, ifadəsində göstərdiyi qaydada baş verməklə başa çatmışdır. Ağaxan təkid edib onu söyüb vurmasa, hadisə baş verməyəcəkdi. Ümumiyyətlə, onun Ağaxanı daha çox vurmaq imkanı olsa da, vurmamışdır, çünki onun Ağaxana qarşı hər hansı qərəzi olmamışdır. Bundan başqa, o, ailədə yeganə yaşayan şəxsdir, belə ki, anası ilə bacısı 28 yanvar 2010-cu il tarixdə birlikdə dəm qazından zəhərlənmə nəticəsində ölmüşlər, atası isə ağır xəstəlikdən 09 noyabr 2018-ci il tarixdə ölmüşdür. Özü 44 günlük Vətən müharibəsinin iştirakçısı olmuşdur, göstərdiyi xidmətlərə görə “Fəxri Fərman”larla təltif edilmişdir, qeyd etdiklərinə dair sənədləri də məhkəməyə təqdim etmişdir. Həmin halları və zərərəçəkmiş şəxslə barışdığını nəzərə alaraq, barəsindəki cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə bir məhəllədə, qonşu küçədə yaşayırlar, uşaqlıqdan bir-birilərini tanıyırlar və aralarında yaxşı münasibətləri var, hazırda da həmin münasibətlər davam edir. 12 mart 2022-ci il tarixdə ümumi tanışlarının toyunda Məhəmmədi tanımadığı şəxs vurmuş, o, araya girib onları sakitləşdirmişdir. Məhəmməd həmin vaxt içkili olduğundan elə bilmişdir ki, onun tərəfindən döyülmüşdür. Səhəri gün görüşəndə Məhəmmədlə bununla bağlı söhbətləri olmuş, o, Məhəmmədi vurmadığını ona demiş, bununla söhbətləri bitmişdir. Aradan bir müddət keçmiş, bu söhbətə qayıtmamışlar. 01 may 2022-ci il tarixdə məhəllədə olan vaxt Məhəmmədin onu axtardığını eşitmiş, ona görə Məhəmmədin məhəllədəki “AL Market”in qarşısında olduğunu eşidib həmin yerə getmişdir. Qardaşı Savalan da onun avtomobilində yanında olmuşdur. Saat 20 radələrində Keşlə qəsəbəsi, Əzimzadə küçəsi, 23/2 ünvanında yerləşən “AL Market”in qarşısına çatmış, orada Məhəmmədin öz avtomobilinin yanında dayandığını görmüşdür. O, düşüb Məhəmmədə yaxınlaşaraq onu nə səbəbdən axtarmasını soruşanda, Məhəmməd onu axtarmadığını demişdir. Məhəmmədin cavabını kobud qəbul edərək əsəbləşmiş, Məhəmmədə söyüş söyərək onu əli ilə vurmuşdur. Bundan sonra Məhəmməd də onu vurmuş, əlində olan kiçik vintaçanla ona xəsarət yetirmişdir. Yaxınlıqlarında dayanmış Savalan tez yaxınlaşıb ona kömək edərək xəstəxanaya aparmış, Məhəmməd isə öz avtomobilinə oturub oradan getmişdir. Hadisə axşam saatlarında olmuş və təxminən 2-3 dəqiqə davam etmiş, hadisə yeri marketin qarşısı olsa da, yaxınlıqda başqa heç kim olmamış, səs-küyə yaxınlaşan olmamışdır. Hadisədən bir-iki gün sonra Məhəmmədlə barışmışlar və bu barədə ərizə vermişdir, həmin vaxtdan eyni qaydada münasibətləri davam edir. Qeyd etdiklərini, Təqsirləndirilən şəxs qarşı hər hansı şikayəti və tələbi olmadığını nəzərə alaraq, barəsindəki cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid zərərçəkmiş şəxs (qardaşı) Zərərçəkmiş şəxs ilə eyni məzmunlu ifadə vermiş, əlavə olaraq göstərmişdir ki, o, hadisə yerinə əvvəlcədən, qardaşı Ağaxanla getmiş, hadisədən əvvəl və ya sonra ondan başqa ətrafda kimsə olmamış, onlara heç kim yaxınlaşmamışdır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 02 may 2022-ci il tarixli qərardan görünür ki, şəxsiyyəti istintaqla araşdırılan Məhəmməd adlı şəxsin 01 may 2022-ci il tarixdə saat 20 radələrində ünvan 1 ünvanında yerləşən “AL Market”in qarşısında Zərərçəkmiş şəxs ilə aralarında yaranmış sözlə mübahisə zamanı əlində olan bıçaqla həmin şəxsin döş qəfəsi nahiyəsindən qəsdən iki dəfə vuraraq ona dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirdiyindən həmin fakta görə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) -Zərərçəkmiş şəxs Bakı şəhəri Nizami rayon prokurorluğuna 10 may 2022-ci il tarixdə, Bakı şəhəri Nizami rayon polis idarəsinə 11 may 2022-ci il tarixdə daxil olmuş eyni məzmunlu ərizələrindən görünür ki, uşaqlıq dostu, 2-ci Qarabağ müharibəsinin iştirakçısı Təqsirləndirilən şəxs ilə şəxsi münasibətlər zəminində ikilikdə, ictimaiyyətin diqqətini cəlb etmədən, heç bir kənar şəxsin şahidliyi və iştirakı olmadan 2-3 dəqiqə müddətində mübahisələr baş vermiş, mübahisə zamanı Məhəmməd ehtiyatsızlıqdan əlində olan eynəyin vintaçanı ilə ona daxilə nüfuz etməyən yüngül xəsarət yetirmişdir. Hazırda barışmışlar, bunu nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. (i.v. 31, 78-79) - 18 may 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsindən həmin Məcəllənin 221.3-cü maddəsinə tövsif edilmişdir. (i.v. 40) - 25 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (53-54) - 25 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (i.v. 69) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 publik hüquqi şəxsin Nizami rayon şöbəsinin canlı şəxsin ekspertizasına dair 11 iyun 2022-ci il tarixli 400 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs sol kürək nahiyəsi (1 ədəd) və döş qəfəsinin sol yan səthinin (1 ədəd) daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yaraları olmuşdur. Qeyd olunan xəsarətlər dcşici-kəsici əşyanın (əşyaların), ola bilsin ki, bıçağın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2022-ci il tarixdə yarana bilər və həm ayrı-ayrılıqda, həm də ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. (i.v. 100-101) - 12 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-nin 221.3-cü naddəsi ilə tövsif edilməsi düzgün hesab olunmuş, əməlində Azərbaycan Respublikası CM-nin 29,120.2.2-ci maddəsinin tərkibi olmadığından barəsində cinayət təqibi üzrə icraatın başlanması rədd edilmişdir. (i.v. 104- 108) -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş 16 may 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur (i.v. 38). Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə, dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidi dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə irəli sürülmüş ittihamla razılaşmır və qeyd edir ki, təqsirləndirilən şəxsin hərəkətlərində ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq cinayətinin tərkib əlamətləri olmadığından, onun əməli Azərbaycan Respublikası CM-nin 221-ci maddəsi, müvafiq olaraq 221.3-cü maddəsi ilə tövsif oluna bilməz. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 221.3-cü maddəsi ilə ittiham verilmişdir ondan ötrü ki, o, 01 may 2022-ci il tarixdə saat 20 radələrində ünvan 1 ünvanında yerləşən ictimai yer olan “AL Market”in qarşısında tanışı Zərərçəkmiş şəxs onu görüb yaxınlaşaraq ümumi tanışlarına Zərərçəkmiş şəxs axtardığını bildirməsinin səbəbini soruşmasını bəhanə edərək, heç bir əsaslı səbəb olmadan mübahisə edib özünün şəxsiyyətini Zərərçəkmiş şəxs şəxsiyyətinin fovqündə qoyub cəmiyyətə qarşı açıqca hörmətsizlik və laqeydlik nümayiş etdirərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edib orada olan vətəndaşların gözü qarşısında Zərərçəkmiş şəxs fiziki zor tətbiq edib üzərində gəzdirdiyi təyinatı istintaqa məlum olmayan ucu iti olan aləti silah qismində istifadə etməklə həmin alətlə qəsdən Zərərçəkmiş şəxs döş qəfəsi və kürək nahiyyəsindən iki dəfə vuraraq sonuncuya sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid sol kürək nahiyəsi (1 ədəd) və döş qəfəsinin sol yan səthinin (1 ədəd) daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yaraları xəsarətlərini yetirib qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarının 30-cu bəndinə əsasən CM-in müvafiq maddəsində bu və ya digər əlamət şəxsin təqsirli bilindiyi cinayət tərkibinin obyektiv cəhətinin zəruri əlaməti kimi nəzərdə tutulduqda, cinayət əməli təsvir edilərkən həmin əlamətin sadəcə qeyd edilməsi ilə kifayətlənməməli, cinayətin təsvirində bu əlamətin mövcud olduğunu göstərən konkret faktlar da əksini tapmalıdır. Məsələn, xuliqanlıq cinayəti təsvir edilərkən CM-in 221.1-ci maddəsinin dispozisiyasına əsasən bu cinayət tərkibinin obyektiv cəhətinin zəruri əlamətləri kimi çıxış edən “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər” ifadəsi sadəcə təsvir edilməməli, bununla yanaşı cəmiyyətə açıqca hörmətsizliyin, ictimai qaydanın pozuntusunun nədən ibarət olması, pozuntunun məhz kobud olmasına dəlalət edən, hərəkətin qərəzliliyini aşkarlayan hallar əməlin təsvirində yer almalıdır. Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinə əsasən bu Məcəllənin 221.1-ci (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) və ya 221.2-ci (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə) maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda - həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur. Cinayət qanunvericiliyinə görə, xuliqanlıq cinayəti birbaşa qəsdlə törədilən cinayətdir, cinayətin subyekti öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Xuliqanlıq niyyəti ilə deyil, digər motivlərlə, məsələn şəxsi münaqişə, barışmazlıq, nifrət zəminində və s. törədilən hərəkətlər xuliqanlıq kimi tövsif oluna bilməz. Məhkəmə, 01 may 2022-ci il tarixdə saat 20 radələrində baş vermiş qeyd olunan hadisənin iştirakçıları olan təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin qarşılıqlı münasibətləri, baş vermiş hadisənin səbəbləri, baş vermə yeri, şəraiti və mexanizmini, onların hadisədən əvvəlki, hadisə zamanı və hadisədən sonrakı davranışlarını müəyyən edib qiymətləndirməklə, belə qənaətə gəlir ki, hadisə ictimai yer sayıla biləcək marketin qarşısında baş versə də, ümumiyyətlə, Təqsirləndirilən şəxs xuliqanlıq etmək niyyəti olmamış, o, cinayət əməlini şəxsi münasibətlər zəminində, uşaqlıqdan bir məhəllədə yaşayıb böyüyən şəxslər arasında, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və dalaşma gedişində, ümumilikdə zərərçəkmiş şəxsin münaqişə yaradan hərəkətlərinin təsiri, qarşılıqlı münasibətlərin pozulması nəticəsində törətmişdir, hadisənin baş verməsi ilə ictimai qayda pozulmamış, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərə yol verilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin bu kateqoriyadan olan işlərə baxılması zamanı qanunvericiliyin tələblərinə əməl edilməsinin təmin edilməsi məqsədi ilə məhkəmələrə ünvanlanmış 18 may 2010-cu il tarixli 2-277-10 nömrəli icmal məktubunda qeyd olunmuşdur ki, xuliqanlıq hərəkətləri müxtəlif formada ifadə olunsa da, onların hamısı üç əlamətə malik olmalıdır: yəni, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalı, belə pozuntu cəmiyyətə qarşı açıqcasına hörmətsizlik ifadə etməli, həmçinin vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli 1 nömrəli Qərarında da göstərilmişdir ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. İctimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin B.Yusifovanın şikayəti üzrə 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilir ki, xuliqanlıq cinayət əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Xuliqanlıq - öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. CM-nin 221-ci maddəsi xuliqanlıq cinayət əməlini - ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər - təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər - təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Həmin Qərarda həmçinin göstərilmişdir ki, eyni zamanda nəzərə alınmalıdır ki, hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Belə ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkənin səhv əməlləri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və ya tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməlidir. Həmin əməllər Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunmalıdır. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda onun qərəzli xuliqanlıq hərəkətlərini “orada olan vətəndaşların gözü qarşısında” törətdiyini xüsusi olaraq vurğulasa da, bu, mücərrəd bir ifadə olmaqla əslində ittihamın guya əsaslı olması, təqsirləndirilən şəxsin hadisə zamanı cəmiyyətə qarşı açıqca hörmətsizlik və laqeydlik nümayiş etdirdiyi, ictimai qaydanı kobud surətdə pozduğu, cəmiyyətə açıqca hörmətsizlik ifadə etdiyi görüntüsü yaratmağa hesablanmışdır. Hansı ki, ittiham tərəfi Təqsirləndirilən şəxs ictimai qaydanı pozmasına istinad etsə də, ibtidai istintaq orqanı tərəfindən konkret olaraq həmin vaxt hadisə yerində cəmiyyətin üzvü hesab olunan kənar şəxslərin olması (kənar şəxslərin xeyli, az olması), hansı kənar şəxslərin olması, mübahisənin aradan qaldırılması məqsədi ilə hər hansı bir şəxsin hadisəyə müdaxilə etməsi müəyyən edilməmiş, əgər kənar şəxs olmuşsa da, həmin şəxslərin ifadələri alınmamış, şahidlər siyahısında göstərilməmişdir. Bu da, dolayı yolla hadisənin baş verdiyi yerdə kənar şəxslərin olmasını, təqsirləndirilən şəxsin cəmiyyətə qarşı hörmətsizlik ifadə etməsi, ictimai qaydanı pozması əlamətlərini istisna edir. Hadisənin zərərçəkmişin özü və onun qardaşı da hadisə yerində hər hansı kənar şəxsin olmadığını, hadisə zamanı və ya ondan sonra onlara kiminsə yaxınlaşmadığını qeyd etmişlər. Xüsusən nəzərə alınmalıdır ki, istintaq zamanı müstəntiq tərəfindən 05 may 2022-ci il tarixdə hadisənin bilavasitə şahidi olmuş şəxslərin dairəsinin müəyyən edilərək dindirilmələri üçün istintaq şöbəsinə təmin edilmələri ilə bağlı 23-cü polis bölməsinə əməliyyat tapşırığı verilsə də, həmin əməliyyat tapşırının icrası ilə bağlı hər hansı cavab əldə edilməmiş, həmin vaxtdan 15 avqust 2022-ci il tarixdə istintaqın tamamlanmasınadək isə əlavə sorğu verilib tapşırığın icrası ilə maraqlanılmamışdır. O cümlədən 02 may 2022-ci il tarixdə fakta görə cinayət işi Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə başlansa da və bundan bir neçə gün sonra Zərərçəkmiş şəxs ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən rayon prokuroruna və rayon polis idarəsinə ərizələrlə müraciət edərək uşaqlıq dostu, 2-ci Qarabağ müharibəsinin iştirakçısı Təqsirləndirilən şəxs ilə şəxsi münasibətlər zəminində ikilikdə, ictimaiyyətin diqqətini cəlb etmədən, heç bir kənar şəxsin şahidliyi və iştirakı olmadan 2-3 dəqiqə müddətində mübahisələri baş verdiyini, mübahisə zamanı Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan əlində olan eynəyin vintaçanı ilə ona daxilə nüfuz etməyən yüngül xəsarət yetirdiyini, hazırda barışdıqlarını nəzərə alaraq, həmin şəxsin barəsində cinayət təqibinə xitam verilməsini xahiş etsə də, istintaq orqanı həmin halları nəzərə almayıb heç bir qanuni əsas, hüquqi qiymətləndirmə olmadan 18 may 2022-ci il tarixli qərarla cinayət əməlini Azərbaycan Respublikası CM-nin 128-ci maddəsindən həmin Məcəllənin 221.3-cü maddəsinə tövsif etmişdir. Halbuki, Təqsirləndirilən şəxs hərəkətlərinin ictimai qaydaya, yəni cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sisteminə qarşı yönələn hərəkət və ya hərəkətsizlik kimi deyil, bilavasitə Zərərçəkmiş şəxs istiqamətlənən və onun özünün qanunsuz hərəkətinə (ona söyüş söyməsinə və vurmasına görə) qarşı olan cavab hərəkətləri kimi təzahür etməsi işin ibtidai istintaqının ilkin mərhələsindən məlum olmuşdur və belə olan halda təqsirləndirilən şəxsin əməlində xuliqanlıq cinayətinin tərkibinin olmasından söhbət gedə bilməzdi. Bununla da, hazırkı iş üzrə təqsirləndirilən şəxsin ictimai qaydanı kobud pozması və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə yol verməsi, ictimai qaydaya zərər vurması məhkəmə iclasında sübut olunmamışdır. Ona görə də, məhkəmə yuxarıda sadalananlara əsasən hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə ittiham verilməsi açıq-aşkar əsassız olmuşdur və məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində onun təqsirliliyi sübut olunmur. Məhkəmə tədqiqi zamanı ittiham tərəfi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli olmasını təsdiq edən hər hansı başqa sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası CM-nin 14.1-ci maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır; 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür; 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir; 349.5.1-ci maddəsinə əsasən məhkəmə yalnız məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara əsaslanmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə vurğulamışdır ki, hakim sübutların qəbul edilənliyini müəyyənləşdirməyə görə cavabdehlik daşıyır. Hakim bu məsələdə İnsan Hüquqları haqqında Avropa Konvensiyasının presedent hüququna uyğun olan tərzdə Cinayət Prosessual Məcəlləsinə istinad etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 aprel 2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən də qəbul olunan hüquqi müəyyənlik prinsipi “hüquqi təhlükəsizlik konsepsiyasının” baş prinsiplərindən biri hesab olunur. Hüquqi müəyyənlik ümumi ideya kimi bir çox hüquq sistemlərinə daxil edilmişdir. Onun əsasını isə hüquqi məsuliyyətə cəlb etmə müddətləri də əhatə olunmaqla, hüquqi vəziyyətin sabitliyini təmin edən əvvəlcədən xəbər vermə təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 06 yanvar 2004-cü il tarixli digər Qərarında qeyd edilmişdir ki, hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarının müdafiə edəcəyinə, hüquq tətbiq edənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 22 sentyabr 2008-ci il tarixli başqa bir Qərarında qeyd edilmişdir ki, cinayət hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir və bu meyarlar Cinayət Məcəlləsinin qanunçuluq prinsipinin təmin edilməsinə xidmət edir. İstər məhkəmə iclasında tədqiq edilmiş sübutlarla, istərsə də məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin dispoziyasında nəzərdə tutulan əməldə onun təqsirli olması sübuta yetməmişdir. Ona görə də, məhkəmə ibtidai istintaqı həyata keçirən müstəntiq tərəfindən yalnız mülahizə əsasında, hər hansı hüquqi əsaslandırma aparılmadan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinə görə ittiham verilməsini Azərbaycan Respublikası CPM-nin 8.0.2, 9.1.2, 9.1.3, 10.1, 10.5, 11.1, 12.1, 12.3. 21.1, 21.2, 21.3, 28.1, 28.2-ci maddələrinin tələbləri baxımından əsassız hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 01 may 2022-ci il tarixdə baş vermiş, məhkəmə iclasında faktiki müəyyən olunmuş hərəkətlərində Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə əhatə olunan cinayət əməlinin tərkib əlamətləri olmamışdır, onun hərəkətləri tam olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə əhatə olunduğundan, baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs qəsdi Azərbaycan Respublikası CM-nin 221-ci maddəsi ilə qorunan ictimai münasibətlərə qarşı deyil, şəxsiyyət əleyhinə yönələn hərəkətlərdə ifadə olunduğundan, onun Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə verilmiş ittiham üzrə əməli həmin Məcəllənin 128-ci maddəsi ilə müəyyən edilmiş qəsdən sağlamlığa yüngül xəsarət yetirmə kimi tövsif olunmalıdır. Sözügedən maddənin tələbinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, məhkəmə ekspertizalarının rəyi və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurduğu maddi ziyanı ödəyərək onunla barışdığını göstərmiş, bu barədə ərizəni məhkəməyə təqdim edərək, cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda, Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində Təqsirləndirilən şəxs ilə barışdıqlarını, ona dəymiş ziyanın ödənildiyini göstərərək, təqsirləndirilən şəxsin barəsindəki cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi ilə bağlı məsələni müzakirə edərək, hesab edir ki, aşağıdakılara əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət işinin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə törətdiyi cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Həmin Məcəllənin 39.1 və 39.1.11-ci maddələrinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs barışdıqları barədə məhkəməyə yazılı müraciət etmələrini nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət qanununun tələbləri baxımından cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulmuş məsələləri həll edərək, qeyd edir ki, cinayət işi üzrə icraata xitam verilməli olduğundan təqsirləndirilən şəxsin barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir; zərərçəkmiş şəxs məhkəməyədək icraat və məhkəmə icraatı zamanı mülki iddia verməmiş, təqsirləndirilən şəxslə barışmışdır; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində hər hansı əşya, predmet tanınmamışdır, CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə qeyd edir ki, məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinin həyata keçirilməsi üçün müqavilə əsasında vəkili iştirak etmişdir, ona görə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına əmək haqqı ödənilməsi məsələsinin müzakirəsinə əsaslar yoxdur. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 39.1.11, 43.1.2, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs cinayət işi üzrə əməli Azərbaycan Respublikası CM-nin 221.3cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən həmin Məcəllənin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Məhkəmə məsrəfi olan 124 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə, qərar müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-33/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-33/2023
05.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver