Məhkəmə qərarları › İş №1(007)-33/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-33/2025

19.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-33/2025 19.02.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs – xx.xx.1983-cü ildə Gürcüstan Respublikasının Dmanisi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.3.2 və 228.2.2-ci maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 66.3 və 67-ci maddələrinə əsasən 12 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə əməli Azərbaycan Respublikası CMnin 180.3.2-ci maddəsindən həmin Məcəllənin 180.2.1, 180.2.4, 180.2.5-ci maddələrinə tövsif edilmiş, həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən 9 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli qərarı ilə “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 01 may 2020-ci il tarixli Qanunu tətbiq edilərək cəzası 8 il 7 ay müddətinə endirilmiş, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad olunmuş, məhkumluğu ödənilmiş, Lənkəran rayonu, Viravul kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs, xx.xx.2023-cü il tarixdə saat 05 radələrində Zərərçəkmiş şəxs1 icarə əsasında işlətdiyi Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 53 ünvanında yerləşən “Palermo” gecə klubunda şəxsiyyəti istintaqa məlum olmayan tanışları ilə birlikdə müştəri qismində olarkən həmin klubda digər müştəri, əvvəllər tanımadığı Zərərçəkmiş şəxs2 ona kofe içkisi gətirməsi tələbinə sonuncunun etiraz etməsini bəhanə edib, heç bir əsaslı səbəb olmadan onunla birlikdə klubda olan, şəxsiyyəti istintaqa məlum olmayan tanışı ilə birlikdə bir qrup şəxs halında, sərxoş vəziyyətdə özlərinin şəxsiyyətini digər şəxslərin şəxsiyyətinin fövqündə qoyaraq ictimai və şəxsi mənafeyə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərərək, ictimai yer olan həmin klubda digər şəxslərin narahatçılığına səbəb olmaqla klubun normal iş rejimini pozaraq Zərərçəkmiş şəxs2 ünvanına nalayiq ifadələr işlətməklə qəsdən əli ilə sonuncunun üz nahiyəsindən bir dəfə sillə vurduqdan sonra Zərərçəkmiş şəxs2 klubun mətbəxinə getdiyini görüb onun arxası ilə hərəkət edib orada sonuncunu yerə yıxaraq yumruq və təpiklə Zərərçəkmiş şəxs2 bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə vurub fiziki ağrı yetirməklə zor tətbiq etmiş, həmin vaxt klubda müştəri qismində olmuş, şəxsiyyəti istintaqa məlum olmayan qadın onu tutub ictimai borcunu yerinə yetirməklə qanunsuz hərəkətlərinin qarşısını almaq istəyərkən həmin qadına müqavimət göstərərək ictimai qaydanın pozulmasının qarşısını alan şəxsə qarşı zor tətbiq etməklə saçından tutub dartmaqla fiziki ağrı yetirdikdən sonra xuliqanlıq hərəkətlərini davam etdirərək, şəxsiyyəti istintaqa məlum olmayan şəxslə birlikdə hər ikisi üzərlərində gəzdirdikləri təyinatı istintaqa məlum olmayan bıçaqları silah qismində istifadə edərək həmin bıçaqla klubda istifadə olunan, icarədar Zərərçəkmiş şəxs1 məxsus 02 ədəd 70 sm enində, 90 sm hündürlüyündə, yan qoltuqaltıları olmayan, bir ədədinin dəyəri işlənmiş vəziyyətdə 50 manat, ümumi dəyəri 100 manat olan kreslonu, 02 ədəd, “F215” markalı, “350W”, 97bB-llik, bir ədədinin dəyəri 400 manat, ümumi dəyəri 800 manat olan səs aparatını, 600 manat dəyərində “Uğur” markalı, “QD 75H” modelli, 180KW, 1/4 güclü, “R134A” qazlı, Çin istehsallı kompressorlu soyuducunu, 300 manat dəyərində, “Tayfun 90” markalı, çəkisi 37 kq olan, 50 hers tezlikli, Ukrayna istehsallı pivə soyuducusuna məxsus “R 134A” qazlı kompressorunu vurub yararsız hala salaraq ümumilikdə Zərərçəkmiş şəxs1 1800 manat dəyərində əmlakını qəsdən məhv etməklə qərəzli hərəkətləri ilə xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə baxışında özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, hadisə vaxtı onun əlində bıçaq olmamışdır. 24 dekabr 2023-cü il tarixdə gecə saatlarında “Neftçilər” metrostansiyasının yaxınlığındakı klubda, həmin klubda tanış olduğu, adlarını xatırlamadığı 4 nəfərlə birlikdə oturub viski və pivə içmişdir. Daha sonra saat 05 radələrində onlar həmin klubdan çıxmış, hamısı birlikdə yaxınlıqdakı “Palermo” klubuna getmişlər. “Palermo” klubda da pivə içmişlər. Bundan sonra o, kafedə masada əyləşmiş adını sonradan bildiyi Gülnarə adlı qızdan kofe istəmiş, sonuncu isə ona nalayiq söyüşlə cavab vermişdir. Həmin vaxt o, bundan əsəbləşmiş, ona bir sillə ilə vurmuşdur. Gülnarə də söyüş söyüb mətbəxə qaçmış, o da dalınca mətbəxə getmiş və Gülnarəni orada döymüşdür. Orada olan müştərilər və onunla gələnlər onu ayırmış, lakin o, bərk sərxoş olduğu üçün özündə olmamış, Gülnarənin üstünə hücum etmiş, sillə-təpiklərlə onu vurmuşdur. Həmin vaxt o, sərxoş olduğu üçün klubda olan əşyaları zədələməsi yadında deyil. Dava-dalaş təxminən 30 dəqiqə davam etmiş, yanında olan şəxslərin anket məlumatlarını bilmir. Gülnarəni bıçaqla öldürməklə və ya ağır xəsarət yetirməklə hədələməmişdir. Törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxslərlə barışmışdır. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, təxminən 2022-ci ilin sonlarından “Palermo” gecə klubunu icarəyə götürüb işlətmişdir. Klub axşam saat 19:00-dan gecə saat 05:00-dək fəaliyyət göstərmişdir. Klubda barmen Zülfiyyə, mühazifəçi Rəşad, dicey Vüsal, ofisiant Mehriban işləmişdir. 24 dekabr 2023-cü il tarixdə gecə saat 05 radələrində artıq klubu bağlayıb getmək istəmişdir. Həmin vaxt kluba 4 nəfər əvvəllər tanımadığı cavan oğlan daxil olmuş, bu zaman o, ümumi zalda olmamış, ayrı otaqda oturub videomüşahidə kameralarına baxmış, onların gəlişini də monitordan görmüşdür. Həmin vaxt ümumi zalda 4-5 masa arxasında müştərilər əyləşmiş, onların kim olduğunu tanımamışdır. Sonradan ona məlum olmuşdur ki, kluba daxil olan 4 nəfər cavan oğlanlardan Famiq adlı şəxs klubda müştəri qismində olan, adını sonradan bildiyi Gülnarə adlı qıza kofe sifariş vermiş, Gülnarə də klubun işçisi olmadığını bildirdikdə aralarında mübahisə başlamış, mübahisənin başlandığını monitordan görmüş, Gülnarə ilə Famiq arasında olan bu söhbəti isə ona Gülnarə özü danışmışdır. O, monitordan mübahisəni görən kimi otaqdan zala çıxmış və klubda əyləşmiş tanımadığı müştərilər adını sonradan bildiyi sərxoş vəziyyətdə olan Famiq adlı şəxsi, Gülnarənin üstünə bıçaqla gedə bilməsin deyə tutub saxlamağa çalışmış, lakin Famiq onların əlindən çıxa bilmiş və mətbəxə gedib, ucadan nalayiq sözlər işlədərək Gülnarəni sillə-təpik və yumruqlarla döyməyə başlamış, bıçaq isə zalda qalmışdır. Həmin zaman mühafizəçi Rəşad, Famiqlə birlikdə gələn 3 nəfər cavan oğlan və zalda əyləşmiş müştərilərdən bəziləri Famiqi sakitləşdirməyə çalışsalar da Famiq əməllərini davam etdirmişdir. Həmin vaxt Famiq artıq azğınlaşmış, özünün gödəkcəsindən bıçağı götürmüş və zalda olan səs gücləndirici kolonkaları bıçaqla vuraraq yararsız hala salmış, iki ədəd tək nəfərlik kresloları təpiklərlə vurub sındırmış, yuxarı qaldırıb yerə çırpmış, sonra yenə də mətbəxə getmiş, mətbəxin girişinin yanındakı elektrik naqillərini dartmış, bunun nəticəsində qısa qapanma baş vermiş, sonra isə Gülnarənin üstünə hücum edərək vurmaq istəmiş, lakin əvvəllər tanıdığı klubun müştərisi olan Fira adlı qız aralarına girib onları ayırmış, həm də Famiqlə birlikdə gələn oğlanlardan biri Famiqi arxadan qucaqlayıb geri dartarkən Famiqin ayağı taxtaya ilişmiş və yerə yıxılmışdır. Bundan sonra Famiq zala çıxmış və onun artıq 102 xidmətinə müraciət etdiyini eşidib, 2-3 dəqiqədə gəldiyi 3 dostu ilə birlikdə klubdan çıxıb getmişdir. Famiqdən başqa sonuncu ilə birlikdə gələn adını bilmədiyi tanışının da xuliqanlıq hərəkətləri nəticəsində ona məxsus dəri materialdan hazırlanmış, 70 sm enində, 90 sm hündürlüyündə, yan qoltuqaltıları olmayan, yerli istehsallı, bir ədədini işlənmiş vəziyyətdə 50 manata aldığı 02 ədəd kreslo və birini 400 manata aldığı “F215” markalı, “350W”, 97bB-llik 02 ədəd yeni səs kolonkası, 600 manata aldığı “Uğur” markalı soyuducu (“QD 75H” markalı, 180KW, 1/4 güclü, “R134A” qazlı, Çin istehsallı kompressorlu) və “Tayfun 90” markalı, çəkisi 37 kq olan, 50 hers tezlikli, Ukrayna istehsallı pivə soyuducusunun, dəyəri 300 manat olan “R 134A” qazlı kompressoru yararsız hala düşmüşdür. Famiqin xuliqanlıq hərəkətləri nəticəsində ona ümumilikdə 1800 manat maddi ziyan dəymişdir. Belə ki, Famiq Gülnarədən və Fira adlı müştəridən başqa nə onu, nə də ki klubda olan digər şəxsi vurmamış və xəsarət yetirməmiş, həmçinin Famiqlə birlikdə gələn 3 nəfər cavan oğlan nə Gülnarəni, nə onu, nə də ki, hər hansı digər şəxsi vurmamış, həmin şəxslər Famiqi sakitləşdirməyə çalışmış, Famiqi dartıb kənara çəkmək istəmiş, lakin Famiq çox azğınlaşmış, yalnız Famiq özü yıxılandan və polisə məlumat verdiyini eşidəndən sonra sakitləşmiş, Famiqin hərəkətləri təxminən 30 dəqiqə ərzində davam etmişdir. Təqsirləndirilən şəxs ilə barışmışdır, hər hansı bir şikayəti və tələbi yoxdur, ona dəymiş ziyan tam ödənilmişdir. Barəsində məcburi gətirilmə haqqında qərar çıxarılmış və məhkəmə iclasında iştirakı təmin edilməmiş Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsində göstərmişdir ki, o, nənəsi Xeyrat Yusifova ilə birlikdə yaşamışdır. Belə ki, atası vəfat etmiş, anası isə azadlıqdan məhrum edilmiş, hazırda həbsdədir. Uzun illərdir ki, onu nənəsi saxlamış, ona böyüklüyü nənəsi etmişdir. 24 dekabr 2023-cü il tarixdə gecə saatlarında Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 53 ünvanında yerləşən “Palermo” gecə klubuna əylənmək üçün getmişdir. Həmin gecə təxminən 05 radələrində klubda yenicə rəqs edib əyləşmişdir ki, yanına adını sonradan bildiyi sərxoş vəziyyətdə olan Famiq adlı şəxs gəlmiş, özünü tanıyıb-tanımadığını soruşmuş, özü üçün kofe gətirməyini istəmiş, o isə klubun işçisi olmadığını və tanımadığını bildirmiş, ondan əl çəkməyini istəmişdir. Bu zaman onların arasında mübahisə başlamış, Famiq onu nalayiq sözlərlə söymüş və bir dəfə sillə ilə sifətindən vurmuş, sonra isə saçından tutub yerə yıxmışdır. Həmin vaxt o, Famiqin əlindən qaçıb mətbəxə girmiş, Famiq də əlində bıçaqla dalınca mətbəxə gəlmişdir. Sonra Famiq onu yumruq-təpiklərlə vurmuş, o, yerə yıxılmış vəziyyətdə qalarkən Famiq onu təpikləmişdir. Orada olanlar çətinlikdə Famiqi ondan ayırmış, Famiq klubun ümumi zalında da hərəkətlərini davam etdirib zalda olan səs gücləndirici kolonkaları bıçaqla vuraraq yararsız hala salmış, kresloları təpiklə vurub sındırmış, yuxarı qaldırıb yerə çırpmış, sonra yenə də mətbəxə getmiş, mətbəxin girişinin yanındakı elektrik naqillərini dartmış, bunun nəticəsində qısa qapanma baş vermişdir. Bundan sonra Famiq polisə şikayət edildiyini eşidib oradan qaçıb getmişdir. Belə ki, Famiq ondan başqa klubda digər şəxsi vurmamış və xəsarət yetirməmiş, həmçinin Famiq ilə birlikdə gələn 3 nəfər cavan oğlan da heç kimi vurmamış, onlar Famiqi sakitləşdirməyə çalışmış, Famiqi dartıb kənara çəkmək istəmiş, lakin Famiq çox azğınlaşmış, yalnız Famiq özü yıxılandan və polisə məlumat verildiyini eşidəndən sonra sakitləşmiş, Famiqin hərəkətləri təxminən 30 dəqiqə davam etmişdir. Hadisə zamanı Famiq onu nə bıçaqla, nə də ki, bıçaqsız öldürməklə və ya sağlamlığına ağır xəsarət yetirməklə hədələməmişdir. Zərərçəkmiş şəxs2 istintaqda ərizə ilə müraciət edərək buldirmişdir ki, ona dəymiş ziyan Təqsirləndirilən şəxs qohumları tərəfindən tam olaraq ödənilmişdir, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, “Palermo” gecə klubunda mühafizəçi işləmişdir, müştərilər olduqda köməklik etmişdir. Yaddaşında problem olduğuna görə olanları tam dəqiq xatırlamır. O, istintaqda verdiyi ifadəsini oxumadan imzalamışdır. Gülnarə adlı şəxsi tanımır. Kluba dörd nəfər şəxsin gəlməsi ilə bağlı məsələ olmamışdır, lakin həmin gün Təqsirləndirilən şəxs görmüşdür. Müştəri qismində gələn Gülnarə adlı xanım söyüş söydüyünə görə Famiqlə aralarında mübahisə yaranmışdır. Həmin vaxt Famiq əsəbi halda mətbəxə keçmiş, o da onun arxasınca getmiş, onu Gülnarəyə yaxınlaşmağa qoymamışdır. Famiq Gülnarəni sillətəpiklə vurmamış, üzərinə bıçaqla getməmişdir. Aralarında olan mübahisə zamanı Famiqi o, çölə çıxartmış və yola salmışdır. Famiq sadəcə olaraq Gülnarəyə yüngülvari sillə vurmuşdur, bıçaqla kalonkaları zədələməmiş, sadəcə kalonkalara təpik atmışdır. Famiqin əlində bıçaq görməmişdir, həmin vaxt Famiq tək olmuşdur. Azərbaycan Respublikası CPM-nin 329.1-ci maddəsinə əsasən Şahid2 əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Şahid2 ifadəsi elan edilməklə tədqiq edilmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid2 ibtidai istintaqda Zərərçəkmiş şəxs1 ilə oxşar məzmunda ifadə vermişdir. Barəsində məcburi gətirilmə haqqında qərar çıxarılmış və məhkəmə iclasında iştirakı təmin edilməmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsində göstərmişdir ki, o, təxminən 2 aydır ki, tanışı Afətin işlətdiyi Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 53 ünvanında yerləşən “Palermo” gecə klubunda ofisiant işləmişdir. Adətən klub axşam saat 19:00-dan gecə saat 05:00-dək fəaliyyət göstərmiş, klubda barmen Zülfiyyə, mühazifəçi Rəşad və dicey Vüsal işləmişdir. 24 dekabr 2023-cü il tarixdə gecə saat 05 radələrində artıq klubu bağlayıb getmək istəyərkən, o, stolların üstünü təmizləmiş, müdiri Afət isə qonşu otaqda olmuşdur. Klubda ümumi zalda 4-5 masa arxasında müştərilər əyləşmiş, onların kim olduğunu tanımamışdır. Həmin vaxt kluba 4 nəfər əvvəllər tanımadığı cavan oğlan daxil olmuş, bu zaman o, stolların üstünü silib bitirmiş və mətbəxə yollanmışdır. Həmin vaxt onlardan biri, adını sonradan bildiyi Famiq adlı şəxs klubda müştəri qismində olan, adını sonradan bildiyi Gülnarə adlı qıza 4 ədəd kofe sifariş vermiş, Gülnarə də klubun işçisi olmadığını bildirmiş, Famiq isə kofenin məhz Gülnarənin tərəfindən hazırlanmasını tələb etmiş və buna görə də aralarında mübahisə başlamışdır. Həmin vaxt Famiq qəflətən bir yumruq zərbəsi ilə Gülnarənin qarnından vurmuş, Gülnarə də Famiqi özündən itələyib qarnını tutaraq, mətbəxə keçmişdir. Daha sonra Famiq əynindəki gödəkcəsini çıxartmış və stulun üstünə ataraq, Gülnarənin dalınca mətbəxə qaçmışdır. Orada Famiq, Gülnarəni yumruq-təpiklərlə döyməyə başlamış, o isə oradan artıq zalın ortasına aralanmış, müdiri Afət də zala çıxmış və artıq polisə məlumat verdiyini bildirmişdir. Klubda əyləşmiş tanımadığı müştərilər, Fira adlı müştəri və Famiqlə gələn şəxslər sərxoş vəziyyətdə olan Famiqi tutub saxlamağa çalışmış, o isə qorxusundan müdirin otağına keçmişdir. Sonra o, Famiqin mətbəxdən zala qayıdıb gödəkcəsindən bıçağı götürdüyünü və yenə də Gülnarənin üstünə hücum etdiyini, bıçaqla səs gücləndiriciləri yararsız hala saldığını bilmişdir. Həmin olduğu otaqdan qapını açıb baxan zaman Famiqin kresloları təpiklədiyini görmüş, buna görə də o, yenə də qorxusundan qapını bağlayıb otaqda qalmışdır. Həmin dava-dalaş zamanı Famiq həmçinin klubun elektrik naqillərini də dartmış, zədələmiş və qısa qapanma baş vermişdir. Daha sonra Famiq, müdir tərəfindən polisin çağırıldığını eşidib gəldiyi 3 nəfərlə birlikdə klubdan qaçıb getmişdir. Belə ki, Famiq Gülnarədən başqa nə onu, nə də ki, klubda digər şəxsi vurmamış və xəsarət yetirməmiş, həmçinin Famiq ilə birlikdə gələn 3 nəfər cavan oğlan da heç kimi vurmamış, onlar Famiqi sakitləşdirməyə çalışmış, Famiqi dartıb kənara çəkmək istəmiş, lakin Famiq çox azğınlaşmış, yalnız Famiq özü yıxılandan və polisə məlumat verildiyini eşidəndən sonra sakitləşmiş, Famiqin hərəkətləri təxminən 30 dəqiqə davam etmişdir. Barəsində məcburi gətirilmə haqqında qərar çıxarılmış və məhkəmə iclasında iştirakı təmin edilməmiş, ifadəsi elan edilmiş Şahid1 istintaqda Zərərçəkmiş şəxs1 ilə oxşar məzmunda ifadə vermişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, qeyd olunan tarixdə Zərərçəkmiş şəxs1 müraciəti ilə əlaqədar, dəvət olunmuş iki nəfər hal şahidinin iştirakı ilə, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 53 ünvanında yerləşən “Palermo” gecə klubunda hadisə yerinə baxış keçirilmişdir. Baxış zamanı Zərərçəkmiş şəxs1 bir nəfər şəxsin gecə klubuna gələrək səs-küy saldığını, bir nəfər qadın müştərini döydüyünü və gecə klubuna maddi ziyan vurduğunu bildirmişdir. Bundan sonra hadisəni qeydə almış videomüşahidə kamerasının görüntüləri “DVD” diskə köçürülərək götürülmüşdür. - diskə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, baxış hazırki iş üzrə Zərərçəkmiş şəxs1 iştirakı ilə keçirilmişdir. Əvvəl üzərində “Disk 1” sözləri yazılmış 01 ədəd diskə baxış keçirilmişdir. Həmin disk noutbuk vasitəsi ilə açılmış və içində “Wid-20240126-wa0133” adlı 01 ədəd videonun olması müşahidə edilmişdir. Həmin videoya baxdıqda onun monitor üzərindən çəkildiyi, ümumilikdə 03 dəqiqə 37 saniyə davam etməsi müəyyən edilir, monitorda xx.xx.2024-cü il tarix göstərilir, başlanğıc saatın isə 06:28 olması qeyd edilir. Baxış zamanı iştirak edən Zərərçəkmiş şəxs1 bildirir ki, videogörüntü onun işlətdiyi Nizami rayonu, Qara Qarayev prospekti 53 ünvanında yerləşən “Palermo” gecə klubunda baş vermiş hadisənin görüntüsüdür və hadisənin klubun mətbəxindən baş vermiş hissəsini əks etdirir. Görüntüdən görünür ki, mətbəxtdə iki qadın vardır, onlardan biri ağ donda, ikincisi isə qara paltardadır, sonuncu ağ donda olan qızı sakitləşdirir. Zərərçəkmiş şəxs1 qeyd etmişdir ki, ağ donda olan qız Gülnar adlı şəxsdir. Daha sonra mətbəxə orta yaşlarda bir oğlan daxil olur, əynində ağ rəngli köynək olması müşahidə edilir, həmin şəxs Gülnarə adlı qızın üstünə hücum çəkərək onu yerə yıxır və çoxsaylı yumruq-təpiklərlə döyməyə başlayır. Zərərçəkmiş şəxs1 həmin şəxsin Famiq olduğunu qeyd edir. Daha sonra mətbəxə əynində qara rəngli qış gödəkcəsi və başında kepka olan bir oğlan daxil olur və Famiqi dartaraq mətbəxdən çıxarır, ona başqa bir oğlan da köməyə gəlir, həmçinin Gülnarənin yanındakı qız da köməklik edir. Daha sonra Famiq artıq sağ əlində bıçaqla yenidən mətbəxə daxil olur və əlindəki bıçaqla Gülnarənin üstünə hücum çəkib vurmaq istəyir, lakin Gülnarə cəld geri çəkildiyindən və Famiqin ayağı nəyəsə ilişib yıxıldığından buna nail ola bilmir. Bundan sonra Gülnarə əlində qazan ilə mətbəxin qurtaracağına keçərək orada dayanır, mətbəxin giriş qapısında isə bir neçə nəfərin dayandığı, həmin şəxslərin mətbəxə girişinin qarşısını alan istintaqa şəxsiyyəti məlum olmayan qadının olduğu görünür. Videonun sonlarında mətbəxdə Gülnarənin tək qaldığı müəyyən edilir və bununla da videogörüntü başa çatır. Daha sonra üzərində “Disk 2” sözləri yazılmış 01 ədəd diskə baxış keçirildi. Həmin disk noutbuk vasitəsi ilə açıldı və içində 01 ədəd fotoşəkil və 07 ədəd videogörüntünün olması müşahidə edilir. Fotoşəkil açıldıqda klubun bar hissəsində bir qadının, əks tərəfində isə 3 oğlanın dayandığı müşahidə edilir, Zərərçəkmiş şəxs1 həmin qızın barmen Zülfiyyə olduğunu qeyd edir, lakin 3 oğlanın tanımadığı müştərilərin olduğunu bildirir. Daha sonra videogörüntülər açılaraq baxılmışdır. Bütün videoların monitor üzərindən çəkildiyi müəyyən edilir, monitorda xx.xx.2024-cü il tarix göstərilir. İlk 2 videogörüntüdə Zərərçəkmiş şəxs1 hadisədən bir neçə gün sonra klubu telefonlara çəkərək, ona dəymiş ziyandan danışır. Üçüncü video açıldıqda həmin videonun klubun zal hissəsində baş vermiş hadisənin bir hissəsi olduğu, 35 saniyə davam etdiyi, bir oğlanın başqa bir oğlanın qarşısını alması, həmin qarşısı alınmağa cəhd edilən oğlanın əlində bıçaqla klubun mətbəxinə doğru getməsi müəyyən edilir. Dördüncü video açıldıqda həmin videonun klubun bar hissəsində çəkildiyi, 1 dəqiqə 7 saniyə davam etdiyi, barmen Zülfiyyənin bar arxasında dayanması, onun qarşısında 3 nəfər naməlum müştərinin dayanaraq söhbət etmələri, təxminən 5-6 nəfərin isə mətbəx tərəfə gedərək orada mübahisə etmələri görünür. Beşinci video açıldıqda həmin videonun klubun mətbəxində çəkildiyi, orada Gülnarə və onunla birlikdə başqa bir qadının olması, Gülnarənin təşviş içində olması və ağlaması, daha sonra Famiqin oraya daxil olaraq Gülnarənin üstünə bıçaqla hücum etməsi, lakin Gülnarənin cəld arxaya çəkilməsi və Famiqin ayağının ilişərək yıxılması nəticəsində istəyinə nail ola bilməməsi görünür. Daha sonra Famiq ayağa qalxmış və orada olan, onu sakitləşdirmək istəyən şəxsiyyəti məlum olmayan qadının saçından sol əli ilə tutaraq bir neçə dəfə dartmış, sağ əlində isə bıçaq qalmış, şəxsiyyəti məlum olmayan oğlan isə Famiqi ayıraraq həmin qızdan kənarlaşdırmışdır. Daha sonra həmin videogörüntüdə 1-ci dəqiqə 52-ci saniyədən başlayaraq klubun zal hissəsində baş verən hadisə əks olunur, lakin konkret bir hal müəyyən edilmir. Həmin videonun 2-ci dəqiqəsinin 45-ci saniyəsindən hadisələrin dəhlizdə baş verməsi müəyyən edilir. Orada 7-8 nəfər naməlum şəxsin olması, onlardan 2 nəfərin bir-biri ilə mübahisə etməsi, digərlərinin isə həmin şəxsləri sakitləşdirmək istəmələri müəyyən edilir. Altıncı video açıldıqda həmin videonun klubun zalında çəkildiyi, 38 saniyə davam etdiyi, orada təxminən 10 nəfər olduğu, onlardan 2 nəfərin bir-biri ilə mübahisə etdiyi, qalanlardan bəzilərinin onları sakitləşdirdiyi, digərlərinin isə kənarda dayandıqları müəyyən edilir. Yeddinci video açıldıqda həmin videonun klubun qapısının girişində, dəhlizdə çəkildiyi, 1 dəqiqə 14 saniyə davam etdiyi, orada təxminən 10 nəfər olduğu, onlardan 2 nəfərin bir-biri ilə mübahisə etdiyi, qalanlardan bəzilərinin onları sakitləşdirdiyi, digərlərinin isə kənarda dayandıqları müəyyən edilir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 X2 canlı şəxsin ekspertizasına dair xx.xx.2024-cü il tarixli, 309 saylı rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs2 bədən səthində hər hansı xəsarət və ya xəsarət izi aşkar edilməmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli, 9/1937 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda və fotoşəkillərdə göstərilən 4 adda malların hadisə baş verən tarixə, yəni 2023-cü ilin dekabr ayına orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 860 manat müəyyən olunur. Digər 2 adda mallar barədə kifayət qədər məlumat (markası, modeli, istismar müddəti, istehsal ili, istehsal yeri və digər texniki göstəriciləri) olmadığından həmin mallar üzrə qiymətləndirmə aparmaq mümkün olmamışdır. Qiymətləndirilən malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. - xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə tutulmuşdur. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(007)-133/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 1 ay 5 gün müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(007)-414/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışı təyin edilmiş və onun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. - sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, xx.xx.2024-cü il tarixli hadisənin görüntüsünü əks etdirən iki ədəd “CD” diskin maddi sübut kimi tanınması və iş materiallarına əlavə edilməsi qərara alınmışdır. Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 17 fevral 2006-cı il tarixli qərarında xuliqanlıq cinayət əməlinin məzmunu və tətbiqi məsələləri ilə bağlı aşağıdakı hüquqi mövqelərini ifadə etmişdir: “ Xuliqanlıq cinayət əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Xuliqanlıq – öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. CM-nin 221-ci maddəsi xuliqanlıq cinayət əməlini – ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli Qərarının 9-cu bəndində göstərilir ki, xüsusilə qərəzli xuliqanlığa görə məsuliyyət nəzərdə tutan Cinayət Məcəlləsinin 221.3cü maddəsinin mənasına görə silah dedikdə hücum və ya müdafiə üçün uyğunlaşdırılmış texniki cəhətdən yararlı olan vasitələrin məcmuyu başa düşülür. Burada cinayət qanunu ilə qadağan edilib edilməməsindən asılı olmayaraq, zavodda və ya kustar üsulla hazırlanmış odlu və soyuq silah, həmçinin qaz silahı aid edilir. Digər əşyalar dedikdə isə silah olmayan, lakin silah qismində istifadə edilə bilən predmet (dəyənək, kərpic, dəmir çubuq, zəncir, çəkic və s.) başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, CM-nin 221.3-cü maddəsi xuliqanlığın digər tövsifedici əlaməti qismində bu cinayət əməlinin silah və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədilməsini nəzərdə tutur…CM-nin 221.3-cü maddəsi ilə tövsif olunan xuliqanlıq hərəkətləri odlu silah, eləcə də soyuq silah tətbiq etməklə törədilə bilər. Silah qismində istifadə olunan əşyalara istənilən əşyalar, o cümlədən təsərrüfat-məişət təyinatlı (balta, yaba, mətbəx bıçağı və s.), eləcə də kərpic, daş, dəmir, çubuq, bir sözlə, tətbiqi həyat və ya sağlamlıq üçün təhlükə yaradan bütün əşyalar aid edilir. “Silah qismində istifadə edilən əşyaların” anlayışına Konstitusiya Məhkəməsi Plenumunun B.Yusifovanın şikayəti üzrə 17 fevral 2006-cı il tarixli Qərarında aydınlıq gətirilmişdir. Həmin Qərara əsasən silah qismində istifadə edilən əşyalar konstruksiya cəhətdən digər məqsədlər üçün, o cümlədən istehsalat təsərrüfat-məişət məqsədi ilə və yaxud da ümumiyyətlə hər hansı müəyyən məqsədlərə yönəlməyən, istehsal və emal olunmayan, yəni təbiətdə mövcud olan əşyalardır. Bu əşyalar silah deyil, bununla belə hər hansı məhvetmə xüsusiyyətinə, yəni soyuq və ya başqa silah növünə xas olan bəzi xüsusiyyətlərə malikdir və onların siyahısı hədsizdir. Silah qismində istifadə edilən əşyanın məhvetmə xüsusiyyətinə malik olması, onu bu xüsusiyyətə malik olmayan digər əşyalardan fərqləndirən əsas və mütləq şərtdir. CM-nin 221.3-cü maddəsi xuliqanlıq hərəkətlərinin törədilməsi üçün əvvəlcədən hazırlanmış əşyalarla bu hərəkətlərin həyata keçirilməsi zamanı təsadüfi əldə edilmiş əşyalar arasında heç bir fərq qoymur. Xuliqanlıq zamanı silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi – ondan birbaşa sağlamlığa zərər vurulması, habelə zərərçəkmiş şəxsin həyat və ya sağlamlığı üçün real təhlükə yaradan üsulla istifadə olunmasıdır. Silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi ilə insanların həyat və ya sağlamlığı üçün real təhlükə yarandığı sübuta yetirilərsə, bu əməl CM-nin 221.3-cü maddəsi ilə tövsif olunmalıdır.” Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməsi toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əlində bıçaq olmamasına və zərərçəkmiş şəxsin əmlakını zədələməsinin yadında olmamasına dair ifadəsində göstərdiyi xüsusatlar, həmçinin Şahid2 məhkəmə baxışında verdiyi ifadəsində göstərdiyi xüsusatlar məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təkzib olunmuşdur. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığından Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən bu Qərarın 2.2-ci və 2.3-cü bəndlərində göstərilən şəxslərdən başqa, az ağır və ya ilk dəfə ağır cinayət törətdiklərinə görə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 6 aydan artıq olmayan şəxslərin cəzadan azad edilmələri, həmin Qanunun 7-ci hissəsinə əsasən bu Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluğun götürülməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinə görə məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 1 saylı Cəzaçəkmə Müəssisəsinin xx.xx.2022-ci il tarixli “Amnistiya aktının tətbiq edilməsi barədə” qərarının surətindən görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.3.2 və 228.2.2-ci maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 66.3 və 67-ci maddələrinə əsasən 12 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə əməli Azərbaycan Respublikası CM-nin 180.3.2-ci maddəsindən həmin Məcəllənin 180.2.1, 180.2.4, 180.2.5-ci maddələrinə tövsif edilmiş, həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən 9 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 01 may 2020-ci il tarixli Qanunu tətbiq edilərək cəzası 8 il 7 ay müddətinə endirilmiş, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad olunmuşdur. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu götürülmüşdür və onun hazırkı əməli, cinayətlərin residivini yaratmır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli qismən etiraf etməsini, zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsini və zərərçəkmiş şəxslərin şikayət və tələblərinin olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, qəsdin bilavasitə obyektini ictimai qayda, əlavə obyektini isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər təşkil etməsini nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmaqla barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən az ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilir. Ona görə də, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1.19 - 346.1.21-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli; cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablanmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət işi üzrə maddi sübut olan 2 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılmalı; Azərbaycan Respublikası CPMnin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin işlə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət 61 iş saatı müddətinə bərabər olduğundan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 366 (üç yüz altmış altı) manat (61x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə maddi sübut olan 2 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına keçirilsin. Təqsirləndirilən şəxs 61 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 366 (üç yüz altmış altı) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar