Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-330/2022 13.12.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bаkı şəhəri Nizami rayon Мəhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlunun sədrliyi ilə, məsləhətçi (məhkəmə iclas katibi) X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs2 müdafiəçisi Müdafiəçi1, Təqsirləndirilən şəxs və müdafiəçi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, 9 iyun 1996-cı il tarixdə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan, ünvan 2amış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 221.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 13 may 2022-ci il tarixdə saat 00:10 radələrində Bakı şəhəri, Nizami rayonu, Şərifli küçəsi 25 saylı binanın zirzəmisində yerləşən avtomobil dayanacağında əvvəllər tanımadığı Zərərçəkmiş şəxs2 idarə etdiyi “Hyundai Elantra” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili dayanacaqda digər avtomobillərin qarşısında saxlaması və hərəkətə maneə yaratması ilə əlaqədar bina sakinləri Şahid4 və qeyriləri ilə Zərərçəkmiş şəxs2 və sonuncunun rəfiqəsi Zərərçəkmiş şəxs1 arasında olan söhbətə əsassız müdaxilə edərək, heç bir əsaslı səbəb olmadan özünün şəxsiyyətini digər şəxslərin şəxsiyyətinin fövqündə qoymaqla öz üstünlüyünü nümayiş etdirmək məqsədilə özünü ətrafdakılara qarşı qoyub, onlara münasibətdə laqeydliyini ifadə etməklə birgəyaşayış qaydalarını və əxlaq normalarını, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ilə mübahisə etməklə sonuncuların ünvanına uca səslə nalayiq ifadələr işlədərək əvvəlcə Zərərçəkmiş şəxs1 fiziki zor tətbiq edib qəsdən əli ilə sonuncunun əlindən vurmuş və bunu görən Zərərçəkmiş şəxs2 onun qanunsuz hərəkətlərinin qarşısını almaq istərkən, sonuncuya müqavimət göstərərək ictimai qaydanın pozulmasının qarşısını alan şəxsə qarşı zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlərini davam etdirib Zərərçəkmiş şəxs2 bədəninin müxtəlif nahiyələrindən sillə, yumruq və təpiklə vurmaqla, həmçinin saçından tutaraq asfalt örtüyün üzərinə yıxıb yer ilə sürümüş, həmin vaxt Zərərçəkmiş şəxs1 onun Zərərçəkmiş şəxs2 zor tətbiq etməsini öz mobil telefonu vasitəsilə videoçəkiliş apardığını görüb Zərərçəkmiş şəxs1 üzərinə hücum edərək sonuncuya fiziki zor tətbiq etməklə ayağı ilə qəsdən bir dəfə Zərərçəkmiş şəxs1 ayaq nahiyəsindən vuraraq sonuncuya solbudun yuxarı 1/3-nin bayır səthinin sıyrıqları və sol dizin ön səthinin qançırı kimi sağlamlığa zərərvurmayan dərəcəsi təyin edilə bilməyən xəsarətlər yetirmiş, onun qanunsuz hərəkətlərinin qarşısını yenidən almaq istəyən Zərərçəkmiş şəxs2 qarşı qərəzli hərəkətlərini davam etdirib fiziki zor tətbiq edərək sonuncunu yerə yıxaraq təpiklə bədəninin müxtəlif nahiyyələrinə qəsdən vurmaqla ümumilikdə Zərərçəkmiş şəxs2 ənsə və sağ gicgah nahiyəsinin iri ölçülü şişkinlik halında əzilməsi, üst dodağın iç səthində sağ tərəfli əzilmiş yarası, üst və alt dodağın iç səthinin qansızması, sol üst göz qapağının ön səthi, sağ yanaq nahiyəsi, çənə əsasının aşağı səthi, sol budun yuxarı 1/3-nin bayır səthinin qançırları, sağ mil-bilək nahiyəsinin arxa səthi, hər iki dizin ön səthi, sol bayır topuq nahiyəsi, sol qasıq nahiyəsinin sıyrıqlarından ibarət, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərərvurmaya aid bədən xəsarətləri yetrərək qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 13 may 2022-ci il tarixdə saat 23 radələrində “28 May” metrostansiyasının yaxınlığında kafedə tanışları ilə pivə içmiş, daha sonra taksi ilə yaşadığı Nizami rayonu, Şərifli küçəsi 25, mənzil 278 ünvana getmişdir. Binanın liftinə zirzəmi hissədən və sakinlər üçün nəzərdə tutulmuş digər hissədən minmək mümkün olmuşdur. Taksidən zirzəmiyə yaxın endiyi üçün zirzəmidəki liftlə mənzilə qalxmaq istəmişdir. Zirzəmiyə daxil olarkən orada qonşuların və iki qızın olduğunu görmüş, qızları tanımamış, sonradan həmin qızların Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 olduğunu bilmişdir. Zərərçəkmiş şəxs2 məxsus “Hyundai” markalı avtomobil qonşunun qarajının qarşısında dayandığı üçün qonşu avtomobili qaraja daxil edə bilməmişdir. Zərərçəkmiş şəxs2 avtomobilin təkəri boşaldığı üçün avtomobili hərəkət etdirə bilməmiş və avtomobilin təkərini kimin boşaltdığını öyrənəcəyini və polisə məlumat verəcəyini bildirmişdir. Elçin adlı mühafizəçinin oturduğu yerdən Zərərçəkmiş şəxs2 avtomobilinin olduğu yerin videogörüntüsünə baxmaq mümkün olduğu üçün binanın digər mühafizəçisinə Elçini çağırmağı demiş və həmin vaxt Zərərçəkmiş şəxs1 ona: “Sən kimsən”,- deyib əlini ona tərəf uzadaraq üzərinə gəlmişdir. Əliylə Zərərçəkmiş şəxs1 əlini vurmuş və bu zaman Zərərçəkmiş şəxs2: “Polisi tökəcəm bura indi görəcəksiniz hamınız, sizə nə edəcəklər”,- dedikdən sonra nalayiq ifadələr işlətmişdir. Zərərçəkmiş şəxs2 nalayiq ifadələr işlətdiyi üçün sonuncunu əl və təpik hərərkətləri ilə vurmuşdur. Qonşulardan biri onları sakitləşdirməyə və ayırmağa çalışarkən, Zərərçəkmiş şəxs2 onun valideynlərinin ünvanına nalayiq ifadələr işlətdiyindən sonuncunu yumruq və təpiklə vururmuşdur. Zərərçəkmiş şəxs2 təkrarən onun və ailəsinin ünvanına alçaldıcı söyüşlər söydüyü üçün sonuncunu vurmuş, əsəbi halda Zərərçəkmiş şəxs2 qolundan tutub yerdə sürümüşdür. Günay onu hədələmiş, polisə verib başına oyun açacağını demişdir. Mübahisə zamanı Zərərçəkmiş şəxs1 kənardan onun ünvanına xoşagəlməz ifadələr işlədib mobil telefonla onları çəkmiş, sonuncuya çəkməməyi bildirib mobil telefonu verməyi tələb etmiş, Zərərçəkmiş şəxs1 telefonu vermədiyi üçün sonuncunun ayağına təpiklə vurmuşdur. Qonşular və mühafizəçi onu kənara çəkmiş, lakin Zərərçəkmiş şəxs2 onun ünvanına söyüş söydüyü üçün geri qayıdıb sonuncunun saçından tutub yerə yıxaraq təpiklə baş nahiyəsindən bir dəfə vurmuşdur. Mühafizəçi onu kənara çəkib oradan uzaqlaşdırdıqdan sonra yaşadığı mənzilə getmişdir. Törətdiyi cinayət əməlindən səmimi peşmandır. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli iş üzrə dindirilmiş zərərçəkmiş şəxslərin və şahidin ifadələri ilə, habelə iş üzrə toplanmış digər sənədlərlə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 12 may 2022-ci il tarixdə təxminən saat 23 radələrində rəfiqəsi Zərərçəkmiş şəxs2 ilə birlikdə rəfiqələrinin doğum gününə gedəcəklərini razılaşdıqları üçün sonuncunun idarə etdiyi “Hyundai Elantra” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobildə onun yaşadığı evə gəlmişlər. Evdə təmizlik işləri görmüş və təxminən 20-30 dəqiqə sonra təmizlik işlərini bitirib paltarını dəyişmiş və onlar birlikdə aşağı enmişlər. Liftdən çıxıb avtomobilin olduğu yerə getdikdə bir neçə nəfərin orada olduğunu görmüşlər. Günay avtomobilin pultu ilə avtomobilin qapılarını açmış, həmin vaxt bir kişi Günaya: “Siz bilmirsiz ki, burada avtomobil saxlamaq olmaz? Bura qarajdı. Siz mənim qarajımın qarşısında avtomobil saxlamısınız”,-demişdir. Günay həmin şəxsdən üzr istədikdə, həmin şəxs yenə də irad bildirməyə davam etmişdir. Həmin vaxt, həmin şəxsə: “Nə uzadırsan? Fikrin nədi”,demişdir. Həmin adam: “Haçan paçan olsaydız sizinlə başqa cür danışardım. Gedin erkəyiniz gəlsin”,- demişdir. Həmin şəxsə: “Mən özüm oğlan kimi qızam, nə sözün varsa mənə de”,- cavabını vermişdir. Günay ona avtomobilə əyləşməyi demiş və onlar avtomobilə tərəf gedərkən, orada olan digər şəxs gülərək: “Gör hələ bir gedə biləcəksən”,demişdir. Onlar avtomobilə baxdıqda avtomobilin arxa sol təkərinin boşaldığını görmüşlər. Günay orada olanlara: “Siz etmisiz bunu”,- deyə soruşmuş, orada olanlardan biri Günaya: “Sən Allah get burdan”,- demişdir. Günay əsəbiləşərək: “Yaxşı belə oldu, indi mən kameranı açdıraram görərik kim edib bunu. Polisə də məlumat verəcəm görərsiz siz. Avtomobilimi də heç bir tərəfə çəkən deyiləm”,- demişdir. Günay ona: “Komendata zəng vur gəlsin baxaq görək təkəri kim deşib”,- deyə bildirmişdir. Sonradan adının Mehran olduğunu bildiyi şəxs əlində “jaguar” adlı içki ora gəlmiş və nə baş verdiyini orada olanlar şəxslərdən soruşub yaxınlaşmışdır. Mehran söhbətə müdaxilə etmək istəyən zaman sonuncuya: “Sən niyə qarışırsan? Günay avtomobilin sahibidi, digəri də o biri kişi. Özləri bilər”,- demişdir. Mehran Günayı və onu işarə edərək: “Boş ver bilinir də kimdirlər”,demişdir. Mehranın bu sözü ona pis təsir etmiş və sonuncuya yaxınlaşaraq: “Sən nə demək istəyirsən, biz kimə oxşayırıq”,- demişdir. Bu zaman Mehran ona: “Anamın canı üçün qəhbə vidindəsiz”,- demişdir. Buna görə, Mehranı itələmiş, sonuncu əli ilə onun əlini vurmuş və bu zaman Günay: “Sən qızı necə vura bilərsən”,- deyərək, Mehrana tərəf getmiş, sonuncu bir dəfə yumraqla Günayın üz nahiyəsindən vurmuş, daha sonra yumruq və təpiklə Günayı vurmuş və ünvanına nalayiq ifadələr işlətmişdir. Günay da qarşılıqlı olaraq Mehrana qarşı nalayiq ifadələr işlətmişdir. Mehran Günayı vurarkən sonuncu bir neçə dəfə yıxılmış, mübahisə zamanı Mehran Günayın qolundan tutub yerdə sürümüşdür. Bu zaman baş verənləri mobil telefon vasitəsilə qeydə almağa başlamış, bunu görən Mehran ona tərəf qaçmış və mobil telefonu tələb etdikdə video çəkmədiyini demişdir. Mobil telefonu vermədiyi üçün Mehran təpiklə onun ayağından vurmuş və ünvanına nalayiq ifadələr işlətmişdir. Günay Mehranı ondan ayırarkən Mehran onu və Günayı vurmuşdur. Mühafizəçilər gəlib Mehranı onlardan ayırmış, sonuncu təkrarən Günaya tərəf getmiş və sonuncunu yerə yıxıb sürümüşdür. Mühafiçilər Mehranı kənara çəkmiş və sonuncu oradan getmişdir. 102 xidmətinə zəng edərək baş vermiş hadisə barədə məlumat vermiş və polis əməkdaşları hadisə yerinə gəlmişdir. Təqsirləndirilən şəxs ilə barışmış və sonuncuya qarşı heç bir şikayəti, iddia və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, rəfiqəsi Zərərçəkmiş şəxs1 ilə digər rəfiqəsinin doğum gününə getmək barədə razılaşdıqları üçün 12 may 2022-ci il tarixdə təxminən saat 22 radələrində “Hyundai Elantra” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobildə rəfiqəsi Aytənin yaşadığı Bakı şəhəri, Nizami rayonu, Şərifli küçəsi 25 saylı binanın avtomobil dayancağına gəlmiş və avtomobili liftin qarşısında saxlamış və onlar Aytənin yaşadığı 3-cü mərtəbəyə qalxmışlar. Aytən evin təmizliyini bitirib paltarını dəyişmiş və onlar birlikdə aşağı enmişlər. Aşağı enərkən bir neçə kişinin orada olduğunu görmüşlər. Avtomobilin pultu ilə avtomobilin qapılarını açdıqda, bir kişi ona: “Siz bilmirsiz ki, burada avtomobil saxlamaq olmaz? Bura mənim qarajımdı. Siz mənim qarajımın qarşısında avtomobil saxlamısınız”,- demişdir. Həmin şəxsdən üzr istəmiş, lakin həmin şəxs irad bildirməyə davam etdikdə, Aytən həmin şəxsə: “Nə uzadırsan? Fikrin nədi”,- deyə bildirdikdə, həmin şəxs: “Haçan paçan olsaydız sizinlə başqa cür danışardım. Gedin erkəyiniz gəlsin”,- demişdir. Aytən həmin şəxsə: “Mən özüm oğlan kimi qızam, nə sözün varsa mənə de”,- demişdir. Aytənə avtomobilə əyləşməyi bildirərək, avtomobil tərəfə gedərkən orada olan digər şəxs gülərək: “Gör hələ bir gedə biləcəksən”,- demişdir. Avtomobilə baxdıqda avtomobilin arxa sol təkərinin boşaldığını görmüşdür. Həmin şəxsə: “Siz etmisiz bunu”,- deyə soruşduqda, həmin şəxs: “Sən Allah get burdan”,- demişdir. Əsəbiləşərək: “Yaxşı belə oldu, indi mən kameranı açdıraram görərik kim edib bunu. Polisə də məlumat verəcəm görərsiz siz. Avtomobili də heç bir tərəfə çəkən deyiləm”,demiş və Aytənə: “Komendata zəng vur gəlsin baxaq görək təkəri kim deşib”,- deyə bildirmişdir. Həmin vaxt sonradan adının Mehran olduğunu bildiyi şəxs əlində “jaguar” adlı içki ora gəlmiş və nə baş verdiyini orada olan şəxslərdən soruşduqda, onunla mübahisə edən şəxs: “Bizi zibilə salmaq istəyirlər”,- demişdir. Mehran onların söhbətinə müdaxilə etmək istəyən zaman Aytən Mehrana: “Sən niyə qarışırsan? Günay avtomobilin sahibidi, digəri də o biri kişi. Özləri bilər”,- demişdir. Mehran onu və Aytəni göstərərək: “Boş ver bilinir də kimdirlər”,- demişdir. Aytən həmin vaxt Mehrana: “Sən nə demək istəyirsən, biz kimə oxşayırıq”,- deyə soruşduqda, Mehran: “Anamın canı üçün qəhbə vidindəsiz”,demişdir. Aytən əsəbiləşib Mehranı itələmiş, sonuncu əliylə Aytənin əlini vurduqda: “Sən necə qızı vura bilərsən”,- deyərək, Mehrana tərəf getdikdə sonuncu bir dəfə yumraqla onun üz nahiyəsindən, daha sonra bir neçə dəfə yumruq və təpiklə onu vurmuş və ünvanına nalayiq ifadələr işlətmişdir. Orada olan kişilərdən biri Mehranı kənara çəkməyə çalışmış, lakin sonuncu israrla onu vururmuş və Mehran onu vurarkən yıxılıb qalxmışdır. Mehran onun qolundan tutub onu yerdə sürümüş, onun və ailəsinin ünvanına nalayiq ifadələr işlətmişdir. Orada olan şəxslər onları ayırdıqda Mehran yenidən ona tərəf gəlib onu yerə yıxaraq sürümüşdür. Aytən mobil telefonla hadisəni çəkərkən, Mehran çəkməməyi deyib Aytənə tərəf getmiş və telefonu verməyi tələb etmişdir. Mehranın Aytəni vuracağını görüb Aytənə tərəf qaçıb Mehranı Aytəndən aralamağa çalışarkən, Mehran Aytəni və eyni zamanda onu vurmuşdur. Mühafizəçi Mehranı kənara çəkmiş və sonuncu oradan getmişdir. Aytən 102 xidmətinə hadisə barədə məlumat vermiş və polis əməkdaşları hadisə yerinə gəlmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, "xxxx" MTK-ya məxsus Bakı şəhəri, Nizami rayonu, Şərifli küçəsi 25 ünvanda yerləşən binada mühafizəçi işləmişdir. 12 may 2022-ci il tarixdə saat 10 radələrində iş yoldaşı Şahid3 ilə növbəyə daxil olmuşlar. Özü avtomobilin çıxış hissəsində, Elçin isə binanın giriş hissəsində dayanmışdır. Elçinin xidməti otağında binanın müşahidə kameralarına baxmaq mümkün olmuşdur. Həmin gün saat təxminən 23 radələrində “Hyundai Elantra” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil avtomobil dayanacağına daxil olmuş, avtomobili qadın idarə etmiş və sonradan həmin qadının adının Günay olduğunu bilmişdir. Elçin ona zəng edərək “Hyundai Elantra” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarajın qarşısında dayandığını bildirərək həmin avtomobili oradan çəkdirməyini xahiş etmişdir. Avtomobil dayanacağına enmiş, lakin avtomobilin sahibi orada olmadığı üçün yerinə qayıtmışdır. Bir neçə dəqiqə sonra Elçin zəng edərək avtomobilin yanında bir neçə nəfərin yığışdığını demiş, təkrar həmin yerə yaxınlaşmış və orada qonşularla birlikdə Günay və Aytən adlı qadınların, həmçinin Mehran adlı sakinin olduğunu görmüşdür. Həmin vaxt Günay orada olan şəxslərə: “Mənim avtomobilimin təkərini siz deşmisiniz",- demiş, Mehran isə Günaya: “Bizim sənin təkərinlə nə işimiz var”,- cavabını vermiş və ondan müşahidə kameralarına baxaraq bu məsələni aydınlaşdırmağı xahiş etmişdir. Elçinin olduğu mühafizə otağına gedib avtomobilə kimin və ya kimlərin yaxınlaşıb-yaxınlaşmadığını görüb-görmədiyini soruşmuşdur. Həmin vaxt müşahidə kamerasından Günay və Mehranın dalaşdıqlarını görmüş, dərhal mübahisə yerinə getmiş və Elçin də onun ardınca gəlmişdir. Mübahisə yerinə çatdıqda Günayın Mehranın ünvanına nalayiq ifadələr işlətdiyini, sonuncunun da qarşılıqlı olaraq Günayın ünvanına söyüş söydüyünü görmüşdür. Günayın qarşısında duraraq Mehranla dava etməməsinə çalışmış, Günay: “Sizi yox edəcəm, məni tanımırsız”,deyərək Mehranın ünvanına təkrar bir neçə dəfə söyüş işlətmiş, həmin an Mehranı saxlamağa çalışmağına baxmayaraq, Mehran qaçıb Günayın üz nahiyəsindən bir dəfə yumruqla vurmuş, saçından tutub yerə yıxmış və sağ ayağı ilə bir dəfə təpiklə baş nahiyəsindən vurmuşdur. Günay aldığı zərbədən bir neçə saniyə huşunu itirmiş, həmin an Aytən avtomobilin arxa oturacağında əyləşərək baş verənləri mobil telefonla çəkmişdir. Mehrana tərəf qaçıb sonuncunu çəkərək kənara aparmış, lakin Mehran onun əlindən çıxıb avtomobilə tərəf qayıdaraq Aytəndən telefonu tələb etmişdir. Aytən mobil telefonu arxa oturacaq tərəfə atmış, Mehran arxa sağ qapını açmış, lakin Mehranı tutaraq kənara çəkib Elçinin köməkliyi ilə küçəyə çıxarmışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 elan olunaraq tədqiq olunmuş ifadəsi, Şahid2 ifadəsinə uyğun olmuşdur. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid4 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, 12 may 2022-ci il tarixdə saat təxminən 23:40 radələrində yaşadığı binanın avtomobil dayanacağına enmiş və “Hyundai” markalı avtomobilin liftin qarşısında dayandığını və yolu kəsdiyini görmüşdür. Buna görə “Hyundai” markalı avtomobilin sahibinin gəlməsini gözləmiş və təxminən 15-20 dəqiqə sonra adının Günay və Aytən olduğunu sonradan bildiyi şəxslər gəlmiş, həmin vaxt orada olan adını bilmədiyi şəxslər Günaya avtomobili orada saxladığına görə iradlarını bildirmişlər. Günayla oradan olan şəxslərin arasında sözlə mübahisə yaranmış və daha sonra Günay avtomobilin arxa sol təkərinin boşaldığını görüb: “Sən mənim avtomobilimin təkərini boşaltmısan”,- demiş, cavabında Günaya təkəri boşaltmadığını bildirmişdir. Mübahisə zamanı qonşuları Mehran gəlib nə baş verdiyini soruşmuş, həmin vaxt binanın mühafizəçiləri də ora gəlmişlər. Mübahisə zamanı Aytən Mehrana: “Sən kimsən”,- deyib əlini Mehrana tərəf uzatmış, sonuncu da əliylə Aytənin əlini vurmuş və bu zaman Günay: “Polisi tökəcəm bura indi görəcəksiniz hamınız sizə nə edəcəklər”,- dedikdən sonra nalayiq ifadələr işlətmişdir. Mübahisə zamanı Mehran və Günay dartışmış, biri-birinə qarşı nalayiq ifadələr işlətmiş, həmçinin Aytən də nalayiq ifadələr işlətmişdir. Mübahisə zamanı Günay Mehrana söyüş söymüş və bunun qarşılığında Mehran Günayı vururmuşdur. İşdə olan 13 may 2022-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 qarşı xuliqanlıq etdiyi yer Bakı şəhəri, Nizami rayonu, Şərifli küçəsi 25 saylı binanın zirzəmisində yerləşən avtomobil dayanacağıdır. İşdə olan 13 may 2022-ci il tarixli “DVD diskə baxış keçirilməsi barədə” protokoldan görünür ki, 13 may 2022-ci il tarixdə saat 00:20 radələrində Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs yaxınlaşıb nəyisə deyir. Bu zaman Mehran Aytənin əlindən əli ilə vurur. Mehran buna müdaxilə edən Zərərçəkmiş şəxs2 üz nahiyəsindən sillə və yumruqla vurur. Daha sonra Günay ilə Mehranın mübahisəsi davam edir. Mehran təpik, yumruq, sillə ilə Günayın müxtəlif bədən nahiyələrindən vurur. Günay da Mehrana söz ilə nəsə deyir. Bundan sonra Mehran Günayı yerə yıxır və təpiklə onu vurur. Orada olan şəxslər Mehran və Günayı aralaşdırır. Mehran Aytənin kənardan öz mobil telefonu ilə baş verənləri çəkdiyini görüb Aytənə tərəf gedərək ayağı ilə Aytənin ayağından vurur. Günay bunu gördükdə dərhal Aytənə tərəf gedərək Mehranı ondan uzaqlaşdırmağa çalışır. Lakin Mehran həm Aytəni, həm də Günayı vurur. Bunu gördükdə orada olanlar Mehranı kənara aparırlar. Mehran və Günay söz mübahisəsi edirlər. Söz mübahisəsi zamanı Mehran anidən Günaya yaxınlaşıb onun saçından tutur, yerə yıxır və onun baş nahiyəsindən təpiklə vurur. Daha sonra Aytənə tərəf gedib nəyisə istəyir. Avtomobilin arxa qapısını açır və bu vaxt orada olan şəxslər onu oradan uzaqlaşdırırlar. İşdə olan məhkəmə-tibbi ekspertizasının 14 may 2022-ci il tarixli 355 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 sol budun yuxarı 1/3-nin bayır səthinin sıyrıqları və sol dizin ön səthinin qançırı olmuşdur. Qeyd olunan xəsarətlər bərk-küt əşyanın (əşyaların) təsirindən törənmişdir. Qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2022-ci il tarixdə yarana bilər, ümumilikdə sağlamlığa zərərvurmayan xəsarət olduğundan dərəcəsi təyin edilmir. Lokalizasiya və xarakterinə əsasən demək olar ki, xəsarətlərin şəxsin öz boyu hündürlüyündən yıxılması zamanı və özü tərəfindən özünə yetirilməsi nəticəsində yaranması inandırıcı deyildir. İşdə olan məhkəmə-tibbi ekspertizasının 18 may 2022-ci il tarixli 356 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 ənsə və sağ gicgah nahiyəsinin iri ölçülü şişkinlik halında əzilməsi: üst dodağın iç səthində sağ tərəfli əzilmiş yarası: üst və alt dodağın iç səthinin qansızması: sol üst göz qapağının ön səthi, sağ yanaq nahiyəsi, çənə əsasının aşağı səthi, sol budun yuxarı 1/3-nin bayır səthinin qançırları: sağ mil-bilək nahiyəsinin arxa səthi, hər iki dizin ön səthi, sol bayır topuq nahiyəsi, sol qasıq nahiyəsinin sıyrıqları olmuşdur. Qeyd olunan xəsarətlər bərk-küt əşyanın (əşyaların) təsirindən törənmişdir. Qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2022-ci il tarixdə yarana bilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya adi edilir. Lokalizasiya və xarakterinə əsasən demək olar ki, xəsarətlərin şəxsin öz boyu hündürlüyündən yıxılması zamanı və özü tərəfindən özünə yetirilməsi nəticəsində yaranması inandırıcı deyildir. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs 14 may 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Nizami rayon Məhkəməsinin 16 may 2022ci il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. İşə əlavə olunmuş Zərərçəkmiş şəxs1 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış və sonuncuya qarşı heç şikayəti və mülki tələbi yoxdur. Beləliklə, məhkəmədə tədqiq olunmuş sübutların məcmuyuna əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs bir zərərçəkmiş şəxslə barışıq əldə etməsi cəzanı yüngülləşdirən hal qismində nəzərə alınmış, CM-nin 61-ci maddəsinə əsasən, cəzanı ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2012-ci il tarixli qərarında qeyd olunur ki, məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 45-ci bəndinin tövsiyyəsinə görə, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarında qeyd olunmuşdur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növünün və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsinin sanksiyasında iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə yuxarıda qeyd olunan xüsusatları və qanunvericiliyin tələblərini nəzərə alaraq, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilməklə cəza çəkmədən islah olunmasını mümkün saymır və hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməli və cəza çəkməsi üçün Azərbaycan Respublikası CM-nin 56.1.2ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir. Cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsi ilə müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. İş üzrə maddi sübut hadisə yerinə baxış keçirilərkən götürülmüş videogörüntülərin olduğu bir ədəd DVD disk cinayət işində saxlanılmalıdır. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.5-ci maddələrinin tələblərinə əsasən, vəkilin məhkəmədə iştirak etdiyi cəmi 45 iş saatı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 270 manat (45x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi2 dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351- 353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 14 may 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut hadisə yerinə baxış keçirilərkən götürülmüş videogörüntülərin olduğu bir ədəd DVD disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs 45 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 (VÖEN – ********** hesablaşma hesabı üzərindən) Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 270 manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində (həbsdə saxlanılan məhkum tərəfindən hökmün surəti ona verildiyi andan 20 (iyirmi) gün müddətində) Bakı şəhəri Nizami Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №1(007)-330/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-330/2022
13.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver